Məhkəmə qərarları › İş №2(106)-1853/2023

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1853/2023

19.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1853/2023 19.12.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X1 Əsədov (sədrlik edən və məruzəçi), Samir İlham oğlu Mayılov və Tofiq Xudayar oğlu Heydərovdan ibarət tərkibdə, Hüseynov Elvin Nizami oğlunun katibliyi, iddiaçının nümayəndəsi X2 və Cavabdeh iştirakı ilə, Sabirabad Rayon Məhkəməsinin 17 avqust 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı ASC-nin Cavabdeh qarşı əsassız varlanma ilə bağlı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq İşinhalları İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh əsassız varlanması nəticəsində əldə etdiyi 1741 manat vəsaitin, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 38,79 manat dövlət rüsumunun əvəzinin və borca illik 5%-lə hesablanmış 137,83 manat məbləğində əldən çıxmış faydanın cavabdehdən alınaraq İddiaçı ASC-yə ödənilməsini xahiş etmişdir. İddiaçı tələbini aşağıdakı kimi əsaslandırmışdır: Cavabdeh İddiaçı ASC-yə məxsus plastik kart istifadəçisidir. Bankın verdiyi plastik kart cavabdeh tərəfindən istifadə edilmişdir. Cavabdeh ona məxsus kart hesabından, ona aid olmayan bankın vəsaitini bir neçə dəfə əməliyyatlar apararaq istifadə etmişdir. Cavabdeh həmin kart hesabından xx.xx.2021 - xx.xx.2021-ci il tarixləri aralığında “onlayn” ödəniş əməliyyatları aparmış, məbləğin bir qismini ATM-dən məxaric etmişdir. Nəticədə cavabdeh özünə aid olmayan vəsaiti çıxarmaqla banka cəmi 1741 manat ziyan vurmuşdur. Birinci instansiya məhkəməsində Cavabdeh məhkəməyə iddiaya etirazla müraciət edərək iddianı qəbul etmədiyini bildirmiş, onun rədd elməsini xahiş etmiş, göstərmişdir ki, Bank tərəfindən ona verilən kart "Debet kart" olmuşdur. Belə təyinatlı kartlar debet rejimində işləyir, ancaq kart hesabında faktiki olan məbləğ daxilində xərclər aparmaq və ya bankomatlardan nağd pul çıxarmaq imkanı verir. Yəni karta mədaxil etmədən hər hansı şəkildə kartdan pul əldə etmək və ya xərclər aparmaq mümkün deyil. İddiaçı ərizəsində cavabdehə aid olmayan bankın vəsaitini hansı qaydada istifadə olunduğunu, bunun necə mümkün ola biləcəyini göstərməmiş, sadəcə texniki problem nəticəsində bunun baş verdiyini bildirmişdir. Lakin baş vermiş bu texniki problemin nədən ibarət olduğunu izah etməmiş və həmin problemi sübut edəcək hər hansı maddi və ya yazılı sübut taqdim etməmişdir. İddiaçı tərəfindən cavabdehə verilən kartın təyinatı nəzərə alındıqda, ona aid olmayan və banka aid vəsaitin istifadəsi mümkün görünmür. Çünki həmin kartdan yalnız cavabdehin və ya başqa şəxslərin əlavə etdiyi vəsaitlərin istifadəsi mümkündür. Digər önəmli məsələ ondan ibarətdir ki, iddiaçı onun ailəsinə təyin olunmuş Ünvanlı dövlət sosial yardımın (ÜDSY) 2 aylıq məbləğini, 460 manatı akseptsiz qaydada tutmuşdur. Lakin bu tutulma barədə iddiaçı məhkəməyə hər hansı məlumat verməmişdir. Bundan əlavə, iddiaçının əsassız varlanma ilə bağlı təqdim etdiyi yeganə sübut ona məxsus kartın çıxarışıdır. Maraqlıdır ki, iddiaçı həm sistemlərində texniki problem yarandığına görə əsassız varlanmanın baş verdiyini bildirmiş, həm də texniki problem yaranmış sistemlərindən əldə etdikləri çıxarış əsasında iddia qaldırmışdır. Əgər iddiaçı texniki problem nəticəsində əsassız varlanmanın həyata keçirildiyini bildirirsə, onun məhkəməyə təqdim olunmuş bu çıxarışda göstərilən rəqəmlərin hər hansı texniki problem nəticəsində orada əks olunduğu prezumpsiya oluna bilar. MPM hər hansı sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsinin olmadığını müəyyən edib. İddiaçı əsassız varlanmanı sübut etmək üçün təqdim etdiyi yeganə sübut bank çıxarışıdır. Halbuki iddiaçı baş vermiş texniki problemi sübut etmək üçün hər hansı sübut və ya ödənişin ATM-dan çıxarılmasına dair hər hansı videogörüntü təqdim etməmişdir. Təqdim etdiyi yeganə sübutda göstərilənlərin isə, bilindiyi kimi, yaranmış texniki problem səbəbindən doğru olmaması ehtimalı vardır. İddiaçı tələbinin əsasını sübut edəcək kifayət qədər sübut təqdim etmədiyindən onun iddiası təmin olunmamalıdır. Bundan başqa, iddiaçı həmçinin borca illik 5%-lə hesablanmış 137,83 manat əldən çıxmış faydanın ondan tutulmasını tələb etmişdir ki, bu da əsassızdır. Sabirabad Rayon Məhkəməsinin (hakim S.Allahverdiyev) 17 avqust 2023-cü il tarixli qətnaməsi ilə İddiaçı ASC-nin Cavabdeh qarşı əsassız varlanma nəticəsində 1741 manatın və borca illik 5%-lə hesablanmış 137,83 manat əldən çıxmış faydanın tələbinə dair iddiası təmin edilməmişdir. Qətnamədən İddiaçı ASC apellyasiya şikayəti verilmişdir. Apellyasiyaşikayətinindəlilləri İddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddianın təmin edilməsini, Cavabdeh İddiaçı ASC-nin xeyrinə əsassız varlanma nəticəsində əldə etdiyi 1741 manat, borca illik 5% hesablanmış 137.83 manat əldən çıxmış faydanı və 38.79 manat dövlət rüsumunun əvəzinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi əsassızdır. Şikayətə görə, qəbul edilmiş qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmiş, işin faktiki halları araşdırılmamış, sübutlara düzgün qiymət verilməmiş, tərəflər arasındakı müqavilə məhkəmə tərəfindən tələb edilməmiş və müqavilənin şərtləri araşdırılmamışdır. Şikayətə görə, məhkəmə yalnız cavabdehin dediklərinə əsaslanmış, kart hesabından çıxarışa qiymət verməmiş, iddia ilə bağlı əlavə hər hansı bir məqamın araşdırılması, kart sahibinin hansı öhdəliklərinin olub-olmaması ilə bağlı əlavə heç bir sənəd tələb etməmişdir. İddia ilə bağlı önəmli olan təqdim edilməmiş sənəd iddianın rədd edilməsi üçün deyil, baxılmamış saxlanılması üçün əsas ola bilər. İzahatlar Prosessualməsələlər Apellyasiya baxışında iştirak edən iddiaçının nümayəndəsi X2 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək Cavabdeh İddiaçı ASC-nin xeyrinə əsassız varlanma nəticəsində əldə etdiyi 1741 manatın, borca illik 5% hesablanmış 137.83 manat əldən çıxmış faydanın və 38.79 manat məbləğində dövlət rüsumunun əvəzinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Nümayəndə izahatında bildirmişdir ki, cavabdehlə xx.xx.2021-ci il tarixli debet kartı müqaviləsi bağlanmışdır. Cavabdeh tərəf kartdan istifadə edib, əməliyyatlar aparmışdır. Cavabdehin istifadəsində olan kart hesabından çıxarışdan bəlli olur ki, ümumi istifadə müddətində, yəni xx.xx.2021-ci ildən xx.xx.2023-cü il tarixədək olan dövrdə müştərinin kartına 24,049,55 manat mədaxil olunduğu halda, onun kartından 25,790.55 manat məxaric olunmuşdur, fərq- (mənfi) 1741 manat təşkil edir. Bundan başqa, müştəriyə məxsus hesabdan çıxarışdakı xx.xx.2021-ci il tarixli məlumata görə, müştərinin balansında 5,013.40 manat olmuşdur. xx.xx.2022-ci il tarixdə Bakının Nəsimi rayonu, Bül-bül prospekti, 60 ünvanında yerləşən Gülüstan Residencedə 3 dəfə 2000 manat və 1 dəfə 1100 manat (cəmi- 7100 manat) vəsait çıxarılmış və məxariclər olunmuşdur. Elə bu çıxarışdan görünür ki, həmin vaxtda balansa mədaxil olmamışdır, ona görə balansda mənfi məbləğlər (əks balans -2,146.60 manat; -2,157.60 manat; 2,194.60 manat və s) əmələ gəlmişdir. Bunlar onu göstərir ki, müştəri özünə aid olmayan məbləği çıxarmışdır. Bu, ümumi sistemin nöqsanıdır. Tərəflər arasında bağlanmış “Hesab və ödəniş kartına dair” xx.xx.2021-ci il tarixli müqavilənin 4.2.2-ci bəndində qeyd edilmişdir ki, müştəri kart hesabına artıq və ya səhvən mədaxil olunmuş pul vəsaitlərindən istifadə etmir, dərhal banka geri qaytarır. Bu müqavilə cavabdeh tərəfindən imzalanmışdır. Müqavilənin şərtləri onun üçün aydındır. Cavabdeh apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin olunmamasını xahiş etmiş, izahatında göstərmişdir ki, bankdan debet kartı almış, kartından müəyyən vaxtlarda pul çıxarmışdır. Əlavə pul vəsaitinin karta necə düşdüyünü Bank özü izah etməlidir. Bank onun hesabında olan ünvanlı dövlət sosial yardımından da müəyyən vəsait tutmuşdur. Bununla yanaşı, Bank ondan əlavə faiz tələbini əsassız sayır. Cavabdeh iddia edilən məbləğlərin özü tərəfindən çıxarıldığını inkar etməsə də iddianı qəbul etmədiyini, kartından komissiya məbləğlərinin də əsassız tutulduğunu da qeyd etmişdir. Əsaslandırma Məhkəmə Kollegiyası məruzəni, izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. İşin faktiki hallarından görünür ki, cavabdeh İddiaçı ASC-yə məxsus plastik kartın istifadəçisidir. Tərəflər arasında bağlanmış “Hesab və ödəniş kartına dair” xx.xx.2021-ci il tarixli müqaviləyə uyğun olaraq, Bank tərəfindən verilmiş plastik kartı cavabdeh istifadə edir. İddiaçının tələbinə görə, cavabdeh kart hesabından cavabdehə məxsus məbləğdən artıq vəsait çıxarmış, xx.xx.2021- xx.xx.2021-ci il tarixləri aralığında “onlayn” ödəniş əməliyyatları aparmış, məbləğin bir qismini ATM-dən məxaric etmişdir. Ona görə iddiaçı Bank əsassız varlanması nəticəsində əldə etdiyi 1741 manatın və borca illik 5%-lə hesablanmış 137,83 manat əldən çıxmış faydanın ödənilməsini cavabdehdən tələb etmişdir. İddiaçının tələbinin qanuni əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091- 1092-ci maddələri təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091-ci maddəsinə əsasən: 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1092.1-ci maddəsinə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Mülki Məcəllənin 1091-ci maddəsinin dispozitiv şərtlərinin ödənilməsi üçün bu cür varlanmaya haqq verən hər hansı qanuni əsas və ya müqavilə əsası olmamalıdır. Bu zaman zərərçəkənlə əldə edən arasında varlanma obyektinə dair hər-hansı qanuni razılaşma baş vermir, əldə edən qanunla və ya müqavilə (razılaşma) əsasında əmlak əldə etmir. Bu, o halda baş verir ki, zərərçəkən, əldə edənlə qanuni razılaşmadan kənar ödəniş edir, ödənişlərdə yanılmış olur, əldə edən bilərəkdən və ya bilməyərəkdən razılaşmadan kənar artıq ödəniş əldə edir, əldə edənə məxsus borc zərəçəkəndən tutulur və i.a. Əsassız varlanma: zərəçəkmişin hərəkətləri (başqasına məxsus borc məbləğini ödəmək, ödənilmiş malın təkrar və ya artıq ödənilməsi, artıq pul vəsaitinin və ya malın verilməsi və s.), əldə edənin hərəkətləri (başqasına məxsus vəsaiti, yaxud başqasına çatası göndərişi səhvən əldə etmək), üçüncü şəxslərin hərəkətləri (göndərilən yükü səhvən başqasına vermək, bankın ödənişi səhv verməsi və s.) yollarla baş verə bilər. Birinci instansiya məhkəməsi iddianı rədd edərkən ona əsaslanmışdır ki, əgər cavabdeh debet kart hesabından əməliyyatlar aparmış və məxariclər etmişdirsə, onun özünə məxsus kartdan istifadə etməklə bağlı qanuni və hüquqi əsası mövcud olmuşdur ki, bu halda hər hansı əsassız varlanma halından söhbət gedə bilməz. İddiaçı isə cavabdeh tərəfindən əsassız varlanma halına yol verilməsi barədə məhkəməyə kifayət qədər sübutlar təqdim edə bilməmişdir. Məhkəmə xüsusilə vurğulamışdır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İddiaçı tərəf öz tələbini sübuta yetirə bilməmişdir. Kollegiya məhkəmənin mövqeyi ilə razılaşmır. Kollegiyanın mövqeyinə görə, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, səhv nəticəyə gəlmişdir. Kollegiya tərəflərin izahatlarına və təqdim edilmiş sübutlara qiymət verərək belə hesab edir ki, iddiaçının tələbi keçərlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçı tərəfindən təqdim edilmiş hesabdan çıxarışdan bəlli olur ki, xx.xx.2021-ci ildən xx.xx.2023-cü il tarixədək olan dövrdə müştərinin kartına ümumi olaraq 24,049,55 manat mədaxil olunduğu halda, onun kartından 25,790.55 manat məxaric olunmuşdur, fərq- (mənfi) 1741 manat təşkil edir. Bundan başqa, müştəriyə məxsus hesabdan çıxarışdan müəyyən edilir ki, xx.xx.2021-ci il tarixli məlumata görə müştərinin balansında 5,013.40 manat olmuşdur. xx.xx.2021-ci il tarixdə Bakının Nəsimi rayonu, Bül-bül prospekti, 60 ünvanında yerləşən Gülüstan Residencedə 3 dəfə 2000 manat və 1 dəfə 1100 manat (cəmi- 7100 manat) vəsait çıxarılmış və digər məxariclər edilmişdir. Elə bu çıxarışdan görünür ki, həmin vaxtda balansa mədaxil olmamışdır, ona görə balansda mənfi məbləğlər (əks balans -2,146.60 manat; - 2,157.60 manat; -2,194.60 manat və s) əmələ gəlmişdir. Sonradan mədaxil olunmamaış, yalnız hesabdan silinmələr olmuşdur. Cavabdeh tərəf iddia edilən vəsaitlərin özü tərəfindən bankomatdan çıxarıldığını inkar etməmiş, həmin məbləğlərə komissiya məbləğinin tutulduğunu da bildirmişdir. Kollegiya, tərəflərin izahatları ilə yanaşı, cavabdehin kartı vasitəsilə edilmiş bank əməliyyatları üzrə bank-kart hesabından çıxarışları sübut mənbəyi kimi qəbul edir. Cavabdehə məxsus bank kart hesabından çıxarışdan müştərinin (cavabdehin) balansında olan pul vəsaitindən artıq pul vəsaitinin çıxarıldığı aydın görünür. Cavabdeh həmin məbləğlərin özünə aid edildiyini bildirməmişdir. Tərəflər arasında bağlanmış “Hesab və ödəniş kartına dair” xx.xx.2021-ci il tarixli müqavilənin 3.8-ci bəndinə əsasən texniki overdraft (valyuta məzənnəsinin dəyişməsi, təkrar silinmə və s.) yarandığı halda, müştəri Bank qarşısında yaranmış borcu texniki overdraftın yarandığı gündən 30 (otuz) iş günü ərzində ödəməlidir. Yaranmış borc müəyyən edilmiş müddətdə qaytarılmadıqda Bank Müştərini xəbərdar etmədən kartın fəaliyyətini dayandıra və/və ya yaranmış borcun Müştərinin Bankda (mümkün olduqda habelə digər banklarda) mövcud olan hesablarından akseptsiz qaydada silinməklə ödənilməsini təmin edə bilər. Həmin müqavilənin 4.2.2-ci bəndində qeyd edilmişdir ki, müştəri kart hesabına artıq və ya səhvən mədaxil olunmuş pul vəsaitlərindən istifadə etmir, dərhal banka geri qaytarır. Kollegiya hesab edir ki, iddiaçı tərəf öz tələbini əsaslandıra və sübuta yetirə bilmişdir. Göstərilənlər onu deməyə əsas verir ki, birinci instansiya məhkəməsi 1741 manat məbləğində pul vəsaitinin tutulmasına dair hissədə işin hallarını düzgün müəyyən etməmiş, sübutlara düzgün qiymət verməmiş, maddi və prosessual hüquq normalarını pozmuşdur ki, bunlar da qətnamənin ləğvi üçün əsasdır. Kollegiya belə qənaətə gəlir ki, 1741 manat tələbinə dair hissədə iddia əsaslıdır, ona görə iddia həmin hissədə təmin edilməli, cavabdehdən tələb edilən, onun debet kart vasitəsilə çıxardığı və ona məxsus olmayan pul vəsaiti əsassız varlanma nəticəsində əldə edilmiş əmlak kimi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. İddiaçı tələbində həm də borca illik 5%-lə hesablanmış 137,83 manat əldən çıxmış faydanı tələb etmişdir. Cavabdeh, ona maliyyə sanksiyası kimi tətbiq edilmiş illik 5 faizlə hesablanan məbləğə etirazını bildirmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair» 09 iyul 2009-cu il tarixli Qərarında göstərilmişdir ki, həmin normanın mənasına görə, borclu şəxs yalnız aşağıdakı dörd hərəkəti etməklə özgənin pul vəsaitindən faydalanır: qanunsuz saxlama, qaytarmaqdan boyun qaçırma, ödənilməsini digər şəkildə gecikdirmə, başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etmə və ya toplama. Kollegiya qeyd edir ki, cavabdehin Bankın vəsaitini əsassız əldə etməsi müəyyən edilsə də burada cavabdehin birbaşa davranışı, onun təqsiri müəyyən edilmir. Kart sahibi olan cavabdehin hesabından özünə aid olmayan vəsaiti çıxarması bankomatlarla bağlı ümumi elektron sistemin nöqsanı nəticəsində yaranmışdır. Bu, müştərinin hərəkəti (hərəkətsizliyi) nəticəsində olmamışdır. Bundan sonra artıq çıxarılmış pul vəsaiti ilə bağlı da məhkəmə mübahisəsi olmuş, cavabdeh öz prosessual hüquqlarından istifadə etmişdir. Mülki Məcəllənin 21.3-cü maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Bankın hesabından silinən vəsaitin çıxarılması ümumi sistemin nöqsanı olduğundan əsas məbləğə illik 5 faizlə hesablanmış məbləğin cavabdehdən tutulmasını Kollegiya məqbul saymır və hesab edir ki, bu hissədə iddia təmin edilməməlidir. Beləliklə, Kollegiya belə qənaətə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia qismən təmin edilməli və iş üzrə yeni qətnamə qəbul edilməli, əsassız varlanma nəticəsində əldə edilmiş 1741 manat Cavabdeh alınaraq İddiaçı ASC-yə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırki halda mübahisələndirilən hissədə iddianın qiyməti Qanunla müəyyən edilmiş həddən az olduğu üçün qətnamədən kassasiya qaydasında şikayət verilə bilməz. Apellyasiya şikayəti qismən təmin edildiyindən və iddia tələbi əsasən təmin edildiyindən iddianın verilməsi ilə əlaqədar ödənilmiş 37,40 manat və apellyasiya şiakayətinin verilməsi ilə əlaqədar ödənilmiş 18,7 manatın əvəzi cavabdehdən alınaraq iddiaçı ASC-nin xeyrinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 382, 384.0.2, 392 və 393-cü maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası qətetdi: İddiaçı ASC-nin apellyasiya şikayəti qismən təmin edilsin. Sabirabad Rayon Məhkəməsinin 17 avqust 2023-cü il tarixli, 2(056)-887/2023 saylı qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılsın. İddia qismən təmin edilsin. Cavabdeh 1741 manat tutulub İddiaçı ASC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumuna görə Cavabdeh 56,10 manat tutulub İddiaçı ASC-yə ödənilsin. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar