Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1976/2024 19.12.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Heydərov Tofiq Xudayar oğlu və Novruzova Aytən Nazim qızından ibarət tərkibdə, X2 oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı Cavabdeh İddiaçı xeyrinə borca görə 21800 manat, dövlət rüsumuna görə 160 manat pul vəsaitinin ödənilməsi tələbinə dair mülki iş üzrə Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(073)-1887/2023 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə sonradan iddia tələbinin həcminin azaldılması barədə ərizə təqdim edərək, Cavabdeh İddiaçı xeyrinə 19800 manat borcun və ödənilmiş dövlət rüsumuna görə pul vəsaitinin tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, cavabdehlə Bakı şəhərində işlədiyi dövrlərdə tanış olmuş və onunla səmimi münasibətləri yaranmışdır. Cavabdeh 2020-ci ildə ümumilikdə 21800 manat pulu borc olaraq vermişəm. Belə ki, cavabdeh ona müraciət edərək iş qurduğunu və buna görə də pula ehtiyacı olduğunu bildirmişdir. Aralarında olan şifahi razılaşmaya görə cavabdeh ondan aldığı pulu 2021-ci ilin iyun ayına qədər qaytarmağı öhdəsinə götürmüşdür. Lakin cavabdeh söz verdiyi vaxtda onun pulunu qaytarmamışdır. Cavabdehin ona borclu olması barədə aralarında audio səs və Wootsap yazışmaları vardır. Bundan başqa onun cavabdehə pul verməsini şahidlər də təsdiq edə bilərlər. Sonrakı müddətdə Cavabdeh ona borcundan cəmi 2000 manat ödəmiş, lakin qalan 19800 manat borcunu isə hazıradək ödəməmişdir. Dəfələrlə cavabdehdən pulunu geri tələb etmiş, lakin cavabdeh bu günə kimi borclu olduğu pulu qaytarmadığı üçün cavabdeh tərəfindən pulunun verilməyəcəyini görüb hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Birinci instansiya məhkəməsində icraat Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(073)-1887/2023 saylı qətnaməsi (hakim: E.Əmirəliyev) ilə iddianın təmin edilməsi, Cavabdeh borca görə 19800 (on doqquz min səkkiz yüz manat) manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 160 (bir yüz altmış) manat məbləğində pul vəsaitlərinin alınıb İddiaçı verilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi aşağıdakıları müəyyən etmişdir; Cavabdeh 2020-ci ildə İddiaçı iş qurmaq adı ilə ümumilikdə 21800 manat pulu borc olaraq almışdır. Cavabdeh aldığı həmin pulu 2021-ci ilin iyun ayına kimi qaytarmağı öhdəsinə götürmüşdür. Lakin sonradan cavabdeh söz verdiyi vaxtda uzun müddət keçməsinə baxmayaraq iddiaçıdan aldığı 21800 manat borc məbləğindən 2000 manat ödəmiş, 19800 manat borcu qalmışdır. İddiaçı cavabdehdən pulunu geri tələb etmiş, cavabdeh isə hər dəfə müxtəlif bəhanələr gətirərək iddiaçıdan aldığı pulu halhazıradək qaytarmamışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır; Cavabdeh 2020-ci ildə İddiaçı iş qurmaq adı ilə ümumilikdə 21800 manat pulu borc olaraq almışdır. Cavabdeh aldığı həmin pulu 2021-ci ilin iyun ayına kimi qaytarmağı öhdəsinə götürmüşdür. Lakin sonradan cavabdeh söz verdiyi vaxtda uzun müddət keçməsinə baxmayaraq iddiaçıdan aldığı 21800 manat borc məbləğindən 2000 manat ödəmiş, 19800 manat borcu qalmışdır. İddiaçı cavabdehdən pulunu geri tələb etmiş, cavabdeh isə hər dəfə müxtəlif bəhanələr gətirərək iddiaçıdan aldığı pulu halhazıradək qaytarmamışdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilərək, Cavabdeh 19800 manat alınıb İddiaçı verilməlidir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1, 329.2, 390.1, 385.1, 425.1, 427.3, 442.1, 739.1, 739.2, 740cı, maddələri, Mülki Prosessual Məcəllənin 14, 217, və 106-cı maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətlərinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh İddiaçı pul alan zaman karqo şirkətində işləmiş və İddiaçı ilə birlkidə iş qurmaq niyyətləri olmuşdur. İddiaçı Cavabdeh ayrı-ayrı vaxtlarda 4.000 ABŞ dollar, 4000 manatvə sonuncu dəfə 5000 manat cəmi, 15800 manat pul vermişdir. İcra şöbəsində Cavabdeh həmin 15800 manat borcundan iddiaçıya 2000 manat ödəmiş, hazırda iddiaçıya 13800 (on üç min səkkiz yüz) manat borcu qalmışdır. İşlərində problem yarandığından qalan borcu ödəyə bilməmişdir. Lakin buna baxmayaraq məhkəmə bu halları nəzərə almamış hər hansı mötəbər sübut olmadan Cavabdeh 19800 (on doqquz min manat səkkiz ) manat borcu qalması nəticəsinə gəlmiş, əlavə 6000 (altı min) manat məbləğdə borcun hardan əmələ gəlməsinə aydınlıq gətirməmişdir. Cavabdeh 04 oktyabr 2023-cü il tarixdən həbsdədir. Onsuz da maddi durumu ağır olan Cavabdeh üçün əlavə 6000 manatın ödənilməsi çox çətin olacaq. İş materiallarından olan sübut yalnız votsap yazışmalardan çıxarışlardır. Lakin həmin votsap yazışmaları o qədər qarışıqdır ki həmin yazışmalardan dəqiq məbləği müəyyən etmək mümkün deyil. Hətta yazışmaların biri digərini təkzib edir. Seyfəddin iddiaçıya borcu olmasını etiraf edir. Lakin qalan borcun məbləği 13800 manat təşkil edir. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. İddiaçı ilə cavabdeh arasındakı borc 3000 mnatdan artıq məbləği təşkil etsə də tərəflər rasında hər hansı bir notarial müqavilə yoxdur. Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli,2(073)-1887/2023 saylı qətnaməsini dəyişdirərək Cavabdeh 13800 (on üç min səkkiz yüz) manat məbləğində pul vəsaitinin alınıb İddiaçı verilməsi barədə yeni qətnamə qəbul edilməlidir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz onunla əsaslandırılmışdır ki, Cavabdeh tərəfindən təqdim edilən apellyasiya Şikayəti yalnızca ödəniş üçün nəzərdə tutulacaq müddəti uzatmaq üçün verilmişdir. Belə ki, apellyasiya şikayətinin əsaslandırılması təkcə ondan ibarətdir ki, sübut kimi təqdim edilmiş yazışmalar qarışıqdır. Onsuz da, şikayətdə göstərilmiş 13800 manat məbləğ məhkəmə iclasında iştirak edən vəkili tərəfindən də təsdiq edilmişdi. Apellyasiya Şikayətinin digər əsası olaraq isə qeyd edilmişdir ki, Cavabdeh 04 oktyabr 2023-cü il tarixdən həbsdədir. Ona görə maddi durumu pisdir. Cavabdehin həbsdə olması onu hər hansı öhdəliyindən azad etmir. Əlavə olaraq da bildirir ki, onun artıq həbsdə olmadığı da ona məlumdur. Onsuz da onu vurduğu maddi ziyanın həcmi çoxdur. Bununla belə yenə də fərqli bəhanələr gətirərək bundan yayınmaq və prosesi uzatmaq fikrindədir. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək sağlamlıq vəziyyəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş və məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi və vəkili Vəkil məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə iclasında üzrlü səbəblərdən iştirak edə bilməyəcəyini bildirmiş və məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən məhkəmə tərkibi işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Azərbaycan Respublikası Mülki Məcəlləsinin Azərbaycan Respublikası Mülki Məcəllənin MM-in 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası MM-nin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin ( məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər; iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Apellyasiya baxışının hədləri Cavabdehin apellyasiya şikayətindən görünür ki, apellyator Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli,2(073)-1887/2023 saylıqətnaməsini dəyişdirərək Cavabdeh 13800 (on üç min səkkiz yüz) manat məbləğində pul vəsaitinin alınıb İddiaçına verilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı məhkəmə tərkibi qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin yalnız mübahisələndirilən hissəsi üzrə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Daha sonra məhkəmə tərkibi qeyd etməyi lazım bilir ki, formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilib-edilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olub-olmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur. Ona görə də kollegiya Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(073)-1887/2023 saylı qətnaməsini apellyasiya şikayətlərinə münasibətdə mübahisələndirilən hissədə apellyasiya şikayətlərinin həcmində yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə tərkibi mübahisə ilə bağlı işin faktiki hallarını araşdıraraq belə qənaətə gəlmişdir ki, birinci instansiya məhkəməsi ümumilikdə iddianı təmin etməklə əsaslı və reallığa uyğun olan nəticəyə gəlsə də, qətnamə qəbul edərkən maddi hüquq normalarının tələblərini pozmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1-ci maddəsinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi, məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Birinci instansiya məhkəməsi iddianı təmin etməkdə haqlı olsa da maddi hüquq norması kimi Mülki Məcəllənin 739.1-ci maddasinə (borc müqaviləsinə) istinad etməklə səhvə yol vermişdir. Halbuki birinci instansiya məhkəməsi Mülki Məcəllənin əsassız varlanmadan bəhs edən normalarına istinad etməli idi. Mülki Məcəllənin “Öhdəliklərin əmələ gəlmə əsasları” adlı 386-cı maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Odur ki, mülki hüquq münasibətinin bir növü kimi hər hansı öhdəlik hüquq münasibəti yalnız müqavilə bağlandıqda və ya qanunda nəzərdə tutulmuş hallar baş verdikdə (özgə işləri tapşırıqsız aparıldıqda və əsassız varlanma baş verdikdə) və yaxud mülki hüquq pozuntusu (delikt) törədildikdə yarana bilər. İddiaçı ilə cavabdeh arasında öhdəlik hüquq münasibətinin yaranması birgə fəaliyyət üçün şifahi razılıq (müqaviə) mövcud olub. Cavabdeh əsassız varlanmış şəxs statusu daşıyıb. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin ( məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. İstənilən bir tələblə bağlı iddia icraatının ən əsas və vacib vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının məhkəmə tərəfindən müəyyən olunması vəzifəsidir (MPM.m.2.1, 5.1). Məhkəmə bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Məhkəmə tərkibi hesab edir ki, iddia tələbinə münasibətdə birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmamış, maddi hüquq normalarının tətbiqində səhfə yol verilmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə almamışdır. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Cavabdeh 2020-ci ildə İddiaçı birgə iş qurmaq və gəlir əldə etmək məqsədi ilə ümumilikdə 21960 manat pul almışdır. Lakin sonradan cavabdeh söz verdiyi vaxtda uzun müddət keçməsinə baxmayaraq aldığı puldan əldə etdiyi gəlirdən iddiaçıya hər hansı pul məbləği ödəməmiş, ancaq iddiaçıdan aldığı 21960 manat pul məbləğindən 2000 manat geri qaytarmış, yerdə qalan 19960 manat pulu qaytarmamaqla əsassız varlanmışdır. Məhkəmə tərkibi iddia tələbi ilə bağlı qeyd edir ki, hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət edən şəxs ilk növbədə hər hansı qanunla qorunan hüquq və azadlıqlarının və yaxud maraqlarının pozulması, eləcə də bununla bağlı tələb etmək hüqunun olmasını sübut etməlidir. İddiaçının hazırki iddia ərizəsi ilə müraciət etmək üçün subyektiv hüququ mövcuddur. Şikayətin ilk dəlili ondan ibarətdir ki, İddiaçı Cavabdeh ayrı-ayrı vaxtlarda 4.000 ABŞ dollar, 4000 manat və sonuncu dəfə 5000 manat cəmi, 15800 manat pul vermişdir. İcra şöbəsində Cavabdeh həmin 15800 manat borcundan iddiaçıya 2000 manat ödəmiş, hazırda iddiaçıya 13800 (on üç min səkkiz yüz) manat borcu qalmışdır. İşlərində problem yarandığından qalan borcu ödəyə bilməmişdir. Lakin buna baxmayaraq məhkəmə bu halları nəzərə almamış hər hansı mötəbər sübut olmadan Cavabdeh 19800 (on doqquz min manat səkkiz ) manat borcu qalması nəticəsinə gəlmiş, əlavə 6000 (altı min) manat məbləğdə borcun hardan əmələ gəlməsinə aydınlıq gətirməmişdir. Məhkəmə tərkibi apellyasiya şikayətinin yuxarıda qeyd edilən dəlilləri ilə razılaşmır. İş materiallarının 119-cu səhifəsində olan Cavabdeh tərəfindən yazılmış izahatdan görünür ki, o Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli icra vərəqəsinə əsasən (qeyd edilməlidir ki, həmin icra vərəqəsi Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qiyabi qətnaməsi əsasında verilmişdir. Sonradan Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə ləğv edilmişdir) İddiaçı 21960 manat borcu olmuşdur. Həmin borcdan 2000 manatını ödəmiş, hazırda 19960 manat borcu qalmışdır. 2023-cü ilin iyun ayına kimi 15000 manat, qalan 4960 manat məbləği isə hər ay 500 manat olmaqla ödəyəcəyinə dair öhtəlik götürmüşdür. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını müəyyən edərkən məhkəmənin əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməsi məhkəmənin vəzifəsidir. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirməli, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən etməlidir (Mülki Prosessual Məcəllənin 76.1, 88, 218.1-ci maddələri). “Z.Nəsirovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 07 avqust 2017-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 19 aprel 2018-ci il tarixli Qərarına görə məhkəmə aşağıdakı meyarları rəhbər tutaraq sübutları, özünün müstəqil, əsaslı və hərtərəfli, tam, obyektiv və birbaşa işdə olan hüquqi faktların araşdırılmasına əsaslanaraq məntiqi mülahizələrinə görə qiymətləndirir: 1) sübutların aidliyi, 2) sübutların mümkünlüyü, 3) sübutların həqiqiliyi, 4) sübutların qədərincə kifayətliyi, 5) sübutların məcmusunda onların qarşılıqlı funksional əlaqəsi. Sübutların aidliyi dedikdə, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə tərkibi qeyd edir ki, cavabdehin yuxarda qeyd edilən izahatı yazılı sübut kimi qiymətləndirilməklə mötəbər hesab edilməlidir. Qeyd edilən izahatı yazarkən cavabdehin hər hansı təsirə məruz qalması və ya onun iradəsi ziddinə yazılması iş materialları ilə müəyyən edilmir. Eyni zamanda apellyasiya şikayətindən də görünür ki, cavabdeh icra şöbəsində həmin izahatı yazarkən 2000 manat pul ödədiyini qeyd etmişdir. Bundan başqa cavabdeh həmin izahatı mübahisələndirməmiş, həmin izahatın onun tərəfindən yazılmadığını bildirməmişdir. Məhkəmə tərkibinin qənaətinə görə qeyd edilən izahat mübahisənin həll edilməsində təkzibedilməz sübut olduğundan, cavabdehin həmin izahatı apelyasiya şikayətində qeyd edilən 13800 (on üç min səkkiz yüz) manat borcundan əlavə 6000 manat borcunun olmaması barədə dəlillərini təkzib edir. Ona görə də şikayət həmin hissədə təmin edilə bilməz. Şikayətin digər dəlili ondan ibarətdir ki, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. İddiaçı ilə cavdeh arasındakı borc 3000 mnatdan artıq məbləi təşkil etsə də tərəflər rasında hər hansı bir notarial müqavilə yoxdur. Məhkəmə tərkibi apellyasiya şikayətinin bu dəlili ilə qismən razılaşır və hesab edir ki, şikayətin bu dəlili qətnamənin ləğv edilməsi üçün əsas olsada iddianın rədd edilməsi üçün əsas ola bilməz. İş materialları ilə müəyyən edilmişdir ki, Cavabdeh 2020-ci ildə İddiaçı birgə iş qurmaq və gəlir əldə etmək məqsədi ilə ümumilikdə 21960 manat pul almışdır. Lakin sonradan cavabdeh söz verdiyi vaxtda uzun müddət keçməsinə baxmayaraq aldığı puldan əldə etdiyi gəlirdən iddiaçıya hər hansı pul məbləği ödəməmiş, ancaq iddiaçıdan aldığı 21960 manat pul məbləğindən 2000 manat geri qaytarmış, yerdə qalan 19960 manat pulu qaytarmamaqla əsassız varlanmışdır. Birinci instansiya məhkəməsi isə mübahisəni həll edərkən maddi hüquq norması kimi Mülki Məcəllənin 739.1-ci maddasinə (borc müqaviləsinə) istinad etməklə səhvə yol vermişdir. Halbuki birinci instansiya məhkəməsi Mülki Məcəllənin əsassız varlanmadan bəhs edən normalarına istinad etməli idi. Məhkəmə tərkibinin qənaətinə görə birgə fəaliyyətdən gəlir götürmək üçün verilən pul məbləğinə dair yazılı müqavilə imzalamağa lüzum yoxdur və tərflərin bu qaydada pul goyaraq gəlir götürməsini qadağan edən qanunvericilikdə hər hansı bir qadağa mövcud deyildir. Ona görə də apellyasiya şikayəti verilən pul məbləğinin yazılı qaydada olmasına aid hissədə də əsasızdır. Bundan başqa məhkəmə tərkibi qeyd etməyi lazım bilir ki, cavabdeh yazdığı izahatında19960 manat borcu qaldığını etiraf etmişdir. İddiaçı isə iddia tələbində Cavabdeh İddiaçı xeyrinə 19800 manat borcun tutlması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-ci maddəsinə əsasən Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmə tərkibinin qənaətinə görə hazırkı mübahisədə iddia tələbindən kənara çıxmaq üçün müstəsna hal mövcud deyildir. Ona görə də Cavabdeh 19800 manat pulun iddiaçının xeyrinə tutulması qanuni və əsaslıdır. Hüquq və azadlıqların müdafiəsinə məhkəmə təminatı bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə baxmaq və onlara dair ədalətli qərar qəbul etmək vəzifəsini müəyyən edir. Məhkəmə müdafiəsi hüququ eyni zamanda pozulmuş hüquqları və azadlıqları səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur. Bu baxımdan, nəzərə alınmalıdır ki, ədalət mühakiməsi insan hüquqlarının müdafiəsinin ən səmərəli vasitələrindən biridir. Təsadüfi deyildir ki, məhz məhkəmə insan hüquqlarının müdafiəsinin əsas təminatçısı kimi qəbul edilir. Odur ki, ədalətli məhkəmə araşdırması hüququ səmərəli olmalı və məhkəmə başqa şəxslərin hüquq və azadlıqları pozmamaq şərti ilə qanunvericiliyin müəyyən etdiyi bütün imkanlardan (o cümlədən daxili inamından) istifadə edərək şəxslərin sözügedən hüququnun reallaşırılmasına şərait yaratmalıdır. Əks yanaşma, yəni məhkəmə müdafiəsinin səmərəsizliyi digər konstitusiya hüquqlarının effektivliyinə də mənfi təsir göstərə bilər. Məhkəmə tərkibinin qənaətinə görə iddianın təmin edilməməsi qanunvericiliyin yuxarıda göstərilən məqsədi, eləcə də məhkəmə müdafiəsi hüququnun tələbləri ilə uzlaşmır. Beləliklə məhkəmə tərkibi iş materiallarını araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməkdə haqlı olsa da qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmamış, maddi hüquq normalarının tətbiqində səhvə yol vermişdir. Ona görə də məhkəmə tərkibi hesab edir ki, Cavabdeh apellyasiya şikayəti qismən təmin edilməli Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli, 2(073)-1887/2023 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia təmin edilməli, Cavabdeh 19800 (on doqquz min səkkiz yüz manat) manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 160 (bir yüz altmış) manat məbləğində pul vəsaiti alınıb İddiaçı verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(073)-1887/2023 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi təmin edilsin. Cavabdeh 19800 (on doqquz min səkkiz yüz manat) manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 160 (bir yüz altmış) manat məbləğində pul vəsaiti alınıb İddiaçı verilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-1976/2024
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1976/2024
19.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver