Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-202/2023 15.02.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Mayılov Samir İlham oğlu (sədrlik edən, məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və X1 ibarət tərkibdə, Gülüşov İsmayıl Cəbrayıl oğlunun katibliyi, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borc tələbinə dair” iddiası ilə bağlı mülki iş üzrə Astara Rayon Məhkəməsinin 2(018)-271/2022 saylı, 04 oktyabr 2022-ci il tarixli qətnaməsindən cavabdehlər tərəfindən birgə verilmiş apellyasiya şikayətinə əsasən işə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 29500 manat verilmiş borcun və ödənilmiş 126 manat dövlət rüsumunun alınaraq onun xeyrinə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onun cavabdehlər ilə yaxın münasibətləri olmuşdur. Onlar ayrı-ayrı vaxtlarda müxtəlif səbəblərə görə iddiaçıdan borc pul istəmişlər. Səbəb kimi isə faizə borc götürdüklərini və onu qaytarmaq istədiklərini bildirmişlər. Həm də 2018-ci ildə yeznəsi X2 həbs edildiyindən onu qurtarmaq üçün pul lazım olduğunu bildirmişlər. Cavabdehlər iddiaçının torpaqlarını satdığını və onda pul olduğunu bilirdilər. İddiaçı da etibar etdiyinə görə qaytarmaq şərtilə cavabdehlərə 29500 manat borc pul vermişdir. Hətta aralarındakı münasibətlər yaxşı olduğundan onlardan qəbz də almamışdır. Sonradan aradan müəyyən müddət keçdiyi üçün borcunun qaytarılmasını tələb etmişdir. Cavabdehlər iddiaçını şərəfi və ləyaqətini ləkələyən ifadələrlə təhqir etdikləri üçün o, “102” xidmətinə 22 aprel 2021-ci il tarixdə zəng etmiş, onların hərəkətləri barədə məlumat vermişdir. Astara RPŞ-də şikayət araşdırılarkən cavabdehlər yaxınlaşaraq ondan xahiş etmişlər ki, borc pul barədə iddiaçıya qəbz verirlər və iddiaçı da şikayətini geri götürsün. İddiaçı razılaşmış, cavabdehlər də qəbz yazaraq ona vermişlər. Cavabdehlər borclarını könüllü qaytarmaq istəmədikləri üçün iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Astara Rayon Məhkəməsinin 2(018)-271/2022 saylı, 04 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə (sədrlik edən hakim Mübariz Məmmədov) iddia təmin olunmuş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 29500 manat məbləğində olan pulun və ödənilmiş 126 manat dövlət rüsumunun alınıb İddiaçı verilməsi, 16 may 2022-ci il tarixli, 4/398 nömrəli ekspert rəyinin verilməsi üçün ekspertiza xərcini təşkil edən 126 manat məbləğindəki pulun və 04 avqust 2022-ci il tarixli, 4/1050 nömrəli ekspert rəyinin verilməsi üçün ekspertiza xərcini təşkil edən 127 manat məbləğindəki pulun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Qətnamədən narazı qalan cavabdehlər birgə apellyasiya şikayəti vermiş, apellyasiya şikayətində Astara Rayon Məhkəməsinin 2(018)-271/2022 saylı, 04 oktyabr 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddia tələbi tamamilə əsassızdır. İddiaçı əvvəllər də dəfələrlə cavabdehlərə qarşı müxtəlif məzmunlu iddialarla məhkəməyə müraciət etmiş və demək olar ki, bütün hallarda iddiaları əsassız hesab edilərək təmin edilməmişdir. Belə ki, iddiaçı 31 yanvar 2018-ci ildə Astara Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər X2, Cavabdeh1 və Cavabdeh2 heç bir qanuni əsas olmadan əsassız varlanma nəticəsində 2014-2016-cı illərdə ondan aldıqları 6500 manat pul, borc aldıqları dövrdən hazırkı dövrə kimi həmin pulu özlərində saxlamaqla götürdükləri və ya götürməli olduqları gəlirlərin hesabına 3500 manat pul və dövlət büdcəsinə ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 10030 manat məbləğində pulun cavabdehlərdən müştərək qaydada alınaraq ona verilməsini xahiş etmişdir. Astara Rayon Məhkəməsinin 06 mart 2018-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, 6500 manat məbləğində borc pul və 30 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 6530 manat məbləğində pulun cavabdehlərdən müştərək qaydada alınması qət edilmişdir. Həmin qətnamədən narazı qalan cavabdehlər apellyasiya şikayəti vermiş, Şirvan Apellyasiya Məhkəməsinin 08 avqust 2018-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, Astara Rayon Məhkəməsinin sözügedən qətnaməsi ləğv edilmiş, həmin qətnamədən iddiaçı tərəfindən kassasiya şikayəti verilsə də, Azərbaycan Respublikası Ali Məhkəməsinin 21 dekabr 2018-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, Şirvan Apellyasiya Məhkəməsinin 08 avqust 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qeyd edilən mülki işdə bütün məhkəmə instansiyalarının qəbul etdikləri aktlar 2018-ci ilə aid olsa da, həmin məhkəmə iclaslarının heç birində, o cümlədən iddiaçı tərəfindən verilmiş şikayətlərdə cavabdehlərin ondan həmin puldan əlavə olaraq 2018-ci ildə, yaxud ondan əvvəlki illərdə 29500 manat borc almaları barədə heç nə qeyd edilməmişdir. Təbii ki, əgər vermiş olsaydı, mütləq göstərərdi. Belə ki, onun hazırkı tələb etdiyi məbləğ o vaxt tələb etdiyi məbləğdən 4 dəfədən çox olan məbləğdir. Bundan başqa, iddiaçı Cavabdeh2 qarşı “verilmiş ərzaq məhsullarının pulunun geri qaytarılması tələbinə dair” iddia ilə 2019-cu ildə yenidən Astara Rayon Məhkəməsinə müraciət etmişdir. Lakin Astara Rayon Məhkəməsinin 13 iyun 2019-cu il tarixli qətnaməsi ilə iddia rədd edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin 23 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməyərək, Astara Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin mülki iş üzrə də hazırkı tələb olunan məbləğ barədə hər hansı bir qeyd edilməmişdir. Cavabdehlər ekspert rəyləri ilə razılaşmır və həmin rəylərin şübhəli olduğunu bildirirlər. Belə ki, ekspertlər həmin saxta qəbzlərdəki saxta imzaların cavabdehlər tərəfindən icra edildiyi barədə rəy vermişlər. Hazırda Cavabdeh2 məhkəmə iclasından sonra ona qarşı edilən haqsızlıqlarla əlaqədar intihara cəhd etməsi səbəbindən Astara Rayon Prokurorluğunda AR Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə araşdırma aparılır. Eləcə də, məhkəmə qətnaməsindən sonra digər Cavabdeh1 psixi durumu pisləşərək “psixi əlamətlərlə müşahidə olunan şizofreniyaya bənzər pozuntu” diaqnozu ilə Astara rayon Mərkəzi xəstəxanası publik hüquqi şəxsində anonim müalicədədir. Cavabdeh tərəf hesab edir ki, iddiaçı ya özü tərəfindən, ya da başqa biri tərəfindən sözügedən qəbzləri yazdırmış və cavabdehlərin əvəzindən onların imzalarına uyğun imzalar çəkdirmişdir. Maraqlıdır ki, iddiaçı xəstəxanada xadimə işlədiyi halda haradan o qədər və əvvəlki iddialarda qaldırdığı məbləğləri heç bir qohumluğu, yaxın münasibəti olmadığı halda tanımadığı şəxslərə borc olaraq vermişdir. O da maraqlıdır ki, iş materiallarının 6 və 7-ci vərəqlərində iki qəbz mövcuddur. İki eyni məzmunlu qəbzin yazılmasının hansı zərurətdən irəli gəlməsi müəyyən edilmir. Bundan başqa, həmin iki qəbzdəki cavabdehlərin adlarının qarşısındakı imzaların özü belə biri digərindən fərqlənir. Eləcə də, həmin qəbzlər əgər həqiqəti əks etdirirsə, hansı səbəbdən həmin qəbzlərdə alınan borcun, əgər alınmışsa, nə vaxt alınacağı və qaytarılacağı qeyd edilməmiş, həmçinin, qəbzdə tarix qoyulmamışdır. Bütün bunlar həmin qəbzlərin ikisinin də saxta olmasından xəbər verir. Cavabdeh tərəf özəl ekspertiza mərkəzində tədqiqat aparılması üçün vəsatət versə də, vəsatət təmin edilməmişdir. Bundan başqa, iddiaçı tərəfindən 3 illik iddia müddəti ötürülmüşdür. Məhkəmə cavabdeh tərəfin təqdim etdiyi sübutları qiymətləndirməmiş, iddiaçı tərəfin verdiyi saxta sübutları isə sübut kimi qəbul edərək sözügedən qətnaməni qəbul etmişdir. Ekspert rəyi məhkəmə üçün məcburi xarakter daşımadığı halda məhkəmə tamamilə şübhəli olmaqla həqiqəti özündə əks etdirməyən ekspert rəylərini əsas götürərək qətnamə qəbul etmişdir. İddiaçı apellyasiya şikayətinə yazılı qaydada etiraz etmiş, etirazında Astara Rayon Məhkəməsinin 2(018)-271/2022 saylı, 04 oktyabr 2022-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İddiaçı etirazını onunla əsaslandırmışdır ki, cavabdehlər ondan borc aldıqları pulu könüllü qaytarmadıqları üçün məhkəməyə müraciət etmişdir. Yazılmış qəbzləri özləri imza etmişlər. İmzaların cavabdehlər tərəfindən imza edilməsinin müəyyən edilməsi üçün vəsatətlərinə əsasən iki dəfə məhkəmə tərəfindən ekspertiza təyin edilmiş və ekspert rəylərinə əsasən qəbzlərdə olan imzaların onlar tərəfindən imza edildiyi müəyyən olunmuşdur. Hər iki ekspert rəyi başqa ekspertlər tərəfindən verilmişdir. Ekspert rəyləri kifayət qədər aydın və tamdır, məhkəmə tərəfindən qoyulmuş suallara əsaslandırılmış cavablar verilmişdir. Ekspert rəyləri məhkəmədə tədqiq olunmuş və digər sübutlarla qiymətləndirilmişdir. Cavabdehlərin ekspert rəylərinə etiraz etmələrinə heç bir əsas yoxdur. Apellyasiya məhkəməsinin iclasında cavabdehlər Cavabdeh2 və Cavabdeh1 apellyasiya şikayətinin məzmununa uyğun çıxış edərək, onun təmin edilməsini xahiş etdilər. Həmçinin, bildirdilər ki, iddiaçı tərəfindən təqdim edilmiş əlyazma qəbzlərdə olan imzalar onlara məxsus deyil, onlar iddiaçıdan hər hansı məbləğdə borc almamışlar. Birinci instansiya məhkəməsində aparılan icraat zamanı 2 dəfə məhkəməxətşünaslıq ekspertizası keçirilsə də, hər 2 rəydə də sözügedən qəbzlərdəki imzaların onlar tərəfindən icra olunduğu qeyd edilmişdir. Lakin cavabdehlər bildirir ki, bundan sonra lazım olsa 10 dəfə də ekspertiza keçirilməlidir, çünki qəbzlərdəki imzalar onlara məxsus deyil. Həmçinin, onlar qeyd etdilər ki, iddiaçı ilə aralarında əvvəllər də məhkəmə çəkişmələri olmuş, lakin həmin vaxt iddiaçı hazırda tələb etdiyi borc məbləği ilə bağlı hər hansı tələb irəli sürməmiş, bu barədə heç bir şey deməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində qanunvericiliklə müəyyən edilmiş qaydada məlumatlandırılmasına baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmiş, teleqramla məhkəməyə müraciət edərək, məhkəmə iclasının təxirə salınmamasını xahiş etmişdir. Məhkəmə kollegiyası işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırki halda cavabdehlər birgə verdikləri apellyasiya şikayətində qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etməklə, onu tam mübahisələndirmişlər. Ona görə də məhkəmə kollegiyası qətnamənin tam yoxlanılmasını düzgün hesab edir. Məhkəmə kollegiyası cavabdehləri dinləyib, apellyasiya şikayətinin dəlillərini, habelə iş materiallarını araşdırıb, sübutlara obyektiv hüquqi qiymət verərək hesab etdi ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarının 6-cı və 7-ci vərəqlərində olan əlyazma qəbzlərdə kiril əlifbası ilə “Mən Cavabdeh1 və qızım Cavabdeh2 Sücaət qızı 2018-ci il tarixdə Astara şəhəri Qum küçəsində yaşayan İddiaçı ayrı-ayrı vaxtlarda ümumilikdə 29 min 500 manat borc pul almışam” sözləri icra edilmiş, mətnin aşağısında isə kiril əlifbası ilə “Cavabdeh1 q.” sözlərinin qarşısında “imza” qeyd edilərək imza icra olunmuş, onun aşağısında isə “Cavabdeh2 Sücaət q.” sözlərinin qarşısında “imza” qeyd edilərək imza icra olunmuşdur. Ən sonda isə “AZE 18530928” və “AA 0878995” yazıları icra olunmuşdur. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2005-ci il tarixli 4 saylı Qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İşin mübahisəli halı 29500 manat borcun qaytarılmasıdır və bu halı sübut etmək üçün iddiaçının məhkəməyə təqdim etdiyi yeganə sübutu cavabdehlərin iddiaçıya borcunun olması barədə verdikləri qəbzlərdir. Belə ki, iddiaçı tələbini cavabdehlərə 2018-ci ildə ayrıayrı vaxtlarda olmaqla cəmi 29500 manat məbləğində borc pul verməsi ilə əsaslandırmış, borcun iddia edilən məbləğdə olması halının təsdiqi üçün üzərində müvafiq qeydlərin icra edildiyi 2 ədəd əlyazma şəklində qəbzin əslini təqdim etmişdir. Həmin qəbzlərdə Cavabdeh1 və Cavabdeh2 2018-ci il tarixində İddiaçı ayrı-ayrı vaxtlarda ümumilikdə 29500 manat borc pul almaları göstərilmişdir. Həmin qəbzlərlə 29500 manat məbləğində pulun cavabdehlərə borc verilməsi halı təsdiq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (Bundan sonra MM-in) 529.3-cü maddəsinə əsasən, əgər borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirsə, kreditor icranı qəbul edərkən həmin sənədi qaytarmalı, qaytarmaq mümkün olmadıqda isə bunu icranı təsdiq etmək üçün verdiyi sənəddə göstərməlidir. MM-in 529.3-cü maddəsindən də göründüyü kimi, cavabdehlər tərəfindən iddiaçıya verilən borc qəbzi iddiaçının cavabdehlərlə arasında öhdəlik münasibətlərinin mövcud olduğunu təsdiq edən bir sənəd kimi çıxış edir. Cavabdehlər iddiaçıdan hər hansı borc almadıqlarını və sözügedən qəbzlərdəki yazıların və imzaların onlara aid olmaması əsası ilə iddiaya etiraz etmişlər. Astara Rayon Məhkəməsinin 22 fevral 2022-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmişdir. Təyin edilmiş məhkəmə-xətşünaslıq ekspertizası üzrə ekspert Zaur Nəsirov tərəfindən rəy verilmişdir. İş materiallarında olan məhkəmə-xətşünaslıq ekspertizasının 4/398 saylı, 16 may 2022-ci il tarixli rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş 2(018)-271/2022 nömrəli mülki işin 6-cı və 7-ci vərəqələrində olan “Mən husejnova Nazilə Məçid qızı...” yazıları ilə başlayıb “... AZE 185309** AA ***8995” yazıları ilə qurtaran qəbzlərdəki “husejnova Nazilə Məçid q” yazıları önündəki imzalar Cavabdeh1 tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş 2(018)-271/2022 nömrəli mülki işin 6-cı və 7-ci vərəqələrində olan “Mən husejnova Nazilə Məçid qızı...” yazıları ilə başlayıb “... AZE 185309** AA ***8995” yazıları ilə qurtaran qəbzlərdəki “husejnova Kulnur Suçaət q” yazıları önündəki imzalar Cavabdeh2 Sücaət qızı tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş 2(018)-271/2022 nömrəli mülki işin 6-cı və 7-ci vərəqələrində olan “Mən husejnova Nazilə Məçid qızı...” yazıları ilə başlayıb “... AZE 185309** AA ***8995” yazıları ilə qurtaran qəbzlərdəki yazılar Cavabdeh1 tərəfindən yox, Cavabdeh2 Sücaət qızı tərəfindən yox, başqa şəxs (şəxslər) tərəfindən icra olunmuşdur. Aparılmış tədqiqatın dəyəri 126 manat təşkil edir. Cavabdehlər sonradan iş üzrə təkrar məhkəmə-xətşünaslıq ekspertizasının təyin edilməsi barədə vəsatət vermişlər. Astara Rayon Məhkəməsinin 23 iyun 2022-ci il tarixli qərardadı ilə iş üzrə təkrar məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmişdir. Təyin edilmiş təkrar məhkəmə-xətşünaslıq ekspertizası üzrə ekspert Nəsimi Əfəndiyev tərəfindən rəy verilmişdir. İş materiallarında olan məhkəmə-xətşünaslıq ekspertizasının 4/1050 saylı, 4 avqust 2022-ci il tarixli rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş mülki işin 6-7-ci vərəqlərində Cavabdeh1 və Cavabdeh2 Sücaət qızının adlarından olan borc qəbzlərində “husejnova Nazilə Məçid q.” sözlərinin qarşısındakı imzalar Cavabdeh1 tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş mülki işin 6-7ci vərəqlərində Cavabdeh1 və Cavabdeh2 Sücaət qızının adlarından olan borc qəbzlərində “husejnova Kulnur Suüaət q.” sözlərinin qarşısındakı imzalar Cavabdeh2 Sücaət qızı tərəfindən icra olunmuşdur. Aparılmış tədqiqatın dəyəri 127 manat təşkil edir. Apellyasiya məhkəməsinin iclasında çıxış edən cavabdehlər ekspert rəyləri ilə razılaşmadıqları, qəbzlərdə olan imzaların onlara məxsus olmadıqlarını bildirsələr də, xətşünaslıq sahəsində xüsusi biliyə malik olan 2 fərqli ekspert tərəfindən verilmiş rəylərlə mülki işin 6-cı və 7-ci vərəqlərində Cavabdeh1 və Cavabdeh2 adlarından olan borc qəbzlərində “husejnova Nazilə Məçid q.” sözlərinin qarşısındakı imzaların Cavabdeh1 tərəfindən, “husejnova Kulnur Suüaət q.” sözlərinin qarşısındakı imzaların Cavabdeh2 Sücaət qızı tərəfindən icra olunduğu müəyyən edilmişdir. Həmçinin, apellyasiya məhkəməsinin iclasında iştirak edən cavabdehlər lazım olarsa, 10 dəfə də məhkəməxətşünaslıq ekspertizasının keçirilməsi gərəkdiyini qeyd etmişlər. Bu isə onu göstərir ki, cavabdehlər onların mövqeyini dəstəkləməyən istənilən ekspert rəyi ilə razılaşmayacaqlarına dair mövqelərini əvvəlcədən ifadə edirlər. Məhkəmə kollegiyası rəyləri vermiş ekspertlərin xətşünaslıq sahəsində xüsusi biliyə malik olduqlarını nəzərə alaraq, həmin rəyləri mötəbər sübut olaraq qəbul edir, onlarda müəyyən olunanları işin hallarına uyğun hesab edir və yenidən məhkəmə-xətşünaslıq ekspertizasının keçirilməsinə zərurət olmadığı nəticəsinə gəlir. Sözügedən ekspert rəyləri ilə iddiaçı tərəfindən təqdim edilmiş və cavabdehlərə 29500 manat məbləğində borcun verilməsi halını təsdiq edən qəbzlərdəki imzaların cavabdehlərə məxsus olduğu müəyyən edilir. Bu isə onu göstərir ki, həmin qəbzlər cavabdehlər tərəfindən imzalandığından, cavabdehlər borcun verilməsi halının və borcun məbləğinin doğruluğunu təsdiq etmişlər. Tərəflər arasında olan mübahisənin təbiətinin əsasını borc münasibətlərinin təşkil etdiyi açıq-aşkar görünür. Belə ki, mövcud borcun etirafı haqqında müqavilənin anlayışına görə, borclu kreditorun ondan borcun ödənilməsini tələb etmək hüququnu tanımağı öhdəsinə götürür. Müqavilənin əsas məqsədi borcun etirafını təmin etməkdən ibarətdir. Borcun etirafı isə hüquqi əhəmiyyətə malik olan hərəkətdir. Bundan başqa, bu müqavilə həm konsensual, həm də birtərəfli müqavilə olmaqla borclunun üzərinə kreditorun borcun ödənilməsini tələb etmək hüququnu tanımaq vəzifəsini qoyur. Kreditorun borcun ödənilməsini tələb etmək hüququ vardır. Qəbzlərin məzmunundan görünür ki, cavabdehlərin iddiaçıya borcu olmuş və onlar borcun mövcud olması barədə iradə ifadəsini əks etdirən qəbzi imzalayaraq iddiaçıya vermişlər. Belə olan halda işin hallarını, qanunun normalarını və mövcud məhkəmə təcrübəsini nəzərə alan məhkəmə kollegiyası qeyd edir ki, cavabdehlərin iddiaçıya borcunun etirafı barədə verdikləri qəbzlər Mülki Məcəllənin 882-ci maddəsinin tələbləri nəzərə alınmaqla qiymətləndirilməlidir. Mülki Məcəllənin 882.1-ci maddəsinə əsasən, borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. Məhkəmə kollegiyası iddiaçı tərəfindən təqdim edilmiş qəbzlərin sübut qismində mümkünlüyü ilə bağlı bildirir ki, iddiaçı həmin qəbzlərin əslini təqdim etmiş, ekspert rəyləri ilə həmin qəbzlərdəki imzaların cavabdehlərə məxsus olması təsdiq edilmiş, iddiaçı həmin qəbzlərin 2021-ci ildə tərtib edildiyini bildirsə də, cavabdehlər həmin sənədlərin, ümumiyyətlə özləri tərəfindən imzalanmasının mümkün olmadığını qeyd etmişlər. Lakin qəbzlərdəki imzaların cavabdehlərə məxsus olması faktı ekspert rəyləri ilə təsdiq olunduğundan, məhkəmə kollegiyası qəbzlərin 2021-ci ildə yazılmasına dair iddiaçının bildirdiklərini işin hallarına uyğun sayır. Belə olan vəziyyətdə həmin yazılı qəbzlərin sübut kimi qəbul olunması üçün zəruri olan halların, yəni onun tərtib olunma tarixinin müəyyən olması və qəbzlərin əslinin təqdim olunması şərtləri ödənildiyindən həmin qəbzlərin sübut kimi qəbul edilməsinə mane olan hallar aradan qalxmışdır. Bundan əlavə, məhkəmə kollegiyası bildirir ki, eyni məzmunlu 2 qəbzin tərtib edilməsi həmin qəbzlərin saxta olması qənaətinə gəlməyə əsas verə bilməz. Məhkəmə kollegiyası apellyasiya şikayətinin iddia müddətinin ötürülməsi ilə əlaqədar dəlili ilə bağlı bildirir ki, mülki qanunvericilik iddia müddətinin axımının kəsilməsinin iki əsasını nəzərdə tutur: müəyyənləşdirilmiş qaydada iddia irəli sürülməsi və ya borclunun borcu etiraf etməsini göstərən hərəkətlər etməsi. Mülki Məcəllənin 380-ci maddəsinə əsasən, müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. Borclu şəxsin borcu etiraf etməsini göstərən və təsdiqləyən hərəkətləri müxtəlif formada ifadə oluna bilər. Borcun etiraf olunması hallarına: borcun qismən ödənilməsi, əsas borc üzrə faizin köçürülməsi və sair mühüm hallar aid edilə bilər. Bununla yanaşı, borc müvafiq sənəd şəklində də etiraf oluna bilər ki, bu da özünü borcun etirafı barədə müqavilədə göstərə bilər. Bu borclunun verdiyi borc qəbzi ilə də mümkündür. Məhkəmə kollegiyası cavabdehlər tərəfindən qəbzlərin 2021-ci ildə imzalanaraq iddiaçıya verilməsi faktını işin hallarına uyğun saydığından belə nəticəyə gəlir ki, cavabdehlər borcu etiraf etmələrini göstərən hərəkət etdiklərindən, iddia müddətinin axımı kəsilmiş, fasilədən sonra iddia müddəti yenidən başlanmış, bu səbəbdən də iddia müddəti ötürülməmişdir. Odur ki, apellyasiya şikayətinin qeyd edilən dəlili əsaslı hesab edilə bilməz. Bununla yanaşı, məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri sayır ki, cavabdehlər iddiaçıdan hər hansı borc pul almamaları və onlar arasında hər hansı öhdəliyin olmaması əsası ilə iddiaya etiraz etsələr də, sonradan iddia müddətinin tətbiqi barədə ərizə vermişlər. Mövcud olan öhdəliyin icrasını məhkəmə qaydasında tələb etmək hüququ üçün nəzərdə tutulan iddia müddətinin tətbiqi barədə ərizə verməklə, cavabdehlər sanki iddiaçı ilə aralarında öhdəlik münasibətinin mövcudluğunu etiraf etmişlər. Bu isə onu göstərir ki, cavabdehlərin bildirdikləri arasında ziddiyyətlər mövcuddur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin əvvəlki məhkəmə çəkişmələri zamanı iddiaçı tərəfindən hazırda tələb edilən borc məbləğinin mövcudluğu ilə bağlı hər hansı fikir söylənilməməsinə dair dəlilini də əsaslı hesab etmir və bildirir ki, iddiaçı tərəfindən əvvəlki məhkəmə çəkişmələri zamanı hazırkı borc məbləği ilə bağlı hər hansı tələbin irəli sürülməməsi və ya hər hansı fikrin söylənilməməsi iddiaçını hazırkı tələblə müstəqil şəkildə iddia qaldırmasına maneə olan hal kimi çıxış edə bilməz. MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası bildirir ki, iddia tələbi təmin edildiyindən, birinci instansiya məhkəməsi dövlət rüsumuna görə ödənilmiş 126 manatın cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi, eləcə də ekspert rəylərinin verilməsinə görə 126 manat və 127 manat ekspertiza xərclərinin cavabdehlərdən müştərək qaydada tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi nəticəsinə gəlməkdə haqlı olmuşdur. Məhkəmə kollegiyası, cavabdehlərin iddiaçıdan 29500 manat məbləğində borc almalarının və həmin borcu qaytarmamalarının tam təsdiq edildiyini, cavabdehlərin mövcud borcu etiraf edən qəbzləri imzaladıqlarını, iddia tələbi təmin edildiyindən məhkəmə xərclərinin cavabdehlərə aid edilməli olduğunu nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmuşdur. Məhkəmə kollegiyası qeyd edilən hüquq normalarının müqayisəli təhlilini işin faktiki halları üzrə tətbiq edərək birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını, eləcə də maddi və prosessual hüquq normalarına riayət edilməsini yoxlayaraq belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmamış, düzgün tətbiq etmiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmış, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilmiş, qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun olmuşdur. MPM-in 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. MPM-in 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə məhkəmə kollegiyası yekun olaraq hesab edir ki, apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslandığından, iş üzrə qətnamənin dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsas ola bilməz. Buna görə də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və MPM-in 382, 384.0.1, 385.2, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Q Ə T E T D İ: Cavabdehlər tərəfindən birgə verilmiş apellyasiya şikayəti təmin edilməsin. Astara Rayon Məhkəməsinin 2(018)-271/2022 saylı, 04 oktyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər, şikayət verilmədikdə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Samir Mayılov Hakimlər: İlham Əsədov Pərviz Əhmədov
Məhkəmə qərarları › İş №2(106)-202/2023
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-202/2023
15.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver