Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-2017/2025 03.02.2026 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X1 Əsədov (sədrlik edən və məruzəçi), X2 və Tofiq Xudayar oğlu Heydərovdan ibarət tərkibdə, Zaur Nəsir oğlu Dəmirovun katibliyi, tərəflərin iştirakı ilə, Masallı Rayon Məhkəməsinin 21 oktyabr 2025-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ona vurduğu ziyana görə 7800 manat məbləğində pulun və 98 manat ödədiyi dövlət rüsumunun əvəzinin alınaraq ona verilməsini xahiş etmişdir. İddiaçı tələbini aşağıdakı kimi əsaslandırmışdır: Cəlilabad rayonu, Göytəpə şəhəri, M.Əzizbəyov küçəsi, ev 1-də yaşayır. Kənd təsərrüfatı torpaqlarının əkilib becərilməsi ilə məşğul olaraq ailəsini dolandırır. Cavabdehin torpaq sahəsini icarəyə verə biləcəyini eşidib onunla tanış olmuş, Masallı rayon Təzə Alvadi kəndində yerləşən torpaq sahəsinə baxdıqdan sonra, cavabdeh 1,5 hektar torpaq sahəsini ona əvvəlcə 2 illiyə icarəyə verə biləcəyini bildirmişdir. Torpaq sahəsinin bir illik icarəsi üçün 1200 manat müqabilində razılıq əldə etmişlər. 2023-cü ilin may ayı cavabdehə 2400 manat icarə pulunu verdikdən sonra sahədə işə başlamışdır. 1 aya yaxın işlədikdən sonra, cavabdeh onun yanına gələrək əlavə 2 illik də torpaq sahəsini icarə vermək istədiyini bildirib ondan pul istəmişdir. Cavabdeh əlavə 2 il üçün torpaq sahəsinin icarəsinə görə hər il üçün 200 manat aşağı qiymətə, yəni 2000 manata icarə vermək istədiyini ona demişdir. 2023-cü ilin iyun ayında cavabdehə növbəti iki il üçün torpaq sahəsinin icarə haqqından 1500 manat vermiş, 500 manat isə borcu qalmışdır. 2024-cü ilin may ayında icarə pulundan borclu qaldığı 500 manat pulu vermiş, əlavə olaraq da 800 manat pulu borca vermişdir. Əvvəlki torpaq sahəsinin illik vaxtı çatdıqdan sonra cavabdeh onunla razılaşmanı pozaraq, əlavə iki il üçün torpaq sahəsini icarəyə verməkdən imtina etmişdir. Bununla bağlı torpaq sahəsində bir neçə dəfə mübahisələri olmuş, bir-birilərinə qarşı polisə şikayətlər etmişlər. Cavabdeh polis şöbəsində ona 2800 manat borclu olduğunu etiraf etmişdir. Ona sonuncu dəfə icarə pulundan qalan borcu və eyni zamanda borc məqsədi ilə 800 manatı verməsi aralarında olan danışığın qeydə alınmış səs yazısı ilə də tam təsdiq edilir. Həmçinin o, cavabdehdən icarəyə götürdüyü torpaq sahəsinə 5000 manat dəyərində xərc çəkmişdir. Həmin xərcləri torpaq sahəsindən 4 il istifadə edəcəyinə görə çəkmişdir. Belə ki, 1,5 hektar torpaq sahəsinə 2 ədəd artezan quyu qazdırmış, uzaq məsafədən elektrik xətti çəkdirmiş, sahəyə kamera sistemi çəkdirmiş və əkin sahəsini damcı sulama sistemi ilə təchiz etmişdir. Cavabdeh hazırda onu 4 illik icarə məqsədi ilə götürdüyü torpaq sahəsindən istifadə etməsinə manelər yaratmaqla, son iki il üçün icarə hüququndan istifadə edə bilməmişdir. Məcburiyyət qarşısında qalaraq məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsində iddiaçı izahatında qeyd etmişdir ki, cavabdeh onun sahəsində əlavə olaraq işçi kimi torpaq sahəsini suvarmaq üçün 78 gün işləmiş və onun hər işlədiyi gün üçün 20 manatdan işçilik pulunu vermişdir. Ona gördüyü işlə bağlı hər hansı məbləğdə borcu qalmamışdır. Halbuki, həmin işi digər işçilər günü 15 manatdan görürlər. Həmçinin, torpaq sahəsinə xərcləri çəkərkən 4 il ərzində həmin torpaqdan istifadə edəcəyini düşünmüşdür. Hazırkı vəziyyətdə həmin torpaqdan istifadə edə bilmədiyindən çəkilmiş xərc olaraq 5000 manat pulun da cavabdehdən tutulmasını istəyir. Birinci instansiya məhkəməsində Cavabdeh iddianı qəbul etməmiş və izahatında bildirmişdir ki, iddiaçı ilə münasibətləri yaxşı olmuş, onunla ilk əvvəl torpaq sahəsini iki illik icarəyə vermək üçün 2400 manata razılaşaraq həmin məbləğdə pulu iddiaçıdan alaraq torpağı ona icarəyə vermişdir. İkinci dəfə də iki illik icarə üçün eyni qiymətə razılaşmış, bu dəfə əvvəlcədən 1500 manat almış, qalan pulu isə sonra alacağı barədə razılaşmışlar. Sonradan onun sürücülük vəsiqəsi lazım olduğundan iddiaçıdan 1300 manat, daha sonra ehtiyacı olduğundan 40 manat, 300 manat və 150 manat pul almışdır. Qeyd edilən pullar nə icarə, nə də ki borc pul olmuşdur. Çünki iddiaçının sahəsində 78 gün suvarma işləri görmüş və qaravulçu işləmiş, bir gün üçün 40 manatdan olmaqla iddiaçı ona 3120 manat pul ödəməli idi. Nəticədə sonrakı iki illik icarə üçün aldığı 1500 manat pul və daha sonradan aldığı pulları gördüyü işlərin zəhmət haqqı olaraq əvəzləşdirmiş, bu səbəbdən iddiaçıdan zəhmət haqqı kimi hər hansı məbləğdə pul almamışdır. Ona görə də iddiaçının tələb etdiyi pullar ona olan borcuna çıxılarsa, əslində iddiaçının ona borcu vardır. Torpağa çəkilmiş xərclərin ondan tələb edilməsi tam olaraq əsassızdır. Çünki iddiaçı birinci dəfə torpağı iki illik icarəyə götürərkən həmin torpaqdan iki illik istifadə edəcəyini bilmiş və qeyd etdiyi xərcləri çəkmişdir. Masallı Rayon Məhkəməsinin (hakim Coşqun Abdullayev) 21 oktyabr 2025-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh 2800 manatın və dövlət rüsumu kimi ödənilmiş 98 manat məbləğində pul vəsaitinin 48 manat məbləğində hissəsinin alınaraq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi iddianı təmin edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 706.1, 706.3, 710.1, 710.3, 714.3, 739.1, 1091.1, 1091.2, 1092.1-ci maddələrinə istinad etmişdir. Qətnamədən Cavabdeh apellyasiya şikayəti vermişdir. Apellyasiyaşikayətinindəlilləri Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanunsuz və əsassızdır. Cavabdeh şikayətində göstərmişdir ki, iddiaçının xahişi ilə və aralarında olan şifahi razılaşma əsasında 2023-cü ilin may ayında o, 1.50 hektar torpaq sahəsini çiyələk məhsulları əkmək üçün İddiaçı icarəyə vermişdir. Razılığa əsasən illik 1 hektar üçün 1000 manat icarə haqqı ödənməli idi. O torpaq sahəsini 2 illik icarəyə vermiş və iddiaçı 2024-2025-ci illər üçün həmin torpağı əkib istifadə etmişdir. İddiaçı icarə haqqına görə ona 3000 manat verməli olduğu halda cəmi 2400 manat pul vermişdir. Bundan başqa, o həmin ərazidə icarəçinin razılığı ilə 1.50 ha və icarəçinin özünə məxsus əlavə 2 hektar torpaq sahəsinə nəzarət etmiş və həmin ərazidə əkilmiş çiyələk məhsullarını suvarmışdır. O, ümumilikdə 78 gün iddiaçının istifadəsində olan çiyələk sahəsində işləmiş və aralarında olan razılaşmaya əsasən icarəçi günlük ona 40 manat əmək haqqı ödəməyi öhdəsinə götürmüşdür. 78 gün üçün 40 manat əmək haqqı, cəmi 3120 manat edir və iddiaçının həmin puldan hətta 130 manat ona borclu qalmışdır. Aralarında olan razılaşmanı məhkəmədə iddiaçı özü də etiraf etmiş, lakin günü 20 manata çalışdığını göstərmişdir. Halbuki, həmin ərazidə 4 hektar torpağın günlük nəzarət etmək haqqı 40 manatdan aşağı mövcud deyil və 4 hektar ərazi üçün 20 manat günlük zəhmət haqqı ağlabatanda deyildir. Doğrudur, iddiaçıdan 1500 manat və 1300 manat pul almış, lakin onun əvəzində o, iddiaçı üçün işləmiş və həmin pulla onun əmək haqqısı əvəzləşdirilmişdir. Ümumiyyətlə sahədə işləyən fəhlələr pul lazım olan zaman icarəçidən əvvəlcədən alırıq və daha sonra işlədikcə günlük haqqını həmin puldan çıxır. Buna görə də hazırda onun iddiaçıya borcu yoxdur. İddiaçıdan borc almış və əvəzində onun sahəsində 78 gün 40 manatdan işləmiş və nəticədə borcu əvəzləşdirilmişdir. Cavabdehin apellyasiya şikayətinə görə, onunla iddiaçı arasında şifahi razılaşma 2023cü ilin may ayında olmuş və aralarındakı razılığa əsasən iddiaçı icarə haqqına görə ona 2400 manat ödəmiş, 600 manat borclu qalmışdır. İddiaçı onun qarşısında götürdüyü öhdəliyi icra etməmişdir, bundan başqa, o, iddiaçıya icarəyə verdiyi torpaqda və onun öz torpağında əkmiş olduğu çiyələk sahəsində gecələr 15 saat qarovulçu və ərazini sulayan kimi işləmiş, həm ərazini qorumuş həm də fəhləlilik etmişdir. Onun həmin ərazidə 78 gün işləməyini iddiaçı özüdə təsdiqləmişdir. O həm qarovulçu, həm suçu, həm də fəhlə kimi işləmiş və gündə 15 saat orada çalışmış, hər gecə sahədə qalmışdır. Buna görə də ona günlük 40 manat ödəməyi iddiaçı öhdəsinə götürmüşdür. Həmin işlərin günlük 15-20 manata görülməsi də mümkün deyil. Hazırda Masallı rayonu üzrə günlük 15-20 manata fəhlə yoxdur, qaldı ki, gecə saatlarında ümumiyyətlə o qiymətə fəhlə tapıla bilməz. O, 78 gün 40 manatdan işləmiş və aldığı pulların əvəzində günlük əmək haqqından çıxılmışdır. İddiaçı onun qohumu deyil və ya dostu deyil, o, onun sahəsində fəhlə işləmiş və ondan aldığı borcu günlük işlədiyi puldan çıxmışdır. 40 manat 78 gündən hesablandıqda 3120 manat edir ki, onda iddiaçıdan 2800 manat aldığı borcu həmin puldan gündəlik çıxmışdır. Yəni hazırda onun iddiaçıya borcu yoxdur. Məhkəmə həmin halları araşdırmamışdır. O həmin pul məbləğini iddiaçıdan tələb etməmiş, iddiaçı isə əksinə ondan əsassız olaraq pul tələb edir, halbuki o onun qarşısında hər hansı öhdəlik götürməmişdir. İzahatlar Apellyasiya baxışında Cavabdeh apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, izahatında bildirmişdir ki, qeyd olunan torpaq sahəsini iki illik icarəyə vermişdir. 2023-cü ilin may ayında torpaq sahəsinin hektarın 1000 manata razılaşmışlar. Sonrakı illər üçün iddiaçıdan əvvəlcə 1500 manat, sonra 1300 manat, sonda isə 150 manat almışdır. Özü də orada günü 40 manata işləməyə və 4 hektar torpaq sahəsinə baxmağa razılaşmışdır. İddiaçı onun barəsində Polisə də müraciət etmişdir, orada guya o etiraf etmişdir ki, 2500 manat İddiaçı borcu var. İddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsi qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmiş və izahatında bildirmişdir ki, qeyd olunan torpaq sahəsini 2023-cü ilin may ayında hektarını 800 manata iki illik icarəyə götürməyə razılaşmış, cavabdehə 2400 manat ödəniş etmiş, həmçinin onunla həmin torpaq sahəsinə baxmaq üçün günü 20 manata danışmış və hər on gündə bir 200 manat cavabdehə vermişdir. Sonradan o, növbəti iki il üçün cavabdehə əvvəlcə icarə haqqı olaraq 1500 manat vermiş, 500 manatı sonra verəcəyini bildirmişdir. Cavabdeh ona zəng edərək atasının xəstə olduğunu bildirmiş, sonrakı iki ilin də tam pulunu və ya borca pul istəmişdir. O isə 1300 manat vermiş, onun bir hissəsini icarə haqqı kimi, bir hissəsini borc olaraq vermişdir. Lakin sonra cavabdeh onu torpaq sahəsindən çıxarmışdır. Hazırda torpaq sahəsini cavabdehin yeznəsi əkir. Cavabdehin gündəlik muzd pulunu isə ona həmişə vaxtında ödəmişdir. Əsaslandırma Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 372.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Cavabdeh qətnamənin iddianın təmin olunmasına dair hissəsini mübahisələndirmişdir. Ona görə qətnamə cavabdehin apellyasiya şikayəti həddində- iddianın təmin olunmasına dair hissədə yoxlanılmışdır. Məhkəmə Kollegiyası məruzəni, izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. İşin faktiki hallarından görünür ki, tərəflər arasında şifahi razılaşmaya uyğun olaraq cavabdeh özünə məxsus 1,5 ha torpaq sahəsini iki illik, yəni 2023-2024-cü mövsüm illəri üçün 2400 manat müqabilində iddiaçıya icarəyə vermiş, razılaşdırılmış məbləğ 2023-cü ilin may ayında iddiaçı tərəfindən Cavabdeh ödənilmişdir. Bundan sonra torpaq sahəsinin növbəti iki il üçün icarəsi məqsədi ilə tərəflər arasında danışıq olmuş və iddiaçı tərəfindən əvvəlcə 1500 manat, sonra 1300 manat ödənişlər edilmişdir. Sonra tərəflər arasında sövdələşmə pozulmuşdur. İddiaçı sonuncu verilən məbləğləri və torpaq sahəsinə çəkilən xərcləri cavabdehdən tələb edir. İddiaçının tələbi iki hissədən ibarətdir. İddiaçı tələbində istifadə etmədiyi torpaq sahəsi üçün icarə haqqı kimi ödədiyi məbləği, o cümlədən torpağa çəkilmiş xərcləri və cavabdehə borc olaraq verdiyi məbləği tələb etmişdir. İddiaçının tələbinin qanuni əsasını 1091-1092-ci və 739.1-ci maddələri təşkil edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin : 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçı tələbində göstərmişdir ki, 2023-cü ilin iyun ayında cavabdeh növbəti iki il üçün torpaq sahəsini ona 2000 manata icarəyə verməyə razılaşmışdır. Həmin məbləğdən 1500 manat vermiş, 500 manat cavabdehə borcu qalmışdır. Sonra cavabdeh ondan yenə pul istəmişdir: 2024-cü ilin may ayında icarə pulundan borclu qaldığı 500 manat, əlavə olaraq borca. Ona görə də o, cavabdehə əlavə olaraq 1300 manat (500 manat icarə haqqının qalığı, 800 manat borc olaraq) vermişdir. Buna baxmayaraq cavabdeh razılaşmanı pozmuş, onu torpaq sahəsindən çıxarmışdır. Torpaq sahəsinə əlavə xərc də çəkmişdir. Ona görə də həmin məbləği tələb edir. Cavabdeh iddia tələbinə etiraz edərək qeyd edilən torpaq sahəsini ikinci dəfə icarəyə vermək məqsədi ilə iddiaçı ilə 2400 manat müqabilində razılaşdığını, iddiaçının həmin puldan ona 1500 manat verdiyini, sonradan borc məqsədi ilə iddiaçıdan aldığı 1300 manat pulun icarə puluna heç bir aidiyyəti olmadığını qeyd etmişdir. Belə ki, iddiaçı ilə razılaşaraq, həmin torpaq sahəsində gündəlik 40 manat olmaqla, suvarma işləri görməklə ərazinin mühafizəsini təşkil etmiş və bütövlükdə 78 gün orada işləmişdir. İşlədiyi günlərin pullarını hesabladıqda o, həm növbəti iki illik torpağın icarəsi məqsədi ilə aldığı 1500 manatı və əlavə olaraq sonradan aldığı 1300 manat borc pulu iddiaçıya qaytarmışdır. O, iddiaçıdan aldığı pulları işləyərək qaytardığından torpağın növbəti iki illik icarəyə verilməsi fikrindən daşınmış və iddiaçının müqavilə müddəti bitdiyindən torpaq sahəsini tərk etməsini tələb etmişdir. Kollegiya tərəflərin izahatlarına qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi tərələr arasında yaranmış münasibətlərə düzgün hüquqi qiymət vermiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Hər iki tərəfin izahatlarından bəlli olur ki, iddiaçı cavabdehə torpaq sahəsinin icarəsinə görə növbəti illər üçün əvvəlcə 1500 manat, sonra əlavə olaraq 1300 manat pul məbləği vermiş, sonra tərəflər arasında narazılıq olduğundan onların arasında olan sövdələşmə pozulmuş, cavabdeh iddiaçını torpaq sahəsindən çıxarmışdır. Məhkəmə hesab etmişdir ki, cavabdeh iddiaçı ilə şifahi qaydada razılaşmaqla torpağın icarəsi məqsədi ilə 2000 manat pulu ələ keçirməklə əsassız varlanmış, eyni zamanda cavabdeh borc məqsədi ilə aldığı 800 manatı iddiaçıya geri qaytarmamışdır. Kollegiya qeyd edir ki, Mülki Məcəllənin 1091-ci maddəsinin dispozitiv şərtlərinin ödənilməsi üçün bu cür varlanmaya haqq verən hər hansı qanuni əsas və ya müqavilə əsası olmamalıdır. Bu zaman zərərçəkənlə əldə edən arasında varlanma obyektinə dair hər-hansı qanuni razılaşma baş vermir, əldə edən qanunla və ya müqavilə (razılaşma) əsasında əmlak əldə etmir. Bu, həmçinin o halda baş verir ki, zərərçəkən, əldə edənlə qanuni razılaşmadan kənar ödəniş edir, ödənişlərdə yanılmış olur, əldə edən bilərəkdən və ya bilməyərəkdən razılaşmadan kənar artıq ödəniş əldə edir, əldə edənə məxsus borc zərəçəkəndən tutulur və i.a. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, əvvəl razılaşma olsa belə, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Kollegiya hesab edir ki, hazırki halda Mülki Məcəllənin 1091-ci maddəsinin dispozitiv şərtləri ödənilir. Tərəflər arasında torpaq sahəsinin növbəti iki il üçün icarəyə verilməsinə dair razılaşma pozulmuşdur. Ona görə də iddiaçı ödədiyi məbləği geri tələb etməkdə haqlıdır. Eləcə də iddiaçı cavabdehə borc olaraq verdiyi məbləği tələb etmişdir. Cavabdeh tərəf etirazında tələb edilən pul məbləğini, iddiaçı tərəfindən ona verilən plun miqdarını mübahisələndirməmiş, göstərmişdir ki, o, iddiaçı üçün orada fəhlə işləmiş və günlük pulunun müəyyən hissəsini əvvəlcədən ehtiyac olduğu üçün almış, daha sonra işlədikcə həmin puldan çıxılmışdır. Hazırda onun iddiaçıya borcu qalmamışdır. Kollegiya hesab edir ki, cavabdeh tərəf öz etirazını- icarə haqqına görə ödənilmiş pulun əvəzləşdirilməsini, eləcə də iddiaçıdan götürdüyü borcun qaytarılmasını sübuta yetirə bilməmişdir. Beləliklə, Kollegiya cavabdehin apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayətində göstərilənlər qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas deyil. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən, şikayətin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 372, 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq Məhkəmə Kollegiyası, qətetdi: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Masallı Rayon Məhkəməsinin 21 oktyabr 2025-ci il tarixli, 2(050)-2968/2025 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(106)-2017/2025
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-2017/2025
03.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver