Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1885/2025 23.12.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X1 Əsədov (sədrlik edən və məruzəçi), X2 və Tofiq Xudayar oğlu Heydərovdan ibarət tərkibdə, Zaur Nəsir oğlu Dəmirovun katibliyi, Cavabdeh iştirakı ilə, Masallı Rayon Məhkəməsinin 20 oktyabr 2025-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 15000 (on beş min) manat məbləğində pulun və ödənilmiş dövlət rüsumunun tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini əsaslandırarkən göstərmişdir ki, 2023-cü ilin aprel ayında əvvəllər tanıdığı Masallı rayon sakini Cavabdeh ona yaxınlaşaraq pula ehtiyacı olduğunu və yaxın vaxtlarda qaytaracağını bildirmişdir. Onu əvvəldən tanıdığından və etibar etdiyindən razılaşmış, lakin borcu yalnız müqavilə əsasında verə biləcəyini qeyd etmişdir. Cavabdeh bu şərtlə razılaşmış və 01 aprel 2023-cü il tarixdə tərəflər arasında borc müqaviləsi bağlanmışdır. Müqavilə bağlanarkən aralarında belə razılıq olmuşdur ki, cavabdeh aldığı 15000 (on beş min) manat məbləğində pulu bir il müddətində, yəni 01 aprel 2024-cü il tarixinədək geri qaytarmalıdır. Lakin Cavabdeh müqavilə üzrə öhdəliyini yerinə yetirməmiş, göstərilən tarixdə borc məbləğini geri qaytarmamışdır. Müqavilə şərtlərinin pozulması ilə bağlı onunla dəfələrlə telefon danışıqları aparılmış, lakin heç bir nəticə əldə edilməmişdir. Birinci instansiya məhkəməsində Cavabdeh iddia tələbini qəbul etməmiş, iddianın rədd olunmasını xahiş etmiş, izahatında bildirmişdir ki, İddiaçı tanımır, yalnız onun Bəxtiyar Hüseynovun həyat yoldaşı olduğunu bilir. Ola bilsin ki, arvadını bir-iki dəfə Bəxtiyarın maşınında görmüşdür. O, Bəxtiyar Hüseynovdan maşında 1500 manat məbləğində pul almış və Bəxtiyarın tələbi ilə pulu qaytaracağına dair müqaviləyə imza etmişdir. Bəxtiyar ona “imza at ki, bilim pulu qaytaracaqsan” demiş, o da buna inanaraq sadəlövlüyündən imza atmışdır. Daha sonra Bəxtiyar ona əlavə olaraq 2000 manat, bir də, səhv etmirsə, 1500 manat vermişdir. Ümumilikdə 5000-6000 manat pul almış, 15000 manata yaxın məbləği geri qaytarmışdır. Pulu 2024-cü ilin fevral və ya mart ayında almış, hər ayın 15-i 600 manat və ayın 25-i 600 manat, ümumilikdə hər ay 1200 manat pul ödəmiş və 2025-ci ilin aprel ayından etibarən isə ödənişləri dayandırmışdır. Masallı Rayon Məhkəməsinin (hakim E.Hüseynov) 20 oktyabr 2025-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh 15000 (on beş min) manat məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 135 (yüz otuz beş) manat tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi iddianı təmin edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1, 324.2, 329.2, 329.3, 389.1, 389.2, 385.1 və 448.1-ci maddələrinə istinad etmişdir. Qətnamədən Cavabdeh apellyasiya şikayəti vermişdir. Apellyasiyaşikayətinindəlilləri Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanunsuz və əsassızdır. Şikayətə görə, məhkəmə mübahisə üzrə araşdırma aprarkən tərəflərin öz tələblərinin və etirazlarının əsası kimi istinad edə biləcəyi hallarla bağlı araşdırmaçı mövqeyində ardıcıl olmamış, yalnız iddiaçının ərizəsində göstərdiklərinə uyğun öz hüquqi mövqeyini formalaşdırmışdır. Məhkəmə natamam araşdırma apararaq yekun nəticəyə gəlmişdir. Şikayətdə qeyd edilir ki, məhkəmə sübut kimi, ərizəçini əsl tələbkar kimi qəbul etmiş, bu zaman əsl həqiqətin necə olması barədə hər-hansı araşdırma aparmamışdır. Şikayətə görə, məhkəmə qətnamə qəbul edərkən tələbkarın mövqeyni ifadə edərək yekun nəticəyə gəlmiş, cavabdeh tərəfin dindirilməsini, çəkişmə prosesini təmin etmədən, dəlil sübutları müqayisəli şəkildə təhlil etmədən, tələbin təmin edilib edilməməsilə bağlı faktları araşdırmadan, heç bir əlavə dəlil sübut tələb etmədən səthi, keyfiyyətsiz məhkəmə araşdırması aparmışdır. İzahatlar Apellyasiya baxışında iştirak edən Cavabdeh apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, izahatında bildirmişdir ki, o, İddiaçı tanımır. Həmin şəxs başqa adamları da aldadıb. İddiaçı həyat yoldaşı onun dükanına gəlmişdi, həmin vaxt o, huşunu itirmişdi. O, İddiaçı yoldaşına köməklik etmiş, sonra iddiaçının həyat yoldaşı Bəxtiyar ona demişdir ki, nə vaxt pul lazım olsa o, kömək edə bilər. Həmin vaxt onyn pula ehtiyacı var idi, o Bəxtiyardan 1500 manat, sonra 2000 manat və 2500 manat pul götürmüşdür. Qeyd olunan pulları da hər ay iki dəfə olmaqla 15-i və 25-i 600 manat və 1200 manat olmaqla qaytarmışdır. İddiaçı apellyasiya baxışında iştirak etməmişdir. Müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Kollegiya işə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Azərbaycan Respublikasının MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.7-ci maddəsinin tələbinə görə apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə Kollegiyası məruzəni, izahatı dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. İşin faktiki hallarından görünür ki, tərəflər arasında sadə yazılı qaydada borc müqaviləsi bağlanmışdır. Tərəflər arasında bağlanmış 01 aprel 2023-cü il tarixli yazılı borc müqaviləsinə görə borc verən İddiaçı borc alan Cavabdeh arasına 15000 manat məbləğində pul vəsaitini verir. Müqaviləyə görə, Cavabdeh həmin pulun bir il müddətində İddiaçı qaytarılması barədə öhdəlik götürmüşdür. İddiaçı borc olaraq cavabdehə verdiyi 15000 manat məbləğində pulun alınıb ona verilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən: 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Azərbaycan Republikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmumu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Tərəflər arasında sadə qaydada yazılı borc müqaviləsi bağlanmışdır. İddiaçı cavabdehin öhdəliyini yerinə yetirmədiyini, borcunu ödəmədiyini iddia edir. Cavabdehin öhdəliyini yerinə yetirmədiyi təqdirdə iddiaçının tələbi təmin edilməlidir. Cavabdeh yazılı müqaviləni imzaladığını inkar etməmişdir. Cavabdeh birinci instansiya məhkəməsində verdiyi izahatında və apellyasiya şikayətində iddiaçını tanımadığını, lakin onun həyat yoldaşı Bəxtiyar Hüseynovdan 2024-cü ilin fevral və ya mart ayında müqaviləyə imza edərək ümumilikdə 5000-6000 manat pul aldığını və bunun müqabilində hər ay 1200 manat olmaqla 2025-ci ilin aprel ayınadək ödəniş etdiyini bildirmişdir. Cavabdeh müqavilədə nəzərdə tutulan məbləğdən az borcunun olduğu, 15000 manat məbləğinin düzgün yazılmadığı, yaxud borcunun qaytarması ilə bağlı etirazının əsası kimi istinad etdiyi hər hansı halı sübuta yetirməmiş, bununla bağlı hər hansı sübut təqdim etməmişdir. Məhkəmə Kollegiyası hesab edir ki, iddiaçı öz tələbini əsaslandırmış və sübuta yetirmişdir. Cavabdeh tərəf, borcunu qaytardığını sübuta yetirə bilməmişdir. Beləliklə, Kollegiya cavabdehin apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayətində göstərilənlər qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas deyil. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən, şikayətin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 372, 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq Məhkəmə Kollegiyası, qətetdi: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Masallı Rayon Məhkəməsinin 20 oktyabr 2025-ci il tarixli, 2(050)-2601/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(106)-1885/2025
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1885/2025
23.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver