Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-1879/2025 17.12.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Novruzova Aytən Nazim qızı (sədrlik edən və məruzəçi), Heydərov Tofiq Xudayar oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, Cəlilabad Rayon Məhkəməsinin 24 iyun 2025-ci il tarixli, 2(073)-765/2024 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Şirvan Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq məhkəmə tərkibi müəyyən etdi: Cəlilabad Rayon Məhkəməsinin 16 avqust 2024-cü il tarixli, 2(073)-765/2024 saylı qətnaməsi ilə iddia təmin edilərək, Cavabdeh borca görə 6300 (altı min üç yüz) manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 83 (səksən üç) manat alınıb İddiaçı verilməsi qət edilmişdir. İş üzrə cavabdeh Xubaliyev X4 Rayon Məhkəməsinin 16 avqust 2024-cü il tarixli, 2(073)-765/2024 saylı qətnaməsindən 26 aprel 2025-ci il tarixdə apellyasiya şikayəti verərək, qətnamənin dəyişdirilməsini və iddianın 1400 manat məbləğində təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli 2(106)-1006/2025 saylı qərardadı ilə Cəlilabad Rayon Məhkəməsinin 16 avqust 2024-cü il tarixli, 2(073)-765/2024 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətin qeyri-mümkün hesab edilməsi və mülki iş materialı apellyasiya şikayətinin MPM-nin 357-363-cü maddələrinə uyğunluğunun yoxlanılaraq hüquqi qiymət verilməsi üçün Cəlilabad Rayon Məhkəməsinə qaytarılması qərara alınmışdır. Cəlilabad Rayon Məhkəməsinin 24 iyun 2025-ci il tarixli, 2(073)-765/2024 saylı qərardadı ilə Cəlilabad Rayon Məhkəməsinin 16 avqust 2024-cü il tarixli, 2(073)-765/2024 saylı qətnaməsindən qanunla müəyyən olunmuş şikayət vermə müddəti ötürülməmiş hesab edilmişdir. Məhkəmənin qərardadı ilə razılaşmayan iddiaçı Məlikov X7 Rayon Məhkəməsinin 24 iyun 2025-ci il tarixli, 2(073)-765/2024 saylı qərardadından şikayət verərək göstərmişdir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti onun verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş prosessual müddətin ötürülməsi ilə verilmişdir. Ona görə də cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin müddətinin ötürülərək verildiyini nəzərə alaraq apellyasiya şikayətinin verilməsi üçün nəzərdə tutulmuş müddətin ötürülməmiş hesab edilməsini etirazla qarşılayır. Bu baxımdan Cəlilabad Rayon Məhkəməsinin 24 iyun 2025-ci il tarixli qərardadının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2(106)-1310/2025 saylı qərardadı ilə Cəlilabad Rayon Məhkəməsinin 16 avqust 2024-cü il tarixli, 2(073)-765/2024 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin icraata qəbul edilməsi barədə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 05 avqust 2025-ci il tarixli, 2(106)-1310/2025 saylı qərardadının ləğv edilməsi və mülki iş apellyasiya baxışından çıxarılmaqla Cəlilabad Rayon Məhkəməsinə qaytarılması qərara alınmışdır. Cəlilabad Rayon Məhkəməsinin 02 oktyabr 2025-ci il tarixli, 2(073)-765/2024 saylı qərardadı ilə İddiaçı Cəlilabad Rayon Məhkəməsinin 24 iyun 2025-ci il tarixli, 2(073)-765/2024 saylı qərardadının ləğv edilməsinə dair şikayəti təmin edilməmişdir. Cəlilabad Rayon Məhkəməsinin 17 noyabr 2025-ci il tarixli, 2(073)-765/2024 saylı qərardadı ilə Cəlilabad Rayon Məhkəməsinin 02 oktyabr 2025-ci il tarixli, 2(073)-765/2024 saylı qərardadında yanlışlıqla yazılmış “qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Cəlilabad Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) qərardaddan şikayət verilə bilər” sözlərinin, “şikayət mülki işlə birlikdə Şirvan Apellyasiya Məhkəməsinə göndərilsin” sözləri ilə əvəz edilməsi qərara aklnmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən məhkəmə tərkibi işə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, Cəlilabad Rayon Məhkəməsinin 24 iyun 2025-ci il tarixli, 2(073)-765/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 128.1-ci maddəsinə əsasən prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X1 şikayəti ilə əlaqədar bəzi məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 13 fevral 2007-ci il qərarında göstərilmişdir ki, ümumiyyətlə, imperativ xarakterə malik olduqlarından prosessual müddətlərlə bağlı qaydaların tələblərinə qanuni qüvvəyə minmiş məhkəmə aktlarından şikayət vermək hüququnun həyata keçirilməsi zamanı da riayət edilməsi vacib şərtlərdən biridir. Belə ki, MPM-in 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Birinci instansiya məhkəməsi qərardadını onunla əsaslandırmışdır ki, Cəlilabad Rayon Məhkəməsinin 16 avqust 2024-cü il tarixli, 2(073)-765/2024 saylı qətnaməsi 16 avqust 2024-cü il tarixdə Cavabdeh göndərilmiş, lakin həmin qətnamənin cavabdehə çatdırılıb-çatdırılmaması barədə məhkəməyə məlumat daxil olmamışdır. Cavabdeh 09 aprel 2025-ci il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək, bəhs olunan qətnamənin ona çatdırılmamasını qeyd edərək, həmin qətnamənin ona verilməsini xahiş etmişdir. Bundan sonra Cəlilabad Rayon Məhkəməsinin 16 avqust 2024-cü il tarixli, 2(073)-765/2024 saylı qətnaməsi cavabdehə göndərilmiş və Cavabdeh 22 aprel 2025-ci il tarixdə poçt zərfinin çatdırılması barədə xəbərnaməyə imza etməklə rəsmi qayada almış və onun tərəfindən apellyasiya şikayəti müddəti ötürülmədən elektron qaydada 26 aprel 2025-ci il tarixdə məhkəməyə göndərilmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh tərəfindən Cəlilabad Rayon Məhkəməsinin 16 avqust 2024cü il tarixli, 2(073)- 765/2024 saylı qətnaməsindən apellyasiya şikayəti verilmə müddəti ötürülməmiş hesab edilməlidir. İş materiallarından görünür ki, Cəlilabad Rayon Məhkəməsinin 16 avqust 2024-cü il tarixli, 2(073)- 765/2024 saylı qətnaməsi həmin tarixdə Cavabdeh göndərilmiş olsa da, qətnamənin cavabdehə faktiki olaraq çatdırılması barədə məhkəməyə heç bir təsdiqedici sübut təqdim edilməmişdir. Poçt göndərişinə dair xəbərnamənin mövcud olmaması, eləcə də cavabdehin uzun müddət məhkəmə aktının məzmunundan xəbərsiz qalması bu halı təsdiq edir. Məhz bu səbəbdən cavabdeh 09 aprel 2025-ci il tarixdə məhkəməyə müraciət edərək qətnamənin ona təqdim edilmədiyini bildirmiş və həmin qətnamənin ona verilməsini xahiş etmişdir. Bundan sonra qətnamənin cavabdehə yenidən göndərilməsi və onun 22 aprel 2025-ci il tarixdə poçt zərfinin çatdırılması barədə xəbərnaməyə imza etməklə qətnaməni rəsmi qaydada alması faktı müəyyən edilmişdir. Cavabdehin apellyasiya şikayətini 26 aprel 2025-ci il tarixdə, yəni qanunla nəzərdə tutulmuş müddət daxilində təqdim etməsi göstərir ki, apellyasiya şikayəti verilmə müddəti ötürülməmişdir. Bu baxımdan, birinci instansiya məhkəməsinin prosessual müddətin buraxılmaması barədə gəldiyi nəticə faktiki hallara və qanunvericiliyin tələblərinə tam uyğundur. Kollegiya qeyd edir ki, apellyasiya şikayəti vermək hüququ cavabdehin prosessual hüququ olmaqla, bu hüququn həyata keçirilməsi üçün real və effektiv imkan yaradılmalıdır. Qanunvericilikdə apellyasiya şikayətinin verilməsi müddəti, həmin müddətin ötürülməsinin hüquqi nəticələri, eləcə də üzrlü səbəblər mövcud olduqda müddətin bərpa olunması mexanizmi aydın və konkret şəkildə tənzimlənmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırarkən birinci instansiya məhkəmə iclasında Cəlilabad rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2 verdiyi izahatı da nəzərə alır. Həmin izahatdan müəyyən olunur ki, Cavabdeh yalnız 28 aprel 2025-ci il tarixdə qətnamədən apellyasiya şikayəti təqdim etdikdən sonra icra orqanı tərəfindən onun barəsində elan edilmiş axtarışa xitam verilmişdir. Bu fakt bir daha sübut edir ki, cavabdeh məhkəmə qətnaməsinin mövcudluğundan və onun hüquqi nəticələrindən məhz həmin dövrdə xəbərdar olmuşdur. Məhz bu tarixdən sonra cavabdehin prosessual hüquqlarını aktiv şəkildə həyata keçirməyə başladığı, o cümlədən apellyasiya şikayəti verməsi ilə hüquqi müdafiə mexanizmlərindən istifadə etdiyi görünür. Bundan başqa Kollegiya onu da qeyd edir ki, məhkəmə qərarının icra mərhələsinə keçməsi və icra vərəqəsinin icra orqanına təqdim edilməsi cavabdehin həmin qərarı rəsmi qaydada alması və ondan xəbərdar olması anlamına gəlmir. İcra icraatının başlanması prosessual baxımdan məhkəmə qərarının qüvvədə olmasını göstərsə də, bu hal şəxsin apellyasiya şikayəti vermək hüququnun həyata keçirilməsinə mane ola bilməz. Əks yanaşma şəxsin xəbərdar olmadığı məhkəmə aktına görə hüquqi nəticələrlə üzləşməsinə və müdafiə hüququnun pozulmasına gətirib çıxarar. Bu baxımdan məhkəmə tərkibi hesab edir ki, iddiaçının şikayətində göstərilən hallar formal xarakter daşıyır və birinci instansiya məhkəməsinin qanuni və əsaslı qərardadının ləğvi üçün hüquqi əsas yaratmır. Birinci instansiya məhkəməsi prosessual müddətin hesablanması məsələsində düzgün hüquqi mövqe tutmuş, tərəflərin hüquq və vəzifələri arasında balansı qorumuşdur. Məhkəmə kollegiyası xüsusi olaraq vurğulayır ki, tərəflərin məhkəmə qarşısında hüquq bərabərliyi prinsipinin təmin edilməsi, Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunması, habelə ədalətli məhkəmə araşdırması hüququnun real həyata keçirilməsi baxımından şəxsin öz işinə yuxarı instansiya məhkəməsində baxılmasına çatımlılıq hüququ təmin edilməlidir. Bu hüququn reallaşdırılması üçün gətirilən səbəblər formal deyil, ağlabatanlıq və ədalət prinsipləri əsasında qiymətləndirilməlidir. Buna görə də, məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün və əsaslı qənaətə gəlmişdir. ki, iddiaçının şikayətində qeyd etdiyi hallar formal xarakterə malikdir, birinci instansiya məhkəməsinin qanuni və əsaslı qərardadının ləğvi üçün əsas yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, məhz tərəflərin məhkəmə qarşısında hüquq bərabərliyinin, Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasının və ədalətli məhkəmə araşdırması hüququnun təmin edilməsi nöteyi-nəzərindən şəxsin öz işinə yuxarı məhkəmə insansiyasında baxılmasına çatımlılığı hüququnun reallaşdırılması üçün şərait yaradılmalı və bununla bağlı gətirilən səbəblər ağlabatanlıq prinsipi əsasında qiymətləndirilməlidir. Belə ki, şəxsin maraqlarına toxunan məhkəmə qərarını yuxarı instansiya məhkəməsində mübahisələndirmək hüququ ədalətli məhkəmə araşdırması hüququndan irəli gəlir və Azərbaycan Respublikasının Konstitusiyasında və Azərbaycan Respublikasının tərəfdar çıxdığı bir sıra beynəlxalq müqavilələrdə öz əksini tapmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir; hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın; hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır; hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinə əsasən Azərbaycan Respublikasında məhkəmə hakimiyyətini ədalət mühakiməsi yolu ilə yalnız məhkəmələr həyata keçirirlər. Məhkəmə hakimiyyətini Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi, Azərbaycan Respublikasının Ali Məhkəməsi, Azərbaycan Respublikasının apellyasiya məhkəmələri, Azərbaycan Respublikasının ümumi məhkəmələri və digər ixtisaslaşdırılmış məhkəmələr həyata keçirirlər. Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 65-ci maddəsi hər bir şəxsin özü haqqında çıxarılmış məhkəmə qərarına yuxarı məhkəmədə yenidən baxılması hüququnu tanıyır. İnsan Hüquqlarının və X5 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 6-cı maddəsinin 1-ci bəndinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Eyni hüquq Mülki və Siyasi Hüquqlar Haqqında Beynəlxalq Paktın 14-cü maddəsində də müəyyən olunmuşdur. Onun barəsinə çıxarılmış məhkəmə qərarına yuxarı məhkəmə tərəfindən yenidən baxılması hüququnu Azərbaycan Respublikasının tərəfdar çıxdığı Avropa Konvensiyasına 7 saylı Protokolun 2-ci maddəsinin 1-ci bəndi də təsbit edir. Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, yuxarıda göstərilən normativ-hüquqi aktların tələbinə görə maraqlarına toxunulan məhkəmə qərarı çıxarılmış şəxsin həmin qərardan yuxarı məhkəməyə şikayət vermək hüququ məhkəmə səhvlərinin qarşısının alınması, həqiqətin müəyyən edilməsi və son nəticədə ədalətin təntənəsinə nail olunması məqsədini güdür. Həqiqət və ədalət isə insan toplumu üçün ali dəyərlərdir. Bu dəyərlər də ictimai münasibətlərin kvintessensiyasını təşkil etməlidir. Bu kontekstdə məhkəmə tərkibi hesab edir ki, yalnız formala əsaslara istinad etməklə ərizəçinin şikayətinin icraata götürülməsindən imtina edilməsi tərəfin Azərbaycan Respublikası Konstitusiyasının 60-cı, Mülki və Siyasi Hüquqlar Haqqında Beynəlxalq Paktın 14-cü, İnsan Hüquqları Haqqında Ümumi Bəyannamənin 7, 8, 10cu və Avropa Konvensiyasının 6-cı maddəsində təsbit olunmuş səmərəli və ədalətli məhkəmə araşdırması hüququnu pozmuş olardı. “O.Hüseynovun şikayəti üzrə məhkəməyə müraciət hüququnun pozulmasına dair” iş üzrə 29 iyun 2007-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin Plenumunu göstərmişdir ki, mülki prosessual qanunvericilik məhkəmə qətnaməsindən verilən şikayətlər üçün müddətin məhz məhkəmə aktının tərəfə təqdim olunduğu gündən hesablandığını nəzərdə tutur. Avropa İnsan Hüquqları Məhkəməsi «Sovtransavto Holdinq» Ukraynaya qarşı (şikayət №48553/93, xx.xx.2002) şikayəti üzrə işdə X9 Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarı ilə ərizəçinin şikayət verilməsi üçün müəyyən edilmiş bir aylıq müddətin bitməsi əsasına görə şikayətin qəbul edilməsindən imtina olunmasını artıq formalizmin mövcud olduğu kimi qiymətləndirmişdir. Avropa Məhkəməsi həmin işdə həmçinin qeyd etmişdir ki, ərizəçinin kassasiya şikayəti qanunda nəzərdə tutulmuş müəyyən formallıqlara riayət edilmədiyinə görə qəbul edilməmişdir. Bu da belə bir nəticəyə gətirib çıxara bilər ki, ərizəçi daxili müdafiə vasitələrini tükətməmişdir. Avropa Məhkəməsi xatırlatmışdır ki, onun daxili müdafiə vasitələrinin tükədilməsi üzrə presedent təcrübəsinə müvafiq olaraq bu qayda kifayət qədər çevik və artıq formalizmdən azad şəkildə tətbiq olunmalıdır. Həmin qayda avtomatik tətbiq olunmamalı və mütləq xarakter daşımamalıdır; hər bir konkret işdə onun halları nəzərə alınmalıdır. Avropa İnsan Hüquqları Məhkəməsi, «X3rşı» iş üzrə qərarında (1985-ci il) qeyd etmişdir ki, vaxt məhdudiyyətləri ədalət mühakiməsinin səmərəliliyinin təmin edilməsi və vaxtı keçmiş iddiaların qarşısının alınması məqsədilə qoyula bilər. Presessual hüquq qabiliyyəti üzrə məhdudiyyətlər, məsələn, müvafiq hüquqa malik olmayan iddiaçıları məhkəmənin dəyərli vaxtını almaqdan çəkindirmək üçün qoyula bilər. Digər məhdudiyyətlərə hökümət nazirlərinin, parlament üzvlərinin, mülki dövlət qulluqçularının və digər şəxslərin immunitet və imtiyazları aid edilə bilər. Lakin tətbiq edilən məhdudiyyətlər məhkəməyə müraciət hüququnun mahiyyətinə xələl gətirən dərəcədə olmamalıdır. Bundan başqa, məhkəməyə müraciət hüququna qoyulan məhdudiyyətlər qanuni məqsəd daşımalı və tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan əlaqə mövcud olmalıdır. Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli qərarında prosessual müddətlərlə bağlı göstərilmişdir ki, “Qanun və məhkəmə qarşısında bərabərlik hər bir mülki işə eyni qaydada, eyni prosessual formalarda, onlarda iştirak edən şəxslər üçün eyni təminatlarla baxılması ilə təmin edilir. Bununla işin nəticələrində maraqlı olan şəxslərin qanuni tələblərinin bərabər ödənilməsinə nail olunur, bütün vətəndaşlara məhkəmə qarşısında öz mənafelərini qorumaq üçün bərabər imkanlar yaradılır. Prosessual hüquq bərabərliyinə görə tərəflər öz hüquq və mənafelərini müdafiə etmək üçün prosessual vasitələrdən real istifadə etmək imkanına malikdirlər. Həmin imkanlar qanunla və məhkəmə ilə təmin edilir. Diqqətə çatdırılmalıdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Beləliklə, məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də, şikayət təmin edilməməli və Cəlilabad Rayon Məhkəməsinin 24 iyun 2025-ci il tarixli, 2(073)-765/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılmalı, Cəlilabad Rayon Məhkəməsinin 16 avqust 2024-cü il tarixli, 2(073)-765/2024 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə baxılması üçün sonrakı prosessual hərəkətlər edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 267.1-ci maddəsinə əsasən məhkəmə tərəfindən ayrıca akt şəklində qəbul edilmiş qərardaddan bu Məcəllədə göstərilmiş hallarda şikayət verilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:
400. Apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. 402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. Göründüyü kimi hazırkı qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 398, 400 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə tərkibi
qərara aldı:
Cəlilabad Rayon Məhkəməsinin 24 iyun 2025-ci il tarixli, 2(073)-765/2024 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Cəlilabad Rayon Məhkəməsinin 24 iyun 2025-ci il tarixli, 2(073)-765/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Cəlilabad Rayon Məhkəməsinin 16 avqust 2024-cü il tarixli, 2(073)-765/2024 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə baxılması üçün sonrakı prosessual hərəkətlər edilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.