Məhkəmə qərarları › İş №2(106)-1978/2025

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1978/2025

28.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1978/2025 28.01.2026 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinin Mülki kollegiyası, hakimlər Novruzova Aytən Nazim qızı (sədrlik edən və məruzəçi), X2 və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, X1 oğlunun katibliyi ilə, İddiaçı, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “cavabdehlərdən müştərək qaydada 2800 manat məbləğində pulun tutularaq iddiaçıya verilməsi” tələbinə dair mülki iş üzrə İmişli Rayon Məhkəməsinin 09 oktyabr 2025-ci il tarixli 2(036)-2361/2025 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İşin halları: İş materiallarından görünür ki, iddiaçı Salyan rayonu Qaraçala qəsəbəsində yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsində pomidor bitkisi əkilən istixanaya malikdir, yetişdirdiyi məhsulu müxtəlif alverçilərə satmaqla məşğuldur. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 pomidor alqısatqısı ilə məşğul olmuş, bu fəaliyyət çərçivəsində tərəflər arasında alqı-satqı münasibətləri formalaşmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktı: Birinci instansiya məhkəməsində icraat: İddiaçı cavabdehlərə qarşı cavabdehlərdən müştərək qaydada 2800 manat məbləğində pulun və ödənilmiş 48 manat dövlət rüsumunun alınıb iddiaçıya verilməsi tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçının Salyan rayonu, Qaraçala qəsəbəsində yerləşən fərdi yaşayış evinin həyətində pomidor bitkisi əkdiyi istixanası var. Pomidoru müxtəlif alverçilərə sataraq ailəsi üçün qazanc əldə edir. Çox yaxından tanımadığı cavabdehler Cavabdeh2 və Cavabdeh1 birgə ticarətlə məşğul olur və pomidor alaraq satırlar. xx.xx.2025-ci il tarixdə Cavabdeh1 iddiaçıya məxsus mobil nömrəyə zəng edərək, iddiaçıda olan pomidoru almaq istədiyini dedikdə, onlara gəlib həyətlərində pomidor tərəvəzinə baxdıqdan sonra razılaşa biləcəyini demişdir. Elə həmin gün xx.xx.2025-ci il tarixdə Cavabdeh1 və Əli adlı şəxs hər ikisi həyətinə gəlib pomidora baxdıqda onlarla pomidorun hər bir kilosu üçün 3,60 manata razılaşmışlar. Mirağa və Əliyə xx.xx.2025-ci il tarixdə 2838 kg pomidoru topdan 3,60 satmaqla cəmi pulu 9500 manata razılaşmışlar. Mirağa telefon vasitəsilə toyda olduğu üçün pomidoru götürən adını bilmədiyi şəxsin iddiaçıya 4000 manat pul verəcəyini, geridə qalan 5500 manat pulu isə iki günə ödəyəcəyini demiş, iddiaçı onun sözü ilə razılaşmışdır. İki gün sonra Qaraçala qəsəbəsi ərazisində Mirağa ilə görüşdüyü zaman iddiaçıya borclu olduğu 5500 manatı da ödəmişdir. Təxminən 7 gün sonra xx.xx.2025-ci il tarixdə Mirağa gecə saatlarında zəng edib pomidorun bazarda topdan satış qiymətinin 2 manata düşdüyünə görə iddiaçıdan aldığı pomidorun 3/1 hissəsini sata bilmədiyini bildirmişdir. Mirağa həmin qiymətin aşağı düşməsini deyərək hazırda 1000 manat ziyan etdiyi və həmin etdiyi ziyana görə iddiaçıdan kömək istəmişdir. İddiaçı cavabdehə heç bir kömək edə bilməyəcəyini bildirmişdir. Mirağa ertəsi gün yəni xx.xx.2025-ci il tarixdə səhər saatlarında Əli ilə birlikdə iddiaçının yaşadığı evə gələrək əlində qalan 1100 kg pomidoru iddiaçıya qaytarıb onu İmişli rayon bazarında sata bilmədiyini və həmin pomidorları Salyan rayon bazarlarında sataraq ona kömək etməsini istədiyi üçün iddiaçı onunla razılaşıb hansı qiymətə sata biləcəyi təqdirdə həmin pulu ona verəcəyini bildirmişdir. Mirağa və Əli iddiaçının bu sözləri ilə razılaşıb 1100 kq-lik pomidoru iddiaçıya verərək getmişdilər. İddiaçı da Mirağanın ona geri qaytarmış olduğu 1100 kg pomidoru Salyan rayon ərazisində yerləşən topdansatış bazarlarında hər kiloqramını 2 manatda sataraq cəmi 2250 manat pulu Mirağaya vermişdir. Bir neçə gündən sonra Mirağa yenidən iddiaçıya zəng edib görüşmək işdədiyini bildirmiş, onunla görüşən zaman Mirağa iddiaçıya böyük məbləğdə ziyanda olduğunu və ona köməklik etməsini istəmişdir. Bu zaman o, Mirağaya yenidən iddiaçıdan topdan pomidor tərəvəzi alarsa bazar qiymətindən aşağı qiymətə ona pomidor verərək kömək edə biləcəyini demişdir. Mirağa və Əli xx.xx.2025-ci il tarixdə axşam saatlarında Mirağanın idarə etdiyi Fort Tranzit markalı avtomobil ilə iddiaçının evinə gəlmişlər. Mirağa və Əliyə kömək məqsədi ilə hazırda pomidor tərəvəzinin topdan satış bazarında 2 manat olmasını və onlara kömək məqsədi ilə 1,90 qəpiyə satacağını və pulunu da nağd şəkildə alacağını dedikdə, hər iki şəxs razılaşıb pomidoru tərəzi ilə çəkib avtomobilə yüklədikdən sonra pulunu elə oradaca nağd şəkildə verəcəklərini demişlər. 2800 kg pomidorun hər kiloqramını topdan 1,90 qəpikdən sataraq Mirağanın avtomobilinə yüklədikdən sonra cəmi iddiaçıya 5320 manat verməli olduqları halda Mirağa iddiaçıya cəmi 2500 manat verərək yerdə qalan 2800 manatı da sabah verəcəyini bildirmiş, iddiaçı Mirağa və Əli ilə razılaşmadığı zaman hər iki şəxs iddiaçının üzərinə düşərək iddiaçını sillə və yumruqla vuran zaman iddiaçının atası Gülabbas yaşadığı evdən onların səslərinə gəlmiş, həmin vaxt Əli avtomobilə əyləşsə də, Mirağa atasını itələmiş, iddiaçının atası Güləbbas yerə yıxılmışdır. Onlar 2800 manat pulu verməyəcəklərini bildirərək həyətdən çıxıb getmişlər. Ümumiyyətlə həmin puldan heç bir ödəniş ödənilməmişdir. Bununla bağlı iddiaçı Salyan RPŞ-nə müraciət etmiş və araşdırma aparılmışdır. Cavabdehlər iddiaçıya cəmi 2800 manat pul borcludurlar, lakin cavabdehlər tərəflərindən verilən vədə əməl etməmiş və həmin pul ödəməmişlər. Cavabdehlər iddiaçının borcunu qaytarmadıqları üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Cavabdehlərdən borcun alınaraq iddiaçıya verilməsini tələb edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddianı qismən etiraf edərək izahatında göstərmişdir ki, birinci dəfə iddiaçıdan 3,60 manata pomidor almışlar, aldıqları malın bir hissəsi keyfiyyətsiz olduğundan onu iddiaçıya qaytarmışlar. Belə ki, cavabdehlər 1100 kq pomidoru sata bilmədiklərinə görə iddiaçıya qaytarmışlar. İddiaçı da həmin malı 2 manata sataraq pulu cavabdehlərə vermişdir. Daha sonra cavabdehlər iddiaçıdan pomidor almış, onlara dəyən zərəri çıxdıqdan sonra əlavə olaraq iddiaçıya 2500 manat ödəmişlər. Buna görə iddiaçıya yalnız 150 manat borcları qalmışdır. Sonda cavabdeh əsassız olduğundan iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddiaya etiraz edərək izahatında bildirmişdir ki, iddiaçının tələbi əsassız və şər, böhtandır. Əli və o, iddiaçıdan ilk dəfə hər kiloqramı 3,60 manata 2635 kq pomidor almışlar. Mal yaxşı olmadığından onun 1108 kq hissəsini iddiaçıya qaytarmışlar, iddiaçı da qaytarılan malı 2 manatdan satmış və pulunu cavabdehlərə vermişdir. İddiaçı onlara 4000 manat əvəzinə 2250 manat pul vermişdir. Həmin vaxt onlara 1850 manat ziyan dəymişdir. Cavabdehlər iddiaçıdan ikinci dəfə hər kiloqramı 1,6 manata 2800 kq pomidor almışlar və cavabdehlər iddiaçıya əlbəəl 1000 manat vermiş, iddiaçının kartına 2500 manat pul köçürmüş və qalan pulu dəymiş ziyanla əvəzləşdirmişlər. Sonda cavabdeh iddianın rədd edilməsini xahiş etmişdir. İmişli Rayon Məhkəməsinin (hakim Zaur Pirverdiyev) xx.xx.2025-ci il tarixli 2(036)-2361/2025 saylı qətnaməsi ilə iddia qismən təmin edilmişdir. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567, 577.1, 598.1, 598.2, Mülki Prosessual Məcəllənin 76.1, 76.2, 107, 119.1, 115.0.3, 115.0.9, 220.5-ci maddələrinə istinad etməklə əsaslandırmış, qeyd etmişdir ki, malın qiyməti üzrə alıcı və satıcının bir-biri ilə üst-üstə düşən iradə ifadələri müəyyən edilmədiyindən, həmçinin həmin halın müqavilənin şərtləri əsas götürülməklə müəyyənləşdirilməsi mümkün olmadığından, məhkəmə cavabdehlərin malı 1,6 manata aldıqlarını etiraf etmələrini sübut kimi qiymətləndirməli, alğı-satqı müqaviləsi üzrə malın hər kiloqramının qiymətinin 1,6 manat olması tərəflərin malın qiyməti üzrə həqiqi iradə ifadəsi kimi qəbul edilməlidir. Həmçinin qeyd edilməlidir ki, cavabdehlər iddia ərizəsinə əlavə edilmiş xx.xx.2025-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi barədə qərarda da malın hər kiloqramının qiymətinin 1,6 manat olması haqqında izahat vermişlər. Belə ki, müqavilə üzrə malın ümumi dəyəri 4480 manat (2800*1,6) təşkil etmişdir. İşin digər mübahisəli halı olan satılan malın ödənilməsi ilə bağlıdır. Belə ki, iddiaçı cavabdehlərin ona 2800 manat borclu olduqlarını iddia etsə də, cavabdehlər iddiaçıya xx.xx.2025-ci il tarixdə nağd şəkildə 1000 manat verdiklərini, 2500 manat pul vəsaitini isə iddiaçının kart hesabına köçürdüklərini, qalan pulu isə onlara dəymiş ziyanla əvəzləşdirdiklərini bildirmişlər. Cavabdehlərdən Cavabdeh2 isə məhkəmə iclasında iddianı qismən etiraf edərək 150 manat borclarının qaldığını bildirsə də, Cavabdeh1 iddiaçıya borcunun qalmadığını bildirmişdir. Məhkəmədə Cavabdeh2 iddianı qismən etiraf edərək 150 manat borclarının qaldığını etiraf etsə də, cavabdehlər iddiaçıya xx.xx.2025-ci il tarixdə nağd şəkildə 1000 manat məbləğində pul verdiklərinə dair məhkəməyə hər hansı bir dəlil təqdim etmədiklərindən etirazlarının əsası kimi istinad etdikləri halları sübut edə bilməmişlər. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən Cavabdeh1 apellyasiya şikayəti verərək, şikayətini onunla əsaslandırmışdır ki, onun iddiaçıya iddia ərizəsində qeyd olunduğu kimi 2800 manat deyil, 150 manat borcu vardır. Belə ki, o, iş üzrə digər cavabdeh olan Cavabdeh2 ilə birlikdə iddiaçıdan ilk dəfə hər kloqramı 3.60 manata 2635 kq pamidor almışlar. Pomidor yaxşı olmadığıdan həmin pomidorun 1108 kq-nı iddiaçıya geri qaytardıq və iddiaçı ilə razılaşmışlar ki, o həmin pomidoru sataraq onlara ödəniş edəcək. Bundan sonra iddiaçı həmin pomidoru satıb onlara 4000 manat ödəniş etmək əvəzinə 2250 manat ödəniş etmiş və nəticədə iddiaçı onlara 1750 manat borclu qalmışdır. İkinci dəfə onlar iddiaçıdan hər kiloqramı 1.60 manatdan olmaqla 2800 kq pomidor almışlar. İddaçının onlara borclu qaldığı 1750 manat borcu çıxandan sonra yerdə qalan 2500 manat pulu iddiaçının kart hesabına göndərmişlər. Hazırda onun iddiaçıya 150 manat borcu vardır. Hazırda məhkəmə işi düzgün araşdırmamış yalnız iddiaçının verdiyi əsassız sübutlar əsasında qeyri obyektiv qətnamə qəbul etmişdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: İddiaçı tərəfindən cavabdehin apellyasiya şikayətinə etiraz daxil olmamışdır. d) Proses iştirakçılarının izahatları: Apellyasiya baxışında iştirak edən Cavabdeh1 apellyasiya şikayətini müdafiə edərək izahatında bildirmişdir ki, ödənişlə bağlı çekləri mövcuddur və iddia tələbində onun tərəfindən ödənilmiş məbləğlər çıxılmamışdır. O göstərmişdir ki, birinci dəfə 9500 manat dəyərində 2 ton 635 kiloqram pomidor almış, sonradan 4000 manat dəyərində məhsulu geri qaytarmışdır. Qaytarılmış məhsulun qarşılığında iddiaçı tərəfindən 2250 manat məbləğində pul qaytarılmış, lakin qalan məbləğ ona geri ödənilməmişdir. Cavabdeh əlavə olaraq 2500 manat məbləğində ödənişi təsdiq edən çekinin olduğunu bildirmişdir. Təkrar məhsul götürüldükdə isə əvvəlki hesablaşmalara əsasən iddiaçı qarşısında cəmi 150 manat məbləğində borcunun qaldığını qeyd etmişdir. Apellyasiya şikayətinin təmin olunmasını xahiş etdi. Apellyasiya baxışında iştirak edən İddiaçı izahatında göstərmişdir ki, cavabdehlər ilk dəfə pomidoru kiloqramı 3,6 manat qiymətindən almış, əldə etdikləri məhsulun təxminən yarısını satmışlar. Lakin sonradan pomidorun bazar qiymətinin kiloqramı 2 manata enməsi səbəbindən qalan hissəni sata bilməmişlər. Bu səbəbdən iddiaçıya müraciət edərək pomidorun qalan yarısının satılmasına köməklik göstərməsini xahiş etmişlər. İddiaçı hər bir kiloqramı 2 manat qiymətindən satmış və əldə olunan ödənişi tam şəkildə cavabdehlərə təqdim etmişdir. İkinci dəfə cavabdehlər pomidor almaq niyyəti ilə müraciət etdikdə tərəflər kiloqramı 1,9 manat qiymətində razılığa gəlmişlər. Bu razılaşma əsasında ümumi dəyəri 5320 manat olan pomidordan ilkin olaraq 1500 manat nağd şəkildə ödənilmiş, sonradan əlavə olaraq 1000 manat iddiaçının bank kartına köçürülmüş, lakin qalan məbləğ cavabdehlər tərəfindən ödənilməmişdir. Apellyasiya baxışında iştirak edən Cavabdeh2 izahatında bildirdi ki, məhsullar xarab olduğundan, sonradan iddiaçıya qaytarmışlar. Apellyasiya baxışının hədləri: Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə. Qətnamədən Cavabdeh1 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin rədd edilməsinə dair iş üzrə yeni qətnamənin qəbul edilməsini xahiş etdiyindən, qətnamə apellyasiya icraatı qaydasında Cavabdeh1 münasibətdə yoxlanılır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 577.1-ci maddəsinə görə alıcıya verilməli əşyaların miqdarı alğı-satqı müqaviləsində müvafiq ölçmə vahidləri ilə və ya pulla ifadə olunur. Əşyaların miqdarı haqqında şərt müqavilədə onun müəyyənləşdirilməsi qaydasının təyin edilməsi yolu ilə razılaşdırıla bilər. 598.1-ci maddəsinə əsasən əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. 598.2-ci maddəsinə əsasən əgər alğı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2.-ci maddəsinə əsasən Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88.-ci maddəsinə əsasən Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1.-ci maddəsinə əsasən Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3.-ci maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 372.1.-ci maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.7.-ci maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənini maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə Kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin MPM-nin 392.2-ci maddəsinə əsasən Apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, Apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Kollegiya aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Apellyasiya şikayətinin dəlilləri əsassızdır və birinci instansiya məhkəməsi iş üzrə düzgün, hərtərəfli və obyektiv nəticəyə gəlmişdir. Qətnamədən narazı qalan Cavabdeh1 apellyasiya şikayəti verərək şikayətini onunla əsaslandırmışdır ki, onun iddiaçıya iddia ərizəsində göstərildiyi kimi 2800 manat deyil, cəmi 150 manat borcu vardır. Cavabdehin mövqeyinə görə, o, iş üzrə digər Cavabdeh2 ilə birlikdə iddiaçıdan ilk dəfə hər kiloqramı 3,60 manat olmaqla 2635 kq pomidor almış, pomidorun keyfiyyətinin qənaətbəxş olmaması səbəbindən həmin məhsulun 1108 kq hissəsini iddiaçıya geri qaytarmışdır. Cavabdeh iddia edir ki, tərəflər arasında razılaşmaya əsasən iddiaçı qaytarılmış pomidoru sataraq cavabdehlərə müvafiq ödəniş etməli idi. Lakin cavabdehin bildirdiyinə görə, iddiaçı həmin pomidoru satdıqdan sonra 4000 manat ödəməli olduğu halda yalnız 2250 manat ödəmiş, nəticədə iddiaçı cavabdehlər qarşısında 1750 manat borclu qalmışdır. Cavabdeh apellyasiya şikayətində həmçinin qeyd etmişdir ki, ikinci dəfə iddiaçıdan hər kiloqramı 1,60 manat olmaqla 2800 kq pomidor almışlar və iddiaçının guya əvvəlki alğı-satqı münasibətlərindən irəli gələn 1750 manat borcu çıxıldıqdan sonra yerdə qalan 2500 manat məbləğ iddiaçının bank kartı hesabına köçürülmüşdür. Bu hesablamalara əsaslanaraq cavabdeh hazırda iddiaçıya yalnız 150 manat borcunun qaldığını bildirmiş və birinci instansiya məhkəməsinin işi düzgün araşdırmadığını, yalnız iddiaçının təqdim etdiyi əsassız sübutlara əsaslanaraq qeyriobyektiv qətnamə qəbul etdiyini iddia etmişdir. Lakin cavabdehin apellyasiya şikayətində irəli sürdüyü bu dəlillər iş materialları və tətbiq edilməli hüquq normaları ilə təkzib olunur. Kollegiya qeyd edir ki, tərəflər arasında mübahisə predmeti olan hüquq münasibətləri konkret alğı-satqı müqaviləsindən irəli gəlir və iddiaçının tələb etdiyi borc məbləği məhz həmin müqavilə üzrə yaranmış öhdəliklərin yerinə yetirilməməsinin nəticəsidir. Alğı-satqı müqaviləsi tərəflərin qarşılıqlı iradə ifadəsi əsasında yaranır və bu müqavilə alıcı üçün malın dəyərini ödəmək, satıcı üçün isə malı alıcının mülkiyyətinə vermək öhdəliyi yaradır. İş materiallarından və tərəflərin izahatlarından açıq şəkildə görünür ki, xx.xx.2025-ci il tarixdə iddiaçı cavabdehlərə 2800 kq pomidor satmış, cavabdehlər isə həmin malın dəyərindən yalnız 2500 manat məbləğində ödəniş etmişlər. Bu fakt iddia ərizəsinə əlavə edilmiş qəbzlərlə təsdiqlənmiş, xx.xx.2025-ci il tarixdə 1500 manat və xx.xx.2025-ci il tarixdə 1000 manat məbləğində pul vəsaitinin iddiaçının adına köçürüldüyü məhkəmə tərəfindən mötəbər sübut kimi qəbul edilmişdir. Birinci instansiya məhkəməsi sübutetmə vəzifəsinin bölgüsünü düzgün müəyyən edərək əsaslandırmışdır ki, satılan malın verildiyini və borcun məbləğini iddiaçı, pulun ödənildiyini və ya borcun başqa formada, o cümlədən əvəzləşdirmə yolu ilə ləğv edildiyini isə cavabdehlər sübut etməlidir. Halbuki cavabdehlər iddia etdikləri kimi iddiaçıya nağd şəkildə əlavə 1000 manat ödəniş etdiklərini və ya borcun qalan hissəsinin guya əvvəlki alğı-satqı münasibətlərindən irəli gələn zərərlə əvəzləşdirildiyini təsdiq edən hər hansı mötəbər və etibarlı sübut təqdim etməmişlər. Birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, tərəflər arasında əşyaların alğısatqısı ilə bağlı şifahi razılaşma olmuş, iddiaçı 2800 kq pomidorun hər kiloqramını 1,6 manata cavabdehə satmışdır. Cavabdelər alınan malın əvəzində 2500 manat ödəsələr də, razılaşdırılmış pul məbləğinin qalan 1980 manat hissəsini ödəməmişlər. Nəticədə cavabdehlərin 1980 manat məbləğində borcları qalmışdır. Cavabdehlərin əvvəlki alğı-satqı münasibətlərindən irəli gəldiyini iddia etdikləri tələblərin hazırkı müqavilə üzrə borcla əvəzləşdirilməsi yalnız tərəflərin açıq və konkret razılığı olduqda mümkündür. İş materiallarında isə belə bir razılaşmanın mövcudluğunu təsdiq edən hər hansı sübut yoxdur. Bu baxımdan cavabdehlərin borcun qalan hissəsinin əvəzləşdirilməsi ilə bağlı istinadları hüquqi əsasdan məhrumdur. Beləliklə, birinci instansiya məhkəməsi sübutları düzgün qiymətləndirmiş, maddi hüquq normalarını düzgün tətbiq etmiş və iş üzrə əsaslı, qanuni və ədalətli qətnamə qəbul etmişdir. Cavabdeh1 apellyasiya şikayətində göstərilən dəlillər isə işin faktiki halları və hüquqi qiymətləndirmə ilə təkzib olunduğundan əsassızdır və qətnamənin ləğv edilməsi üçün hüquqi əsas yaratmır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır, hesab edir ki, məhkəmə iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallarını aydınlaşdırmış, gəldiyi nəticə işin faktiki hallarına uyğun olmaqla qanuni və əsaslı olmuşdur. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış sübutları tədqiq edərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır. Apellyasiya şikayətinin təmin edilməsi və İmişli Rayon Məhkəməsinin 09 oktyabr 2025-ci il tarixli 2(036)-2361/2025 saylı qətnaməsinin ləğv edilməsi üçün Azərbaycan Respublikası MPM-nin 385-ci maddəsində nəzərdə tutulan əsaslar yoxdur. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir (Mülki Prosessual Məcəllənin 107 və 119.1-ci maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. MPM-in 402.1-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırkı iş üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olduğundan qətnamədən kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Qət etdi: Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İmişli Rayon Məhkəməsinin 09 oktyabr 2025-ci il tarixli 2(036)-2361/2025 saylı qətnaməsi Cavabdeh1 münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar