Məhkəmə qərarları › İş №2(106)-1905/2023

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-1905/2023

20.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-1905/2023 20.12.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Kərimov Tale Suliddin oğlunun sədrliyi və məruzəsi ilə, X2 və X1 ibarət məhkəmə tərkibində, məhkəmə iclas katibi Umudov Əliheydər Zeynal oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nəcəf-zadə Anar Ziya oğlunun iştirakı ilə, iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “kredit borcunun qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki iş üzrə Salyan Rayon Məhkəməsinin 5 oktyabr 2023-cü il tarixli 2(057)-125/2023 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyənetdi: İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “kredit borcunun qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə Salyan Rayon Məhkəməsinə müraciət edərək, cəmi 43597.48 manat pulun, bundan 15008.35 manat əsas, 21842 manat faiz, 3914.17 manat cərimə və Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarına əsasən hesablanmış 2832.96 manat faiz borcu, 221 manat ödənilmiş dövlət rüsumu və ipoteka predmetinə tutmanın qeydiyyata alınması üçün ödənilmiş 30 manat rüsumun Cavabdeh2 tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş, tam mülkiyyət hüququ üzrə Cavabdeh1 məxsus olan Salyan şəhəri, Y.Zeynalov küçəsində yerləşən 14 saylı evin 2 otaqlı 15 nömrəli mənzilinə yönəlməsi, əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi və açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəlməsi, ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh2 tutulması, ipoteka predmeti olan əmlaka tutma yönəldikdə və əmlak satıldıqdan sonra mənzilin boşaldılaraq alıcıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh2 arasında 23 sentyabr 2015-ci ildə bağlanmış 551 saylı kredit müqaviləsinə əsasən cavabdehə 36 ay müddətinə illik 28% dərəcəsi ilə 16000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsindən irəli gələn öhdəliklərin təminatı olaraq digər Cavabdeh1 ilə bank arasında 23 sentyabr 2015-ci il tarixdə bağlanmış 749/15/1 saylı sonrakı ipoteka müqaviləsinə əsasən tam mülkiyyət hüququ üzrə Cavabdeh1 məxsus olan Salyan şəhəri, Y.Zeynalov küçəsində yerləşən 14 saylı evin 2 otaqlı 15 nömrəli mənzil ipoteka ilə yüklü edilmişdir. Cavabdeh müqavilə ilə müəyyən olunmuş müddətdə kreditin və faizlərin ödənilməsi ilə bağlı öhdəliyini yerinə yetirməmişdir. Salyan Rayon Məhkəməsinin 5 oktyabr 2023-cü il tarixli 2(057)-125/2023 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək ləğv olunması, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmədə iddiaçının nümayəndəsi Nəcəf-zadə Anar Ziya oğlu apellyasiya şikayətini müdafiə edib, təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə məlumatlandırılmış cavabdehlər məhkəmədə iştirak etməmişlər, məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən iş üzrə cavabdehlərin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edib belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, qətnamə ləğv edilərək iş məhkəmə aidiyyəti üzrə baxılmasından ötrü Şirvan Kommersiya Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiya"nın 6-cı maddəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin ; 24.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının məhkəmələri, pozulmuş və barəsində mübahisə edilən hüquq və azadlıqları müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq belə hüquq və azadlıqları müdafiə və təmin edir, 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir, 1-ci maddəsinin qeyd hissəsinə əsasən bu Məcəllədə kommersiya mübahisələri dedikdə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələr başa düşülür, 25.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. “Sahibkarlıq fəaliyyəti haqqında” Qanunun 1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli Qərarının 10-cu bəndində qeyd olunur ki, 2019-cu il 9 iyul tarixli Qanunla edilmiş dəyişikliklərlə məhkəmə aidiyyətinin müəyyən edilməsi meyarları dəyişməz qalsa da, onların tətbiqi mexanizmində köklü dəyişiklik edilmişdir. Belə ki, MPM-in 24.2-ci maddəsinin qüvvədən düşmüş redaksiyasında tərəflərin subyekt tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakterindən ibarət sadalanan üç qiymətləndirici meyarın hər biri müstəqil şəkildə mübahisənin ümumi məhkəməyə və ya inzibati-iqtisadi məhkəməyə aidiyyətini müəyyən etməyə imkan verirdisə, yeni redaksiyada məhkəmə aidiyyətinin müəyyən edilməsində bu meyarların hər üçünün qarşılıqlı bağlılığı tələb olunur. Plenum Qərarının 5-ci bəndində qeyd olunur ki, məhkəmələr nəzərə almalıdır ki, MPMin 31.2-ci maddəsinin tələbləri baxımından 2020-ci il yanvarın 1-dək qüvvədə olan prosessual qanunvericiliyə əsasən aidiyyət qaydalarına riayət edilməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş istinad edilən dəyişikliklərin qüvvəyə minməsindən sonra məhkəmə aidiyyətini dəyişmiş olsa da, mahiyyəti üzrə həmin, yəni işi icraatına qəbul etmiş məhkəmədə həll edilməlidir. Eyni qayda, apelyasiya və kassasiya instansiyası məhkəmələrinə də aiddir. Plenum Qərarının 11-ci bəndində qeyd olunur ki, o da nəzərə alınmalıdır ki, MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Belə ki, məsələn: verilmiş istehlak krediti üzrə fərdi sahibkar statusuna malik olan fiziki şəxsə qarşı borc tələbinə dair iddianın bankın sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə, habelə mübahisənin hər iki tərəfinin sahibkarlıq subyekti olmasına baxmayaraq, kreditin sahibkarlıq fəaliyyətində istifadə üçün deyil, şəxsi istehlak məqsədləri ilə verilməsi səbəbindən işə ümumi məhkəmədə baxılmalıdır. Plenum Qərarının 12-ci bəndində qeyd olunur ki, bu baxımdan məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. Plenum Qərarının 28-ci bəndində qeyd olunur ki, məhkəmələrə izah edilsin ki, fərdi sahibkar kimi müvafiq vergi orqanında uçota alınmış fiziki şəxsin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada öz fəaliyyətini müvəqqəti dayandırması, yəni həmin şəxsin VÖEN-nin (vergi ödəyicisinin eyniləşdirmə nömrəsinin) aktiv olmaması onu fərdi sahibkar statusu olmayan şəxs kimi qiymətləndirməyə əsas vermir. Fərdi sahibkar kimi müvafiq vergi orqanında uçota alınmış fiziki şəxs yalnız Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 34.7.3-cü maddəsində nəzərdə tutulmuş əsaslar üzrə belə uçotdan çıxarıldığı halda fərdi sahibkar statusunu itirmiş hesab edilir. Həmçinin nəzərə alınmalıdır ki, fiziki şəxsin fərdi sahibkar kimi vergi orqanında uçota alınarkən göstərilən konkret fəaliyyət istiqamət (lər)i ilə deyil, qanunla qadağan edilməyən sahibkarlıq fəaliyyətinin başqa növü ilə məşğul olması işin kommersiya məhkəməsinə aidiyyətini dəyişdirmir. Elektron məhkəmə informasiya sistemi üzərindən 18 dekabr 2023-cü il tarixdə cavabdeh barəsində əldə edilən vergi məlumatlarına əsasən cavabdeh (borc alan) Cavabdeh2 12 mart 2014-cü ildən (VÖEN-**********) sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs kimi qeydiyyatdadır, fəaliyyətini müvəqqəti dayandırmışdır. Hazırki iddianın əsasını təşkil edən İddiaçı ASC ilə borc alan Cavabdeh2 arasında 23 sentyabr 2015-cxi il tarixdə bağlanmiış 749/15 saylı kredit müqaviləsindən isə görünür ki, kreditin verilməsinin məqsədli təyinatı şəxsi istehlak deyil, biznes (sahibkarlıq fəaliyyətində istifadə) olmuşdur. Göründüyü kimi 16 avqust 2022-ci il tarixdə Salyan Rayon Məhkəməsində qeydiyyatdan keçmiş mübahisənin həll olunması həm subyekt tərkibi baxımından, həmdə mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri baxımından kommersiya məhkəməsinin səlahiyyətinə aid olmuşdur. Aidiyyət qaydalarının pozulması yolverilməz olduğundan, hazırki mübahisənin də məhz kommersiya məhkəməsində baxılaraq həll edilməli olmasına baxmayaraq, iddianı icraata qəbul edərək, mahiyyəti üzrə baxıb həll etmiş Salyan Rayon Məhkəməsi kobud prosessual pozuntuya yol vermişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 387.2.1-ci maddəsinə əsasən işə, buna baxmağa hüququ olmayan hakim tərəfindən baxılması şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsaslardan biridir. Həmin Məcəllənin 387.3-cü maddəsinə müvafiq olaraq Məcəllənin 387.2.1-ci maddəsində göstərilmiş halların mövcudluğu birinci instansiya məhkəməsi tərəfindən prosessual normaların kobud pozulması kimi qiymətləndirilir. Həmin Məcəllənin 384.0.4-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi işə məhkəmə və ya ərazi aidiyyəti qaydalarının pozulması ilə baxıldığını müəyyən etdikdə, qətnaməni ləğv edib, işi aidiyyəti üzrə birinci instansiya məhkəməsinə göndərə bilər. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və mülki iş məhkəmə aidiyyəti üzrə baxılmasından ötrü Şirvan Kommersiya Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.2.5-ci maddəsinə əsasən bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında qərardadından kassasiya şikayəti verilə bilər. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 24, 26.1, 387.2.1, 384.0.4, 400, 402.2.5-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun apellyasiya şikayəti qismən təmin edilsin. Salyan Rayon Məhkəməsinin 5 oktyabr 2023-cü il tarixli 2(057)-125/2023 saylı qətnaməsi ləğv olunsun və mülki iş məhkəmə aidiyyəti üzrə baxılmasından ötrü Şirvan Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qanunla müəyyən olunan qaydada Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində kassasiya şikayəti verilmədiyi halda, qanuni qüvvəyə minir. Sədrlik edən: Tale Kərimov Hakimlər: Cahid İmanov Pərviz Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar