Məhkəmə qərarları › İş №2(106)-1971/2024

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-1971/2024

05.12.2024 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-1971/2024 05.12.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Heydərov Tofiq Xudayar oğlu və Novruzova Aytən Nazim qızından ibarət tərkibdə, Lənkəran Rayon Məhkəməsinin 15 oktyabr 2024-cü il tarixli, 2(049)-3800/2024 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Şirvan Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və X2 qarşı torpaq sahəsinə giriş-çıxışa maneənin törədilməməsi və digər tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər tərəfindən edilmiş maneənin aradan qaldırılması, ölçmə işlərinin aparılması üçün reyestr xidmətinin mütəxəssisinin torpaq sahəsinə giriş-çıxışına maneə törədilməməsi, faktiki yerində müayinə keçirilməsi üçün şəraitin yaradılması öhdəliyinin qoyulması və ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Lənkəran Rayon Məhkəməsinin 15 oktyabr 2024-cü il tarixli, 2(049)-3800/2024 saylı qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və X2 qarşı maneənin törədilməməsi” tələbi barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərara alınmışdır. İddiaçı Lənkəran Rayon Məhkəməsinin 15 oktyabr 2024-cü il tarixli, 2(049)- 3800/2024 saylı qərardadından şikayət verərək həmin qərardadın ləğv edilməsi və iddia ərizəsinin icraata qəbul edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə qərarddı qəbul edərkən ona əsaslanmışdır ki, iddiaçı iddia ərizəsini verərkən MPM - nin 149-cu maddəsinin tələblərini pozmuşdur. Belə ki, iddiaçı iddia ərizəsində cavabdehlərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya FİN kod) və ərizəyə əlavə edilən sənədlərin siyahısı göstərilməmişdir. Məhkəmənin nəzərinə çatdırır ki, iddia ərizəsi Azərbaycan Respublikası MPM-nin 149–cu maddəsinin tələblərinə uyğun verilmişdir. Belə ki, MPM-nin 149–cu maddəsində cavabdehlərin qeydiyyat yeri barədə iddia ərizəsinə hər – hansı bir sənəd əlavə edilməsi nəzərdə tutulmamışdır. Qanunda nəzərdə tutulmayan sənədin vətəndaşdan tələb edilməsi qanunauyğun deyildir. Məhkəmə cavabdehlərin rəsmi qaydada harada qeydiyyatda olmasını rəsmi hökümət portalına daxil olub öyrənə bilər. Vətəndaşların şəxsi məlumatları mühafizə olunduğu üçün iddiaçı həmin məlumatları əldə edə bilmir və bu barədə hər – hansı bir orqan ona məlumat vermir. Məhkəmə isə bu məlumatları əldə edə bilər. Bundan əlavə iddia ərizəsi verilərkən sənədlərin siyahısı iddia ərizəsinə əlavə edilmişdir. Qaldı ki, iddia predmeti aydın şəkildə iddia ərizəsində qeyd edilmişdir. Bundan əlavə iddianın predmetinin aydın olmaması iddia ərizəsinin qaytarılması üçün əsas deyildir və qanunda belə bir hal nəzərdə tutulmamışdır. Çünki iddiaçı məhkəmə prosesinin gedişində əlavə iddia ərizəsi verərək həmin nöqsanları ardan qaldıra bilər. Lənkəran Rayon Məhkəməsinin 15 noyabr 2024-cü il tarixli, 2(049)-3800/2024 saylı qərardadı ilə şikayət təmin edilməmiş və şikayət baxılması üçün mülki işlə birlikdə Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən məhkəmə tərkibi işə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərkibi iş materiallarını əlaqəli şəkildə araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, iş üzrə Lənkəran Rayon Məhkəməsinin 15 oktyabr 2024-cü il tarixli, 2(049)-3800/2024 saylı qərardadı ləğv edilməli, yeni qərardad qəbul edilməli və mülki iş iddia ərizəsinin icraata qəbulunun mümkünlüyü haqqında məsələyə yenidən baxılması üçün Lənkəran Rayon Məhkəməsinə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi qərardadını onunla əsaslandırmışdır ki, iddia ərizəsindən görünür ki, cavabdehlərə qarşı yönələn tələb iddiaçı tərəfindən dəqiq olaraq, aydın formada qeyd edilməmişdir. İddia ərizəsinin “xahiş edirəm:” hissəsində natamam formada, bir-birinə uyğun olmayan ifadələr qeyd edilmişdir. Həmçinin iddiaçı öz tələbini əsaslandırdığı halları iddia tələbində qeyd etməmişdir. Eyni zamanda iddia tələbində iddiaçının və cavabdehlərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya FİN kod) və ərizəyə əlavə edilən sənədlərin siyahısı göstərilməmişdir. Hazırkı iddia ərizəsinin qanunvericilik ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilməmişdir. Buna görə də, iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalı və iddiaçıya Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə əsasən ərizənin qaytarılmasına səbəb olan nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müarciət etməyə mane olmaması izah edilməlidir. Məhkəmə tərkibi belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddia ərizəsini hazırkı əsaslar geri qaytarmaq barədə qərardad qəbul edərkən düzgün nəticəyə gəlməmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 26-cı maddəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 149.2-ci maddəsinə əsasən ərizədə aşağıdakılar göstərilməlidir: ərizənin verildiyi məhkəmənin adı (149.2.1), iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) (149.2.2), iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb (149.2.3), müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat (149.2.4), “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsinə dair məlumat (149.2.4-1), ərizəyə əlavə edilən sənədlərin siyahısı (149.2.5). Həmin Məcəllənin 149.3-cü maddəsinə əsasən iddiaçı bir-biri ilə bağlı olan bir neçə tələbi bir iddia ərizəsində birləşdirməyə haqlıdır. Konstitusiya Məhkəməsinin Plenumu “E.Axundovun məhkəməyə müraciət hüququnun pozulması barədə şikayətinə dair” 2023-cü il 6 oktyabr tarixli Qərarında göstərmişdir ki, məhkəməyə əlçatanlıq müdafiəyə ehtiyacı olan şəxs üçün ədalət mühakiməsinin təmin edilməsinin zəruriliyini nəzərdə tutmaqla, həmin şəxsin yaranmış vəziyyətlə bağlı məhkəmənin simasında dövlətin mövqeyini bilmək hüququnu da ehtiva edir. Konstitusiyada təsbit edilmiş insan hüquq və azadlıqları ilə bağlı digər qanunvericilik aktlarında əks olunmuş tənzimləyici normalar müvafiq konstitusiya normalarının tətbiqini mümkünsüz etməməli, əksinə məhkəmə tərəfindən konstitusion hüquqların realizəsinə, təməl prinsiplərin rəhbər tutulmasına imkan yaratmalıdır. Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, məhkəməyə müraciət hüququnun həyata keçirilməsinin qanunvericiliklə müəyyən olunmuş prosessual tələblərlə şərtləndirilməsi qəbuledilən olsa da, həmin normalar şəxsi məhkəməyə müraciət etmək hüququndan məhrum edəcək dərəcədə hədsiz formallıqdan uzaq olmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) də məsələyə dair oxşar mövqelər ifadə etmişdir. Belə ki, X4rşı iş üzrə 1975-ci il 21 fevral tarixli Qərarda qeyd olunmuşdur ki, məhkəmə araşdırması hüququnun bir aspektini təşkil edən məhkəməyə müraciət etmək hüququ “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın (bundan sonra – Konvensiya) 6-cı maddəsinin 1-ci bəndində nəzərdə tutulan hüququn ayrılmaz elementidir (§36). Məhkəməyə müraciət etmək hüququ mütləq deyil və məhdudiyyətlərə məruz qala bilər, çünki müraciət etmək hüququ öz təbiətinə görə dövlət tərəfindən tənzimləməni tələb edir və həmin tənzimləmə cəmiyyətin və fərdlərin ehtiyaclarına uyğun olaraq müxtəlif vaxtlarda və müxtəlif yerlərdə dəyişə bilər (X1rşı iş üzrə 1985-ci il 28 may tarixli Qərar §57). Lakin qoyulan məhdudiyyətlər bu hüququn mahiyyətinə xələl gətirəcək dərəcədə şəxsin məhkəməyə müraciət etmək hüququnu məhdudlaşdırmamalıdır. Onlar legitim məqsəd güdməli və istifadə olunan vasitələr və güdülən məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olmalıdır (X6rşı iş üzrə 1994-cü il 21 sentyabr §65; Bellet Fransaya qarşı iş üzrə 1995-ci il 4 dekabr tarixli §31 Qərarlar). Hazırkı işin hallarını nəzərə alan məhkəmə tərkibi qeyd etməyi zəruri hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı halda iddiaçıya münasibətdə onun məhkəmə müdafiə hüququndan istifadə edə bilməsi hüququnu məhdudlaşdırmışdır. Belə ki, iddia ərizəsinin hədsiz formallığa uyğun qanunvericiliklə müəyyən edilmiş forma və məzmunda tərtib edilməməsi əsası ilə geri qaytarılması məhkəməyə müraciət edən şəxsin konstitusion hüquqlarını məhdudlaşdırır və prosessual qənaət prinsipi ilə ziddiyət təşkil edir. Prosessual qənaət prinsipi məhkəmə prosesinin uzadılmasının aradan qaldırılmasına, bir sıra prosessual institutların münasib hala gətirilməsinə, onların qanunvericiliklə daha dəqiq tənzimlənməsinə və tərəflərin tarazlaşdırılmış vəziyyətə gətirilməsinə yönəlmişdir. Məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı iddia ərizəsini hədsiz ciddi əsaslar olmadığı üçün geri qaytarmaq əvəzinə prosessual qənaət prinsipini nəzərə alaraq icraata götürüb məhkəmənin hazırlıq iclası zamanı iddia ərizəsinə dəqiqləşmələr aparılmasını iddiaçıya təklif edə, habelə iddia tələbinin kifayət qədər aydınlaşdırılması üçün zəruri tədbirlər görə bilərdi. Belə olan halda məhkəməyə müraciət edən şəxsə məhkəmə müdafiəsi hüququnun realizəsi baxımından geniş imkanlar yaranmış olar, habelə şəxsdə məhkəmə hakimiyyətinə olan inam və etimadın daha da möhkəmlənməsinə yol açmış olar. Məhkəmə tərkibi qeyd edilənlərə əsasən şikayəti qismən əsaslı hesab edir. Məhkəmə tərkibi şikayətin “iddia ərizəsinin icraata qəbul edilməsi” hissəsinə münasibətdə qeyd edir ki, həmin hissədə şikayət təmin edilməməlidir. Belə ki, apellyasiya məhkəməsinin iddia ərizəsini icraata qəbul etmək kimi səlahiyyəti yoxdur. Qərardaddan verilmiş şikayətə baxan apellyasiya instansiyası məhkəməsinin qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib, işi birinci instansiya məhkəməsinə göndərmək səlahiyyəti vardır. Beləliklə, məhkəmə tərkibi mülki işin materiallarını nəzərdən keçirib, şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, Lənkəran Rayon Məhkəməsinin 15 oktyabr 2024-cü il tarixli, 2(049)-3800/2024 saylı qərardadı ləğv edilməli, yeni qərardad qəbul edilməli və iddia ərizəsinin icraata qəbulunun mümkünlüyü haqqında məsələyə yenidən baxılması üçün iş materialları Lənkəran Rayon Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.2-ci maddəsinə görə, qərardaddan verilmiş şikayətə baxan apellyasiya instansiyası məhkəməsinin qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib, işi birinci instansiya məhkəməsinə göndərmək səlahiyyəti vardır. Həmin Məcəllənin 399-cu maddəsinə görə, birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Azərbaycan Respublikası MPM-nin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. 402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. 402.3. Birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər. Göründüyü kimi hazırkı qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 400, 403- 407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Lənkəran Rayon Məhkəməsinin 15 oktyabr 2024-cü il tarixli, 2(049)-3800/2024 saylı qərardadı ləğv edilsin. Yeni qərardad qəbul edilsin. İddia ərizəsinin icraata qəbulunun mümkünlüyü haqqında məsələyə yenidən baxılması üçün iş materialları Lənkəran Rayon Məhkəməsinə göndərilsin. Qərardad qəbul еdildiyi аndаn qüvvəyə minir. Qərаrdаddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar