Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-189/2024 15.08.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin cavabdehlər Cavabdeh3, X1 və Cavabdeh2 qarşı kredit borcunun qaytarılması tələbinə dair mülki iş üzrə Açar sözlər: kredit müqaviləsi üzrə borcun ödənilməsi, ekspert rəyinə əsasən cərimə və faiz borcuna dair hissədə dəyişdirildi. X6 Fehruz oğlunun sədrliyi və məruzəsi ilə, Kərimov Tale Suliddin oğlu və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyev Həsən Əhliman oğlunun katibliyi ilə, İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (ASC-nin) cavabdehlər Cavabdeh3, X1 və Cavabdeh2 qarşı kredit borcunun qaytarılması tələbinə dair mülki iş üzrə Beyləqan Rayon Məhkəməsinin 01 mart 2023-cü il tarixli, 2(020)- 31/2023 saylı (hakim Ramiz Nurullayev) qətnaməsindən Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətinə, apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı Ləğv prosesində olan İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh3, X3 və Cavabdeh2 müştərək qaydada 25 iyun 2014-cü il tarixli kredit müqaviləsi üzrə 10210,64 ABŞ dolları əsas borc, 1463,72 ABŞ dolları faiz borcu, 208,88 ABŞ dolları cərimə borcu və iş üzrə ödənilmiş 357,88 manat dövlət rüsumunun tutularaq, ləğv prosesində olan "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Beyləqan Rayon Məhkəməsinin 24 dekabr 2015-ci il tarixli qiyabi qətnaməsi ilə iddia təmin edilmişdir. Cavabdehlərdən Cavabdeh3 xx.xx.2022-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək Lənkəran Ağır Cinayətlər məhkəməsinin 09 sentyabr 2016-cı il tarixli, hökmü ilə Azərbaycan Respublikası CM-nin 263.1.3-cü maddəsi ilə təqsirli bilinib 4 il müddətə nəqliyyat vasitələrini idarə etmək haqqından məhrum edilməklə 5 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduğunu, məhkəmə qətnaməsindən cəzasını çəkib qurtardıqdan sonra məlumatı olduğunu göstərmiş, qiyabi qətnamənin ləğv edilib işə onun iştirakı ilə baxılmasını xahiş etmişdir. Beyləqan Rayon məhkəməsinin 12 avqust 2022-ci il tarixli qərardadı ilə qiyabi qətnamə ləğv edilərək işə mahiyyəti üzrə baxılması təzələnmiş və işin baxılması 15 sentyabr 2022-ci il tarixə təyin edilmişdir. Bundan sonra iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu iddia tələbinin həcminin artırılması barədə ərizə verərək cavabdehlər Cavabdeh3, X3 və Cavabdeh2 müştərək qaydada ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə cəmi borcu 52428,92 ABŞ dolları- bundan 10210.64 ABŞ dolları əsas borcu, 16576.09 ABŞ dolları faiz borcu, 22425.89 ABŞ dolları cərimə və kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 3216.30 ABŞ dollar faiz borcun və 357.39 manat dövlət rüsumunun tutulması tələbinə dair iddia qaldırmışdır. İddiaçının tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh3 arasında bağlanmış 25 iyun 2014-cü il tarixli müqaviləyə əsasən cavabdehə 124 ay müddətinə illik 30 faiz dərəcəsi ilə 12750 ABŞ dolları məbləğində kredit verilmişdir. Borcun təminatı olaraq X3 və Cavabdeh2 ilə xx.xx.2014-cü il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 4.1-ci bəndinəəsasən zamin durmuşşəxs kredit borcunun vaxtında ödənilməsi üçün Bank qarşısında borcalanla birlikdə cavabdehlik daşıyır. Kredit müqaviləsinin 4.1.5-ci bəndinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Lakin cavabdehlər müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdehlər borcu ödəməkdən boyun qaçırırlar. Cavabdehlər Cavabdeh3, X3 və Cavabdeh2 müştərək qaydada ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə cəmi borcu 52428,92 ABŞ dolları- bundan 10210.64 ABŞ dolları əsas borcu, 16576.09 ABŞ dolları faiz borcu, 22425.89 ABŞ dolları cərimə və kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 3216.30 ABŞ dollar faiz borcun və 357.39 manat dövlət rüsumunun tutularaq, ləğv prosesində olan "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Birinci instansiya məhkəməsində Cavabdeh3 iddianı qismən qəbul etmiş və izahatında göstərmişdir ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə arasında bağlanmış 25 iyun 2014-ci il tarixli Kredit müqaviləsi və 5 saylı Əlavə üzrə ona 24 ay müddətinə illik 30 faiz dərəcəsi ilə 12750 ABŞ dolları məbləğində kredit verilmişdir. Uzun müddət həbsdə olmuş və sonradan imkanı olmadığından kredit borcunu ödəyə bilməmişdir. Ona hesablanan borc şişirdilmişdir. İş üzrə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının rəyi ilə razı deyildir. İddianın qismən təmin edilməsini məhkəmədən xahiş etmişdir. Digər cavabdehlər birinci instansiya məhkəməsində iştirak etmədiyindən onların mövqeyi bəlli olmamışdır. Beyləqan Rayon Məhkəməsinin 01 mart 2023-cü il tarixli, 2(020)-31/2023 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehlər Cavabdeh3, X3 və Cavabdeh2 müştərək qaydada 25 iyun 2014-cü il tarixli kredit müqaviləsi üzrə 10210,64 ABŞ dolları əsas borc, 4526,42 ABŞ dolları faiz borcu, 2000 ABŞ dolları cərimə və kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 3216.30 ABŞ dollar faiz borcu olmaqla cəmi 19953,36 ABŞ dolları (milli manat ekvalentində) və 177,39 (bir yüz yetmiş yeddi manat otuz doqquz qəpik) manat dövlət rüsumunun tutulub ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumuna görə 180 (bir yüz səksən) manatın iddiaçıya aid edilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh3 birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh3 apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.4-cü maddəsinə əsasən borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Qeyd edir ki, o, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 09 sentyabr 2016-cı il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 263.1.3-cü maddəsi ilə təqsirli bilinib 4 il müddətində nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilməklə 5 il 6 ay müddətində azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşdur. Bildirir ki, tərəfindən törədilmiş yol-nəqliyyat hadisəsi tamamilə ehtiyyatsızlıqdan törədilmişdir, məhz bu səbəbdən "xxxx" ASC-yə olan kredit borcunu zamanında ödəməyi mümkün olmamışdır. Yəni, kredit müqaviləsi bağlanarkən təsadüfən baş vermiş yol-nəqliyyat hadisəsini nəzərə ala bilməmişdir. Məhz buna görə də sözügedən kredit müqaviləsi üzrə olan borcunu vaxtlı-vaxtında ödəyə bilməmişdir. Ancaq birinci instansiya məhkəməsi qeyd etdikləri xüsusatları düzgün araşdırmamış, nəticədə ədalətsiz bir qətnamə qəbul etmişdir. Həmçinin qeyd etmək istəyir ki, birinci instansiya məhkəməsi zamanı məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2022-ci il tarixli, 9/7758 saylı rəyi hazırkı işin faktiki reallığından tamamilə uzaqdır. Həmin məbləğlər qərəzli şəkildə şişirdilmişdir. Buna görə də hesab edir ki, hazırkı iş üzrə Şirvan Apellyasiya Məhkəməsində yenidən məhkəmə-mühasibatlıq ekspertizası təyin olunmalıdır. Həmin ekspetizanın təyin edilməsi durumunda birinci instansiya məhkəməsində təyin olunmuş ekspertizasının rəyinin tamamilə şişirdilmiş olmasının şahidi olacağıq. Bir daha qeyd edir, birinci instansiya məhkəməsi onun uzun müddət həbsdə olmasını, sözügedən krediti ABŞ dolları ilə götürdüyünü, həmin müddət ərzində Azərbaycan manatının ABŞ dollarına qarşı devalvasiya etdiyini nəzərə almayaraq tamamilə qanunsuz və əsassız bir qətnamə qəbul etmişdir. Halbuki, qətnamədə nəzərdə tutulmuş faiz məbləğləri, cərimə tamamilə şişirdilmiş məbləğlərdən ibarətdir. Ancaq bildirməlidir ki, birinci instansiya məhkəməsi ümumiyyətlə bu faktlara düzgün hüquqi qiymət verməmişdir. Bildirməlidir ki, məhkəmə tərəfindən işin hallarına tam, hərtərəfli və obyektiv qaydada baxılmamış, işin həlli və ədalətli məhkəmə qərarının çıxması üçün əsas faktlar yoxlanılmamışdır. Belə ki, hazırkı iş üzrə təyin olunmuş məhkəmə-mühasibatlıq ekspertizasının rəyində nəzərdə tutulmuş məbləğlər düzgün hesablanmamışdır. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. ç) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Tərəflər apellyasiya baxışında iştirak etməmişlər. Müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçının nümayəndəsi və cavabdehlər apellyasiya baxışına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. İddiaçının nümayəndəsi X4 məhkəməyə vəsatət göndərərək, məhkəmə iclasının onların nümayəndələrinin iştirakı olmadan keçirilməsini və iş üzrə təkrar məhkəməmühasibatlıq ekspertizasının keçirilməsini xahiş etmişdir. Kollegiya tərəflərin iştirakı olmadan işə baxılmasını Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (MPM-nin) 376.2-ci maddəsinə əsasən mümkün saymışdır. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baхışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baхımından şərh edilməsinə dair” 20 may 2011-ci il tariхli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yохlamalıdır. Bununla əlaqədar оlaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tохunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir.” Hazırkı halda Cavabdeh3 apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etməklə qətnaməni mahiyyətcə borc məbləğinə dair hissədə mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllеgiyası Azərbaycan Rеspublikası Kоnstitusiya Məhkəməsi Plеnumunun yuхarıda qеyd оlunan qərarındakı hüquqi mövqеyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsini borcun məbləğinə dair hissədə yохlanılmasını düzgün hеsab еdir. Mülki işə tətbiq olunan hüquq Azərbaycan Respublikası Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən borclu kreditorun xeyrinə müəyyən hərəkətlər etməli, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmət göstərməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digar əsaslar əmələ gəlməsi halları istisna olmaqla, öhdəlyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Bu Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Bu Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin icrası üçün müəyyənləşdirilmiş müddətdə onun icra edilməməsi, borclunun icranı gecikdirməsi sayılır. Məcəllənin 448-ci maddəsinə əsasən isə borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 384.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə Kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş üzrə sübutları araşdırıb, məruzəni dinləyərək, hesab edir ki, cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi faiz və cərimə borcuna dair hissədə dəyişdirilməlidir. Həmin Məcəllənin 372.2. maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin 372.6. maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7. maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarına əlavə edilmiş kredit müqaviləsindən görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh3 arasında bağlanmış müqaviləyə əsasən cavabdehə 24 ay müddətinə illik 30 faiz dərəcəsi ilə 12750 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin 2.4-cü bəndinə əsasən kreditin istifadəsinə görə Borcalan Kreditora illik 30 faiz dərəcəsi ilə faiz ödəyir. Kredit müqaviləsinin 2.5-ci bəndinə görə gecikdirilən borc məbləğinə cərimə kimi illik 60(altmış) faiz dərəcəsi ilə, aylıq isə 5 faiz dərəcəsi ilə faiz hesablanır və borcalan tərəfindən kreditora ödənilir. Kredit müqaviləsinin 5.1.5-ci maddəsinə görə müqavilədən irəli gələn öhdəliyin vaxtında və lazımi qaydada icra edilməməsi ilə əlaqədar krediti hesablanmış faizlər ilə birlikdə qaytarılmasını tələb etmək bankın hüququdur. İş materiallarına əlavə edilmiş zaminlik müqaviləsindən görünür ki, Cavabdeh3 kredit verilərkən X3 və Cavabdeh2 ilə Bank arasında 25 iyun 2014-cü il tarixli Zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinin 4.1-ci bəndinə əsasən zaminliklə təmin edilmiş öhdəlik kredit müqaviləsində göstərilmiş qaydada icra edilmədikdə və ya lazımınca icra edilmədikdə zamin və borc alan kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Zaminlik müqaviləsinin 4.2-ci bəndinə görə faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borc alanın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də\ daxil olmaqla. Zamin kreditor qarşısında borc alan ilə eyni həcimdə məsuliyyət daşıyır. İş üzrə Cavabdeh3 vəsatəti əsasında məhkəmənin 04 oktyabr 2022-ci il tarixli qərardadı ilə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş və rəy verilməsi üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə göndərilmişdir. İş üzrə alınmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 02 dekabr 2022-ci il tarixli, 9/7758 saylı ekspert rəyindən görünür ki, tərəflər arasında bağlanmış 25 iyun 2014-cü il tarixli kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alaraq iddiaçı Cavabdeh3 cavabdeh İddiaçı ASC-yə olan borcu Müqavilə müddətinin bitmə tarixinə yəni xx.xx.2019-cu il tarixə əsas borc üzrə 10210,64 ABŞ dolları, faiz borcu üzrə 4526,42 ABŞ dolları,müqavilə müddəti bitdikdən sonra 07 sentyabr 2022-ci il tarixə iddia tələbinin həcminin artırılması tarixinə illik 5% hesablamaqla 3166,72 ABŞ dollar təşkil edir. Cavabdeh3 ilə İddiaçı ASC arasında bağlanmış 25 iyun 2014-cü il tarixli kredit müqaviləsi üzrə cərimə pulu bəndi nəzərdə tutulmuş, lakin bank tərəfindən təqdim olunmuş hesabdan çıxarış məlumatlarında bank cərimə hesablamamışdır. Buna görə də hazırkı tədqiqatla Cavabdeh3 oğuna cərimə hesablanmır. İşdə olan Beyləqan Rayon Məhkəməsinin 24 dekabr 2015-cı il tarixli, 2(020)- 1682/2015 saylı qiyabi qətnamənin surətindən görünür ki, cavabdehlər Cavabdeh3, X3 və Cavabdeh2 müştərək qaydada 25 iyun 2014-cü il tarixli kredit müqaviləsi üzrə 10210,64 ABŞ dolları əsas borc, 1463,72 ABŞ dolları faiz borcu, 208,88 ABŞ dolları cərimə cəmi 11883,24 ABŞ dolları məbləğində pul (milli manat ekvalentində) və 30 manat dövlət rüsumu tutulub Ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi qət edilmişdir. Cavabdeh faiz və cərimə borcundan narazı olduğunu apellyasiya şikayətində qeyd etmişdir. İş üzrə apellyasiya baxışında məhkəmə-mühasibatlıq ekspertizası keçirilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 07 may 2024-cü il tarixli rəyinə görə Birinci və ikinci suallar üzrə: Cavabdeh3 banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları, xx.xx.2014-cü il tarixli, 513/14 saylı kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla və xx.xx.2015-ci il tarixədək illik 30%-lə, xx.xx.2015-ci il tarixdən xx.xx.2022-ci il tarixədək illik 5 %-lə çıxmış fayda borcu hesablanmaqla Cavabdeh3 xx.xx.2015-ci il tarixə (sualda göstərilən tarix) banka olan əsas və faiz borcu 11773,86 ABŞ dolları məbləğində və xx.xx.2022-ci il tarixə fayda, (sualda göstərilən tarix) banka olan əldən çıxmış fayda, faiz və əsas borcu 15.446 ABŞ dolları məbləğində müəyyən edilir. O cümlədən xx.xx.2015-ci il tarixə: əsas borc üzrə 10.248,84 ABŞ dolları, faiz borcu üzrə 1.525,02 ABŞ dolları. xx.xx.2022-ci il tarixə: əsas borc üzrə 10.248,84 ABŞ dolları, faiz borcu üzrə 1.525,02 ABŞ dolları, əldən çıxmış fayda borcu üzrə 3.672,50 ABŞ dolları. "Dəmirbank” ASC ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2014- cü il tarixli, 513/14 saylı kredit müqaviləsi üzrə təqdim edilmiş hesabdan çıxarış məlumatlarına əsasən Cavabdeh3 kredit ödənişinin gecikdirilməsinə görə bank tərəfindən cərimə hesablanmamışdır. Üçüncü sual üzrə. Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, "Dəmirbank” ASC ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 513/14 saylı kredit müqaviləsi üzrə təqdim edilmiş hesabdan çıxarış məlumatları xx.xx.2014-cü il tarixdən xx.xx.2015-ci il tarixədək olan dövrü əhatə edir. Cavabdeh3 təqdim edilən hesabdan çıxarış məlumatları xx.xx.2014cü il tarixdən xx.xx.2015-ci il tarixədək olan dövrü əhatə etdiyindən xx.xx.2015-ci il tarixdən sonrakı dövlərdə kredit müqaviləsi üzrə ödənişin edilib-edilməməsini müəyyən etmək mümkün olmadır. Göründüyü kimi cavabdeh apellyasiya şikayətində qətnamənin ləğv edilməsini xahiş etmişdir. O, apellyasiya şikayətində iddia tələbində qeyd olunmuş əsas və faiz məbləğinin çox olmasını, borcun şişirdilməsini mübahisələndirmişdir. Cavabdeh apellyasiya şikayətində ekspertizanın keçirilməsinə əsas olan heç bir sənədi məhkəməyə təqdim etməsə də, apellyasiya icraatı zamanı borcun düzgün hesablanıb-hesablanmaması barədə məhkəmə-mühasibastlıq ekspertizası təyin edilmiş və ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə həvalə edilmiş və Rəy alınaraq işə əlavə edilmişdir. İş materialları ilə müəyyən olunur ki, iddia ərizəsi xx.xx.2025-ci ildə məhkəməyə daxil olmuşdur. Həmçinin müəyyən edilir ki, iddiaçı cavabdehlərə ünvaladığı xx.xx.20215-ci il tarixli xəbərdarlıq məktubunda borclarının ödənilməsi rəsmi olaraq xəbərdarlıq edilmiş, ödənilmədiyi təqdirdə məcburi, o cümlədən qanunvericiliklə nəzərdə tutulan tədbirlər görülməsi qeyd edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 29 mart 2023-cü il tarixli Plenum QƏRARİ-nda göstərilmişdir ki,
1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır.
2. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsinə əsasən, şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi halında həmin Məcəllənin 423.2 və 424.3-cü maddələrinə uyğun olaraq tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbi ilə məhkəməyə müraciət edə bilər. Bu müqavilənin ləğvinin xüsusi qaydası olmaqla, məhkəmə qərarının qüvvəyə minməsi ilə əlaqələndirilmişdir.
3. İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır.
4. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin tələbləri baxımından müqavilənin ləğvindən əvvəl gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərə münasibətdə yaranmış tələb müqavilənin ləğvindən sonrada da qüvvədə qalır.
5. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq, kreditor öhdəliyin pozulması halında digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququna malikdir. Göründüyü kimi iddiaçı xx.xx.20215-ci il tarixli xəbərdarlıq məktubu ilə iradə ifadəsini artıq cavabdehlərə bildirmişdir. İşdə olan 07 iyul 2015-ci il tarixli maliyyə arayışından məlum olur ki, iddia qaldırılarkən iddiaçı cavabdehlərdən tələb olunan əsas, faiz və cərimə borcunu artıq hesablamışdır. Buna görə də kollegiya hesab edir ki, iddiaçı xx.xx.20215-ci il tarixli xəbərdarlıq məktubu ilə iradə ifadəsini cavabdehlərə bildirdiyindən 13 sentyabr 2022-ci il tarixdə iddia tələbinin həcmini artırarkən tələbini faiz və cərimə məbləği hissələrdə artıra bilməzdi. Lakin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 29 mart 2023-cü il tarixli Plenum QƏRARİ-nın qərara aldı hissəsinin 5-ci bəndinə göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq, kreditor öhdəliyin pozulması halında digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququna malikdir. Buna görə kollegiya hesab edir ki, kreditor Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən illik beş faiz hesablanmış 3216,30 (üç min iki yüz on altı dollar, otuz sent) ABŞ dollar faiz borcunu tələb etməkdə haqlı olmuşdur. Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 119.1-ci mаddəsində deyilir ki, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münаsib оlаrаq işdə iştirаk edən şəxslərə аid edilir. İş üzrə 200 (iki yüz) manat ekspertiza xərcinin 100 (bir yüz) manat hissəsi müştərək qaydada cavabdehlər Cavabdeh3, X3 və Cavabdeh2 və 100 (bir yüz) manat hissəsi ləğv prosesində olan İddiaçı ASC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, şikayətdə qeyd olunan dəlillər qətnamənin əsas və faiz borca münasibətdə dəyişdirilməsinə səbəb olsa da, ümumilikdə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.3-cü maddəsinə görə, apelyasiya instansiya məhkəməsi qətnaməni dəyişdirə bilər. Beləliklə kollegiya hesab edir ki, Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Beyləqan Rayon Məhkəməsinin 01 mart 2023-cü il tarixli, 2(020)- 31/2023 saylı qətnaməsi cavabdehlərdən tutulmalı olan faiz və cərimə borcunun miqdarına dair hissədə dəyişdirilməli, Cavabdehlər Cavabdeh3, X3 və Cavabdeh2 müştərək qaydada 25 iyun 2014-cü il tarixli kredit müqaviləsi üzrə 10210.64 (on min iki yüz on dollar, altmış dörd sent) ABŞ dolları, 1463,72 (bir min dörd yüz altmış üç dollar, yetmiş iki sent ) ABŞ dolları faiz, 208,88 (iki yüz səkkiz dollar, səksən səkkiz sent) ABŞ dolları cərimə və kredit müqaviləsi bitəndən sonra Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 3216,30 (üç min iki yüz on altı dollar, otuz sent) ABŞ dollar faiz borcu olmaqla, cəmi (10210.64+1463,72+208,88+3216,30=15099,54) 15099,54 (on beş min doxsan doqquz dollar, əlli dörd sent) ABŞ dolları (milli manat ekvalentində) tutularaq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməli, qətnamə qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 382, 384, 385, 387, 392, 393, 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Beyləqan Rayon Məhkəməsinin 01 mart 2023-cü il tarixli, 2(020)-31/2023 saylı qətnaməsi cavabdehlərdən tutulmalı olan faiz və cərimə borcunun miqdarına dair hissədə dəyişdirilsin. Cavabdehlər Cavabdeh3, X3 və Cavabdeh2 müştərək qaydada 25 iyun 2014-cü il tarixli kredit müqaviləsi üzrə 10210.64 (on min iki yüz on dollar, altmış dörd sent) ABŞ dolları, 1463,72 (bir min dörd yüz altmış üç dollar, yetmiş iki sent ) ABŞ dolları faiz, 208,88 (iki yüz səkkiz dollar, səksən səkkiz sent) ABŞ dolları cərimə və kredit müqaviləsi bitəndən sonra Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 3216,30 (üç min iki yüz on altı dollar, otuz sent) ABŞ dollar faiz borcu olmaqla, cəmi 15099,54 (on beş min doxsan doqquz dollar, əlli dörd sent) ABŞ dolları (milli manat ekvalentində) tutularaq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilsin. Qətnamə qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. İş üzrə 200 (iki yüz) manat ekspertiza xərcinin 100 (bir yüz) manat hissəsi müştərək qaydada cavabdehlər Cavabdeh3, X3 və Cavabdeh2 və 100 (bir yüz) manat hissəsi ləğv prosesində olan İddiaçı ASC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet və Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Qanunla müəyyən edilmiş müddətdə kassasiya şikayəti verilmədiyi halda, qətnamə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.