Məhkəmə qərarları › İş №2(106)-1978/2024

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1978/2024

25.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1978/2024 25.12.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Şirvən Apellyasiya məhkəməsinin Mülki kollegiyası, hakimlər Novruzova Aytən Nazim qızı (sədrlik edən və məruzəçi), Heydərov Tofiq Xudayar oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, Alıyev Zaməddin Fariz oğlunun katibliyi ilə, İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı 4490 manat pul tələbinə dair mülki iş üzrə Cəlilabad Rayon Məhkəməsinin 15 dekabr 2023-cü il tarixli, 2(073)-2200/2023 saylı qətnaməsindən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinə 25 dekabr 2024-cü il tarixdə Şirvan apellyasiya məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi; İşin halları: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 4490 manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək verdiyi izahatında bildirdi ki, o, Cavabdeh mərhum qızı Hüseynova (Əliyeva) Samirə Malik qızı ilə ailə qurmuş və onların iki uşaqları doğulmuşdur. Lakin sonradan aralarında olan narazılıqlara görə ailə münasibətləri soyumuş, məhkəmənin müvafiq qətnaməsi ilə aralarında olan nikah qeydi pozulmuş və uşaqlarının saxlanılması üçün ondan aliment tutularaq X1 verilməsi qət edilmişdir. Tələb olunan 4490 manat aliment borcunu ödəyə bilmədiyi üçün barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə cinayət işi başlanılaraq baxılması üçün Cəlilabad Rayon Məhkəməsinə göndərilmişdir. Cinayət işi məhkəmənin icraatında olarkən Hüseynova (Əliyeva) Samirə Malik qızı xəstəlikdən vəfat etdiyi üçün atası, yəni iş üzrə Cavabdeh onun hüquqi varisi qismində tanınmışdır. Həmin vaxt o, həbsdə olduğu üçün yaxınları tərəfindən həmin məbləğ məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsin hüquqi varisi Cavabdeh ödənilmiş və bu səbəbdən o, cinayət məsuliyyətindən azad olmaqla, barəsində olan cinayət işinin icraatına xitam verilmişdir. Lakin həmin məbləğ 2 azyaşlı uşağının saxlanılması üçün müəyyən edilmiş məbləğ olmasına baxmayaraq, Cavabdeh həmin məbləği öz şəxsi ehiyacları üçün xərcləmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı etiraf etməyərək, verdiyi izahatında bildirdi ki, iddiaçı onun keçmiş kürəkənidir. İddiaçı ilə mərhum qızı X2 ilə ailə qurmuş və onların evliliyindən 2 uşaqları doğulmuşdur. Lakin sonradan onların ailə münasibətləri korlanmış, məhkəmənin müvafiq qətnaməsi ilə aralarında olan nikah qeydi pozulmuş və azyaşlı uşaqların saxlanılması üçün İddiaçı aliment tutularaq qızı Samirə Hüseynovaya verilməsi qət edilmişdir. Lakin İddiaçı aliment öhdəliyini yerinə yetirmədiyi üçün onun 4490 manat aliment borcu yaranmış və İddiaçı barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə cinayət işi başlanılaraq baxılması üçün Cəlilabad Rayon Məhkəməsinə göndərilmişdir. Cinayət işi məhkəmənin icraatında olarkən qızı Samirə Hüseynova xəstəlikdən vəfat etdiyi üçün o, mərhum qızının hüquqi varisi qismində tanınmışdır. Həmin vaxt İddiaçı həbsdə olmuş və onun yaxınları tərəfindən həmin 4490 manat aliment borcu məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsin hüquqi varisi kimi ona ödənilmiş və o, da həmin məbləği nəvələrinin ehtiyacları üçün xərcləmişdir. Həmçinin İddiaçı 4490 manat aliment borcunu ödədiyi üçün cinayət məsuliyyətindən azad olmaqla, barəsində olan cinayət işinin icraatına xitam verilmişdir. Buna görə də iddianı əsassız hesab edir. Qeyd edilənlərin nəzərə alınaraq iddianın əsassız olduğundan təmin edilməməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Cəlilabad Rayon Məhkəməsinin 15 dekabr 2023-cü il tarixli, 2(073)-2200/2023 saylı qətnaməsi ilə (Hakim: Elxan Əmirəliyev), İddiaçı Cavabdeh qarşı cavabdehdən 4490 manat pulun alınaraq ona verilməsi tələbinə dair iddiasının əsassız olduğundan təmin edilməməsi, iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 65 (altmış beş) manat dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan İddiaçı nümayəndəsi və vəkili İbrahimov X3 Rayon Məhkəməsinin 15 dekabr 2023-cü il tarixli, 2(073)-2200/2023 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Qətnamədən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün hallar araşdırılmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut olunmamışdır. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Cavabdeh tərəfindən apellyasiya şikayətinə etirazı daxil olmamışdır. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: İddiaçı apellyasiya icraatı zamanı verdiyi izahatında vermiş olduğu apellyasiya şikayətini müdafiə etdiyini, Cəlilabad Rayon Məhkəməsinin 15 dekabr 2023-cü il tarixli, 2(073)-2200/2023 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Qanunvericiliklə nəzərdə tutulmuş qaydada tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, cavabdeh keçirilən iclasda iştirak etməmiş, bu barədə hər hansı məlumat bildirməmiş, Odur ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən məhkəmə icraatının tezliyinin təmin edilməsi məqsədi ilə iş üzrə cavabdehin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinin tələbinə görə apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında qeyd edilir ki, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Odur ki, məhkəmə kollegiyası İddiaçı nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətinin dəlilləri həddində, Cəlilabad Rayon Məhkəməsinin 15 dekabr 2023-cü il tarixli, 2(073)-2200/2023 saylı qətnaməsinin qanuniliyinin yoxlanılmasını zəruri hesab edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci bəndinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Konstitusiyanın 34-cü maddəsinin İV bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideyinlər uşaqlarını saxlamağa borcludurlar. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. “Uşaq hüquqları haqqında” Konvensiyanın (xx.xx.1989-cu il) 3.1-ci maddəsinin məzmununa görə uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsində göstərilir ki, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də ödəməyə borclu olan valideyinin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancının hamısını və ya bir hissəsini xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2.-ci maddəsinə əsasən Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1.-ci maddəsinə əsasən Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. 88.-ci maddəsinə əsasən Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1.-ci maddəsinə əsasən Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3.-ci Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 372.1.-ci Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.7-ci Apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənini maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Azərbaycan Respublikası MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinin tələbinə görə apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsinin qətnaməsindən müəyyən edilir ki, məhkəmə iddia tələbinin təmin edilməməsini, iddia tələbinin əsası kimi irəli sürülmüş halları təsdiq edən sübutların iddiaçı tərəfindən təqdim edilməməsi ilə əlaqələndirmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan İddiaçı nümayəndəsi və vəkili İbrahimov X3 Rayon Məhkəməsinin 15 dekabr 2023-cü il tarixli, 2(073)-2200/2023 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını tətbiq etmişdir. Odur ki, Cəlilabad Rayon Məhkəməsinin 15 dekabr 2023-cü il tarixli, 2(073)-2200/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, iddiaçı tərəfin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...” Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri ilə əlaqədar iş materiallarını araşdırarkan iddia tələbi ilə bağlı sübutlar müəyyən etməmişdir. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir, ikinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. İddiaçının iddia tələbindən müəyyən edilir ki, o, Cavabdeh mərhum qızı Hüseynova (Əliyeva) Samirə Malik qızı ilə ailə qurmuş və onların iki uşaqları doğulmuşdur. Lakin sonradan aralarında olan narazılıqlara görə ailə münasibətləri soyumuş, məhkəmənin müvafiq qətnaməsi ilə aralarında olan nikah qeydi pozulmuş və uşaqlarının saxlanılması üçün ondan aliment tutularaq X1 verilməsi qət edilmişdir. Tələb olunan 4490 manat aliment borcunu ödəyə bilmədiyi üçün barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə cinayət işi başlanılaraq baxılması üçün Cəlilabad Rayon Məhkəməsinə göndərilmişdir. Cinayət işi məhkəmənin icraatında olarkən Hüseynova (Əliyeva) Samirə Malik qızı xəstəlikdən vəfat etdiyi üçün atası, yəni iş üzrə Cavabdeh onun hüquqi varisi qismində tanınmışdır. Həmin vaxt o, həbsdə olduğu üçün yaxınları tərəfindən həmin məbləğ məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsin hüquqi varisi Cavabdeh ödənilmiş və bu səbəbdən o, cinayət məsuliyyətindən azad olmaqla, barəsində olan cinayət işinin icraatına xitam verilmişdir. Lakin həmin məbləğ 2 azyaşlı uşağının saxlanılması üçün müəyyən edilmiş məbləğ olmasına baxmayaraq, Cavabdeh həmin məbləği öz şəxsi ehtiyacları üçün xərcləmişdir. Qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasnı xahiş edir. Cavabdeh iddia tələbinə etirazından müəyyən edilir ki, iddiaçı onun keçmiş kürəkənidir. İddiaçı ilə mərhum qızı X2 ilə ailə qurmuş və onların evliliyindən 2 uşaqları doğulmuşdur. Lakin sonradan onların ailə münasibətləri korlanmış, məhkəmənin müvafiq qətnaməsi ilə aralarında olan nikah qeydi pozulmuş və azyaşlı uşaqların saxlanılması üçün İddiaçı aliment tutularaq qızı Samirə Hüseynovaya verilməsi qət edilmişdir. Lakin İddiaçı aliment öhdəliyini yerinə yetirmədiyi üçün onun 4490 manat aliment borcu yaranmış və İddiaçı barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə cinayət işi başlanılaraq baxılması üçün Cəlilabad Rayon Məhkəməsinə göndərilmişdir. Cinayət işi məhkəmənin icraatında olarkən qızı Samirə Hüseynova xəstəlikdən vəfat etdiyi üçün o, mərhum qızının hüquqi varisi qismində tanınmışdır. Həmin vaxt İddiaçı həbsdə olmuş və onun yaxınları tərəfindən həmin 4490 manat aliment borcu məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsin hüquqi varisi kimi ona ödənilmiş və o, da həmin məbləği nəvələrinin ehtiyacları üçün xərcləmişdir. Odur ki, iddianın təmin edilməməsini xahiş edir. Məhkəmə kollegiyası iş materiallarında olan sübutları apellyasiya şikayəyinin dəlilləri ilə birlikdə müqayisəli tədqiq edərək müəyyən edir ki, birinci instansiya məhkəməsi iddia tələbini iddiaçı tərəfindən kifayət qədər sübut verməməsi əsası ilə, təmin etməməkdə haqlı olmuşdur. Belə ki, Mülki prosessual qanunvericilik hakimin üzərinə öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmaq öhdəliyi qoyur və öz qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandırmağı qadağan edir. Qanun tərəflər arasında sübutetmə yükünü müəyyən etməklə yanaşı, işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxılması, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməsi qaydasını müəyyən edir (MPM-in 9.3, 77.1, 88-ci maddələri). Prosessual qanunvericilik sübut etmə yükünün tələb edən tərəfin üzərində olduğu barədə ümumi prinsipi əks etdirsə də, iddia tələbinin qanuni əsasını təşkil edən maddi hüquq normalarında, habelə mübahisəyə tətbiq edilməli olan digər hüquq normalarında tərəflərdən hansının işin hansı hallarını sübut etməli olması barədə fərqli qaydalar müəyyən oluna bilər. Bu baxımdan hər bir mübahisənin qanuni həllinə imkan verən sübutetmə yükünün düzgün müəyyən olunması işin qanuni həlli baxımından vacib əhəmiyyətə malikdir. Həmçinin nəzərə alınmalıdır ki, prosessual qanunvericilik tərəflərin izahatlarını sübut növlərindən biri kimi qəbul etsə də, MPM-in 106.1-cı maddəsinə əsasən işdə iştirak edən şəxslərin izahatları o halda işin hallarını müəyyən etməyə imkan verən mötəbərsübut kimi hesab oluna bilər ki, həmin izahat iş üzrə toplanmış digər sübutlarla təsdiq olunsun. Halbuki iddiaçı cavabdeh tərəfindən aliment öhdəliyinə görə ödədiyi 4490 manat aliment borcun uşaqların mənafeyi üçün xərclənmədiyini göstərsə də, bu barədə məhkəməyə sübut təqdim etməlidir. Əgər iddiaçı öz iddiasını əsaslandıran sübutları məhkəməyə təqdim edə bilmirsə və cavabdeh iddianı qəbul etmirsə, məhkəmə üçün əlavə araşdırma aparılması üçün zərurət aradan qalxır və bu halda iddia məhz sübut olunmaması əsası ilə təmin edilməməlidir. Birinci instansiya məhkəməsi haqlı olaraq iddiaçının cavabdehdən ona aliment öhdəliyinə görə ödədiyi 4490 manat aliment borcun uşaqların mənafeyi üçün xərclənməməsi səbəbindən həmin pul məbləğinin geri qaytarılmasını tələb etsə də, öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməməsi əsası ilə iddianı rədd etmişdir. Kollegiya məhkəmənin bu mövqeyi ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün mühüm əhəmiyyəti olan işin bütün faktiki hallarını aydınlaşdırmış, gəldiyi nəticə isə işin faktiki hallarına uyğun olmaqla qanuni və əsaslı olmuşdur. Bunu əsas götürən kollegiya işdə olan sübutların məzmununu hazırki qətnamədə təkrarlamağı zərurət görmür. Kollegiya iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətini isə heç bir sübutla təsdiqini tapmayan formal mülahizə hesab edir. Hazırkı iş üzrə iddia sübut olunmaması əsası ilə rədd olunduğundan iddiaçının irəli sürdüyü digər dəlillərin araşdırılmasına ümumiyyətlə ehtiyac yoxdur, çünki belə yanaşma prosessual qənaət prinsipinin tələbidir və məhz buna görə də iddianın təmin olunması mümkün deyildir. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Beləliklə, məhkəmə kollegiyası yekun olaraq hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsindən verilmiş apellyasiya şikayəti faktlar nöqteyi-nəzərdə qanuni və əsaslı olan məhkəmə qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış sübutları tədqiq edərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır. Apellyasiya şikayətinin təmin edilməsi, Cəlilabad Rayon Məhkəməsinin 15 dekabr 2023-cü il tarixli, 2(073)-2200/2023 saylı qətnaməsinin ləğv edilməsi üçün Azərbaycan Respublikası MPM-nin 385-ci maddəsində nəzərdə tutulan əsaslar yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. İddiaçı tərəfindən qətnamənin mübahisələndirilən hissədə iddianın qiyməti 4490 manat manat yəni 5000 manatdan az təşkil etdiyindən qəbul olunmuş qətnamədən kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 385.2, 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, Qət etdi: İddiaçı nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Cəlilabad Rayon Məhkəməsinin 15 dekabr 2023-cü il tarixli, 2(073)-2200/2023 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə elan edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar