Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1957/2022 19.10.2022 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimov Tale Suliddin oğlunun sədrliyi və məruzəsi ilə, Heydərov Tofiq Xudayar oğlu və Zeynalov Zeynal Ağabala oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Umudov Əliheydər Zeynal oğlunun katibliyi ilə, iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı “kreit borcunun qaytarılması” tələbinə dair mülki iş üzrə Füzuli Rayon Məhkəməsinin 22 iyun 2022-ci il tarixli 2(064)-956/2022 saylı qətnaməsindən (hakim Y.Həşimov) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə, apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh qarşı “kreit borcunun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə Füzuli Rayon Məhkəməsinə müraciət edərək, 2037.33 manat əsas borc, 2502.26 manat faiz borcu və 2030.45 manat cərimə, kredit müqaviləsi bitdikdən sonra Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 289.80 manat faiz borcu olmaqla 6859.84 manat məbləğində borcun və 88.60 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" ASC-nin Bərdə filialı ilə Cavabdeh arasında bağlanmış KM034T07170022 nömrəli 26 iyul 2017-ci il tarixli 5 saylı əlavə üzrə cavabdehə 18 ay müddətinə illik 29% dərəcəsi ilə 3000 manat məbləğində kredit xətti açılmışdır. Cavabdeh kredit müqaviləsinin şərtlərinə əsasən müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanmış cərimə borcunu ödəmək barədə üzərinə götürdüyü öhdəliklərini lazımınca yerinə yetirməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Füzuli Rayon Məhkəməsinin 22 iyun 2022-ci il tarixli 2(064)-956/2022 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi hüquqi nəticəni belə əsaslandırmışdır ki, tərəflər arasında kredit müqaviləsi 26 iyul 2017-ci il tarixində 18 ay müddətinə bağlanmış, iddiaçı isə iddia ərizəsi ilə məhkəməyə 08 aprel 2022-ci il tarixində müraciət etmişdir. 18 ay müddətinə bağlanmış 26 iyul 2017-ci il tarixli kredit müqaviləsinin icrası müddətindən, yəni 26 yanvar 2019-cu il tarixindən 3 illik iddia müddəti keçmişdir. Cavabdehin iddia müddətinin tətbiq olunması ilə bağlı ərizəsini, 18 ay müddətinə bağlanmış müqavilənin icrası müddətindən 3 ildən artıq müddətin keçməsini və iddiaçının 08 aprel 2022-ci il tarixində iddia tələbi ilə məhkəməyə müraciət etməsini nəzərə alınaraq, iddia müddətinin ötürülməsi əsası ilə kreditin qaytarılmasına dair iddia tələbi rədd olunmalıdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b)Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək ləğv olunması və iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi iddia tələbinin rədd edilməsi üçün Azərbaycan Respublikası MM-in 373.2, 375.2-ci maddələrinə istinadla Cavabdeh təqdim etdiyi ərizəsinə əsaslanmışdır. Bank tərəfindən Cavabdeh qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə ilkin olaraq 24 yanvar 2022-ci il tarixdə cavabdehin qeydiyyatda olduğu ərazi üzrə Füzuli Rayon Məhkəməsinə müraciət edilmişdir. Lakin Füzuli Rayon Məhkəməsi işi icraata götürmədən 31 yanvar 2022-ci il tarixli qərardadla geri qaytarmışdır. Həmin iş üzrə geri qaytarma qərardadı Bankın ünvanına 23 fevral 2022-ci il tarixdə daxil olmuşdur (Füzuli Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı şikayətə əlavə edilir). Qərardadda qeyd edilmişdir ki, Cavabdeh faktiki yaşayış yeri işğaldan azad edilən ərazidir və hazırda orada faktiki yaşayış yeri yoxdur. Bu səbəbdən ilkin iddia ərizəsi icraata götürülmədən geri qaytarılmışdır. Cavabdehin faktiki yaşayış yerini müəyyən etmək məqsədi ilə bank tərəfindən Füzuli Rayon icra Hakimiyyətinə sorğu göndərilmiş, sorğuya cavab 15 mart 2022-ci il tarixdə daxil olmuşdur. Göründüyü kimi, ilkin olaraq bank məhkəməyə müraciət etmək hüququndan vaxtında istifadə etmiş, lakin ondan asılı olmayan səbəblərdən Füzuli Rayon Məhkəməsinin qərardadı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər icraata götürülmədən geri qaytarılmışdır. Qərardada əsasən geri qaytarılan sənədlər isə 29 mart 2022-ci il tarixdə bankın ünvanına daxil olmuşdur (Füzuli rayon Məhkəməsinin 09 mart 2022-ci il tarixli məktubunun surəti apellyasiya şikayətinə əlavə edilir). Bundan sonra Füzuli Rayon Məhkəməsinə yenidən müraciət edilməsi üçün tərəflərindən iddia ərizəsinin yenidən tərtib edilməsi, leğvedicinin səlahiyyətli şəxsləri tərəfindən təsdiq edilməsi və s. bu kimi idarə daxili prosedur qaydalar LPO “Demirbank" ASC-dən asılı olmayan səbəblərdən iddia ərizəsini müvafiq vaxt itkisi ilə Füzuli Rayon Məhkəməsinə göndərilməsinə səbəb olmuşdur. Beləliklə, iddia ərizəsinin hazırlanması və göndərilməsi ilə bağlı Bank üzərinə düşən bütün məsələləri vaxtında və operativ şəkildə icra etsə də, Füzuli Rayon Məhkəməsinin müvafiq məktubu ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin 29 mart 2022-ci il tarixdə Banka daxil olması və digər bu kimi səbəblərdən iddia ərizəsi Füzuli Rayon Məhkəməsinə 11 aprel 2022-ci il tarixdə göndərilmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini rədd edərkən aşağıdakı qanunvericiliklə müəyyən edilmiş maddi və prosessual hüquq normalarını pozmuşdur. Azərbaycan Respublikası MM-in “iddia müddətinin bərpası” adlı 382-ci maddəsinə əsasən, iddiaçının şəxsiyyəti ilə bağlı hallara görə (ağır xəstəlik, köməksiz vəziyyət, savadsızlıq və i. a.) iddia müddətinin ötürülməsi səbəbini məhkəmənin üzrlü saydığı müstəsna hallarda fiziki şəxsin pozulmuş hüququ müdafiə edilməlidir. İddia müddətinin ötürülməsi səbəbləri iddia müddətinin son altı ayında, həmin müddət altı aya bərabər və ya altı aydan az olduqda isə iddia müddəti ərzində baş verdikdə üzrlü sayıla bilər. Belə ki, qeyd olunan normada fiziki şəxs olan iddiaçıdan bəhs edilsə də, normanın analogiyası aparılsa və nəzərə alınsa ki, MPM-in 50.1-ci maddəsinə əsasən, “prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər, fiziki və hüquqi şəxslər, vəzifəli şəxslər, dövlət orqanları və başqa orqanlar iddiaçı və ya cavabdeh qismində çıxış edə bilərlər. Qeyd olunanlardan belə nəticəyə gəlmək olur ki, fiziki və ya hüquqi şəxs olmasından asılı olmayaraq, iddiaçı özündən asılı olmayan səbəblərdən iddia müddətini ötürsə, məhkəmənin üzrlü saydığı müstəsna hallarda şəxsin pozulmuş hüququ müdafiə edilməlidir. Məhkəmə iclaslarında bankın nümayəndəsi üzürlü səbəblərdən iştirak edə bilmədiyindən, qeyd edilən halları məhkəmənin nəzərinə çatdıra bilməmiş və məhkəmə cavabdeh tərəfindən təqdim edilmiş ərizə ilə bağlı bankın münasibətini öyrənmədən Azərbaycan Respublikası MM-in 373.2, 375.2-ci maddələrini rəhbər tutaraq maddi hüquq normasını düzgün tətbiq etməməklə, əsassız qətnamə qəbul etmişdir. Mübahisələndirilən mövzuya başqa, istiqamətdən hüquqi qiymət verilsə belə, nəticəyə gəlmək olur ki, cavabdehin sözügedən kredit müqaviləsidən yaranmış öhdəlik üzrə etdiyi hərəkətlər kredit borcunun olması etirafı anlamına gəlir. Bank tərəfindən iddia ərizəsinə sübut kimi əlavə edilən sənədlər arasında ödəniş qrafiki, hesabdan çıxarış və maliyyə arayışı mövcud olmuşdur. Ödəniş qrafikində müştərinin kredit borcu üzrə ödənişlərinin ən geci hansı tarixdə icra etməli olduğu göstərilib ki, bu tarixdən sonra müştəriyə nisbətdə öhdəliyin icrasını gecikdirdiyinə görə müqavilədə qeyd edilən qaydada və miqdarda faiz, cərimələr hesablanması nəzərdə tutulub. Hesabdan çıxarış ilə müştərinin etdiyi ödənişlər və həmin ödənişlərin edildiyi tarixlər ardıcıllıqla qeyd edilmişdir. Tələb edilən borc məbləğləri təcrübəli maliyyəçilər tərəfindən hesablandıqdan və dəfələrlə yoxlanıldıqdan sonra maliyyə arayışı tərtib edilir və sübut kimi məhkəməyə təqdim olunur. Eyni zamanda is materiallarına əlavə olunan kassa-məxaric orderindən də məlum olur ki, 26 iyul 2017-ci il tarixdə “DəmirBank" Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh 3000 manat məbləğində pul verilmiş, cavabdeh isə kassa məxaric orderini imzalamaqla həmin məbləği almasını təsdiq etmişdir. Bununla da qeyd edilən hallar cavabdehin həqiqətən öz iradəsi ilə kredit müqaviləsi bağlamasına, müqavilə üzrə öhdəlikləri qəbul etməsinə və iddia ərizəsində qeyd edilən dəlillərin əsaslı olmasına dəlalət edir. Birinci instansiya məhkəməsi maddi hüquq normalarını nəzərə almamış, bununla da idiaçının mənafeyini pozan qətnamə qəbul etmişdir. Hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır. c)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə məlumatlandırılmış iddiaçı məhkəmədə nümayəndəsi vasitəsi ilə təmsil olunmamış, cavabdeh məhkəmədə iştirak etməmişdir və gəlməmələrinin üzürlü səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən mülki iş üzrə tərəflərin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apelyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Hazırki halda iddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunaraq, iddiasının tam təmin olunmasını xahiş etməklə qətnaməni tam mübahisələndirmişdir. Ona görə də məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarındakı hüquqi mövqeyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin iddiaçıya münasibətdə, apellyasiya şikayətinin dəlilləri üzrə tam yoxlanılmasını düzgün hesab edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin apellyasiya qaydasında ləğvinin əsasını təşkil edə bilməz. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İş materiallarına əlavə edilmiş iddiaçının ləğvedicisi olduğu İddiaçı ASC (kreditor) ilə cavabdeh (borc alan) Cavabdeh arasında 26 iyul 2017-ci il tarixdə bağlanmış kredit müqaviləsindən görünür ki, kreditor tərəfindən borc alana illik faiz dərəcəsi 29% müəyyən olunmaqlai və 18 ay müddətinə qaytarılması şərtilə 3000 manat məbləğində kreditin verilməsi, borc alan tərəfindən isə kreditin müqavilədə nəzərdə tutulan qaydada və müddətlər daxilində qaytarılması müqavilənin predmetini və əsas şərtlərini təşkil etmişdir. Kredit müqaviləsinə əlavə olan ödəniş cədvəlindən görünür ki, borc alan almış olduğu 3000 manat məbləğində krediti 26 avqust 2017-ci ildən başlayaraq hər ay 207.51 manat ödəniş etməklə 26 yanvar 2019-cu il tarixinədək qaytarmalı idi. İş materiallarına əlavə edilmiş 26 iyul 2017-ci il tarixli kassa məxaric orderinin surətindən görünür ki, kreditor kredit müqaviləsi üzrə üzərinə götürmüş olduğu öhdəliyini icra edərək, borc alana 2970 manat məbləğində krediti nəğd şəkildə vermişdir. İş materiallarına əlavə edilmiş kredit üzrə hesabdan çıxarış məlumatlarından görünür ki, borc alan tərfindən kredit üzrə sonuncu ödəniş 18 mart 2019-cu ildə 150 manat məbləğində edilmişdir. İş materiallarına əlavə edilmiş 06 dekabr 2021-ci il tarixli maliyyə arayışından görünür ki, borc alanın 26 iyul 2017-ci il tarixli kredit müqaviləsi üzrə kreditor qarşısında icra edilməmiş kredit öhdəliyi 2037.33 manat əsas borc, 2502.26 manat faiz borcu və 2030.45 manat cərimə, kredit müqaviləsi bitdikdən sonra Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 289.80 manat faiz borcu olmaqla 6859.84 manat təşkil edir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəlləsinin 372.2-ci maddəsinə görə hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 dekabr 2001-ci il tarixli qərarında göstərilmişdir ki, iddia müddəti institutu hüquq münasibətləri iştirakçılarının intizamlandırmaq, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur etmək, müqavilə və ya maliyyə intizamının nizamlanmasına kömək etmək; mülki hüquq münasibətlərində qeyri müəyyənliyin, qeyri sabitliyin aradan qaldırılmasına xidmət göstərmək, tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaratmaq baxımından əhəmiyyətlidir. İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikincisi, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncüsü iddia müddətləri tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisəni obyektiv əsaslarla həll etmək imkanı yaradır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 iyun 2013-cü il tarixli qərarına əsasən iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. Şəxsin hüququ pozulduqda onun müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətlərini şamil edir. Maraqlı tərəfin tələbi üzrə məcburiyyət tədbirlərinin tətbiqi hər zaman deyil, yalnız iddia müddətləri həddində mümkündür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Həmin Məcəllənin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanılır. Həmin Məcəllənin 377.2-ci maddəsinə görə icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanılır. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti 3 il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Göründüyü kimi, kredit münasibətlərindən yaranan mübahisələrə üç illik iddia müddəti tətbiq edillir. “L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyə görə dispozitivlik prinsipi işdə iştirak edən şəxslərin, ilk növbədə tərəflərin iş materiallarından və prosessual hüquqlardan maraqlarına uyğun sərbəst istifadə etməsinin mümkünlüyünü nəzərdə tutur. Buna uyğun olaraq iddianın qaldırılması, onun əsasının və predmetinin müəyyənləşdirilməsi, habelə iddiadan imtina edilməsi iddiaçının iradəsindən asılıdır. Barışıq sazişinin bağlanması, çıxarılmış məhkəmə aktı ilə razılaşılması və ya ondan şikayət verilməsi hər iki tərəfin iradəsi əsasında müəyyən olunur. İddianın etiraf edilməsi (qəbul edilib-edilməməsi), habelə iddia müddətinin tətbiq olunub-olunmaması isə cavabdehin mövqeyindən asılıdır. Tərəflər öz hüquqlarının müdafiəsi üsullarını müstəqil şəkildə özləri seçə bilərlər, məhkəmə isə mülki məhkəmə icraatının prinsiplərini, maddi və prosessual hüquq normalarını rəhbər tutaraq yalnız ədalət mühakiməsi funksiyasını həyata keçirir. “Stanyo Belçikaya qarşı” İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin 7 iyul 2009-cu il tarixli qərarındakı hüquqi mövqeyinə görə qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. İş üzrə tədqiq edilmiş sübutlardan müəyyən olunur ki, ləğv prosesində olan İddiaçı ASC ilə borc alan Cavabdeh arasında 26 iyul 2017-ci il tarixdə bağlanan kredit müqaviləsinə əsasən bank tərəfindən borc alana 18 ay müddətində qaytarılması şərti ilə 3000 manat məbləğində kredit verilmiş, kredit müqaviləsi üzrə öhdəliklərin icrası üçün son müddət 26 yanvar 2019-cu il tarixi müəyyən olunmuşdur. Cavabdeh tərəfindən kredit üzrə sonuncu ödəniş 18 mart 2019-cu il tarixində 150 manat məbləğində edilmişdir. Mülki Məcəllənin 380.1-ci maddəsinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Həmin Məcəllənin 380.2-ci maddəsinə əsasən fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. Kollegiya hesab edir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə öhdəliklərin icrası müddətinin 26 yanvar 2019-cu il tarixdə bitməsini, iddiaçının həmin tarixdən hesablanan üç il ərzində iddia qaldırmalı olduğu halda 13 aprel 2022-ci il tarixində poçta təqdim etməklə məhkəməyə müraciət etməsini nəzərə alan birinci instansiya məhkəməsi cavabdehin iddia müddətinin tətbiqinə dair ərizəsini nəzərə alaraq, mübahisə üzrə iddia müddətini tətbiq etməklə iddianı rədd etməkdə haqlı olmuşdur. Hətta cavabdeh tərəfindən borcu etiraf etməsini göstərən hərəkət kimi 18 mart 2019-cu il tarixində edilmiş sonuncu ödənişin tarixindən hesablansa belə, iddia müddəti yenə ötürülmüş olur. İddiçının 24 yanvar 2022-ci il tarixdə cavabdehin qeydiyyatda olduğu ərazi üzrə Füzuli Rayon Məhkəməsinə müraciət etməsindən, lakin məhkəmə tərəfindən işin icraata götürülmədən 31 yanvar 2022-ci il tarixli qərardadla geri qaytarılmasından, Mülki Məcəllənin 382-ci maddəsinin analogiya üzrə onlara münasibətdə tətbiq edilməli olmasından ibarət dəlillərinə qiymət verərək hesab edir ki, həmin dəlillər qətnamənin apellyasiya qaydasında ləğv olunması üçün əsas ola bilməz. Əvvəla ona görə ki, Mülki Məcəllənin 382-ci maddəsində fiziki şəxs olan iddiaçının şəxsiyyəti ilə bağlı hallara görə (ağır xəstəlik, köməksiz vəziyyət, savadsızlıq və i.a.) iddia müddətinin ötürülməsi səbəbini məhkəmənin üzrlü saydığı müstəsna hallardan bəhs edilir, hazırki halda isə iddiaçı olan hüquqi şəxsə münasibətdə sadalanan müstəsna hallar şamil oluna bilməz. Bundan başqa Mülki Məcəllənin 381.1-ci maddəsində iddianın məhkəmə tərəfindən baxılmamış saxlanılması halında, iddia irəli sürülənədək başlanmış iddia müddətinin axımının ümumi qaydada davam etməsindən bəhs edilir. Hazırki halda isə iddiaçının 24 yanvar 2022-ci il tarixdə məhkəməyə təqdim etmiş olduğu iddia ərizəsi məhkəmənin icraatına qəbul edilmədən qaytarılmış, iddiaçı həmin qərardadı mübahisələndirməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Kollegiya hesab edir ki, apellyasiya şikayətinin dəlilləri işin müəyyən olunan halları və sadalanan qanunvericilik aktı normaları baxımından əsassızdır, faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnamənin apellyasiya qaydasında ləğvinin əsasını təşkil edə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun apellyasiya şikayəti təmin edilməsin. Füzuli Rayon Məhkəməsinin 22 iyun 2022-ci il tarixli 2(064)-956/2022 saylı qətnaməsi iddiaçı “ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Kassasiya şikayəti verilmədiyi halda, qətnamə qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-1957/2022
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1957/2022
19.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver