Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1894/2025 15.01.2026 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyəti "xxxx" Bankının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borc” tələbinə dair iş üzrə Q Ə T N A M Ə S İ Açar sözlər: kredit müqaviləsi üzrə borcun ödənilməsi. Şirvan şəhəri, 15 yanvar 2026-cı il Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri İmanov Cahid Fehruz oğlunun sədrliyi və məruzəsi ilə, Kərimov Tale Suliddin oğlu və Əliyev Qasım Vəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyev Kamran Sabir oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyəti "xxxx" Bankının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borc” tələbinə dair iş üzrə İmişli Rayon Məhkəməsinin 09 oktyabr 2025ci il tarixli, e-2(036)-747/2025 saylı qətnaməsindən (hakim: O.Mahmud) iddiaçının nümayəndəsi Nümayəndə1 tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı Açıq Səhmdar Cəmiyyəti "xxxx" Bankının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borc” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Açıq Səhmdar Cəmiyyəti "xxxx" Bankının xeyrinə xx.xx.2022-ci il tarixli DKM/021N05A01337722 saylı kredit müqaviləsinə əsasən 4820.37 manat əsas, xx.xx.2025-ci il tarixinə qədər kreditdən istifadəyə görə hesablanmış 121.26 manat faiz, 28.92 manat penya borcunun, cəmi 4970.55 manat məbləğində vəsaitin, qətnamənin qəbul edildiyi tarixə qədər əsas borc məbləğinə illik 13 % (on üç faiz) dərəcəsi ilə hesablanan adi faizlər və illik 15 % (on beş faiz) dərəcəsi ilə hesablanan penyanın birgə qaydada tutulması və ödənilmiş 70 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borc” tələbinə dair iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Açıq Səhmdar Cəmiyyəti "xxxx" Bankının xeyrinə xx.xx.2022-ci il tarixli DKM/021N05A01337722 saylı kredit müqaviləsinə əsasən 4820.37 manat əsas, xx.xx.2025-ci il tarixinə qədər kreditdən istifadəyə görə hesablanmış 561.66 manat faiz, 485.56 manat penya borcunun, cəmi 5867.59 manat məbləğində vəsaitin, xx.xx.2025-ci il tarixdən qətnamənin qəbul edildiyi tarixə qədər əsas borc məbləğinə illik 13 % (on üç faiz) dərəcəsi ilə hesablanan adi faizlər və illik 15 % (on beş faiz) dərəcəsi ilə hesablanan penyanın birgə qaydada tutulması və ödənilmiş 78.70 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı (kreditor) ASC "xxxx" Bankı ilə cavabdehlər Cavabdeh1 (Borc alan) arasında bağlanmış xx.xx.2022-ci il tarixli DKM/021N05A01337722 №-li Kredit müqaviləsinə müvafiq olaraq iddiaçı tərəfindən Borc alana 48 (qırx səkkiz) ay müddətinə, illik 13 % (on üç faiz) ödənilməsi şərtilə 8 000 (səkkiz min) manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə Borc alanın öhdəliklərinin lazımi qaydada yerinə yetirilməsini təmin etmək məqsədilə iddiaçı ilə digər cavabdehlər Cavabdeh2 arasında xx.xx.2022-ci il tarixli DKM/021N05A01337722/ZM №li zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən Zamin Borc alanın Kredit müqaviləsi üzrə Bank qarşısında öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti daşımaq öhdəliyi götürmüşdür. Kredit müqaviləsinin 2.4-cü maddəsinə və onun 1 №-li Əlavəsi olan Annuitet ödəniş cədvəlinə əsasən cavabdehlər Cavabdeh1 hər ay bərabər məbləğdə müvafiq ödənişlər aparmaqla əsas borc məbləğinin qaytarılmasını və ona hesablanmış faizlərin ödənilməsini öhdəsinə götürmüşdür. Lakin cavabdehlər Cavabdeh1 bu öhdəliklərini kobud şəkildə pozmuş və bu günə qədər kredit üzrə əsas borc məbləğinin bir hissəsini Banka qaytarmamış və əsas borc məbləğinə hesablanmış faizlərin müəyyən hissəsini ödəməmişdir. Belə ki, iddia ərizəsinin məhkəməyə verildiyi cari tarixə cavabdehlər Cavabdeh1 Kreditor qarşısında gecikdirilmiş borcu 4 941,63 (dörd min doqquz yüz qırx bir manat 63 qəpik) manat təşkil edir ki, bunun da 4 820,37 (dörd min səkkiz yüziyirmi manat 37 qəpik) manat vaxtı keçmiş əsas borcdan, 121,26 (bir yüziyirmi bir manat 26 qəpik) manat isə hesablanmış və ödənilməmiş adi faizlər üzrə borc məbləğindən ibarətdir. Bundan əlavə cavabdehlər Cavabdeh1 kredit üzrə əsas borc məbləğinin ödənilməsinin gecikdirilməsi ilə əlaqədar olaraq Banka Kredit müqaviləsinin 5.2-ci bəndinə əsasən vaxtı keçmiş əsas borc məbləğinə hesablanan adi faizlərlə yanaşı illik 15 % (on beş faiz) dərəcəsi ilə penya da ödəməlidir ki, iddia ərizəsinin məhkəməyə verildiyi xx.xx.2025-ci il tarixinə bu məbləğ 28,92 (iyirmi səkkiz manat 92 qəpik) manat məbləğində təşkil edir. Kredit müqaviləsi üzrəcavabdehlər Cavabdeh1 tərəfindən üzərinə götürdüyü öhdəliklərin kobud şəkildə pozulması ilə əlaqədar olaraq iddiaçının Kredit müqaviləsinin 3.1.3-cü yarımbəndinə əsasən hesablanmış faizlərlə birlikdə əsas borc məbləğinin qaytarılmasını vaxtından əvvəl tələb etmək hüququ yaranmışdır. Kredit müqaviləsi üzrə cavabdehlər Cavabdeh1 (Borc alan) tərəfindən üzərinə götürdüyü öhdəliklərin kobud şəkildə pozulması ilə əlaqədar olaraq sonuncu ilə, eyni zamanda digər cavabdehlər Cavabdeh2 (Zamin) ilə bir neçə dəfə əlaqə saxlanılmasına və onlara borcun ödənilməsinin tələb edilməsinə dair müvafiq olaraq xx.xx.2024-cü il tarixli ŞRV- XO1.7.2024-003 №-li Xəbərdarlığın və xx.xx.2024-cü il tarixli ŞRV-XO-29.7.2024-001 №-li öhdəliklərin yerinə yetirilməsi haqqında tələbin göndərilməsinə baxmayaraq, həmin şəxslər tərəfindən borcun ödənilməsi üçün bu günə qədər heç bir əməli addım atılmamışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia ərizəsini müdafiə edərək, iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İmişli Rayon Məhkəməsinin 09 oktyabr 2025-ci il tarixli, e-2(036)-747/2025 saylı qətnaməsi ilə iddia ərizəsi qismən təmin edilmiş və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçı Açıq Səhmdar Cəmiyyəti "xxxx" Bankının xeyrinə xx.xx.2022-ci il tarixli DKM/021N05A01337722 saylı kredit sazişinə əsasən 4820.37 (dörd min səkkiz yüz iyirmi manat otuz yeddi qəpik) manat əsas, 104.58 (bir yüz dörd manat əlli səkkiz qəpik) manat faiz və 241.01 (iki yüz qırx bir manat bir qəpik) manat cərimə borcu olmaqla, cəmi 5165.96 (beş min yüz altmış beş manat doxsan altı qəpik) manat məbləğində borc və 71.66 (yetmiş bir manat altmış altı qəpik) manat ödənilmiş dövlət rüsumu tutulması, məhkəmə xərcinin 6.34 (altı manat otuz dörd qəpik) manat hissəsinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2, 0.86 (səksən altı qəpik) manat hissəsinin isə iddiaçı "xxxx" X4 Cəmiyyətindən alınaraq dövlət büdcəsinə köçürülməsi və iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manatın 44.02 (qırx dörd manat iki qəpik) manat hissəsinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2, 5.98 (beş manat doxsan səkkiz qəpik) hissəsinin isə "xxxx" X4 Cəmiyyətindən tutulub Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b)Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən iddiaçının nümayəndəsi Nümayəndə1 apellyasiya şikayəti verərək, İmişli Rayon Məhkəməsinin 09 oktyabr 2025-ci il tarixli, e-2(036)-747/2025 saylı qətnaməsinin qismən, yəni iddia tələblərinin təmin edilməyən hissələrində ləğv edilməsini və iddia tələblərinin tam təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış kredit müqaviləsinə 1 saylı Əlavəyə (ödəniş cədvəlinə) əsasən Cavabdeh kredit üzrə əsas borc məbləğini və hesablanmış faizləri hər ay Banka ödəmək öhdəliyi götürmüş, müəyyən müddət bu öhdəliyi yerinə yetirsə də, sonrakı vaxtlarda həmin öhdəliyi pozmağa başlamışdır. Bu səbəbdən Bank xx.xx.2024-cü il tarixində Cavabdehə xəbərdarlıq ünvanlayaraq həmin tarixə (məktubun tarixinə) 656.81 manat məbləğində gecikdirilmiş ümumi borcun yarandığı barədə məlumat vermişdir. Eyni zamanda gecikdirilən borc məbləğinin 3 bank günü ərzində ödənilməsi tələb edilməklə yanaşı, Kredit müqaviləsinin 5.2-ci yarımbəndinə əsasən cavabdehin əsas borc məbləğinin ödənilməsi müddətlərini pozduğuna görə ona kredit üzrə vaxtı keçmiş əsas borc məbləğinə gecikdirmənin hər günü üçün illik 15% dərəcəsi ilə cərimə faizlərinin hesablandığı barədə məlumat verilmiş və kredit üzrə ödənişlərin aparılması qaydası və müddətlərinə dair öhdəliklərin onun tərəfindən pozulması nəticəsində Bankın kredit müqaviləsinin 3.4.3-cü yarımbəndinə əsasən kreditin hesablanmış faizlərlə birlikdə vaxtından əvvəl qaytarılması və bu tələbin icrasını təmin etmək üçün iddia ilə məhkəmə müraciət etmək hüququnun olması barədə məlumatlandırılmışdır. Həmçinin borcun tam qaytarılmasının tələb edilməsinə dair hər hansı cümlə (buna dair iradə ifadəsi) sözügedən xəbərdarlığın məzmununda mövcud deyildir. Göründüyü kimi, xəbərdarlıq məktubunun məzmunu həmin günə formalaşmış gecikdirilmiş borcun qaytarılması ilə bağlıdır. Bank Kredit müqaviləsinin 3.1.3-cü bəndini rəhbər tutaraq, öhdəliklərin vaxtından əvvəl icrası ilə bağlı yalnız xx.xx.2025-ci il tarixli borcun Borcalandan tutulmasını barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qeyd etmişdir ki, iddia ərizəsinin verilməsi belə iddiaçının müqaviləyə xitam verilməsinə dair iradəsini ifadə etmir. Lakin, məhkəmə xəbərdarlığı iddiaçının kredit müqaviləsi üzrə bütün borcun vaxtından əvvəl geri tələb etməsi ilə bağlı qarşı tərəfə “bildiriş” göndərdiyini və bununla da həmin tarixdən sonra müqavilənin ləğv edildiyinə dair səhv nəticəyə gələrək əsassız qətnamə qəbul etmişdir. Məhkəmə Konstitusiya Məhkəməsinin 2023-cü il 29 mart tarixli Qərarının 1-ci və 4-cü bəndlərində (“qərara aldı” hissəsi) qeyd olunan hüquqi mövqeyi işin faktiki hallarına əsasən münasibətdə səhv tətbiq etmiş və bununla da düzgün olmayan qətnamə qəbul etmişdir. Halbuki, həmin Qərarda yer alan hüquqi mövqeyə əsasən «...müqavilənin bağlanması və qüvvədə qalması tərəflərin birgə iradəsinə əsaslandığı üçün, onların qabaqcadan xüsusi ləğvetmə əsaslarını müəyyən etmək hüququna malik olması da mülki qanunvericiliyin tələblərindən irəli gəlir. Bu səbəbdən də Mülki Məcəllənin 421.2-ci maddəsində “müqavilədə nəzərdə tutulan digər hallarda” və Məcəllənin 421.3-cü maddəsində “tərəflərin razılaşması ilə yol verildikdə” ifadələri ilə tərəflərin müqaviləni birtərəfli qaydada aradan qaldırmaq imkanı tanınmışdır». c)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. ç)Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Kollegiyanın iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətini müdafiə etmiş və onun təmin edilməsini xahiş etmişdir. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Kollegiyası, işə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinin tələbinə əsasən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Hazırkı iş üzrə cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin qismən ləğv edilməsini, iddianın təmin edilməyən hissədə təmin edilməsini xahiş etməklə, qətnaməni qismən mübahisələndirmişdir. Məhkəmə Kollegiyası, qeyd edilənlərə əsasən də, apellyasiya şikayətinə əsasən qətnamənin əsaslılığını mübahisələndirilən hissədə yoxlayır. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2.1-ci maddəsinə görə, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə müvafiq olaraq, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərini cra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. (MM-739.2.) 739.3-cü maddəsinə əsasən, Borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin borc müqaviləsinin predmetinə sərəncam hüququnun yarandığı gün borcun verildiyi gün hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada verildikdə, borcun verildiyi gün borc məbləğinin borcalanın, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın (və ya onun göstərdiyi üçüncü şəxsin) hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcalanın və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun verildiyi gün hesab edilir. 740.1-ci maddəsinə əsasən, Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən borcalandan müqavilədə nəzərdə tutulmuş qaydada və məbləğdə faiz almaq hüququna malikdir. 741.1-ci maddəsinə əsasən, Bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcalanın əmlak vəziyyətinin əhəmiyyətli dərəcədə pisləşməsi və ya borcalanın borcverənə hər hansı yanlış məlumat verməsi səbəbindən borcun vaxtında qaytarılmayacağı açıq-aşkar bəlli olduqda, yaxud borcalan borcun verilməsi üçün borc müqaviləsində nəzərdə tutulmuş öhdəliyini icra etmədikdə, o cümlədən təminat təqdim etmədikdə, borcverən borc vermək öhdəliyini tam və ya qismən icra etməkdən birtərəfli qaydada imtina edə bilər. 742.1-ci maddəsinə əsasən, Borcalan borcu (həmçinin faizləri və (və ya) haqları) borc müqaviləsində nəzərdə tutulan müddətdə və qaydada (bu Məcəllənin 740-cı maddəsi nəzərə alınmaqla) borcverənə qaytarmalıdır. Borc predmeti borcverənə və ya borcverənin göstərdiyi üçüncü şəxsə verildiyi gün, müqavilədə ayrı qayda nəzərdə tutulmamışdırsa, qaytarılmış hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada qaytarıldıqda, borcun qaytarıldığı gün borc məbləğinin borcverənin, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcverənin və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun qaytarıldığı gün hesab edilir. 742.5-ci və 742.5.2-ci maddələrinə əsasən, qanunda və ya borc müqaviləsi ilə borcalanın xeyrinə ayrı qayda nəzərdə tutulmayıbsa, borcun hissə-hissə qaytarılmasını və (və ya) faizlərin və (və ya) haqların hissə-hissə ödənilməsini nəzərdə tutan borc müqaviləsi üzrə vaxtı çatmış borcun (faizlər və (və ya) haqlar daxil olmaqla) 90 (doxsan) gün və ya daha çox müddətə gecikdirilməsi, yaxud borcun (faizlər və (və ya) haqlar daxil olmaqla) ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması (90 (doxsan) gündən az olmamaqla) halında borcverən müəyyən müddətə verilmiş borcun (o cümlədən borcun vaxtından əvvəl tələb edildiyi günədək borcla bağlı borcverənə ödənilməli olan faiz və (və ya) digər ödənişlərin) vaxtından əvvəl qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217-ci maddəsinin tələblərinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır (217.1), qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (217.3), bu Məcəllənin 10-1.3- cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (217.5). Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən əsaslı olduğundan şikayət qismən təmin edilməli İmişli Rayon Məhkəməsinin qətnaməsi xx.xx.2025-ci il tarixinə qədər kreditdən istifadəyə görə hesablanmış faiz borcunun tutulması hissəsində dəyişdirilməlidir. Belə ki, iş materiallarında olan Açıq Səhmdar Cəmiyyəti "xxxx" Bankı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli DKM/021N05A01337722 il tarixli kredit sazişinə əsasən ona 48 (qırx səkkiz) ay müddətinə, illik 13 % (on üç faiz) ödənilməsi şərtilə 8 000 (səkkiz min) manat məbləğində kredit vermişdir. İş materiallarında olan Açıq Səhmdar Cəmiyyəti "xxxx" Bankı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, DKM/021N05A01337722/ZM nömrəli zaminlik müqaviləsindən görünür ki, zamin xx.xx.2022-ci il tarixli, DKM/021N05A01337722 saylı Kredit Müqaviləsi üzrə Borcalanla birgə kreditor qarşısında kredit müqaviləsinə dair borcalanın daşıdığı öhdəliklər üzrə məsuliyyət daşıyır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli ŞRV-XO-1.7.2024-003 №-li Xəbərdarlıqdan görünür ki, ASC "xxxx" Bankı arasında bağlanmış xx.xx.2022-ci il tarixli "DKM/021 N05A01337722” saylı Kredit Müqaviləsinə əsasən, ona 48 ay müddətinə, illik 13 faiz hesablanmaqla, 8,000.00 (Səkkiz min man. 0 qəp.) manat məbləğində kredit verilmişdir. Həmin Kredit müqaviləsinə 1 saylı Əlavəyə (ödəniş cədvəlinə) əsasən cavabdeh kredit üzrə əsas borc məbləğini və hesablanmış faizləri hər ay Banka ödəmək öhdəliyini öz üzərinə götürmüşdür. Lakin bu öhdəliklərin onun tərəfindən pozulması nəticəsində bank qarşısında xx.xx.2024-cü il tarixinə 433.98 (dörd yüz otuz üç manat 98 qəp.) manat məbləğində ümumi borcu yaranmışdır ki, bunun 377.24 (üç yüz yetmiş yeddi manat 24 qəp.) manatını kredit üzrə vaxtı keçmiş əsas borc məbləği, 53.71 (əlli üç manat 71 qəp.) manatını isə hesablanmış faizlər üzrə borc məbləği təşkil edir. Kredit müqaviləsinin 5.2 yarımbəndinə müvafiq olaraq, onun tərəfindən əsas borc məbləğinin ödənilməsi müddətləri pozulduğuna görə kredit üzrə vaxtı keçmiş əsas borc məbləğinə gecikdirmənin hər günü üçün illik 15 % faiz dərəcəsi ilə cərimə faizləri hesablanır. Hazırkı xəbərdarlığın tarixinə hesablanmış cərimə faizləri 3.03 (üç manat 03 qəp.) manat təşkil edir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli ŞRV-XO-29.7.2024-001 №-li Xəbərdarlıqdan görünür ki, ASC "xxxx" Bankı arasında bağlanmış 17,06.2022-d il tarixli DKM/021NO5A01337722/ZM saylı Zaminlik Müqaviləsinə əsasan o Bank tərəfindən xx.xx.2022-ci il tarixli DKM/021NO5A0037722 saylı Kredit müqaviləsi üzrə X1 48 ay müddətinə, illik 13 faiz hesablanmaqla, 8,000.00 (Səkkiz min man. 0 qəp.) manat məbləğində verilmiş kredit üzrə Zamin qismində çıxış etmişdir. Zaminlik müqaviləsinin (bundan sonra - “Müqavilə”) 1,1. yarımbəndinə müvafiq olaraq Borcalan Bank qarşısında Kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə və ya lazımınca yerinə yetirmədikdə Zamin Bank qarşısında Borcalanın öhdəliklərinə görə tam həcmdə məsuliyyət daşıyır və Müqavilənin 2.2.2. yarımbəndinə əsasən Bankdan müvafiq yazılı tələbi aldığı gündən 3 (üç) bank günü ərzində Borcalanın Bank qarşısındakı öhdəliklərini tam həcmdə yerinə yetirməyə borcludur. Borcalan tərəfindən Kredit müqaviləsi üzrə öz öhdəliklərinin pozulması nəticəsində Borcalanın Bank qarşısında xx.xx.2024-cü il tarixinə 656.81 (Altı yüz əlli altı man. 81 qəp.) manat məbləğində ümumi borcu yaranmışdır ki, bunun 542.55 (Beş yüz qırx iki man, 55 qəp.) manatım kredit üzrə vaxtı keçmiş əsas borc məbləği, 106.82 (Bir yüz altı man. 82 qəp.) manatını isə hesablanmış faizlər üzrə borc məbləği təşkil edir. Kredit müqaviləsinin 5.2 yarımbəndinə müvafiq olaraq, Borcalan tərəfindən əsas borc məbləğinin ödənilməsi müddətlərinin pozulmasına görə kredit üzrə vaxtı keçmiş əsas borc məbləğinə gecikdirmənin hər günü üçün illik 15 (on beş) % faiz dərəcəsi İlə cərimə faizləri hesablanır. Hazırkı tələbin tarixinə hesablanmış cərimə faizləri 7.44 (Yeddi man, 44 qəp.) manat təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 9/2463 nömrəli ekspert rəyinə əsasən, Cavabdeh1 ilə iddiaçı Açıq Səhmdar Cəmiyyəti "xxxx" Bankı arasında bağlanmış xx.xx.2022-ci il tarixli DKM/021N05A01337722 il tarixli kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixə banka olan əsas borcu 4908.73 manat, faiz borcu 104.58 manat təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası Vətəndaşının AA seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh1 xx.xx.1995-ci il tarixdə anadan olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Vətəndaşının AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh2 xx.xx.1998-ci il tarixdə anadan olmuşdur. Göründüyü kimi iddia ərizəsi qismən təmin edilmiş, qətnamədən iddiaçı narazı qalaraq apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri xx.xx.2025-ci il tarixinə qədər kreditdən istifadəyə görə hesablanmış 561.66 manat faiz, 485.56 manat penya borcunun, xx.xx.2025-ci il tarixdən qətnamənin qəbul edildiyi tarixə qədər əsas borc məbləğinə illik 13 % (on üç faiz) dərəcəsi ilə hesablanan adi faizlər və illik 15 % (on beş faiz) dərəcəsi ilə hesablanan penyanın tutulmaması ilə bağlıdır. Kollegiya apellyasiya şikayətinin dəlilləri ilə bağlı aşağıdakıları qeyd edir. Kollegiya birinci instansiya məhkəməsinin - kredit sazişinə əsasən 4820.37 manat əsas, 241.01 (iki yüz qırx bir manat bir qəpik) manat cərimə borcunun tutulması və iddianın digər hissələrdə təmin edilməməsi ilə razılaşsa da - xx.xx.2025-ci il tarixinə qədər kreditdən istifadəyə görə hesablanmış 561.66 manat faiz borcunun tutulmaması hissəsində birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmır və hesab edir ki, qətnamə xx.xx.2025-ci il tarixinə qədər kreditdən istifadəyə görə hesablanmış faiz borcunun tutulması hissəsində dəyişdirilməlidir. Belə ki, məhkəmə iddianın artırılması barədə ərizəni icraata qəbul etmiş, hətta 485.56 manat penya borcunun 241.01 manat həddində saxlamışdır. Lakin məhkəmə iddianı 561.66 manat faiz borcu hissədə təmin etməmişdir. Birinci instansiya məhkəməsi iddia tələbləri üzrə «adi faizlər üzrə borcun tutulması» hissəsində qismən təmin edilməsi ilə bağlı mövqeyini Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2,424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair» 29 mart 2023-cü il tarixli Qərarından irəli gələn hüquqi mövqe ilə əlaqələndirmişdir. Məhkəmə qeyd edilən Plenum qərarının mövqeyindən çıxış edərək hesab etmişdir ki, hazırki mülki iş üzrə xx.xx.2022-ci il tarixli DKM/021N05A01337722 saylı kredit müqaviləsinə əsasən faiz borcu cavabdehə ünvanlanmış pretenziya məktubundan göstərilmiş tarixə uyğun (iradə ifadəsinin təsdiqindən) hesablanmalıdır.». Lakin iş materiallarından müəyyən olunur ki, Kredit müqaviləsi xx.xx.2022-ci il tarixində 48 (qırx səkkiz) ay müddətinə bağlanmış, yəni müqavilə xx.xx.2025-ci il tarixinə qədər qüvvədədir və həmin kredit müqaviləsinin 3.1.3-cü bəndinə əsasən Bank əsaslar yarandıqda kredit üzrə əsas borcun və ona hesablanmış faizlərin vaxtından əvvəl ödənilməsini Borcalandan tələb edə bilər. Həmin Kredit müqaviləsinə 1 saylı Əlavəyə (ödəniş cədvəlinə) əsasən cavabdehlər kredit üzrə əsas borc məbləğini və hesablanmış faizləri hər ay Banka ödəmək öhdəliyi götürmüş, müəyyən müddət bu öhdəliyi yerinə yetirsə də, sonrakı vaxtlarda həmin öhdəliyi pozmağa başlamışdır. Bu səbəbdən Bank xx.xx.2024-cü il tarixində cavabdehə xəbərdarlıq ünvanlayaraq həmin tarixə (məktubun tarixinə) 656.81 manat məbləğində gecikdirilmiş ümumi borcun yarandığı barədə ona məlumat vermişdir. Qeyd edilməlidir ki, xx.xx.2024-cü il tarixili xəbərdarlığın məzmununda cavabdehə borcun tam qaytarılmasının tələb edilməsinə dair hər hansı ifadə və buna dair iradə ifadəsi mövcud deyildir. Xəbərdarlıq məktubunun məzmunu həmin günə formalaşmış gecikdirilmiş borcun qaytarılması ilə bağlıdır. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi xx.xx.2024-cü il tarixili xəbərdarlıq məktubunu iddiaçının müqaviləni ləğv edilməsi kimi şərh etdiyindən, həmin tarixdən sonra faizlərin tutula bilməməsinə istinad etməklə həmin hissədə iddianı təmin etməmişdir. Halbuki, bəhs edilən xəbərdarlığın məzmununa nəzər saldıqda cavabdehə borcun tam qaytarılmasının tələb edilməsinə dair hər hansı iradə ifadəsinin olmamasını müəyyən etmək mümkündür. Odur ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, İmişli Rayon Məhkəməsinin 09 oktyabr 2025-ci il tarixli, e-2(036)-747/2025 saylı qətnaməsi qismən - xx.xx.2025-ci il tarixinə qədər kreditdən istifadəyə görə hesablanmış faiz borcunun tutulmaması hissəsində dəyişdirilərək kreditdən istifadəyə görə tutulmalı olan faiz borcu 104.58 manat deyil, 561.66 manat olaraq müəyyən edilməlidir. Həmin Məcəllənin 384.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. İddiaçı tərəfindən apellyasiya instansiyasına ödənilmiş 39.35 manat (otuz doqquz manat, otuz beş qəpik) dövlət rüsumu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq iddiaçı Açıq Səhmdar Cəmiyyəti "xxxx" Bankına ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Göründüyü kimi iddia tələbinin mübahisələndirilən hissəsi beş min manatdan az olduğu üçün iş üzrə qəbul edilmiş qətnamədən kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382-ci, 384.0.3-cü, 392-ci, 402.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. İmişli Rayon Məhkəməsinin 09 oktyabr 2025-ci il tarixli, e-2(036)-747/2025 saylı qətnaməsi qismən - xx.xx.2025-ci il tarixinə qədər kreditdən istifadəyə görə hesablanmış faiz borcunun tutulmaması hissəsində dəyişdirilərək, kreditdən istifadəyə görə tutulmalı olan faiz borcu (104.58 manat deyil) 561.66 ( beş yüz altmış bir manat, 66 qəpik) olaraq müəyyən edilsin. İddiaçı tərəfindən apellyasiya instansiyasına ödənilmiş 39.35 manat (otuz doqquz manat, otuz beş qəpik) dövlət rüsumu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq iddiaçı Açıq Səhmdar Cəmiyyəti "xxxx" Bankına ödənilsin. Qətnamə qəbul edildiyi vaxtdan qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(106)-1894/2025
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1894/2025
15.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver