Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-1898/2024 20.11.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X7 Tərlan oğlunun sədrliyi ilə, Kərimov Tale Suliddin oğlu və X4 ibarət məhkəmə tərkibində, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun ödənilməsi dair mülki iş üzrə Cəbrayıl Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(072)- 755/2024 saylı qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı QSC Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cəbrayıl Rayon Məhkəməsinin 2(072)-755/2024 saylı 17 oktyabr 2024-cü il tarixli qərardadı ilə İddiaçı QSC-nin Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun ödənilməsi tələbinə dair iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin iddiaçıya geri qaytarılması qərara alınmışdır. Qərardadda göstərilmişdir ki, İddiaçı QSC iddia ərizəsində Cavabdeh1 və Cavabdeh2 poçt ünvanı, yəni yaşayış yerini və ya olduğu yeri (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN) göstərməmişdir. Fiziki şəxsin poçt ünvanı onun yaşayış yeri və ya olduğu yer üzrə qeydiyyatda olduğu ünvan hesab edilir. Halbuki, Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyinə əsasən ərizədə iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) göstərilməlidir. O da qeyd edilməlidir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məcburi köçkün statusuna (ölkə daxilində köçürülmüş şəxs) malik olan Azərbaycan Respublikasının vətəndaşlarıdır. Cəbrayıl və Zəngilan rayonları erməni işğalından azad edilsə də, lakin rayon ərazisində geniş miqyaslı tikintiyenidənqurma işləri başa çatmadığı, eləcə də keçmiş məcburi köçkünlər Cəbrayıl rayonunda və Zəngilan şəhərində məskunlaşmadığı üçün hal-hazırda Cavabdeh1 və Cavabdeh2 rəsmi qeydə alındıqları ünvan, yəni yaşayış yeri üzrə Cəbrayıl rayonu İsaxlı kəndində və ünvan 1 ünvanda faktiki yaşamadıqları hamıya məlumdur. Eyni zamanda, o da məlumdur ki, Cəbrayıl və Zəngilan rayonlarından olan məcburi köçkün statusuna malik Azərbaycan Respublikasının vətəndaşları müvəqqəti olaraq faktiki başqa yerlərdə məskunlaşmış və olduqları yer üzrə rəsmi qeydə alınmışlar. Belə olduğu təqdirdə, İddiaçı QSC müvafiq icra hakimiyyətinə orqanına müraciət edərək, Cavabdeh1 və Cavabdeh2 olduğu yer, yəni məcburi köçkün kimi rəsmi məskunlaşdıqları yer barədə rəsmi məlumat əldə etdikdən sonra iddia ərizəsində onların faktiki ünvanını göstərməklə onlara qarşı Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyinə əsasən iddianın verilməsi qaydalarına düzgün əməl etməklə, kredit borcunun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququna malikdir. İddiaçı QSC-nin nümayəndəsi X1 Rayon Məhkəməsinin 2(072)-755/2024 saylı 17 oktyabr 2024-cü il tarixli qərardadından şikayət verərək onun ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, iddia ərizəsində cavabdehlər Cavabdeh1 və Cavabdeh2 poçt ünvanının, yəni yaşayış yerinin və ya olduğu yerinin (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı) göstərilməsinə zərurət yoxdur. ünvan 3ktyabr 2024-cü il tarixli qərardadı şikayətin təmin edilməməsi, İddiaçı QSCnin Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun ödənilməsi tələbinə dair iddia ərizəsi əsasında mülki iş üzrə iddia ərizəsinin geri qaytarılması haqqında Cəbrayıl Rayon Məhkəməsinin 2(072)-755/2024 saylı 17 oktyabr 2024-cü il tarixli qərardadından İddiaçı QSC-nin nümayəndəsi X5 tərəfindən verilmiş şikayətin baxılması üçün mülki işlə birlikdə 7 gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (MPM) 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. MPM-in 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən aslı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq və işin müəyyən edilmiş hallarına prosessual qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət verərək belə yekun nəticəyə gəlir ki, Cəbrayıl Rayon Məhkəməsinin 2(072)-755/2024 saylı 17 oktyabr 2024-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayət qismən təmin edilməli, Cəbrayıl Rayon Məhkəməsinin 2(072)-755/2024 saylı 17 oktyabr 2024-cü il tarixli qərardadı ləğv edilməli, iddia ərizəsinin məhkəmə icraatının mümkünlüyü məsələsinə yenidən baxılması üçün mülki iş materialları Cəbrayıl Rayon Məhkəməsinə qaytarılmalıdır. Məhkəmə kollegiyası işin müəyyən edilmiş hallarına MPM-in 152-ci maddəsinin tələbləri baxımından hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi öz qərardadında iddia ərizəsinin geri qaytarılması barədə düzgün olmayan qənaətə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası Kostitusiyasının 60-cı maddəsinin İ bəndinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Habelə MPM-in 4.1 və 5.1-ci maddələrinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanır. MPM-in 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. MPM-in 149.2.2-ci maddəsinə əsasən ərizədə iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda-iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) göstərilməlidir. MPM-in 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. MPM-in 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Beləliklə, məhkəmə kollegiyası qeyd edilənlərlə yanaşı diqqətə çatdırır ki, hər kəsin qanunla qorunan öz hüquq və azadlıqlarını qorumaq və təmin etmək məqsədilə məhkəmə müdafiəsindən istifadə etmək hüququna hörmət baxımından mübahisələndirilən qərardadla əldə edilən qənaət mülki prosessual qanunvericiliyin tələblərinə zidd olmaqla, mülki məhkəmə icraatının vəzifələrinin imperativ göstərişlərinə uyğun deyildir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə əsasən “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1ci bəndində təsbit edilmiş “məhkəmə hüququ” məhkəmənin əlçatan olmasını, o cümlədən məhkəmədə mülki işlər üzrə iddia qaldırmaq imkanını ehtiva edir (“X2rşı” iş üzrə 28 may 1985-ci il tarixli və “Bellet Fransaya qarşı” iş üzrə 04 dekabr 1995-ci il tarixli qərarlar). MPM-in 399-cu maddəsinə görə birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Kollegiya qeyd etməyi zəruri hesab edir ki, hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas xüsusiyyətlərindən biri kimi çıxış edir. Hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Bunun təmin edilməsi üçün hüquq normaları birmənalı və aydın olmalıdır. Bu isə öz növbəsində hər kəsə onun hüquq və azadlıqlarını müdafiə edəcəyinə, hüquq tətbiq edənin hərəkətlərinin isə qabaqcadan bilməsinə imkan verməlidir. Bu prinsip azadlıq və toxunulmazlıq hüququnun məhdudlaşdırılması şərtlərinin milli qanunvericilikdə aydın və dəqiq təsbitini, hüquq tətbiq etmə praktikasının qanunun eyni cür və dürüst təfsirinə əsaslanmasını, müxtəlif məhkəmə qərarlarında hüququn tətbiqi məsələlərində ardıcıllığın gözlənilməsini, yəni qanunun tətbiqi təcrübəsinin şəxslər üçün gözlənilən olmasını nəzərdə tutur. Göründüyü kimi, məhkəmələr hüquqi müəyyənlik prinsipinin yüksək səviyyədə gözlənilməsi və eyni zamanda məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi baxımından hüququn tətbiqində tərəflərin mövqeyindən və hüquqi əsaslandırmasından asılı deyildir. MPM-in 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. MPM-in 402.2-ci maddəsinə əsasən apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə və bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. Şərh olunanlara əsasən və MPM-in 263, 264, 397.2, 398, 400 və 402-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İddiaçı QSC tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Cəbrayıl Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(072)-755/2024 saylı qərardadı ləğv edilsin və iddia ərizəsinin məhkəmə icraatının mümkünlüyü məsələsinə yenidən baxılması üçün mülki iş materialları Cəbrayıl Rayon Məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(106)-1898/2024
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-1898/2024
20.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver