Məhkəmə qərarları › İş №2(106)-2000/2025

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-2000/2025

24.09.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Şirvan şəhəri İş № 2(106)-2000/2025 24.09.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Heydərov Tofiq Xudayar oğlu və Novruzova Aytən Nazim qızından ibarət tərkibdə, Hüseynov Pünhan Sübhan oğlunun katibliyi, İddiaçı İddiaçı iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə Hacıqabul Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** saylı qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə ##.##.2025ci il tarixdə Hacıqabul Rayon Məhkəməsinə müraciət edərək cavabdeh Cavabdeh 3300 manat məbləğində pulun, katalizator və şitin geri qaytarılması, həmin cihazlar olmadığı təqdirdə onların ümumi dəyəri olan 900 manat məbləğində pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, o, özünə məxsus “Opel Astra” markalı avtomobilin təmiri üçün 2024-cü ilin sentyabr ayında usta kimi tanıdığı cavabdeh Cavabdeh ilə 3.300 manata şifahi razılaşaraq avtomobili tam olaraq bərpa edib 2 ay müddətinə ona təhvil verməsi barədə sonuncu üzərinə öhdəlik götürmüşdür. O, Cavabdeh ilk əvvəl 1800 manat, daha sonra köçürmə yolu ilə 1500 manat onun kart hesabına göndərmişdir. Razılaşmaya əsasən o, öhdəliyini icra etməsinə baxmayaraq cavabdeh üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş və avtomobili təmirli vəziyyətdə ona təhvil verməmişdir. O, cavabdehdən dəfələrlə ona ödədiyi 3300 manat pulu geri qaytarmasını tələb etməsinə baxmayaraq, cavabdeh hər dəfə müxtəlif bəhanələr gətirərək pulu qaytarmaqdan yayınmışdır. Bununla bağlı o, Hacıqabul Rayon Polis şöbəsinə müraciət etmiş və müraciəti araşdırılmış, onun və cavabdehin izahatları alınmışdır. Cavabdeh polis şöbəsinə verdiyi izahatında borclu olduğu 3300 manat pul məbləğini, həmçinin öz üzərinə götürdüyü öhdəliyi etmədiyini də etiraf etmişdir. Ərizədə həmçinin qeyd edilmişdir ki, avtomobil 2024-cü ilin sentyabr ayından bugünə qədər ustaya məxsus sexdədir. Bundan başqa, avtomobilin katalizatoru və şiti sökülmüş harada olması barədə məlumatsızdır. Birinci instansiya məhkəməsində icraat Hacıqabul Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** saylı qətnaməsi ilə (hakim Günel Əkbərli) iddia tələbi rədd edilmiş, ödənilmiş məhkəmə ekspertizası xərcləri və dövlət rüsumu iddiaçının özünə aid edilmişdir. Birinci instansiya məhkəməsi aşağıdakıları müəyyən etmişdir; İş materiallarında olan : Cavabdeh Cavabdeh Hacıqabul RPŞ-yə verdiyi izahatdan görünür ki, o, hal-hazırda Hacıqabul şəhəri, İ.Qayibov küçəsində yerləşən İlqar adlı şəxsə məxsus olan maşın təmir sexində dəmirçi-malyar işləyir. İddiaçı adlı şəxsi uzun müddətdir ki, tanıyır. Onunla münasibəti normaldır. Cavad təxminən avqust ayında özünə məxsus olan “Opel Astra” markalı avtomobili ilə yol nəqliyyat hadisəsi törətdiyi üçün işlədiyi sexə gətirmiş və maşını təmir etməsini, eyni zamanda onun usta tanışları olmadığı üçün digər ustalarla da danışmasını və ona köməkilik etməsini bildirmişdir. Bundan sonra o, Cavadla razılaşmış, bu təmir xərcləri qarşılığında Cavad ona 3300 manat məbləğində pul vermiş və o, təmir prosesinə başlamışdır. Avtomobil üzərində uzun müddət təmir işləri aparmış, avtomobilin dəmir işlərini, boya işlərini və s digər işləri görmüş, lakin təmir əsnasında avtomobilin bəzi detalları alınmalı olunmuş, lakin Cavad həmin detalları almadığı üçün təmir prosesi gecikmişdir. Hal-hazırda o, avtomobil üzərində 3300 manatlıq tam təmir etmiş, geri qalan təmir işlərini bitirmək üçün əlavə detallar alınmalı olduğundan İddiaçı həmin detalları aldıqdan sonra təmir-bərpa işlərini bitirəcəyini qeyd etmişdir. “xxxx” MMC-nin **** saylı hesabatı üzrə mütəxəssis rəyinin nəticəvi hissəsində aparılmış araşdırma zamanı “Opel Astra” markalı, **-KF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə məxsus katalizatorun 2024-cü il üzrə bazar dəyəri 189 manat, işçilik (təmir-bərpa) xərci 95 manat, idarəetmə panelinin 2024-cü il üzrə bazar dəyəri 123 manat, işçilik (təmir-bərpa) xərci 47 manat olduğu müəyyənləşdirilmişdir. Bundan başqa, mütəxəssis rəyinə əlavə edilmiş elektron ödəniş qəbzinin surətindən görünür ki, keçirilmiş tədqiqatın dəyəri olan 350 manat məbləğində pul vəsaiti iddiaçı İddiaçı tərəfindən “xxxx” MMC-yə ödənilmişdir. “X2 və Ticarət” müəssisəsinin mütəxəssisi X1 ##.##.2025-ci il tarixli rəy aktında göstərilmişdir ki, mütəxəssis tərəfindən iddiaçı İddiaçı məxsus və cavabdeh Cavabdeh tərəfindən həyata keçirilmiş təmir-bərpa işlərinin (ön kapot– 01 ədəd, 70 manat; ön sağ və sol qanad– 02 ədəd, 50 manat; ön “şiveller”– 01 ədəd, 40 manat; kuzanın ön hissəsi 01 dəst, 450 manat; şit cihazları 01 ədəd, 100 manat; göstərici cihazlar– 01 dəst, 50 manat; mühərrik başlığı 01 dəst, 250 manat; mühərrik başlığının quraşdırılması– 150 manat; sükan idarəetmə mexanizmi– 01 dəst, 150 manat; tormozun vakumu və silindiri– 01 dəst, 70 manat; tormozun “ABS”i– 01 dəst, 80 manat; “ejektor” və kollektor– 01 dəst, 120 manat; “peç”– 01 dəst, 100 manat; kondeksionerin truba və “şlanqı”– 01 dəst, 40 manat; “zaslonka” və “farsunka”– 02 ədəd, 100 manat; ön hissə elektrik naqilləri– 01 dəst, 70 manat; su radiatoru– 01 ədəd, 60 manat; matar üst qapağı– 01 ədəd, 30 manat; şüşə silən mexanizm və alt örtüyü– 01 dəst, 75 manat; hava filtri qutusu– 01 ədəd, 50 manat; su qabı– 01 ədəd, 25 manat; ön “oblisovka”– 01 ədəd, 20 manat; iç qranat– 01 ədəd, 35 manat; mator ön başlığı və yastığı– 01 dəst, 55 manat; mator üst örtüyü– 01 ədəd, 20 manat; qaz pedalı– 01 dəst, 40 manat; kondensioner kompressoru– 01 ədəd, 100 manat; sükan və “perekulçatel”– 01 dəst, 80 manat; “starter”– 01 ədəd, 60 manat; dəmirçi işi 800 manat; rəngsaz işi– 800 manat; armatur işi– 150 manat; elektrik işi– 150 manat; çilingər işi– 250 manat) ümumi dəyərinin 4690 manat məbləğində olduğu müəyyənləşdirilmişdir. Bundan başqa, mütəxəssis rəyində qeyd edilmişdir ki, nəqliyyat vasitəsinin yararlı hala salınması və ehtiyyat hissələrinin (armatur, elektrik və çilingər işi– 300 manat; kollektor– 50 manat; ön truba– 35 manat; katalizator– 250 manat; radio barr– 70 manat; orta qazan– 80 manat) ümumi dəyəri 785 manat məbləğində olduğu, rəyin yekununda mütəxəssisə ödənilən haqqın 30 manat olduğu və həmin haqqın iddiaçı İddiaçı tərəfindən ödənildiyi qeyd edilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır; Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı İddiaçı 2024-cü ilin sentyabr ayında ona məxsus “Opel Astra” markalı nəqliyyat vasitəsini təmir etdirmək məqsədilə cavabdeh Cavabdeh ilə razılaşmış, cavabdeh avtomobili tam bərpa edib 2 ay müddətinə işlək vəziyyətdə təhvil verməyi üzərinə öhdəlik kimi götürmüşdür. Bu məqsədlə iddiaçı cavabdehə ümumilikdə 3300 manat məbləğində vəsait ödəmiş, avtomobil isə təmir üçün cavabdehin sexində saxlanılmışdır. Lakin təmir prosesi başa çatdırılmamış, iddiaçı təmirin keyfiyyətindən və avtomobilin hazırkı vəziyyətindən narazı qalmışdır. O, həmçinin avtomobilin katalizator və şit kimi bəzi hissələrinin yerində olmadığını iddia etmiş və bu hissələrin ya qaytarılmasını, ya da dəyərinin ödənilməsini tələb etmişdir. İş üzrə toplanmış sübutlardan, o cümlədən cavabdehin və mütəxəssisin izahatlarından görünür ki, cavabdeh avtomobil üzərində müəyyən təmir-bərpa işləri həyata keçirmiş, avtomobilin kuzov, rəng və digər texniki hissələrinin bir hissəsini bərpa etmiş, görülmüş işlərin dəyəri “X2 və Ticarət” müəssisəsinin mütəxəssis rəyi ilə 4690 manat məbləğində müəyyən edilmişdir. Mütəxəssis rəyinə əsasən, avtomobilin tam istifadəyə yararlı vəziyyətə gətirilməsi üçün əlavə 785 manat dəyərində işlərin görülməsi tələb olunur. Bu da göstərir ki, iddiaçı tərəfindən cavabdehə ödənilmiş 3300 manat yalnız görülmüş təmir-bərpa işlərinin bir hissəsini əhatə etmiş, tam bərpa üçün yetərli olmamışdır. Məhkəmə iclasında iddiaçı əvvəlcə cavabdehdən ödənilmiş pulun və hissələrin dəyərinin geri qaytarılmasını tələb etsə də, sonradan öz izahatında artıq pul deyil, avtomobilin yararlı vəziyyətdə ona qaytarılmasını istədiyini bildirmişdir. Məhkəmə təqdim edilmiş sübutları, tərəflərin izahatlarını, ekspert və mütəxəssis rəylərini hərtərəfli araşdıraraq hesab etmişdir ki, iddiaçı tərəfindən irəli sürülmüş pul tələbi hüquqi əsasdan məhrumdur. Belə ki, cavabdeh tərəfindən alınmış vəsait təmir işlərinin görülməsi məqsədilə xərclənmiş, bu barədə mütəxəssis rəyi və cavabdehin izahatı ilə təsdiq edilmişdir. Təmir işlərinin dəyəri 4690 manat məbləğində qiymətləndirilmiş və cavabdeh tərəfindən görülən işlər iddiaçının xeyrinə müəyyən dəyər yaratmışdır. Bu baxımdan, iddiaçının cavabdehdən 3300 manatın qaytarılması tələbi əsassız hesab olunur, çünki həmin vəsait qarşı tərəfin üzərinə götürdüyü öhdəliyin icrası zamanı sərf edilmişdir. Mülki qanunvericiliyə görə, öhdəliyin yerinə yetirilməsi üçün xərclənmiş vəsaitin geri qaytarılması yalnız öhdəlik icra edilmədiyi və ya əsassız varlanma halları müəyyən edildiyi təqdirdə mümkündür, lakin bu işdə belə hallar sübuta yetirilməmişdir. Digər tərəfdən, məhkəmə hesab etmişdir ki, iddiaçının məhkəmə iclası zamanı irəli sürdüyü “nəqliyyat vasitəsinin təmir edilərək yararlı vəziyyətdə geri qaytarılması” tələbi hazırkı işin predmetinə daxil deyil. Belə ki, məhkəməyə təqdim edilən ilkin iddia ərizəsi sırf pul vəsaitinin və bəzi hissələrin dəyərinin ödənilməsi ilə bağlı olmuş, nəqliyyat vasitəsinin bərpasına və ya təhvilinə dair tələbləri əhatə etməmişdir. Mülki Prosessual Məcəllənin tələblərinə əsasən, məhkəmə yalnız iddia ərizəsində göstərilən predmet və əsaslar çərçivəsində qərar qəbul edə bilər və bu sərhədləri aşmaq səlahiyyətinə malik deyildir. Odur ki, iddiaçının sonradan səsləndirdiyi “avtomobilin təmir olunub qaytarılması” barədə tələbi işin predmeti xaricində olduğundan, məhkəmə tərəfindən nəzərə alınmamışdır. Nəticə etibarilə, məhkəmə müəyyən etmişdir ki, cavabdeh tərəfindən görülən təmir-bərpa işləri iddiaçıya qarşı öhdəliyin icrası çərçivəsində həyata keçirilmiş, iddiaçı tərəfindən tələb edilən pul məbləği və detalların dəyərinin qaytarılması üçün hüquqi əsas mövcud deyildir. Odur ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 442-ci maddələri, “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ## #### 2019-cu il tarixli Qərarı, Mülki Prosessual Məcəllənin 88, 77.1, 119.1, 117.1-ci maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları; Apellyasiya şikayətinin dəlilləri Qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək Hacıqabul Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ## ####### 2025-ci il tarixli qətnaməsinin ləgv edilməsi, iddia tələbinin tamamilə təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə cavabdehin Hacıqabul RPŞ-də verdiyi etirafedici izahatını və eləcə də məhkəmə iclası zamanı verdiyi izahatını düzgün hüquqi qiymətləndirməmişdir. Cavabdeh Cavabdeh Hacıqabul RPŞ-də verdiyi izahatında aralarında olan şifahi razılaşmanı, razılaşmaya əsasən 3.300 manat müqabilində avtomobili tam təmir edərək işlək vəziyyətdə ona təhvil verəcəyi öhdəliyini, onun ona bu məqsədlə 3.300 manat avtomobilin təmiri üçün pul verdiyini qeyd etmiş və təsdiq etmişdir. Bundan başqa cavabdeh Cavabdeh təsdiq edir ki, avtomobil onun işlədiyi sexdə ona təhvil verilərkən avtomobilin katalizator və şiti avtomobilin üstündə olmuş, lakin sexdə uzun müddət qaldığı üçün it-bata düşdüyünü və ya naməlum şəxslər tərəfindən oğurlandığını bildirir. Həmin izahatında Cavabdeh başqa ustalarla da danışıb 3.300 manat müqabilində avtomobili təmir edib, işlək vəziyyətdə ona təhvil verəcəyini öhdəsinə götürdüyünü bildirir. Cavabdeh Cavabdeh aralarında olan razılaşma üzrə və üzərinə götürdüyü öhdəlik üzrə avtomobil 2 ay müddətində təmir edilib işlək vəziyyətdə təhvil verilməli idi. Bu öhdəliyə cavabdeh tərəfindən əməl edilməmiş, avtomobil bu günədək işlək vəziyyətdə deyil. Avtomobil 1 il 3 aydır ki, nasaz və işlək olmayan vəziyyətdə cavabdehin işlədiyi sexdə açıq və əlverişsiz şəraitdə qalmaqdadır. Bu müddət ərzində yağan yağışlar, gün şüaları avtomobilə ziyan vurmuşdur. Lakin cavabdeh, aralarında əvvəlcədən olan razılaşmaya və üzərinə götürdüyü öhdəliyə əməl etməyərək, avtomobil üçün ehtiyat hissələri alınması üçün və usta xərcləri üçün əlavə pul istəmişdir. Bu əlavə ödəniş barədə aralarında razılıq olmayıb. Əgər belə razılıq olubsa və cavabdeh bu halı bildirirsə, onda, bu halı sübut etmək yükü onun üzərinə qoyulmalıdır. Edə bilmirsə, öhdəliyi lazımınca icra etmədiyinə görə maddi məsuliyyət daşımalıdır və avtomobilini sexdən çöldə və əlverişsiz şəraitdə saxladığı üçün dəyən ziyan üçün də məsuliyyət daşımalıdır. İş üzrə dindirilmiş “X2 və Ticarət” müəssisəsinin mütəxəssisi X1 məhkəmədə aşkar şəkildə sanki cavabdehin vəkili kimi danışaraq bildirir ki, “Cavabdeh aldığı 3.300 manat müqabilində isə “Opel Astra” markalı avtomobil üçün yeni detallar almaq üçün istifadə etmiş, verilmiş vəsaitlə təmir-bərpa xərclərinin mütənasibliyini düzgün qiymətləndirməmiş, nəticədə verilmiş vəsait avtomobilin istifadəyə yararlı hala salınması üçün kifayət etməmişdir”. Əvvəla, servis xidmətinin mütəxəssisinin cavabdeh ustanın xeyrinə, onu müdafiə edən çıxışlar etməsinin səbəbləri aydındır çünki, usta ilə avtomobil təmir servisləri əlaqəli və əlbir şəkildə işləyirlər və bir–birilərinə qarşı maddi maraqları var və bir-birilərini dolandırırlar. Buna sübut, mütəxəssisin ustanın guya verilmiş pul məbləği üzrə avtomobili təmir edib yararlı hala salmaq üzrə ilkin razılaşmasının real vəziyyətə mütənasib olmamasını bildirməsi və usta tərəfindən ehtiyat hissələrinin alınmasına dair çek və ya qəbzlərin ona təqdim olunmamasına baxmayaraq, avtomobilin ehtiyat hissələrinin usta tərəfindən alınması barədə qəti fikir söyləməsidir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin dəlilləri məzmununda izahat verərək qətnamənin ləğv, iddianın təmin edilməsini xahiş edir. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, məhkəmə tərkibi hazırkı mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 406.1-cı madddəsinə əsasən müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 752.2-ci maddəsinə əsasən əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alqı-satqı qaydaları tətbiq edilir. 753.1-ci maddəsinə əsasən sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. 762.1-ci maddəsinə əsasən podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. 765-ci maddəsinə əsasən-məmulatın qüsuru nəticəsində sifarişçi müqavilədən imtina edə bilər. Bu halda podratçı müqavilə ilə bağlı xərclərin əvəzini sifarişçiyə ödəməyə borcludur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə, məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Apellyasiya baxışının hədləri Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur. Mübahisələndirilən qətnamə ilə idida rədd edilmiş, iddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv, iddianın təmin edilməsini xahiş etmişdir. Ona görə də məhkəmə tərkibi Hacıqabul Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** saylı qətnaməsini apellyasiya şikayətinə münasibətdə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmamış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etməmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə almamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il ## ###### tarixli, ** nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İddiaçının iddia tələbindən görünür ki, tərəflər arasında avtomobilin təmiri və tam bərpa edilərək müəyyən müddətdə iddiaçıya təhvil verilməsi barədə razılaşma olmuş, həmin razılaşmanın icrası məqsədilə iddiaçı tərəfindən cavabdehə ümumilikdə 3.300 manat pul vəsaiti verilmişdir. Cavabdeh də Hacıqabul RPŞ-yə verdiyi izahatında tərəflər arasında avtomobilin təmiri ilə bağlı razılaşmanın mövcudluğunu, iddiaçı tərəfindən ona 3.300 manat məbləğində pul verildiyini və avtomobilin təmiri öhdəliyini üzərinə götürdüyünü etiraf etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbinin rədd edilməsini əsaslandırarkən cavabdeh tərəfindən avtomobil üzərində müəyyən təmir-bərpa işlərinin aparıldığını və həmin işlərin dəyərinin “X2 və Ticarət” müəssisəsinin mütəxəssis rəyi ilə 4.690 manat müəyyən edildiyini əsas götürmüşdür. Həmçinin məhkəmə həmin rəyə istinad etməklə iddiaçı tərəfindən ödənilmiş 3.300 manatın görülmüş işlərin bir hissəsini təşkil etdiyi qənaətinə gəlmişdir. Lakin məhkəmə tərkibi həmin nəticə ilə razılaşmır. İlk növbədə qeyd edilməlidir ki, birinci instansiya məhkəməsi hazırkı iş üzrə tətbiq edilməli olan maddi hüquq normasını seçməmiş, bunun əvəzində ümumi xarakterli normaları istinad etmişdir. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 753.1-ci maddəsinə görə sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. Yuxarıda sadalanan maddi hüquq normalarını hazırkı mübahisənin maddi hüququ əsası kimi müəyyənləşdirən məhkəmə tərkibi hesab edir ki, tərəflər arasında podrat müqaviləsi şifahi razılığa əsaslandığı üçün tərəflərin mübahisənin halları kimi təqdim etdikləri xüsusatlar ədalətli nəticəyə gəlmək üçün əhəmiyyətlidir. İşin faktiki hallarından görünür ki, tərəflər arasında yaranmış münasibət mahiyyət etibarilə podrat münasibətidir. Belə ki, iddiaçı ona məxsus “Opel Astra” markalı avtomobilin tam təmir edilərək işlək vəziyyətə gətirilməsi və müəyyən müddət ərzində ona təhvil verilməsi məqsədilə cavabdehlə razılaşmış, həmin işin görülməsi müqabilində cavabdehə ümumilikdə 3.300 manat məbləğində pul vəsaiti ödəmişdir. Cavabdeh də avtomobilin təmiri ilə bağlı razılaşmanın mövcudluğunu və 3.300 manat vəsaiti bu məqsədlə aldığını bildirmişdir. Hal-hazırda mübahisə isə həmin avtomobilin təmir edilib yararlı vəziyyətə gətirilibgətirilməməsidir. Bu hissədə araşdırma aparmaq üçün məhkəmələr tərəfindən müvafiq obyektiv rəy alınması zəruridir. Məhkəmə tərkibi birinci instansiya məhkəməsinin iş üzrə sübut kimi qəbul etdiyi “X2 və Ticarət” müəssisəsinin mütəxəssis rəyinə münasibətdə də onunla razılaşmır. Belə ki, birinci instansiya məhkəməsi avtomobil üzərində görülmüş təmir-bərpa işlərinin dəyərinin müəyyən edilməsi məqsədilə qiymətləndirmənin aparılmasını “X2 və Ticarət” müəssisəsinə həvalə etmiş və həmin müəssisənin mütəxəssisi tərəfindən verilmiş ##.##.2025-ci il tarixli rəyə əsaslanmışdır. Həmin rəydə cavabdeh tərəfindən görülmüş təmirbərpa işlərinin ümumi dəyərinin 4.690 manat olduğu göstərilmişdir. Lakin məhkəmə tərkibi hesab edir ki, mübahisənin xarakteri və tərəflərin qarşılıqlı mövqeləri nəzərə alınmaqla, avtomobil üzərində görülmüş işlərin həcminin və dəyərinin müəyyən edilməsi müstəqil və obyektiv qiymətləndirmə aparmaq səlahiyyətinə və müvafiq statusa malik qiymətləndirici tərəfindən həyata keçirilməli olduğu halda, birinci instansiya məhkəməsi bu məsələni həmin tələblərə cavab verən müstəqil qiymətləndiriciyə həvalə etməmişdir. Bundan başqa, “X2 və Ticarət” müəssisəsi tərəfindən verilmiş rəyin hansı hüquqi və peşəkar əsaslarla müstəqil qiymətləndirmə kimi qəbul edilməli olduğu qətnamədə əsaslandırılmamışdır. Belə ki, həmin rəy müəssisənin mütəxəssisi tərəfindən verilmiş, müəssisənin isə müstəqil qiymətləndirici təşkilat kimi fəaliyyət göstərməsi və qiymətləndirmə aparmaq üçün müvafiq statusa malik olması iş materiallarından müəyyən edilməmişdir. Bu səbəbdən həmin rəyin mübahisənin həlli üçün əsas götürülməsi onun mötəbərliyi və obyektivliyi cəhətdən əsaslı şübhələr yaradır. Odur ki, iş üzrə mübahisənin düzgün həlli üçün avtomobilin faktiki vəziyyəti, görülmüş təmir-bərpa işlərinin real həcmi, həmin işlərin bazar dəyəri və avtomobilin tam bərpası üçün tələb olunan xərclər müstəqil qiymətləndirici tərəfindən müəyyən edilməli idi. Birinci instansiya məhkəməsi tərəfindən isə bu hal təmin edilməmiş, müstəqil qiymətləndirmə aparılmadan “X2 və Ticarət” müəssisəsinin mütəxəssis rəyinə əsasən nəticəyə gəlinmişdir. Qeyd olunan boşluğun aradan qaldırılması məqsədilə apellyasiya mərhələsində məhkəmənin ## ###### 2026-cı il tarixli qərardadı ilə müstəqil qiymətləndirici cəlb edilmiş və avtomobilin vəziyyətinin, habelə onun bərpası üçün tələb olunan xərclərin müəyyən edilməsi üçün müvafiq qiymətləndirmə aparılmışdır. Müstəqil qiymətləndirici təşkilatı olan “Qiymətləndirmə və Consulting Mərkəzi” tərəfindən verilmiş rəydə avtomobilin sökülmüş vəziyyətdə olduğu və təmir işlərinin aparılmadığı müəyyən edilmiş, avtomobilin tam bərpası üçün tələb olunan xərcin isə 4.910 manat təşkil etdiyi göstərilmişdir. Beləliklə, apellyasiya mərhələsində aparılmış müstəqil qiymətləndirmə birinci instansiya məhkəməsinin əsaslandığı rəyin nəticələrinin avtomobilin faktiki vəziyyətini tam və obyektiv əks etdirmədiyini göstərmişdir. Odur ki, birinci instansiya məhkəməsinin həmin rəyi mötəbər sübut kimi qəbul etməklə iddiaçı tərəfindən cavabdehə ödənilmiş 3.300 manat vəsaitin görülmüş işlərə sərf edildiyi və həmin vəsaitin qaytarılmasına əsas olmadığı barədə gəldiyi nəticə əsaslı hesab edilə bilməz. Məhkəmə tərkibi həmçinin qeyd edir ki, sübutun mötəbərliyinin qiymətləndirilməsi zamanı onun yalnız məzmunu deyil, həmin sübutun kim tərəfindən, hansı şəraitdə və hansı səlahiyyət əsasında tərtib edilməsi də nəzərə alınmalıdır. Hazırkı işdə birinci instansiya məhkəməsi bu halları araşdırmadan və müstəqil qiymətləndirmə aparılmasını təmin etmədən “X2 və Ticarət” müəssisəsinin rəyini qətnamənin əsaslandırılması üçün kifayət edən sübut kimi qəbul etməklə iş üzrə sübutların qiymətləndirilməsində düzgün yanaşmamışdır. Eyni zamanda cavabdehin 3.300 manat məbləğində vəsaitin avtomobilin tam bərpası üçün kifayət etmədiyi və əlavə ehtiyat hissələrinin alınmasına, habelə digər təmir xərclərinin ödənilməsinə zərurət yarandığı barədə mövqeyinə münasibətdə məhkəmə tərkibi qeyd edir ki, tərəflər arasında razılaşmaya əsasən avtomobilin 3.300 manat müqabilində tam təmir edilərək işlək vəziyyətdə iddiaçıya təhvil verilməsi nəzərdə tutulmuşdur. Əgər cavabdeh sonradan 3.300 manat məbləğinin avtomobilin tam bərpası üçün kifayət etmədiyini və bununla əlaqədar əlavə vəsait tələb olunduğunu bildirirsə, həmin halın tərəflər arasında əvvəlcədən razılaşdırıldığını, əlavə xərclərin yaranmasını və onların məbləğini təsdiq edən mötəbər sübutları təqdim etməlidir. Eyni zamanda, cavabdeh tərəfindən 3.300 manat vəsaitin hansı konkret ehtiyat hissələrinin alınmasına və hansı təmir işlərinə sərf edildiyini təsdiq edən ödəniş sənədləri, qəbzlər və digər sübutlar təqdim edilməmişdir. Göründüyü kimi cavabdeh iddiaçı qarşısında öhdəliyi icra etməmişdir, iddiaçı da öz növbəsində iddiaçıya vermiş olduğu pulu tələb etmişdir. Məkhəmə tərkibi hesab edir ki, iddiaçı iddiasında haqlı olmuşdur. Bundan başqa, iddiaçının avtomobilin katalizatorunun və şitinin geri qaytarılması, həmin detalların qaytarılmasının mümkün olmadığı halda isə onların ümumi dəyəri olan 900 manat məbləğində pul vəsaitinin tutulması barədə tələbinə münasibətdə də birinci instansiya məhkəməsinin nəticəsi əsaslı hesab edilə bilməz. Belə ki, məhkəmə iclasında cavabdeh Cavabdeh özü də katalizator və şitin avtomobil ona təhvil verilərkən nəqliyyat vasitəsinin üzərində olduğunu etiraf etmiş, sonradan həmin detalları sökdüyünü, hazırda isə onların harada olması barədə məlumatının olmadığını bildirmişdir. Cavabdeh həmin detalların sexdə qaldığı müddətdə digər şəxslər tərəfindən oğurlanmış ola biləcəyini ehtimal etsə də, bu barədə hər hansı sübut təqdim etməmişdir. Göründüyü kimi, cavabdehin öz izahatından da müəyyən olunur ki, katalizator və şit avtomobil ona təhvil verilərkən mövcud olmuş, sonradan isə cavabdehin nəzarətində və faktiki sahibliyində olduğu müddətdə avtomobildən çıxarılmış və hazırda iddiaçıya qaytarılmamışdır. Detalların hansı şəraitdə itdiyinin cavabdeh tərəfindən müəyyən edilməməsi və bu halı təsdiq edən hər hansı sübutun təqdim olunmaması onun həmin detalların qaytarılmamasına görə məsuliyyətini aradan qaldırmamışdır. Həmçinin, avtomobilin tam təmir edildiyi və cavabdehin üzərinə götürdüyü öhdəliyi tam icra etdiyi qəbul edilsə belə, avtomobilin üzərində mövcud olmuş katalizator və şitin sonradan avtomobildən sökülməsi və hazırda harada olduğunun cavabdeh tərəfindən izah edilə bilməməsi məntiqli və əsaslandırılmış hesab edilə bilməz. Belə ki, avtomobilin tam və işlək vəziyyətdə iddiaçıya təhvil verilməsi öhdəliyini üzərinə götürmüş cavabdehin avtomobilin ayrılmaz və üzərində mövcud olan detallarının qorunmasını və nəticə etibarilə avtomobillə birlikdə iddiaçıya təhvil verilməsini təmin etməsi tələb olunurdu. Həmin detalların iddiaçıya qaytarılmaması, onların hansı səbəbdən və hansı şəraitdə itdiyini təsdiq edən sübutların cavabdeh tərəfindən təqdim edilməməsi, habelə 900 manat məbləğində dəyərin cavabdeh tərəfindən konkret şəkildə mübahisələndirilməməsi nəzərə alınmaqla, katalizator və şitin qaytarılması mümkün olmadığından onların ümumi dəyəri olan 900 manatın cavabdehdən tutulması barədə iddia tələbi əsaslı hesab edilməlidir. İş üçün çəkilmiş xərclərə münasibətdə məkhəmə tərkibi qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşdən görünür ki, birinci instansiya məhkəməsində keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 350 manat və mütəxəssisə ödənilən haqq olan 30 manat məbləğində vəsait iddiaçı İddiaçı tərəfindən qarşılanmışdır. Habelə “Qiymətləndirmə və Consulting mərkəzi” tərəfindən məhkəməyə ünvanlanmış məktubdan görünür ki, apellyasiya mərhələsində keçirilmiş qiymətləndirmə tədqiqatının dəyəri olan 350 manat da iddiaçı tərəfindən təşkilata ödənilmişdir. Məhkəmə tərkibi qeyd edir ki, iddia tələbi təmin edildiyindən, məhkəmə xərcləri iddiaçıya aid edilməməli, cavabdehdən tutularaq iddaiçıya verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə, qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Beləliklə məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmamış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etməmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə almamışdır. Daha sonra məhkəmə tərkibi qeyd etməyi lazım bilir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin qətnamələrindən kassasiya şikayəti verilə bilər. Göründüyü kimi hazırkı halda qətnamədən tərəflərin kassasiya şikayəti vermək hüququ yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə tərkibi qət etdi: İddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Hacıqabul Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi təmin edilsin. Cavabdeh Cavabdeh 3300 (üç min üç yüz) manat məbləğində pul, avtomobilin katalizatoru və şit, onların qaytarılması mümkün olmadığı halda isə ümumi dəyəri olan 900 (doqquz yüz) manat məbləğində pul-ümumilikdə 4200 manat məbləğində pul tutularaq iddiaçı İddiaçı verilsin. Keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 350 (üç yüz əlli) manat, mütəxəssisə ödənilmiş 30 (otuz) manat, qiymətləndirmə tədqiqatın dəyəri olan 350 manat məbləğində vəsaitdən ibarət məhkəmə xərcləri cavabdeh Cavabdeh tutularaq iddiaçı İddiaçı verilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar