Məhkəmə qərarları › İş №2(106)-202/2025

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-202/2025

06.02.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-202/2025 06.02.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: maddi ziyanın ödənilməsi, yetkinlik yaşına çatmayan şəxs, əsl olmayan tərəfə qarşı iddia) Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Heydərov Tofiq Xudayar oğlu və Novruzova Aytən Nazim qızından ibarət tərkibdə, X5 oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə2, Cavabdeh və onun nümayəndəsi və vəkili Nümayəndə1 iştirakları ilə, İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(022)-17/2024 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh 16429 (on altı min dörd yüz iyirmi doqquz) manat 13 (on üç) qəpik məbləğində maddi zərərin və 140 (bir yüz qırx) manat məbləğində dövlət rüsumunun, cəmi 16.569 (on altı min beş yüz altmış doqquz) manat 13 (on üç) qəpik məbləğində pul vəsitinin alınaraq "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, Biləcəri-Keşlə dəmir yolu mənzilində (9cu km 7-ci piketində) "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə (ADY) məxsus STADLER EŞ2-017 Sumqayıt-Xırdalan-Bakı sürətli elektrik qatarının vaqonuna kənardan daş atılması nəticəsində qatarın ön şüşəsi sınmışdır. Hadisə nəticəsində ADYyə 16.429,13 (on altı min dörd yüz iyirmi doqquz manat 0.13 qəpik) manat məbləğində maddi ziyan dəymişdir. Hadisə ilə bağlı Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Nəqliyyatda Baş Polis İdarəsi X3 Polis İdarəsinin Biləcəri Xətt polis şöbəsində araşdırma aparılmışdır. Biləcəri Xətt polis şöbəsindən ADY-yə daxil olmuş xx.xx.2022ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, aparılmış araşdırma zamanı xx.xx.2022-ci il tarixində Biləcəri-Keşlə dəmir yolu mənzilində (9-cu km 7-ci piketində) ADY-yə məxsus STADLER EŞ2-017 Sumqayıt- Xırdalan-Bakı sürətli elektrik qatarının vaqonuna kənardan daş atılması nəticəsində şüşə hissəsinə zərər verən şəxsin Cavabdeh olması müəyyən olunmuşdur. Bununla əlaqədar Cavabdeh bölməyə dəvət olunmuş və izahatı alınmışdır. Həmçinin hadisə nəticəsində ADY-yə 16.429.13 (on altı min dörd yüz iyirmi doqquz manat 0.13 qəpik) manat məbləğində maddi ziyan dəyməsi araşdırma zamanı təsdiq olunmuşdur. Sözügedən qatar İsveçrənin son texnologiyaları əsasında istehsal olunmuş, ikimərtəbəli sərnişin daşınması üçün nəzərdə tutulmuş elektrik qatarı olmaqla, 2015-ci ildə Azərbaycan Respublikasına gətirilərək istismara verilmişdir. Birinci instansiya məhkəməsində icraat Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(022)-17/2024 saylı qətnaməsi ilə ( hakim N.Mirzəyev ) iddianın təmin edilməsi və Cavabdeh vurulmuş maddi zərərə görə 16429 (on altı min dörd yüz iyirmi doqquz) manat 13 (on üç) qəpik və ödənilmiş dövlət rüsumuna görə 140 (bir yüz qırx) manat, cəmi 16569,13 (on altı min beş yüz altmış doqquz manat on üç qəpik) manat pul alınıb "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi aşağıdakıları müəyyən etmişdir; İş materialları ilə müəyyən olunmuşdur ki, sözügedən qatar İsveçrənin son texnologiyaları əsasında istehsal olunmuş, ikimərtəbəli sərnişin daşınması üçün nəzərdə tutulmuş elektrik qatarı olmaqla, 2015-ci ildə Azərbaycan Respublikasına gətirilərək istismara verilmişdir. 6020 saylı marşrut ilə hərəkət edən EŞ2-017 saylı Sumqayıt-Xırdalan-Bakı elektrik qatarı xx.xx.2022-ci il tarixdə, saat 18:17:42 radələrində Keşlə dayanacağının girişində 9-cu km, pk-7-də hərəkətdə olarkən qatarın hərəkəti istiqamətində sağ tərəfdən həyətyanı sahədən Cavabdeh tərəfindən daş atılması nəticəsində qatarın ön şüşəsi zədələnmiş və nəticədə EŞ2-017 qatarın Q9 vaqonunda maşinist kabinasının ön şüşəsinin dəyişdirilməsinə 16429 (on altı min dörd yüz iyirmi doqquz) manat 13 (on üç) qəpik hesablanmaqla maddi zərər dəymişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır; İşdə olan DYNPİ-nin Biləcəri st.XPŞ-nin istintaq və təhqiqat qrupunun baş müstəntiqi X1 «cinayət işinin başlanmasının rədd edilməsi barədə» 05 oktyabr 2022-ci il tarixli qərarında müvafiq araşdırma zamanı Cavabdeh izahatında göstərmişdir ki, «Bakı şəhəri Binəqədi rayon, 7-ci mikrorayon 31/25 ünvanında sinif yoldaşı X2 yaşayır. Kənan Hacıağayevin yaşadığı yer dəmir yolunun yaxınlığında yerləşir. O, sonuncu ilə birlikdə yaşadığı ünvanda göyərçin saxlayır. Lakin həmin quşlara daima nəzarəti Kənan Hacıağayev edir. 09 avqust 2022-ci il tarixdə Kənan onunla əlaqə saxlamış, 10 avqust 2022-ci il tarixdə ailə üzvləri ilə birlikdə Şamaxı rayonuna gedəcəyini və quşlara onun nəzarət etməyini bildirmişdir. O, Kənana etiraz etməmiş və quşlara baxacağını bildirmişdir. O, 10 avqust 2022-ci il tarixdə saat 09 radələrində işə getmiş və həmin tarixdə işdən tez çıxıb Kənanın yaşadığı ünvana quşlara nəzarət etməyə getmişdir. O, oraya çatdıqdan sonra quşları saxlandığı hindən çıxartmış və quşlar uçmağa başlamışdır. Quşların bəziləri uçmuş, bəzilərinin isə elektiirk naqillərinin üzərində dayandığını görmüşdür. O, quşların uçması üçün dayandıqları elektrik naqillərinə doğru daş atmağa başlamışdır. Quşlar uçmadıqca o həmin istiqamətdə daş atmaqda davam etmişdir. Lakin hazırda neçə daş atdığını və quşa dəyməyən daşların hansı istiqamətdə getdiyini xatırlamır. O, quşlara daş atdığı vaxt oradan sürət qatarı keçmiş, atdığı daşın qatara dəyib-dəyməməsinə isə fikir verməmişdir». İşdə olan sübutlarla müəyyən edilmişdir ki, Cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə 16429 (on altı min dörd yüz iyirmi doqquz) manat 13 (on üç) qəpik dəyərində maddi ziyan vurmuşdur. Ona görə də məhkəmə hesab etmişdir ki, iddia təmin edilməli, Cavabdeh vurulmuş maddi zərərə görə 16429 (on altı min dörd yüz iyirmi doqquz) manat 13 (on üç) qəpik və ödənilmiş dövlət rüsumuna görə 140 (bir yüz qırx) manat, cəmi 16569,13 (on altı min beş yüz altmış doqquz manat on üç qəpik) manat pul alınıb "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə ödənilməlidir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni həmçinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci bəndi, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 1 saylı protokolunun «Mülkiyyətin müdafiəsi» haqqında 1-ci maddəsinin birinci bəndi, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 21, 21.2, 30.3, 1096.1, 1096.2, 1097.1, 1104.1-ci maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 76.1, 76.2, 89.1, 77.1-ci maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, 10 avqust 2022-ci il tarixdə, saat 17:30-da Bakı-Sumqayıt sürət qatarının şüşəsinin Keşlə Stansiyasının ərazisindən keçən zaman şüşəsinin daşla sındırılmasının ona heç bir aidiyyatı yoxdur. O, məhkəmə iclasında bilmişmişdir ki, 2 il bundan əvvəl onu DYNPİ-nin Biləcəri st.XPŞnin istintaq və təhqiqat qrupunun baş müstəntiqi X1 «cinayət işinin başlanmasının rədd edilməsi barədə» 05 oktyabr 2022-ci il tarixli qərarı ilə olan hadisə onun üzərinə atılmışdır. Hal-hazırda bu iddianın təmin edilməsinə səbəb DYNPİ-nin Biləcəri st.XPŞnin istintaq və təhqiqat qrupunun baş müstəntiqi X1 «cinayət işinin başlanmasının rədd edilməsi barədə» 05 oktyabr 2022-ci il tarixli qərarı olmuşdur ki, o həmin qərarı bu günə kimi şəxsən və ya rəsmi qaydada almışdır. Həmin qərardan narazıdır və aidiyyatı üzrə şikayət verəcək. Birincisi ona görə ki, 10 avqust 2022-ci il tarixdə, saat 17:30-da Bakı-Sumqayıt sürət qatarının şüşəsinin Keşlə Stansiyasının ərazisindən keçən zaman şüşəsinin daşla sındırılmasından ümumiyyətlə xəbəri yoxdur. Həmin vaxt o, Bakı şəhəri Binəqədi rayon, 7-ci mikrorayon 31/25 ünvanında olmuşdur. Hadisə ilə bağlı onun polis bölməsində izahatı alınarakən 18 yaşı tamam olmamışdır. İkincisi ona görə ki, "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin sərnişin daşımalar departamentinin maliyyə şöbəsinin 16 avqust 2022-ci il tarixli arayışından görünür ki, EŞ2-017 qatarın Q9 vaqonunda maşinist kabinasının ön şüşəsinin dəyişdirilməsinə 16429 (on altı min dörd yüz iyirmi doqquz) manat 13 (on üç) qəpik məbləğ hesablanmış ziyan barədə heç bir araşdırma aparılmamışdır. Həmin ziyanın aradan qaldırılması üçün müvafiq ekspertiza keçirilməmiş və ya qaimə faktura təqdim edilməmişdir. Yuxarıda göstərilən işin faktiki hallar və sübutlar əsasında yenidən araşdırılmalı, onlara hüquqi qiymət verilərək Biləsuvar rayon məhkəməsininxx.xx.2024-cü il tarixli, e-2(022)- 17/2024 saylı qətnaməsi ləğv edilməli, (işin faktiki halları, dəymiş ziyanın qaimə fakturası tələb edilmədən və üzrə müvafiq ekspertiza təyin edilmədən) iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Nümayəndə1 izahat verərək bildirmişdir ki, apellyasiya şikayətini müdafiə edir. Bildirir ki, hadisə baş verən zaman cavabdehin 17 yaşı olmuşdur və o, cavabdeh qismində cəlb edilə bilməzdi. Qeyd edir ki, “cinayət işinin başlanmasının rədd edilməsi” haqqında qərar cavabdehə təqdim edilməmiş, onun bu qərardan ümumiyyətlə məlumatı olmamışdır. Polis Şöbəsi belə bir qərarın cavabdehə göndərildiyini sübut edə bilmir. Baş Prokurorluğa şikayətlər etmişlər, lakin şikayətin nəticələri barədə onlara məlumat verilməmişdir. İş materiallarından görünür ki, xx.xx.2022-ci il tarixdə sərnişin daşımaları departamentinin Maliyyə şöbəsinin ərisi R.Əliyev tərəfindən verilmiş, "xxxx" QSC-nin Sərnişin daşımaları departamentinin rəisi E.Muradov tərəfindən təsdiq edilmiş komputerdə yazılmış yazılardan görünür ki, EŞ2-017 qatarın Q9 vaqonunda maşinist kabinasının ön şüşəsinin dəyişdirilməsi üçün ümumilikdə 16.429,13 manat pul xərclənilmişdir. Lakin buna dair hər hansı bir çek, gömrük bəyannaməsi və ya qaimə təqdim edilməmişdir. Apellyasiya şikayətinin təmin edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini müdafiə etdiyini bildirmiş və apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə2 izahat verərək bildirmişdir ki, apellyasiya şikayətini qəbul etmir. Bildirir ki, Mülki Məcəllənin müvafiq tələblərinə əsasən 14-18 yaş aralığındakı şəxslər mülki məsuliyyət daşıya bilirlər. Cavabdeh həmin qatarın vaqonuna daş atmış və vaqonun ön şüşəsi sınmışdır. Hadisə nəticəsində iddiaçıya 16.429,13 manat məbləğində maddi ziyan dəymişdir. Biləcəri Xətt polis şöbəsində cavabdehin izahatı alınmışdır. Cavabdehin əmlakının olub-olmaması barədə məlumatları yoxdur. STADLER EŞ2-017 markada qatar 1 ədəddir və sırf o qatara daş atılmışdır. Qatarın ehtiyat hissələrinin əvəz edilməsini fotoşəkillər təsdiq edir. Qatarlar 2015-19-cu illərdə ölkəyə gətiririlmiş, ehtiyat hissələri anbarda saxlanılmışdır. Vaqonun şüşəsi hadisədən sonra dəyişdirilmişdir. Cavabdeh polis şöbəsində izahat vermişdir deyə xüsusi olaraq komissiya yaradaraq cavabdehi çağırmağı zəruri hesab etməmişlər. Qazaxıstan və İsveçrədən nümayəndələr gəlir və QSC-nin əməkdaşlarına kurslar keçirlər. Şüşəni depo əməkdaşları dəyişdirmişlər. Apellyasiya şikayətinin rədd edilməsini xahiş edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsinin tələblərinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 30.3-cü maddəsinə əsasən 14 yaşından 18 yaşınadək olan yetkinlik yaşına çatmayanlar bu Məcəllənin 30.1 və 30.2-ci maddələrinə uyğun bağladıqları əqdlər üzrə müstəqil surətdə əmlak məsuliyyəti daşıyırlar. 14 yaşından 18 yaşınadək olan yetkinlik yaşına çatmayanlar vurduqları ziyana görə bu Məcəlləyə uyğun məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1104.2-ci maddəsinə əsasən on dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanın zərərin əvəzini ödəmək üçün yetərli gəliri və ya başqa əmlakı olmadıqda zərərin hamısını və ya çatışmayan hissəsini onun valideynləri (övladlığa götürənlər) və ya himayəçisi zərərin onların təqsiri üzündən yaranmadığını sübuta yetirməsələr, ödəməlidirlər. Həmin Məcəllənin 1104.4-cü maddəsinə əsasən, valideynlərin (övladlığa götürənlərin), himayəçinin və müvafiq müəssisənin on dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanın vurduğu zərərin əvəzini ödəmək vəzifəsinə zərərvuran yetkinlik yaşına çatdıqda və ya yetkinlik yaşına çatdıqdan sonra zərərin əvəzini ödəmək üçün yetərli gəliri və ya başqa əmlakı yarandıqda və ya yetkinlik yaşına çatanadək fəaliyyət qabiliyyəti əldə etdikdə xitam verilmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını tam mübahisələndirir. Apellyator apellyasiya şikayətinin təmin edilməsini, Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(022)-17/2024 saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Məhkəmə tərkibi qeyd edir ki, tələb qətnamənin tam ləğvinə yönəldiyindən apellyasiya instansiyası məhkəməsi qətnamənin əsaslılığını apellyasiya şikayətinin dəlillərinə münasibətdə tam həcmdə yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə tərkibi prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin yalnız mübahisələndirilən hissəsi üzrə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Daha sonra məhkəmə tərkibi qeyd etməyi lazım bilir ki, formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilib-edilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olub-olmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur. Ona görə də məhkəmə tərkibi Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(022)-17/2024 saylı qətnaməsini apellyasiya şikayətinə münasibətdə apellyasiya şikayətinin həcmində yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə tərkibi mübahisə ilə bağlı işin faktiki hallarını araşdıraraq belə qənaətə gəlmişdir ki, birinci instansiya məhkəməsi mübahisəni həll edərkən düzgün hüquqi nəticəyə gəlməmiş, tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı işin faktiki halları tam araşdırılmamış, nəticədə düzgün və əsaslı qətnamə çıxarılmamışdır. Ona görə də, apellyasiya şikayəti təmin edilməli, Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(022)-17/2024 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Birinci instansiya məhkəməsi iddianı təmin edərkən gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, 6020 saylı marşrut ilə hərəkət edən EŞ2-017 saylı Sumqayıt- Xırdalan-Bakı elektrik qatarı xx.xx.2022-ci il tarixdə, saat 18:17:42 radələrində Keşlə dayanacağının girişində 9-cu km, pk-7-də hərəkətdə olarkən qatarın hərəkəti istiqamətində sağ tərəfdən həyətyanı sahədən Cavabdeh tərəfindən daş atılması nəticəsində qatarın ön şüşəsi zədələnmiş və nəticədə EŞ2-017 qatarın Q9 vaqonunda maşinist kabinasının ön şüşəsinin dəyişdirilməsinə 16429 (on altı min dörd yüz iyirmi doqquz) manat 13 (on üç) qəpik hesablanmaqla maddi zərər dəymişdir. Apellyasiya şikayətinin dəlilləri ilə razılaşan məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmamış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmiş, qanuni və əsaslı qətnamə qəbul edilməmişdir. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir, ikinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. İddia tələbinin mahiyətindən müəyyən edilir ki, iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Cavabdeh 16429 (on altı min dörd yüz iyirmi doqquz) manat 13 (on üç) qəpik məbləğində maddi zərərin alınaraq "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Bu halda məhkəmə tərkibi hesab edir ki, Mülki Məcəllənin 1096-cı maddəsi nəzərdən keçirilə bilər. Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). İşdə olan «cinayət işinin başlanmasının rədd edilməsi barədə» 05 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, Sumqayıt-Xırdalan-Bakı elektrik qatarı xx.xx.2022-ci il tarixdə, saat 18:17:42 radələrində Keşlə dayanacağının girişində 9-cu km, pk-7-də hərəkətdə olarkən qatarın hərəkəti istiqamətində sağ tərəfdən həyətyanı sahədən Cavabdeh tərəfindən daş atılmış, nəticədə qatarın ön şüşəsi zədələnmişdir. İddiaçıya 16429 (on altı min dörd yüz iyirmi doqquz) manat 13 (on üç) qəpik məbləğində maddi zərər dəymişdir. Həmin hadisə baş verən vaxt Cavabdeh 18 yaşına çatmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 30.3-cü maddəsinə əsasən 14 yaşından 18 yaşınadək olan yetkinlik yaşına çatmayanlar vurduqları ziyana görə bu Məcəlləyə uyğun məsuliyyət daşıyırlar. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1104.2-ci maddəsinə əsasən on dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanın zərərin əvəzini ödəmək üçün yetərli gəliri və ya başqa əmlakı olmadıqda zərərin hamısını və ya çatışmayan hissəsini onun valideynləri (övladlığa götürənlər) və ya himayəçisi zərərin onların təqsiri üzündən yaranmadığını sübuta yetirməsələr, ödəməlidirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1104.4-cü maddəsinə əsasən, valideynlərin (övladlığa götürənlərin), himayəçinin və müvafiq müəssisənin on dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanın vurduğu zərərin əvəzini ödəmək vəzifəsinə zərərvuran yetkinlik yaşına çatdıqda və ya yetkinlik yaşına çatdıqdan sonra zərərin əvəzini ödəmək üçün yetərli gəliri və ya başqa əmlakı yarandıqda və ya yetkinlik yaşına çatanadək fəaliyyət qabiliyyəti əldə etdikdə xitam verilmir. İşin hallarından göründüyü kimi hadisə baş verən zaman Cavabdeh 18 yaşına çatmamışdır. Həmçinin iddiaçı tərəfindən cavabdehin vurulmuş zərərin əvəzini ödəmək üçün yetərli gəlirinin olması da sübuta yetirilməmişdir. Belə ki, iddiaçı tərəf Cavabdeh 16429,13 manat dəymiş ziyanın ödəməsinə kifayət qədər vəsaitinin olmasına dair hər hansı bir sübut təqdim etməmişdir. Yuxarıda qeyd edilən maddi hüquq normasının məzmunundan da göründüyü kimi yetkinlik yaşına çatmayan şəxslərin vurduğu zərərə görə onların valideynləri məsuliyyət daşıyır. Həmin şəxslər yalnız o zaman məsuliyyət daşıya bilərlər ki, onların ziyanı ödəmək üçün kifayət qədər vəsaiti olsun. Ona görə də məhkəmə tərkibi hesab edir ki, iddiaçı iddia tələbini əsl olmayan cavabdehə qarşı yönəltmişdir. Əslində isə iddiaçı iddia tələbini cavabdehin valideynlərinə qarşı yönəltməli idi. Göründüyü kimi birinci instansiya məhkəməsində aparılmış icraatın nəticələrindən müəyyən edilir ki, birinci instansiya məhkəməsi Cavabdeh iddiaya cavab verməli olmayan şəxs olmasını müəyyən etmiş, lakin bu haldan xəbərdar olmasına baxmayaraq prosessual qanunvericiliyin tələblərinə əməl etmədən, cavabdehi əsl cavabdehlə əvəz etməyi iddiaçıya təklif etməmişdir. Məhkəmə tərkibi qeyd edir ki, sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. İşin faktiki hallarını obyektiv sürətdə aşkara çıxarmağa imkan verən sübutlar təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Halbuki, Azərbaycan Respublikası MPM-nin 54.1-ci maddəsinə əsasən iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə iddiaçının razılığı ilə, ilk iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Qeyd edilən prosessual hüquq normasının mənasından da göründüyü kimi, birinci instansiya məhkəməsi ona verilmiş hüququndan istifadə etməməklə, mülki icraatı iddiaya cavab verməli olmayan cavabdehin iştirakı ilə davam etdirmişdir. Beləliklə məhkəmə tərkibinin hüquqi mövqeyi ondan ibarətdir ki, iddiaçı tələblərini Cavabdeh yönəltməkdə haqlı olmamış, birinci instansiya məhkəməsi də maddi və prosessual hüquq normalarının pozulması ilə qətnamə qəbul etmişdir. Halbuki, iddiaçı əsl cavabdehin əvəz edilməsi təklifi ilə razılaşmadığı təqdirdə, Cavabdeh qarşı yönəldilmiş iddia tələbləri yalnız bir əsasa görə, iddiaya cavab verməli olmayan şəxs olması əsası ilə təmin olunmamalı idi. Ona görə də, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq ləğv edilməli, yalnız yuxarıda qeyd edilən əsasa görə - iddia ona cavab verməli olmayan şəxsə qarşı yönəldiyi əsasına görə təmin olunmamalıdır. Əsl olmayan cavabdehin əsl cavabdehlə əvəz edilməsi apellyasiya icraatı zamanı mümkün deyil. Belə ki, Mülki-Prosessual Məcəllənin 55.4-cü maddəsinə görə əsl olmayan tərəf əvəz edildikdən sonra işə əvvəldən baxılmağa başlanır. Həmin Məcəllənin apellyasiya icraatına aid olan qaydalarından görünür ki, apellyasiya icraatı zamanı işə əvvəldən baxılmasına başlanması mümkün deyil. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 may 2006-cı il tarixli Qərarında qeyd edilmişdir ki, mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Beləliklə məhkəmə tərkibi birinci instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq hesab edir ki, mübahisələndirilən qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmamış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmiş, qanuni və əsaslı qətnamə qəbul edilməmişdir. Ona görə də, apellyasiya şikayəti təmin edilməli, Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(022)- 17/2024 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia rədd edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə tərkibi qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(022)-17/2024 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia rədd edilsin. Məhkəmə xərci iddiaçıya aid edilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar