Məhkəmə qərarları › İş №2(106)-201/2024

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-201/2024

17.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-201/2024 17.01.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Mayılov Samir İlham oğlu (sədrlik edən, məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, Səfərov Rəşad Ramazan oğlunun katibliyi ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit üzrə borcun tutulması tələbinə dair” iddiası ilə bağlı mülki iş üzrə İmişli Rayon Məhkəməsinin e-2(036)- 2063/2023 saylı, 16 oktyabr 2023-cü il tarixli qətnaməsindən İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya icraatı qaydasında, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 0084075AZN24132 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 9435,55 manat əsas borc, 4210,86 manat faiz borcu, 2858,29 manat cərimə borcu olmaqla, cəmi 16504,70 manat, 41010AZNFK********** saylı kart hesabı üzrə texniki overdraft əməliyyatına əsasən 2 manat əsas borc, 0,54 manat cərimə borcu olmaqla, cəmi 2,54 manat borcun tutulması, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 140 manat dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onunla Cavabdeh arasında xx.xx.2021-ci il tarixdə Bank xidmətlərinin göstərilməsinə dair X2 xx.xx.2021-ci il tarixli, 1.1.4 nömrəli versiyasının şərtlərini qəbul etməsi barədə GTC-32325İB/2021 saylı Razılıq ərizəsi imzalanmışdır. Həmin Razılıq ərizəsini imzalayaraq borclu Cavabdeh www.pashabank.az saytında yerləşdirilmiş X1 qeyd edilmiş şərtləri (müvafiq redaksiyada) qəbul edir. Sonradan tərəflər arasında X4 çərçivəsində 0084075AZN24132 saylı, xx.xx.2021-ci il tarixli maliyyələşdirmə üçün ərizə forması imzalanmış, Bank tərəfindən borcalana xx.xx.2025-ci il tarixədək illik faiz dərəcəsi 29 faiz, illik cərimə faizi 180 faiz olmaqla, 10000 manat məbləğində istehlak xərcləri məqsədilə işçi krediti verilmişdir. Lakin borcalan həmin kredit üzrə öhdəliklərini vaxtında və lazımi qaydada icra etməmişdir. Kreditin müəyyənləşdirilən qaydada ödənilməsini həyata keçirmədiyi günlərin sayı 531 gün, kart hesabı üzrə 547 gün təşkil edir. Qeyd olunanlara əsasən Bank tərəfindən borcalana xəbərdarlıq məktubu göndərilmiş və Bank qarşısında olan öhdəliklərinin yerinə yetirilməsi xahiş olunmuş, əks halda qanunvericiliklə müəyyən olunmuş və müqavilə şərtində nəzərdə tutulmuş tədbirlərin görüləcəyi bildirilmişdir. Borcalan Cavabdeh xx.xx.2023-cü il tarixə İddiaçı ASC qarşısında öhdəlikləri aşağıdakı kimidir: - 0084075AZN24132 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 9435,55 manat əsas borc, 4210,86 manat faiz borcu, 2858,29 manat cərimə borcu olmaqla, cəmi 16504,70 manat; - 41010AZNFK********** saylı kart hesabı üzrə texniki overdraft əməliyyatına əsasən 2 manat əsas borc, 0,54 manat cərimə borcu olmaqla, cəmi 2,54 manat təşkil edir. X2 4-cü bölməsinin 3.11-ci bəndinə əsasən, kreditin əsas məbləği və ona hesablanmış faizlər ödəniş qrafikində və “Maliyyələşdirmə üçün ərizə” formasında göstərilən qaydada ödənilmədikdə gecikdirilmiş əsas məbləğə “Maliyyələşdirmə üçün ərizə” forması ilə müəyyən olunan qaydada və həcmdə cərimə faizi hesablanır. Cərimə faizi 2 qaydada müəyyən olunur: 1) kreditin müddəti bitənədək və 2) kreditin müddəti bitdikdən sonra. Kreditin müddəti bitənədək cərimə tətbiq olunduğu zaman kredit faizləri də öz növbəsində hesablanmağa davam edir. Eyni zamanda, X2 Bank xidmətlərinin göstərilməsi ilə bağlı tərəflərin hüquq və vəzifələrinə dair hissəsinə əsasən Bankın qüvvədə olan tariflərində nəzərdə tutulmuş müvafiq xidmət haqqını Banka ödəmək müştərinin vəzifəsidir. X2 5-ci bölməsinin 2.11-ci bəndinə əsasən kart üzrə texniki overdraft, yəni hesabın məzənnə fərqi və ya digər səbəblərdən mənfi balansa keçməsi halı baş verərsə, bu zaman bu növdən olan kart üzrə Bankın mövcud cərimə faizləri tətbiq olunacaq. Cərimə faizləri möhlət müddəti tətbiq olunmadan, texniki overdraft halının baş verdiyi gündən hesablanmağa başlayır. Eyni zamanda, X3 əsasən müştəri tərəfindən müqavilə öhdəlikləri yerinə yetirilmədikdə, Azərbaycan Respublikası qanunlarına əsasən məhkəmələrə və digər səlahiyyətli orqanlara müraciət etmək Bankın hüququdur. İmişli Rayon Məhkəməsinin 16 oktyabr 2023-cü il tarixli, e-2(036)-2063/2023 saylı qətnaməsi ilə (sədrlik edən hakim Ülvi Qənbərov) iddia tələbi qismən təmin olunmuş, Cavabdeh 9435,55 manat əsas borcun, 4597,93 manat faiz borcunun, 300 manat cərimə borcunun, 2 manat overdraft əməliyyatı üzrə borcun, 0,54 manat cərimə borcunun və ödənilmiş dövlət rüsumuna görə 143 manatın tutulub İddiaçı ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Qətnamədən narazı qalan İddiaçı ASC apellyasiya şikayəti vermiş, apellyasiya şikayətində İmişli Rayon Məhkəməsinin 16 oktyabr 2023-cü il tarixli, e-2(036)-2063/2023 saylı qətnaməsinin 0084075AZN24132 saylı maliyyələşdirmə üçün ərizə üzrə cərimə borcunun təmin edilməmiş hissəsində ləğv edilməsini və iddia tələbinin həmin hissədə tam təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətini iddia ərizəsinin dəlilləri və onunla əsaslandırmışdır ki, qətnamə cərimə borcunun təmin edilməyən hissəsində əsassızdır. Cavabdeh 0084075AZN24132 saylı maliyyələşdirmə üçün ərizə üzrə kreditin müəyyənləşdirilən qaydada ödənilməsini 600 gün gecikdirmişdir. Cavabdehdən müvafiq olaraq 3470,33 manat məbləğində cərimə borcunun tutulması məhkəmədən tələb edilmişdir. Birinci instansiya məhkəməsi isə iddia tələbinin əsas borc və faiz borcu hissəsi ilə razılaşsa da, iddiaçı tərəfindən hesablanan cərimə (dəbbə) borcunu yüksək hesab edərək kəskin surətdə azaltmışdır. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Maddənin mənasından belə başa düşmək olar ki, burada cərimə məbləğinin azaldılması imperativ norma kimi qeyd edilməmişdir və qanunu tətbiq edən orqanın öhdəliyinə buraxılmışdır. Eyni zamanda, maddədə “tənasübsüz” (uyğunluğu olmayan; əndazəsiz, uyğunsuz) deyilərkən bu anlayışın hansı meyarlar əsasında müəyyən edilməsi qeyd edilməsə də, hüquq düşüncəsinə və mülki qanunvericilikdə ağlabatanlıq anlayışına əsasən bu norma tətbiq edilərkən əsas borcun cəriməyə olan nisbətinin ağlabatanlığının nəzərə alınması maddənin ruhundan duyulur. İddiaçı məhkəmənin qeyd etdiyi əsaslandırıcı məqam üzrə bildirmək istəyir ki, burada məhkəmə hesablanan cərimə pulunun tənasübsüz surətdə yüksək olduğunu qeyd etsə də, bunu qanuni əsasla izah etməmiş, heç bir sübuta əsaslanmamışdır və bununla da qətnamənin məzmununda qeyri-müəyyənlik yaratmışdır. Həmçinin borcalan Cavabdeh müqaviləni imzalayarkən müqavilə azadlığı prinsipinə əməl olunmuş və cərimə faizlərinin hesablanmasına razılığını bildirmişdir. Qanunvericilik öhdəliyin icrasının təmin edilməsi üsullarından biri kimi dəbbə pulunu (cərimə, penya) müəyyən etməklə kreditorlara dəyə biləcək zərərlərin qarşısını almaq məqsədi güdmüşdür. MM-in 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə, öz qətnaməsində bu normaya istinad etməmiş, ümumiyyətlə cavabdehin risk dairəsinə aid olan öhdəlikləri düzgün müəyyən etməmişdir. Qətnamədən də göründüyü kimi, məhkəmə Mülki Prosessual Məcəllənin 88-ci, 217.1-ci, 220.1-ci və 220.4-cü maddələrini nəzərə almamışdır. Qanunun müəyyən etdiyi imperativ tələblərə riayət edilmədən tərtib edilmiş məhkəmə qətnaməsi isə qanuni və əsaslı hesab edilə bilməz. Hazırkı mübahisədə cavabdehin müqavilə üzrə yaranmış cərimə borcu məbləğinin müəyyən edilməsi mühüm əhəmiyyət kəsb edən məsələdir ki, bu da işin faktiki hallarına aiddir. Məhkəmə tərəfindən işin faktiki halları araşdırılmadan cərimə məbləği əsassız surətdə azaldılmışdır. Məhkəmə cərimə məbləğini azaltdıqda öhdəliyin icrasının gecikdirilməsi müddətlərini nəzərə almamışdır. Belə ki, cavabdeh tərəfindən 0084075AZN24132 saylı maliyyələşdirmə üçün ərizə üzrə kreditin müəyyənləşdirilən qaydada ödənilməsini həyata keçirilmədiyi günlərin sayı müvafiq olaraq 600 gün olduğundan cərimə məbləğinin məhkəmə tərəfindən 300 manat məbləğində müəyyən edilməsi həmin günlərə mütənasib deyil. Bu səbəbdən də qətnamə ilə müəyyən edilən cərimə məbləği əsaslı hesab edilə bilməz. İşin hallarının prosessual qanunvericiliklə müəyyən edilmiş qaydada araşdırılmaması və qiymətləndirilməməsi qətnamədə göstərilmiş nəticələrin işin hallarına uyğun gəlməməsinə dəlalət edir. Məhkəmə iclasının vaxtı və yeri barəsində qanunvericiliklə müəyyən edilmiş qaydada məlumatlandırılmalarına baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş, nümayəndə ilə təmsil olunmamışlar. İddiaçı “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə ərizə verərək, apellyasiya şikayətini müdafiə etdiklərini, lakin üzrlü səbəblərdən məhkəmə iclasında iştirak edə bilməyəcəklərini bildirmiş, məhkəmə iclasının iştirakları olmadan keçirilməsini, İmişli Rayon Məhkəməsinin 16 oktyabr 2023-cü il tarixli, e-2(036)-2063/2023 saylı qətnaməsinin cərimə borcunun tutulması hissəsində ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM-in) 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Hazırkı halda iddiaçı birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədən narazı qaldığını bildirərək qətnamənin qismən – iddia tələbinin cərimə borcuna dair təmin edilməmiş hissəsində ləğv edilməsini xahiş etməklə, qətnaməni qismən mübahisələndirmişdir. Ona görə də məhkəmə kollegiyası qətnamənin mübahisələndirilən hissədə yoxlanılmasını və hüquqi qiymət verilməsini düzgün hesab edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. İşdəki bank xidmətlərinin göstərilməsinə dair X2 1.1.4 nömrəli, xx.xx.2021-ci il tarixli versiyasının 4-cü bölməsinin 3.11-ci bəndinə əsasən, kreditin əsas məbləği və ona hesablanmış faizlər ödəniş qrafikində və “Fərdi müştərilərin maliyyələşdirilməsi üçün ərizə” formasında göstərilən qaydada ödənilmədikdə gecikdirilmiş əsas məbləğə “Fərdi müştərilərin maliyyələşdirilməsi üçün ərizə” forması ilə müəyyən olunan qaydada və həcmdə cərimə faizi hesablanır. Cərimə faizi 2 qaydada müəyyən olunur: 1) kreditin müddəti bitənədək və 2) kreditin müddəti bitdikdən sonra. Kreditin müddəti bitənədək cərimə tətbiq olunduğu zaman kredit faizləri də öz növbəsində hesablanmağa davam edir. İşdəki bank xidmətlərinin göstərilməsinə dair X2 xx.xx.2021-ci il tarixli, 1.1.4 nömrəli versiyasının şərtlərinin qəbul edilməsi barədə GTC-32325İB/2021 nömrəli, 19 avqust 2021ci il tarixli razılıq ərizəsinin surətindən görünür ki, müştəri Cavabdeh bu razılıq ərizəsini imzalamaqla, bank xidmətlərinin göstərilməsinə dair X2 Bankın rəsmi internet səhifəsində https://pashabank.az/gsa/lang.az/ linki üzrə yerləşdirilən xx.xx.2021-ci il tarixli, 1.1.4 nömrəli versiyasını diqqətlə oxuduğunu, onun bütün şərtlərini, müştəriyə aid hüquq və vəzifələri başa düşdüyünü təsdiq etmiş və bu şərtlərə razı olduğunu bildirmişdir. İşdəki 0084075AZN24132 nömrəli, 19 avqust 2021-ci il tarixli fərdi müştərilərin maliyyələşdirilməsi üçün ərizənin surətindən görünür ki, Cavabdeh 05 avqust 2025-ci il tarixədək illik faiz dərəcəsi 29%, illik cərimə faizi 180% olmaqla 10000 manat məbləğində istehlak xərcləri məqsədilə işçi krediti verilmişdir. İşdəki İddiaçı ASC-nin xx.xx.2023-cü il tarixli maliyyə arayışının surətindən görünür ki, Cavabdeh 20 iyun 2023-cü il tarixinə İddiaçı ASC qarşısındakı öhdəlikləri aşağıdakı kimidir: 1) 0084075AZN24132 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 9435,55 manat əsas borc, 4210,86 manat faiz borcu, 2858,29 manat cərimə borcu olmaqla, cəmi 16504,70 manat təşkil edir. Gecikmə gününün sayı – 531; 2) 41010AZNFK********** saylı kart hesabı üzrə texniki overdraft əməliyyatına əsasən 2 manat əsas borc, 0,54 manat cərimə borcu olmaqla, cəmi 2,54 manat təşkil edir. Gecikmə gününün sayı – 547. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İddiaçı iddia ərizəsində cavabdehdən 0084075AZN24132 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 9435,55 manat əsas borc, 4210,86 manat faiz borcu, 2858,29 manat cərimə borcu olmaqla, cəmi 16504,70 manat, 41010AZNFK********** saylı kart hesabı üzrə texniki overdraft əməliyyatına əsasən 2 manat əsas borc, 0,54 manat cərimə borcu olmaqla, cəmi 2,54 manat borcun tutulması, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 140 manat dövlət rüsumunun iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, İmişli Rayon Məhkəməsi isə 16 oktyabr 2023-cü il tarixli, e- 2(036)-2063/2023 saylı qətnaməsi ilə iddia tələbini digər hissələrdə tam, cərimə borcuna aid hissədə isə qismən təmin edərək, Mülki Məcəllənin 467-ci maddəsinə istinad etməklə cərimə məbləğini 300 manatadək azaltmışdır. İddiaçı apellyasiya şikayətində qətnaməni məhz cərimə borcuna dair iddia tələbinin təmin edilməmiş hissəsində mübahisələndirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 iyul 2014-cü il tarixli Qərarında qeyd olunur ki, Mülki Məcəllənin 467-ci maddəsində mülki hüquq subyektlərinin iradə azadlığı prinsipinə uyğun olaraq, həmin subyektlər arasında öhdəlik münasibətləri pozulduqda bir tərəfin digər tərəfə dəbbə pulu (penya) ödəyəcəyi barədə razılaşdırılmış məbləğin tam həcmdə ödənilməsi ədalətsizliyə səbəb olarsa, məhkəmə tərəfindən bu məbləğin azaldılmasının mümkün olduğu müəyyən edilmişdir. “"xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 21 yanvar 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 iyul 2021-ci il tarixli Qərarında qeyd edilmişdir ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Qeyd olunan maddənin mənasına görə, dəbbə pulunun məbləği öhdəliyin pozulmasının əmələ gətirdiyi nəticələrə açıq-aşkar uyğun gəlmədiyi, yəni dəbbə pulunun məbləği kreditorun (lizinq verənin) reallıqda məruz qaldığı zərərdən əhəmiyyətli dərəcədə çox olduğu hallarda məhkəmə dəbbə pulunu tənasübsüz surətdə yüksək müəyyənləşdirilmiş hesab edərək azalda bilər. Qeyd edilən normaların tələblərini və Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyini nəzərə alan məhkəmə kollegiyası bildirir ki, birinci instansiya məhkəməsi cərimə məbləğinin azaldılaraq 300 manat məbləğində müəyyən edilməsi nəticəsinə gəlməkdə haqlı olmuşdur. Belə ki, 9435,55 manat əsas borc məbləğinə görə 2858,29 manat cərimə borcunun hesablanması tənasübsüz surətdə yüksək olmuşdur. Həmçinin, hesablanmış cərimə məbləği öhdəliyin pozulmasının əmələ gətirdiyi nəticələrə də açıqaşkar uyğun gəlmir və dəbbə pulunun tələb olunan məbləği iddiaçının reallıqda məruz qaldığı zərərdən əhəmiyyətli dərəcədə çox olmuşdur. Qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Həmçinin, iddiaçı apellyasiya şikayətində cavabdehdən 3470,33 manat məbləğində cərimə borcunun tutulmasının tələb edildiyini qeyd etmiş olsa da, iddia ərizəsindən də göründüyü kimi, cavabdehdən tələb olunan cərimə borcunun məbləği cəmi 2858,29 manat təşkil etmişdir. MPM-in 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. MPM-in 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. MPM-in 402.1-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırkı iş üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olduğuna görə qətnamədən kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən və MPM-in 382, 384.0.1, 385.2, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İmişli Rayon Məhkəməsinin 16 oktyabr 2023-cü il tarixli, e-2(036)-2063/2023 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlansın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar