Məhkəmə qərarları › İş №2(106)-2008/2023

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-2008/2023

25.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-2008/2023 25.12.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Mayılov Samir İlham oğlu (sədrlik edən, məruzəçi hakim), Əsədov İlham Qoşunəli oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, İmişli Rayon Məhkəməsinin e-2(036)-1736/2023 saylı, 02 oktyabr 2023-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 3421,21 manat məbləğində əsas borc, 1839,24 manat məbləğində faiz borcu, 2118,59 manat məbləğində cərimə borcu, Mülki Məcəllənin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün hesablanan 1129,44 manat faiz borcu olmaqla, cəmi 8508,48 manat borcun və iş üzrə ödənilmiş 106 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İmişli Rayon Məhkəməsinin 02 oktyabr 2023-cü il tarixli, e-2(036)-1736/2023 saylı qərardadı ilə (sədrlik edən hakim Ülvi Qənbərov) iş üzrə icraata xitam verilmişdir. Qərardaddan narazı qalan iddiaçı şikayət vermişdir. İmişli Rayon Məhkəməsinin 20 noyabr 2023-cü il tarixli, 2(036)-1736/2023 saylı qərardadı ilə apellyasiya şikayətinin Mülki Prosessual Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğu yoxlanılmış, İmişli Rayon Məhkəməsinin 02 oktyabr 2023-cü il tarixli, 2(036)-1736/2023 saylı qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin apellyasiya qaydasında baxılması üçün işlə birlikdə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Mülki iş İmişli Rayon Məhkəməsinin 28 noyabr 2023-cü il tarixli məktubu ilə Şirvan Apellyasiya Məhkəməsinə göndərilmiş, 07 dekabr 2023-cü il tarixində Şirvan Apellyasiya Məhkəməsinə daxil olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM-in) 397.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. MPM-in 267.1-ci maddəsinə əsasən, məhkəmə tərəfindən ayrıca akt şəklində qəbul edilmiş qərardaddan bu Məcəllədə göstərilmiş hallarda şikayət verilə bilər. MPM-in 267.2-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslər və qərardadın bilavasitə aid olduğu digər şəxslər şikayət vermək hüququna malikdirlər. MPM-in 267.3-cü maddəsinə əsasən, şikayət yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə verilir. MPM-in 269.1-ci maddəsinə əsasən, şikayətə qərardadı qəbul etmiş birinci instansiya məhkəməsi tərəfindən 3 gün müddətində yazılı icraat qaydasında baxılır. MPM-in 269.2-ci maddəsinə əsasən, şikayət əsaslıdırsa, hakim qərardadı dəyişdirir və ya ləğv edir və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirir. MPM-in 269.3-cü maddəsinə əsasən, əks təqdirdə bu şikayət baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə, bu Məcəllənin 32.5-ci maddəsində nəzərdə tutulmuş qaydada aidiyyət haqqında qərardaddan şikayət verildikdə isə həmin şikayət bu Məcəllənin 403-1.5-ci maddəsinin tələbləri izah edilməklə işdə iştirak edən şəxslərə rəsmi qaydada verilir və iş kasasiya instansiyası məhkəməsinə göndərilir. Göründüyü kimi, mülki prosessual qanunvericiliyin tələblərinə əsasən, qərardaddan verilən şikayətə onu qəbul etmiş birinci instansiya məhkəməsi tərəfindən 3 gün müddətində yazılı icraat qaydasında baxılmalı, nəticəsindən asılı olaraq sonrakı prosessual hərəkətlər yerinə yetirilməlidir. Birinci instansiya məhkəməsi isə qərardaddan verilən şikayətə 3 gün müddətində yazılı icraat qaydasında baxaraq, nəticəsindən asılı olaraq sonrakı prosessual hərəkətləri yerinə yetirməli olduğu halda, bunu etməmiş, yanlış olaraq apellyasiya şikayətinin MPM-in 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlamış, şikayətə baxmadan iş materialları ilə birlikdə baxılmasından ötrü birbaşa apellyasiya instansiyası məhkəməsinə göndərmişdir. Odur ki, İmişli Rayon Məhkəməsinin 02 oktyabr 2023-cü il tarixli, e-2(036)-1736/2023 saylı qərardadından iddiaçı tərəfindən verilmiş şikayət apellyasiya baxışından çıxarılmalı, mülki iş qərardaddan verilmiş şikayətə MPM-in 269-cu maddəsinin tələblərinə müvafiq olaraq baxılmasından ötrü İmişli Rayon Məhkəməsinə qaytarılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 263, 264, 267, 269 və 402ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İmişli Rayon Məhkəməsinin 02 oktyabr 2023-cü il tarixli, e-2(036)-1736/2023 saylı qərardadından iddiaçı tərəfindən verilmiş şikayət apellyasiya baxışından çıxarılsın və mülki iş qərardaddan verilmiş şikayətə Mülki Prosessual Məcəllənin 269-cu maddəsinin tələblərinə müvafiq olaraq baxılmasından ötrü İmişli Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar