Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1930/2025 22.12.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinin Mülki kollegiyası, hakimlər Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən və məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və X2 ibarət tərkibdə, Əliyev Orxan İsmayıl oğlunun katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi-vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının dəyişdirilməsi tələbinə dair mülki iş üzrə Şirvan Şəhər Məhkəməsinin 2(032)-1607/2025 saylı, 13 oktyabr 2025-ci il tarixli qətnaməsindən Cavabdeh nümayəndəsi-vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə 22 dekabr 2025-ci il tarixdə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2011-ci il təvəllüdlü X1 üçün Cavabdeh onun xeyrinə sabit pul məbləğində tutulan alimentin miqdarının dəyişdirilərək, hər ay əmək haqqının (pensiyasının) ¼ hissəsi mqidarında alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 2008-ci ilin oktyabr ayından faktiki nikahda olmuşlar. Birgə nikahlarından xx.xx.2011-ci il təvəllüdlü X4 adlı uşaqları anadan olmuşdur. Ailə münasibətləri ilk vaxtlar normal olsa da, sonradan 2020-ci ilin ilk aylarından xasiyyətlərinin uyğun gəlməməsi, aralarında baş vermiş ciddi problemlər ailə münasibətlərinin pozulması ilə nəticələnmişdir. İlk vaxtlar cavabdehdən aliment tələb etməsə də, sonradan maddi imkansızlıq səbəbi ilə cavabdehdən sabit pul məbləğində azyaşlının saxlanılması üçün məhkəmədə iddia qaldırmışdır. İddiası təmin olunaraq xx.xx.2011-ci il təvəllüdlü X1 üçün cavabdehdən hər ay 175 manat miqdarında alimentin tutulması qət edilmişdir. Hazırda cavabdeh həm fərdi əməklə məşğuldur, həm də 2500 manat miqdarında pensiya alır, kifayət qədər maddi təminatlıdır. İddiaçı məhkəmə iclasında iştirak edərək iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iştirak edərək izahatında bildirmişdir ki, uşaq qeyri-rəsmi doğulmuşdur. Atalıq sonradan verilmişdir. Hər ay 175 manat sabit pul məbləğində aliment tutulur. İddia ilə razı deyil. Özü xəstədir, müharibə veteranıdır. Maddi imkanı yoxdur. İş üzrə qəbul edilmiş məhkəmə aktı: a) Birinci instansiya məhkəməsində icraat. Şirvan Şəhər Məhkəməsinin 2(032)-1607/2025 saylı, 13 oktyabr 2025-ci il tarixli qətnaməsi ilə (Hakim: Əli İmanov), iddianın təmin edilməsi, Şirvan şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(032)-415/2021 saylı qətnaməsi ilə xx.xx.2011-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanmasına görə hər ay uşağa görə 175 manat miqdarında alimentin dəyişdirilərək artırılması, X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün əvvəli hazırki qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla Şirvan şəhəri, ƏliBayramov küçəsi dalan 1, ev 18 yaşayan xx.xx.1953-cü ildə Şirvan şəhərində anadan olmuş Cavabdeh hər ay qazancının və ya başqa gəlirlərinin ¼ hissəsi miqdarında aliment tutularaq İddiaçı verilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən Cavabdeh nümayəndəsi-vəkili Vəkil apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün hallar araşdırılmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut olunmamışdır. Odur ki Şirvan Şəhər Məhkəməsinin 2(032)-1607/2025 saylı, 13 oktyabr 2025-ci il tarixli qətnaməsinin ləğv edilməsini və xx.xx.2011-ci il təvəllüdlü X1 üçün hər ay 300 manat sabit pul məbləğində alimentin təyin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: İddiaçı tərəfindən cavabdehin apellyasiya şikayətinə etiraz daxil olmamışdır d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Cavabdeh nümayəndəsi-vəkili Vəkil apellyasiya icraatı zamanı apellyasiya şikəyətinin dəlillərinə uyğun izahat verərək izahatında apellyasiya şikayətinin təmin edilməsini, Şirvan Şəhər Məhkəməsinin 2(032)-1607/2025 saylı, 13 oktyabr 2025-ci il tarixli qətnaməsinin ləğv edilməsini və xx.xx.2011-ci il təvəllüdlü X1 üçün hər ay 300 manat sabit pul məbləğində alimentin təyin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya icraatı zamanı yazılı formada ərizə təqdim edərək təyin edilmiş alimentin dəyişdirilərək, minimum əmək haqqının 1 misli məbləğində aliment təyin edilməsini xahiş etmişdir. Qanunvericiliklə nəzərdə tutulmuş qaydada tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasında iştirak etməmiş və bu barədə heç bir məlumat verməmişlər. Odur ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən iş üzrə cavabdehin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Odur ki, kollegiya Şirvan Şəhər Məhkəməsinin 2(032)-1607/2025 saylı, 13 oktyabr 2025-ci il tarixli qətnaməsini Cavabdeh apellyasiya şikayətinin dəlilləri həddində, qanuniliyini yoxlanılmasını zəruri hesab edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci bəndinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Konstitusiyanın 34-cü maddəsinin İV bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideyinlər uşaqlarını saxlamağa borcludurlar. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. “Uşaq hüquqları haqqında” Konvensiyanın (xx.xx.1989-cu il) 3.1-ci maddəsinin məzmununa görə uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsində göstərilir ki, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də ödəməyə borclu olan valideyinin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancının hamısını və ya bir hissəsini xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar birinci instansiya məhkəməsinin gəldiyi nəticə üzrə maddi və prosessual hüquq normalarına riayət edibetməməsini yoxlayaraq hesab edir ki, məhkəmə alimentin artırılması zamanı iddianı cavabdehin qazancının və ya başqa gəlirlərinin ¼ hissəsi miqdarında təyin edərkən işin faktiki hallarını ehtiva edən sübutlar üzrə düzgün, tam hərtərəfli dəyərləndirmə aparmayaraq, prosessual qanunvericiliyin tələblərini pozmuş, müəyyən edilmiş işin faktiki halları üzrə maddi hüquq normalarını səhv tətbiq və təfsir etmişdir. Bununla da qətnamənin apellyasiya qaydasında mübahisələndirilərək dəyişdirilməsi üçün əsaslar yaratmışdır. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayəti ilə əlaqədar iş materiallarını araşdıraraq aşağıdakıları qeyd edir. Məhkəmə kollegiyası iş materiallarını təhlil edərək müəyyən edir ki, Şirvan Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(032)-415/2021 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı atalıq faktının müəyyən edilməsi və aliment tələbinə dair iddiası təmin edilmiş, xx.xx.2011-ci il təvəllüdlü X3 atası Cavabdeh olması faktı müəyyən edilmiş, Cavabdeh xx.xx.2021-ci il tarixdən başlayaraq xx.xx.2011-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 175 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Kollegiya həmçinin qeyd edir ki, İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2011-ci il təvəllüdlü X1 üçün Cavabdeh onun xeyrinə sabit pul məbləğində tutulan alimentin miqdarının dəyişdirilərək, hər ay əmək haqqının (pensiyasının) ¼ hissəsi mqidarında alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddianı təmin edərək hesab etmişdir ki, Cavabdeh sabit və kifayət qədər gəliri olduğu, uşağın yaşının və ehtiyaclarının artdığı, maddi vəziyyətin dəyişdiyi, həmçinin, əvvəl müəyyən edilmiş 175 manat sabit aliment məbləğinin artıq uşağın minimum yaşayış səviyyəsini təmin etmədiyi nəzərə alınaraq, alimentin məbləğinin dəyişdirilərək cavabdehin qazancının 1/4 hissəsi miqdarında müəyyən edilməsi qanuna və ədalət prinsiplərinə tam uyğun hesab edilməlidir. Belə ki, Cavabdeh aylıq 3034.87 manat məbləğində sabit gəlirə və müharibə veteranı kimi əlavə 80 manat məbləğində pensiyaya malikdir. Bu, onun müntəzəm və sabit gəliri olduğunu göstərir. Belə vəziyyətdə alimentin sabit məbləğdə deyil, gəlirin müəyyən hissəsi kimi tutulması qanunvericiliyə daha uyğun hesab edilir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verməzdən əvvəl onu qeyd etməyi zəruri hesab edir ki, yetkinlik yaşına çatmayan uşaqlar üçün aliment təyin edilərkən aşağıdakı hallar xüsusilə nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinə müvafiq olaraq valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur (maddə 75.1, 75.4). Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər (maddə 78.1). Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir (maddə 78.2). Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Yuxarıda qeyd olunan maddi hüquq normalarından da görünür ki, valideynlərin öz uşaqları qarşısında olan hüquq və vəzifələri uşaqların üstün mənafeyini qorunmağa yönəldiyindən, məhkəmə uşaqların saxlanması üçün alimentin təyin edilməsi ilə bağlı halları araşdırarkən ilk növbədə uşaqların zəruri həyat şəraitini, onların ehtiyacını nəzərə almalı, daha sonra valideynin alimenti ödəmək iqtidarında olub-olmaması məsələsinə hüquqi qiymət verməlidir. Ümumiyyətlə yetkinlik yaşına çatmayan uşaqlar üçün aliment təyin edilərkən aşağıdakı hallar xüsusilə nəzərə alınmalıdır. 1) Təyin ediləcək alimentin miqdarı yetkinlik yaşına çatmayan uşaqların hüquq və mənafeləri, o cümlədən onların psixi və fiziki inkişafına uyğun həddə təyin edilməli, hər bir halda uşaqların hüquq və mənafeləri birinci gözlənilməlidir. 2) Təyin ediləcək alimentin miqdarı aliment ödəmək vəzifəsi qoyulan valideynin hüquq və mənafelərini zərbə altında qoymamalı, onların hüquqlarını pozmamalıdır. Bu hal uşaqların hüquq və mənafeləri nəzərə alınmaqla həyata keçirilməlidir. Qeyd edilən tələblər gözlənilmədən birtərəfli qaydada aliment miqdarının müəyyən edilməməsi, uşağın hüquq və mənafeyinin təmin edilməsi üçün kifayət hesab edilmir. Çünki alimentin miqdarı yetkinlik yaşına çatmayan uşaqların hüquq və mənafeləri, o cümlədən onların psixi və fiziki inkişafına uyğun həddə təyin edilməlidir. Baxmayaraq ki, birinci instansiya məhkəməsi qeyd edilən tələbləri gözləməməklə uşaqların mənafeyini nəzərə almamışdır. Düzdür aliment təyin olunarkən azyaşlı uşaqların mənafeyi ilə yanaşı aliment ödəmək öhdəliyi daşıyan valideynin də maddi və sair gəlirləri, həmçinin qət olunan alimenti ödəmək imkanı nəzərə alınmalıdır. Aliment məbləği müəyyən edilərkən aliment verməli olan valideyinin qazancının (işləməmək, gəlirsizlik) olmaması, gəlirin qeyri-müntəzəm olması, alimentin gəlirdən tutmağın praktik çətinliyi və sair nəzərə alınmalıdır. Əgər aliment ödəyən şəxs işləmirsə və pensiya alırsa bu halda məhkəmə iki yanaşma tətbiq edə bilər. Sabit məbləğ müəyyənləşdirilməsi, Əgər şəxs işləmir, gəlir yoxdursa və yalnız pensiya alır, məhkəmə pensiyanı gəlir kimi qəbul etməyərək sabit məbləğ təyin edə bilər. Bu sabit məbləğ uşağın eytiyaclarına uyğun müəyyən edilir. Bu yanaşma daha düzgün olar. Uşağın mənafeyi, pensiyanın məbləği, tərəflərin hər ikisinin maddi vəziyyəti və.s təyin olunacaq alimentin sabit pul məbləğində və ya qazancıngəlirin ¼ hissəsində təyin olunması zamanı nəzərə alınan əsas meyardır. Başqa sözlə məhkəmə pensiyanı başqa şəxslərin dolanışığı üçün gəlir kimi qəbul etmir və bunun nəticəsində azyaşlı uşağın mənafeyi nəzərə alınmaqla sabit məbləğdə aliment müəyyən edir. Bu yanaşma pensiya alan şəxsin marağının əhəmiyyətli dərəcədə pozulmasının qarşısını almağa xidmət edir. Çünki dövlətin şəxsə pensiya verilməsində məqsədi məhz həmin şəxsin yaşı artdıqca həkim müayinələrinə, dərmanlara və bəzən reabilitasiya xidmətlərinə ehtiyaclarını qarşılamaq, həmçinin vaxtında müayinə olunmağa, keyfiyyətli dərman almağa özəl və ya əlavə tibbi xidmətlərdən yararlanmağa, sağlam qidalanmağa, aktiv həyat tərzi yüngül idmanla məşğul olmağa gəzintilərə, sanatoriya və istirahət yerlərinə getməyə şərait yaratmaqdan ibarətdir. Maddi təminat nə qədər stabil olarsa, pensiya alan şəxsin həm fiziki, həm də psixoloji sağlamlığı bir o qədər yaxşı qorunar. Qanunvericilik məhz bu baxımdan alimentin miqdarı müəyyən olunarkən məhkəmənin üzərinə tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq digər halların nəzərə alınmasını vəzifə olaraq qoymuşdur. Hazırda İddiaçı apellyasiya icraatı zamanı yazılı formada ərizə təqdim edərək təyin edilmiş alimentin dəyişdirilərək, minimum əmək haqqının 1 misli məbləğində aliment təyin edilməsini xahiş etmişdir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “ 20 ” dekabr 2024-cü il tarixli, 15 nömrəli qərarında qeyd edilmişdir ki, Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən Cnin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir). Nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232- ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır (məsələn, 2019-cu ildə qəbul edilmiş qətnamə ilə bir uşağın saxlanılması üçün 125 manat sabit pul məbləğində alimentin tutulması qət edilibsə, məhkəmə 2024-cü ildə indeksasiyanı həyata keçirən zaman qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarının 2019-cu il üzrə müəyyən edilmiş 250 manat məbləğində minimum əmək haqqının 0,5 mislini təşkil etdiyini nəzərə alaraq, qərardadın nəticə hissəsində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində indeksasiya olunması şəklində göstərməlidir). İş materiallarından görünür ki, Şirvan şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(032)- 415/2021 saylı qətnaməsi ilə xx.xx.2011-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanmasına görə hər ay uşağa görə 175 manat miqdarında aliment təyin edilmişdir. Kollegiya Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda qeyd edilən mövqeyini nəzərə alaraq hesab edir ki, qətnamə alimentin miqdarının müəyyən edilməsi hissəsində dəyişdirilərək, Şirvan şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(032)-415/2021 saylı qətnaməsi ilə xx.xx.2011-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanmasına görə hər ay uşağa görə təyin edilmiş 175 manat aliment sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üçün müəyyən olunmuş minimum əmək haqqının 1 (bir) misli həddində sabit pul məbləğində müəyyən edilməlidir. “Yaşayış minimumu haqqında” Qanunun Ailə Məcəlləsinin 76, 78 və 112- ci maddələrində nəzərdə tutulmuş aliment münasibətlərinə aid edilməsinin mümkünlüyünə gəldikdə Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Nəticə etibarı ilə məhkəmənin mövqeyi belə olmuşdur ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Konstitusiya Məhkəməsinin yuxarıda qeyd edilən qərarı ilə müəyyən edilir ki, alimentin məbləği məhkəmələr tərəfindən müəyyən edilərkən konkret iş üzrə hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verilməli, bu hallara qiymət verərkən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun olması nəzərə alınmalıdır. Konstitusiya Məhkəməsi uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun olması hüququnu tanımaqla yanaşı, alimentin «Yaşayış minimumu haqda» qanunla müəyyən edilmiş dəqiq məbləğin deyil, qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasını müəyyən etmişdir. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Beləliklə məhkəmə kollegiyası qeyd edilənlər üzrə yekun hüquqi dəyərləndirmə apararaq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Şirvan Şəhər Məhkəməsinin 2(032)- 1607/2025 saylı, 13 oktyabr 2025-ci il tarixli qətnaməsi aliment məbləği hissəsində dəyişdirilməli, Şirvan şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(032)-415/2021 saylı qətnaməsi ilə xx.xx.2011-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanmasına görə hər ay uşağa görə təyin edilmiş 175 manat aliment sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üçün müəyyən olunmuş minimum əmək haqqının 1 (bir) misli həddində sabit pul məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddənin İİ hissəsi), məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi (127-ci maddənin Vİİ hissəsi) təsbit olunmuşdur. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə işinin ədalətli araşdırılması hüququna malik olması təsbit edilmişdir. Bu müddəalara uyğun olaraq ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 217.1 və 217.3-cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Azərbaycan Respublikası MPM-in 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Qətnamənin mübahisələndirilən hissəsində tərəflərə muvafiq olaraq iddiaçının apellyasiya şikayəti üzrə qətnamənin mübahisələndirilən hissəsinin qiyməti 378,5x12=4542 manat (yəni qətnamənin mübahisələndirilən hisssində iddianın qiyməti beş min manatdan az) təşkil edir. Ona görə də tərəflər qətnamədən kassasiya şikayəti verə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.3, 385.2 və 402.1 maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Qət etdi: Cavabdeh nümayəndəsi-vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Şirvan Şəhər Məhkəməsinin 2(032)-1607/2025 saylı, 13 oktyabr 2025-ci il tarixli qətnaməsi aliment məbləği hissəsində dəyişdirilsin. Şirvan şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(032)-415/2021 saylı qətnaməsi ilə xx.xx.2011-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanmasına görə hər ay uşağa görə təyin edilmiş 175 manat aliment sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üçün müəyyən olunmuş minimum əmək haqqının 1 (bir) misli həddində sabit pul məbləğində müəyyən edilsin. Qətnamə elan edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(106)-1930/2025
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1930/2025
22.12.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver