Məhkəmə qərarları › İş №2(106)-1878/2023

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-1878/2023

28.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-1878/2023 28.11.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Mayılov Samir İlham oğlu (sədrlik edən, məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, Dəmirova Nəcimə Arif qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” iddiası ilə bağlı mülki iş üzrə Kürdəmir Rayon Məhkəməsinin 2(041)-595/2023 saylı, 14 iyun 2023-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünə baxaraq, MÜƏYYƏN ETDİ: Kürdəmir Rayon Məhkəməsinin 14 iyun 2023-cü il tarixli, 2(041)-595/2023 saylı qətnaməsi ilə (sədrlik edən hakim Müseyib Bayramov) iddia tələbi təmin edilərək, Cavabdeh 7000 manat pulun və ödənilmiş 90 manat dövlət rüsumunun alınıb İddiaçı verilməsi qət edilmişdir. Qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti vermiş, apellyasiya şikayətində Kürdəmir Rayon Məhkəməsinin 14 iyun 2023-cü il tarixli, 2(041)-595/2023 saylı qətnaməsinin ləğv edilməsini və iddianın rədd olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti qeyrimümkün hesab edilməli və onun qəbulundan imtina edilməlidir. Apellyasiya şikayətinin verilməsinə görə qanunla müəyyən edilmiş qaydada dövlət rüsumu ödənilməmişdir. Belə ki, cavabdeh tərəfindən apellyasiya şikayətinə əlavə edilmiş, iş materiallarının 89-cu vərəqində olan ödəniş qəbzinin surətindən görünür ki, xx.xx.2023-cü il tarixində icra edilmiş 45 manat məbləğində dövlət rüsumu Kürdəmir Rayon Məhkəməsinə ödənilmişdir. Odur ki, həmin dövlət rüsumunun hazırkı apellyasiya şikayətinin verilməsi üçün ödənilməsi müəyyən edilmir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM-in) 361.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş formada verilən apellyasiya şikayətində aşağıdakılar göstərilməlidir:

1. şikayətin verildiyi məhkəmənin adı və ünvanı;

2. şikayəti verən şəxsin soyadı, adı, atasının adı, (hüquqi şəxsə münasibətdə adı) şəxsiyyətini eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, işdə prosessual vəziyyəti;

3. barəsində şikayət verilən məhkəmə aktı, onun qəbul edilmə tarixi, nəticə hissəsi, həmin aktı qəbul edən məhkəmənin adı;

4. şikayəti verən şəxsin tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi;

5. şikayət verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar;

6. şikayət verən şəxsin istinad etdiyi konkret fakt və hallar, habelə onları təsdiq edən sübutlar;

7. şikayətə əlavə edilən sənədlərin siyahısı. Lakin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə elektron sənəd şəklində verilmiş apellyasiya şikayətində şikayəti verən şəxs barəsində məlumatlar ümumiyyətlə doldurulmamış, yalnız apellyasiya şikayəti verən şəxsin qanuni nümayəndəsi və ya nümayəndəsi barədə məlumatlar doldurulmuşdur. Lakin MPM-in yuxarıda da qeyd edilən müddəasından göründüyü kimi, apellyasiya şikayətində şikayəti verən şəxs barəsində məlumatlar göstərilməlidir. Həmçinin, apellyasiya şikayətinə əlavə edilmiş AR-İİ 963395 seriya nömrəli, 03 aprel 2023-cü il tarixli etibarnamənin surətindən görünür ki, etibarnamə üzrə Cavabdeh tərəfindən Nümayəndə bir sıra səlahiyyətlər verilsə də, məhkəmə aktından şikayət verilməsi səlahiyyəti etibarnamədə göstərilməmişdir. Halbuki, MPM-in 74.2-ci maddəsinin tələblərinə görə, məhkəmə aktından şikayət verilməsi ilə əlaqədar nümayəndənin səlahiyyətləri təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir. Hazırda “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə verilmiş apellyasiya şikayətini cavabdehin nümayəndəsi kimi Nümayəndə elektron imza vasitəsilə imzalamışdır. Lakin məhkəmə aktlarından şikayət verilməsi səlahiyyəti Cavabdeh tərəfindən Nümayəndə verilmədiyindən, sonuncunun cavabdehin adından apellyasiya şikayəti vermək və onu imzalamaq səlahiyyəti olmamışdır. MPM-in 361.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti, şikayəti vermiş şəxs, onun qanuni nümayəndəsi və ya nümayəndəsi, yaxud vəkili tərəfindən imzalanır. Qanuni nümayəndə və ya nümayəndə, yaxud vəkil tərəfindən verilən apellyasiya şikayətinə, əgər işdə yoxdursa müvafiq olaraq nümayəndənin, yaxud vəkilin səlahiyyətini təsdiq edən etibarnamə, vəkilin orderi və ya digər sənəd əlavə edilməlidir. MPM-in 363.1.1-ci, 363.1.1-1-ci və 363.1.2-ci maddələrinə əsasən, apellyasiya şikayəti imzalanmamışdırsa və ya onu imzalamağa hüququ olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışdırsa, habelə apellyasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə, apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə, eləcə də, apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa, qanunla dövlət rüsumunun ödənilməsinə möhlət verilməsi, hissə-hissə ödənilməsi və ya onun məbləğinin azaldılması imkanı nəzərdə tutulmuşdursa, bu barədə vəsatət olmadıqda və ya vəsatət rədd edilmişdirsə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. MPM-in 364.1-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Lakin hazırkı iş üzrə birinci instansiya məhkəməsi apellyasiya şikayətinin MPM-in tələblərinə uyğunluğunu yoxlamadan apellyasiya şikayətini əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərmiş, bununla da mülkiprosessual qanunvericiliyin tələblərini pozmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli, apellyasiya şikayətinin MPM-in 361-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması məqsədilə mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Mülki Prosessual Məcəllənin 366.3-cü maddəsinə əsasən, apellyasiyanın mümkünlüyü üzrə məhkəmə qərardad çıxarır. Şərh edilənlərə əsasən və MPM-in 263, 264, 361, 363, 364 və 366-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALDİ: Kürdəmir Rayon Məhkəməsinin 2(041)-595/2023 saylı, 14 iyun 2023-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin. Mülki iş apellyasiya şikayətinin mülki prosessual qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması üçün Kürdəmir Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə qanunla müəyyən edilmiş qaydada kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar