Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1895/2025 08.01.2026 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Heydərov Tofiq Xudayar oğlu və Novruzova Aytən Nazim qızından ibarət tərkibdə, Hüseynov Pünhan Sübhan oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə İmişli Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(036)-2734/2025 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı cavabdehə qarşı 4180 manat pulun və 62 manat dövlət rüsumunun ödənilməsi tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, 2024-ci ilin oktyabr ayında özünə məxsus olan kənd təsərrüfatı üçün yararlı ekskovatoru şifahi razılaşmaya əsasən 2 ay müddətinə, aylıq 4500 (dörd min beş yüz) manata Cavabdeh icarəyə vermişdir. Ekskovator Yevlax rayonunda saxlanılmış, cavabdeh tərəfindən işlədilməsi üçün Zərdab rayonuna aparılmışdır. Dekabrın 28-i texnika qaytarılmışdır. Texnikanın iki aylıq icarə haqqı 9000 (doqquz min) manat olduğu halda, cavabdeh tərəfindən iki dəfəyə olmaqla ona cəmi 4500 (dörd min beş yüz) manat pul ödənilmişdir. Qalan pul cavabdeh tərəfindən bu günə qədər ödənilməyib və cavabdeh ödəməkdən qərəzli şəkildə yayınır. Hal-hazırda cavabdehin 4180 (dörd min yüz səksən) manat borcu qalmışdır. Bütün bu yazdıqlarını cavabdehə məxsus ***-***-**-** nömrəli telefon nömrəsi ilə yazdığı və iddia ərizəsinə əlavə etdiyi mesajlar təsdiq edir. Birinci instansiya məhkəməsində icraat İmişli Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(036)-2734/2025 saylı qətnaməsi (hakim: Gülsaba Ağayeva) ilə iddia təmin edilmiş, Cavabdeh 4180 (dörd min yüz səksən) manat və ödənilmiş 62 manat dövlət rüsumunun alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi aşağıdakıları müəyyən etmişdir; İşin mübahisəsiz halları ilə müəyyən olunmuşdur ki, iddiaçı ilə cavabdeh aylıq 4500 manat olmaqla 2 aylıq ekskovatorun cavabdehə verilməsi barədə razılığa gəlmişlər. Texnika oktyabr ayında cavabdehə verilmiş və 28 dekabrda iddiaçıya qaytarılmışdır. İddiaçıya 4500 manat pul ödənilmişdir. Bu iddiaçı və cavabdehin izahatları ilə, iş materialında olan yazışmalarla və Whatsapp vasitəsilə olan səs yazışmaları ilə təsdiqini tapır. Cavabdehin müvafiq razılaşmanın olması, pulun tam ödənilməməsi, borcun 4180 manat təşkil etməsi ilə bağlı etirazı olmamış, yalnız ona istinad etmişdir ki, həmin pulu o deyil, ekskovatoru verdiyi şirkət ödəməlidir, Şirkət ona indiyədək texnika üçün heç bir məbləğ ödəməmişdir. O iddiaçıya verdiyi pulları belə özü şəxsən ödəmişdir. Cavabdehə ödəmələr edildikdən sonra o da iddiaçının pulunu qaytara bilər. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır. Məhkəmə cavabdehin hazırkı dəlillərini əsassız hesab etmişdir. İşdə olan Whatsapp yazışmaları ilə müəyyən olunur ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixədək çoxsaylı yazışmalar, zənglər, səsli mesajlar olmuşdur. Cavabdeh həmin yazışmaların məhz onunla iddiaçı arasında olmasını qəbul etmişdir. Cavabdeh yazışmalarda “pul gözləyirəm, alıb verəcəm, iş açılsın verəcəm, hələ pul yoxdur” kimi ifadələrlə pulun ödənişini ləngitdikdən sonra, xx.xx.2025-ci il tarixdə tərəflər arasında aşağıdakı məzmunda yazışma olmuşdur. Cavabdeh: “Salam. Necəsiz? Siz Anar müəllimə zəng vurmusuz?” İddiaçı: “Bəli. Nəsə problem var?” Cavabdeh: ”Siz Anar müəllimlə iş görmüsünüz ki, ona zəng vurmusuz?”. İddiaçı: “Xeyr, sadəcə vəsaitin ödənilməsi barədə soruşmuşam. Burda nə var ki?” Cavabdeh: Əlbəttə ki, problem var. Siz işi mənlə danışmısınız.” İddiaçı: ”Bəli, sizlə danışmışam. Siz vəsaitin vaxtlı-vaxtında ödənilməsini söz vermişdiniz. Lakin ödəməni gecikdirirsiz. Məndə də lazımsız şübhələr yaranırdı, ona görə öyrəndim. Zəng edib soruşmuşam. Bunu böyütmək nəyə lazımdır ki?” Cavabdeh: “Siz məni ayaqlayıb, üstümdən keçib kiməsə zəng edirsiniz, sonra deyirsiniz ki, burda nə var ki.” Beləliklə, yazışmalardan cavabdehin özünün dediyi kimi, razılaşmanın məhz onunla aparıldığı, ödəmənin də nəticə etibarilə onun tərəfindən edilməli olduğu müəyyən olunur. İddiaçı tərəfindən təqdim olunmuş səs yazıları ilə müəyyən olunmuşdur ki, iddiaçı cavabdehə pulun ödənilməməsi səbəbindən narazılığını bildirir, kreditin götürülübgötürülməməsinin ona heç bir aidiyyətinin olmamasını, onun borcunun qaytarılmalı olduğunu, cavabdeh isə cavabında ona pulun ödənilmədiyini, kredit götürüb pulu ödəyəcəyini bildirir. Məhkəmə qeyd olunanlara əsasən hesab etmişdir ki, iddiaçının cavabdehə texnika verməsi və pulun ona qaytarılmaması faktı araşdırılmış sübutlarla-tərəflərin izahatları, yazışmalar və səs yazıları ilə təsdiqini tapmışdır. Məhkəmə hesab etmişdir ki, iddia təmin olunduğundan 62 manat dövlət rüsumundan ibarət məhkəmə xərci cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Mülki iş üzrə iddiaçı və cavabdehə məhkəmə iclasının vaxtı barədə xəbərdar edilmələri ilə bağlı xx.xx.2025-ci il tarixli və xx.xx.2025-ci il tarixli sifarişli poçt göndərişləri göndərilmişdir ki, həmin göndərişlərin dəyəri 5.4 manat təşkil edir. 5.4 manatdan ibarət həmin məhkəmə xərci Cavabdeh tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməlidir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385, 386.1, 700, 700.1, 700.2-ci maddələri, Bakı Apellyasiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 144, 146, 329, 675 və 700-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsi ilə bağlı müraciətinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 11 iyun 2025-ci il tarixli qərardadı, Azərbaycan Respublikası Mülki Prosesssual Məcəlləsinin 14.1, 14.2, 77.1, 107, 115, 119.1, 220.5, 218.3-cü maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətlərinin dəlilləri Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə işə baxarkən İddiaçı tələbini təmin edərkən işin məhkəmə araşdırmasını birtərəfli qaydada apararaq iddiaçının mülahizələri əsasında onun xeyrinə qətnamə qəbul etmiş, cavabdehin izahatını, iddaya dair etirazlarını, irəli sürdüyü dəlilləri nəzərə almamış, öz qətnaməsində cavabdehin dediklərini tam əhatə etməyən qısa cümlə ilə qeyd etməklə onun arqumentlərini nəzərə almamışdır. Cavabdehlə iddiaçı arasında yazılı müqavilənin olmaması və iddiaçının da təsdiq etdiyi kimi texnikanın Anar adlı şəxsin idarə etdiyi şirkətin istifadəsində olması və icarə haqqının da onun tərəfindən ödənilməli olduğunu hər iki tərəf təsdiq etmişdir. Cavabdeh sadəcə icarəyə verənlə icarəyəgötürən arasında vasitəçilik etmiş, ödənişi mənimsəməmiş, şifahi razılaşmaya uyğun olaraq aldığı icarə haqqını iddiaçıya ödəmiş, vəsaitin qalan hissəsi icarəyəgötürən tərəfindən ödənilmədiyindən borc yaranmışdır. Bu faktı həm cavabdeh, həm də iddiaçı təsdiq etmişdir. Şifahi razılaşmanın mahiyyətinə gəlincə isə qeyd edir ki, texnikanın icarəyə verilməsi ilə məşğul olan şəxslərin bir araya gəldiyi vatsap qrupu üzərindən cavabdeh tərəfindən texnika lazım olduğu elan edilmiş, iddiaçı Əmiraslan bu sifarişlə maraqlanmış, texnikanın icarəyə verilməsinə razılaşmışdır. Lakin vergidən yayınmaq məqsədi ilə rəsmi müqavilə bağlamadan texnikanın şifahi qaydada icarəyə vermişdir. Bu sövdələşmədə Cavabdeh heç bir marağı olmamış, icarəyəgötürənlə Əmiraslanın arasında yalnız vasitəçi olmuşdur. Texnikanın Anar tərəfindən icarəyə götürüldüyündən və ödənişin onun tərəfindən ediləcəyi barədə Əmiraslanın əvvəlcədən məlumatı olmuşdur. Cavabdeh buna görə də Əmiraslan iddia tələbini Bəhruzdan deyil Anardan tələb etməli idi. Hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün araşdırma aparmamış, iş üzrə əsl cavabdehin məhkəməyə cəlb edilməsini təmin etməmiş, bununla da düzgün olmayan qətnamə qəbul edərək Cavabdeh hüquqlarının pozulmasına, üzərinə öhdəlik götürmədiyi halda başqasının borcunu ödəmək vəzifəsinin onun üzərinə yükləməklə maddi çətinliyə düşməsinə səbəb olan qətnamə qəbul etmişdir. Birinci instasniya məhkəməsi işə baxarkən tərəflərin iddianın predmeti üzrə məsuliyyət dairəsini, hazırkı cavabdehin müqavilə üzrə faktiki mövqeyini, razılaşmanın mahiyyətindən irəli gələn öhdəlik üzrə əsl cavabdehi müəyyən etməməsi, texnikanı icarəyəgötürən və icarəhaqqını ödəməli olan şəxsin kimliyinin məlum olmasına baxmayaraq (vatsap yazışmalarında aydın ifadə edilib) işdə olan tərəflərlə kifayətlənməsi iş üçün mühüm əhəmiyyətə malik olan faktiki halların aydınlaşdırılmamasına dəlalət edir. Odur ki, İmişli Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(036)-2734/2025 saylı qətnaməsinin ləğv etməklə apellyasiya şikayətinin təmin olunması və iddia tələbinin tamamilə rədd olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən Cavabdeh izahat verərək bildirmişdir ki, apellyasiya şikayətini müdafiə edir və təmin edilməsini xahiş edir. Onlar arasında icarə müqaviləsi yoxdur. O sadəcə vəsitəçidir. İddiaçının traktoru şirkətə verilib və həmin şirkətin adını bilmir. Şirkətlə müqavilə bağlamadılar. Ona görə də indi borcunu ondan istəyir. Şirkət əgər üçüncü şəxs qismində məhkəməyə dəvət edilsə düşünür ki, iş həll olacaq. Həmin şirkətin sadəcə nümayəndəsinin adını bilir. Adı Anardır. İddiaçı ilə olan yazışmalarında bəzi hissələri ona aiddir, bəzi hissələri isə ona aid deyildir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahat verərək bildirmişdir ki, apellyasiya şikayətinə etiraz edir və təmin edilməməsini xahiş edir. Bu işlə bağlı şahidi də vardır. 25 oktyabr 2024-cü il tarixdə ona operator dedi ki, Zərdabda iş vardır və traktor lazımdır. O, qarşı tərəfə zəng eləmişdir. O, traktoru vermiş və təqribən 2 ay yarım onda qalmışdır. O, demişdir ki, 2 aydan ötrü müqavilə bağlamağa ehtiyac yoxdur. Birinci ay tamam oldu. Cavabdeh 1400 manatı vermiş və demişdir ki qalan məbləği də gələn ay verəcək. Amma verməmişdir. Cavabdehin özü Anar dediyi şəxsi də aldatmışdır ki, guya ki, traktor onun özünündür. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 700.2-ci maddəsinə əsasən icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 144, 146, 329, 675 və 700-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsi ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 11 iyun 2025-ci il tarixli qərardadı Həmin Məcəllənin 700.1-ci maddəsinə uyğun olaraq, icarə müqaviləsi də əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Qeyd edilməlidir ki, Mülki Məcəllənin müqavilələrin forması ilə bağlı tənzimetmə qaydalarını müəyyən edən 406-cı maddəsinə əsasən, müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Göstərilən prinsiplər mülki hüquq subyektlərinin müqavilələrin forması ilə bağlı iradə azadlığını da ehtiva edir. Mülki hüquq subyektləri bir qayda olaraq müqavilələri arzu etdikləri istənilən formada (şifahi, fiziki hərəkətlərlə, sadə yazılı, notarial qaydada təsdiqlənməklə) bağlaya bilərlər. Müqavilənin forması ilə bağlı tərəflərin iradə azadlığı mülki dövriyyənin inkişafı, mülki münasibətlərin dinamikliyinin təmin olunması baxımından çox əhəmiyyətlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər; iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. 402.1-ci maddəsinə əsasən Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator İmişli Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(036)-2734/2025 saylı qətnaməsinin ləğv etməklə apellyasiya şikayətinin təmin olunması və iddia tələbinin tamamilə rədd olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarındakı hüquqi mövqeyinə və formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilibedilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olubolmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur. Ona görə də məhkəmə tərkibi İmişli Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(036)- 2734/2025 saylı qətnaməsini apellyasiya şikayətinə münasibətdə apellyasiya şikayətinin dəlilləri həcmində tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə alaraq iddianı düzgün olaraq təmin etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İddiaçı cavabdehə qarşı 4180 manat pulun və 62 manat dövlət rüsumunun ödənilməsi tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsi iddianı təmin edərkən gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının cavabdehə texnika verməsi və pulun ona qaytarılmaması faktı araşdırılmış sübutlarla-tərəflərin izahatları, yazışmalar və səs yazıları ilə təsdiqini tapmışdır. Məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmişdir. Belə ki, hazırkı mülki iş üzrə iddiaçı 2024-ci ilin oktyabr ayında özünə məxsus olan kənd təsərrüfatı üçün yararlı ekskovatoru şifahi razılaşmaya əsasən 2 ay müddətinə, aylıq 4500 (dörd min beş yüz) manata Cavabdeh icarəyə verdiyini, texnikanın iki aylıq icarə haqqı 9000 (doqquz min) manat olduğu halda, cavabdeh tərəfindən iki dəfəyə olmaqla ona cəmi 4500 (dörd min beş yüz) manat pul ödənildiyini bildirmişdir. İddiaçı qalan pulun cavabdeh tərəfindən bu günə qədər ödənilmədiyi, cavabdehin ödəməkdən qərəzli şəkildə yayındığını və hal-hazırda cavabdehin 4180 (dörd min yüz səksən) manat borcunun qaldığını qeyd etmişdir. Cavabdehin isə müvafiq razılaşmanın olması, pulun tam ödənilməməsi, borcun 4180 manat təşkil etməsi ilə bağlı etirazı olmamış, yalnız ona istinad etmişdir ki, həmin pulu o deyil, ekskovatoru verdiyi şirkət ödəməlidir, Şirkət ona indiyədək texnika üçün heç bir məbləğ ödəməmişdir. O iddiaçıya verdiyi pulları belə özü şəxsən ödəmişdir. Cavabdehə ödəmələr edildikdən sonra o da iddiaçının pulunu qaytara bilər. İşin mübahisəsiz halı ondan ibarətdir ki, tərəflər arasında şifahi icarə müqaviləsi bağlanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 144, 146, 329, 675 və 700-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsi ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 11 iyun 2025-ci il tarixli qərardadına əsasən, Mülki Məcəllənin 700.1-ci maddəsinə uyğun olaraq, icarə müqaviləsi də əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Qeyd edilməlidir ki, Mülki Məcəllənin müqavilələrin forması ilə bağlı tənzimetmə qaydalarını müəyyən edən 406-cı maddəsinə əsasən, müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Göstərilən prinsiplər mülki hüquq subyektlərinin müqavilələrin forması ilə bağlı iradə azadlığını da ehtiva edir. Mülki hüquq subyektləri bir qayda olaraq müqavilələri arzu etdikləri istənilən formada (şifahi, fiziki hərəkətlərlə, sadə yazılı, notarial qaydada təsdiqlənməklə) bağlaya bilərlər. Müqavilənin forması ilə bağlı tərəflərin iradə azadlığı mülki dövriyyənin inkişafı, mülki münasibətlərin dinamikliyinin təmin olunması baxımından çox əhəmiyyətlidir. Qeyd edilməlidir ki, müqavilənin yazılı formada bağlanmaması cavabdehi müqavilədən irəli gələn pul öhdəliyinin icrasından azad etmir və onun məsuliyyətini aradan qaldırmır. Hazırda apellyasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, birinci instansiya məhkəməsi işə baxarkən öhdəlik üzrə əsl cavabdehi müəyyən etməmiş, texnikanı faktiki istifadə edən və icarə haqqını ödəməli olan şəxsin kimliyini araşdırmamışdır. Şikayətin dəlillərini əsassız hesab edən məhkəmə tərkibi qeyd edir ki, həqiqətəndə tərəflər arasında bağlanmış icarə müqaviləsinin predmeti cavabdehin istifadəsi məqsədilə istifadə edilməsə belə, icarəyəgötürən qismində şəxsən özü olmuşdur. Bu hal iddiaçı ilə cavabdeh arasında olan Whatsapp yazışmaları ilə müəyyən olunur. Cavabdehin iddiaçıya ünvanladığı ifadələrdən-“Siz Anar müəllimlə iş görmüsünüz ki, ona zəng vurmusuz?” “Siz məni ayaqlayıb, üstümdən keçib kiməsə zəng edirsiniz, sonra deyirsiniz ki, burda nə var ki.” Həm birinci instansiya məhkəməsində, həm də apellyasiya icraatı zamanı cavabdeh həmin yazışmaların müəyyən hissəsinin özünə aid olduğunu bildirmişdir. Cavabdehin həmin yazışmaların digər hissəsinin ona aid olmadığını bildirməsinə münasibətdə məhkəmə tərkibi qeyd edir ki, bu cür mövqe ardıcıl və ağlabatan hesab edilə bilməz. Belə ki, cavabdeh yazışmaların bir hissəsini qəbul etməklə, həmin sübutun mənbə və etibarlılığını faktiki olaraq tanımışdır. Bu halda, eyni yazışmaların yalnız öz mövqeyinə uyğun olmayan hissələrini inkar etməsi cavabdehin özünü müdafiə etmək məqsədi ilə formalaşdırdığı, sübutun hüquqi mahiyyətinə zidd və selektiv xarakter daşıyan izahat kimi qiymətləndirilməlidir. Məhkəmə tərkibi hesab edir ki, sübutlar bütöv şəkildə qiymətləndirilməli olduğu halda, cavabdehin onları hissələrə ayırmaqla yalnız öz xeyrinə olan hissələri qəbul edib, əleyhinə olan hissələri əsassız şəkildə inkar etməsi onun izahatlarının inandırıcılığını zəiflətməklə iş üzrə həqiqi halların müəyyən edilməsinə xidmət etmir. Göründüyü kimi, cavabdeh icarə müqaviləsinin tərəfi qismində şəxsən özü çıxış etdiyini və pul öhdəliyinin üzərində olduğunu etiraf etmişdir. Bu halda, üçüncü şəxslə münasibətlərə istinad edilməsi cavabdehin müqavilə üzrə məsuliyyətini aradan qaldırmır və hüquqi əhəmiyyət kəsb etmir. Beləliklə, məhkəmə tərkibi hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır. Məhkəmə tərkibi iddia tələbinin yuxarıda göstərilən hallar üzrə hüquqi dəyərləndirilməsi nəticəsində apellyasiya şikayətinin dəlillərinə yekun hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi verilmiş tələb üzrə iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmış, gəldiyi nəticə işin faktiki hallarına uyğun olmaqla qanuni və əsaslı olmuşdur. Odur ki, məhkəmə tərkibi cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərini heç bir sübutla təsdiqini tapmayan formal mülahizədən ibarət olması qənətinə gəlir. Bunu əsas götürən məhkəmə tərkibi işdə olan sübutların məzmununu hazırkı qətnamədə təkrarlamağa zərurət görmür. Hüquq və azadlıqların müdafiəsinə məhkəmə təminatı bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə baxmaq və onlara dair ədalətli qərar qəbul etmək vəzifəsini müəyyən edir. Məhkəmə müdafiəsi hüququ eyni zamanda pozulmuş hüquqları və azadlıqları səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur. Bu baxımdan, nəzərə alınmalıdır ki, ədalət mühakiməsi insan hüquqlarının müdafiəsinin ən səmərəli vasitələrindən biridir. Təsadüfi deyildir ki, məhz məhkəmə insan hüquqlarının müdafiəsinin əsas təminatçısı kimi qəbul edilir. Odur ki, ədalətli məhkəmə araşdırması hüququ səmərəli olmalı və məhkəmə başqa şəxslərin hüquq və azadlıqları pozmamaq şərti ilə qanunvericiliyin müəyyən etdiyi bütün imkanlardan (o cümlədən daxili inamından) istifadə edərək şəxslərin sözügedən hüququnun reallaşırılmasına şərait yaratmalıdır. Əks yanaşma, yəni məhkəmə müdafiəsinin səmərəsizliyi digər konstitusiya hüquqlarının effektivliyinə də mənfi təsir göstərə bilər. Məhkəmə tərkibinin qənaətinə görə iddianın təmin edilməməsi qanunvericiliyin yuxarıda göstərilən məqsədi, eləcə də məhkəmə müdafiəsi hüququnun tələbləri ilə uzlaşmır Beləliklə məhkəmə tərkibi iş materiallarını araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmış, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol verməmişdir. Ona görə də məhkəmə tərkibi hesab edir ki, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, İmişli Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(036)- 2734/2025 saylı qətnaməsi Cavabdeh apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Daha sonra məhkəmə tərkibi qeyd etməyi lazım bilir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Göründüyü kimi hazırkı halda qətnamədən kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə tərkibi Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə İmişli Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(036)-2734/2025 saylı qətnaməsi Cavabdeh apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(106)-1895/2025
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1895/2025
08.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver