Məhkəmə qərarları › İş №2(106)-1891/2024

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-1891/2024

15.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-1891/2024 15.11.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən, məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Novruzova Aytən Nazim qızından ibarət tərkibdə, Şirvan Şəhər Məhkəməsinin 10 oktyabr 2024-cü il tarixli 2(032)-563/2024 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul tələbinə” dair iddia ərizəsi ilə müraciət edərək Cavabdeh 26000 manat və dövlət rüsumu kimi ödədiyi 168 manat məbləğində pul vəsaitinin alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Şirvan şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(032)563/2024 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh 26000 (iyirmi altı min) manat məbləğində pul vəsaiti alınaraq İddiaçı verilməsi, Cavabdeh ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 168 (yüz altmış səkkiz) manat məbləğində pul vəsaiti alınaraq İddiaçı verilməsi, Cavabdeh ekspertiza xərci qismində 126 (yüz iyimi altı) manat məbləğində pul vəsaiti alınaraq dövlət nəfinə keçirilməsi qət edilmişdir. Cavabdeh tərəfindən Şirvan şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(032)563/2024 saylı qətnaməsindən verilmiş apellyasiya şikayəti Şirvan şəhər Məhkəməsinə 20 avqust 2024cü il tarixdə daxil olmuşdur. Şirvan şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(032)563/2024 saylı qərardadı ilə Şirvan şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(032)563/2024 nömrəli qətnaməsindən iş üzrə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Şirvan şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(032)563/2024 saylı qərardadının surəti xx.xx.2024-cü il tarixdə Cavabdeh çatdırılmışdır. Cavabdeh xx.xx.2024-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək Şirvan şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(032)563/2024 saylı qərardadının surətinin təkrarən ona verilməsini xahiş etdiyindən qərardadın surəti xx.xx.2024-cü il tarixdə Cavabdeh məhkəmə qəbzinə imza etməklə təqdim olunmuşdur. Cavabdeh tərəfindən Şirvan şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(032)563/2024 saylı qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün prosessual müddətin bərpa edilməsinə dair vəsatət xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Şirvan şəhər Məhkəməsinin 10 oktyabr 2024-cü il tarixli 2(032)-563/2024 saylı (X8) qərardadı ilə vəsatət təmin edilmiş, Şirvan şəhər Məhkəməsinin 15 iyul 2024-cü il tarixli, 2(032)563/2024 saylı qətnaməsindən cavabdeh X7 tərəfindən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddət bərpa olunmuş, apellyasiya şikayəti baxılması üçün mülki iş materialları ilə birlikdə Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Şirvan Şəhər Məhkəməsinin 10 oktyabr 2024-cü il tarixli 2(032)-563/2024 saylı qərardadından İddiaçı şikayət verərək, cavabdehin müddətin bərpası ilə bağlı üzrlü səbəbi olmadığı üçün ərizənin rədd olunmasını və müddətin bərpa edilməməsini xahiş etmişdir. Şirvan şəhər Məhkəməsinin 21 oktyabr 2024-cü il tarixli 2(032)-563/2024 saylı (X8) qərardadı ilə, Şəhər Məhkəməsinin 10 oktyabr 2024-cü il tarixli 2(032)-563/2024 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayətin təmin edilməməsi, şikayətin işlə birlikdə 7 gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən aslı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən bu məcəllənin 269.3-cü maddəsində nəzərdə tutulmuş əsaslar olduqda məhkəmənin qərardadından verilən ilkin şikayət işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Kollegiya iş materiallarını tədqiq edərək müəyyən etmişdir ki, Cavabdeh tərəfindən Şirvan şəhər Məhkəməsinin 2(032)-563/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən ilk dəfə verilmiş apellyasiya şikayəti qanunvericiliklə nəzərdə tutulmuş müddət ərzində verilsə də, elektron qaydada verilmədiyindən həmin şikayət geri qaytarılmışdır. Bundan sonra Cavabdeh qeyd edilən nöqsanları aradan qaldırdıqdan sonra yenidən apellyasiya şikayəti və müddətin bərpası barədə vəsatət vermişdir. Şirvan Şəhər Məhkəməsi tərəfindən vəsatət təmin edilmiş və Şirvan Şəhər Məhkəməsinin 10 oktyabr 2024-cü il tarixli 2(032)-563/2024 saylı qərardadı ilə müddət bərpa edilmişdir. İddiaçı şikayət verərək, cavabdehin müddətin bərpası ilə bağlı səbəblərinin üzrlü olmadığı üçün ərizənin rədd olunmasını və müddətin bərpa edilməməsini xahiş etmişdir. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edərək aşağıdakıları qeyd edir. Kollegiya qeyd edir ki, məhkəməyə müraciət hüququnun həyata keçirilməsinin qanunvericiliklə müəyyən olunmuş prosessual tələblərlə şərtləndirilməsi qəbul edilən olsa da, həmin normalar şəxsi məhkəməyə müraciət etmək hüququndan məhrum edəcək dərəcədə hədsiz formallıqdan uzaq olmalıdır. Məhkəmə müdafiəsi hüququnun realizəsi qaydalarını müəyyən edən Mülki Prosesual Məcəllənin 10-1.1 və 10-1.2-ci maddələrinə əsasən, elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. Məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir. Qeyd edilməlidir ki, Azərbaycan Respublikası Prezidentinin “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 2019-cu il 3 aprel tarixli Fərmanı ilə ədalət mühakiməsinin əlçatanlığını və şəffaflığını daha da artırmaq məqsədilə “elektron məhkəmə” informasiya sisteminin tətbiqinin təmin edilməsi, fiziki və hüquqi şəxslərin “elektron məhkəmə” informasiya sistemindən istifadəsinin təşviq edilməsi üçün tədbirlərin görülməsi müəyyən olunmuşdur. Nəzərə alınmalıdır ki, “Elektron məhkəmə” informasiya sisteminin tətbiqi vətəndaşların məhkəməyə müraciət imkanlarının daha da genişləndirilməsi, icraatın effektivliyinin yüksəldilməsi məqsədini daşıyır ki, bu da yeni, elektron müraciət vasitələrinin şəxslərin məhkəməyə müraciətinə maneə yaratmaq, məhkəmə əlçatanlığını çətinləşdirmək vasitəsi kimi nəzərdən keçirilməsini istisna edir. Konstitusiya Məhkəməsinin Plenumunun “E.Axundovun məhkəməyə müraciət hüququnun pozulması barədə şikayətinə dair” 2023-cü il 6 oktyabr tarixli Qərarında da göstərilmişdir ki, məhkəməyə əlçatanlıq müdafiəyə ehtiyacı olan şəxs üçün ədalət mühakiməsinin təmin edilməsinin zəruriliyini nəzərdə tutmaqla, həmin şəxsin yaranmış vəziyyətlə bağlı məhkəmənin simasında dövlətin mövqeyini bilmək hüququnu da ehtiva edir. Konstitusiyada təsbit edilmiş insan hüquq və azadlıqları ilə bağlı digər qanunvericilik aktlarında əks olunmuş tənzimləyici normalar müvafiq konstitusiya normalarının tətbiqini mümkünsüz etməməli, əksinə məhkəmə tərəfindən konstitusion hüquqların realizəsinə, təməl prinsiplərin rəhbər tutulmasına imkan yaratmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) də məsələyə dair oxşar mövqelər ifadə etmişdir. Belə ki, X3rşı iş üzrə 1975-ci il 21 fevral tarixli Qərarda qeyd olunmuşdur ki, məhkəmə araşdırması hüququnun bir aspektini təşkil edən məhkəməyə müraciət etmək hüququ “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın (bundan sonra – Konvensiya) 6-cı maddəsinin 1-ci bəndində nəzərdə tutulan hüququn ayrılmaz elementidir (§36). Məhkəməyə müraciət etmək hüququ mütləq deyil və məhdudiyyətlərə məruz qala bilər, çünki müraciət etmək hüququ öz təbiətinə görə dövlət tərəfindən tənzimləməni tələb edir və həmin tənzimləmə cəmiyyətin və fərdlərin ehtiyaclarına uyğun olaraq müxtəlif vaxtlarda və müxtəlif yerlərdə dəyişə bilər (X1rşı iş üzrə 1985-ci il 28 may tarixli Qərar §57). Lakin qoyulan məhdudiyyətlər bu hüququn mahiyyətinə xələl gətirəcək dərəcədə şəxsin məhkəməyə müraciət etmək hüququnu məhdudlaşdırmamalıdır. Onlar legitim məqsəd güdməli və istifadə olunan vasitələr və güdülən məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olmalıdır (X4rşı iş üzrə 1994-cü il 21 sentyabr §65; Bellet Fransaya qarşı iş üzrə 1995-ci il 4 dekabr tarixli §31 Qərarlar). İş materiallarından da görünür ki, cavabdeh ilk dəfə apelyasiya şikayətini qanunvericilikdə nəzərdə tutulmuş müddətdə vermiş, lakin elektron qaydada verilmədiyindən şikayət geri qaytarılmışdır. Bundan sonra cavabdeh nöqsanları aradan qaldıraraq apelyasiya şikayətini elektron qaydada vermiş və müddətin bərpa edilməsini xahiş etmişdir. Kollegiya qeyd etməyi zəruri hesab edir ki, apellyasiya şikayətinin Mülki Prosessual Məcəllənin 360-cı maddəsi ilə nəzərdə tutulmuş müddət (1 ay) keçdikdən sonra və ya bu müddətin keçməsinə az vaxt qala geri qaytarıldığı halda, şikayətdəki nöqsanların aradan qaldırılmasından sonra yenidən məhkəməyə müraciət edilə biləcəyi prosessual müddət qanunvericiliklə müəyyən edilməmişdir. Bu isə bəzən şəxsin təqsiri olmadan, obyektiv səbəblərdən məhkəməyə şikayət verməklə bağlı qanunvericiliklə müəyyənləşdirilmiş müddətlərin ötürülməsi ilə nəticələnir, lakin belə hallar məhkəmələr tərəfindən üzürlü səbəb olaraq qiymətləndirilmir. Nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 133.1-ci maddəsinə uyğun olaraq məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Nəticədə şəxs şikayətin qaytarılmasına səbəb olan çatışmazlıqları aradan qaldırdıqdan sonra təkrarən məhkəməyə müraciət etmək hüququndan məhrum olur ki, bu da məhkəmə müdafiəsi hüququnun konstitusion mahiyyəti və təyinatı ilə uzlaşmır. Halbuki Konstitusiyaya görə Azərbaycan Respublikası hüquqi dövlət olduğundan və üç pilləli məhkəmə vasitəsi ilə məhkəmə hakimiyyəti formalaşdığından iş üzrə tərəflərin məhz həmin üç pilləli məhkəmə vasitəsi ilə pozulmuş hüquqlarının müdafiəsini iddia etmək (şikayət vermək) yolu ilə aradan qaldırılması nəzərdə tutmuşdur. Göstərilənlər baxımından kollegiya hesab edir ki, məhkəmələr tərəfindən şikayət verən şəxsin kassasiya şikayətinin qaytarılmasına səbəb olan nöqsanları aradan qaldıraraq yenidən məhkəməyə müraciət etməsi üçün müvafiq müddətin qanunvericilik qaydasında müəyyən edilməsi məqsədəmüvafiq olar. Bu, şəxslərin Konstitusiyanın 60-cı maddəsinin İ hissəsində və Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulan məhkəməyə müraciət etmək hüququnun təmin edilməsi baxımından zəruridir. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 408.5-ci maddəsinin şərh edilməsinə dair” 2024-cü il 27 fevral tarixli Qərarında da göstərilmişdir ki, Mülki Prosessual Məcəllənin 408.5-ci maddəsində şikayət verən şəxsin kassasiya şikayətinin qaytarılmasına səbəb olan nöqsanları aradan qaldıraraq yenidən müraciət edə bilməsi üçün müvafiq müddətin müəyyən olunmaması Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinin tələblərinə cavab verməyən, şəxslərin hüquq və azadlıqlarını və məhkəmə əlçatanlığını məhdudlaşdıran hal kimi qiymətləndirilməlidir. Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinə və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunan hüquqi mövqelərə əsasən, məsələ qanunvericilik qaydasında həll edilənədək şəxsin kassasiya şikayətinin qaytarılmasına səbəb olan nöqsanları aradan qaldıraraq yenidən məhkəməyə müraciət edə biləcəyi ağlabatan müddət hakim tərəfindən müəyyən edilməlidir. Konstitusiya Məhkəməsinin Plenumunun qeyd edilən hüquqi mövqeyindən çıxış edən kollegiya hesab edir ki, apellyasiya şikayətinin geri qaytarılması haqqında qərardadda hakim şikayətin geri qaytarılmasının əsaslarını göstərməklə onların aradan qaldırılması üçün ağlabatan müddət müəyyən etməlidir. Şirvan Şəhər Məhkəməsinin 10 oktyabr 2024-cü il tarixli 2(032)-563/2024 saylı qərardadından da görünür ki, belə bir müddət müəyyən edilməmiş, yalnız şikayət elektron qaydada verilmədiyi üçün geri qaytarılmışdır. Kollegiya hesab edir ki, Konstitusiyanın 60-cı maddəsinin İ hissəsində və Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulan məhkəməyə müraciət hüququnun təmin edilməsi üçün şikayət verən şəxsin apellyasiya şikayətinin qaytarılmasına səbəb olan nöqsanları aradan qaldıraraq yenidən məhkəməyə müraciət etməsi üçün ağlabatan müddətin hakim tərəfindən müvafiq qərardad ilə müəyyən edilməsi məqsədəmüvafiq olar. Lakin hər nə qədər ki belə bir müddət müəyyən edilməmişdir, cavabdehin yenidən elektron qaydada verdiyi apelyasiya şikayəti üzrə müddətin bərpa edilməməsi onun məhkəmə müdafiəsi hüququnun pozulmasına gətirib çıxara bilər. Odur ki, kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab edir ki, birinci instansiya məhkəməsi apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpası barədə qənaətə gələrkən prosessual normaları düzgün tətbiq və təfsir etdiyindən, şikayət təmin edilməməli, gəlinən nəticə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402.2-402.3-cü maddələrinə əasasən apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında; birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qərardadlarından kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 128, 130, 263, 264, 360, 365, 397,398, 400 və 402.2-402.3-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Şirvan Şəhər Məhkəməsinin 10 oktyabr 2024-cü il tarixli 2(032)-563/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Şirvan şəhər Məhkəməsinin 15 iyul 2024-cü il tarixli, 2(032)-563/2024 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə baxılması ilə əlaqədar sonrakı prosessual hərəkətlər yerinə yetirilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar