Məhkəmə qərarları › İş №2(106)-200/2024

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-200/2024

10.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-200/2024 10.07.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Mayılov Samir İlham oğlu (sədrlik edən, məruzəçi), Heydərov Tofiq Xudayar oğlu və X2 ibarət tərkibdə, Qəribov Nahid Vidadi oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “borc tələbinə dair” iddiası ilə bağlı mülki iş üzrə Sabirabad Rayon Məhkəməsinin 09 iyun 2023-cü il tarixli, 2(056)-763/2023 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə apellyasiya icraatı qaydasında, Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh qəbzlə təsdiq edilmiş 1200 manat əsas borcun və ödənilmiş dövlət rüsumunun əvəzi 30,40 manatın, cəmi 1230,40 manat məbləğində pul vəsaitinin tutulub iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Sabirabad Rayon Mərkəzi Xəstəxanasının Poliklinikasının uşaq şöbəsində işləyən cavabdeh xx.xx.1965-ci il təvəllüdlü həkim Cavabdeh 20 noyabr 2022-ci il tarixdə öz şəxsi problemlərinin həlli üçün iddiaçıdan 1500 manat borc pul almışdır. Həmin borcun 300 manatını qaytarsa da, 1200 manatını qaytarmır. Dəfələrlə iddiaçı qalıq borcu ödəməsini tələb etsə də, cavabdeh müxtəlif bəhanələr gətirərək onu aldadır. Sonradan iddiaçıya məlum olmuşdur ki, cavabdeh həkim Cavabdeh onun etibarından sui-istifadə edib aldadaraq iddiaçının pulu ilə öz şəxsi problemlərini həll etsə də, iddiaçıya olan borcunu qaytarmaq niyyətində deyil. Məlum olmuşdur ki, cavabdehin ondan başqa bir neçə şəxsə də borcu var və onları da aldadır. Cavabdehin onu aldatdığını zənn edib xx.xx.2023-cü ildə RMX-ya gedərək xidməti otağında iddiaçıya olan 1200 manat borcunun təsdiqi üçün öz xətti ilə könüllü olaraq qəbz yazdırmışdır. Bundan sonra, həmin qəbzlə Sabirabad RPŞ-yə ərizə ilə müraciət etmişdir ki, pulunun alınaraq geri qaytarılmasına köməklik etsinlər. Lakin aparılmış araşdırma zamanı məlum olmuşdur ki, cavabdehin soyadı Mehdiyeva deyil, Mürsəlovadır. Bundan başqa, cavabdeh izahat verərkən iddiaçıya olan borcunun guya 1200 manat deyil, 400 manat olduğunu etiraf etmişdir. Bununla da iddiaçıya tam aydın olmuşdur ki, cavabdeh qəbz yazanda da soyadını səhv yazaraq özlüyündə guya iddiaçını aldatmışdır. RPŞ-də aparılmış araşdırma zamanı cavabdehin əməlində cinayət və inzibati xətanın tərkibi olmadığından material arayışla işə alınmışdır və iddiaçıya da bu barədə 28 mart 2023-cü il tarixli rəsmi cavab verilmişdir. Verilmiş cavabda göstərilmişdir ki, pul tələbi ilə bağlı mülki qaydada məhkəməyə müraciət edə bilər. Məhz bu səbəbdən də məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Hazırda cavabdehin iddiaçıya 1200 manat ödənilməmiş borcu var. Sabirabad Rayon Məhkəməsinin 2(056)-763/2023 saylı, 09 iyun 2023-cü il tarixli qətnaməsi ilə (sədrlik edən hakim Səlim Allahverdiyev) iddia təmin edilmiş, İddiaçı ilə Cavabdeh arasında bağlanmış şifahi borc müqaviləsi üzrə ödənilməmiş 1200 manat borc məbləğinin və ödənilmiş dövlət rüsumunun əvəzi 30,40 manat pulun, ümumilikdə isə 1230,40 manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq İddiaçı verilməsi qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti vermiş, apellyasiya şikayətində Sabirabad Rayon Məhkəməsinin 2(056)-763/2023 saylı, 09 iyun 2023-cü il tarixli qətnaməsinin dəyişdirilərək ondan 400 manatın alınaraq iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. O, xx.xx.2023-cü il tarixdə iddiaçıya 1200 manat borclu olması barədə heç bir yazılı sənəd yazmamışdır. Belə bir yazı varsa, xətt və imza ona (cavabdehə) məxsus deyil. Guya cavabdeh borclu olması barədə qəbz yazmış və həmin qəbzi yazarkən qəsdən soyadını səhv yazmışdır. Bunların hamısı yalandır. Cavabdeh xx.xx.2022-ci ildə iddiaçıdan 1500 manat borc almamışdır. O, iddiaçıdan 700 manat borc almışdır. Həmin pulun 300 manatını qaytarmış, 400 manat borclu qalmışdır. O, cavabdeh olaraq məhkəməyə ünvanladığı məktubda da bu barədə göstərmiş və məhkəmə qətnaməsində bu hal əksini tapmışdır. İddiaçıdan 700 manat borc alması barədə şifahi boc müqaviləsi bağlamışlar. Borcun 300 manat hissəsini qaytarmışdır. O, bunu etiraf edir. Lakin məhkəmənin onun iddiaçıdan 1500 manat borc alması qənaətinə gəlməsi tamamilə əsassızdır. Cavabdehin iddiaçıdan 1500 manat borc alması barədə heç bir sübut vasitəsi yoxdur. O, iddiaçıya 1500 manat pul qaytarmaq öhdəliyi götürməmişdir. İddiaçının belə bir sübutu da yoxdur. Məhkəmənin guya cavabdeh tərəfindən belə bir öhdəlik götürməsi qənaətinə gəlməsi tamamilə əsassızdır. Cavabdeh belə bir öhdəlik götürməsi barədə heç bir yazılı qəbz yazmamış, öhdəlik götürməmişdir. Məhkəməyə təqdim olunan yazılı qəbz cavabdehə məxsus deyil, onun tərəfindən yazılmamışdır. İddiaçının təqdim etdiyi sübut guya cavabdeh tərəfindən Mehtiyeva soyadı ilə yazılmış iddiaçıdan borc alması barədə qəbzdir. Lakin o, heç vaxt belə qəbz yazıb imzalamamışdır. Cavabdeh hesab edir ki, iddiaçı tərəfindən cavabdehin ondan 1500 manat boc alması məhkəmədə sübut edilməyib. Lakin buna baxmayaraq məhkəmə tərəfindən qətnamə qəbul edilərkən qeyd olunan qəbz sübut kimi qiymətləndirilmişdir. Hesab edir ki, məhkəmə qətnaməsi işin faktik hallarına uyğun deyildir. Məhkəmə düzgün nəticəyə gəlmək üçün iddiaçı tərəfindən təqdim edilən guya cavabdeh tərəfindən yazılan qəbzin cavabdeh tərəfindən yazılıb-yazılmamasını müəyyən etməli idi. Birinci instansiya məhkəməsi tərəfindən cavabdehlə iddiaçı arasında şifahi borc müqaviləsi bağlanması müəyyən edilsə də, cavabdehin iddiaçıya 1200 manat borclu olması sübut edilməmişdir. İşin faktik halları aşağıdakı kimidir: cavabdeh iddiaçıdan 700 manat borc almışdır. Həmin pulun 300 manatını qaytarmış, 400 manat borclu qalmışdır. Cavabdeh xx.xx.2023-cü il tarixdə iddiaçıya 1200 manat borclu olması barədə heç bir yazılı sənəd yazmamışdır. Belə bir yazı varsa, xətt və imza cavabdehə məxsus deyil. Guya cavabdeh borclu olması barədə qəbz yazmış və həmin qəbzi yazarkən qəsdən soyadını Mehtiyeva, adını Xəyalə yazmışdır. Cavabdeh Sabirabad RMX-da işləyir. Hər kəs onun adını, soyadını yaxşı bilir. Cavabdeh xx.xx.2022-ci ildə iddiaçıdan 1500 manat borc almamışdır. Apellyasiya məhkəməsinin 17 yanvar 2024-cü il tarixli iclasında iştirak etmiş Cavabdeh apellyasiya şikayətinin məzmununa uyğun çıxış edərək bildirmişdir ki, o, Sabirabad Rayon Mərkəzi Xəstəxanasında uşaq həkimi işləyir. İddiaçı da arabir xəstə gətirir. İddiaçını qohumu Diləfrüz müəllimə vasitəsilə tanımışdır. İddiaçı ona bildirmişdir ki, Hüsən Əliyev adlı şəxsdən 1200 manat borc almışdır, onu qaytarmasa, iddiaçını polisə verəcəkdir. Buna görə də iddiaçı ondan xahiş etmişdir ki, Bakıya gedəndə borclu olduğu puldan 300 manatı onunla göndərsin, Bakı şəhərində həmin pulu ondan zəng edib götürəcəklər. O, birinci dəfə iddiaçının verdiyi 300 manatı aparmışdır. Bakı şəhərində isə həmin 300 manat pulu gəlib ondan götürmüşlər. Sonradan iddiaçı Bakıya aparması üçün ona 400 manat da vermişdir. Lakin onun Bakıya getməsi məsələsi yubandığına görə o, 400 manatı Bakıya apara bilməmiş, həmin 400 manat onun özündə qalmışdır. İddiaçıya olan borcu da məhz həmin 400 manatdır. O, Sabirabad RPŞ-yə verdiyi izahatında da bunu qeyd etmişdir. İddiaçı ilə onun arasında hər hansı başqa borc məsələsi olmamışdır. İş materiallarına əlavə edilmiş qəbz isə onun tərəfindən yazılmamışdır, həmin qəbzdəki imza da ona məxsus deyil. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 17 yanvar 2024-cü il tarixli, 2(106)-200/2024 saylı qərardadı ilə mülki iş üzrə məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmiş və ekspert rəyi məhkəməyə təqdim edilənə kimi mülki işin icraatı dayandırılmışdır. 12 iyun 2024-cü ildə Şirvan Apellyasiya Məhkəməsinə daxil olmuş 09 aprel 2024-cü il tarixli, 4/143 nömrəli ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş mülki işin 21-ci vərəqində olan dama-dama dəftər vərəqi üzərində “Qəbz X3...” sözləri ilə başlayıb, “... 20 noyabr 2022-ci il” sözləri ilə bitən yazılar və həmin qəbzdə “İmza: X.Mehdiyeva” yazıları arasındakı imza Cavabdeh tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş mülki işin 21-ci vərəqində olan 20 noyabr 2022-ci il tarixli qəbzin aşağı hissəsindəki “Tarix: xx.xx.2023-cü il” hərf və rəqəmli yazıları Cavabdeh tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Aparılmış tədqiqatın dəyəri 125 manat təşkil edir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 12 iyun 2024-cü il tarixli, 2(106)-200/2024 saylı qərardadı ilə Sabirabad Rayon Məhkəməsinin 09 iyun 2023-cü il tarixli, 2(056)-763/2023 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə dayandırılmış icraat təzələnmiş və işə məhkəmə iclasında baxılması 10 iyul 2024-cü il tarixə, saat 11:00-a Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasına təyin edilmişdir. Apellyasiya məhkəməsinin 10 iyul 2024-cü il tarixli iclasında iştirak edən Cavabdeh çıxış edərək bildirdi ki, İddiaçı ona Hüsən adlı şəxsə pul borclu olduğunu və Hüsənin həmin pulun ödənilməsini ondan tələb etdiyini bildirmişdir. İddiaçı həmin borc pulun 700 manatının özündə olduğunu, qalan pulu isə qaytara bilmədiyini qeyd etmiş, Hüsənin onu bir qədər rahat buraxması üçün ondan bir kağıza cızmaqara edərək guya ona borclu olduğunu yazmasını xahiş etmişdir. O da işdəki qəbzi həmin vaxt yazmış, əslində İddiaçı 1500 manat borc almamışdır. Sadəcə İddiaçı Bakıda bir şəxsə çatdırması üçün ona əvvəlcə 300 manat, sonra isə 400 manat pul vermiş, o isə ilk dəfə 300 manatı həmin şəxsə çatdırsa da, sonradan 400 manatı çatdıra bilməmiş və iddiaçıya 400 manat borclu qalmışdır. Ona görə də apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Apellyasiya məhkəməsinin iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək, onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM-in) 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarında qeyd edilir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Hazırkı iş üzrə cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilərək ondan 400 manatın alınaraq iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Göründüyü kimi, o, birinci instansiya məhkəməsinin qətnaməsini qismən mübahisələndirmişdir. Ona görə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə yoxlanılmasını və hüquqi qiymət verilməsini düzgün hesab edir. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini, habelə iş materiallarını və sübutları araşdırıb, həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarının 21-ci vərəqində əsli olan əlyazma qəbzdə “Qəbz” başlığı qoyularaq “Qəbz. X4 20 noyabr 2022ci il tarixdə İddiaçı 1500 manat borc pul almışam. Həmin pulun 300 manatını qaytarsamda lakin 1200 man-ı qaytara bilməmişəm. Hazırda mənim İddiaçı ödənilməmiş 1200 man. borcum var. Qəbzi özüm yazdım, doğruluğunu imzamla təsdiq edirəm. İmza: X.Mehdiyeva 20 noyabr 2022-ci il.” ifadələri yazılmış və imza icra edilmişdir. Həmin yazı və imzanın aşağısında “Tarix: xx.xx.2023-cü il.” yazısı icra olunmuşdur. Cavabdeh apellyasiya şikayətində və apellyasiya məhkəməsinin 17 yanvar 2024-cü il tarixli iclasında iddiaçıya 1200 manat borclu qalması barədə olan qəbz yazmadığını qeyd etsə də, 09 aprel 2024-cü il tarixli, 4/143 nömrəli ekspert rəyi ilə müəyyən olunmuşdur ki, “Qəbz. X4 20 noyabr 2022ci il tarixdə İddiaçı 1500 manat borc pul almışam. Həmin pulun 300 manatını qaytarsamda lakin 1200 man-ı qaytara bilməmişəm. Hazırda mənim İddiaçı ödənilməmiş 1200 man. borcum var. Qəbzi özüm yazdım, doğruluğunu imzamla təsdiq edirəm. İmza: X.Mehdiyeva 20 noyabr 2022-ci il” yazıları və həmin qəbzdə “İmza: X.Mehdiyeva” yazıları arasındakı imza məhz Cavabdeh tərəfindən icra olunmuşdur. Cavabdeh yalnız qəbzin onun tərəfindən yazılması ekspert rəyi ilə öz təsdiqini tapdıqdan sonra 10 iyul 2024-cü il tarixli məhkəmə iclasında həmin qəbzi özünün yazdığını qəbul etmiş, lakin qəbzi yazmasının səbəbinin İddiaçı həmin qəbzi borclu olduğu Hüsən adlı şəxsə təminat olaraq göstərmək məqsədində olması ilə izah etmişdir. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində və apellyasiya məhkəməsinin 17 yanvar 2024-cü il tarixli iclasında qəbzi yazmadığını qeyd edərək, məhkəməni yanıltmağa cəhd etməsini nəzərə alaraq, onun qəbzin sadəcə iddiaçının Hüsən adlı şəxsə borcunun təminatı olaraq göstərilməsi üçün yazılması ilə bağlı bildirdiklərini həqiqətə uyğun saymır. İş materiallarına əlavə edilmiş qəbzdə cavabdehin 20 noyabr 2022-ci ildə iddiaçıdan 1500 manat borc alması, həmin puldan 300 manatın qaytarılması və cavabdehin iddiaçıya 1200 manat borclu qalması barədə qeyd edilənlər işin hallarına uyğundur. Belə ki, cavabdeh iddiaçıdan aldığı borcun məbləği ilə razılaşmasa da, iddiaçıya borcundan 300 manat qaytardığını qeyd etmiş, iddiaçı da cavabdehin ondan aldığı borcdan 300 manat qaytardığını qəbul etmişdir. Cavabdehin iddiaçıya olan qalıq borcunun məbləği isə Cavabdeh tərəfindən yazılaraq imzalanmış qəbzlə öz təsdiqini tapır və qalıq borcun məbləği 1200 manat olaraq müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 739.1-ci maddəsinin tərəflər arasında borc münasibətlərinin yarandığı zaman qüvvədə olan mətninə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 740.2-ci maddəsinin tərəflər arasında borc münasibətlərinin yarandığı zaman qüvvədə olan mətninə əsasən, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Mülki Məcəllənin 529.3-cü maddəsinə əsasən, əgər borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirsə, kreditor icranı qəbul edərkən həmin sənədi qaytarmalı, qaytarmaq mümkün olmadıqda isə bunu icranı təsdiq etmək üçün verdiyi sənəddə göstərməlidir. MM-in 529.3-cü maddəsindən də göründüyü kimi, borclu tərəfindən kreditora verilən borc qəbzi onlar arasında öhdəlik münasibətlərinin mövcud olduğunu təsdiq edən yazılı sənəd kimi çıxış edir. Məhkəmə kollegiyası bildirir ki, iddiaçının öz tələbinin əsası kimi istinad etdiyi 20 noyabr 2022-ci il tarixli qəbz tərəflər arasında öhdəlik münasibətinin mövcud olduğunu və cavabdehin iddiaçı qarşısında icra edilməmiş 1200 manatlıq borc öhdəliyinin olduğunu təsdiq edir. Cavabdeh 10 iyul 2024-cü il tarixli məhkəmə iclasında 20 noyabr 2022-ci il tarixli qəbzi özü yazdığını qəbul etmiş, lakin həmin qəbzin formal olduğunu və əslində iddiaçı tərəfindən ona 1500 manat məbləğində borc verilmədiyini bildirmişdir. Məhkəmə kollegiyası bildirir ki, qəbzin imzalandığı vaxt cavabdehə hər hansı pulun verilməməsi xx.xx.2022-ci il tarixli qəbzin etibarlılığını istisna edən hal kimi qiymətləndirilə bilməz. Belə ki, cavabdeh həmin qəbzə imza etməklə 20 noyabr 2022-ci ildə 1500 manat məbləğində pulu iddiaçıdan aldığını etiraf etmiş, həmin borcdan 300 manatını qaytarsa da, 1200 manatını qaytarmadığını qəbul etmişdir. Sözügedən qəbz mövcud olan borcun etirafı xarakteri daşıdığından, borcun həmin qəbzin yazılması ilə eyni vaxtda verilməməsi qəbzi mötəbər sübut kimi qiymətləndirməyə mane ola bilməz. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 407.2-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 avqust 2020-ci il tarixli Qərarında qeyd edilmişdir ki, yazılı əqdin bağlanmasında vacib şərtlərdən biri tərəflərin onu imzalamasıdır. İmza iradə bəyan edən şəxsi müəyyənləşdirməyə imkan verən işarədir. Yazılı sənəd tərtib edilərkən orada əks olunan iradənin məhz müvafiq şəxsə aid olması ya qrafik, ya da elektron imza ilə işarələnmiş olur. Məqsəd bəyan olunan iradənin müvafiq şəxsdən gəldiyini təyin etməkdir. Beləliklə, qəbzdə olan imza məhz iradənin bəyanı kimi çıxış etməklə, onun kimdən gəldiyini müəyyən edən vasitədir. Cavabdeh də öz imzası ilə iradəsini bəyan etmiş və qəbzin məzmununun həqiqiliyini təsdiq etmişdir. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. MPM-in 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2005-ci il tarixli 4 saylı Qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Qeyd edilənlərdən də göründüyü kimi, iddiaçı cavabdehin ona 1200 manat məbləğində borclu olmasını təsdiq edən mötəbər sübut olan cavabdeh tərəfindən yazılaraq imzalanmış qəbzi təqdim etsə də, cavabdeh iddiaçıya 1200 manat deyil, cəmi 400 manat borcunun olmasını təsdiq edən hər hansı sübut təqdim etməmiş, sadəcə formal mülahizələrlə kifayətlənmişdir. MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. MPM-in 107-ci və 119.1-ci maddələrinin tələblərini nəzərə alan məhkəmə kollegiyası bildirir ki, iddia tələbi təmin edildiyindən, birinci instansiya məhkəməsi iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30,40 manat pulun cavabdehdən tutularaq iddiaçıya verilməsi hissəsində də düzgün nəticəyə gəlmişdir. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hissədə maddi və prosessual hüquq normaları pozulmamış, düzgün tətbiq edilmiş, mübahisələndirilən hissədə məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmış, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələri işin hallarına uyğun gəlmişdir. Ona görə də, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, Sabirabad Rayon Məhkəməsinin 2(056)-763/2023 saylı, 09 iyun 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. MPM-in 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası həmçinin onu da bildirməyi zəruri sayır ki, hazırkı iş üzrə məhkəmə-xətşünaslıq ekspertizası cavabdehin xahişi ilə keçirildiyindən və cavabdehin istinad etdiyi hal öz təsdiqini tapmadığından, 09 aprel 2024-cü il tarixli, 4/143 nömrəli ekspert rəyinin verilməsi üçün aparılmış tədqiqatın dəyəri olan 125 manat məbləğində ekspertiza xərci cavabdehdən tutulmalıdır. MPM-in 402.1-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Məhkəmə kollegiyası bildirir ki, hazırkı iş üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olduğuna görə qətnamədən kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və MPM-in 382, 384.0.1, 385.2, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sabirabad Rayon Məhkəməsinin 2(056)-763/2023 saylı, 09 iyun 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. 09 aprel 2024-cü il tarixli, 4/143 nömrəli ekspert rəyinin verilməsi üçün aparılmış tədqiqatın dəyəri olan 125 manat məbləğində ekspertiza xərci Cavabdeh tutularaq, X1, Kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE******************** nömrəli hesaba köçürülsün. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar