Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-1954/2025 24.12.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Novruzova Aytən Nazim qızı (sədrlik edən və məruzəçi), X5 və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, Lənkəran Rayon Məhkəməsinin 23 oktyabr 2025-ci il tarixli, e-2(049)-38/2025 saylı qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə Şirvan Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq məhkəmə kollegiyası müəyyən etdi: Lənkəran Rayon Məhkəməsinin 23 oktyabr 2025-ci il tarixli, 2(049)-38/2025 saylı qərardadı ilə Lənkəran Rayon Məhkəməsinin 01 avqust 2025-ci il tarixli, 2(049)-38/2025 saylı qətnaməsindən şikayət verilməsi üçün prosessual müddət İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna münasibətdə bərpa edilmiş və qərardad qanuni qüvvəyə mindikdən sonra Lənkəran Rayon Məhkəməsinin 01 avqust 2025-ci il tarixli, 2(049)-38/2025 saylı qətnaməsindən iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X7 tərəfindən verilmiş apellyasiya şikayətinin mülki işlə birlikdə Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Lənkəran Rayon Məhkəməsinin 23 oktyabr 2025-ci il tarixli, 2(049)-38/2025 saylı qərardadından Cavabdeh şikayət vermiş, Lənkəran Rayon Məhkəməsinin 12 noyabr 2025-ci il tarixli, 2(049)-38/2025 saylı qərardadı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (Ləğv prosesindədir) Cavabdeh qarşı “kredit borcunun qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki iş üzrə Cavabdeh tərəfindən verilmiş şikayət geri qaytarılmışdır. xx.xx.2025-ci il tarixdə iş üzrə Cavabdeh həmin qərardaddan şikayət vermiş, eyni zamanda ərizə ilə məhkəməyə müraciət edərək iş üzrə qəbul olunmuş 23 oktyabr 2025-ci il tarixli, 2(049)-38/2025 saylı qərardaddan apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş buraxılmış prosessual müddətin bərpa edilməsini xahiş etmişdir. Lənkəran Rayon Məhkəməsinin 2(049)-38/2025 nömrəli, 24 noyabr 2025-ci il tarixli qərardadı ilə Cavabdeh ərizəsi təmin edilmiş və Lənkəran Rayon Məhkəməsinin 23 oktyabr 2025-ci il tarixli, 2(049)- 38/2025 saylı qərardadından şikayət verilməsi üçün qanunla müəyyən edilmiş buraxılmış prosessual müddət Cavabdeh münasibətdə bərpa edilmişdir. Cavabdeh məhkəməyə şikayət verərək Lənkəran Rayon Məhkəməsinin 2(049)-38/2025 nömrəli, 23 oktyabr 2025-ci il tarixli qərardadının ləğv edilməsini xahiş etmişdir. Lənkəran Rayon Məhkəməsinin 2(049)-38/2025 nömrəli, 08 dekabr 2025-c il tarixli qərardadı ilə Lənkəran Rayon Məhkəməsinin 2(049)-38/2025 nömrəli, 23 oktyabr 2025-ci il tarixli qərardadının ləğvi barədə Cavabdeh tərəfindən verilmiş şikayətin təmin edilməməsi, iş şikayətlə birlikdə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən məhkəmə tərkibi işə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, Lənkəran Rayon Məhkəməsinin 23 oktyabr 2025-ci il tarixli, e-2(049)-38/2025 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 128.1-ci maddəsinə əsasən prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X1 şikayəti ilə əlaqədar bəzi məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 13 fevral 2007-ci il qərarında göstərilmişdir ki, ümumiyyətlə, imperativ xarakterə malik olduqlarından prosessual müddətlərlə bağlı qaydaların tələblərinə qanuni qüvvəyə minmiş məhkəmə aktlarından şikayət vermək hüququnun həyata keçirilməsi zamanı da riayət edilməsi vacib şərtlərdən biridir. Belə ki, MPM-in 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Birinci instansiya məhkəməsi qərardadını onunla əsaslandırmışdır ki, Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, cavabdehin nümayəndəsinin ərizəsini və digər iş materiallarını tədqiq edərək belə hesab edir ki, iddiaçı təşkilata münasibətdə şikayət vermə müddəti bərpa edilməlidir. Belə ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X7 tərəfindən “Elektron məhkəmə” informasiya sistemində olan elektron kabinet vasitəsilə xx.xx.2025-ci il tarixdə məhkəməyə apellyasiya şikayəti təqdim edilərkən həmin şikayətin məzmununda 3-cü bənddə apellyasiya şikayəti verən şəxsin nümayəndəsi kimi: X8, Etibarnamənin nömrəsi: № 12-5/3- 2661/2024, verilmə tarixi: xx.xx.2024-cü il, qüvvədə olma müddəti: 1 il qeyd edilmişdir. İddiaçının nümayəndəsi tərəfindən xx.xx.2025-ci il tarixdə “Elektron məhkəmə” informasiya sistemində olan elektron kabinet vasitəsilə məhkəməyə təqdim edilmiş müddətin bərpasına dair ərizəyə qoşma olaraq 12-5/3-2661/2024 nömrəli, xx.xx.2024-cü il tarixli etibarnamə əlavə edilmişdir. Həmin etibarnamənin məzmununda qeyd edilmişdir: “Bu etibarnamə ilə ləğv prosesində olan İddiaçı ASC-nin Məhkəmələrlə iş şöbəsinin müdiri Nümayəndə (Şəxsiyyət vəsiqəsi: AA 3151613, FİN: xxxxxxx, xx.xx.2031-ci il tarixədək etibarlıdır) elektron məhkəmə sistemi vasitəsilə sadələşdirilmiş iddia, iddia icraatı qaydasında ərizələrin, məhkəmə aktlarından şikayətlərin, vəsatət və etirazların, iddia tələbinin artırılması və ya azaldılmasına dair ərizələrin verilməsi üçün imza səlahiyyəti verilir.” Həmin etibarnamə Ləğv prosesində olan İddiaçı ASC, ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Kreditlərin idarə edilməsi departamentinin Problemli kreditlərlə iş idarəsinin rəisi Elnur Quliyev tərəfindən xx.xx.2024-cü il tarixdə elektron qaydada imzalanmışdır. İş materiallarında olan Əmanətlərin Sığortalanması Fondunun icraçı direktoruTural Piriyevin xx.xx.2021-ci il tarixli əmrinin məzmunundan görünür ki, Ləğv prosesində olan banklar tərəfindən Azərbaycan respublikasının məhkəmələrinə verilən şikayətlərin imzalanması üçün vəkalətlərin verilməsi X6 həvalə edilmişdir. Beləliklə işin faktiki hallarından müəyən edilir ki, iddiaçının nümayəndəsi X7 tərəfindən “Elektron məhkəmə” informasiya sistemində olan elektron kabinet vasitəsilə xx.xx.2025-ci il tarixdə məhkəməyə apellyasiya şikayəti təqdim edilərkən onun həmin şikayəti imzalamaq səlahiyyəti olmuş (ona verilmiş etibarnamə mövcud və qüvvədə olmuş), lakin həmin vaxt həmin etibarnamə iş materiallarına əlavə edilməmişdir. Kollegiya qeyd edir ki, apellyasiya şikayəti vermək hüququ tərəflərin prosessual hüququ olmaqla, bu hüququn həyata keçirilməsi üçün real və effektiv imkan yaradılmalıdır. Qanunvericilikdə apellyasiya şikayətinin verilməsi müddəti, həmin müddətin ötürülməsinin hüquqi nəticələri, eləcə də üzrlü səbəblər mövcud olduqda müddətin bərpa olunması mexanizmi aydın və konkret şəkildə tənzimlənmişdir. İş materiallarından aydın şəkildə müəyyən edilir ki, İddiaçı ASC-nin nümayəndəsi X7 tərəfindən xx.xx.2025-ci il tarixdə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə apellyasiya şikayəti təqdim edilərkən, həmin şikayətdə nümayəndəlik məlumatları açıq şəkildə göstərilmiş, etibarnamənin nömrəsi, verilmə tarixi və qüvvədə olma müddəti qeyd edilmişdir. Bu hal nümayəndənin apellyasiya şikayəti vermək iradəsinin və səlahiyyət iddiasının açıq ifadəsi kimi qiymətləndirilməlidir. Məhkəmə düzgün olaraq nəzərə almışdır ki, sonradan – xx.xx.2025-ci il tarixdə – müddətin bərpası barədə ərizəyə qoşma olaraq təqdim edilən 12-5/3-2661/2024 nömrəli, xx.xx.2024-cü il tarixli etibarnamə həmin apellyasiya şikayətinin verildiyi tarixdə mövcud və qüvvədə olmuşdur. Etibarnamənin məzmunu nümayəndəyə məhkəmə aktlarından şikayət vermək, o cümlədən elektron məhkəmə sistemi vasitəsilə prosessual sənədləri imzalamaq səlahiyyəti verdiyini aydın şəkildə təsdiq edir. Bu baxımdan, birinci instansiya məhkəməsi haqlı olaraq belə nəticəyə gəlmişdir ki, nümayəndənin apellyasiya şikayətini imzalamaq üçün faktiki və hüquqi olaraq səlahiyyəti mövcud olmuş, lakin texniki-prosessual səbəbdən həmin etibarnamə ilkin mərhələdə iş materiallarına əlavə edilməmişdir. Məhz bu hal Mülki Prosessual Məcəllənin 133.1-ci maddəsinin tətbiqi üçün əsas yaratmışdır. Məhkəmə təcrübəsində və prosessual hüququn mahiyyətinə uyğun olaraq, tərəfin məhkəməyə çıxış hüququnun həddindən artıq formalizm səbəbindən məhdudlaşdırılmasına yol verilməməlidir. Burada əsas nüans nümayəndənin ümumiyyətlə səlahiyyətsiz olmasından deyil, mövcud səlahiyyətin sənədlə vaxtında təsdiq edilməməsidir. Eyni zamanda, nəzərə alınmalıdır ki, iddiaçı təşkilat ləğv prosesində olan bankdır və onun məhkəmələrdə təmsil olunması çoxpilləli institusional mexanizm vasitəsilə həyata keçirilir. İş materiallarında olan Əmanətlərin Sığortalanması Fondunun icraçı direktorunun xx.xx.2021-ci il tarixli əmri də göstərir ki, etibarnamələrin verilməsi səlahiyyəti aidiyyəti vəzifəli şəxsə həvalə edilmişdir və təqdim edilmiş etibarnamə həmin səlahiyyət çərçivəsində rəsmiləşdirilmişdir. Bu şəraitdə, nümayəndənin etibarnamənin qüvvədə olmasına inanaraq apellyasiya şikayəti verməsi və sonradan bu qüsurun aradan qaldırılması üzürlü səbəb kimi düzgün qiymətləndirilmişdir. Məhkəmənin müddətin bərpası barədə gəldiyi nəticə tərəflərin hüquqlarının balansına, ədalətli məhkəmə araşdırması prinsipinə və məhkəməyə çıxış hüququnun təmininə xidmət edir. Beləliklə, Lənkəran Rayon Məhkəməsi tərəfindən İddiaçı ASC-yə münasibətdə apellyasiya şikayəti vermə müddətinin bərpa edilməsi barədə çıxarılmış qərardad qanuni, əsaslı və prosessual hüququn məqsədlərinə uyğun olmaqla, ləğv edilməsi üçün hüquqi əsas mövcud deyildir. Bu baxımdan məhkəmə tərkibi hesab edir ki, cavabdehin şikayətində göstərilən hallar formal xarakter daşıyır və birinci instansiya məhkəməsinin qanuni və əsaslı qərardadının ləğvi üçün hüquqi əsas yaratmır. Birinci instansiya məhkəməsi prosessual müddətin hesablanması məsələsində düzgün hüquqi mövqe tutmuş, tərəflərin hüquq və vəzifələri arasında balansı qorumuşdur. Məhkəmə kollegiyası xüsusi olaraq vurğulayır ki, tərəflərin məhkəmə qarşısında hüquq bərabərliyi prinsipinin təmin edilməsi, Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunması, habelə ədalətli məhkəmə araşdırması hüququnun real həyata keçirilməsi baxımından şəxsin öz işinə yuxarı instansiya məhkəməsində baxılmasına çatımlılıq hüququ təmin edilməlidir. Bu hüququn reallaşdırılması üçün gətirilən səbəblər formal deyil, ağlabatanlıq və ədalət prinsipləri əsasında qiymətləndirilməlidir. Buna görə də, məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün və əsaslı qənaətə gəlmişdir. ki, cavabdehin şikayətində qeyd etdiyi hallar formal xarakterə malikdir, birinci instansiya məhkəməsinin qanuni və əsaslı qərardadının ləğvi üçün əsas yoxdur. İnsan Hüquqlarının və X3 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 6-cı maddəsinin 1-ci bəndinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Eyni hüquq Mülki və Siyasi Hüquqlar Haqqında Beynəlxalq Paktın 14-cü maddəsində də müəyyən olunmuşdur. Onun barəsinə çıxarılmış məhkəmə qərarına yuxarı məhkəmə tərəfindən yenidən baxılması hüququnu Azərbaycan Respublikasının tərəfdar çıxdığı Avropa Konvensiyasına 7 saylı Protokolun 2-ci maddəsinin 1-ci bəndi də təsbit edir. Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, maraqlarına toxunulan məhkəmə qərarı çıxarılmış şəxsin həmin qərardan yuxarı məhkəməyə şikayət vermək hüququ məhkəmə səhvlərinin qarşısının alınması, həqiqətin müəyyən edilməsi və son nəticədə ədalətin təntənəsinə nail olunması məqsədini güdür. Həqiqət və ədalət isə insan toplumu üçün ali dəyərlərdir. Bu dəyərlər də ictimai münasibətlərin kvintessensiyasını təşkil etməlidir. Bu kontekstdə məhkəmə tərkibi hesab edir ki, yalnız formala əsaslara istinad etməklə ərizəçinin şikayətinin icraata götürülməsindən imtina edilməsi tərəfin Azərbaycan Respublikası Konstitusiyasının 60-cı, Mülki və Siyasi Hüquqlar Haqqında Beynəlxalq Paktın 14-cü, İnsan Hüquqları Haqqında Ümumi Bəyannamənin 7, 8, 10-cu və Avropa Konvensiyasının 6-cı maddəsində təsbit olunmuş səmərəli və ədalətli məhkəmə araşdırması hüququnu pozmuş olardı. “O.Hüseynovun şikayəti üzrə məhkəməyə müraciət hüququnun pozulmasına dair” iş üzrə 29 iyun 2007-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin Plenumunu göstərmişdir ki, mülki prosessual qanunvericilik məhkəmə qətnaməsindən verilən şikayətlər üçün müddətin məhz məhkəmə aktının tərəfə təqdim olunduğu gündən hesablandığını nəzərdə tutur. Avropa İnsan Hüquqları Məhkəməsi «Sovtransavto Holdinq» Ukraynaya qarşı (şikayət №48553/93, xx.xx.2002) şikayəti üzrə işdə X9 Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarı ilə ərizəçinin şikayət verilməsi üçün müəyyən edilmiş bir aylıq müddətin bitməsi əsasına görə şikayətin qəbul edilməsindən imtina olunmasını artıq formalizmin mövcud olduğu kimi qiymətləndirmişdir. Avropa Məhkəməsi həmin işdə həmçinin qeyd etmişdir ki, ərizəçinin kassasiya şikayəti qanunda nəzərdə tutulmuş müəyyən formallıqlara riayət edilmədiyinə görə qəbul edilməmişdir. Bu da belə bir nəticəyə gətirib çıxara bilər ki, ərizəçi daxili müdafiə vasitələrini tükətməmişdir. Avropa Məhkəməsi xatırlatmışdır ki, onun daxili müdafiə vasitələrinin tükədilməsi üzrə presedent təcrübəsinə müvafiq olaraq bu qayda kifayət qədər çevik və artıq formalizmdən azad şəkildə tətbiq olunmalıdır. Həmin qayda avtomatik tətbiq olunmamalı və mütləq xarakter daşımamalıdır; hər bir konkret işdə onun halları nəzərə alınmalıdır. Avropa İnsan Hüquqları Məhkəməsi, «X2rşı» iş üzrə qərarında (1985-ci il) qeyd etmişdir ki, vaxt məhdudiyyətləri ədalət mühakiməsinin səmərəliliyinin təmin edilməsi və vaxtı keçmiş iddiaların qarşısının alınması məqsədilə qoyula bilər. Presessual hüquq qabiliyyəti üzrə məhdudiyyətlər, məsələn, müvafiq hüquqa malik olmayan iddiaçıları məhkəmənin dəyərli vaxtını almaqdan çəkindirmək üçün qoyula bilər. Digər məhdudiyyətlərə hökümət nazirlərinin, parlament üzvlərinin, mülki dövlət qulluqçularının və digər şəxslərin immunitet və imtiyazları aid edilə bilər. Lakin tətbiq edilən məhdudiyyətlər məhkəməyə müraciət hüququnun mahiyyətinə xələl gətirən dərəcədə olmamalıdır. Bundan başqa, məhkəməyə müraciət hüququna qoyulan məhdudiyyətlər qanuni məqsəd daşımalı və tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan əlaqə mövcud olmalıdır. Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli qərarında prosessual müddətlərlə bağlı göstərilmişdir ki, “Qanun və məhkəmə qarşısında bərabərlik hər bir mülki işə eyni qaydada, eyni prosessual formalarda, onlarda iştirak edən şəxslər üçün eyni təminatlarla baxılması ilə təmin edilir. Bununla işin nəticələrində maraqlı olan şəxslərin qanuni tələblərinin bərabər ödənilməsinə nail olunur, bütün vətəndaşlara məhkəmə qarşısında öz mənafelərini qorumaq üçün bərabər imkanlar yaradılır. Prosessual hüquq bərabərliyinə görə tərəflər öz hüquq və mənafelərini müdafiə etmək üçün prosessual vasitələrdən real istifadə etmək imkanına malikdirlər. Həmin imkanlar qanunla və məhkəmə ilə təmin edilir. Diqqətə çatdırılmalıdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Beləliklə, məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də, şikayət təmin edilməməli və Lənkəran Rayon Məhkəməsinin 01 avqust 2025-ci il tarixli, 2(049)-38/2025 saylı qətnaməsindən iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X7 tərəfindən verilmiş apellyasiya şikayətinə baxılması üçün sonrakı prosessual hərəkətlər edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 267.1-ci maddəsinə əsasən məhkəmə tərəfindən ayrıca akt şəklində qəbul edilmiş qərardaddan bu Məcəllədə göstərilmiş hallarda şikayət verilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:
400. Apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. 402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. Göründüyü kimi hazırkı qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 398, 400 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə tərkibi
qərara aldı: Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməsin. Lənkəran Rayon Məhkəməsinin 23 oktyabr 2025-ci il tarixli, e-2(049)-38/2025 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Lənkəran Rayon Məhkəməsinin 01 avqust 2025-ci il tarixli, 2(049)-38/2025 saylı qətnaməsindən iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X7 tərəfindən verilmiş apellyasiya şikayətinə baxılması üçün sonrakı prosessual hərəkətlər edilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.