Məhkəmə qərarları › İş №2(106)-1879/2023

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1879/2023

18.12.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1879/2023 18.12.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinin Mülki kollegiyası, hakimlər Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən və məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Mayılov Samir İlham oğlundan ibarət tərkibdə; Babayev Eltac Fərman oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh və onun nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Masallı Rayon Məhkəməsinin 2(050)1809/2023 saylı, 10 avqust 2023-cü il tarixli İddiaçı nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 18 dekabr 2023-cü il tarixdə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ona vurulmuş 10000 manat məbləğində ziyanın və ödənilmiş 120 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Masallı Rayon Ərkivan Bələdiyyəsinin 05 aprel 2000-ci il tarixli, 04 nömrəli qərarı ilə mərhum əri şəhid X4 balıqçılıq və kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə şəxsi həyətyanı torpaq sahələrinin yaxınlığında yerləşən ümumi sahəsi 2400 kv.metr olan göl və onun ətrafı 25 illik müddətə icarəyə verilmişdir. Həmin tarixdə X9 arasında icarə müqaviləsi bağlanmışdır. Cavabdeh sözügedən gölün ətrafında icarədə olan torpaq sahəsində özbaşına tikililər inşa etmişdir. Bu hərəkətlərin dayandırılması barədə cavabdehə müraciət etmişdir. Lakin etdiyi müraciətlər nəticəsiz qaldığından, hüquqlarının müdafiəsi üçün qanunsuz tikilinin sökülərək torpağın əvvəlki vəziyyətə gətirilməsi, zəbt olunmuş torpaq sahəsindən çıxarılma tələbi ilə məhkəməyə müraciət etmişdir. Masallı Rayon Məhkəməsinin 29 oktyabr 2021-ci il tarixli, 2(050)-222/2021 saylı qətnaməsi ilə mərhum X4 icarəyə verilmiş və Masallı rayonu, Ərkivan qəsəbəsində yerləşən 0,25 ha torpaq sahəsinin şərq hissəsindən özbaşına tutulmuş 0,16 ha torpaq sahəsindən Cavabdeh çıxarılması və həmin ərazidə inşa edilmiş tikilinin onun hesabına sökülməklə torpaq sahəsinin əvvəlki vəziyyətə gətirilməsi qət edilmişdir. Cavabdeh həmin qətnamədən apellyasiya və kassasiya şikayətləri vermiş, lakin onun verdiyi apellyasiya və kassasiya şikayətləri təmin edilməyərək, Masallı Rayon Məhkəməsinin 29 oktyabr 2021-ci il tarixli, 2(050)-222/2021 saylı qətnaməsi qanuni qüvvəyə minmişdir. Cavabdeh uzun illərdir ki, icarəyə verilmiş torpaq sahəsinin 0,16 ha hissəsini istifadə edir. Belə ki, həmin torpaq sahəsi ərinə verildiyi vaxtdan cavabdeh həmin torpaq sahəsini istifadə edir, bir neçə ildir ki, orada tikili inşa etmişdir. Dəfələrlə cavabdehə həmin torpaq sahəsini zəbt edərək oradan istifadə etməklə və tikili inşa etməklə ailəsinə maddi ziyan vurduğunu bildirmişdir. Lakin cavabdeh onun sözlərinə məhəl qoymayaraq, torpaq sahəsinin ona məxsus olduğunu bildirir. Hansı ki, məhkəmələr tərəfindən cavabdehin həmin torpaq sahəsini zəbt etdiyi açı-aşkar sübut olunmuşdur. Bu halı məhkəmə zamanı keçirilmiş ekspertizalarda sübut etmişdir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən icra vərəqəsi verilmişdir. Lakin cavabdeh məhkəmə qətnaməsinin icrasına da mane olur və icra sənədini könüllü olaraq icra etmir və icra məmurlarına da qətnaməninin icra olunmasına imkan vermir, minbir yola əl atır ki, torpaq sahəsini geri qaytarmasın. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində onlara maddi ziyan dəymişdir. Dəymiş maddi ziyanın məbləğini hesablamaq iqtidarında deyildir, lakin ötən müddəti nəzərə alaraq hesab edir ki, cavabdehin qanunsuz hərəkətləri nəticəsində onlara təxminən 10000 manata yaxın maddi ziyan dəymişdir. İddiaçı tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 21.1, 21.2, 21.3 və 1096.1-ci maddələrinə istinad etmişdir. Cavabdeh tərəfindən imzalanmış iddiaya dair etiraz xx.xx.2023- cü il tarixdə məhkəməyə daxil olmuşdur. Etirazda göstərilmişdir ki, Masallı rayonu, Ərkivan qəsəbəsi Abaslı məhəlləsi ərazisində yerləşən ümumi sahəsi 0,25 ha olan göl və göl ətrafı sahə 25 il müddətinə iddiaçının mərhum əri Anar Novruzova icarəyə verilmişdir. Həmin torpaq sahəsinin Anar Novruzova icarəyə verilməsi haqqında Masallı Rayon Ərkivan Bələdiyyəsinin 05 aprel 2000-ci il tarixli qərarında 1993-cü ildə ləğv edilmiş (adı dəyişdirilmiş) “Karl Marks” adına sovxozun 1995-ci ilə təsadüf edən əmrlərinə istinad olunmuşdur. Bu saxtakarlıq faktı ilə bağlı Masallı Rayon Prokurorluğuna müraciət edərək, cinayət işinin başlanmasını, təqsirkar şəxslərin müəyyən olunaraq cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmiş və ərizəsi icraatdadır. İstifadə etdiyi torpaq sahəsi 0,16 ha deyil, 0,6 ha olmaqla iddiaçının icarəsində olan torpaq sahəsinin cənubunda yerləşir. Həmin torpaq sahəsini 2005-ci ildə qanuni əsaslarla, dəyərini ödəməklə Masallı Rayon Ərkivan Bələdiyyəsindən satın almışdır. Ona məxsus 0,6 ha topraq sahəsinin iddiaçının icarəsində olan torpaq sahəsinin şərqində yerləşməsi haqqında məhkəmə qətnaməsində göstərilənlər və iddiaçının dedikləri əsassızdır və torpaq sahələrinin faktiki sərhədləri (koordinatları) ilə təkzib olunur. Heç vaxt məhkəmə qətnaməsinin (icra sənədinin) icrasına mane olmamış, sadəcə "İcra haqqında" Azərbaycan Respublikası Qanununun 10.2-ci maddəsinə istinad etməklə borclu kimi müəyyən hərəkətləri etmək vəzifəsinə dair tələblərin icra sənədində göstərilən qaydada və yerdə, yəni icra sənədində göstərildiyi kimi iddiaçının icarəsində olan torpaq sahəsinin şərqində icra olunmasını tələb etmişdir. Torpaq sahələrinin koordinatlarının müəyyən olunması üçün “X10” MMC-yə ekspertiza keçirilməsini sifariş etmiş, ekspertiza keçirilmiş, torpaq sahələrinin sərhədləri (koordinatları), ona məxsus olan 0,6 ha torpaq sahəsinin iddiaçının icarəsindəki torpaq sahəsinin cənubunda yerləşməsi, torpaq sahələrinin kəsişməməsi, üst-üstə düşməməsi müəyyən olunmuşdur. xx.xx.2023-cü il tarixdə Masallı Rayon İcra və Probasiya şöbəsinin çağırışı ilə “X10” MMC-nin eksperti və DƏDRX 8 saylı Ərazi idarəsinin Seyfulla adlı mütəxəssisi icra prosesində iştirak etmək üçün mübahisəli əraziyə gəlmişlər. DƏDRX 8 saylı Ərazi İdarəsinin əməkdaşı 0,6 ha torpaq sahəsinin sərhədlərini yerində müəyyən etməkdən, bu barədə hər hansı sənəd təqdim etməkdən imtina etmiş, “X10” MMC-nin eksperti bir daha araşdırma apararaq 0,6 torpaq sahəsinin iddiaçının icarəsindəki torpaq sahəsinin məhkəmə qətnaməsində göstərildiyindən fərqli olaraq həmin torpaq sahəsinin şərqində deyil, məhz cənubunda yerləşməsini müəyyən etmişdir. Yaranmış ziddiyyətlə əlaqədar icra məmuru Habil İsmayılov icra sənədinin icrasını mümkünsüz hesab etdiyindən icra sənədinin icrası mümkün olmamışdır və icra məmuru ərizə ilə Masallı Rayon Məhkəməsinə mürəciət edərək, 29 oktyabr 2021-ci il tarixli, 2(050)- 222/2021 saylı qətnaməsinə izah verilməsini xahiş etmişdir. İcra sənədinin icra olunmaması bütün hallarda icra məmurunun icra sənədinin icrasının mümkünsüz hesab etməsi ilə əlaqədar olmuşdur. İşdə iddiaçıya onun təqsirindən 10000 manat məbləğində maddi ziyan dəyməsi haqqında hər hansı sübut yoxdur. İddiaçının vəkili və nümayəndəsi məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək, əlavə olaraq bildirdi ki, torpaq sahəsinə görə qismən icarə haqqı ödənilmişdir. Masallı Rayon Statistika İdarəsinin 14 iyul 2023-cü il tarixli, 3-34-68/2-132/2023 saylı məktubuna əsasən Masallı rayonu, Ərkivan qəsəbəsi üzrə 2022-ci ildə 1 hektardan orta hesabla mərcinin məhsuldarlığı 24.0 sentener, paxlanın orta məhsuldarlığı 23.0 sentener, noxudun orta məhsuldarlığı 24.0 sentener, soğanın orta məhsuldarlığı 150.0 sentener, sarımsağın orta məhsuldarlığı 152.0 sentener və limonun orta məhsuldarlığı 60.1 sentener olmuşdur. Vəkil sorğusuna əsasən verilmiş "xxxx" ASC-nin 14 iyul 2023-cü il tarixli, 61 nömrəli mətubuna əsasən orta bazar qiymətinə uyğun olaraq 1 kq mərci 3 manat, 1 kq paxla 2 manat, 1 kq noxud 3 manat, 1 kq soğan 1.4 manat, 1 kq sarımsaq 2 manat, 1 kq limon 6 manat təşkil edir. Sonda Vəkil iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh iddianı qəbul etməyərək, iddiaya dair etirazda göstərilənlərə uyğun izahat verərək, iddianın rədd edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi iddiaya dair etirazda göstərilənlərə uyğun izahat verərək, əlavə olaraq bildirdi ki, iddiaçı torpaq sahəsindən 30 ilə yaxın müddətdə təyinatı üzrə istifadə etməmiş, onu əkib-becərməmiş, ona qulluq etməmişdir. İcarəyə götürdüyü ərazinin icarə müqaviləsində nəzərdə tutulmuş təyinatına zidd olaraq orada istirahət təyinatlı bina inşa etmişdir. Digər tərəfdən icarə müqaviləsində iddiaçıya icarə verilmiş torpaq sahəsinin 2400 kv.m, o cümlədən 1000 kv.m su örtüklü və 1400 kv.m quru sahə olması qeyd olunur. Bununla belə iş üzrə qəbul edilmiş qətnamədə cavabdehin icarəyə verilmiş quru torpaq sahəsinin 0,16 ha hissəsini zəbt etməyi göstərilmişdir. 0,14 ha torpaq sahəsinin 0,16 hanın zəbt olunması mümkünsüzdür. Cavabdehin sahibliyində və istifadəsində olan 0,06 ha torpaq sahəsidir ki, buda iddiaçıya icarəyə verilmiş torpaq sahəsinin şərqində deyil, cənubunda yerləşir. Həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun tanınması haqqında mübahisə hazırda Şirvan İnzibati Məhkəməsinin icraatındadır. İddiaçının cavabdeh tərəfindən zəbt olunmasını iddia etydiyi 0,16 ha torpaq sahəsinin 0,04 ha hissəsi 25 ildir ki, X1, 0,06 ha hissəsi isə 20 ildir ki, X2 istifadəsində və sahibliyindədir. Sonda Nümayəndə iddianın rədd edilməsini xahiş etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Masallı Rayon Məhkəməsinin 2(050)1809/2023 saylı, 10 avqust 2023-cü il tarixli qətnaməsi ilə (Hakim: C.Quliyev), İddiaçı Cavabdeh qarşı “vurulmuş ziyana görə 10000 manat və dövlət rüsumu qismində ödənilmiş 120 manat pulun cavabdehdən alınıb ona verilməsi” tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən İddiaçı nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayəti verərək, şikayətini onunla əsaslandırmışdır ki, Masallı Rayon Ərkivan Bələdiyyəsinin xx.xx.2000-ci il tarixli, 04 nömrəli qərarı ilə iddiaçının mərhum əri şəhid X4 balıqçılıq və kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə şəxsi həyətyanı torpaq sahələrinin yaxınlığında yerləşən ümumi sahəsi 2400 kv.metr olan göl və onun ətrafı 25 illik icarəyə verilmişdir. Lakin cavabdeh uzun illərdir ki, həmin torpaq sahəsini zəbt edərək istifadə edir, bununla bağlı məhkəməyə müraciət olunmuş və Masallı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə cavabdehin həmin torpaqdan çıxarılması və tikililərin sökülməsi qət olunmuşdur. Cavabdeh iddiaçının mərhum ərinə məxsus torpaq sahəsini zəbt etdiyi üçün onlar həmin torpaqdan uzun illər istifadə edə bilməmiş, əkin əkilməmiş və nəticədə 10.000 manat məbləğində maddi ziyan dəymişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan İddiaçı nümayəndəsi və vəkili Vəkil Masallı Rayon Məhkəməsinin 2(050)1809/2023 saylı, 10 avqust 2023-cü il tarixli qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Cavabdeh tərəfindən iddiaçının apellyasiya şikayətinə etiraz daxil olmamışdır. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: İddiaçı nümayəndəsi və vəkili Vəkil apellyasiya icraatı zamanı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsi, Masallı Rayon Məhkəməsinin 2(050)1809/2023 saylı, 10 avqust 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətinin dəlillərinə etiraz edərək Masallı Rayon Məhkəməsinin 2(050)1809/2023 saylı, 10 avqust 2023-cü il tarixli qətnaməsinin dəyişdirilməməsini xahiş etdi. Cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin dəlillərinə etiraz edərək Masallı Rayon Məhkəməsinin 2(050)1809/2023 saylı, 10 avqust 2023-cü il tarixli qətnaməsinin dəyişdirilməməsini xahiş etdi. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında qeyd edilir ki, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Odur ki, məhkəmə kollegiyası iddiaçı İddiaçı nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin dəlilləri həddində Masallı Rayon Məhkəməsinin 2(050)1809/2023 saylı, 10 avqust 2023-cü il tarixli qətnaməsinin qanuniliyinin yoxlanılmasını zəruri hesab edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Odur ki, Masallı Rayon Məhkəməsinin 2(050)1809/2023 saylı, 10 avqust 2023cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar iş materiallarını araşdıraraq aşağıdakı sübutları müəyyən etmişdir. İş materiallarında olan 05 aprel 2000-ci il tarixli “Torpaq icarəsi müqaviləsi” ndən görünür ki, Masallı Rayon Ərkivan Bələdiyyəsinin sədri X8 ilə X7 arasında müqavilə bağlanmışdır. Müqaviləyə əsasən “İcarəyəverən” icarə əsasında sahəsi 2400 kv.m olan torpaq sahəsini, o cümlədən su ilə örtülmüş sahəsi 1000 kv.m olan sahəni “İcarəçiyə” 25 il müddətinə istifadəyə verir, “İcarəçi” isə onu qəbul edir (bənd 1.1). Torpaq sahəsi balıqçılıq və kənd təsərrüfatı məhsullarının istehsalı üçün verilir (bənd 1.3). İcarə haqqı 05 aprel 2000-ci il tarixdən hesablanır. “İcarəçi” hər il torpaq vergisi nəzərə alınmaqla 100.000 manat icarə haqqı ödəməyi öhdəsinə götürür (bənd 3.2,3.3). İcarəyə götürülmüş torpaqlardan təyinatı üzrə istifadə etmək; icarə müqaviləsinin şərtlərinə və torpaq qanunvericiliyinin tələblərinə riayət etmək “İcarəçi” nin vəzifələridir (bənd 5.2). İş materiallarında olan Masallı Rayon Məhkəməsinin 29 oktyabr 2021-ci il tarixli, 2(050)- 222/2021 saylı qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh və X5 qarşı qanunsuz tikilinin sökülərək torpağın əvvəlki vəziyyətə gətirilməsi, zəbt olunmuş torpaq sahəsindən çıxarılma tələbinə dair mülki iş üzrə iddianın qismən təmin edilməsi, mərhum X4 icarəyə verilmiş və Masallı rayonu, Ərkivan qəsəbəsində yerləşən 0,25 ha torpaq sahəsinin şərq hissəsindən özbaşına tutulmuş 0,16 ha torpaq sahəsindən Cavabdeh Ələkbər oğlunun çıxarılması və həmin ərazidə inşa edilmiş tikilinin Cavabdeh Ələkbər oğlunun hesabına sökülməklə torpaq sahəsinin əvvəlki vəziyyətə gətirilməsi qət edilmişdir. İş materiallarında olan Masallı Rayon Məhkəməsinin 29 oktyabr 2021-ci il tarixli, 2(050)- 222/2021 saylı qətnaməsi Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10 may 2022-ci il tarixli, 2(106)-1053/2022 saylı qətnaməsi ilə dəyişdirlmədən saxlanılmış, Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10 may 2022-ci il tarixli, 2(106)-1053/2022 saylı qətnaməsi isə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(102)- 477/2022 saylı qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Həmin qərarda göstərilmişdir ki, “…İddiaçı 06 fevral 2008-ci ildə X7 nikahlarını rəsmiləşdirmişdir. X7 14 iyul 2020-ci ildə vəfat etmişdir. X3 vəfatından sonra onun təsərrüfatını faktiki olaraq İddiaçı idarə etmişdir. ” İş materiallarında olan 006278 saylı şəhid ailəsi üzvünün vəsiqəsindən görünür ki, İddiaçı şəhid ailəsinin üzvüdür İş materiallarında olan Qəbzlərdən görünür ki, xx.xx.2006-cl il tarixdə 30 manat, 15 aprel 2010-cu il tarixdə 30 manat, xx.xx.2018-ci ildə 20 manat xx.xx.2019-cu ildə 20 manat və xx.xx.2020-ci ildə 20 manat icarə haqqı ödənilmişdir . Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.6-cı maddəsinə əsasən başqa şəxsə zərər vurulması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Beləliklə, mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün üç şərt irəli sürülür. Yalnız aşağıdakı üç şərti məcmu halında özündə ehtiva edən, mülki qanunvericiliyin normalarını pozan əməl mülki hüquq məsuliyyətinin yaranmasına səbəb ola bilən mülki hüquq pozuntusu sayıla bilər: törədilmiş əməlin (hərəkət və ya hərəkətsizliyin) hüquqazidd olması; törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə ziyan və ya zərər vurulması; ziyan və ya zərər ilə hüquqazidd əməl arasında səbəbli əlaqənin mövcudluğu. Göründüyü kimi, digər məsuliyyət növlərində olduğu kimi, mülki məsuliyyətin yaranması üçün qanuna zidd hərəkətlə (hərəkətsizliklə) zərər arasında səbəbli əlaqə olmalıdır. Əgər şəxs öz davranışı ilə zərər vurmamışdırsa və ya vurulmuş zərər bu davranışın nəticəsi deyildirsə, şəxsin məsuliyyəti istisna edilir. Səbəbli əlaqə hadisələr arasında elə əlaqədir ki, konkret şəraitdə onlardan biri (səbəb) digərindən (nəticədən) əvvəl gəlir və onun yaranmasına səbəb olur. Səbəbli əlaqənin müəyyən edilməsi bəzən yanlış olaraq hüquq pozuntusu törədən şəxsin hərəkətində təqsirin olubolmamasından asılı edilir. Lakin səbəbli əlaqə hüquq pozuntusu iştirakçılarının şüurundan asılı olmayaraq obyektiv, təqsir isə konkret şəxsin öz davranışına və onun nəticələrinə münasibətində ifadə olunan subyektiv cəhətlərdir. Mülki Məcəllənin 1096.1 və 1097.1-ci maddələri zərərçəkənin üzərində zərərin vurulmasını, onun həcmini, həmçinin zərərin məhz cavabdeh tərəfindən vurulduğunu (onun hərəkətləri ilə vurulmuş zərər arasındakı səbəbli əlaqəni) sübut etmək öhdəliyinin olduğunu ehtiva edir.Bu zaman yuxarıda qeyd edilən maddələrdə nəzərdə tutulmuş məsuliyyət zərərin mövcudluğunu, zərərvuranın hərəkətlərinin hüquqazidd olmasını və onun təqsirini, vurulan zərərin həcminin təsdiqini, həmçinin hüquqazidd davranışla arzuolunmaz nəticə arasında səbəbli əlaqəni ehtiva edən şərtlərin məcmusu zamanı yaranır. Beləliklə, məhkəmələr mülki qanunvericiliyin normalarını pozan əməl (delikt) nəticəsində zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbi, yalnız işin hallarına uyğun olaraq müvafiq məhkəmə qiymətləndirilməsi nəticəsində bu şərtlərin mövcud olduğu qənaətinə gəldiyi təqdirdə təmin edə bilərlər. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, torpaq sahəsi icarə müqaviləsi əsasında iddiaçının əri X4 icarəyə verilmiş, onun əri 14 iyul 2020-ci ildə öldükdən sonra onun təsərrüfatını faktiki olaraq iddiaçı idarə etmiş, iddiaçı şəhid ailəsinin üzvüdür. İddiaçı icarəyə verilmiş torpaq sahəsi ilə bağlı vaxtı ilə Masallı Rayon Məhkəməsində iddia qaldırarkən də 05 aprel 2000-ci il tarixli “Torpaq icarəsi müqaviləsi” nə əsaslanmış və həmin işə baxılan zaman da iddiaçının subyektiv hüququnun olması tanınmış və işə mahiyyət üzrə baxılaraq qiymət verilmişdir. Qeyd edilən səbəblərdən məhkəmə hesab edir ki, iddiaçı hazırki iddianı qaldırmaq üçün subkeytiv hüquqa malikdir. İşin mahiyyət ilə bağlı kollegiya bildirir ki, işin mübahisə edilməyən tərəfi ondan ibarətdir ki, 05 aprel 2000-ci il tarixli “Torpaq icarəsi müqaviləsi” əsasında icarəyə verilmiş torpaq sahəsi balıqçılıq və kənd təsərrüfatı məhsullarının istehsalı üçün verilmişdir. “İcarəçi” icarəyə götürülmüş torpaqlardan təyinatı üzrə istifadə etmək; icarə müqaviləsinin şərtlərinə və torpaq qanunvericiliyinin tələblərinə riayət etmək “İcarəçi” nin vəzifələridir (bənd 5.2). Torpaq Məcəlləsinin 82-ci maddəsinə əsasən torpaqdan təyinatı üzrə, səmərəli və müəyyən edilmiş istifadə rejiminə uyğun istifadə etmək; qanunvericiliklə müəyyən edilmiş digər vəzifələri yerinə yetirmək torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin borcudur. “Balıqçılıq haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən balıqçılıq subyektlərinin uçotu müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. Balıqçılıq subyektlərinin uçotunun forması və aparılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Kollegiya işin araşdırılması zamanı müəyyən etmişdir ki, 05 aprel 2000-ci il tarixli “Torpaq icarəsi müqaviləsi” ilə 2400 kv.m olan torpaq sahəsi, o cümlədən su ilə örtülmüş sahəsi 1000 kv.m olan sahəsi X4 icarəyə verilmiş, onun ölümünəkimi onunla cavabdeh arasında torpaq sahəsindən istifadə edilməsi bağlı hər hansı bir mübahisə baş verməmişdir. Bundan başqa, işin araşdırılması ilə nə torpaq sahəsi icarəsinə verilmiş şəxsin, nədə ki, İddiaçı keçən bu illər ərzində icarəyə verilmiş torpaq sahəsindən real məqsədli şəkildə təyinatına uyğun istifadə etmələri barədə niyyətlərinin olmaları, bunun həyata keçirilməsi üçün cavabdeh tərəfindən manelərin törədilməsi və nəticədə icarəyə verilmiş torpaqdan istifadə edilməməsi nəticəsində zərərin dəyməsi sübuta yetirilməmişdir. Belə ki, yuxarıda qeyd edildiyi kimi X7 ilə cavabdeh arasında torpaq sahəsindən istifadə edilməsi ilə bağlı hər hansı bir mübahisə baş verməmiş, o, icarəyə verilmiş torpaq sahəsindən təyinatına uyğun istifadə etmək üçün qanunvericiliyin onun üzərinə qoyduğu vəzifələriyerinə yetirməmişdir. Qeyd edilən sonuncu hal hazırki iddiaçıya da aiddir. Yəni, iddiaçı da ərinə verilmiş torpaq sahəsindən məqsədli şəkildə istifadə etməsi üçün qanunvericiliyin onun üzərinə qoyduğu vəzifələri yerinə yetirməmişdir. Bütün bunlar icarəyə verilmiş torpaq sahəsindən cavabdehin əməlləri nəticəsində iddiaçının və onun ərinin sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilməməsini təkzib edir. Təbii ki, istər iddiaçı, istərsə də onun keçmiş əri icarəyə verilmiş torpaq sahəsində hər hansı bir sahibkarlıq fəaliyyəti ilə məşğul olsaydılar, ən azından buna görə vergi ödəyicisi kimi qeydiyyata alınar, fəaliyyətləri ilə bağlı müvafiq vergi ödəyərdilər. İddiaçının mövqeyi ilə razılaşmaq o anlama gələr ki, istənilən şəxsə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün torpaq sahəsi verilsin, o, isə torpaq sahəsindən istifadə etməsin, illər keçdikdən sonra qarşı tərəf ilə mübahisəsi olan zaman iddia qaldırsın ki, bu torpaq sahəsindən neçə illərdir ki, imkan verilməyib təyinatına uyğun istifadə edilsin və buna görə zərər ödənilməlidir. Bu isə qəbul edilməzdir. Kollegiya onu da qeyd edir ki, iddiaçının Masallı Rayon Statistika İdarəsinin 14 iyul 2023cü il tarixli, 3-34-68/2-132/2023 saylı məktubuna istinad edərək Masallı rayonu, Ərkivan qəsəbəsi üzrə 2022-ci ildə 1 hektardan orta hesabla mərcinin məhsuldarlığı 24.0 sentener, paxlanın orta məhsuldarlığı 23.0 sentener, noxudun orta məhsuldarlığı 24.0 sentener, soğanın orta məhsuldarlığı 150.0 sentener, sarımsağın orta məhsuldarlığı 152.0 sentener və limonun orta məhsuldarlığı 60.1 sentener olmuşdur. Vəkil sorğusuna əsasən verilmiş "xxxx" ASC-nin 14 iyul 2023-cü il tarixli, 61 nömrəli mətubuna əsasən orta bazar qiymətinə uyğun olaraq 1 kq mərci 3 manat, 1 kq paxla 2 manat, 1 kq noxud 3 manat, 1 kq soğan 1.4 manat, 1 kq sarımsaq 2 manat, 1 kq limon 6 manat təşkil etdiyini, lakin cavabdeh tərəfindən uzun illər zəbt etməsi nəticəsində o, qeyd olunan gəlirdən məhrum olduğunu bildirir. Məhkəmə kollegiyası hesab edir ki, qeyd edilən Masallı Rayon Statistika İdarəsinin 14 iyul 2023-cü il tarixli, 3-34-68/2-132/2023 saylı (bunu rəydə adlandırmaq olar) məktubu özüözlüyündə maddi ziyanla bağlı tələbin sübutu kimi çıxış edə bilməz. Çünki, iddiaçı ötən illər ərzində qanuni əsaslarla ona məxsus olan torpaq sahəsini cavabdehdən tələb etməsi barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Yalnız iddiaçının dəfələrlə cavabdehdən torpaq sahəsini boşaltmasını tələb etməsi barədə izahatları məlum olmuşdur ki, bu da birtərəfli olaraq maddi ziyan tələbinin sübutu kimi qiymətləndirilə bilməz. Çünki iş materiallarında ötən on illər ərzində iddiaçının özünə və ailə üzvlərinə məxsus torpaq sahəsini cavabdehdən geri tələb etməsi barədə heç bir sübut müəyyən edilmir. Burdan belə qənaətə gəlinir ki, iddiaçı hərəkətsizlik etməklə cavabdehin əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmışdır. Yəni iddiaçının torpağı icarə müqaviləsi əsasında aldıqdan sonra deyil 2022-cu ildə öz hüquqlarının bərpası üçün məhkəməyə müraciət etməsində cavabdehin heç bir təqsiri yoxdur. Odur ki, iddia maddi ziyanla bağlı hissədə əsaslı sayıla bilməz. Bundan başqa qəbul edilmiş qətnamənin icrasına cavabdeh tərəfindən məhkəmə qətnaməsinin (icra sənədinin) icrasına mane olunmasıə işdə olan sübutlarla təsdiq olunmur. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Kollegiya onu da qeyd etməyi zəruri hesab edir ki, iddiaçı cavabdehin qanunsuz hərəkətləri nəticəsində əsassız məhkəmə çəkişməsinə cəlb edilməsi və bunun nəticəsində o, poçt xərcləri, vəkilə ödəniləmiş vəsait, həmçinin yol xərci olaraq vəsait xərclədiyi barədə iddia verildiyi halda iddiaçı iddiasında haqlı sayıla və təmin oluna bilərdi. Belə ki, işə baxılması ilə əlaqədar məsrəflərə tərəflərin və üçüncü şəxslərin məhkəməyə gəlmələri ilə əlaqədar yol xərcləri, poçt xərcləri, nümayəndə və vəkillərə ödənilən xərclər aid (MPM maddə 115) edilir. Bunun üçün isə iddiaçının məhkəmə qarşısında iddiası olmalı və iddiaçı N. Novruzova sübut etməlidir ki, həqiqətən o, əsassız məhkəmə çəkişməsinə cəlb edilmiş və yuxarıda qeyd olunanlarla əlaqədar pul vəsaitlərini xərcləməklə maddi ziyana məruz qalmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin “Beləliklə İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ona vurulmuş 10000 manat məbləğində ziyanın ödənilməsi tələbi əsassız olduğundan təmin edilməmlidir.” Qənaətinə gəlməsi mövqeyi ilə razılaşır və hesab edir ki, məhkəmə iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları araşdırmış və düzgün hüquqi qiymət vermiş, gəldiyi nəticə işin faktiki hallarına uyğun olmaqla qanuni və əsaslı olmuşdur. Bunu əsas götürən kollegiya işdə olan sübutların məzmununu hazırkı qətnamədə təkrarlamağa zərurət görmür. İddiaçı nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti dəlilləri isə heç bir sübutla təsdiqini tapmayan formal mülahizə hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış sübutları tədqiq edərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır. Apellyasiya şikayətinin təmin edilməsi və Masallı Rayon Məhkəməsinin 2(050)1809/2023 saylı, 10 avqust 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi üçün Azərbaycan Respublikası MPM-nin 385-ci maddəsində nəzərdə tutulan əsaslar yoxdur. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir (Mülki Prosessual Məcəllənin 107 və 119.1-ci maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 372, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrinin rəhbər tutaraq məhkəmə kollegiyası, QƏT ETDİ: İddiaçı nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Masallı Rayon Məhkəməsinin 2(050)1809/2023 saylı, 10 avqust 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar