Məhkəmə qərarları › İş №2(106)-1996/2025

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1996/2025

19.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1996/2025 19.01.2026 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinin Mülki kollegiyası, hakimlər Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən və məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və X1 ibarət tərkibdə, Əliyev Orxan İsmayıl oğlunun katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı2 Ucuzəli oğlunun iştirakı ilə, İddiaçı1 və İddiaçı2 Ucuzəli oğlunun Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə İmişli Rayon Məhkəməsinin 2(036)-2559/2025 saylı, 13 oktyabr 2025-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 19 yanvar 2026-cı il tarixdə baxaraq aşağıdakı qətnaməni qəbul etdi; İşin halları: İddiaçılar cavabdehə qarşı 13000 manat pulun və 129 manat dövlət rüsumunun ödənilməsi tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, İmişli rayonu Qızılkənd kəndində yaşayırlar. Bacı-qardaş olaraq şərikli heyvan alıb saxlamışlar. xx.xx.2024-ci il tarixdə 31 baş iri buynuzlu dişi cinsli heyvanları həyətdən Əzizov X2 vasitəsi ilə cəmi dəyəri 28000 (iyirmi səkkiz min) manata xeyrləşib aparmışdır. Bu günə kimi həmin puldan 13000 (on üç min) manatını qaytarmayıb, dəfələrlə istəmişlər, lakin müəyyən bəhanələrlə verməkdən imtina edir. Onun bu hərəkətlərinə görə İmişli rayon Polis şöbəsinə müraciət etmişlər. İmişli RPŞ-də xx.xx.2025-ci il tarixdə cinayət işinin başlanması haqqında qərar qəbul edilmiş, Cavabdeh əməlində cinayət işi omadığından cinayət işi başlanması rədd edilmiş, eyni zamanda məhkəmədə mülki iddia qaldırmaq hüququ izah edilmişdir. Həmin qərarda Cavabdeh borclu qaldığı 13000 manatı etiraf etmiş, tez bir zamanda verəcəyini söz vermiş, lakin pulu ödəməkdən yenə də imtina edir. Göstərilən səbəbdən ağır maddi vəziyyətə düşmüşlər. Bütün gəlirləri əldən çıxıb. İkisi də ağır xəstədirlər. Məhkəmə iclasında iştirak edən İddiaçı2 Ucuzəli oğlunun nümayəndəsi və İddiaçı1 iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı əlavə olaraq bildirmişdir ki, heyvanlar qardaşı ilə ona məxsusdur. Qardaşı ona etibarnamə vermişdir. Qardaşı hazırda xəstədir. Məhkəmə iclasında iştirak edə bilmir. Cavabdeh məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə belə qənaətə gəlir ki, cavabdeh lazımi qaydada məlumatlandırılmış, buna rəğmən məhkəmə iclaslarında iştirak etməmiş və belə olan halda, cavabdeh məhkəmə icraatında iştirak hüququndan imtina etmiş hesab edilməli, qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilməlidir. İş üzrə qəbul edilmiş məhkəmə aktı: a) Birinci instansiya məhkəməsində icraat. İmişli Rayon Məhkəməsinin 2(036)-2559/2025 saylı, 13 oktyabr 2025-ci il tarixli (Hakim: Gülsaba Ağayeva) ilə, iddia təmin edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün hallar araşdırılmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut olunmamışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan cavabdeh İmişli Rayon Məhkəməsinin 2(036)-2559/2025 saylı, 13 oktyabr 2025-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə etiraz daxil olmamışdır. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: İddiaçılar İddiaçı1 və İddiaçı2 Ucuzəli oğlu apellyasiya icraatı zamanı apellyasiya şikayətinin dəlillərinə şifahi formada etiraz edərək, izahatlarında apellyasiya şikayətinin təmin edilməməsini, İmişli Rayon Məhkəməsinin 2(036)-2559/2025 saylı, 13 oktyabr 2025-ci il tarixli qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdilər. Qanunvericiliklə nəzərdə tutulmuş qaydada məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişdir. Odur ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən iş üzrə cavabdehin iştirakı olmadan apelyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Odur ki, məhkəmə kollegiyası Cavabdeh apellyasiya şikayətinin dəlilləri həddində İmişli Rayon Məhkəməsinin 2(036)-2559/2025 saylı, 13 oktyabr 2025-ci il tarixli qətnaməsinin qanuniliyinin yoxlanılmasını zəruri hesab edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 427.1-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

567. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1. Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.2. Əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. 600.4. Əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar birinci instansiya məhkəməsinin gəldiyi nəticə üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Odur ki, İmişli Rayon Məhkəməsinin 2(036)- 2559/2025 saylı, 13 oktyabr 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.”.Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə bağlı iş materiallarında aşağıdakı sübutları müəyyən etmişdir. Belə ki, İmişli RPŞ-nin İB-nin müstəntiqinin 04 mart 2025-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, İddiaçı2 özünə məxsus olan 31 baş iribuynuzlu dişi cinsli heyvanları xx.xx.2024-cü il tarixdə 28000 manata Cavabdeh satmaq barədə razılığa gəlmişlər. Araşdırma zamanı Cavabdeh izahatında göstərmişdir ki, hazırda Akifə 13000 manat borcu qalmış və həmin pulu tez bir zamanda ödəyəcəkdir. Cavabdeh cinayət işi başlanmasının rədd edilməsi haqqında 04 mart 2025-ci il tarixli qərarda olan izahatından görünür ki, o İmişli rayonu Həzi Aslanov küçəsi ilə N.Nərimanov küçəsinin kəsişməsində qəssab mağazası işlətdiyini bildirmişdir. İddiaçı2 mal-qara aldıqdan sonra tanımışdır. 2024-cü ilin yay aylarından Akif onun işlədiyi qəssabxanaya gələrək ona özünün mal-qarası olduğunu və həmin mal-qaranı satmaq istədiyini bildirmişdir. O Akifə, həmin mal-qaranı bir-bir kəsib pulunu verə biləcəyini, çünki hazırda onun maddi imkanının olmadığını bildirmişdir. Akif onu yaşadığı evə aparıb mal-qaraya baxmağı təklif etmişdir. Bundan sonra Akiflə birlikdə İmişli rayon Qızılkənd kəndində yerləşən Akifin bacısının yaşadığı evə getmişdir. Malqaraya baxdıqdan sonra Akif həmin heyvanları 28000 manata satdığını bildirmişdir. Həmin heyvanlar 31 baş iribuynuzlu dişi cinsli heyvanlar olmuşdur. O Akifə hazırda maddi imkanı zəif olduğunu və bu heyvanları hazırda bütöv şəkildə ala bilməyəcəyini bildirmişdir. Akif ona, heyvanları hamısını götürməyi və ilk öncə 2000 manat, yerdə qalan pulu isə 10 gündən bir 5000 manat verəcəyini bildirmişdir. Bundan sonra o Akiflə razılaşmışdır. Hər gün o heyvanları Akifin iştirakı ilə yük avtomobilinə yığıb yaşadığı İmişli rayon Qulular kəndində evə gətirmişdir. Ertəsi gün o 2000 manat pulu Akifin verdiyi kart hesabına köçürmüşdür. Bundan sonra o Akifə imkanı olmadığı üçün 5000 manat pulu verə bilməyəcəyini bildirmişdir. Akif ona hər gün 100 manat pul verməyi bildirmişdir. O hər gün Akifin ona verdiyi kart nömrəsinə 100 manat, 50 manat pul köçürtmüşdür. 2024-cü ilin dekabr ayının sonuna qədər o Akifə ümumilikdə 15000 manat pul verdiyini bildirmişdir. Daha sonra o avtomobil qəzası keçirdiyi üçün Akifə pul verə bilməmişdir. 2024-cü ilin dekabr ayına qədər Akifə onun işlətdiyi qəssabxanaya həmin pulun qarşılığında ət vermək üçün tanımadığı qohumunu göndərmişdir. O da həmin şəxsə 10-15 dəfə hər dəfəsində 3-4 kq olmaqla ət vermişdir. Hazırda onun Akifə 13000 manat borcu qalmış və həmin pulu tez bir zamanda verəcəyinə söz vermişdir. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçının cavabdehə 31 baş iribuynuzlu dişi cinsli heyvanları satması və razılaşıdırlmış pul məbləğinin ona tam qaytarılmaması faktı 04 mart 2025-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarında cavabdehin etirafedici izahatı ilə təsdiqini tapmışdır. Cavabdeh razılaşdırılmış məbləğdən 13000 manatını ödəməmiş, iddiaçılar da məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Tərəflər arasında şifahi formada bağlanmış nisyə alqı-satqı müqaviləsi üzrə öhdəlik münasibətləri yaranmış, iddiaçı-satıcı öhdəliyə uyğun olaraq dəyəri 31 baş iri buynuzlu dişi cinsli heyvanları cavabdehə-alıcıya təhvil vermiş, cavabdeh bunun müqabilində 28000 manat pulu qaytaracağını vəd etmişdir. Qeyd edilənlər cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarında da öz təsdiqini tapmışdır. Lakin cavabdeh üzərinə götürdüyü öhdəliyə uyğun olaraq pulun geri qalan hissəsini, yəni 13000 manatı geri qaytarmamışdır. Mülki Prosessual Məcəllənin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Göründüyü kimi birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarına əməl etməklə qanuni və ədalətli qətnamə qəbul etmişdir. Cavabdehin apellyasiya şikayətində göstərdiyi hallar İmişli Rayon Məhkəməsinin 2(036)-2559/2025 saylı, 13 oktyabr 2025-ci il tarixli qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Məhkəmə kollegiyası iddia tələbinin yuxarıda göstərilən hallar üzrə hüquqi dəyərləndirilməsi nəticəsində apellyasiya şikayətinin dəlillərinə yekun hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi verilmiş tələb üzrə iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmış, gəldiyi nəticə işin faktiki hallarına uyğun olmaqla qanuni və əsaslı olmuşdur. Odur ki, kollegiya cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərini heç bir sübutla təsdiqini tapmayan formal mülahizədən ibarət olması qənətinə gəlir. Bunu əsas götürən kollegiya işdə olan sübutların məzmununu hazırkı qətnamədə təkrarlamağa zərurət görmür. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarı). Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış sübutları tədqiq edərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır. Apellyasiya şikayətinin təmin edilməsi və İmişli Rayon Məhkəməsinin 2(036)-2559/2025 saylı, 13 oktyabr 2025-ci il tarixli qətnaməsinin ləğv edilməsi üçün Azərbaycan Respublikası MPM-nin 385-ci maddəsində nəzərdə tutulan əsaslar yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir (Mülki Prosessual Məcəllənin 107 və 119.1-ci maddələri). Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 385.2, 405ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İmişli Rayon Məhkəməsinin 2(036)-2559/2025 saylı, 13 oktyabr 2025-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar