Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1863/2025 22.01.2026 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X5 (sədrlik edən və məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibində, İsazadə Salman Raqif oğlunun katibliyi, X2, Cavabdeh nümayəndəsi Vəkil Yelmar Vəkil oğlunun iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbi barədə iddia ərizəsi üzrə mülki işə Beyləqan Rayon Məhkəməsinin 08 oktyabr 2025-ci il tarixli 2(020)-1537/2025 saylı qətnaməsindən Cavabdeh nümayəndəsi Vəkil Yelmar Vəkil oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxıb MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə müraciət edərək, cavabdehdən ödənilməmiş borca görə 30000 manat, mənəvi ziyana görə 5000 manat və dövlət rüsumu kimi ödədiyi 180 manat pulun alınıb ona ödənilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, Cavabdeh ilə orta məktəbi bir sinifdə oxumuşdur. Onun əri vəfat etdikdən sonra yaşadığı evi 177000 manata satıb, 140000 manata başqa ev almışdır. Bütün bu proseslər isə cavabdehin iştirakı ilə icra edildiyinə görə o, bütün baş verənlərdən məlumatlı olmuşdur. Daha sonra cavabdeh ondan mənzilin satışından qalan pulları nə edəcəyi haqqında ondan soruşduqda ona bildirmişdir ki, qalan pulları banka depoizitə qoymaq qərarına gəlmişdir. Lakin, Cavabdeh pulu banka depozitə qoymağa imkan verməyib, ona avtomobillərin alqı-satqısı ilə məşğul olduğunu və kifayət qədər pul qazandığını deyərək qalan 30000 manat pulu ona verəcəyi təqdirdə hər ay 1000 manat ona qazanc verə biləcəyini, eyni zamanda pul lazım olacağı halda 30000 manatı tam qaytaracağına söz vermişdir. Beləliklə, 22 sentyabr 2023-cü il tarixdə Cavabdeh 30000 manat pul vermiş, sonuncu da bir neçə ay ona ardıcıl olaraq 1000 manat pul versə də, sonralar ödəniş etməkdən yayınmağa başlamışdır. Odur ki, 24 sentyabr 2024-cü il tarixdə Cavabdeh ona 30000 manat məbləğində borcunun olması barədə yazılı iltizam almışdır. Cavabdeh ödəniş etməkdən yayındığına görə onun barəsində Binəqədi RPİ-nin 4-cü polis şöbəsinə yazılı şikayət etsə də, Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Bütün bunlar onun stres və həyəcan yaşamasına səbəb olmuşdur ki, bununla da ona mənəvi zərər dəymişdir. Beyləqan Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(020)-1537/2025 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək Cavabdeh 20250 (iyirmi min iki yüz əlli) manat məbləğində borc üzrə pul və ödənilmiş 150.75 manat məbləğdə dövlət rüsumunun əvəzinin İddiaçı xeyrinə tutulması, iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, hazırkı iş üzrə tərəflər arasında borc münasibətləri yaranmış, məbləğ üç min manatdan çox olduğundan iddiaçı tərəfindən cavabdehə borc pulun verilməsi yazılı müqavilə ilə rəsmiləşdirilmiş, cavabdeh aldığı pulu müqavilədə qeyd edilən tarixdə iddiaçıya qaytarmağı öhdəsinə götürsə də, indiyədək öhdəliyini icra etməmiş və nəticədə müqavilənin və qanunvericiliyin tələblərini pozmuşdur. Bunun da nəticəsində iddiaçı haqlı olaraq hazırki tələblə məhkəməyə müraciət etmişdir. Cavabdeh nümayəndəsi Vəkil Yelmar Vəkil oğlu apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsini xahiş etmişdir. İŞİNHALLARİ: Cavabdeh tərəfindən əl yazısı ilə yazılmış iltizamdan görünür ki, İddiaçı şəxsi biznes işi ilə əlaqədar olaraq 22 sentyabr 2023-cü il tarixdə 30000 manat məbləğində pulu götürmüş, hər ay qanacından gəlirin 50 faizini, yəni 1000 manatını ona verəcəyini, qeyd olunan işi iki il ərzində yekunlaşdırıb, sonda 30000 manat pulu tam şəkildə geri qaytaracağını bildirmişdir. Binəqədi RPİ-nin 4-cü polis şöbəsinin təhqiqatçısı Ayaz Kərimov tərəfindən qəbul edilmiş 10 mart 2025-ci il tarixli Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, cavabdeh araşdırma zamanı vermiş olduğu izahatında həqiqətən də İddiaçı 30000 manat məbləğdə pulu avtomobil alğı-satqısı məqsədilə almış, lakin sonradan hissə-hissə olmaqla təxminən 10000 manatını qaytarsa da, qalan məıbləği qaytara bilməmişdir. “E-Manat” ödəniş sistemi vasitəsilə edilmiş elektron ödəniş qəbzlərindən görünür ki, cavabdeh 15 oktyabr 2023-cü il tarixdə 1000 manat, 16 noyabr 2023-cü il tarixdə 1000 manat, 24 dekabr 2023-cü il tarixdə 1000 manat, 20 yanvar 2024-cü il tarixdə 500 manat, 27 yanvar 2024-cü il tarixdə 500 manat, 29 fevral 2024-cü il tarixdə 400 manat, 17 mart 2024-cü il tarixdə 400 manat, 27 mart 2024-cü il tarixdə 400 manat, 11 aprel 2024-cü il tarixdə 100 manat, 15 aprel 2024-cü il tarixdə 200 manat, eyni tarixdə yenidən 300 manat, 21 aprel 2024-cü il tarixdə 400 manat, 06 may 2024-cü il tarixdə 400 manat, 14 may 2024-cü il tarixdə 500 manat, 23 may 2024-cü il tarixdə 500 manat, 19 iyun 2024-cü il tarixdə 200 manat, 01 iyul 2024-cü il tarixdə 400 manat, 18 iyul 2024-cü il tarixdə 100 manat, 17 avqust 2024-cü il tarixdə 450 manat və 20 avqust 2024- cü il tarixdə 1000 manat olmaqla ümumilikdə 9750 manat məbləğində ödənişlər etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, X1 17000 manat pul borclu olduğunu hələ işin məhkəməyə daxil olmamasından xeyli əvvəl, yəni Bakı şəhəri Binəqədi RPİ-nin 4-cü PŞ-də toplanılmış HK-1/460 saylı material üzrə qəbul edilmiş 10 mart 2025-ci il tarixli Cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərarda da öz əksini tapmışdır. Lakin buna baxmayaraq iddiaçı yenə də məhkəmədə 30000 manat pul tələb etmişdir. Məhkəmədə iştirakı təmin olunmadığından həmin sübutları məhkəməyə təqdim edə bilməmişdir. Bundan başqa, X1 mobil telefon vasitəsi ilə onun kartına 1000 manat pul və onun adına “Kontakt Home”a olan kredit borcuna görə üç dəfəyə 630 manat da ödəmişdir. Əvvəlki mobil telefonu yandığından aralarında olmuş yazışmaları əldə edə bilmir. İddiaçının adına qeyd etdiklərindən daha çox ödənişlər etmişdir. Əslində bu gün iddiaçıya 13000 manat borcu qalmışdır. Cavabdeh nümayəndəsi Vəkil Yelmar Vəkil oğlu məhkəmə iclasında izahat verərək bildirdi ki, polis şöbəsinin rədd qərarında göstərilən 17000 manat məbləğini qəbul edirlər. Paşayeva X4 rayon polis şöbəsinə müraciət etdiyi zaman Cavabdeh 17000 manat borcun mövcudluğunu etiraf etmişdir. Buna baxmayaraq, İddiaçı ödənişlər almasına baxmayaraq məhkəmədə 30000 manat məbləğində iddia qaldırmışdır. Məhkəmə baxışı zamanı qəbzlərin yalnız bir hissəsi təqdim edilmişdir. Cavabdehin mobil telefonunun sıradan çıxması səbəbindən bəzi ödəniş qəbzlərinin çıxarılması mümkün olmamışdır. Apellyasiya instansiyasına təqdim etdiyi sübutlar birinci instansiya məhkəməsində iştirak etmədikləri üçün təqdim olunmamışdır, lakin bu ödənişlər iddiaçıya məlum olmuşdur. Ödəniş qəbzlərinin bir qismi iddiaçı tərəfindən də təqdim edilmişdir. Belə ki, 633 manat məbləğində “Kontakt Home”a, 1000 manat isə iddiaçı tərəfindən təqdim edilmiş bank kartı hesabına köçürülmüşdür. Təqdim edilən 1633 manat məbləğində ödəniş hesablama zamanı nəzərə alınmışdır. Cavabdeh hazırda 13000 manat məbləğdə borc qalıb. Bu səbəbdən qətnamədə borc məbləğinin 13000 manata qədər azaldılmalıdır. Nümayəndə apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. İddiaçı məhkəmə iclasında izahat verərək bildirdi ki, apellyasiya instansiyasına məhkəməsinə təqdim edilmiş ödənişləri qəbul etmir. Belə ki, bütün ödənişləri məhkəmə nəzərə almışdır. Ərinin ölməsi səbəbindən qaynı ona məxsus evi 177000 manata satmış, əldə olunan pul vəsaiti ona təqdim edilmişdir. Cavabdehlə sinif yoldaşı olmuşlar. Həmin məbləğin hesabına 3 otaqlı mənzil almaq niyyəti olmuşdur, lakin cavabdeh buna imkan verməmiş, 2 otaqlı mənzil almağı və qalan vəsaitlə iş görməyi məsləhət görmüşdür. Cavabdeh tərəfindən ona 30000 manat məbləğdən cəmi 9750 manat ödəniş edilmişdir. Onu da qeyd edir ki, Cavabdeh başqa şəxsləri də bu yolla aldatmışdır. Odur ki, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə tərkibi tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları hərtərəfli şəkildə tədqiq edib qiymətləndirərək hesab edir ki, apellyasiya təmin edilməməli və qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 372.1-ci, 372.6-cı və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Məhkəmə tərkibi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarındakı hüquqi mövqeyini nəzərə alaraq birinci instansiya məhkəməsinin qətnaməsini apellyasiya şikayətinin dəlilləri üzrə mübahisələndirilən hissəsində yoxlanılmasını düzgün hesab edir. Məhkəmə tərkibi diqqətə çatdırır ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (MM) 385.1-ci maddəsində göstərilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 425-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. MM-in 442-ci maddəsində isə göstərilir ki, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. MM-in 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; borclunun icranı gecikdirməsi sayılır. MPM-in 217.2-ci maddəsinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Qeyd edilməlidir ki, MM-in 739.1-ci (əvvəlki redaksiya) maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Habelə MM-in 740-cı maddəsində göstərilir ki, borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. MM-in 881.1.- 881.2-ci maddələrinə əsasən barışıq razılaşması haqqında müqaviləyə görə tərəflər öz aralarında hüquqlar və ya iddialar barəsində mübahisəni və ya qeyrimüəyyənliyi qarşılıqlı güzəştlər yolu ilə həll edirlər. Barışıq razılaşmasının qüvvəsi ondan ibarətdir ki, əvvəllər mübahisəli və ya qeyri-müəyyən olmuş hüquqlara və iddialara istinad edilməsi həmin razılaşmaya əsasən istisna edilir və hüquqi statusundan asılı olmayaraq iştirakçılar üçün yalnız barışıq razılaşmasında təsbit edilənlər etibarlı olur. MM-in 882.1-ci maddəsinə görə borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. Məhkəmə tərkibi iş üzrə “E-Manat” ödəniş sistemi vasitəsilə edilmiş elektron ödəniş qəbzlərinə əsasən qeyd edir ki, Cavabdeh 15 oktyabr 2023-cü il tarixdə 1000 manat, 16 noyabr 2023-cü il tarixdə 1000 manat, 24 dekabr 2023-cü il tarixdə 1000 manat, 20 yanvar 2024-cü il tarixdə 500 manat, 27 yanvar 2024-cü il tarixdə 500 manat, 29 fevral 2024-cü il tarixdə 400 manat, 17 mart 2024-cü il tarixdə 400 manat, 27 mart 2024-cü il tarixdə 400 manat, 11 aprel 2024-cü il tarixdə 100 manat, 15 aprel 2024-cü il tarixdə 200 manat, eyni tarixdə yenidən 300 manat, 21 aprel 2024-cü il tarixdə 400 manat, 06 may 2024-cü il tarixdə 400 manat, 14 may 2024-cü il tarixdə 500 manat, 23 may 2024-cü il tarixdə 500 manat, 19 iyun 2024-cü il tarixdə 200 manat, 01 iyul 2024-cü il tarixdə 400 manat, 18 iyul 2024-cü il tarixdə 100 manat, 17 avqust 2024-cü il tarixdə 450 manat və 20 avqust 2024- cü il tarixdə 1000 manat olmaqla ümumilikdə 9750 manat məbləğində ödənişlər etmişdir. Bundan başqa, Cavabdeh nümayəndəsi Vəkil Yelmar Vəkil oğlu apellyasiya şikayətində qalıq borc məbləğini mübahisələndirərək Cavabdeh İddiaçı hal-hazırda 13000 manat məbləğdə borcunun qaldığını bildirsə də, bu fakt iş üzrə mötəbər sübutlarla təsdiqini tapmamışdır. Vəkil Yelmar Vəkil oğlu tərəfindən təqdim edilmiş ödəniş sənədlərinə gəldikdə, məhkəmə tərkibi qeyd edir ki, bu ödənişlər İddiaçı tərəfindən etiraf edilmir. Habelə onlar yalnız apellyasiya instansiyası məhkəməsində icraat zamanı təqdim edilmiş, birinci instansiya məhkəməsində isə təqdim edilməməsinin üzrlü səbəbləri əsaslandırılmamışdır. İşdən də göründüyü kimi, tərəflərə birinci instansiya məhkəməsində icraat zamanı qanunla müəyyən edilmiş prosessual müddətlər çərçivəsində özlərinin mötəbər sübutlarını məhkəməyə təqdim etmək üçün kifayət qədər vaxt ayrılmış və zəruri şərait yaradılmışdır. İş materiallarına əlavə edilmiş xəbərnamədən də görünür ki, Cavabdeh birinci instansiya məhkəməsində keçirilmiş iclasların vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmişdir (səh. 37). MPM-in 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Bununla yanaşı, MPM-in 361.4-cü maddəsinə əsasən apellyasiya şikayətini verən şəxsin birinci instansiya məhkəməsinə təqdim edilməyən yeni sübutlara istinad etməsinə yalnız o hallarda yol verilir ki, o, şikayətdə həmin sübutların birinci instansiya məhkəməsinə təqdim edilməsinin qeyri-mümkün olduğunu əsaslandırsın. Apellyator öz şikayətində istənilən yeni sübuta istinad edə bilməz. Qanunvericiliyə nəzər saldıqda, qeyd edilən məhdudiyyətin məhz adıçəkilən Məcəllənin 372-ci maddəsində nəzərdə tutulmuş apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərindən irəli gəldiyi açıq-aydın müəyyən edilir. Apellyasiya instansiya məhkəməsində yeni və əlavə sübutların təqdim olunmasında (habelə yoxlanmasında) mövcud məhdudiyyətlər ölkəmizdə natamam apellyasiyanın mövcud olması ilə şərtlənir. Natamam apellyasiya zamanı apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsini əvəz etmir. Onun vəzifəsi yalnız apellyasiya şikayətinin həcmində mübahisənin predmetinə baxılmasından ibarətdir. Habelə nəzərə alınmalıdır ki, natamam apellyasiya zamanı (Almaniya, Avstriya və s.) sübutetmə prosesi birinci instansiya məhkəməsinə aid olmaqla, apellyasiya məhkəməsi isə birinci instansiyada tərəflərin təqdim etdiyi faktiki materiallar əsasında (372-ci maddənin tələbləri nəzərə alınmaqla) işə yenidən baxaraq onun səhvlərini və nöqsanlarını aradan qaldırmalıdır. MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda qeyd edilənlər baxımından apellyasiya instansiyası məhkəməsi hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxarılarkən aşağıdakı qayda əsas tutulmalıdır: birincisi, güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; ikincisi, sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; üçüncüsü, bu sübutlar birbirini təsdiq etməli və tamamlamalıdır; dördünücüsü, bu sübutlar birlikdə dəyərləndirilməlidir. MPM-in 89.1-ci maddəsinin tələbinə görə yazılı sübutlar – iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Məhkəmə tərkibi yuxarıda sadalanan qanunvericilik normalarına və mülki işin müəyyən edilmiş faktiki hallarına əsasən hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisələndirilən qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmamış, tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmiş və iş üzrə qanuni və əsaslı olmayan qətnamə qəbul olunmuşdur. Bütün bunlarla bərabər, məhkəmə tərkibi diqqətə çatdırmağı zəruri hesab edir ki, mülki hüquq münasibətlərində riayət edilməsi zəruri olan mühüm qaydalardan biri də Dürüstlük qaydasıdır. Bir hüquqdan Dürüstlük qaydasına zidd şəkildə istifadə edilməsi hüquqdan sui-istifadə sayılır ki, qanunvericilik hüquqdan açıqca sui-istifadə edilməsini qorumur. Dürüstlük qaydası hər şəxsdən dürüst bir subyekt olaraq gözlənilən davranışı ifadə edir. Bir davranışın bu xarakterdə olub-olmadığı isə cəmiyyətdə mövcud olan əxlaqi ölçülərə, qəbul edilmiş adətlərə, hüquqları yaradan münasibətlərin məqsədinə görə təyin edilir. Dürüstlük qaydası və hüquqdan sui-istifadə qadağası haqqa və ədalətə, əxlaq anlayışına, həyat ehtiyaclarına uyğun gəlməyən nəticələrin qarşısını alan ümumi bir hüquq qaydası, təməl hüquq prinsipidir. Beləliklə, məhkəmə tərkibi iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Beyləqan Rayon Məhkəməsinin 08 oktyabr 2025-ci il tarixli 2(020)-1537/2025 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. MPM-in 385.2-ci maddəsinə görə birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. MPM-in 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 115-ci maddəsinə görə şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Bundan başqa, MPM-in 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə tərkibi hesab edir ki, məhkəmə xərcləri tərəflərin özlərinə aid edilməlidir. MPM-in 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Məhkəmə tərkibi göstərilənlərə əsasən və MPM-in 14.2, 77.1, 217.2, 372, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrinin tələblərini rəhbər tutub QƏTETDİ: Apellyasiya şikayəti təmin edilməsin. Beyləqan Rayon Məhkəməsinin 08 oktyabr 2025-ci il tarixli 2(020)-1537/2025 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən həmin müddətdə şikayət verilməzsə, o, qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-1863/2025
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1863/2025
22.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver