Məhkəmə qərarları › İş №2(106)-1937/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-1937/2025

29.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-1937/2025 29.12.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X2 Fehruz oğlunun sədrliyi və məruzəsi ilə, Əsədli Mahir Abdulla oğlu və Əliyev Qasım Vəli oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Laçın Rayon Məhkəməsinin 24 noyabr 2025-ci il tarixli, 2(047)-524/2025 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, kollegiya müəyyənetdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ondan xx.xx.2024-cü il tarixdə 3000 manat borc pul almış və həmin borc məbləğini xx.xx.2025-ci il tarixə kimi qaytaracağına söz vermişdir. Cavabdeh həmin pulu ondan aldığına dair öz xətti və imzası ilə qəbz də yazaraq ona təhvil vermişdir. Lakin həmin vaxtdan xeyli müddət keçməsinə baxmayaraq cavabdeh borclu olduğu 3000 manat pulu indiyənə kimi ona qaytarmamışdır. O, cavabdehdən ona borclu olduğu pulu dəfələrlə qaytarmasını tələb etsə də cavabdeh hər dəfə müxtəlif bəhanələr gətirərək borclu olduğu pulu qaytarmaqdan imtina etmişdir. Artıq məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ona görə də Cavabdeh 3000 (üç min) manat borc pulun və ödədiyi 50 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Laçın Rayon Məhkəməsinin 17 sentyabr 2025-ci il tarixli qətnaməsinə əsasən iddia tələbi təmin edilərək Cavabdeh 3000 (üç min) manat borc pulun və ödənilmiş 50 (əlli) manat dövlət rüsumunun alınıb İddiaçı verilməsi qət edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək Laçın Rayon Məhkəməsinin e-2(047)- 524/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın rədd olunması barədə qətnamə çıxarılmasını, həmçinin apellyasiya şikayəti vermə müddətini üzrlü səbəbdən buraxıldığına görə onun bərpa edilməsini xahiş etmişdir. Laçın Rayon Məhkəməsinin 24 noyabr 2025-ci il tarixli, 2(047)-524/2025 saylı qərardadı ilə bəhs edilən qətnamədən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti vermə müddəti üzrlü səbəbdən buraxıldığına görə bərpa edilməsi qərara alınmışdır. İddiaçı Laçın Rayon Məhkəməsinin 24 noyabr 2025-ci il tarixli, 2(047)-524/2025 saylı qərardadından narazı qalmış və şikayət verərək qeyd edilən qərardadın ləğv edilməsini və cavabdehin apellyasiya şikayəti verə bilməsi üçün müddətinin bərpasına dair ərizəsinin təmin edilməməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, cavabdeh qeyd edilən qətnaməni müvafiq poçt izlənilməsinə dair məlumata əsasən 30 sentyabr 2025-ci il tarixdə almış, lakin məhkəməyə ünvanladığı ərizəsində həmin qətnaməni 17 oktyabr 2025-ci il tarixdə aldığını bildirmiş və sonradan həmin qətnamədən apellyasiya şikayəti vermiş, eyni zamanda apellyasiya şikayəti vermə müddətinin bərpa edilməsinə dair ərizə ilə də məhkəməyə müraciət etmişdir. Məhkəmə heç bir üzürlü səbəb gətirmədən ərizəni təmin etməklə apellyasiya şikayətinin verilməsi üçün nəzərdə tutulan müddətin ötürülməsini üzürlü hesab etmişdir. Halbuki, qanunvericilik şikayət müddətinin bir gün belə ötürülməsinin üzürlü səbəblərdən baş verdiyini əsaslandırmağı şikayət verən şəxsin üzərinə qoyduğu halda məhkəmə qarşı tərəfin heç bir tutarlı əsası olmadan 8 gün müddət ötürülməklə verilmiş apellyasiya şikayətinin verilməsi müddətini bərpa etmiş və bunu hər hansı bir dəlillə əsaslandırmamışdır. Laçın Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(047)-524/2025 saylı qərardadı iddiaçı tərəfindən verilmiş şikayət təmin edilməmiş, həmin qərardad dəyişdirilmədən qüvvəsində saxlanılmış və şikayəti baxılması üçün mülki işlə birlikdə Şirvan Apellyasiya Məhkəməsinə göndərilmdir. Azərbaycan Respublikasının MPM-in 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Mülki Prosessual Məcəllənin 398.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Məhkəmə kollegiyası mülki işin materiallarını nəzərdən keçirib, şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, qərardad ləğv edilərək verilmiş apellyasiya şikayətinin verilməsi müddəti bərpa edilməməlidir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, cavabdeh bəhsi keçən qətnaməni xx.xx.2025-ci il tarixdə (səh.62) almış, müddətin bərpası ilə bağlı ərizəsində qətnaməni xx.xx.2025-ci il tarixdə deyil, xx.xx.2025-ci il tarixdə almasını bildirir. Lakin o bununla bağlı ərizəsinə hər hansı sübut əlavə etməmişdir. Müəyyən edilir ki, cavabdeh apellyasiya şikayətini xx.xx.2025-ci il tarixində vermişdir. Kollegiya hesab edir ki, cavabdeh məhkəmə qətnaməsini xx.xx.2025-ci il tarixdə aldığından o, həmin qətnamədən xx.xx.2025-ci il tarixinədək apellyasiya şikayəti verə bilərdi. Lakin cavabdeh həmin qətnamədən 8 gün müddət ötürməklə - xx.xx.2025-ci il tarixdə şikayət vermiş və ötürülmüş müddətin üzrlü olaraq buraxması ilə bağlı məhkəməyə hər hansı üzrlü hal təqdim etməmişdir. Birinci instansiya məhkəməsi cavabdehin bəhs olunan qətnaməni xx.xx.2025-ci il tarixdə almasını qeyd etsə də qəbul etmiş olduğu qərardadda ötürülmüş müddətin üzrlü hesab edilməsi ilə bağlı hər hansı əsaslandırma aparmamışdır. Kollegiya hesab edir ki, cavabdehin müddətin bərpa edilməsi barədə ərizədə qətnaməni xx.xx.2025-ci il tarixində əldə etdiyini, qətnamənin poçt işçisi tərəfindən cavabdehin yaşadığı binanın yaxınlığında yerləşən kafeyə verilməsini qeyd etməsi məhkəmə tərəfindən ötürülmüş müddətin bərpa edilməsi üçün əsas ola bilməz. Mülki Prosessual Məcəllənin 135.3-cü maddəsinə əsasən məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir. Həmin Məcəllənin 135.5-ci maddəsinə əsasən bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Bəhs olunan prosessual hüquq normasının məzmunundan göründüyü kimi, məhkəmə sənədlərinin ünvan sahibinin qeydiyyat ünvanına qanunamüvafiq qaydada göndərilməsi həmin məhkəmə sənədinin rəsmi qaydada verilməsi hesab edilir. Hazırkı işdə isə müəyyən olunur ki, cavabdeh qeyd edilən qətnaməni xx.xx.2025-ci il tarixdə almış, bunu təkzib edən əsaslı hallar isə cavabdeh tərəfindən məhkəməyə verilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 128.1-ci maddəsinə əsasən prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Həmin Məcəllənin 130.3-cü maddəsinə əsasən prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 363.1.3-cü maddəsinə əsasən apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə, birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsində nəzərdə tutulmuş hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminatın mahiyyətinə görə, məhkəmə müdafiəsi müstəqil məhkəmə tərəfindən ədalətli məhkəmə araşdırması əsasında hüquqların səmərəli bərpa edilməsi kimi qəbul olunur. Ədalət mühakiməsi mahiyyət etibarı ilə ədalət anlayışına cavab verməli və pozulmuş hüquqların bərpa olunmasını təmin etməlidir. Ədalətli məhkəmə araşdırması hüquqi müəyyənlik prinsipi ilə sıx bağlıdır və hüquqi tənzimləmənin sabitliyini nəzərdə tutur. Hüquqi münasibətlərin iştirakçıları ağlabatan müddət çərçivəsində öz hərəkətlərinin nəticələrini əvvəlcədən görmək və öz rəsmi statuslarının, əldə olunmuş hüquq və vəzifələrinin dəyişilməz olduğuna əmin olmaq imkanına malik olmalıdırlar. Hüquqi müəyyənlik prinsipi və onun tərkib hissəsi olan “res judicata” prinsipi tələb edir ki, məhkəmə tərəfindən hər hansı məsələ üzrə yekun qərar qəbul olunduğu halda bu qərar şübhə altına alınmasın. Burada əsas amil ondan ibarətdir ki, tərəflərdən heç biri həmin iş üzrə yenidən məhkəmə araşdırılmasının aparılması və yeni qərarın qəbul edilməsi məqsədilə qüvvəyə minmiş yekun məhkəmə qərarının yenidən baxılmasını tələb edə bilməz. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının ləğvi və ya dəyişdirilməsi üçün əsaslar konstitusiya əhəmiyyətli məqsədlərə cavab verməli və mütənasiblik prinsipinə uyğun olaraq məhkəmə qərarının ədalətliliyini, stabilliyini və tarazlığını pozmamalıdır. Konstitusiya Məhkəməsi Plenumunun 13 fevral 2007-ci tarixli Qərarında qeyd edilmişdir ki, Konstitusiyada nəzərdə tutulmuş təminatların yerinə yetirilməsi baxımından ədalət mühakiməsinin keyfiyyətcə səmərəli və ədalətli həyata keçirilməsi, qanunvericilikdə hüquq və vəzifələrin həcminin prosessual prosedur, qaydalar, xüsusən də müddətlər çərçivəsində balanslaşdırılması zəruriliyini ortaya çıxarır ki, bu da məhkəmə icraatı zamanı məhkəmənin (hakimin), tərəflərin, prosesin digər iştirakçılarının, həmçinin maraqlı şəxslərin qarşılaşa biləcəkləri hüquqi qeyri-müəyyənliyin aradan qaldırılmasına xidmət edən mühüm şərtlərdən biridir. Məhkəmə aktlarının qanunvericilikdə nəzərdə tutulmuş müddətlər çərçivəsində deyil, qeyri-məhdud zaman kəsiyində mübahisələndirilməsi imkanının mövcudluğu, hüquqi müəyyənliyin tərkib hissəsi olan “res judicata” prinsipinin, ədalət mühakiməsinin ağlabatan müddətdə həyata keçirilməsi tələbinin inkar edilməsilə nəticələnə bilər. Qanunverici mülki işlər üzrə məhkəmə aktlarının ədalətli və qanuni olmasını təmin etmək məqsədilə Mülki Prosessual Məcəllədə məhkəmənin, işdə iştirak edən şəxslərin və prosesin digər iştirakçılarının hüquq və vəzifələrini müəyyənləşdirmiş, mülki mühakimə icraatında prosessual qaydaları, o cümlədən məhkəmə aktlarından müvafiq şikayətin verilməsinin prosessual müddətlərini tənzimləmişdir. Bu isə proses iştirakçılarının hüquq və vəzifələrinin həyata keçirilməsinə, son nəticədə işin ədalətli həllinə yönəlmiş bu qaydalardan irəli gələrək məhkəmə aktlarından apellyasiya və kassasiya qaydasında prosessual müddətlər çərçivəsində şikayət vermək hüququnun təmin olunmasına, çıxarılmış məhkəmə aktlarının qanuniliyinin və əsaslılığının obyektiv və hərtərəfli yoxlanılmasına xidmət edir. “Akif Həsənov Azərbaycana qarşı” məhkəmə işi üzrə qəbul edilmiş İnsan Hüquqları Məhkəməsi göstərmişdir ki, “Hətta Bakı Apellyasiya Məhkəməsi onu məhkəməyə çağırmamış olsa və onun məhkəmə baxışında iştirakını təmin etməmiş olsa belə (həmçinin qərarın surətini ərizəçiyə verməmiş olsa da), bu faktlar ərizəçinin özünün müvafiq orqanlardan öz şikayətinin nəticəsi barədə məlumat almaq üçün elementar addımlar atmaq öhdəliyindən azad etmir.” Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, cavabdehin apellyasiya şikayəti verilmə müddətinin bərpa edilməsinə dair ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.2-ci maddəsinə əsasən apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. Göründüyü kimi hazırkı qərardadlardan kassasiya şikayətinin verilməsi prosessual qanunvericilikdə nəzərdə tutulmamışdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.3, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qəraraaldı: İddiaçının şikayəti təmin edilsin. Laçın Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(047)-524/2025 saylı qərardadı ləğv edilsin. Cavabdeh apellyasiya şikayəti verilmə müddətinin bərpa edilməsinə dair ərizəsi təmin edilməsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar