Məhkəmə qərarları › İş №2(106)-1914/2025

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1914/2025

13.01.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1914/2025 13.01.2026 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X1 Əsədov (sədrlik edən və məruzəçi), X3 və Tofiq Xudayar oğlu Heydərovdan ibarət tərkibdə, Əliyev Kamran Sabir oğlunun katibliyi, tərəflərin iştirakı ilə, Füzuli Rayon Məhkəməsinin 23 iyul 2025-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı Cavabdeh qarşı ödənilmiş məbləğin qaytarılması və vurulmuş maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ev almaq üçün ödənilmiş məbləğə və vurulmuş maddi zərərə görə Cavabdeh 11897 manat məbləğində pulun (6000 manat əsas vəsaiti + 4000 manat təmir xərci + 1000 manat təmir avadanlıqlarının dəyəri + 897 manat 3 ay üzrə lombarda kredit ödənişi), gecikdirilmiş vaxt üçün illik beş faizin və ödənilmiş 126 manat dövlət rüsumunun əvəzinin alınıb ona ödənilməsini xahiş etmişdir. İddiaçı tələbini aşağıdakı kimi əsaslandırmışdır: Cavabdeh ilə özünü “makler” kimi tanıdan X2 vasitəsilə tanış olmuşdur. İ.Vəliyev cavabdehin onun qayınanası olduğunu və evini satmaq istədiyini bildirmiş, bundan sonra cavabdehlə görüşüb danışmışlar. Cavabdehlə, ona məxsus olduğunu dediyi (qeyd edilən ünvanda tikilən evlərin sənədi yoxdur) Sumqayıt şəhəri, 76-cı məhəllə ünvanında yerləşən evi almaq üçün ümumilikdə 10.000 manat olmaqla, öncə 6000 manat pulu nağd, qalan 4000 manat pulu isə 12 ay ərzində 300 manat olmaqla cavabdehə verməli olduğu barədə onunla şifahi razılıq əldə olunmuşdur. Bunun üçün 01 may 2024-cü il tarixdə "xxxx" ASC-nin Sumqayıt filialındakı lombardda qızıl-zinət əşyalarını girov qoyub 36 ay müddətinə 4300 ABŞ dolları (7310 manat) məbləğində kredit götürüb cavabdehə 6000 manat pul vermişdir (girov qoyulmuş qızıl-zinət əşyalarının təhvil-təslim aktının surəti əlavə edilir). 20 may, 20 iyun və 22 iyul tarixləri üzrə lombarda əsas məbləğ və faiz olaraq hər ay üzrə 176 ABŞ dolları pul ödəmişdir (ödəniş cədvəlinin və ödəniş qəbzlərinin surəti əlavə edilir). Cavabdeh ona evin açarını verdikdən sonra, o (iddiaçı), evi öz vəsaiti və təmir avadanlıqları hesabına təmir etmiş (evin təmirdən öncəki vəziyyətini əks etdirən videoçəkiliş olan CD/DVD əlavə edilir). Zəruri tikinti materiallarını da öz vəsaiti hesabına almışdır. Həyəti abadlaşdırmışdır. Ümumilikdə təmir üçün 4000 manat xərc çəkmişdir. Sonradan cavabdehin kürəkəni İ.Vəliyevlə münasibətləri pozulmuş və cavabdeh ondan əlavə pul tələb etmiş, əks halda evi verməyəcəyini bildirmişdir. O, bununla razılaşmadıqda cavabdeh evin qapısını bağlayaraq onu evə buraxmamışdır. Nəticədə həm ona verilməli olan evdən məhrum olmuş, həm də 6000 manat pulu əldən çıxmışdır. Üstəlik, təmir üçün 4000 manat xərc çəkmiş və 1000 manat dəyəri olan təmir avadanlıqları həmin evdə qalmışdır. Lombarda hər ay 176 ABŞ dolları kredit borcu ödəməli olacaq. O, cavabdehdən verdiyi 6000 manat pulun və təmir avadanlıqlarının ona geri qaytarmasını, çəkdiyi xərclərin əvəzini ödəməsini istəmiş, lakin cavabdeh imtina etmişdir. Cavabdehə pul verdiyini və evin təmir xərcini çəkdiyini telefonunda qeydə aldığı, onunla cavabdeh arasında olan danışıq da sübut edir. Danışıqda cavabdeh qeyd etdiklərini etiraf edir (səs yazısı olan CD/DVD və sübutun iş materiallarına əlavə olunması barədə vəsatət əlavə edilir). Cavabdehə pulu, cavabdehin kürəkəni İ.Vəliyevi iştirakı ilə vermişdir. Odur ki, İ.Vəlievin məhkəməyə şahid qismində çağırılıb dindirilməsi təmin edilməlidir (şəxsiyyət vəsiqəsinin surəti və şahid qismində dindirilmə barədə vəsatət əlavə edilir). Cavabdeh nə verdiyi pulu qaytarır, nə də çəkdiyi təmir xərclərinin əvəzini ödəyir, təmir avadanlıqlarını da qaytarmır. Cavabdeh ona 10.000 manatdan çox zərər vurub. Cavabdeh öncədən verdiyi 6000 manat əsas vəsaiti və təmir xərci olaraq 4000 manat pulu, eləcə də təmir avadanlıqlarını, onlar mövcud olmazsa onların dəyəri olan 1000 manat pulu ona ödəməlidir. Bundan başqa, 20 may, 20 iyun və 22 iyul tarixləri üzrə lombarda ödədiyi cəmi 897 manat pulu da (176 ABŞ dolları=299 manat; 299 x 3=897 manat) ona ödəməlidir. Evin təmirdən öncəki vəziyyətini videoçəkiliş olan disklə, təmirdən sonrakı vəziyyətini isə yerində müayinə aparılmaqla müəyyən etmək olar (yerində müayinə aparılması barədə vəsatət əlavə edilir). O, bundan sonra hər ay lombarda 175.55 ABŞ dolları kredit borcu ödəməlidir. 4000 ABŞ dollarından artıq kredit borcu vardır. Sonradan ona məlum olub ki, cavabdeh müxtəlif insanlara fazilə borc verir. Cavabdehin qanunsuz əməllərindən başqa şəxslərin də zərər çəkdiyini, ondan başqa şəxsləri də aldadıb onlara qarşı da dələduzluq etdiyini istisna etmək olmaz. Ona görə də o, cavabdehin qanunsuz hərəkətindən 22 iyun 2024cü il tarixdə Sumqayıt Şəhər Polis İdarəsinin 5-ci Polis Bölməsinı şikayət etmişdir. Cavabdehlə aralarında olan söhbətin də səs yazısını təqdim etmişdir. Qeyd etdiklərinin hamısına şahid olan İ.Vəliyev polis bölməsində verdiyi izahatında qeyd olunanların hamısını təsdiq edib. Müraciətinə polis bölməsinin 03 iyul 2024-cü il tarixli 58-5/2 B-5953 saylı cavab məktubunda müraciətində göstərdiyi xüsusatların mülki məsələ olduğu və məhkəmədə iddia qaldırmalı olduğu bildirilib. Birinci instansiya məhkəməsində cavabdeh iştirak etmədiyindən iddiaya dair mövqeyi bəlli olmamışdır. Füzuli Rayon Məhkəməsinin (hakim E.İsmayılov) 23 iyul 2025-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh 6000 manat əsas vəsait, 1200 manat təmir xərci, 40 manat təmir avadanlıqlarının dəyəri olmaqla cəmi 7240 manat və ödənilmiş 76,68 dövlət rüsumunun əvəzi alınıb İddiaçı xeyrinə ödənilməsi, aparılmış ekspertiza tədqiqatının 300 (üç yüz) manat dəyəri Cavabdeh tutularaq "xxxx" MMC-nin hesabına (VÖEN: **********, Hesab № AZN: AZ77AİİB400600C**********218, Bank: Kapital Bank ASC Bravo 3 filialı, VÖEN: **********, Müxbirhesabı: AZ37NABZ********************, filialın kodu:201296 SWİFT kod: AİİBAZ2XXXX) ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1, 1091.2, 1092.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 14,77-ci maddələrinə istinad etmişdir. Qətnamədən Cavabdeh apellyasiya şikayəti vermişdir. Apellyasiyaşikayətinindəlilləri Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Cavabdeh şikayətində göstərmişdir ki, məhkəmə baxışı barədə ona rəsmi qaydada məlumat verilməmişdir. Məhkəmə, iddiaçının özünün də yazdığı kimi onun 10000 manata razılaşmış olduğunu, onun ilkin ödəniş kimi 6000 manatını vermiş olduğunu, qalan 4000 manatını isə hələ də verməmiş olduğunu nəzərə almamışdır. Əslində zərər ona dəymişdir. Belə ki, iddiaçı evi şəhid ailəsi üçün aldığını demiş, ona görə də o, qalan hissəni 12 ay müddətində hissə-hissə verməyinə razı olmuşdur. Sonradan o bilmişdir ki, onun makler dediyi, onun kürəkəni olan Vəliyev İbrahim ilə iddiaçı uzun müddət imiş bir yerdə işləyirlərmiş və köhnə dost imişlər. O, iddiaçıya satdığı evi İbrahimin ailəsi, yəni qızı Məmmədova Zərxanə və uşaqları üçün satırdı ki, onun pulu ilə İbrahimə maşın alsın, onların yaşayış şəraitini yaxşılaşdırsın. Ona görə də iddiaçıdan 6000 manatı alan kimi onun 4000 manatını İbrahimə vermişdir. İbrahim buraxılmış müddətin bərpası haqqında ərizə isə həmin pula gedib 3 ədəd inək alıb və sonra da onları satıb, pulunu da hara sərf edib bilmir. Sonra iddiaçı 1-ci ay onun razılığı ilə ödəyəcəyi olan 300 manatı yenə İbrahimə verib, sonra da heç nə verməyib. 6000 manatı alandan sonra o iddiaçıya evin açarını vermişdir. İddiaçı ərizədə göstərdiyi kimi evdə təmir işləri aparmayıb, yalnız 1 ədəd yeni qapı açıb və 1 arakəsmə düzəltdirib. Üstəlik evin qapısını il yarım bağlı saxlayıb. Əgər o evi kirayə versəydi o il yarım müddətində ayda 200 manat olmaqla 3600 manat gəlir əldə etmiş olardı. Beləliklə ziyan çəkən odur, iddiaçı deyildir. O, məhkəmədə iştirak etsə idi bütün bunlar sübut edə bilərdi, ona dəyən ziyanın ödənilməsi barədə qarşılıqlı iddia verə bilərdi. Onun isə məhkəmədən axırıncı gün- 23 iyul tarixində xəbəri olmuşdur. O mübahisəli evdə yaşayır, bu ünvana ona heç bir rəsmi bildiriş gəlməmişdir. O, bu evi satarkən İbrahimgili, yəni qızının ailəsini 1-ci mik, bina 6/1 ünvanında yerləşən 38-ci mənzilə köçürmüşdür, özü də evdən çıxmışdır. Şikayətə görə, məhkəmə işə birtərəfli baxmış, qismən qeyri obyektiv və qanunsuz qətnamə çıxarmışdır. Məhkəmə qətnamə çıxararkən maddi hüquq normalarının tələblərini pozmuş və maddi hüquq normasını düzgün tətbiq etməmişdir. İzahatlar Apellyasiya baxışında iştirak edən Cavabdeh apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsini xahiş etmiş, izahatında bildirmişdir ki, evini satmaq istəyirdi, həmin vaxt iddiaçı ilə evə görə 10000 manata razılaşmışlar. İddiaçı ödəniş olaraq 6000 manatı vermiş, qalan pulu isə hissə-hissə ödəyəciyini demiş və o da razılaşmışdır. İddiaçı bir ay ödəyəcəyi olan 300 manatı yeznəsi İbrahimə vermiş, sonra heç nə verməmişdir. İddiaçı ərizədə göstərdiyi kimi evdə təmir işləri aparmamışdır, yalnız 1 ədəd yeni qapı açıb, 1 arakəsmə və 6 ədəd alçıpan düzəltdirmişdir. Bir il yarım evi bağlı saxlayıb. Əgər evi kirayə versəydi o il yarım müddətində gəlir əldə etmiş olardı. Beləliklə ziyan çəkən iddiaçı yox, o olmuşdur. Cavabdeh izahatında sözügedən evin və torpaq sahəsinin sənədlərinin olmadığını, hazırda evi kirayəyə verdiyini də qeyd etmişdir. İddiaçı apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmiş, izahatında bildirmişdir ki, cavabdehlə onun yeznəsi İbrahim vasitəsilə tanış olmuş, İbrahim cavabdehin evini satmaq istədiyini bildirmiş, bundan sonra cavabdehlə görüşüb razılaşmışmışlar. Ümumilikdə 10.000 manata razılaşmışlar. Cavabdehə əvvəlcə 6000 manat pulu nağd vermiş, qalan 4000 manat pulu isə 12 ay ərzində ayda 300 manat olmaqla cavabdehə ödəməyi barədə şifahi razılaşmış, birinci ay isə cavabdehin razılığı ilə 300 manatı onun yeznəsi olan İbrahimə vermişdir. Evi öz vəsaiti hesabına təmir etdirmişdir. Evə elektrik xətti çəkdirmiş, alçıpan vurmuş, qapı açmış və hamamın qapısını balacalatmışdır. Cavabdehin kürəkəni İbrahimlə münasibətləri pozulandan sonra cavabdeh ondan əlavə pul tələb etmiş, əks halda evi verməyəcəyini bildirmişdir. O bununla razılaşmadıqda cavabdeh evin qapısını bağlayaraq onu evə buraxmamışdır. Əsaslandırma Məhkəmə Kollegiyası, məruzəçinin işin halları barədə məruzəsini, tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. İddiaçı ev (sənədsiz tikili və torpaq sahəsi) almaq üçün cavabdehə nağd ödədiyi 6000 manat, evin təmirinə çəkilən xərcə görə 4000 manatı, ona məxsus olan və cavabdehdə qalmış təmir avadanlıqlarına görə 1000 manat, 3 ay müddətində lombarda ödənişlə bağlı 897 manat və pul vəsaitinin gecikdirilməsinə görə ödəniln məbləğin 5 faizi miqdarında əlavə vəsaitin cavabdehdən tutulmasını tələb etmişdir. İddiaçı həm ona vurulmuş zərərin ödənilməsini, həm də əsassız varlanmaya görə cavabdehdən pul tələb etmişdir. Kollegiya hesab edir ki, iddiaçının tələbi aşağıdakılara əsasən keçərlidir: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Qanunun tələbinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. (Maddə 21.2) Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1091.1-ci maddəsinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1-ci maddəsinə müvafiq olaraq, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iddianı yuxarıda göstərilən qaydada qismən təmin etmişdir. Qətnaməni cavabdeh iddianın təmin edilməsinə dair hissədə mübahisələndirmişdir. Kollegiya işə cavabdehin apellyasiya şikayəti həddində baxır. Mübahisələndirilən hissə cavabdehdən tutulması qət edilən 6000 manat əsas vəsait, 1200 manat təmir xərci, 40 manat təmir avadanlıqlarının dəyəri olmaqla cəmi 7240 manatdır. İddiaçı tələbini əsaslandırmaq üçün müvafiq sübutları təqdim etmişdir. İddiaçı birinci instansiya məhkəməsində cavabdehin səs yazısı olan CD diskini təqdim etmişdir. Təqdim edilən CD diskdə olan yazılardan görünür ki, cavabdeh iddiaçıdan 6000 manat məbləğində pul aldığını etiraf etmişdir. MPM-in 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Cavabdeh apellyasiya şikayətində və apellyasiya baxışında verdiyi izahatında da iddiaçıdan 6000 manat aldığın etiraf etmişdir. İddiaçı izahatında evi (tikilini) öz vəsaiti hesabına təmir etdirdiyini, evə elektrik xətti çəkdirdiyini, alçıpan vurduğunu, qapı açdırdığını, hamamın qapısını balacalatdırdığını qeyd etmişdir. İddiaçının sözügedən tikilidə müəyyən təmir işləri gördüyünü də cavabdeh qismən etiraf etmişdir. Cavabdeh izahatında iddiaçının tikilidə 1 ədəd yeni qapı açdığını, 1 arakəsmə və 6 ədəd alçıpan düzəltdirdiyini bildirmişdir. Sözügedən tikilidə aparılmış təmir xərcləri ilə bağlı qiymətləndiricinin rəyi alınmışdır. "xxxx" MMC-nin UNİ/İ49-323/2025 nömrəli, xx.xx.2025-ci il tarixli rəyinə görə, Sumqayıt şəhəri 76-cı məhəllə ünvanında yerləşən mənzilə İddiaçı tərəfindən çəkilmiş ümumi xərcin məbləği 1200 manat, həmin evdə qalan İddiaçı məxsus təmir avadanlıqlarının ümumi dəyəri 40 manat təşkil edir. Kollegiya qiymətləndiricinin rəyini yazılı sübut qismində qəbul edir. Kollegiya tərəflərin izahatlarını dinləyib, təqdim edilmiş digər sübutlara qiymət verərək hesab edir ki, iddiaçının tələbi mübahisələndirilən hissədə əsaslıdır və təmin edilməlidir. Belə ki, təqdim edilmiş sübutlardan müəyyən olunur ki, heç bir hüquqmüəyyənedici sənədi olmayan tikilini satın almaq üçün iddiaçı cavabdehə 6000 manat məbləğində pul ödəmiş, sonra tikilidə müəyyən təmir işləri görmüşdür. Sonra cavabdeh həmin tikilindən istifadə etməyə iddiaçıya imkan verməmişdir. Hazırda cavabdeh həmin tikilini başqasına kirayəyə vermişdir. İddiaçının təmir avadanlığı da cavabdehdə qalmışdır. Nəticədə cavabdeh iddiaçının hesabına heç bir qanuni və ya müqavilə əsası olmadan varlanmışdır. Cavabdeh apellyasiya şikayətində iddianı rədd etmək üçün hər-hansı konkret əsas göstərməmişdir. Kollegiya hesab edir ki, iddiaçı öz tələbini əsaslandıra və sübuta yetirə bilmişdir. Cavabdeh tərəf etirazını əsaslandıra bilməmişdir. Beləliklə, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır. Apellyasiya şikayətini təmin etmək üçün əsas yoxdur. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən şikayətin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 382, 384.0.1, 385, 392 və 393-cü maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası qətetdi: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Füzuli Rayon Məhkəməsinin 23 iyul 2025-ci il tarixli, 2(064)-62/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar