Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1946/2023 26.12.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X2 Əsədov (sədrlik edən və məruzəçi), Samir İlham oğlu Mayılov və Tofiq Xudayar oğlu Heydərovdan ibarət tərkibdə, katib X1 iştirakı ilə, Sabirabad Rayon Məhkəməsinin 22 iyun 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti əsasında, iddiaçı LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit borcunun qaytarılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən bank tərəfindən borcalana 24 ay müddətinə illik 25%-lə 4000 ABŞ dolları məbləğində kredit verilmişdir. Həmin tarixli zaminlik müqaviləsinə uyğun olaraq, Cavabdeh2 və Cavabdeh3 borclunun öhdəlikləri üçün zamin durmuşdur. LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən əsas borc üzrə 636,45 ABŞ dolları, faiz borcu üzrə 447,77 ABŞ dolları, cərimə borcu üzrə 568,25 ABŞ dolları, xx.xx.2017-ci il tarixdən – xx.xx.2023-cü il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faiz dərəcəsi ilə hesablanmış 95,22 ABŞ dolları faiz borcu, ümumilikdə isə 1747,69 ABŞ dolları məbləğində pulun və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzinin tutulmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. Birinci instansiya məhkəməsində Cavabdeh1 iddiaya etiraz edib, iddianın rədd edilməsini xahiş edərək izahatında göstərmişdir ki, onunla İddiaçı ASC arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən ona illik 25% dərəcəsi ilə 24 ay müddətinə 4000 ABŞ dolları məbləğində kredit verilmiş. Həmin kredit müqaviləsindən irəli gələn öhdəliklər xx.xx.2017-ci il tarixdə başa çatmışdır. Halbuki, İddiaçı ASC ona ünvanlanmış xx.xx.2023-cü il tarixli bildiriş məktubunda qeyd etmişdir ki, yuxarıda istinad olunan müqaviləyə əsasən ona güya ki 62 ay müddətinə illik 10% dərəcəsi ilə 2524,07 ABŞ dolları məbləğində kredit verilmişdir. Qeyd edir ki, onunla digər müqavilə bağlanmamış və onunla bağlanmış məhz xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən ona illik 25% dərəcəsi ilə 24 ay müddətinə 4000 ABŞ dolları məbləğində kredit verilmiş və müqavilənin müddəti xx.xx.2017-ci il tarixdə başa çatmışdır. Lakin LPO İddiaçı ASC müqavilədə göstərilmiş müddət başa çatdıqdan 6 il sonra iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Müqavilə üzrə yaranmış öhdəliklərə dair iddia müddəti 3 il olduğundan hesab edir ki, bu müddət iddiaçı təşkilat tərəfindən ötürülmüşdür. Cavabdeh iddia müddətinin tətbiq edilməsi barədə ərizəsini məhkəməyə təqdim edərək, İddiaçı ASC tərəfindən kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddiasının rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində cavabdehlər Cavabdeh2 və Cavabdeh3 iştirak etmədiyindən iddiaya dair mövqeləri bəlli olmamışdır. Sabirabad Rayon Məhkəməsinin (hakim N.Bağırov) 22 iyun 2023-cü il tarixli qətnaməsi ilə iddiaçı LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı «kredit borcunun qaytarılması» tələbinə dair iddiası iddia müddəti ötürülməklə verildiyindən rədd edilmişdir. Qətnamədən iddiaçı LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu apellyasiya şikayəti vermişdir. Apellyasiyaşikayətinindəlilləri İddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Şikayətə görə, iddia müddətinin keçməsinə görə iddianı rədd etmiş məhkəmə iddiaçının tələbi üzrə dəlilləri düzgün araşdırmadan iddia müddətinin keçməsinə əsaslanaraq iddianın rədd edilməsi barədə qətnamə qəbul edilmişdir. İddia müddətinin axımı müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. İddiaçı xx.xx.2023-cü il tarixdə müraciət etmiş və bununla da iddiaçı bank tərəfindən iddia müddəti ötürülməmişdir. Prosessualməsələlər Tərəflər apellyasiya baxışında iştirak etməmişlər. İddiaçının nümayəndəsi məhkəməyə teleqram göndərərək, məhkəmə iclasına iş çoxluğu ilə əlaqədar olaraq gələ bilmədiklərini, işə onların iştirakı olmadan baxılaraq, qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh1 məhkəməyə teleqram ünvanlayaraq, maddi imkanın olmadığı üçün məhkəmə iclasına gələ bilməyəcəyini bildirmiş, onun iştirakı olmadan işə baxılmasını və şikayətin təmin olunmamasını xahiş etmişdir. Digər cavabdehlərə müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, onlar apellyasiya baxışına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Kollegiya işə, Azərbaycan Respublikasının MPM-nin 376.2-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Məhkəmə Kollegiyası işin hallarına dair məruzəni dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. İşin faktiki hallarından görünür ki, xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh1 24 ay müddətinə illik 25%-lə 4000 ABŞ dolları məbləğində kredit verilmişdir. İddiaçı hazırda kredit müqaviləsi üzrə cavabdehlərdən borcunu tələb etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. İşin hallarından görünür ki, xx.xx.2015-ci il tarixdə bağlanmış kredit müqaviləsi üzrə öhdəliyin icrası vaxtı xx.xx.2017-ci il tarixdə başa çatmış, lakin bu tarixdən sonra üç il ərzində kreditor borcluya qarşı iddia irəli sürməmişdir. İddiaçı hazırkı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi iddiaçı məhkəməyə müraciət edərkən artıq qanunla müəyyən olunmuş iddia müddətini buraxmışdı. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Cavabdeh iddia müddətinin tətbiqi barədə ərizə vermişdir. İddiaçı apellyasiya şikayətində göstərmişdir ki, iddia müddətinin axımı müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. İddiaçı xx.xx.2023-cü il tarixdə müraciət etmiş və bununla da iddiaçı bank tərəfindən iddia müddəti ötürülməmişdir. Kollegiya, iddiaçının arqumentini əsaslı saymır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 376-cı maddəsinə əsasən əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər (girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə də iddia müddəti keçir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair» 3 iyun 2013-cü il tarixli Qərarında göstərilmişdir ki, kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə məəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. E.Həkimovun şikayəti üzrə AR Konstitusiya Məhkəməsinin 03 noyabr 2008-ci il tarixli qərarında göstərmişdir ki, iddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. Beləliklə, Məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayətini təmin etmək üçün əsas yoxdur. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən, şikayətin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 382, 384.0.1, 392, 393 və 404-1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası qətetdi: İddiaçı LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun apellyasiya şikayəti təmin edilməsin. Sabirabad Rayon Məhkəməsinin 22 iyun 2023-cü il tarixli, 2(056)-1020/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(106)-1946/2023
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1946/2023
26.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver