Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1941/2023 25.12.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinin Mülki kollegiyası, hakimlər Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən və məruzəçi), Mayılov Samir İlham oğlu və Əsədov İlham Qoşunəli oğlundan ibarət tərkibdə, Babayev Eltac Fərman oğlunun katibliyi ilə, İddiaçı1 və Cavabdeh1 iştirakları ilə, İddiaçı1 Cavabdeh1 qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Beyləqan Rayon Məhkəməsinin 2(020)44/2023 saylı, 05 iyul 2023-cü il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə 25 dekabr 2023-cü il tarixdə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı1 Cavabdeh1 hərəkətləri nəticəsinə xüsusi mülkiyyətində olan mənzilinə dəymiş 3197 (üç min bir yüz doxsan yeddi) manat maddi ziyanın, mütəxəssis rəyinin alınması üçün ödədiyi 165 (bir yüz altmış beş) manatın və ödədiyi 53 (əlli üç) manat dövlət rüsumunun alınıb ona verilməsi tələbinə dair məhkəmədə iddia qaldırmışdır. Məhkəmə iclasında izahat verən İddiaçı1 iddiasını müdafiə etdi və izahatında göstərdi ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən qeydiyyat nömrəsi ********** olan, reyestr nömrəsi **********05-05101-093001 olan, qeydiyyat nömrəsi ********** olan və qeydiyyat tarixi xx.xx.2018-ci il olan çıxarışa əsasən yaşadığı ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 56.64 kv.m olan 3 saylı mənzil tam olaraq xüsusi mülkiyyətinə verilmişdir. Həmin mənzil əvvəllər çoxmənzilli kimi Meşəçilik İdarəsinin balansında olduğundan 2007-ci ildə həmin mənzili pul müqabilində almışdır. Cavabdeh1 yaşadığı mənzillə onun yaşadığı mənzil əvvəllər bitişik olmuşdur. Sonradan Cavabdeh1 özbaşına olaraq onların arasında yerləşən divarı qeyri qanuni olaraq sökdüyündən hazırda həmin mənzildə onun və ailə üzvlərinin yaşaması üçün həddindən artıq çətinliklər yaranmışdır. Cavabdeh tərəfindən sökülən divarın və dam örtüyünün təmir-bərpa işlərinin aparılmasına ehtiyac yaranmışdır. Demək olarki divar Sovet dönəmində çiy kərpicdən inşa edildiyindən artıq öz funksiyasını itirmişdir. O, bu barədə cavabdehə öz narazılığını bildirdikdə onun narazılığından sonra divarın üst tavan hissəsinə yəni dam olan hissəsinə köhnə istifadəyə yararsız material sayılan fanerkadan yamaqlar vurmuşdur. Yağış yağan zaman həmin yararsız materialların arasından mənzilinə yağış suyu keçir və bunun nəticəsində mənzilinə ciddi ziyan dəyir. Hər an mənzilinin uçub dağılma təhlükəsi vardır. Hazırda cavabdehin əməlləri nəticəsində həmin mənzildə yaşamaqları sağlamlıqları üçün real təhlükə yaradır. Bundan başqa cavabdeh mənzilinin yerləşdiyi 482.43 kv.m torpaq sahəsində zəbt etməklə mənzilinin sağ cinahında yerləşən torpaq sahəsində qeyri qanuni olaraq daş hasar inşa etdirməkdədir. Divarı ilə daş hasarın arasında məsəfə bir qarış olduğundan bütün yağış və qrunt suları onun mənzilndə dolur. Hazırda sənədləri Daşınmaz Əmlakda hazırlanma ərəfəsində olduğundan bununla bağlı yaxın günlərdə məhkəməyə həmin daş hasarın sökülməsinə dair ayrıca iddia vərəcəkdir. Cavabdeh1 qanunsuz hərəkətləri nəticəsində ona 3197 (üç min bir yüz doxsan yeddi) manat məbləğində maddi ziyan dəymişdir. Hazırda da cavabdeh öz qanunsuz əməllərinə davam edir. O, cavabdehdən dəfələrlə bu hərəkətlərinə son qoymağı xahiş etsə də cavabdeh təkrar olaraq öz qanunsuz hərəkətləri ilə ona yenə də ziyan vurur. Ona görə də, Cavabdeh1 hərəkətləri nəticəsinə xüsusi mülkiyyətində olan mənzilinə dəymiş 3197 (üç min bir yüz doxsan yeddi) manat maddi ziyanın, mütəxəssis rəyinin alınması üçün ödədiyi 165 (bir yüz altmış beş) manatın və ödədiyim 53 (əlli üç) manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında izahat verən Cavabdeh1 iddianı qəbul etmədi və izahatında göstərdi ki, İddiaçı1 qeyd etdiyi kimi onun qonşuluğunda alınan və sökülüb yenidən tikilən ev onun adına deyil və o, həmin evdə yaşamır. Həmin evi o, Daşınmaz Əmlakın AN-1N ******* nömrəli alqı-satqı müqaviləsi ilə X4 qızı X3 almış, fərdi yaşayış evi və həmin evin həyətyanı ərazisini qızının adına rəsmiləşmişdir. Həmin bir mərtəbəli tikili 1940- cı illərdə çiy kərpicdən inşa olunmuşdur. Tikili Beyləqan rayon Meşəçilik deyilən İdarənin hesabında olmuşdur. Sonradan həmin yaşayış tiklisi bir neçə nəfər tərəfindən özəlləşdirilib xüsusi mülkiyyətə alınmışdır. Mən həmin çiy kərpicdən tikilmiş kürsüsüz evi qızına aldıqdan sonra evin çiy kərpicdən olduğu və yararlıq müddəti başa çatdığına görə evdə müəyyən həşaratlar olduğunu görmüşdır. Uşaqlarda qorxu və natəmizlik yaratmaması və azyaşlı uşaqların xəstələnməsinə görə iddiaçı ilə məsləhətləşərək qızına aid olan evi söküb yeni ev inşa etdirmişdir. İddiaçı ilə razılaşması əsasında aralarında olan orta divardan 30 sm qızının evinə tərəf söküntü etmiş və qonşunun evinə zərər vurmamışdır. İddiaçının Beyləqan rayon İcra Hakimiyyətinə yazdığı şikayət ərizəsindən sonra İcra Hakimiyyətinin nümayəndələri əraziyə baxış keçirmişlər və iddiaçıya evin sökülməsinin ona heç bir ziyan vermədiyini bildirmişlər. İddiaçı ilə aralarında olan divarı və onun üstünü ustalara təmir etdirmişdir. İddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktı: a) Birinci instansiya məhkəməsində icraat. Beyləqan Rayon Məhkəməsinin 2(020)44/2023 saylı, 05 iyul 2023-cü il tarixli qətnaməsi (Hakim: R.Nurullayev) ilə, iddianın qismən təmin edilməsi, Cavabdeh1 vurduğu ziyana görə 3105.00 (üç min yüz beş) manat, mütəxəssis rəyinin alınması üçün ödənilmiş 150 ( yüz əlli) manat, dövlət rüsumu kimi ödənilmiş 50 manat məbləğində pulun alınıb İddiaçı1 verilməsi, iş üzrə ekspertiza tədqiqinin dəyərini təşkil edən 50 (əlli) manat məbləğində pulun Cavabdeh1 Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə tutulması, mütəxəssis rəyinin alınmasından ötrü ödənilmiş 15 (on beş) manat, dövlət rüsumu kimi ödənilmiş 3(üç) manatın iddiaçıya aid edilməsi qət edilmişdir. Məhkəmə bu qənaətə gələrkən Mülki Məcəllənin 21, 170 və 1097-ci maddələrinə istinad etmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən Cavabdeh1 apellyasiya şikayəti verərək, şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün hallar araşdırılmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut olunmamışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan cavabdeh Beyləqan Rayon Məhkəməsinin 2(020)44/2023 saylı, 05 iyul 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: İddiaçı tərəfindən cavabdehin apellyasiya şikayətinə etiraz daxil olmamışdır. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Cavabdeh1 apellyasiya icraatı zamanı apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini Beyləqan Rayon Məhkəməsinin 2(020)44/2023 saylı, 05 iyul 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı1 apellyasiya icraatı zamanı apellyasiya şikayətinin dəlillərinə şifahi etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Beyləqan Rayon Məhkəməsinin 2(020)44/2023 saylı, 05 iyul 2023-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Odur ki, kollegiya Beyləqan Rayon Məhkəməsinin 2(020)44/2023 saylı, 05 iyul 2023-cü il tarixli qətnaməsini Cavabdeh1 apellyasiya şikayətinin dəlilləri həddində, qanuniliyini yoxlanılmasını zəruri hesab edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 170.1-ci maddəsinə görə ikitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. 170.2-ci maddəsinə görə qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə görə delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərər vuran şəxsin öhdəsinə qoyula bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsinin qətnaməsindən müəyyən edilir ki, məhkəmə iddia tələbinin qismən təmin edilməsini, iddiaçının iddia tələbinin qismən əsaslı olması və sübut olunması ilə əlaqələndirmişdir. Qətnamədən narazı qalan Cavabdeh1 apellyasiya şikayəti vermişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Odur ki, Beyləqan Rayon Məhkəməsinin 2(020)44/2023 saylı, 05 iyul 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin MPM-nin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayəti ilə əlaqədar iş materiallarını araşdıraraq aşağıdakıları qeyd edir. Belə ki, iş materiallarına əlavə edilmiş çıxarışdan və texniki pasportdan görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən qeydiyyat nömrəsi ********** olan, reyestr nömrəsi **********05- 05101-093001 olan, qeydiyyat nömrəsi ********** olan və qeydiyyat tarixi xx.xx.2018-ci il olan çıxarışa əsasən yaşadığı ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 56.64 kv. m olan 3 saylı mənzil tam olaraq İddiaçı1 xüsusi mülkiyyətinə verilmişdir. İşdə olan Daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, cavabdehin qızı X1 Elşən Ayaz oğlundan ümumi sahəsi 58.5 kv metr yaşayış evini və fərdi yaşayış evinə aid 0,043 ha olan torpaq sahəsini satın almışdır. İş materiallarına əlavə edilmiş "xxxx" MMC-nin qiymətləndirmə rəyindən görünür ki, İddiaçı1 mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 3-cü mənzilin sağ yan aparıcı divarının bərpası üçün yerinə yetirilməli olan təmir-bərpa işlərinin bazar qiyməti ilə dəyəri 3197.15 manat məbləğində təşkil edir. İş üzrə hər iki tərəfin vəsatəti əsasında məhkəmənin 01 noyabr 2022-ci il tarixli qərardadı ilə məhkəmə tikinti-texniki və məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilmiş, mülki iş materialları rəy verilməsi üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə göndərilmişdir. İş üzrə alınmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 26 may 2023-cü il tarixli 10/8163 nömrəli ekspert rəyindən görünür ki, İddiaçı1 fərdi yaşayış evinə ziyan vurulmasının cavabdeh tərəfindən divarın sökülməsi nöticəsində baş verib-verməməsinin müəyyən edilməsi, Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyinin Tikintidə X2 Agentliyinin mütəxəssisləri tərəfindən fərdi yaşayış evi üzrə ümumilikdə müvafiq müayinə işləri aparıldıqdan sonra müəyyən oluna bilər. ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evinə dəymiş ziyanın aradan qaldırılması üçün lazım xərclərin ümumi dəyəri 3105.00 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq müəyyən etmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən qeydiyyat nömrəsi ********** olan, reyestr nömrəsi **********05-05101-093001 olan, qeydiyyat nömrəsi ********** olan və qeydiyyat tarixi xx.xx.2018-ci il olan çıxarışa əsasən yaşadığı ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 56.64 kv. m olan 3 saylı mənzil tam olaraq iddiaçının xüsusi mülkiyyətinə verilmişdir. İddiaçının mülkiyyətində olan mənzillə Cavabdeh1 qızı üçün aldığı mənzil əvvəllər bitişik olmuşdur. Sonradan Cavabdeh1 mənzillər arasında yerləşən divarı sökdüyündən iddiaçının mənzilinə ziyan dəymişdir. İddiaçı cavabehdən dəymiş ziyana görə 3197.15 manat pul tələb etsə də, iş üzrə alınmış ekapertiza rəyi ilə dəymiş ziyan 3105.00 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzininin tam ödənilməsini tələb edə bilər. 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 170.1-ci maddəsinə görə ikitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. 170.2-ci maddəsinə görə qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə görə delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərər vuran şəxsin öhdəsinə qoyula bilər. Cavabdeh apellyasiya şikayətinin dəlilində qeyd edir ki, rəydə dəymiş ziyanın ümumi məbləği göstərilsə də, lakin dəymiş ziyanın divarın sökülməsi nəticəsində və ya başqa səbəbdən baş verməsi göstərilməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin qeyd olunan dəlili ilə razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə qanuni və əsaslı olmuşdur. Belə ki, işin hallarından müəyyən olunur ki, qeydiyyat nömrəsi ********** olan, reyestr nömrəsi **********05- 05101-093001 olan, qeydiyyat nömrəsi ********** olan və qeydiyyat tarixi xx.xx.2018-ci il olan çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 56.64 kv. m olan 3 saylı mənzil tam olaraq İddiaçı1 xüsusi mülkiyyətinə verilmişdir. Cavabdeh1 yaşadığı mənzillə İddiaçı1 yaşadığı mənzil əvvəllər bitişik olmuşdur. Sonradan Cavabdeh1 özbaşına olaraq onların arasında yerləşən divarı qeyri-qanuni olaraq sökdüyündən hazırda həmin mənzildə onun və ailə üzvlərinin yaşaması üçün həddindən artıq çətinliklər yaranmışdır. Divarın sökülməsi həmçinin iş materiallarında olan fotoşəkillərlə də tam təsdiq olunur. Qeyd olunan divarın cavabdeh tərəfindən qanunsuz sökülməsi nəticəsində iddiaçıya maddi ziyan vurulmuşdur. iddiaçıya dəymiş ziyan ona məxsus ünvan 4 ünvanda yerləşən 3-cü mənzilin sağ yan aparıcı divarının sökülməsi nəticəsində baş vermişdir. Həmin divarın da sökülməsinə səbəb cavabdehin özbaşına olaraq iddiaçıya məlumat vermədən qızı üçün aldığı mənzilin divarını sökməsi olmuşdur. Cavabdeh özü də həmin orta divarı sökdüyünü məhkəmə iclasında etiraf etmiş, lakin onun həmin divarı sökməsi nəticəsində iddiaçıya ziyan dəyməməsini göstərmişdir. Halbu ki, ziyanın dəyməsi müəyyən olunmuş, həmin divarın bərpası üçün lazım olan vəsaitin məbləği ekspertiza rəyi ilə də müəyyən edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin “Cavabdeh1 vurduğu ziyana görə 3105.00 (üç min yüz beş) manat, mütəxəssis rəyinin alınması üçün ödənilmiş 150 ( yüz əlli) manat, dövlət rüsumu kimi ödənilmiş 50 manat məbləğində pulun alınıb İddiaçı1 verilməsi, iş üzrə ekspertiza tədqiqinin dəyərini təşkil edən 50 (əlli) manat məbləğində pulun Cavabdeh1 Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə tutulması, mütəxəssis rəyinin alınmasından ötrü ödənilmiş 15 (on beş) manat, dövlət rüsumu kimi ödənilmiş 3(üç) manatın iddiaçıya aid edilməsi” mövqeyi ilə razılaşır və hesab edir ki, məhkəmə iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları araşdırmış və gəldiyi nəticə işin faktiki hallarına uyğun olmaqla qanuni və əsaslı olmuşdur. Bunu əsas götürən kollegiya işdə olan sübutların məzmununu hazırkı qətnamədə təkrarlamağa zərurət görmür. Kollegiya cavabdehin apellyasiya şikayətinin dəlillərini əsassız hesab etməklə, birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddənin İİ hissəsi), məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi (127-ci maddənin Vİİ hissəsi) təsbit olunmuşdur. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə işinin ədalətli araşdırılması hüququna malik olması təsbit edilmişdir. Bu müddəalara uyğun olaraq ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 217.1 və 217.3-cü maddələri). Beləliklə, məhkəmə kollegiyası yekun olaraq hesab edir ki, apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslandığından Beyləqan Rayon Məhkəməsinin 2(020)44/2023 saylı, 05 iyul 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Buna görə də apellyasiya şikayətləri təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. İddiaçının iddia tələbi mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olduğundan tələb üzrə qəbul olunan qətnamədən qanunvericiliyin tələbinə görə kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir (Mülki Prosessual Məcəllənin 107 və 119.1-ci maddələri). Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 385.2, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Qət etdi: Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Beyləqan Rayon Məhkəməsinin 2(020)44/2023 saylı, 05 iyul 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə elan olunduğu andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(106)-1941/2023
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1941/2023
25.12.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver