Məhkəmə qərarları › İş №2(106)-1991/2022

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1991/2022

06.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1991/2022 06.10.2022 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Zeynalov Zeynal Ağabala oğlu, (sədrlik edən, məruzəçi) Heydərov Tofiq Xudayar oğlu və Kərimov Tale Suliddin oğlundan ibarət tərkibdə, Əliyev Həsən Əhliman oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakı ilə açıq məhkəmə iclasında, İddiaçı ASC-in Cavabdeh qarşı kredit borcunun qaytarılması tələbinə dair mülki iş üzrə Hacıqabul rayon məhkəməsinin 06 sentyabr 2021-ci il tarixli, 2(071)-502/2021 saylı qətnaməsindən İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə apelyasiya qaydasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı ASC Cavabdeh qarşı kredit müqaviləsi üzrə pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı ASC iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı "xxxx" ASC-in Şirvan filialı ilə Cavabdeh arasında bağlanmış 14 mart 2014-cü il tarixli, 123-14 ABFŞ nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh şəxsi məqsədlər üçün illik 18 faiz dərəcəsi ilə, 48 ay müddətinə 31800 ABŞ dolları məbləğində kredit verilmişdir.Borclu bank qarşısında öz öhdəliklərini lazımınca yerinə yetirməmişdir.Belə ki, borclunun 12 fevral 2021-ci il tarixə banka olan əsas borcu 4702,85 ABŞ dolları, faiz borcu 5912,34 ABŞ dolları olmaqla, 7135,82 ABŞ dolları cərimə borcu və kredit borcu bitəndən sonra Azərbaycan Respublikası Konstitutsiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli, Plenum qərarına əsasən hesablanmış 684,45 ABŞ dolları faiz borcu olmaqla ümumilikdə 18435,46 ABŞ dolları təşkil etmişdir.Bank tərəfindən öz növbəsində pul məbləğinin ödənilməsi tələbi ilə dəfələrlə borcluya şifahi formada o cümlədən yazılı bildirişlərin göndərilməsi yolu ilə xəbərdarlıq edilmiş və qeyd olunan kredit müqaviləsi üzrə əsas, kreditdən istifadəyə və öhdəliyin icrasının gecikdirilməsinə görə hesablanmış faiz borcu haqqında məlumat verilmiş və onların qısa müddət ərzində banka ödənilməsi borcludan tələb olunmuşdur. Lakin qeyd olunan öhdəlik yerinə yetirilməmişdir. Ona görə də, Cavabdeh 4702,85 ABŞ dolları əsas borc, 5912,34 ABŞ dolları faiz borcu, 7135,82 ABŞ dolları cərimə borcu və kredit borcu bitəndən sonra Azərbaycan Respublikası Konstitutsiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli, Plenum qərarına əsasən hesablanmış 684,45 ABŞ dolları faiz borcu olmaqla ümumilikdə 18435,46 ABŞ dolları məbləğində borcun, mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün bank tərəfindən ödənilmiş 10 manat və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulub İddiaçı ASC-in xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Hacıqabul rayon məhkəməsinin 06 sentyabr 2021-ci il tarixli, 2(071)-502/2021 saylı qətnaməsi ilə (sədrlik edən H.Əzizov) Cavabdeh İddiaçı ASC-nə olan borcunu ödədiyindən iddia təmin edilməmişdir. Apelyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b)Apelyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normaları pozulmaqla məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların araşdırılmaması və sübutlara obyektiv qiymət verilməməsi ilə qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlillərinə görə məhkəmənin 16 dekabr 2019-cu il tarixli ödəniş qəbzinə görə cavabdehin banka borcunun qalmaması barədə gəldiyi nəticə əsassızdır, cavabdeh tərəfindən təqdim olunmuş qəbz xx.xx.2019-cu il tarixli ödəniş qəbzi olub həmin qəbzdə 25000 manat kredit ödənişi olunduğu ğörünür, lakin kreditin tam ödənişi göstərilməyib, bu barədə nümayəndə tərəfindən məhkəmənin diqqətinə çatdırılsa da məhkəmə bu hala heç bir əhəmiyyət verməmişdir. Apellyasiya şikayətində Hacıqabul rayon məhkəməsinin 06 sentyabr 2021-ci il tarixli, 2(071)- 502/2021 saylı qətnaməsinin ləğv edilməsi və iddianın tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. d)Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apelyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. c)Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Cavabdeh izahatında apellyasiya şikayətinin təmin edilmədən Hacıqabul rayon məhkəməsinin 6 sentyabr 2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Apelyasiya baxışının hədləri: Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası MPM-nin 2.1-ci maddəsinə əsasən mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apelyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır.Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Apellyasiya şikayətində Hacıqabul rayon məhkəməsinin 06 sentyabr 2021-ci il tarixli, 2(071)-502/2021 saylı qətnaməsinin ləğv edilməsi və iddianın tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilməklə qətnamə tam mübahisələndirilmişdir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2005-ci il 24 noyabr tarixli 4 saylı Qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apelyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq və təfsir etmiş, prosessual hüquq normalarının tələbləri pozulmamışdır. Apelyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası iddiaçının nümayəndəsinin, cavabdehin izahatlarını, məruzəçi hakimin məruzəsini dinləyib, iş materiallarını araşdırıb, apelyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmədən, Hacıqabul rayon məhkəməsinin 06 sentyabr 2021-ci il tarixli, 2(071)-502/2021 saylı qətnaməsi apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan "xxxx" ASC-in Şirvan filialı ilə Cavabdeh arasında bağlanmış 14 mart 2014-cü il tarixli, 123-14 ABFŞ nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh şəxsi məqsədlər üçün illik 18 faiz dərəcəsi ilə, 48 ay müddətinə 31800 ABŞ dolları məbləğində kredit verilmişdir. İş materiallarına əlavə edilmiş İddiaçı ASC tərəfindən Cavabdeh verilmiş 16 dekabr 2019-cu il tarixli ödəniş qəbzindən görünür ki, Cavabdeh banka olan borcunu ödəmişdir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh tərəfindən təqdim edilmiş məhkəmə kollegiyası tərəfindən əslinə baxış keçirilmiş 13.12. 2019-cu il tarixli Qəbzdən, 16 dekabr 2019-cu il tarixli AtaBank ASC-in mənzil üzərindən girov qeydiyyatının götürülməsi barədə məktubundan, AtaBank ASC-in 13 dekabr 2019-cu il tarixli məktubunun məzmunundan görünür ki, Cavabdeh AtaBank ASC-yə olan borcunu ödəmişdir.Ona görə də, birinci instansiya məhkəməsi Cavabdeh İddiaçı ASC-nə olan borcunu ödədiyindən iddianın rədd edilməsi barədə düzgün hüquqi nəticəyə gəlmişdir. Mülki işə tətbiq edilən hüquq: Apellyasiya şikayətinin dəlillərinə görə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normaları pozulmaqla məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların araşdırılmaması və sübutlara obyektiv qiymət verilməməsi ilə qəbul edilmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin bu dəlillərini araşdıraraq müəyyən etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq və təfsir edilməsi ilə qəbul edildiyindən qanuni və əsaslıdır, bu baxımdan məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların araşdırılmaması və sübutlara obyektiv qiymət verilməməsi ilə qətnamə qəbul edilməsi barədə dəlillər əsassız sayılmışdır. Apellyasiya şikayətinin dəlillərinə görə məhkəmənin 16 dekabr 2019-cu il tarixli ödəniş qəbzinə görə cavabdehin banka borcunun qalmaması barədə gəldiyi nəticə əsassızdır, cavabdeh tərəfindən təqdim olunmuş qəbz xx.xx.2019-cu il tarixli ödəniş qəbzi olub həmin qəbzdə 25000 manat kredit ödənişi olunduğu ğörünür, lakin kreditin tam ödənişi göstərilməyib, bu barədə nümayəndə tərəfindən məhkəmənin diqqətinə çatdırılsa da məhkəmə bu hala heç bir əhəmiyyət verməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin həmin dəlillərini iş materialları üzrə araşdıraraq əslinə baxış keçirilmiş xx.xx.2019-cu il tarixli Qəbzlə, 16 dekabr 2019-cu il tarixli AtaBank ASC-in mənzil üzərindən girov qeydiyyatının götürülməsi barədə məktubu ilə, AtaBank ASC-in 13 dekabr 2019-cu il tarixli məktubu iloə, işin faktiki və hüquqi halları ilə müəyyən edilmişdir ki, Cavabdeh AtaBank ASC-yə olan borcunu ödəmişdir, ona görə də birinci instansiya məhkəməsi iddianın rədd edilməsi barədə düzgün hüquqi nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.İşin materiallarından görünür ki, iddiaçının etirazlarının əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Həmin Məcəllənin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci maddəsinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür.Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddənin İİ hissəsi), məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi (127-ci maddənin Vİİ hissəsi) təsbit olunmuşdur. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə işinin ədalətli araşdırılması hüququna malik olması təsbit edilmişdir. Bu müddəalara uyğun olaraq ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir.Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır.Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir.Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 217.1 və 217.3-cü maddələri). Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382ci, 384.0.1-ci, 392-ci, 405.0.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Qət etdi: İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hacıqabul rayon məhkəməsinin 06 sentyabr 2021-ci il tarixli, 2(071)-502/2021 saylı qətnaməsi apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar