Məhkəmə qərarları › İş №2(106)-1878/2024

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1878/2024

09.12.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1878/2024 09.12.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinin Mülki kollegiyası, hakimlər Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Novruzova Aytən Nazim qızından ibarət tərkibdə, Əliyev Orxan İsmayıl oğlunun katibliyi, İddiaçı Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Masallı Rayon Məhkəməsinin 2(050)-1767/2024 saylı, 14 avqust 2024-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 09 dekabr 2024-cü il tarixdə baxaraq aşağıdakı qətnaməni qəbul etdi; İşin halları: İddiaçı məhkəməyə müraciət edərək, İddiaçı İB-nə dəymiş 16182 manat maddi ziyanın, 138.55 manat məbləğində dövlət rüsumunun və 0.40 qəpik xidmət haqqının, ümumilikdə 16320,95 manat məbləğində pulun məcburi qaydada Cavabdeh tutularaq, İddiaçı İB-nin Lənkəran RQİİ-nin Kapital Bank ASC Lənkəran filialı Kod:200383 VÖEN **********, MH AZ37NABZ********************, SWİFT: AİİBAZ2X, Azəriqaz İB, VÖEN **********, İBAN:AZ90AİİB******************** saylı hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi üzrə tələb onunla əsaslandırılmışdır ki, Masallı rayonu, Ərkivan qəsəbəsi sakini Cavabdeh tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaqla ələ keçirmək məqsədi ilə 30 mart 2021-ci il tarixdən 02 aprel 2021-ci il tarixə kimi olan müddət ərzində Masallı rayonu Ərkivan qəsəbəsi ərazisində İddiaçı Lənkəran X4 İdarəsinin balansında olan istismardan çıxarılmış d=273 mm-lik qaz kəmərinin 2000.0 p/m hissəsini oğurlayaraq Lənkəran X4 İdarəsinə ümumilikdə 38.920 manat ziyan vurmuşdur. Masallı rayon X3 bölməsi tərəfindən fakta görə Cavabdeh barəsində Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsi ilə **********3 saylı cinayət işi başlanmışdır. Cinayət işi üzrə Cavabdeh Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsi ilə ittiham elan edilərək təqsirləndirilən şəxs qismində cəlb edilmiş və barəsində polisin nəzarəti aktına vermə növündə qətimkan tədbiri seçilmişdir. Cinayət işinin ibtidai istintaqı tamamlanaraq mahiyyəti üzrə baxılması üçün Masallı Rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarında olan Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli 10/3465-9/3876 saylı rəyindən görünür ki, Masallı rayonu Ərkivan qəsəbəsində yerləşən “ARK OİL” yanacaqdoldurma məntəqəsinin arxa hissəsindən Kosakül kəndi istiqamətində keçmiş SSRİ dövründə (1995-ci ildə) istismara verilmiş, hazırda istismarı dayandırılmış, diametri 273 mm olan qaz kəmərinin "xxxx" ASC-yə qədər olan uzunluğunun 1812 p/metr təşkil etdiyi müəyyən edilir. Tikinti-texniki ekspertizasının tədqiqatına əsasən, uzunluğu 1249 p/metr olan metalın 1985-ci ildə istismarda olmağı nəzərə alınmaqla, hal-hazırkı dövrə 1 p/metrinin orta bazar qiyməti 18 manat, ümumi dəyəri isə təxminən 22482 manat (1249 metr x18 manat) müəyyən edilir. İbtidai istinaq zamanı və məhkəmə iclasında tədqiq olunmuş sübutlar əsasında müəyyən edilmişdir ki, Masallı rayonu, Ərkiban qəsəbəsi ərazisində yerləşən, 1997-ci ildə özəlləşdirilmiş "xxxx" ASC-nin icraçı direktoru Cavabdeh, Masallı rayonu, Ərkivan qəsəbəsində yerləşən “ARK OİL” yanacaqdoldurma məntəqəsinin arxa hissəsindən Kosakül kəndi istiqamətində keçmiş SSRİ dövründə (1985-ci ildə) istismara verilmiş, diametri 273 mm olan, "xxxx" ASC-yə qədər uzunluğu 1812 p/metr təşkil edən və təqribən 1997-ci ildən istismarı dayandırılmış, İddiaçı Lənkəran X4 İdarəsinin balansında olan qaz kəmərini götürməzdən əvvəl Lənkəran RQİİ-yə müraciət etmiş, Lənkəran RQİİ Cavabdeh müraciətinə baxaraq ona "xxxx" ASC-yə məxsus 5 qovluq lahiyə-smeta sənədləri (köhnə) 1985-ci ilə aid olduğu üçün Lənkəran RQİİ-də bununla bağlı heç bir rəsmi məlumatın olmadığı, eyni zamanda qaz xətti ilə bağlı rəsmi məlumat alınmasından ötrü İddiaçı İB-yə müraciət edilməsinin məqsədəuyğun olması barədə rəsmi cavab vermişdir. Lakin, Cavabdeh keçmiş SSRİ dövründə (1985-ci ildə) istismara verilmiş diametri 273 mm olan qaz xəttinin istismardan çıxarıldığını və qeyd olunan obyekti 1997-ci ildə özəlləşdirilən zaman "xxxx" ASC-yə qədər uzunluğu 1812 p/metr təşkil edən qaz xəttinin də özəlləşdirmə nəticəsində "xxxx" ASC-nin balansına keçirildiyini güman edərək, rəhbəri olduğu "xxxx" ASC-yə plastik boru vasitəsilə yeni qaz xətti çəkdirmək qərarına gəldiyi üçün köhnə, istismardan çıxarılmış qaz kəmərinin 1249 p/metr hissəsini kəsdirib götürməsinə görə onun əməlində özgənin əmlakını gizli olaraq talama cinayətinin tərkib əlamətləri mövcud deyildir. Belə ki, məhkəmə hesab etmişdir ki, yuxarıda sadalanan xüsusatlarla bərabər, Cavabdeh "xxxx" ASC-nin mülkiyyətçisi olmaqla yanaşı, həmçinin ASC-yə qədər uzunluğu 1812 p/metr təşkil edən qaz xəttinin də ASC-yə məxsus əmlak olduğunu, qeyd olunan qaz xəttinin həqiqi və ya güman edilən mülkiyyət hüququnun ASC-nin icraçı direktoru kimi şəxsən özü malik olmaqla həmin qaz xəttinin dövlət və ya ictimai əhəmiyyətli sayılmadığını güman etmişdir. Ona görə də məhkəmə hesab etmişdir ki, Cavabdeh əməlində özgənin əmlakını gizli olaraq talama cinayətinin tərkib əlamətləri mövcud deyildir. Lakin məhkəmə qeyd etmişdir ki, Lənkəran RQİİ tərəfindən Cavabdeh qaz kəmərini götürərkən həmin qaz kəmərinin Lənkəran RQİİ-yə məxsus olması və qaz kəmərini götürməməsi, eyni zamanda qaz xətti ilə bağlı rəsmi məlumat alınmasından ötrü ona İddiaçı İB-yə müraciət edilməsinin məqsədəuyğun olması bildirilməsinə baxmayaraq o, yuxarıda qeyd olunan qaz kəmərinin 1249 p/metr hissəsini kəsib götürməklə özbaşınalıq cinayət əməlini törətmişdir. Bununla da məhkəmə hesab etmişdir ki, Cavabdeh əməli Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsindən həmin Məcəllənin 322.1-ci maddəsinə tövsif edilməlidir. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, iş üzrə toplanmış sübutların məcmusuna obyektiv, hüquqi qiymət verərək hesab etmişdir ki, təqsirləndirilən şəxs Cavabdeh əməli Azərbaycan Respublikası CMnin 322.1-ci maddəsi ilə tövsif edilməli və o həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Masallı rayon Məhkəməsinin 18 oktyabr 2022-ci il tarixli, 1(050)-3/2022 saylı hökmü ilə Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 322.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, aylıq qazancından 20 (iyirmi) faiz məbləğində pul dövlət nəfinə tutulmaqla 01 (bir) il müddətinə islah işləri cəzasına məhkum edilmişdir. Masallı rayon Məhkəməsinin 18 oktyabr 2022-ci il tarixli, 1(050)-3/2022 saylı hökmü ilə cinayət işi üzrə maddi sübut olan Lənkəran X4 İdarəsinin balansında olan, iş üçün əhəmiyyəti olduğundan maddi sübut kimi tanınmış və saxlanılmasından ötrü "xxxx" ASC-də saxlanılan d=273 mm-lik qaz kəmərinin 350.0 p/m hissəsinin Lənkəran X4 İdarəsinə qaytarılması hökm edilmişdir. Cinayət işi üzrə təqsirləndirilən şəxs Cavabdeh tərəfindən İddiaçı İB-yə dəymiş maddi ziyan 22482,00 manat olmaqla dəyəri 6300,00 manat olan d=273 mm-lik qaz kəmərinin 350.0 p/metr hissəsinin Lənkəran X4 İdarəsinə qaytarılması hökm edilmiş, dəyəri 16182 manat olan d=273 mm-lik qaz kəmərinin 899.0 p/metr hissəsi isə qaytarılmamış və dəyəri ödənilməmişdir. Bu səbəbdən də İddiaçı İB-yə dəymiş 16182 manat maddi ziyanın ödənilməsi üçün iddia ərizəsi ilə müraciət etmişdir. İddiaçı nümayəndəsi Nümayəndə məhkəmə baxışı iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq məlum olmayan səbəbdən məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Odur ki, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını haqlı hesab etmişdir. Həmin maddəyə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazimi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. İş üzrə qəbul edilmiş məhkəmə aktı: a) Birinci instansiya məhkəməsində icraat. Masallı Rayon Məhkəməsinin 2(050)-1767/2024 saylı, 14 avqust 2024-cü il tarixli qətnaməsi (Hakim: Ellara Abbasova) ilə, iddianın təmin edilməsi, Cavabdeh 16182 manat maddi ziyan, 138.55 manat dövlət rüsumu və 0.40 manat xidmət haqqı, cəmi 16320,95 manat məbləğində pulun tutularaq, İddiaçı İB-nin Lənkəran RQİİ-nin ("xxxx" ASC Lənkəran filialı Kod:200383 VÖEN **********, MH AZ37NABZ********************, SWİFT: AİİBAZ2X, Azəriqaz İB, VÖEN **********, İBAN:AZ90AİİB******************** saylı) hesabına ödənilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün hallar araşdırılmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut olunmamışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan Cavabdeh Masallı Rayon Məhkəməsinin 2(050)-1767/2024 saylı, 14 avqust 2024-cü il tarixli qətnaməsini ləğv edərək iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasınl xahiş etmişdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətininin dəlillərinə qarşı etiraz daxil olmamışdır. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Qanunvericiliklə nəzərdə tutulmuş qaydada tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbləri barədə hər hansı məlumat verilməmişdir. Odur ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən iş üzrə tərəflərin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” İddiaçı M.Quliyev qəbul edilmiş qətnamədən iddianın təmin olunmayan hissəsini mübahisələndirməmiş, cavabdeh A.İsmayılov isə iddianın təmin olunan hissəsində apellyasiya qaydasında mübahisə açmışdır. Odur ki, məhkəmə kollegiyası Cavabdeh apellyasiya şikayətinin dəlilləri həddində Masallı Rayon Məhkəməsinin 2(050)-1767/2024 saylı, 14 avqust 2024-cü il tarixli qətnaməsinin qanuniliyinin yoxlanılmasını zəruri hesab edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 14.2.6-cı maddəsinə əsasən başqa şəxsə zərər vurulması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1. mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin; 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə fiziki və ya hüquqi şəxsə maddi ziyan vurulduqda o, itirilmiş və ya zədələnmiş əmlakın dəyərinin, mümkün olan hallarda isə əmlakın natura şəklində ödənilməsini, itirilmiş əmlakın satın alınmasına, habelə zədələnmiş əmlakın keyfiyyətinin, əmtəə görünüşünün bərpa və təmir edilməsinə sərf olunmuş xərclərin ödənilməsini; itirilmiş gəlirin ödənilməsini və mənəvi ziyanın ödənilməsini, cinayət mühakimə icraatı zamanı verilmədikdə isə mülki iddia icraatı qaydasında mülki iddia verməklə tələb edə bilər. (CPM-nin 180,180.3,181.1,181.1.2,182.1,182.2,182.3,182.4-cü madələri). Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Azərbaycan Respublikasının MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən isə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikasının MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Birinci instansiya məhkəməsinin qətnaməsindən müəyyən edilir ki, məhkəmə iddia tələbinin təmin edilməsini, tələbin əsaslı olması və sübut olunması ilə əlaqələndirmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar birinci instansiya məhkəməsinin gəldiyi nəticə üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Odur ki, Masallı Rayon Məhkəməsinin 2(050)- 1767/2024 saylı, 14 avqust 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.” Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə bağlı iş materiallarında aşağıdakı sübutları müəyyən etmişdir. İş materiallarında olan Masallı Rayon Məhkəməsinin 18 oktyabr 2022-ci il tarixli, 1(050)- 3/2022 saylı hökmündən görünür ki, Cavabdeh Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 322.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini torətməkdə təqsirli bilinib aylıq qazancından 20 faiz məbləğində pul dovlət nəfinə tutulmaqla 01 (bir) il muddətə islah işləri cəzasına məhkum edilməsi, cəzasını əsas iş yeri üzrə çəkməsi və cəzaçəkmənin başlanğıcı Cavabdeh işlədiyi və onun qazancından tutulmalanın aparıldığı vaxtdan hesablanması, Cavabdeh barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi, iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 290 (iki yüz doxsan) manat məbləğində Cavabdeh tutularaq 40 (qırx) manat Cənub Qiymətləndirici MMC-nin hesabına, 250 (iki yuz əlli) manat Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsi və iş üzrə maddi sübut olan "xxxx" ASC-də saxlanılan d=273 mm-lik qaz kəmərinin 350,0 p/m qaz borusu X6 istisman İdarəsinə qaytarılması hökm edilmişdir. İşdə olan ödəniş qəbzindən görünür ki, İddiaçı İB məhkəmədə iddia qaldırmaq üçün 138,55 manat dövlət rüsumu, 0.40 manat xidmət haqqı ödəmişdir. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir, ikinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırkı işdə İddiaçı Cavabdeh törətdiyi özbaşınalıq cinayəti nəticəsində vurulmuş 16182 manat maddi ziyanın ödənilməsini xahiş edir. Tələbinin hüquqi əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1,21.2, 21.3, 1096.1,1096.2,1097.1,1097.3-cü maddələri təşkil edir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq müəyyən etdi ki, Cavabdeh qanuna zidd əməlinin olması, tələb olunan maddi ziyanla onun qanunazidd əməli arasında səbəbli əlaqənin olması iş materiallarında olan mötəbər və təkzibolunmaz sübutlarla təsdiq olunur. Belə ki bu hal Masallı Rayon Məhkəməsinin 18 oktyabr 2022-ci il tarixli, 1(050)-3/2021 saylı hökmü ilə öz təsdiqini tapmışdır. Cinayət işi üzrə təqsirləndirilən şəxs Cavabdeh tərəfindən İddiaçı İB-nə dəymiş maddi ziyan 22482,00 manat olmaqla dəyəri 6300,00 manat olan d=273 mm-lik qaz kəmərinin 350.0 p/metr hissəsinin Lənkəran X4 İdarəsinə qaytarılması hökm edilmiş, dəyəri 16182 manat olan d=273 mm-lik qaz kəmərinin 899.0 p/metr hissəsi isə qaytarılmamış və dəyəri ödənilməmişdir. Bu səbəbdən də İddiaçı İB-nə dəymiş 16182 manat maddi ziyanın ödənilməsi üçün iddia ərizəsi ilə müraciət etmişdir. Cavabdehin apellyasiya şikayətində cinayət işi üzrə təqsirinin olmadığını və tərəfindən İddiaçı İB-nə heç bir ziyan vurulmadığını bildirmişdir. Kollegiya cavabdehin apelyasiya şikayətinin dəlili ilə bağlı qeyd edir ki, CPM-nin 65.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə, kommersiya və ya inzibati mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. İddianın təmin edilməsi hüququnu təsdiq edən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü mülki işə baxılarkən məhkəmə üçün bu hissədə məcburidir. Azərbaycan Respublikası MPM-in 82.4.-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Göründüyü kimi hökmlə şəxsin əməli və iddiaçıya ziyan vurulması müəyyən edildiyindən və hökm məhkəmə üçün həmin hissədə məcburi olduğundan kollegiya cavabdehin həmin dəlili ilə razılaşmır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 14.2.6-cı maddəsinə əsasən başqa şəxsə zərər vurulması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1. mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Məhkəmə kollegiyası yekun olaraq hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi mövqeyi əsaslı olmuşdur. Kollegiya həmçinin hesab edir ki, məhkəmə maddi ziyanın ödənilməsi ilə bağlı iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmış, gəldiyi nəticə isə işin faktiki hallarına uyğun olmaqla qanuni və əsaslı olmuşdur. Bunu əsas götürən kollegiya işdə olan sübutların məzmununu hazırkı qətnamədə təkrarlamağa zərurət görmür. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri isə heç bir sübutla təsdiqini tapmayan formal mülahizədən ibarət olmuşdur. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarı). Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış sübutları tədqiq edərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır. Apellyasiya şikayətinin təmin edilməsi və Masallı Rayon Məhkəməsinin 2(050)-1767/2024 saylı, 14 avqust 2024-cü il tarixli qətnaməsinin ləğv edilməsi üçün Azərbaycan Respublikası MPM-nin 385-ci maddəsində nəzərdə tutulan əsaslar yoxdur. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir (Mülki Prosessual Məcəllənin 107 və 119.1-ci maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 372, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrinin rəhbər tutaraq məhkəmə kollegiyası, Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Masallı Rayon Məhkəməsinin 2(050)-1767/2024 saylı, 14 avqust 2024-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar