Məhkəmə qərarları › İş №2(106)-192/2023

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-192/2023

18.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-192/2023 18.01.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Mayılov Samir İlham oğlu (sədrlik edən, məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və X5 ibarət tərkibdə, Gülüşov İsmayıl Cəbrayıl oğlunun katibliyi, iddiaçının nümayəndəsi X6 və Cavabdeh1 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və X3 qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbinə dair” iddiası ilə bağlı mülki iş üzrə Hacıqabul Rayon Məhkəməsinin 2(071)-952/2022 saylı, 25 oktyabr 2022-ci il tarixli qətnaməsindən iddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş apellyasiya şikayətinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC məhkəmə əmrinin çıxarılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, borclular Cavabdeh1 və X1 1162 manat məbləğində əsas borc və 934 manat məbləğində faiz borcu, cəmi 2096 manat məbləğində kredit borcunun, mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün ödənilmiş 20 manat məbləğində dövlət rüsumunun tutulub İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə məhkəmə əmri çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, kreditor İddiaçı ASC-nin Şirvan filialı ilə borclu Cavabdeh1 arasında bağlanılmış xx.xx.2013-cü il tarixli, 166-13 ABFŞ nömrəli kredit müqaviləsinə əsasən, borcluya 24 ay müddətinə 3000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin 3.3-cü bəndinə əsasən, kredit məbləği kreditin “kredit alan” üçün açılan ssuda hesabına köçürüldüyü tarixdən başlayaraq hər 30 təqvim gününün bitdiyi sonuncu gün “kredit alan” tərəfindən “kredit verən”in hesabına nağd və ya köçürmə yolu ilə 4.1-ci bəndi ilə müəyyən olunan müddət ərzində hər ay bərabər hissələrlə geri qaytarılır. Qeyd olunan kredit müqaviləsinin 3.4-cü bəndinə əsasən, “kredit alan” kreditdən istifadəyə görə “kredit verən”ə illik 24 faiz məbləğində faiz ödəyir. Həmin müqavilənin 3.6-cı bəndinə əsasən, faizlər kreditin ssuda hesabına daxil olduğu gündən etibarən hər 30 təqvim gününün bitdiyi sonuncu gün “kredit alan” tərəfindən “kredit verən”in hesabına nağd və ya köçürülmə yolu ilə ödənilir. Faizlərin son ödənişi kreditin son ödənişi ilə birlikdə ödənilir. Cavabdeh1 ilə bank arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 166-13 ABFŞ nömrəli kredit müqaviləsinin təminatı qismində həmin müqavilədən irəli gələn bütün pul tələblərinə X4 zamin durmuşdur. Bu məqsədlə X4 ilə xx.xx.2013-cü il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Borclular bank qarşısındakı öhdəliklərini bugünədək lazımınca yerinə yetirməmişlər. Belə ki, borcluların banka xx.xx.2015-ci il tarixinə olan borcu aşağıdakı kimidir: 1162 manat məbləğində əsas borc və 934 manat məbləğində faiz borcu, cəmi 2096 manat kredit borcu. Bank tərəfindən pul məbləğinin ödənilməsi tələbi ilə dəfələrlə borclulara şifahi formada, o cümlədən yazılı “bildiriş”lərin göndərilməsi yolu ilə xəbərdarlıqlar edilmiş və qeyd olunan kredit müqaviləsi əsas, kreditdən istifadəyə və öhdəliyin icrasının gecikdirilməsinə görə hesablanmış faiz borcu haqqında məlumat verilmiş və onların qısa müddət ərzində banka ödənilməsi qarşı tərəfdən tələb olunmuşdur. Lakin qeyd olunan öhdəlik bugünədək yerinə yetirilməmişdir. Hacıqabul Rayon Məhkəməsinin 27 may 2016-cı il tarixli, 2(071)-795/2016 saylı məhkəmə əmri ilə Cavabdeh1 və X1 1162 manat əsas borc, 934 manat faiz borcu, cəmi 2096 manat borcun və 20 manat ödənilmiş dövlət rüsumunun müştərək qaydada alınaraq İddiaçı ASC-nin hesabına köçürülməsi qərara alınmışdır. Cavabdeh1 tərəfindən Hacıqabul Rayon Məhkəməsinin 27 may 2016-cı il tarixli, 2(071)-795/2016 saylı məhkəmə əmrinə yazılı etiraz verilmiş, etirazda həmin məhkəmə əmrinin ləğv edilərək, iddia icraatına keçilməsi xahiş olunmuşdur. Hacıqabul Rayon Məhkəməsinin 23 avqust 2022-ci il tarixli, 2(071)-795/2016 saylı qərardadı ilə İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və X3 qarşı “borc tələbinə dair” 27 may 2016-cı il tarixli, 2(071)-795/2016 saylı məhkəmə əmri üzrə iddia icraatına keçilmişdir. Hacıqabul Rayon Məhkəməsinin 25 oktyabr 2022-ci il tarixli, 2(071)-952/2022 saylı qətnaməsi ilə (sədrlik edən hakim Vahid Hacıyev) iddia qismən təmin edilmiş, cavabdeh (borcalan) Cavabdeh1 xx.xx.2013-cü il tarixli kredit müqaviləsi üzrə (müqavilənin müddətinin bitdiyi xx.xx.2015-ci il tarixə) yaranmış 718,90 manat borc və ödənilmiş 20 manat dövlət rüsumu olmaqla, cəmi 738,90 manat pulun tutularaq iddiaçı LPO İddiaçı ASC-yə ödənilməsi, iddia tələbinin cavabdeh (borcalan) Cavabdeh1 qarşı qalan hissədə, yəni 1377,10 manatın tutulması hissəsində rədd edilməsi, iddia tələbinin cavabdeh (zamin) X3 qarşı hissədə tam rədd edilməsi, xx.xx.2013-cü il tarixli zaminlik müqaviləsi üzrə zamin X2 zaminliyinə xitam verilməsi qət edilmişdir. Qətnamədən narazı qalan iddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu apellyasiya şikayəti vermiş, apellyasiya şikayətində Hacıqabul Rayon Məhkəməsinin 25 oktyabr 2022-ci il tarixli, 2(071)-952/2022 saylı qətnaməsinin cavabdehdən iddiaçının xeyrinə 718,90 manat borcun tutulması hissəsində ləğv edilməsi və iddia tələbinin cavabdehin xx.xx.2017-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək olan ödənişləri nəzərə alınmaqla təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətini ərizənin dəlilləri və onunla əsaslandırmışdır ki, məhkəmənin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Birinci instansiya məhkəməsi iddia tələbi üzrə əsas borcun 718,90 manat müəyyən edilməsi ilə bağlı gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Cavabdeh1 tərəfindən xx.xx.2014-cü il tarixinədək əsas borcdan 1838,08 manat, hesablanan faiz borcundan isə 699,74 manat olmaqla, cəmi 2537,82 manat məbləğində ödəniş edilmiş və xx.xx.2017-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək ödənilən 460 manat ödəniş çıxıldıqdan sonra cavabdehin banka 718,90 manat borcu qalmışdır. Bank krediti faizlərin ödənilməsi şərti ilə verilir. Sözügedən kredit vəsaiti cavabdeh tərəfindən vaxtında ödənilsəydi, bank həmin vəsaiti təkrar kredit verib daha çox mənfəət əldə etmək imkanına sahib olardı. Birinci instansiya məhkəməsi isə bu hala diqqət yetirməmiş, öz mülahizələrinə əsaslanaraq düzgün olmayan nəticəyə gəlmişdir. Halbuki, iş üzrə obyektiv və düzgün qərar qəbul edilməsi üçün borcların düzgün hesablanıb-hesablanmamasının müəyyən edilməsi mühüm əhəmiyyətə malikdir. Birinci instansiya məhkəməsi qətnamədə cavabdeh tərəfindən xx.xx.2014-cü il tarixinədək ödəniş edildiyini qeyd etsə də, tərəflər arasında bağlanmış müqavilə əsasında yaranmış öhdəliklər üzrə müqavilə şərtlərinə əməl olunub-olunmaması, öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti barədə məsələyə toxunmamış və qətnamədə heç bir əsaslandırma aparmamışdır. Cari hesabdan çıxarış, ssuda hesabından çıxarış, gecikdirilmiş əsas borc və gecikdirilmiş faiz borcunu əks etdirən hesabdan çıxarış məlumatlarını, ödəniş tarixlərini və iş üçün zəruri olan digər sənədlərin hamısını ətraflı təhlil etdikdə tam aydın olur ki, məhkəmə kredit borcunun tutulması zamanı düzgün nəticəyə gəlməmişdir. Apellyasiya məhkəməsinin iclasında iddiaçının nümayəndəsi X7 apellyasiya şikayətinin məzmununa uyğun çıxış etdi və bildirdi ki, İddiaçı ASC-nin Şirvan filialı ilə Cavabdeh1 arasında bağlanmış 26 fevral 2013-cü il tarixli, 166-13 ABFŞ nömrəli kredit müqaviləsinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının təsiri altına düşüb-düşməməsi barədə hər hansı məlumatları yoxdur. O, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Apellyasiya məhkəməsinin iclasında Cavabdeh1 apellyasiya şikayətinə etiraz edərək, onun təmin edilməməsini və Hacıqabul Rayon Məhkəməsinin 25 oktyabr 2022-ci il tarixli, 2(071)-952/2022 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barəsində qanunvericiliklə müəyyən edilən qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh X4 məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası MPM-in 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki Prosessual Məcəllənin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarında qeyd edilir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Hazırkı iş üzrə iddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin iddia tələbinin təmin edilmiş hissəsində ləğv edilərək, iddia tələbinin cavabdehin xx.xx.2017-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək olan ödənişləri nəzərə alınmaqla təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etsə də, apellyasiya şikayətinin dəlillərindən görünür ki, iddiaçı qətnaməni yalnız hesablanmış borc məbləği ilə əlaqədar mübahisələndirmiş, digər cavabdeh – zamin X3 münasibətdə isə mübahisələndirməmişdir. Odur ki, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin Cavabdeh1 aid olan hissədə tam yoxlanılmasını və hüquqi qiymət verilməsini düzgün hesab edir. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsini və Cavabdeh1 dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə mübahisələndirilən – Cavabdeh1 aid hissədə ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilməli, Cavabdeh1 münasibətdə iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan İddiaçı ASC-nin Şirvan filialı ilə Cavabdeh1 arasında bağlanmış 26 fevral 2013-cü il tarixli, 166-13 ABFŞ nömrəli kredit müqaviləsinin surətindən görünür ki, bank Cavabdeh1 24 ay müddətinə illik 24 faiz ödəmək şərtilə 3000 manat məbləğində kredit verməyi, sonuncu isə krediti qəbul edib ondan şəxsi ehtiyacı üçün istifadə etməyi və müqavilə ilə müəyyən olunan qaydada və şərtlərlə krediti qaytarmağı və ona hesablanmış faizləri banka ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan İddiaçı ASC-nin 10 may 2016-cı il tarixli arayışından görünür ki, cavabdeh (borcalan) Cavabdeh1 arasında bağlanılmış xx.xx.2013-cü il tarixli, 166-13 ABFŞ saylı kredit müqaviləsinə əsasən cavabdehin banka xx.xx.2015-ci il tarixinə olan borcu 1162 manat məbləğində əsas borc, 934 manat məbləğində faiz borcu, ümumilikdə 2096 manat təşkil edir. İş materiallarında olan xx.xx.2016-cı il tarixli, TT463262 nömrəli qəbzdən görünür ki, İddiaçı ASC məhkəməyə müraciət etmək üçün 21 manat məbləğində dövlət rüsumu ödəmişdir. Problemli kreditlərin kompensasiyası üzrə Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının internet portalından çıxarışdan görünür ki, Cavabdeh1 İddiaçı ASC-yə borcu əsas kredit borcu qismində (restrukturizasiya olunması təklif olunan kredit məbləği) 751,99 manat məbləğində müəyyən edilmişdir. İddiaçı apellyasiya şikayətinin dəlili kimi bildirmişdir ki, cari hesabdan çıxarış, ssuda hesabından çıxarış, gecikdirilmiş əsas borc və gecikdirilmiş faiz borcunu əks etdirən hesabdan çıxarış məlumatlarını, ödəniş tarixlərini və iş üçün zəruri olan digər sənədlərin hamısını məhkəmə tam və düzgün təhlil etməmiş, cavabdehin xx.xx.2017-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək olan ödənişləri düzgün şəkildə nəzərə almamış və əsas borc məbləğinin müəyyənləşdirilməsi ilə bağlı yanlış nəticəyə gəlmiş, faiz borcunu isə ümumiyyətlə, tutmayaraq bankın maddi hüquqlarını pozmuşdur. İş materiallarından göründüyü kimi, problemli kreditlərin kompensasiyası üzrə Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının internet portalından müvafiq məlumat əldə edilmişdir. Həmin məlumatlarda Cavabdeh1 adında 751,99 manat kredit borcu olduğu, onun kreditinin problemli kredit borcları ilə bağlı Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının təsiri altına düşdüyü müəyyən edilir. Məhkəmə kollegiyası xatırladır ki, qlobal iqtisadi və maliyyə böhranının ölkə iqtisadiyyatına təsirləri əhalinin müəyyən qrupunun ödəmə qabiliyyətinin zəifləməsinə, bunun da nəticəsində, kredit təşkilatlarından borc almış vətəndaşların bank sistemi qarşısında vaxtı keçmiş kreditlər üzrə öhdəliklərinin artmasına səbəb olduğunu və bu öhdəliklərin yerinə yetirilməsi ilə bağlı məsələlərə məhkəmə müstəvisində baxılma hallarının çoxalmasını nəzərə alaraq Azərbaycan Respublikası Prezidenti tərəfindən vətəndaşların kredit borcları sahəsində müəyyən güzəştlər edilmişdir. Bununla bağlı, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanı qəbul edilmiş, həmin Fərmanla problemli kreditlərin təsiri altına düşən müəyyən kateqoriya vətəndaşların faiz və cərimə borcları da bağışlanılmışdır. Məhkəmə Kollegiyası hesab edir ki, belə bir şəraitdə kredit müqaviləsinin müddəti bitdikdən sonra kreditor banklar qarşısında borclu vətəndaşlara əlavə maliyyə sanksiyası tətbiq etmək və onları belə sanksiyalara cəlb etmək əsaslı sayılmamaqla məqsədəuyğun deyil. Bundan başqa, məhkəmə kollegiyası bildirir ki, hazırda əsas borc məbləğinin düzgün hesablanması ilə bağlı məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsi zərurəti müəyyən edilmir. Belə ki, hazırda Cavabdeh1 tutulmalı olan borc məbləği problemli kreditlərin kompensasiyası üzrə Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının internet portalından çıxarışa əsasən müəyyən edildiyindən və həmin çıxarışla kredit müqaviləsi üzrə əsas borcun məbləği dəqiq şəkildə göstərildiyindən müqavilə üzrə qalıq borcun hesablanması üçün yenidən mühasibatlıq ekspertizasının keçirilməsinə zərurət yoxdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Mülki Məcəllənin 448-ci maddəsinə uyğun olaraq, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirilməsi sayılır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, iddiaçının apellyasiya şikayətinin dəlilləri əsas borc məbləğinin düzgün müəyyənləşdirilməməsi hissəsində əsaslıdır. Lakin birinci instansiya məhkəməsi tərəfindən gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan işin qeyd edilən faktiki halı aydınlaşdırılmamış, bu hala, ümumiyyətlə, hər hansı qiymət verilməmişdir. Bu səbəbdən də, məhkəmə kollegiyası bildirir ki, birinci instansiya məhkəməsinin qətnaməsi Cavabdeh1 aid hissədə ləğv edilərək, Cavabdeh1 aid hissədə yeni qətnamə qəbul edilməlidir. İş materialları ilə müəyyən edilir ki, 26 fevral 2013-cü il tarixli, 166-13 ABFŞ nömrəli kredit müqaviləsi üzrə Cavabdeh1 İddiaçı ASC-yə borcu əsas kredit borcu qismində (restrukturizasiya olunması təklif olunan kredit məbləği) 751,99 manat təşkil etdiyindən, həmin borc məbləği Cavabdeh1 tutularaq, iddiaçı LPO İddiaçı ASC-yə ödənilməlidir. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd edilən maddələrə əsasən məhkəmə kollegiyası bildirir ki, iddiaçının tələbi qismən təmin edildiyindən onun tərəfindən ödənilmiş və tələb olunan 20 manat məbləğində dövlət rüsumunun yarısı – 10 manat Cavabdeh1 tutularaq, iddiaçı LPO İddiaçı ASC-yə ödənilməli, qalan 10 manat hissəsi isə iddiaçının özünə aid edilməlidir. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Mülki Prosessual Məcəllənin 385.1.2-ci maddəsinə əsasən, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırkı iş üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olduğundan qətnamədən kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən və MPM-in 382, 384.0.2, 385.1, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏT ETDİ: İddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Hacıqabul Rayon Məhkəməsinin 2(071)-952/2022 saylı, 25 oktyabr 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən – Cavabdeh1 aid hissədə ləğv edilsin və həmin hissədə yeni qətnamə qəbul edilsin. Cavabdeh1 münasibətdə iddia tələbi qismən təmin edilsin. Cavabdeh1 əsas borc üzrə 751,99 manat və ödənilmiş dövlət rüsumunun yarısı – 10 manat, cəmi 761,99 məbləğində pul tutularaq iddiaçı LPO İddiaçı ASC-nin xeyrinə ödənilsin. Ödənilmiş dövlət rüsumunun qalan hissəsi – 10 manat iddiaçı LPO İddiaçı ASC-nin özünə aid edilsin. İddia tələbi Cavabdeh1 münasibətdə qalan hissədə təmin edilməsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Samir Mayılov Hakimlər İlham Əsədov Pərviz Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar