Məhkəmə qərarları › İş №2(106)-1889/2025

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1889/2025

07.04.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Şirvan şəhəri İş № 2(106)-1889/2025 07.04.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X1 (sədrlik edən və məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, İsazadə Salman Raqif oğlunun katibliyi ilə, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Astara Rayon Məhkəməsinin ## ####### 2025-ci il tarixli *(***)-***/**** saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxıb MÜƏYYƏN ETDİ: Yaşayış yeri barədə Astara RİHB-nin Kijəbə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş ## ####### 2024-cü il tarixli **** saylı arayışdan görünür ki, İddiaçı Astara rayonu Kijəbə qəsəbəsində yaşayır. Torpağın mülkiyyətə verilməsinə dair JN-198A KOD ******** nömrəli Şəhadətnamənin surətindən görünür ki, Astara rayonu Aqrar İslahat Komissiyasının ## ###### 1999-cu il tarixli ** saylı qərarına əsasən 0.06 ha torpaq sahəsi İddiaçı mülkiyyətinə verilmişdir. Cinayət işinin başlanmasının rədd edilməsi haqqında ## ######## 2024-cü il tarixli qərarından görünür ki, Astara rayonu Kijəbə qəsəbəsində yaşayan İddiaçı müraciəti əsasında toplanmış materialda cinayətin tərkibi olmadığına görə material üzrə cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır. X2 Xidməti Cənub regional X2 İdarəsi tərəfindən İddiaçı ünvanlanmış ## ####### 2024-cü il tarixli məktubundan görünür ki, ## ######## 2024-cü il tarixdə Cavabdeh məxsus həyətyanı sahə arasında yerləşən çəpərdə yanğın hadisəsi baş vermiş, nəticədə çəpərə yaxın yerləşən 10 ədəd sitrus meyvə ağacları alovun təsirinə məruz qalmışdır. “xxxx” MMC-nin mütəxəssis rəyindən görünür ki, naringi ağacının 1 ədədinin qiyməti 80-90 manat müəyyən edilməklə 10 ağac üçün dəymiş zərərin məbləği 9620 manat hesablanmışdır. “xxxx” MMC-nin MB-**/**** saylı Qiymətləndirmə hesabatından görünür ki, ## ######## 2024-cü il tarixdə Cavabdeh məxsus torpaq sahəsində baş vermiş yanğın nəticəsində qonşu İddiaçı məxsus torpaq sahəsində əkilmiş 6 ədəd ağaca ziyan dəymiş, ziyan dəyən ağaclar 24-25 illik əkmələrdir. Ağacların bazar qiyməti 1 ədəd ağac üçün 40 manat, 6 ədəd ağac üçün 240 manat, çəkilmiş xərclər 1 ağac üçün illik 20 manat, 6 ağac üçün isə 24 illik 2880 manat müəyyən edilmiş, ümumilikdə dəymiş zərər isə 3220 manat təşkil etmişdir. “xxxx” MMC-nin ##.##.2026-cı il tarixli rəyindən görünür ki, ##.##.2024-cü il tarixində baş vermiş yanğın nəticəsində İddiaçı məxsus torpaq sahəsindəki 10 ədəd sitrus ağacına ziyan dəymişdir (əsas: Dövlət Yanğın Mühafizə Xidmətinin ##.##.2024-cü il tarixli rəsmi məktubu). Ağalar təxminən 1999-cu ildə əkilmişdir, zərər tarixində yaşları 24-25 ildir. Bir ağacın ədalət dəyəri (bazar dəyəri göstəricisi) 130 AZN olaraq müəyyən edilmişdir. Tam məhv olmuş naringi ağaclarının sayı 6 ədəd olmaqla dəymiş zərərin ümumi məbləği 780 manat, qismən zədələnmiş naringi ağaclarının sayı 4 ədəd olmaqla dəymiş zərərin ümumi məbləği 260 cəmi – 1040 manat təşkil edir. İDDİA TƏLƏBİ VƏ ONUN ƏSASLANDIRILMASI: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh təqsiri nəticəsində ona dəymiş 5000 manat və ödənilmiş 71 manat dövlət rüsumunun Cavabdeh alınaraq ona verilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, Astara rayon Aqrar İslahat Komissiyasının ## ###### 1999-cu il tarixli ** nömrəli qərarına əsasən ona Astara rayonunun Qəcimardə kəndində yerləşən 0.06 hektar torpaq sahəsi verilmişdir. Bu barədə Torpağın mülkiyyətə verilməsi barədə şəhadətnamə da vardır. Adıçəkilən torpaq sahəsinin üzərində fərdi yaşayış evi vardır. Habelə torpaq sahəsində 25 il bundan öncə sitrus ağacları əkmişdir. Cavabdeh onunla hasar qonşudur. Lakin, Cavabdeh ## ######## 2024-cü il tarixdə o, ailə üzvləri ilə Bakı şəhərində olduğu zaman ona məxsus olan 10 ədəd çoxillik sitrus ağaclarını qəsdən yandıraraq məhv etmişdir. Bununla bağlı o hüquq mühafizə orqanlarına müraciət etmişdir. Baş vermiş hadisə ilə əlaqədar araşdırma aparılmış, ## ######## 2024-cü il tarixdə Cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Baş vermiş hadisə nəticəsində onun xüsusi mülkiyyətində əkdiyi çoxillik ağaclarına 5000 manat maddi ziyan dəymişdir. Belə ki, o cavabdeh tərəfindən məhv edilmiş ağacların meyvəsindən sataraq hər il 500 manatdan artıq pul əldə edirdi. Ona dəymiş ziyanın ödənilməsini Cavabdeh tələb etsə də, heç bir nəticəsi olmamışdır. BİRİNCİ İNSTANSİYA MƏHKƏMƏSİNDƏ İCRAAT: Astara Rayon Məhkəməsinin ## ####### 2025-ci il tarixli qətnaməsi ilə (hakim Şəfiqə Meybullayeva) iddia tələbi qismən təmin edilərək 3220 manat məbləğində dəymiş ziyan və 46 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı ödənilməsi, ödənilmiş dövlət rüsumunun 25 manat hissəsinin iddiaçıya aid edilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, rəyin verilməsi üçün hesablanmış 300 manat məbləğdə xərcin 193 manat hissəsinin Cavabdeh, 107 manat hissəsinin İddiaçı tutularaq “xxxx” MMC-nin hesabına ödənilməsi, rəyin verilməsi üçün hesablanmış 300 manat məbləğdə xərcin 193 manat hissəsinin Cavabdeh, 107 manat hissəsinin İddiaçı tutularaq “xxxx” MMC-nin hesabına ödənilməsi qət edilmişdir. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, Cavabdeh həyətində yanğın törətmiş, həmin yanğın nəticəsində qonşu İddiaçı məxsus torpaq sahəsində 24 25 illik naringi ağaclarına ziyan dəyməklə ona maddi zərər vurulmuşdur. Baş vermiş yanğın hadisəsi nəticəsində iddiaçının əmlakına zərər vurulmuş, bununla da cavabdehin təqsirli hərəkəti ilə nəticə arasında səbəbli əlaqə olmuşdur. Ekspert rəyinin məhkəmə üçün digər sübutlardan üstün hüquqi qüvvəsinin olmamasını qanunvericilik müəyyən etsə də, eləcə də iddiaçı və cavabdeh məhkəmə iclasında təkrar ekspertiza rəyi ilə razı olmadığını bildirsələr də, nə iddiaçı, nə də cavabdeh ekspert rəyini təkzib edəcək sübutlarını məhkəməyə təqdim edə bilmişlər. Ona görə də, məhkəmə ekspert rəyini daha mötəbər sübut hesab edir. Məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Beləliklə, məhkəmə hesab edir ki, dəymiş zərər olaraq hesablanmış 3220 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. APELLYASİYA ŞİKAYƏTİ VƏ DƏLİLLƏR: Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək onun ləğv olunmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iddiaçının şişirdilmiş iddia tələbinə əsaslanaraq iddianı təmin etmişdir. Düzdür, məhkəmə tərəfindən ekspertiza təyin edilmiş, lakin ekspertin iddiaçının tələbinə uyğun rəy verməsi məhkəmə tərəfindən dəqiq araşdırılmamışdır. Belə ki, ilkin qiymətləndirmə rəyində 9620 manat, ikinci qiymətləndirmə rəyində isə 3220 manat göstərilmişdir. Bir iş üzrə təyin edilmiş rəylərin arasındakı 6400 manat fərq göstərir ki, rəylər qanun və ədalət prinsipləri pozulmaqla tərtib edilmişdir. Necə ola bilər ki, eyni növdə və eyni yaşda olan ağaca hər iki rəydə müxtəlif qiymətlər qoyulur. Məhkəmə tərəfindən bu hallar tam və ətraflı araşdırılmamış, ekspertin qanunsuz rəyləri məhkəmə üçün əsas olmuşdur. Məhkəmə iclaslarında dəfələrlə bildirmişdir ki, həmin yanğın özü tərəfindən baş vermiş, qonşusu İddiaçı məxsus 3-4 ədəd mandarin ağacı yanmışdır. İddiaçıya məhkəmədənkənar, habelə məhkəmə iclasında məhkəməyə də bildirmişdir ki, iddaçının dediyi kimi 10 ədəd ağacı yanıbsa belə, 10 mandarin ağacının çıxarılaraq şəxsən özü iddiaçının həyətində əkilməsinə razıdır. İddiaçı bununla razılaşmamış, əsassız olaraq ondan şişirdilmiş qiymətdə ağacların pulunu istəyir. İddiaçının istəyi yanmış ağacların bərpası deyildir. İddiaçı ona məxsus torpağı zəbt etmişdir. Hazırda ona qarşı torpağın zəbtdən azad edilməsi tələbinə dair mülki iş məhkəmənin icraatındadır və iş üzrə ekspertiza təyin edilmişdir. Namiq ona bildirmişdir ki, “əgər sən məndən torpağı alsan, məndə səndən ağacların pulun alacam”. TƏRƏFLƏRİN İZAHATLARİ: Cavabdeh məhkəmə iclasında izahat verərək bildirdi ki, bir ədəd naringi ağacı il ərzində 10 (on) kq-dan artıq məhsul vermir. Naringinin 1 (bir) kq-nın bazar dəyəri təxminən 0,70 (yetmiş) qəpik təşkil edir. Bu baxımdan, dəymiş zərərin real məbləğinin göstəriləndən artıq olmadığı qənaətindədir və zərərin əvəzi olaraq 600 (altı yüz) manat məbləğində ödəniş etməyə razıdır. Eyni zamanda, qarşı tərəfə məxsus zərərin kompensasiyası məqsədilə öz bağından naringi ağacı verməyə də razılıq bildirmişdir. Odur ki, dəymiş zərər məbləğinin azaldılmasını xahiş edir. İddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, məhkəməyə teleqram ünvanlayaraq məhkəmə iclasının iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə tərkibi Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (MPM) 376.2-ci maddəsinə əsasən iddiaçının iştirakı olmadan apellyasiya şikayətinə əsasən mülki işə baxılmasını mümkün hesab etmişdir. PROSESSUAL MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin (MPM) 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 372.1-ci, 372.6-cı və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ### 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Hazırkı halda, Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etməklə qətnaməni tam mübahisələndirmişdir. Ona görə də, məhkəmə tərkibi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarındakı hüquqi mövqeyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsini Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri üzrə tam yoxlanılmasını düzgün hesab edir. T Ə L Ə B İ N Q A N U N İ Ə S A S İ: Diqqətə çatdırılmalıdır ki, istənilən iddia tələbi üzrə hüquqi qiymətləndirmə tələbin qanuni əsasının tapılmasından və işin faktiki hallarının həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa iddia əsaslı, uzlaşmırsa həmin iddia tələbi əsassız hesab edilir. Qeyd edilməlidir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. MM-in 21.2-ci maddəsinə görə zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. MM-in 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Bundan əlavə, MM-in 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. MM-in 1097-ci maddəsinin tələbinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. APELLYASİYA İNSTANSİYA MƏHKƏMƏSİNİN MÖVQEYİ: Məhkəmə tərkibi mülki prosessual qanunvericiliyə müvafiq olaraq ədalət mühakiməsini tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, iş materiallarını araşdıraraq, toplanmış bütün sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi dəymiş zərərin məbləği hissədə dəyişdirilməlidir. Belə ki, iş üzrə mövcud olan “xxxx” MMC-nin MB-**/**** saylı qiymətləndirmə hesabatına əsasən ## ######## 2024-cü il tarixdə baş vermiş yanğın hadisəsi nəticəsində Cavabdeh məxsus torpaq sahəsindən alovun yayılması səbəbilə qonşu İddiaçı məxsus torpaq sahəsində əkilmiş 6 ədəd, 24-25 illik ağaca ziyan dəymişdir. Həmin hesabatla müəyyən edilmişdir ki, hər bir ağacın bazar dəyəri 40 manat olmaqla, ümumilikdə ağacların dəyəri 240 manat təşkil edir. Bu hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə məhkəmə tərkibi tərəfindən qanuni və əsaslı hesab edilir. Lakin məhkəmə tərkibi çəkilmiş xərclərin hesablanması ilə bağlı birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmır. İş materiallarında olan “xxxx” MMC-nin ## ###### 2026-cı il tarixli rəyindən görünür ki, ağacların illik istehsal xərci 1 ağac üçün 9 manat təşkil edir. Məhkəmə tərkibi həmin rəyi mötəbər sübut kimi qəbul edərək hesab edir ki, zərərin bu hissəsi məhz həmin göstəricilər əsasında hesablanmalıdır. Beləliklə, 1 ağac üzrə istehsal xərci hər il üçün 9 manat məbləğində müəyyən edilməklə 24 il üçün 216 manat təşkil edir. Bu məbləğ 6 ağaca tətbiq edildikdə ümumilikdə 1296 manat müəyyən edilir. Göstərilənləri nəzərə alaraq, məhkəmə tərkibi hesab edir ki, mübahisəli ağacların bazar dəyəri 240 manat, qulluq xərcləri isə 1296 manat olmaqla dəymiş ümumi zərərin məbləği 1536 manat müəyyən edilməlidir. Beləliklə, məhkəmə tərkibi iş materiallarını hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Astara Rayon Məhkəməsinin ## ####### 2025-ci il tarixli *(***)-***/**** saylı qətnaməsi 3220 manat məbləğində dəymiş ziyanın Cavabdeh tutularaq İddiaçı ödənilməsi hissəsində dəyişdirilməli və dəymiş ziyanın məbləği 1536 (min beş yüz otuz altı) manat məbləğdə müəyyən edilməlidir. Habelə MPM-in 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə tərkibi qeyd edir ki, apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş 35 (otuz beş) manat məbləğində pul vəsaitinin 15 (on beş) manat hissəsi İddiaçı tutularaq Cavabdeh ödənilməli, qalan 20 (iyirmi) manat hissəsi Cavabdeh özünə aid edilməli, digər məhkəmə xərcləri tərəflərin özlərinə aid edilməlidir. Məhkəmə tərkibi şərh olunanlara əsasən və MPM-in 14.2, 76, 89.1, 217.2, 372, 384, 385.2, 392-393 və 405-ci maddələrini rəhbər tutub QƏT ETDİ: Apellyasiya şikayəti qismən təmin edilsin. Astara Rayon Məhkəməsinin ## ####### 2025-ci il tarixli *(***)-***/**** saylı qətnaməsi 3220 manat məbləğində dəymiş ziyanın Cavabdeh tutularaq İddiaçı ödənilməsi hissəsində dəyişdirilsin və dəymiş ziyanın məbləği 1536 (min beş yüz otuz altı) manat məbləğdə müəyyən edilsin. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş 35 (otuz beş) manat məbləğində pul vəsaitinin 15 (on beş) manat hissəsi İddiaçı tutularaq Cavabdeh ödənilsin. Qətnamə qalan hissədə dəyişdirilməsin. Qətnamə elan edildiyi andan qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar