Məhkəmə qərarları › İş №2(106)-1864/2023

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1864/2023

11.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1864/2023 11.12.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinin Mülki kollegiyası, hakimlər Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən və məruzəçi), Mayılov Samir İlham oğlu və Əsədov İlham Qoşunəli oğlundan ibarət tərkibdə, Babayev Eltac Fərman oğlunun katibliyi ilə, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı dəymiş maddi zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə İmişli Rayon Məhkəməsinin 2(036)1401/2023 saylı, 14 avqust 2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 11 dekabr 2023-cü il tarixdə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı Cavabdeh qarşı dəymiş maddi zərərin ödənilməsi tələbi barədə iddia qaldıraraq İmişli rayonu Aranlı kəndi ərazisində yerləşən 5,0 ha torpaq sahəsində 2022-2023-cü ilin mövsüm dövründə yetişdirdiyi taxıl məhsulunun torpağın icarə müddəti bitmədən geri alınması səbəbindən toplaya bilmədiyini göstərərək 2800,0 manat məbləğində icarə haqqı, 3000,0 manat məbləğində çəkilən xərclər, cəmi 5800,0 manat və 80,0 manat dövlət rüsumu tutulub onun xeyrinə ödənilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini müdafiə edərək izahatında göstərmişdir ki, o, ailə üzvləri ilə birlikdə İmişli rayonu Aranlı kəndində yaşayır və fərdi təsərrüfatla məşğul olur. 2022-ci ilin iyun ayında Cavabdeh məxsus olan İmişli rayonu Aranlı kəndi ərazisində yerləşən 5,0 ha torpaq sahəsini 2800,0 manat ödəyərək 1 il müddətinə icarəyə götürmüş və həmin ilin iyul ayında şumladaraq noyabr ayında taxıl əkmişdir. Əkin sahəsi malalanmış və amafosla gübrələnmişdir. 2023-cü ilin fevral ayında Cavabdeh ondan əlavə olaraq 2000,0 manat tələb etmiş və onu əraziyə buraxmayaraq əkin sahəsinin növbəti dəfə gübrələnməsinə imkan verməmişdir. Əkin sahəsində vaxtı-vaxtında gübrələnmə və suvarılma aparılmadığından məhsuldarlıq xeyli dərəcədə aşağı düşmüş və hazır məhsul vaxtında toplanmadığından sahədə qalaraq məhv olmuşdur. Ona görə də, Cavabdeh 2800,0 manat məbləğində icarə haqqı, 3000,0 manat məbləğində çəkilən xərclər, cəmi 5800,0 manat və 80,0 manat dövlət rüsumu tutulub onun xeyrinə ödənilməsi haqqında iddia qaldırmışdır. Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, o, ailə üzvləri ilə birlikdə İmişli rayonunun Aranlı yaşayır və ailə üzvlərinin mülkiyyətində olan İmişli rayonu Aranlı kəndi ərazisində yerləşən 5,0 ha torpaq sahəsini hər il icarəyə verərək əldə etdiyi qazancla dolanır. 2021-ci ildə torpaq sahəsini İddiaçı icarəyə götürmüş və 3500,0 manat icarə haqqı ödəmişdir. 2022-ci ildə İddiaçı məxsus olan ərzaq mağazasına 3000,0 manat məbləğində borcu olduğu üçün torpaq sahəsini 2800,0 manata icarəyə verməyə məcbur olmuş, lakin ailə üzvləri narazlıq etdiyi üçün 5-6 gündən sonra torpağı həmin məbləğə icarəyə verməkdən imtina edərək İddiaçı ilə 5000,0 manata razılaşmışdır. İddiaçı torpaq sahəsində şumlama apararaq taxıl əkmiş, sahəni gübrələmiş, lakin xeyli müddət keçməsinə baxmayaraq qalan 2000,0 manat icarə haqqını öna ödəməmişdir. 2023-cü ilin fevral ayında o, İddiaçı 2000,0 manat məbləğində torpaq icarə haqqını bir daha tələb etmiş və ödəməkdən imtina etdiyi üçün onu daha torpaq sahəsinə buraxmamışdır. Ona görə də, iddia tələbi əsassız hesab edilməlidir. İş üzrə qəbul edilmiş məhkəmə aktı: a) Birinci instansiya məhkəməsində icraat. İmişli Rayon Məhkəməsinin 2(036)1401/2023 saylı, 14 avqust 2023-cü il tarixli qətnaməsi (Hakim: Ü.Qənbərov) ilə, iddianın qismən təmin edilməsi, Cavabdeh cəmi 5565,0 ( beş min beş yüz altmış beş) manat və 80,0 (səksən) manat dövlət rüsumu tutulub İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir. Məhkəmə bu qənaətə gələrkən Mülki Məcəllənin 21 və 1097-ci maddələrinə istinad etmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün hallar araşdırılmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut olunmamışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan cavabdeh İmişli Rayon Məhkəməsinin 2(036)1401/2023 saylı, 14 avqust 2023-cü il tarixli qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: İddiaçı tərəfindən cavabdehin apelyasiya şikayətinə etiraz daxil olmamışdır. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Cavabdeh apellyasiya icraatı zamanı apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini, İmişli Rayon Məhkəməsinin 2(036)1401/2023 saylı, 14 avqust 2023-cü il tarixli qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya icraatı zamanı apellyasiya şikayətinin dəlillərinə şifahi etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, İmişli Rayon Məhkəməsinin 2(036)1401/2023 saylı, 14 avqust 2023-cü il tarixli qətnaməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Odur ki, kollegiya İmişli Rayon Məhkəməsinin 2(036)1401/2023 saylı, 14 avqust 2023-cü il tarixli qətnaməsini Cavabdeh apellyasiya şikayətinin dəlilləri həddində, qanuniliyini yoxlanılmasını zəruri hesab edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 14.2.1-ci maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlmə əsasını təşkil edir. 16.1-ci maddəsinə əssən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirtdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda suiistifadə edilməsinə yol verilmir. 21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 442-ci maddəsinə əsasən Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443-cü maddəsinə əsasən Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, zərər müəyyənləşdirilərkən öhdəliyin icra edilməli olduğu yerdə kreditorun tələbini borclunun könüllü ödədiyi gün mövcud olmuş qiymətlər, tələb könüllü ödənilmədikdə isə məhkəmənin qərar çıxardığı gün mövcud olmuş qiymətlər nəzərə alınır. Əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır. Borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddətdə də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Əgər əlavə müddətin təyin edilməsinin hər hansı nəticə verməyəcəyi aydındırsa və ya zərərin əvəzinin ödənilməsini tələb etmək hüququndan dərhal istifadəyə hər iki tərəfin mənafeləri əsas götürülməklə haqq qazandıran xüsusi hallar mövcuddursa, əlavə müddət təyin edilməsi zərurəti yoxdur. Əgər öhdəlikdə ayrı qayda nəzərdə tutulmayıbsa və ondan ayrı qayda irəli gəlmirsə, borclunun üzərinə yalnız qəsdən və ya ehtiyatsızlıqdan edilmiş hərəkətlər nəticəsində dəymiş zərərin əvəzini ödəmək vəzifəsi qoyulur. Borclunun öhdəliyi qəsdən edilmiş hərəkətlər nəticəsində icra etməməsi zamanı onun zərərin əvəzini ödəməkdən azad edilməsi barədə tərəflərin qabaqcadan razılaşması yolverilməzdir. Borclu öz qanuni təmsilçisinin və öhdəliklərinin icrası üçün xidmətlərindən istifadə etdiyi digər şəxslərin hərəkətləri üçün özünün təqsirli hərəkətləri üçün olan həcmdə məsuliyyət daşımalıdır. Borclu icra predmetini başqa şəxsdən almalı olduqda və onu ala bilmədikdə də, əgər müqavilədən ayrı qayda irəli gəlmirsə, icra etməmək üçün məsuliyyət daşıyır. 700-cü maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. Əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərər vuran şəxsin öhdəsinə qoyula bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsinin qətnaməsindən müəyyən edilir ki, məhkəmə iddia tələbinin qismən təmin edilməsini, iddiaçının iddia tələbinin qismən əsaslı olması və sübut olunması ilə əlaqələndirmişdir. Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti vermişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Odur ki, İmişli Rayon Məhkəməsinin 2(036)1401/2023 saylı, 14 avqust 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin MPM-nin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayəti ilə əlaqədar iş materiallarını araşdıraraq aşağıdakıları qeyd edir. Belə ki, iş materiallarında olan xx.xx.2022-ci il tarixli qəbzin surətinə əsasən Cavabdeh ailə üzvlərinin mülkiyyətində olan İmişli rayonu Aranlı kəndi ərazisində yerləşən 5,0 ha torpaq sahəsini 2800,0 manata 1 il müddətinə İddiaçı icarəsinə vermişdir. İş materiallarında olan İmişli RİHB-nin Aranlı kənd İƏD üzrə İN-si X4, fermer İddiaçı, fermer, X8, traktorçu X13 və icarədar Cavabdeh iştirakı ilə tərtib edilmiş xx.xx.32023- cü il tarixli Aktda göstərilmişdir ki, Cavabdeh ailə üzvlərinin mülkiyyətində olan İmişli rayonu Aranlı kəndi ərazisində yerləşən 4,68 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində mövsüm dövründə İddiaçı payızlıq buğda əkini aparmasına şərait yaratmış, lakin sonradan əkinə gübrə verilməsinə icazə verməmişdir. Həmin vaxt adı çəkilən şəxslər ərazidə olarkən İddiaçı Cavabdeh ilə razılaşa bilməmiş və 1 lafet gübrə sahəyə verilmədən geri qaytarılmışdır. İş materiallarında olan İmişli rayonu Aranlı kənd sakinləri, X7, X2, X13 , X3, X5, İddiaçı, X8, X9 və X6 iştirakı ilə tərtib olunub İmişli RİHB-nin Aranlı kənd İƏD üzrə İN tərəfindən təsdiq edilmiş xx.xx.32023-cü il tarixli Aktda göstərilmişdir ki, Cavabdeh ailə üzvlərinin mülkiyyətində olan İmişli rayonu Aranlı kəndi ərazisində yerləşən 4,68 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini 2022-ci ilin mövsüm dövründə buğda məhsulu yetişdirməkdən ötrü 2800,0 manata İddiaçı icarəsinə vermişdir. X7 2022-ci ilin iyul ayında həmin torpaq sahəsini şumlamış və 250,0 manat almışdır; X2 xx.xx.2022-ci il tarixdə əraziyə iki dəfə mala çəkmiş və 200,0 manat almışdır; X13 xx.xx.2022-ci il tarixdə səpin aparmış və 100,0 manat almışdır; X3 əraziyə su bərəsi çəkmiş və 100,0 manat almışdır; X8, X5, İddiaçı, X8 10 ədəd amafos və 1550,0 kq buğda toxumu texnika ilə sahəyə aparmış və 60,0 manat almışdır; X1 bitkinin çıxış suyu ilə suvarmış və 125,0 manat almışdır; Maşına 40,0 manat verilmişdir; Sahəyə 1240,0 manat dəyərində toxum səpilmiş və 890,0 manat dəyərində gübrə( amafos) verilmişdir. İş materiallarında olan İmişli rayon X21 Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 3-22-3-30/2-50/2023 saylı məlumata əsasən 2022-ci ilin payızlıq əkin dövründə 1,0 ha torpaq sahəsində payızlıq yumşaq buğda əkini üçün 250,0 kq toxum səpin norması ( 1 kq.- 0,80 manat) və 100,0 kq gübrə ( amafos) norması ( 1 kisə- 89 manat) müəyyən olunmuşdur. Məhkəmə kollegiyası iş materiallarına araşdıraraq müəyyən etdi ki, İddiaçı 2022-ci ilin iyun ayında Cavabdeh ailə üzvlərinə məxsus olan İmişli rayonu Aranlı kəndi ərazisində yerləşən 4,68 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini 2800,0 manat ödəyərək 1 il müddətinə icarəyə götürmüş və cəmi 2765,0 manat xərcləyərək həmin torpaq sahəsində buğda məhsulu yetişdirmişdir. 2023-cü ilin fevral ayında Cavabdeh razılaşmanı birtərəfli qaydada pozaraq torpaq sahəsini vaxtından qabaq geri almış, əkinə tələb olunan qulluğun göstərilməsinə maneçilik törətmiş və həmçinin hazır məhsulun yığılmasına imkan verməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 14.2.1-ci maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlmə əsasını təşkil edir. 16.1-ci maddəsinə əssən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirtdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda suiistifadə edilməsinə yol verilmir. 21.1 maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzininin tam ödənilməsini tələb edə bilər. 21.2-ci maddəsinə əsasən zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1097-ci maddəsinə əsasən mülki hüquq pozuntusu nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Cavabdeh apellyasiya şikayətinin dəlilində qeyd edir ki, qətnamədə göstərilmiş borc işin hallarına uyğun gəlmir. İddiaçı mənə borclu olduğu pulu ödəmək əvəzinə, əsassız olaraq məndən pul tələb etmiş, məhkəmə işin həmin hallarına uyğun olmayan nəticə çıxarmışdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin qeyd olunan dəlili ilə razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə qanuni və əsaslı olmuşdur. Belə ki, işin hallarından müəyyən olunur ki, tərəflər arasında icarə müqaviləsi bağlanmış, iddiaçı müqavilədən gələn hüquqlarından istifadə edərək icarə əsasında ona verilmiş torpaq sahəsindən istifadə etmişdir. Lakin daha sonra cavabdeh icarə müqaviləsinin şərtlərini pozaraq əlavə olaraq icarə müqaviləsi üçün 2000 manat tələb etmiş və iddiaçını torpaq sahəsinə buraxmamışdır. Belə olan halda iddiaçı vaxtında əkin sahəsinə daxil ola bilməmiş və məhsullara vaxtında qulluğ göstərə bilməmiş, nəticədə əkin məhsullarına ciddi ziyan dəymişdir. Belə olan halda iddiaçı maddi ziyana məruz qalmışdır. Bu faktı apellyasiya icraatı zamanı Cavabdeh izahatında təsdiq etmiş, əlavə olaraq göstərmişdir ki, iddiaçı ilə razılaşmaları 11 avqust 2022-ci il tarixli müqavildə müəyyən olunsa da, sonradan aralarında əlavə razılşma olmuş, lakin İddiaçı həmin razılaşmanı pozmuşdur. Bu səbəbdə də, onun tərəfindən İddiaçı əkin sahəsinə buraxılmamış, iddiaçı tərəfindən əkilən taxılı isə o, özü yığmış və yığılan məhsulun dəyəri təxminən 2000 manat olmuşdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin “Beləlikə Cavabdeh ailə üzlərinə məxsus olan İmişli rayonu Aranlı kəndi ərazisində yerləşən 4,68 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 2022-ci ildə icarəsinə görə İddiaçı aldığı 2800,0 mant geri qaytarılmalı və icarəçiyə dəymiş 2765,0 (1000,0+890+250+200+100+100+125+100) manat cəmi 5565,0 ( beş min beş yüz altmış beş) manat və 80,0 (səksən) manat dövlət rüsumu tutulub İddiaçı xeyrinə ödənilməli” mövqeyi ilə razılaşır və hesab edir ki, məhkəmə iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları araşdırmış və gəldiyi nəticə işin faktiki hallarına uyğun olmaqla qanuni və əsaslı olmuşdur. Bunu əsas götürən kollegiya işdə olan sübutların məzmununu hazırkı qətnamədə təkrarlamağa zərurət görmür. Kollegiya cavabdehin apellyasiya şikayətinin dəlillərini əsassız hesab etməklə, birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Beləliklə, məhkəmə kollegiyası yekun olaraq hesab edir ki, apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslandığından İmişli Rayon Məhkəməsinin 2(036)1401/2023 saylı, 14 avqust 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Buna görə də apellyasiya şikayətləri təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddənin İİ hissəsi), məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi (127-ci maddənin Vİİ hissəsi) təsbit olunmuşdur. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə işinin ədalətli araşdırılması hüququna malik olması təsbit edilmişdir. Bu müddəalara uyğun olaraq ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 217.1 və 217.3-cü maddələri). Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir (Mülki Prosessual Məcəllənin 107 və 119.1-ci maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İmişli Rayon Məhkəməsinin 2(036)1401/2023 saylı, 14 avqust 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar