Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-1988/2025 07.01.2026 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Novruzova Aytən Nazim qızı (sədrlik edən, məruzəçi), Əsədli Mahir Abdulla oğlu və X2 ibarət tərkibdə, Masallı Rayon Məhkəməsinin 13 noyabr 2025-ci il tarixli, 2(050)-2346/2025 saylı qərardadından Cavabdeh2 tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Masallı Rayon Məhkəməsinin 15 sentyabr 2025-ci il tarixli, e-2(050)-2346/2025 saylı qətnaməsi ilə iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı borc tələbi barədə iddiasının təmin edilməsi, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada 8272.22 manat əsas, 381.12 manat faiz və 90.85 manat kredit müqaviləsinin müddəti bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən illik 5%-lə əsas borca hesablanmış faiz borcu və 107.44 manat dövlət rüsumu tutularaq Ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi qət edilmişdir. Cavabdeh2 tərəfindən Masallı Rayon Məhkəməsinin 15 sentyabr 2025-ci il tarixli, e-2(050)- 2346/2025 saylı qətnaməsindən verilmiş apellyasiya şikayəti 31 oktyabr 2025-ci il tarixdə məhkəməyə daxil olmuş, eyni zamanda, Cavabdeh2 prosessual müddətin bərpa edilməsi barədə vəsatət ilə məhkəməyə müraciət edərək, Masallı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e- 2(050)-2346/2025 nömrəli qətnaməsindən apellyasiya şikayəti vermək üçün müddətin bərpa olunmasını xahiş etmişdir. Masallı Rayon Məhkəməsinin 13 noyabr 2025-ci il tarixli, 2(050)-2346/2025 saylı qərardadı ilə Cavabdeh2 Masallı Rayon Məhkəməsinin 15 sentyabr 2025-ci il tarixli, e-2(050)-2346/2025 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsinə dair ərizəsinin təmin edilməməsi qərara alınmışdır. Qərardaddan narazı qalan cavabdeh şikayət verərək Masallı Rayon Məhkəməsinin 13 noyabr 2025-ci il tarixli, 2(050)-2346/2025 saylı qərardadının ləğv olunmasını və prosessual müddətin bərpası barədə ərizəsinin təmin olunmasını xahiş etmişdir. Masallı Rayon Məhkəməsinin 01 dekabr 2025-ci il tarixli, 2(050)-2346/2025 saylı qərardadı ilə cavabdeh tərəfindən verilmiş şikayətin təmin edilməməsi, Masallı Rayon Məhkəməsinin 13 noyabr 2025-ci il tarixli, 2(050)-2346/2025 saylı qərardadından Cavabdeh2 tərəfindən verilmiş şikayətin iş materialları ilə birlikdə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM-in) 397.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını yazılı icraat qaydasında araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Masallı Rayon Məhkəməsinin 13 noyabr 2025ci il tarixli, 2(050)-2346/2025 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından görünür ki, Masallı Rayon Məhkəməsinin 15 sentyabr 2025-ci il tarixli, e- 2(050)-2346/2025 saylı qətnaməsi poçt vasitəsi ilə cavabdeh tərəfə göndərilmiş və onun tərəfindən 27 sentyabr 2025-ci il tarixdə qəbul edilmişdir. Qətnamədən verilmiş apellyasiya şikayəti 31 oktyabr 2025-ci il tarixdə məhkəməyə daxil olmuş, eyni zamanda, buraxılmış prosessual müddətin bərpasına dair məhkəməyə ərizə göndərmişdir. Cavabdeh tərəf prosessual müddətin bərpası barədə vəsatətin əsası kimi tərəf elektron sistemdən anlayışının olmadığını, apellyasiya şikayətinin elektron qaydada verə bilmədiyi və elektron sistemdə problem olmasını göstərir. MPM-nin 133.1-ci maddəsinə əsasən, yalnız üzrlü səbəblər mövcud olduqda prosessual müddətin bərpasına yol verilə bilər. Lakin iş materiallarından görünür ki, cavabdehin göstərdiyi arqumentlər — “Elektron sistemdən anlayışı olmadığı üçün apelyasiya şikayətini vaxtında verə bilməmişdir. Halbuki, o, ödəniş qəbzini xx.xx.2025-ci il tarixdə ödəmiş, lakin apelyasiya şikayətini elektron qaydada verə bilmədiyi üçün müddəti üzrlü səbəbdən 5 gün ötürmüşdür. Dəfələrlə elektron qaydada verməyə çalışmışdır, lakin sistemdə problem olduğu üçün göndərə bilməmişdir.” — öz mahiyyətinə görə prosessual müddətin buraxılmasının üzrlü səbəbi hesab edilə bilməz. Belə ki, hüquqi savadsızlıq və ya texniki vasitələrdən (məsələn, “Asan imza”dan) istifadə bacarığının olmaması MPM-nin 133.1-ci maddəsi mənasında üzrlü hal kimi qiymətləndirilmir. Bu hallar şəxsin prosessual hüquqlarından istifadə etməməsinə obyektiv maneə yaratmadığından, cavabdehin müddəti buraxmasının bərpası üçün qanuni əsas yoxdur. Bundan başqa, cavabdeh elektron sistemdə problem olduğu üçün apellyasiya şikayətini göndərə bilmədiyi göstərsə də, tərəf elektron məhkəmə informasiya sistemi üzərində əməliyyatların aparılmasına nasazlıqların mövcud olması, bununla bağlı texniki dəstək üçün müraciət etməsinə dair məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Mülki prosessual müddətlər yalnız texniki mexanizm deyil, məhkəmə icraatında ədalət və balansın təminatıdır. Müddətlərin gözlənilməsi hüquqi müəyyənliyin və «res judicata» prinsipinin əsas şərtlərindəndir. Konstitusiya Məhkəməsinin 13 fevral 2007-ci il tarixli qərarında da vurğulandığı kimi, qanuni qüvvəyə minmiş məhkəmə aktlarının qeyri-məhdud zaman kəsiyində mübahisələndirilməsi hüquqi sabitliyi pozur, artıq həll edilmiş mübahisələrin yenidən açılmasına səbəb olur, bu isə həm fərdlərin, həm də cəmiyyətin ədalət mühakiməsinə olan etimadını zəiflədir. Beynəlxalq hüquq təcrübəsi, o cümlədən İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin mövqeyi də bu istiqamətdədir. AİHM öz qərarlarında dəfələrlə qeyd etmişdir ki, ədalət mühakiməsi yalnız ədalətli deyil, həm də ağlabatan müddətdə həyata keçirilməlidir. Bu baxımdan prosessual müddətlərin tətbiqi şəxslərin Konstitusiyanın 60-cı maddəsində təsbit olunmuş məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsi ilə ictimai maraqların və hüquqi sabitliyin qorunması arasında tarazlıq yaradır. Beləliklə, cavabdeh tərəfindən təqdim olunmuş səbəblər prosessual müddətin bərpasına əsas vermir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgün, qanuni və əsaslıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur; 130.3-cü maddəsinə əsasən prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır; 133.1-ci maddəsinə əsasən, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. 133.3-cü maddəsinə əsasən, müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və s.). 363.1.3-cü maddəsinə əsasən apelyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə, apelyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Prosessual müddətlər hüquq sisteminin əsas dayaqlarından biridir və ədalətin təmin olunmasında, hüquqi müəyyənlik və sabitlik prinsiplərinin qorunmasında və məhkəmə proseslərinin effektivliyinin artırılmasında mühüm rol oynayır. Onlar hüquqi münasibətlərin sabitliyini təmin edir, hüquqi süründürməçiliyin qarşısını alır, hüquq subyektlərinin gözləntilərini qoruyur və məhkəmə qərarlarının icrasının keyfiyyətini artırır. Bu səbəbdən, prosessual müddətlərin düzgün tətbiqi və onlara riayət olunması hər bir hüquq sistemində əsas prioritetlərdən biri olmalıdır. Qeyd edilməlidir ki, buraxılmış prosessual müddətin üzrlü sayılması üçün ərizə verən tərəf keçən bütün müddət ərzində şikayət vermək imkanının olmamasını sübut etməlidir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra onun icrası məcburidir və belə olan halda prosessual müddətin müvafiq əsas olmadan bərpası qanuni qüvvəyə minmiş məhkəmə qərarının məcburililik, preyudisiallıq, müstəsnalılıq və təkzibedilməzlik əhəmiyyətini azaldaraq, məhkəmə qərarlarının qətiliyinə xələl gətirmiş olur. Bu hal, həmçinin hüquqi müəyyənlik prinsipindən irəli gəlir. Hüquqi müəyyənlik hüququn əsas prinsiplərindən biridir və prosessual müddətlərin tətbiqi ilə bilavasitə bağlıdır. Əgər hüquqi proseslər qeyri-müəyyən müddət ərzində davam edərsə, bu, hüquqi xaosa və qeyri-sabitliyə səbəb ola bilər. Müddətlərin müəyyən edilməsi, hüquq subyektlərinə nə vaxt və necə hərəkət edəcəklərini əvvəlcədən bilməyə imkan verir. Bu, həm fiziki, həm də hüquqi şəxslərin qanuni gözləntilərini qoruyur və onların hüquqlarının müdafiəsini təmin edir. «K.N.Qəribovanın şikayəti ilə əlaqədar» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 08 may 2008-ci il tarixli qərarındakı hüquqi mövqeyinə görə, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə, maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzürlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzürlülük, göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın. Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərində qeyd edilir: Apellyasiya şikayəti və ya məhkəmə qərarına yenidən baxılması üçün edilən müraciətlərdə atılmalı rəsmi addımları və riayət edilməli vaxt məhdudiyyətlərini tənzimləyən qaydalar müvafiq ədalət mühakiməsinin həyata keçirilməsinə və xüsusilə hüquqi müəyyənlik prinsipinin təmin edilməsinə yönəlib (Cañete de Goñi İspaniyaya qarşı, § 36). Başqa sözlə, sözügedən qaydalar və bu qaydaların tətbiq olunması, mübahisə tərəflərinin mövcud hüquqi müdafiə vasitəsindən istifadəsinə mane olmamalıdır (X1rşı; Zvolsky və Zvolska Çexiya Respublikasına qarşı,§ 51). Ötürülmüş prosessual müddətin bərpa edilməsinə dair ərizə vermiş şəxsin onunla bağlı qərarın mövcudluğundan nə vaxt xəbərdar olduğu andan nə qədər müddət keçməsidir. (bax Raihani Belçikaya qarşı qərarına, № 12019/08, §37). Avropa Məhkəməsi xatırladır ki, ötürülmüş prosessual müddətin bərpa edilməsi qanuni qüvvəyə minmiş məhkəmə qərarının nüfuzu prinsipinin pozuntusu hesab edilir. Beləliklə, prosessual müddət ötürüldükdən sonra şikayət vermiş şəxs xüsusi diqqətlə, yəni mübahisələndirilən qərardan xəbərdar olduğu andan dərhal hərəkət etməlidir. (bax Raihani Belçikaya qarşı qərarına, §38) Göründüyü kimi, bu qərarında Məhkəmə prosessual müddəti ötürmüş şəxsin qərardan şikayət vermək üçün xüsusi diqqətlə, yəni qərarın mövcudluğundan xəbərdar olduğu andan dərhal hərəkət etməli olduğunu qeyd etmişdir. Odur ki, şikayət təmin edilməməli, Masallı Rayon Məhkəməsinin 13 noyabr 2025-ci il tarixli, 2(050)-2346/2025 saylı qərardadı ёdəyişdirilmədən saxlanılmalıdır. MPM-in 398.0.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda şərh edilənlərə əsasən və MPM-in 263, 264, 360, 397-400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALDİ: Şikayət təmin edilməsin. Masallı Rayon Məhkəməsinin 13 noyabr 2025-ci il tarixli, 2(050)-2346/2025 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(106)-1988/2025
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-1988/2025
07.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver