Məhkəmə qərarları › İş №2(106)-189/2025

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-189/2025

16.09.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-189/2025 16.09.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X2 (sədrlik edən və məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, İsazadə Salman Raqif oğlunun katibliyi ilə, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı maddi ziyanın əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(073)-186/2024 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxıb MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 5500 manat maddi ziyanın və 75 manat dövlət rüsumunun alınıb ona verilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cəlilabad rayonu Uzuntəpə kəndində yaşayır və təsərrüfatla məşğul olmaqla ailəsini saxlayır. Təsərrüfatında xırdabuynuzlu heyvanlar vardır və həmin heyvanları Uzuntəpə kəndi ərazisindəki otlaq sahəsində heyvanlara baxan X3 otarır. 24 avqust 2023-cü il tarixdə saat 05 radələrində X3 heyvanları örüş sahəsinə apararkən Cəlilabad rayonu Uzuntəpə kəndi ərazisində yoldan keçirmək istəyən zaman həmin kənd istiqamətində hərəkətdə olan X4 və Cavabdeh idarə etdikləri avtomobillərlə ona məxsus heyvanları vuraraq tələf etmişlər. Nəticədə 24 baş heyvan tələf olmuş, 7 baş heyvan isə xəsarət almışdır. Sonradan xəsarət alan heyvalar da tələf olmuşdur. Hadisə nəticəsində ona ümumilikdə 14000 manat maddi ziyan dəymişdir. Tələf olmuş heyvanlardan 3 başını Əli Alışov, 28 baş heyvanı isə Cavabdeh vurmuşdur. Əli Alışov tərəfindən vurulmuş ziyan ona aid hissədə ödənilmişdir. Belə ki, sığorta şirkəti tərəfindən 1500 manat, Əli Alışovun özü tərəfindən də 1500 manat ödənilmişdir. Tələf olmuş heyvanların hər birinin dəyəri 430-600 manat olmuşdur. Cavabdeh tərəfindən vurulmuş ziyandan 5000 manatı sığorta şirkəti tərəfindən ona ödənilmişdir. Elşən Məmmədov qalan ziyanı ödəməkdən imtina etmişdir. Qalan ziyanın ödənilməsi barədə cavabdehə dəfələrlə xəbərdarlıq etsə də, ziyanı ödəməkdən yayınmışdır. Baş vermiş hadisə ilə əlaqədar Cəlilabad rayon polis şöbəsində araşdırma aparılmış, cavabdehin təqsiri sübuta yetirilmiş və onun barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Hadisə nəticəsində cavabdehin də maddi ziyana düşdüyünü nəzərə alaraq tələf olmuş hər bir qoyunu 450 manata qiymətləndirmişdir. Halbuki, ona dəyən maddi ziyan daha artıq olmuşdur. Cavabdeh iddiaya qarşı etirazında göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə, saat 05:20-də qanuni sənəd əsasında idarə etdiyi “Mercedes Benz” markalı ** EH *** dövlət qeydiyyat nişanlı avtomobili ilə Cəlilabad şəhəri Qurtuluş prospektindən Cəlilabad rayonu Uzuntəpə kəndi istiqamətində hərəkətdə olan zaman havanın qaranlıq vaxtı qəflətən xırdabuynuzlu heyvanların yola çıxmasını görmüş, həmin vaxt onun idarə etdiyi avtomobilin qarşısında onunla eyni istiqamətdə hərəkətdə olmuş “Mercedes Benz” markalı ** UJ *** dövlət qeydiyyat nişanlı avtomobilin yola çıxmış qoyun sürüsünü vurmasını görmüşdür. Həmin avtomobilə və qoyuna xətər yetirməmək üçün əyləci sıxıb avtomobili sol hissəyə yönəltmiş, bu zaman yolun həmin istiqamətdə olan sayını dəqiq bilmədiyi qoyun sürüsünü vurmuşdur. O və Əli Alışov qoyunları vurmuş, nəticədə hadisə yerində 24 baş xırdabuynuzlu heyvan tələf olmuşdur. Cavabdehin vurmuş olduğu ziyanın 5000 manatı sığorta şirkəti tərəfindən iddiaçıya ödənilmişdir. İddiaçı tərəfindən heyvanların dəyəri artıq göstərilmişdir. Belə ki, tələf olmuş heyvanların 1 başının dəyəri 300-330 manat dəyərində olmuşdur. Belə halda isə iddiaçıya dəymiş ziyan tam şəkildə ödənilmişdir. Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(073)-186/2024 saylı qətnaməsi ilə (hakim Qalib Paşayev) Cavabdeh dəymiş maddi ziyanın əvəzi olaraq 5500 manat pulun və 75 manat dövlət rüsumunun alınıb İddiaçı verilməsi qət edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 15 aprel 2025-ci il tarixli qərardadı ilə 2(106)-189/2025 saylı mülki iş üzrə qiymətləndirmə ekspertizası təyin edilmiş və iş üzrə icraat ekspert rəyi alınanadək icraat dayandırılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 21 avqust 2025-ci il tarixli qərardadı ilə mülki iş üzrə icraatın təzələnməsi qərara alınmışdır. İŞİNHALLARİ: xx.xx.2022-ci il tarixli ƏN-V 990294 saylı etibarnamənin surətindən görünür ki, «Mercedes Benz E 320» minik markalı ** EH *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi X5 tərəfindən Cavabdeh Əlifğa oğluna etibar edilmişdir. Cəlilbad rayon polis şöbəsinin xx.xx.2023-cü il tarixli Cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarından görünür ki, Cavabdeh Cəlilabad rayon mərkəzi xəstəxanasına daxil olması barədə toplanmış materialda cinayət tərkibi olmadığından material üzrə cinayət işinin başlanması rədd edilmiş və Cavabdeh barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsindən ötrü qərarın surətinin Cəlilabad RPŞ-nin DYPB-yə göndərilməsi qərara alınmışdır. Həmin qərardan görünür ki, X4 xx.xx.2023-cü il tarixdə saat 05:20 radələrində «Mercedes Benz» markalı **-UJ-*** dövlət qeydiyyat nişanlı avtomobili Cəlilabad şəhəri Qurtuluş prospektindən Cəlilabad rayonu Uzuntəpə kəndi istiqamətində hərəkət etdirən zaman yoldan keçən İddiaçı məxsus xırda buynuzlu heyvanları vurmuş, həmin anda arxa tərəfdən eyni istiqamətdə Cavabdeh «Mercedes Benz» markalı ** EH *** dövlət qeydiyyat nişanlı avtomobili hərəkət etdirəndə qarşıda olan avtomobili və heyvanları vurmaqdan yayınmaq üçün avtomobili sol tərəf istiqamətə hərəkət etdirmiş, nəticədə Cavabdeh da avtomobillə bir neçə qoyun vurmuşdur. Baş vermiş yol-nəqliyyat hadisəsi zamanı Cavabdeh İXM-in 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətmiişdir. Hadisə zamanı İddiaçı 31 baş xırda buynuzlu heyvanı tələf olmuşdur. Mübahisə mülki xarakterli olduğu üçün cinayət işinin başlanması rədd edilmiş və İddiaçı dəymiş maddi ziyanla bağlı məhkəməyə müraciət etmək hüququnun olduğu izah edilmişdir. xx.xx.2023-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Cavabdeh İXM-in 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməyə görə 80 manat məbləğində cərimə edilmişdir. Mal-qara alqı-satqı bazarının direktoru tərəfindən verilmiş arayışdan görünür ki, 1 baş (yaxşı sort, kök, cavan artımlı, boğaz qoyun) qoyunun orta bazar qiyməti 430-450 manat qiymətləndirilmişdir. Mal-qara alqı-satqı bazarının direktoru tərəfindən verilmiş arayışdan görünür ki, 1 baş yanı balalı (yaxşı sort, kök, cavan, artımlı, yanı balalı və quzusu kök) qoyunun orta bazar qiyməti 580-600 manat qiymətləndirilmişdir. 22 iyul 2025-ci il tarixli ƏEM/i 62-383/25 saylı ekspert rəyindən görünür ki, aparılmış tədqiqat, fermer təsərrüfatları ilə aparlan sorğular, aktual bazar təhlili, bölgə üzrə qiymət səviyyələri və digər iqtisadi göstəricilər nəzərə alınmaqla müəyyən edilmişdir ki, 2-3 yaşında, orta çəkidə sağlam və məhsuldar bir baş ana qoyunun hazırkı orta bazar dəyəri 300,0-350,0 manat aralığında dəyişir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işin faktiki hallarına əsasən Cavabdeh 24 avqust 2023-cü il tarixində saat 05:20-də qanuni sənəd əsasında idarə etdiyi «Mercedes Benz» markalı ** EH *** dövlət qeydiyyat nişanlı avtobili ilə Cəlilabad şəhəri Qurtuluş prospektindən Cəlilabad rayonu Uzuntəpə kəndi istiqamətində hərəkətdə olan zaman havanın qaranlıq vaxtı qəflətən xırda buynuzlu heyvanların yola çıxmasını görmüş, həmin vaxt idarə etdiyi avtomobilin qarşısında onunla eyni istiqamətdə hərəkətdə olan «Mercedes Benz» markalı ** UJ *** dövlət qeydiyyat nişanlı avtomobilin yola çıxmış qoyun sürüsünü vurmasını görmüşdür. Həmin avtomobilə və qoyunlara xəsarət yetirməmək üçün əyləci sıxaraq avtomobili sol tərəf yönəltmiş, bu zaman yolun həmin hissəsində olan bir neçə qoyun sürüsünü vurmuşdur. O və digər avtomobilin sürücüsü Əli Alışov qoyunları vurmuşlar və nəticədə hadisə yerində 24 baş heyvan tələf olmuşdur. Bundan sonra vurduğu qoyunların sayına uyğun hesablanma aparıldı və sığorta şirkəti tərəfindən zərərçəkənə 5000 manat ödəniş edildi. Həmin vaxt zərərçəkənlə, yəni iddiaçı ilə aralarında barışıq olsa da, sonradan zərərçəkən əlavə olaraq 5500 manat pul tələb etmişdir. Əsas kimi isə qoyunların qiymətlərinin baha olmasını əsas gətirmişdir. Heyvanların qiymətinin real bazar dəyərinə uyğun sığorta şirkəti tərəfindən hesablama aparılmış və onların dəyəri ödənilmişdir. Məhkəmə isə iddiaçının istəyinə uyğun və onun tərəfindən sübut kimi təqdim edilmiş arayışa əsasən iddianı təmin etmişdir. Halbuki, həmin sübut mötəbər deyil və həqiqəti əks etdirmir. Məhkəmə iddianı təmin edərkən işdə olan mal-qara alqı-satqı bazarının direktoru tərəfindən verilmiş arayışa, iddiaçının formal fikirlərinə istinad etmişdir. Həmin rəy inandırıcı və obyektiv deyildir. Belə ki, məhkəmə əgər həqiqətən də iş üzrə obyektiv qətnamə qəbul etmək niyyətində idisə, o zaman real ziyanın məbləğinin müəyyən edilməsindən ötrü əmtəəşünaslıq ekspertizasının keçirilməsi barədə qərardad qəbul edərək iş materiallarını Ədliyyə Nazirliyi Ekspertiza Mərkəzinə göndərməli idi. Ədliyyə Nazirliyi Ekspertiza Mərkəzinin ekspertləri real ziyanın müəyyən edərək barədə ekspert rəyi tərtib edib məhkəməyə göndərməli və yalnız bundan sonra məhkəmə həmin rəyi əsas götürərək ədalətli qətnamə çıxarmalı idi. Bu barədə məhkəmə iclasında şifahi vəsatət verərək məhkəmədən xahiş etmişdir ki, real ziyanın müəyyən edilməsi üçün Ədliyyə Nazirliyi Ekspertiza Mərkəzinə göndərilsin. Lakin məhkəmə tərəfindən vəsatət təmin edilməmişdir. Məhkəmə yalnız iddiaçının formal mülahizəsinə və işdə olan onun tərəfindən təqdim edilmiş arayışa istinad etmişdir. Göründüyü kimi, mübahisənin düzgün və ədalətli həlli üçün əhəmiyyət kəsb edən qeyd olunan hallar birinci instansiya məhkəməsi tərəfindən araşdırılmış, mövcud sübut və dəlillər düzgün qiymətləndirilməmiş, bu səbəbdən mübahisəyə düzgün hüquqi qiymət verilməmiş və nəticədə ədalətli olmayan qətnamə qəbul edilmiş və məhkəmə qətnaməsində düzgün hüquqi nəticəyə gəlinməmişdir. Qeyd olunan hallar mübahisənin düzgün və ədalətli həlli üçün mühüm əhəmiyyət kəsb etdiyindən məhkəmə tərəfindən araşdırılmalıdır. Hakim göstərilən vəzifəsini də yerinə yetirməyərək, tamamilə formal yanaşma nümayiş etdirmiş, qətnamə çıxararkən qeyd edilən maddənin tələbinə uyğun olaraq həll etməli olduğu məsələləri həll etməmişdir. Ona görə də, məhkəmə tərəfindən qətnamə qəbul edilərkən düzgün hüquqi nəticəyə gəlinməmişdir. İddiaçı məhkəmədə verdiyi izahatda bildirdi ki, 31 baş qoyun tələf olub. 28 başının dəyərinin ödənilməsini Şənnədov Elşən, digər 3 baş qoyunun dəyərinin ödənilməsini isə Əbilov Əli öz öhdəsinə götürdü. Hadisə Uzuntəpə kəndi ərazisində baş vermişdir. Qoyunlar yolun kənarında olan zaman avtoqəza nəticəsində Cavabdeh idarə etdiyi avtomobil ilə qoyunlara dəymiş və hamısı ölmüşdür. Qoyunların qiyməti hazırkı vaxtda 700-800 manat arası dəyişilir. Odur ki, hazırkı qiymətləndirmənin rəyi ilə razı deyildir. Cavabdeh məhkəmədə verdiyi izahatda göstərdi ki, qiymətləndirmə rəyi düzgündür. İddiaçı razılaşma ilə bağlı təklifdə etmişdir. Hadisə zamanı 18-20 qoyun ölüsünü görmüş, lakin sonradan əlavə 7 qoyunun da öldüyünü dedilər. Qiymətləndirmənin müəyyən etdiyi 300 manat dəyərlə razıdır. Məhkəmə tərkibi apellyasiya şikayətinin dəlillərini işin halları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı və qətnamə dəyişdirilməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (MPM) 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. MPM-in 372.1-ci, 372.6-cı və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Hazırkı halda, Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etməklə qətnaməni tam mübahisələndirmişdir. Ona görə də, məhkəmə tərkibi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarındakı hüquqi mövqeyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsini Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri üzrə tam yoxlanılmasını düzgün hesab edir. MPM-in 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Diqqətə çatdırılmalıdır ki, istənilən iddia tələbi üzrə hüquqi qiymətləndirmə tələbin qanuni əsasının tapılmasından və işin faktiki hallarının həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa iddia əsaslı, uzlaşmırsa həmin iddia tələbi əsassız hesab edilir. Tətbiq edilən hüquq: Qeyd edilməlidir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. MM-in 21.2-ci maddəsinə görə zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Eyni zamanda, MM-in 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Bundan əlavə, MM-in 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. MM-in 1097-ci maddəsinin tələbinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Yuxarıda sadalanan maddi hüquq normalarının dispozisiyasından aydın olur ki, mülki hüquq pozuntusu nəticəsində vurulmuş zərərə görə məsuliyyətə cəlb etmək üçün zərərin özünün varlığı, zərər vuranın təqsirli (təqsirsiz məsuliyyət halları istisna olmaqla) və hüquqa zidd əməli, əməllə zərər arasında səbəbli əlaqənin mövcudluğu tələb olunur. Göründüyü kimi, hazırkı iş üzrə İddiaçı Cavabdeh tərəfindən maddi ziyanın vurulması iş materialları ilə təsdiq edilmişdir. Məhkəmə tərkibi diqqətə çatdırır ki, həqiqətin müəyyən edilməsini təmin etmək məqsədi ilə formal həqiqət prinsipinə istinadən İddiaçı Cavabdeh tərəfindən maddi ziyan yetirilməsi iş üzrə mötəbər sübutlarla təsdiq olunmuşdur. Eyni zamanda, qeyd edilməlidir ki, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). MPM-in 384.0.3-cü maddəsinin tələbinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirə bilər. Beləliklə, məhkəmə tərkibi işdə olan sübutları, habelə əldə edilmiş "xxxx" MMC-nin 22 iyul 2025-ci il tarixli ƏEM/İ 62-383/25 nömrəli rəyini tərəflərin izahatları ilə əlaqəli şəkildə araşdıraraq hesab edir ki ,apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə dəyişdirilməlidir. Belə ki, "xxxx" MMC-nin adıçəkilən - 22 iyul 2025-ci il tarixli ƏEM/İ 62-383/25 nömrəli rəyinə görə 2-3 yaşında orta çəkidə sağlam və məhsuldar bir baş ana qoyunun hazırkı orta bazar dəyəri 300-350 manat aralığında dəyişir. Bununla yanaşı, o da nəzərə alınmalıdır ki, birinci instansiya məhkəməsində cavabdeh etirazında göstərmişdir ki, tələf olmuş heyvanların 1 başının dəyəri 300-330 manat dəyərində olmuşdur. Qeyd edilənlərə əsasən tərkib hesab edir ki, mütəxəssis rəyinə görə bir baş ana qoyunun orta bazar dəyəri 300-350 manat dəyərində olması və cavabdehin izahatında qəbul etdiyi 300-330 manat qiyməti əsas götürülməklə, bir baş ana qoyunun orta bazar dəyəri 325 manat olmaqla hesablanmalıdır. Belə ki, göstərilən orta qiymət ədalətli və ağlabatan sayıla bilər. Beləcə, 24 baş qoyunun dəyəri hər biri 325 manat olmaqla 7800 manat müəyyən edilir ki, iddiaçıya vurulmuş həmin maddi zərərin də 5000 manat hissəsi sığorta qurumu tərəfindən qarşılanmışdır. Bununla da, qalıq məbləğ – 2800 manat isə cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, qeyd edilənlərə əsasən Cavabdeh apellyasiya şikayəti qismən təmin edilməli, Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(073)-186/2024 saylı qətnaməsi dəyişdirilməli, Cavabdeh dəymiş maddi ziyanın əvəzi olaraq 2800 manat məbləğində pul vəsiti İddiaçı xeyrinə tutulmalıdır. Habelə məhkəmə tərkibi hesab edir ki, İddiaçı "xxxx" MMC-nin iş üzrə verdiyi 22 iyul 2025-ci il tarixli ƏEM/İ 62-383/25 nömrəli rəyi ilə razılaşmaması hər hansı mötəbər dəlillə əsaslandırılmır. MPM-in 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 115-ci maddəsinə görə şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Bundan başqa, MPM-in 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə tərkibi qeyd edir ki, apellyasiya şikayətinin verilməsi ilə əlaqədar cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumunun bir hissəsi qismində 30 (otuz) manat məbləğində pul vəsaiti iddiaçıdan tutularaq cavabdehə ödənilməlidir. Habelə məhkəmə tərkibi hesab edir ki, "xxxx" MMC-nin 22 iyul 2025-ci il tarixli ƏEM/İ 62-383/25 nömrəli rəyi üzrə tədqiqatın dəyəri olaraq xidmət haqqı qismində 200 (iki yüz) manat məbləğində pul vəsaitinin 100 (yüz) manat hissəsi Cavabdeh, 100 (yüz) manat hissəsi isə İddiaçı tutularaq "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. MPM-in 402.1-ci maddəsinə görə mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Məhkəmə tərkibi şərh olunanlara əsasən və MPM-in 372, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq Q Ə T E T D İ: Apellyasiya şikayəti qismən təmin edilsin. Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(073)-186/2024 saylı qətnaməsi dəyişdirilsin və Cavabdeh dəymiş maddi ziyanın əvəzi olaraq 2800 (iki min səkkiz yüz) manat məbləğində pul vəsiti İddiaçı xeyrinə tutulsun. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar Cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumunun bir hissəsi qismində 30 (otuz) manat məbləğində pul vəsaiti İddiaçı tutularaq Cavabdeh ödənilsin. "xxxx" MMC-nin 22 iyul 2025-ci il tarixli ƏEM/İ 62-383/25 nömrəli rəyi üzrə tədqiqatın dəyəri olaraq xidmət haqqı qismində 200 (iki yüz) manat məbləğində pul vəsaitinin 100 (yüz) manat hissəsi Cavabdeh, 100 (yüz) manat hissəsi isə İddiaçı tutularaq "xxxx" MMCnin xeyrinə ödənilsin. Qətnamə elan edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar