Məhkəmə qərarları › İş №2(106)-1957/2025

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1957/2025

22.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1957/2025 22.01.2026 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Heydərov Tofiq Xudayar oğlu və Novruzova Aytən Nazim qızından ibarət tərkibdə, Hüseynov Pünhan Sübhan oğlunun katibliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair mülki iş üzrə Şirvan Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(032)-1380/2025 saylı qətnaməsindən İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 07 iyun 2013cü il tarixli, BAL0025426/13 saylı müqaviləyə əsasən 268.31 manat əsas, 432.25 manat faiz borcu, 40 manat cərimə borcu cəmi 740.56 manat; 13 avqust 2015-ci il tarixli, CC/97396/52/26 saylı müqaviləyə əsasən 807.48 manat əsas, 1170.91 manat faiz borcu cəmi 1978.39 manat;17 iyun 2014-cü il tarixli, DK/98314/41/26 saylı müqaviləyə əsasən 195.5 manat əsas, 455 manat faiz, 38.49 manat cərimə borcu cəmi 688.99 manat borcun və kreditlər üzrə cəmi 60 manat tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırmışdır ki, X5 ilə İddiaçı ASC arasında bağlanmış 07 iyun 2013-cü il tarixli, BAL0025426/13 saylı müqaviləyə əsasən 500 manat, 13 avqust 2015-ci il tarixli, CC/97396/52/26 saylı müqaviləyə əsasən 1011 manat, 17 iyun 2014-cü il tarixli, DK/98314/41/26 saylı müqaviləyə əsasən 200 manat məbləğlərində kredit verilmişdir. Hazırda mərhum X1 3407.94 manat banka borcu vardır. X5 31 avqust 2015-ci il tarixdə vəfat etmişdir. Şirvan şəhəri 1 saylı notariat qurumunun verdiyi şəhadətnaməyə əsasən cavabdeh borclu X1 vərəsəsi olmaqla miras qoyana məxsus əmlak vərəsəlik qaydasında onlara keçmişdir. Sonradan iddiaçı iddia predmetinin dəqiqləşdirilməsi barədə ərizə verərək iddianın predmeti üzrə tələbin həcmini azaldaraq Cavabdeh qarşı qarşı “Kreditin və ona hesablanmış faiz və cərimə borcunun qaytarılmasına” dair iddia üzrə cavabdehdən İddiaçı ASC-nin xeyrinə BAL0025426/13 saylı müqaviləyə əsasən 268.31 manat əsas borc, 6.65 manat faiz borcu, 40 manat cərimə borcu olmaqla ümumilikdə 314.96 manat, CC/97396/52/26 saylı müqaviləyə əsasən 807.48 manat əsas borcu, DK/98314/41/26 saylı müqaviləyə əsasən 195.5 əsas borcu, 7 manat cərimə borcu olmaqla 202.5 manat borcu və ödənilmiş 60 manat məbləğində dövlət rüsumunun tutularaq ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat Şirvan Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(032)-1380/2025 saylı qətnaməsi ilə (hakim Aydan Məmmədli) iddia tələbi təmin edilməmiş, ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilmişdir. Birinci instansiya məhkəməsi aşağıdakıları müəyyən etmişdir; İddiaçı ASC ilə X6 arasında bağlanmış xx.xx.2014-cü il tarixli, DK/98314/41/26 saylı kredit müqaviləsinə əsasən cavabdehə 12 ay müddətinə illik 36 faiz dərəcəsi ilə 200 (iki yüz) manat məbləğində kredit verilmişdir. İddiaçı ASC ilə X6 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, CC/97396/52/26 saylı kredit müqaviləsinə əsasən cavabdehə 12 ay müddətinə illik 27 faiz dərəcəsi ilə 1011 (bir min on bir) manat məbləğində kredit verilmişdir. İddiaçı ASC ilə X6 ilə bağladığı xx.xx.2013-cü il tarixli, BAL0025426/13 saylı kart kredit müqaviləsinə əsasən xx.xx.2016-cı il tarixinədək 5000 (beş min) manat məbləğində kredit limiti açılmış, kredit xəttindən ilk olaraq istifadə edilə biləcək məbləğ 500 (beş yüz) manat təşkil etmişdir. Bank krediti kredit alana plastik kartı vasitəsi ilə təqdim etmişdir. xx.xx.2019-cu il tarixli, 2V-228 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, X2 vərəsəsi Cavabdeh və azyaşlı qızı X3 miras əmlakdan ½ hissədə pay almalıdır. Miras əmlak ƏMDK-nin yanında DƏDRX-nin tərəfindən xx/xx/2019 tarixdə X4 verilmiş **********83- 10301 reyestr nömrəli, ********** qeydiyyat dövlət reyestrindən çıxarışa əsasən Şirvan şəhəri 1 May küçəsi 105 D (yeni qaydalarla , AZ 1812 ünvan 1 ünvanında 0,06 ha torpaq sahəsi və onun yerləşən ümumi sahəsi 81.1 kv/m olan fərdi yaşayış evindən ibarətdir. Cavabdeh xx.xx.2025-ci il tarixdə iddia müddətinin tətbiqinə dair ərizə ilə məhkəməyə müraciət edərək, iddia müddətinin keçməsinə görə iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır; Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, müvafiq kredit müqavilələri üzrə iddiaçı ilə cavabdehin mərhum həyat yoldaşı X5 arasında 19 iyun 2013-cü il tarixdə xx.xx.2016-cı il tarixədək, 17 iyun 2014-cü il tarixdə, 12 ay müddətinə, 13 avqust 2015-də 12 ay müddətinə bağlanılmışdır, yəni sözügedən müqavilələlərin bitmə müddəti müəyyən edilmişdir. X5 xx.xx.2015-ci il tarixdə vəfat etmiş, xx.xx.2019-cu il tarixdə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Göründüyü kimi qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin 2019-cu verilməsinə baxmayaraq, İddiaçı iddia tələbinə cavab verməli olan vərəslərin müəyyənləşdirilməsi üçün hər hansı tədbir görməmiş və yalnız 6 il sonra iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Plenum Qərarında formalaşmış mövqedən göründüyü kimi öhdəlikdə tərəfin dəyişməsi iddia müddətinin axımının dayandırılmasına və ya kəsilməsinə səbəb olmur. Yəni kreditor ölmüş borclunun vərəsələrinə qarşı həmin Məcəllənin 377-ci maddəsi ilə təsbit edilmiş müddətlərdən etibarən iddia irəli sürmək hüququna malik olur. Lakin İddiaçı ASC xx.xx.2025-ci il tarixdə hazırki iddia ilə məhkəməyə müraciət edərək, müqavilə tələbləri üzrə müəyyən edilmiş 3 illik iddia müddətini ötürmüşdür. Göstərilənlərə əsasən məhkəmə iddianın rədd edilməsi nəticəsinə gəlmişdir. Eyni zamanda birinci instansiya məhkəməsi mülki iş üzrə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 377.1, 372.1, 372.2, 373.2, 373.3, 375.2, 554.1, 554.4-cü maddələri, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 dekabr 2001-ci il tarixli Qərarı, “R.Salamovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 03 aprel 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 oktyabr 2007-ci il tarixli qərarı, E.S.Həkimovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 06 noyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarı, L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 08 may 2008-ci il tarixli qərarı, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 iyun 2013-cü il tarixli qərarı, “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından müqavilə öhdəlikləri üzrə iddia müddətinin axımının başlanması anına münasibətdə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 19 iyun 2025-ci il tarixli Qərarı, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.3, 217.4, 218.1-ci maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları; Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının hüququnun pozulduğunu bildiyi, yəni vərəsəlik üzrə məlumatların əldə olunduğu an (xx.xx.2025) iddia müddətinin başlanğıc anı hesab edilməlidir. Öhdəlik münasibətlərində nəzərə alınmalı olan prinsiplərdən biri də vicdanlılıq prinsipidir. Vicdanlılıq prinsipi Mülki Məcəllənin 5.3-cü maddəsində ümumi tələb kimi xüsusi olaraq vurğulanmışdır. Həmin maddəyə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Bununla bağlı onu da qeyd etmək lazımdır ki, ədalət mühakiməsini həyata keçirən məhkəmələr tərəflərin irəli sürüb sürməməsindən asılı olmayaraq hüquqdan sui-istifadə halını müəyyən etdikdə bunu nəzərə almalıdırlar. Həmin Məcəllənin 16.1-ci maddəsində isə müəyyən olunmuşdur ki, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Beləliklə,vicdanlılıq prinsipinin tələbləri baxımından kreditorun iddia müddəti daxilində borclunun iddia tələbinə cavab verməli olan vərəsələrinin müəyyənləşdirilməsi (adı, ünvanı və s.) üçün zəruri tədbirləri görməsinə baxmayaraq, vərəsələr bilərəkdən mirasın açılması barədə miras qoyanın kreditorlarına məlumat verməməklə, mirasın qəbulu məsələsi ilə bağı mübahisələr yaratmaqla və digər hərəkətlərlə kreditorun tələb irəli sürməsinin gecikməsinə səbəb olarsa, onların sonradan iddia müddətinin tətbiqinə dair ərizə verməsi borclunun iddia müddəti ilə bağlı fərdi müdafiə hüququndan sui-istifadəsi kimi qiymətləndirilməlidir. İlk növbədə iş materiallarına əlavə edilmiş ünvan 2 ünvanlanmış xx.xx.2025-ci il tarixli sorğuya sonuncu tərəfindən verilmiş cavabdan aydın olur ki, X1 mirasını cavabdeh qəbul etmiş, miras əmlakına dair rəsmiləşən xx.xx.2019-cu il tarixli 2V/228 reyestr saylı, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə həmin şəxsə verilmişdir. Lakin mərhumun vərəsəsi tərəfindən "xxxx" ASC-ə mirasın açılması və miras əmlakın qəbul edilməsi barədə hər hansı məlumat verilməmiş, cavabdeh qəbul edilmiş miras əmlakın passivinə münasibətdə öhdəliklərin icrasından qəsdən yayınaraq daha sonradan iddia müddətinin tətbiqi ilə bağlıərizə ünvanlamaqla iddia müddəti ilə bağlı fərdi müdafiə hüququndan sui-istifadə etməyə cəhd göstərmişdir. Kreditor cavabdehlərin vərəsə olması barədə yalnız ünvan 2 ünvanlanmış sorğuya verilmiş cavab ilə məlumatlı olmuş, dərhal sonra pozulmuş hüquqlarının bərpası üçün məhkəməyə müraciət etmişdir. Məhkəmə iddiaçının cavabdehlərin qəbul edilmiş miras əmlakın passivinə münasibətdə öhdəliklərin icrasından qəsdən yayınması arqumentinə münasibətdə hesab etmişdir ki, borclunun iddia tələbinə cavab verməli olan vərəsələrinin müəyyənləşdirilməsi (adı, ünvanı və s.) məsələsində iddiaçı tərəf özü maraqlı olmalı idi və iddia müddəti daxilində bu mövzuda zəruri tədbirlərin görülməsini təmin etməli idi. Məhkəmə qanunvericiliklə birbaşa vərəsələrə aid edilən məlumatlandırma yükünü iddiaçıya münasibətdə uyğunlaşdırmağa cəhd etməklə iş materialları ilə təsdiqlənən faktiki halları aydınlaşdırmamışdır. Odur ki, Şirvan Şəhər Məhkəməsinin 2(032)- 1380/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsinin ləğv edilərək iddia tələbinin tam təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. \ Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmyaraq məhkəmə iclasında iştirak etməmişdirlər (təmsil olunmamışdırlar). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, məhkəmə tərkibi işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. 373.2-ci maddəsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti üç il təşkil edir. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin plenumunun qərarı; “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun 03 iyun 2013-cü il tarixli qərarı; Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə, məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. 402.1-ci maddəsinə əsasən Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator Şirvan Şəhər Məhkəməsinin 2(032)- 1380/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsinin ləğv edilərək iddia tələbinin tam təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarındakı hüquqi mövqeyinə və formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilibedilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olubolmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur. Ona görə də məhkəmə tərkibi Şirvan Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(032)- 1380/2025 saylı qətnaməsini apellyasiya şikayətinə münasibətdə apellyasiya şikayətinin dəlilləri həcmində tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.”. Həmçinin MPM-nin 392.2-ci maddəsinə əsasən Apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, Apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İddiaçı təşkilat Cavabdeh qarşı “Kreditin və ona hesablanmış faiz və cərimə borcunun qaytarılmasına” dair iddia üzrə cavabdehdən İddiaçı ASC-nin xeyrinə BAL0025426/13 saylı müqaviləyə əsasən 268.31 manat əsas borc, 6.65 manat faiz borcu, 40 manat cərimə borcu olmaqla ümumilikdə 314.96 manat, CC/97396/52/26 saylı müqaviləyə əsasən 807.48 manat əsas borcu, DK/98314/41/26 saylı müqaviləyə əsasən 195.5 əsas borcu, 7 manat cərimə borcu olmaqla 202.5 manat borcu və ödənilmiş 60 manat məbləğində dövlət rüsumunun tutularaq ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddia müddətini tətbiq etməklə iddianı rədd etmişdir. Məhkəmə tərkibi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd etməyi lazım bilir: Məhkəmə tərkibi iddia tələbi ilə bağlı qeyd edir ki, iddia tələbinin əsasını İddiaçı ASC və vəfat etmiş borclu arasında bağlanmış kredit müqavilələri təşkil edir. Kredit müqaviləsi ikitərəfli müqavilələrdən olub, bağlanması ilə hər iki tərəf, yəni həm kredit alan, həm də kredit verən üçün müəyyən vəzifələr yaratmış olur. Kredit müqaviləsinə əsasən, kreditor müqavilə ilə nəzərdə tutulmuş həcmdə və şərtlərdə pulun (kreditin) borcluya verilməsi öhdəliyini, borclu isə bu məbləğin qaytarılması və faizlərin ödənilməsi öhdəliyini öz üzərinə götürür. Müqavilələrdən irəli gələn öhdəliklərin vicdanla yerinə yetirilməsi, ilk növbədə, tərəflərin qanuni maraqlarına və mülki dövriyyənin sabitliyinə xidmət edir. Kredit müqaviləsi üzrə öhdəliklərin vaxtında icra edilməsi də qeyd edilən məqsədlərlə yanaşı, banklara göstərilən etimadın artmasına müsbət təsir göstərməklə, dövlətin iqtisadi-maliyyə vəziyyətinin stabilliyini və inkişafını təmin edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Məhkəmə tərkibi işdə olan sübutlardan müəyyən edir ki, hazırkı mülki iş üzrə Bank of Baku” ASC ilə X5 arasında bağlanmış 19 iyun 2013-cü il tarixli, BAL0025426/13 saylı, müqaviləyə əsasən 500 manat, 13 avqust 2015-ci il tarixli, CC/97396/52/26 saylı, müqaviləyə əsasən 1011 manat, 17 iyun 2014-cü il tarixli, DK/98314/41/26 saylı, müqaviləyə əsasən 200 manat məbləğlərində kredit verilmişdir. X5 xx.xx.2015-ci il tarixdə vəfat etmişdir. Müvafiq kredit müqavilələri üzrə iddiaçı ilə cavabdehin mərhum həyat yoldaşı X5 arasında 19 iyun 2013-cü il tarixdə xx.xx.2016-cı il tarixədək, 17 iyun 2014-cü il tarixdə, 12 ay müddətinə, 13 avqust 2015-də 12 ay müddətinə bağlanılmışdır, yəni sözügedən müqavilələlərin bitmə müddəti müəyyən edilmişdir. X5 xx.xx.2015-ci il tarixdə vəfat etmiş, xx.xx.2019-cu il tarixdə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Göründüyü kimi qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin 2019-cu verilməsinə baxmayaraq, İddiaçı iddia tələbinə cavab verməli olan vərəsələrin müəyyənləşdirilməsi üçün hər hansı tədbir görməmiş və yalnız 6 il sonra iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Yəni öhdəliklər üzrə iddia müddətləri qanunun müəyyən etdiyi vaxt çərçivəsində bitmiş, kreditorun məhkəməyə müraciət etmək hüququ bu tarixlərdən etibarən məhdudlaşmışdır. İş materiallarından görünür ki, hazırda cavabdeh iddia müddəti tətbiq edilməklə iddianın rədd edilməsini xahiş edir. Mülki Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Həmin Məcəllənin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti üç il təşkil edir. Mülki işdən göründüyü kimi iddiaçı müqavilə öhdəlikləri üzrə qanunvericilikdə nəzərdə tutulmuş 3 illik iddia müddətini ötürmüş, bu vaxt ərzində hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etməmişdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun 03 iyun 2013-cü il tarixli qərarında göstərilmişdir ki, kredit münasibətləri müddətlidir və həyata keçirilmə müddəti vaxt çərçivəsi ilə təyin olunmuş müqavilə münasibətləridir. Kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklər, yəni əsas borcun ödənişləri ilə bağlı öhdəliklərin və kredit müqaviləsi üzrə faizlərin ödənilməsi ilə bağlı öhdəliklərin yerinə yetirilmə müddəti müqavilədə əvvəlcədən nəzərdə tutulmuş qaydaya uyğun olaraq müəyyən olunur. Şəxsin hüququ pozulduqda, onun müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətlərini şamil edir. Maraqlı tərəfin tələbi üzrə məcburiyyət tədbirlərinin tətbiqi hər zaman deyil, yalnız iddia müddətləri həddində mümkündür. Bu mənada hüquqları pozulmuş şəxsin öz hüquqlarının bərpasını tələb etmək hüququnun vaxtında həyata keçirilməsinə zəmin yaradan iddia müddətinin axımının başlanğıcının müəyyən edilməsi xüsusi əhəmiyyət kəsb edir. Kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Plenum qərara almışdır ki, kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Qeyd edilən Plenum qərarında göstərilmişdir ki, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. Məhkəmə tərkibi hesab edir ki, qeyd olunan mübahisəyə iddia müddəti tətbiq edilməli olduğundan artıq iddiaçı həmin hüququnu itirmişdir. Həmçinin hazıki iş üzrə iddia müddətinin bərpa olunmasını (kəsilmək və dayandırılmaq kimi xüsusiyyətlər) təsdiq edən hallar iş materialları ilə təsdiq olunmur. Belə ki, apellyator iddia müddətinin başlanğıc anının vərəsəlik üzrə məlumatların əldə olunduğu an hesab olunduğu qeyd etsə belə “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin plenumunun qərarına nəzər yetirsək bu mövqenin əsassız olduğu qənaətinə gələrik. Həmin qərarda yekun hüquqi mövqe ondan ibarət olmuşdur ki, Azərbaycan Respublikası Konsitutsiyasının 60-cı maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243 və 1306.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 306.4 və 307.2.9-cu maddələrinə əsasən, vərəsələrin vərəsəlik şəhadətnaməsi almaması miras qoyanın kreditorlarının öhdəliklərin icrasının miras qalmış əmlak hesabına təmin edilməsi ilə bağlı məhkəmədə iddia qaldırmaq hüququnu məhdudlaşdırmır və kreditorların bu cür tələblərinə iddia icraatı qaydasında baxılmalıdır. Göründüyü kimi kreditor ölmüş borclunun vərəsələrinə qarşı həmin Məcəllənin 377-ci maddəsi ilə təsbit edilmiş müddətlərdən etibarən iddia irəli sürmək hüququna malik olur. Məhkəmə tərkibi haqlı olaraq vurğulayır ki, iddiaçının vərəsəlik məlumatının gec əldə olunduğuna istinad etməsi, xüsusilə də Konstitusiya Məhkəməsinin həmin normaları birlikdə şərh edən qərarı fonunda, əsassızdır. Çünki kreditor borclunun ölümü haqqında məlumat əldə etməklə artıq tələbin kimə yönələcəyini müəyyən etmək üçün hüquqi mexanizmlərə malikdir və bu araşdırmanı aparmaq onun üzərinə düşən minimal diqqət və ehtiyat vəzifəsinin tərkib hissəsidir. Beləliklə, iddiaçının iddia müddətinin başlanğıc anını xx.xx.2025-ci il tarixi ilə bağlaması nə Konstitusiyanın 60-cı maddəsində təsbit olunmuş müdafiə hüququnun mahiyyətinə, nə Mülki Məcəllənin 1243 və 1306.1-ci maddələrinin tətbiqinə, nə də Mülki Prosessual Məcəllənin 306.4 və 307.2.9-cu maddələri ilə Konstitusiya Məhkəməsinin həmin normalara dair yekun hüquqi mövqeyinə uyğun gəlir. Davranış modeli və təqdim olunan dəlillər daha çox iddia müddəti institutundan sui-istifadə edilməsi cəhdi kimi görünür və bu səbəbdən apellyasiya şikayətinin dəlilləri əsassızdır. Məhkəmə tərkibi birinci instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, mübahisələndirilən qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Beləliklə, məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli və Şirvan Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(032)-1380/2025 saylı qətnaməsi İddiaçı ASC-nin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Daha sonra məhkəmə tərkibi qeyd etməyi lazım bilir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırkı halda qətnamədən tərəflərin kassasiya şikayəti vermək hüququ yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə tərkibi qət etdi: İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şirvan Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(032)-1380/2025 saylı qətnaməsi İddiaçı ASC-nin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar