Məhkəmə qərarları › İş №2(106)-2009/2023

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-2009/2023

11.12.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-2009/2023 11.12.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X2 Əsədov (sədrlik edən və məruzəçi), Samir İlham oğlu Mayılov və Tofiq Xudayar oğlu Heydərovdan ibarət tərkibdə, Elvin Nizami oğlu Hüseynovun katibliyi ilə, İddiaçı cavabdeh X4 qarşı zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Lerik Rayon Məhkəməsinin 07 sentyabr 2023-cü il tarixli qətnaməsindən cavabdeh X5 tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünü yoxlayaraq müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X3 5000 manat həcmində vurulmuş ziyan məbləği, 70 manat ödənilmiş dövlət rüsumu məbləği və vəkilə ödənilən 500 manat xidmət haqqı məbləği, cəmi 5570 manat tutularaq, onun hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Lerik Rayon Məhkəməsinin (hakim A.Kiçibəyov) 07 sentyabr 2023-cü il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, cavabdeh X3 vurmuç olduğu maddi zərərə görə 4590 manat manat pul, 500 manat pul vəkilə ödənilən xidmət haqqı və 70 manat ödənilmiş dövlət rüsumunun əvəzi tutularaq İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir. Qətnamədən cavabdeh X5 apellyasiya şikayəti vermişdir. Məhkəmə kollegiyası hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti qeyrimümkün hesab edilməli və mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. MPM-in 363.1.5-ci maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddələrində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında apellyasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə apellyasiya şikayəti geri qaytarılır. Beləliklə, Qanunun tələbinə görə, apellyasiya şikayəti elektron məhkəmə sisteminin tətbiq olunduğu məhkəmələrdə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə verilir. Hazırki halda E.Yusufov tərəfindən verilmiş apellyasiya şikayəti “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə verilməmişdir. Kollegiya qeyd edir ki, apellyasiya şikayəti verilərkən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə şikayət və ona əlavə edilmiş sənədlər şəxsin elektron imzası vasitəsilə imzalandıqdan sonra elektron sistemə yerləşdirilir. Bununla da apellyasiya şikayəti elektron kabinet vasitəsilə verilmiş hesab olunur. Lakin cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti elektron kabinet vasitəsilə deyil məhz poçt vasitəsilə kağız formada tərtib edilərək birinci instansiya məhkəməsinə göndərilmişdir. Bundan başqa, MPM-in 363.1.1-1-ci maddəsinə əsasən apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Azərbaycan Respublikasının MPM-nin hazırda qüvvədə olan 361.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş formada verilən apellyasiya şikayətində aşağıdakılar göstərilməlidir: şikayətin verildiyi məhkəmənin adı və ünvanı; şikayəti verən şəxsin soyadı, adı, atasının adı, (hüquqi şəxsə münasibətdə adı) şəxsiyyətini eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, işdə prosessual vəziyyəti; barəsində şikayət verilən məhkəmə aktı, onun qəbul edilmə tarixi, nəticə hissəsi, həmin aktı qəbul edən məhkəmənin adı; şikayəti verən şəxsin tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi; şikayət verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar; şikayət verən şəxsin istinad etdiyi konkret fakt və hallar, habelə onları təsdiq edən sübutlar; şikayətə əlavə edilən sənədlərin siyahısı. Cavabdeh E.Yusufov apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etsə də, iddiaya münasibətdə konkret tələbini, iddianın tam və yaxud qismən təmin edilib-edilməməsini, qismən təmin edildiyi halda hansı hissədə təmin edilməsini, yaxud hansı hissədə təmin edilməməsini göstərməmişdir. Apellyasiya şikayəti daxil olduqdan sonra, birinci instansiya məhkəməsi Azərbaycan Respublikasının MPM-nin 364-cü maddəsinin tələblərinə uyğun olaraq apellyasiya şikayətinin həmin Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verib-vermədiyini düzgün yoxlamadan mülki işi apellyasiya baxışına göndərmişdir. Halbuki, apellyasiya şikayəti Azərbaycan Respublikasının MPM-nin tələblərinə cavab verməmişdir. Yuxarıda göstərilənlər onu deməyə əsas verir ki, hazırkı şikayətə apellyasiya qaydasında baxılması üçün prosessual əsas yoxdur. Azərbaycan Respublikasının MPM-nin 366.2-ci maddəsinə əsasən apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul edilməmiş hesab edilə bilər. Beləliklə, Kollegiya hesab edir ki, Lerik Rayon Məhkəməsinin 07 sentyabr 2023-cü il tarixli qətnaməsindən cavabdeh X5 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyrimümkün hesab edilməli və apellyasiya şikayətinin geri qaytarılması üçün mülki iş Lerik Rayon Məhkəməsinə qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 363.1.1-1, 366.2, 366.3, 366.4, 400 və 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası qəraraaldı: Lerik Rayon Məhkəməsinin 07 sentyabr 2023-cü il tarixli qətnaməsindən cavabdeh X5 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilsin və apellyasiya şikayətinin geri qaytarılması üçün mülki iş Lerik Rayon Məhkəməsinə qaytarılsın. X1 Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına 10 gün müddətində kassasiya şikayəti vermək olar.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar