Məhkəmə qərarları › İş №2(106)-2026/2025

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-2026/2025

04.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-2026/2025 04.02.2026 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Novruzova Aytən Nazim qızı (sədrlik edən, məruzəçi), X5 və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, Alıyev Zaməddin Fariz oğlunun katibliyi, Cavabdeh, onun nümayəndəsi və vəkili X7 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “cavabdehdən 6300 manat məbləğində borcun və ödənilmiş 113 manat dövlət rüsumunun iddiaçıya qaytarılması” tələbinə dair mülki iş üzrə çıxarılmış Cəlilabad Rayon Məhkəməsinin 16 avqust 2024-cü il tarixli, 2(073)-765/2024 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə apellyasiya icraatı qaydasında, Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: Bakı şəhəri, Nizami RPİ-nin 24-cü Polis Şöbəsində izahatı alınmış Cavabdeh verdiyi izahatdan görünür ki, o, təxminən 6 aydır 8-ci km bazarında ayaqqabı satışı ilə məşğuldur. Həmin fəaliyyət zamanı həmyerlisi Elvin adlı şəxslə şəriklik edərək ayaqqabı alqı-satqısı ilə məşğul olmuşdur. Bazarda fəaliyyət göstərdiyi müddətdə Yaqub adlı şəxslə tanış olmuşdur. İlk dəfə olaraq Yaqubdan 450 manat məbləğində faizlə borc pul götürmüş, 10 gün ərzində hər gün 50 manat ödəməklə ümumilikdə 500 manat məbləği geri qaytarmışdır. Daha sonra Yaqubdan 900 manat borc almış, yenə də 10 gün ərzində hər gün 100 manat ödəməklə cəmi 1000 manat məbləği ödəmişdir. Daha sonra yenə də 1800 manat borc götürmüş və 10 gün müddətində ümumilikdə 2000 manat məbləğində geri qaytarmışdır. Bundan sonra mütəmadi olaraq Yaqubdan pul götürülmüş və 4 ay ərzində Yaqubdan götürülən bütün məbləğlər faizləri ilə birlikdə ödənilmişdir. Lakin son iki ay müddətində bazarda küçə ticarətinin yığışdırılması səbəbindən ödənişlər həyata keçirilə bilməmiş, bu səbəbdən Yaqubdan götürülən pullar yenidən Yaqubun özünə qaytarılmışdır. Nəticədə, həmin məbləğlərin üzərinə əlavə faiz hesablanmışdır. Hazırda Yaqubun bildirdiyinə əsasən borcun ümumi məbləği 7000 manat təşkil edir. Lakin bildirir ki, Yaquba olan əsas borc məbləği 1400 manatdır. Həmçinin qeyd edir ki, Yaqubun göstərdiyi 7000 manat məbləğdən 700 manat artıq ödənilmişdir. Hazırda onların əlində nə mal, nə də pul olmadığı üçün borcun qaytarılması mümkün olmamışdır. Bununla belə, bir daha qeyd olunur ki, Yaquba olan borc inkar edilmir və imkan yaranan kimi borcun hissə-hissə ödənilməsi nəzərdə tutulur. 05 may 2018-ci il tarixli Cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, iş üzrə izahatı alınmış X1 Elvin Qılıcxan oğlunun dediklərini təsdiq etmiş, Yaquba olan borcunu hissəhissə ödəyəcəyini bildirmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 6300 manat məbləğində borcun və ödənilmiş 113 manat dövlət rüsumunun ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə ərizə göndərərək mülki işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddiasını əsaslandıraraq ərizəsində göstərmişdir ki, o, təxminən 7 ildir ki, 8-ci km bazarında alverlə məşğul olur. 2017-ci ilin təxminən dekabr ayından elə həmin bazarda işləyən Elvinlə tanış olmuşdur. Elmin ondan dəfələrlə faizə pul götürüb qaytarmışdır. Sonralar aralarındakı münasibət davam etdikcə Elvin şəriki olan Rahimidə onunla tanış etdi. Elvinlə Rahim dəfələrlə ondan faizə pul götürüb qaytarırmışlar. Sonuncu dəfə pul götürdükdən sonra borcu qaytarmamış yenidən pul götürürdülər. Bununlada ona olan borcları 7000 manata çatmışdır. Təxminən bir müddət əvvələ qədər gündəlik 50 manat ödəməklə 700 manat pul ödəmişlər. Həmin ərəfədə Rahimin telefonu ilə tanımadığı bir nəfər şəxs ona zəng vuraraq təhqir etmişdir. Buna görədə o 102 xidmətinə müraciət etmişdir. Baş verənlərdən bir az sonra Elvin Rahimin adından gəlib ona olan borcu alıb qaytaracağını bildirmişdir. Lakin bu günə kimi heç bir ödəniş etməmişlər. Belə olan halda o Bakı şəhəri Nizami rayonu RPİ 24-cü PŞ-nə müraciət etmişdir. Polis bölməsinə dəvət olunan cavabdeh Rahim Xubalıyev borcunu etiraf etsədə, pulunun olmaması səbəbilə ödəniş edə bilməyəcəyini bildirdi və Rahim ondan mümkün qədər güzəştə getməyini istəmişdir. Aralarında olan razılaşmaya baxmayaraq cavabdeh X3 qalan 6300 manat məbləğində borc pulun qaytarılması üçün verilmiş müddət başa çatdıqdan sonra o, pulunun qaytarılmasını dəfələrlə tələb etsə də, cavabdeh ödəməli olduğu pulu qaytarmaqdan imtina etmişdir. Ona görə də o, iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sonda iddiaçı Cavabdeh 6300 manat məbləğində borcun və dövlət rüsumuna görə ödədiyim 113 manat məbləğində pulun alınıb ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(073)-765/2024 saylı qətnaməsi ilə (Hakim: Elxan Əmirəliyev) iddia təmin edilmiş, Cavabdeh borca görə 6300 (altı min üç yüz) manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 83 (səksən üç) manat alınıb İddiaçı verilməsi qət edilmişdir. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 76.1, 77.1, 217.4, 119.1, 88, 106.1, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1, 740.1, 14.2.1, 386.1, 385.1, 442, 445.1, 445.2.1, 329.2, 390.1, 425.1, 427.3, 442.1-ci maddələrinə istinad etməklə əsaslandırmış, qeyd etmişdir ki, işdə olan Bakı şəhəri Nizami RPİ-nin 24-cü Polis Şöbəsinin cinayət işinin başlanmasının rədd edilməsi haqqında 05 may 2018-ci il tarixli qərarından görünür ki, Cavabdeh oglu İddiaçı olan borcunu etiraf etmişdir. Beləliklə, məhkəmə iclası zamanı müəyyən edildi ki, Cavabdeh oglu İddiaçı 7000 manat borc almış, həmin məbləğin 700 manatını qaytarmış, lakin qalan 6300 manat məbləğini isə qaytarmamışdır. Bu səbəbdən də cavabdeh Rahim Xubalıyevin İddiaçı 6300 manat məbləğində borcu yaranmışdır. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri Qətnamədən Cavabdeh apellyasiya şikayəti vermişdir. Cavabdeh apellyasiya şikayətində göstərdiyi hallara görə, o, hələ Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsində verdiyi izahatında bildirmişdir ki, təxminən 6 ay müddətində Bakı şəhərində, 8-ci km bazarında ayaqqabı satışı ilə məşğul olmuşdur. O, bu fəaliyyəti həmyerlisi Elvin Həşimov ilə birlikdə, şərik olaraq həyata keçirmiş, ayaqqabıları özləri alıb satmışlar. Cavabdehin izahatından görünür ki, bazara gəldikdən sonra İddiaçı tanımış, onu da məhz şəriki Elvin Həşimov vasitəsilə tanımışdır. İlk dəfə cavabdeh və Elvin Həşimov birlikdə iddiaçıdan 450 manat məbləğində faizə pul götürmüş, həmin məbləği 10 gün müddətinə almış və günə 50 manat ödəməklə, ümumilikdə 500 manat pulu iddiaçıya qaytarmışlar. Bundan sonra onlar iddiaçıdan birlikdə 900 manat məbləğində faizə pul götürmüş, yenə də 10 gün ərzində günə 100 manat ödəməklə 1000 manat pulu iddiaçıya geri qaytarmışlar. Daha sonra cavabdeh və Elvin Həşimov iddiaçıdan 1800 manat məbləğində faizə pul götürmüş və 10 gün müddətində 2000 manat pulu iddiaçıya ödəmişlər. Cavabdehin bildirdiyinə görə, bundan sonra da Elvin Həşimovla birlikdə iddiaçıdan mütəmadi olaraq faizə pul götürmüşlər və bu münasibətlər təxminən 4 ay müddətində davam etmişdir. Son 2 ay ərzində bazarda küçə ticarətinin yığışdırılması səbəbindən faizə götürülmüş pulları vaxtında ödəyə bilməmiş, bu səbəbdən iddiaçının özündən pul götürüb yenidən elə onun özünə qaytarmışlar. Nəticədə, iddiaçının özündən götürülüb yenidən özünə qaytarılan məbləğlərin üzərinə əlavə faiz hesablanmışdır.Cavabdeh qeyd etmişdir ki, hazırda onun və Elvin Həşimovun iddiaçıya cəmi 1400 (min dörd yüz) manat borcu qalmışdır. Cavabdeh və şəriki Elvin Həşimov bu 1400 manat borcu danmır və imkanları daxilində həmin borcu ödəməyə hazır olduqlarını bildirirlər. Cavabdeh, həmçinin vurğulamışdır ki, iddiaçı özü də iddia ərizəsində faizə pul verdiyini etiraf etmişdir. Lakin birinci instansiya məhkəməsi iddiaçının faizə pul verməsi məsələsinə səthi yanaşmışdır. Cavabdehin fikrincə, onunla birlikdə şərik olan Elvin Həşimovun iddiaçıya olan borcu yalnız 1400 manat təşkil edir. Bununla yanaşı, cavabdeh göstərmişdir ki, birinci instansiya məhkəməsi mahiyyət etibarilə heç bir mötəbər, bir-biri ilə bağlı və sübuta yetirilmiş dəlilə istinad etmədən guya cavabdehin iddiaçıya 6300 manat borclu olduğunu qeyd etmişdir. Nəticədə, məhkəmə iddiaçının yalnız formal izahatları əsasında qətnamə qəbul etmişdir.Cavabdehin mövqeyinə görə, əslində iddiaçı heç bir hüquqi əsas olmadan ondan qazanc əldə etmək niyyəti ilə 6300 manat məbləğində pul tələbi irəli sürmüş, bu yolla cavabdehin hesabına varlanmağa cəhd etmişdir. Cavabdeh və Elvin Həşimov iddiaçıdan heç vaxt 7000 manat məbləğində faizə pul götürməmişlər. Bir daha qeyd olunur ki, iddiaçı heç bir hüquqi əsas olmadan, hazırkı məbləğdə iddia ərizəsi ilə cavabdehə qarşı məhkəməyə müraciət etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: İddiaçı elektron kabinet vasitəsilə ünvanlamış olduğu etirazda göstərmişdir ki, Bakı şəhəri Nizami RPİ-nin 24-cü Polis Şöbəsinin cinayət işinin başlanmasının rədd edilməsi haqqında 05 may 2018-ci il tarixli qərarından da görünür ki, cavabdeh hazırda imkanı olmadığından ona olan borcunu qaytara bilmədiyini etiraf etmiş, borcu olduğunu danmır və aldığı pulu imkan olan kimi ödəyəcəyinı bildirmiş və ona olan borcu hissə-hissə ödəyəcəyini qeyd etmişdir. Həmçinin işdə olan Bakı şəhəri Nizami RPİ-nin 24-cü Polis Şöbəsinin cinayət işinin başlanmasının rədd edilməsi haqqında 05 may 2018-ci il tarixli qərarından görünür ki, Cavabdeh oglu İddiaçı olan borcunu etiraf etmişdir. Əslində cavabdeh öz apellyasiya şikayətində də öz borcunu etiraf etmişdir. Çünki, apellyasiya şikayətində cavabdeh qeyd edir ki, hələ Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsində izahatında bildirmişdir ki, ilk dəfə cavabdeh və Elvin İddiaçı 450 manat, daha sonra 900 manat, daha sonra 1800 manat bundan sonra isə Yaqubdan mütəmadi olaraq pullar götürmüşlər. Elə apelyasiya şikayətində qeyd edilən məbləğləri hesablayanda, məlum olur ki, cavabdeh 450 manat, 900 manat və 1800 manat olmaqla ümumilkdə 3150 (üç min bir yüz əlli manat) manat pulu aldığını etiraf edir. Eyni zamanda cavabdeh öz izahatında etiraf edir ki, 3150 manatdan sonra da mütəmadi olaraq Yaqubdan pul götürmüşlər. Demək belə çıxır ki, iddiaçı öz tələbində haqlıdır və bu səbəbdən də cavabdeh Rahim Xubalıyevin İddiaçı 6300 manat məbləğində borcu qalmışdır. Qeyd olunanları nəzərə alaraq Cavabdeh oglu tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsini və Cəlilabad rayon Məhkəməsinin 16 avqust 2024-cü il tarixli, 2(073)-765/2024 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsində icraat Proses iştirakçılarının izahatı: Apellyasiya baxışında iştirak edən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək izahatında bildirdi ki, iddiaçı faizə pul verir. Onun iddiaçıya 6300 manat borcu yoxdur. İddiaçı heç bir məhkəmə iclasında iştirak etməmişdir. Birinci instansiya məhkəməsində proseslər isə hər dəfə təxirə salınmışdır. Birinci instansiyanın xx.xx.2024-cü il tarixli protokolunda olan izahat ona məxsus deyildir. Apellyasiya baxışında iştirak edən cavabdehin nümayəndəsi və vəkili X10 apellyasiya şikayətini müdafiə edərək izahatında bildirdi ki, birinci instansiya məhkəməsində protokolda qeyd edilənləri dəqiqləşdirmək üçün video-audio yazı yoxdur. Cavabdeh tərəf iddiaçıdan dəfələrlə pul götürmüş və qaytarmışdır. İddia ərizəsində iddiaçı faizə pul verdiyini etiraf edir. Borc isə 10 il əvvəl verilib, iddia müddəti ötürülüb, lakin birinci instansiyada proses keçirilmədiyi üçün bu barədə ərizə təqdim edə bilməmişlər. İddiaçı borcla bağlı mötəbər sübut təqdim edə bilmir. 1400 manat borc verilməsini cavabdeh tərəf qəbul edir. Qanunvericiliklə nəzərdə tutulmuş qaydada İddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, iclasda iştirak etməmiş, səlahiyyətli nümayəndə ilə təmsil olunmamışdır. Odur ki, məhkəmə kollegiyası məhkəmə icraatının tezliyinin təmin olunması baxımından Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən iş üzrə iddiaçı tərəfin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2024cü il tarixli 2(073)-765/2024 saylı qətnaməsinin dəyişdirilməklə iddianın 1400 (min dörd yüz) manat məbləğində təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdiyindən, Məhkəmə kollegiyası qətnamənin qanuniliyi və əsaslılığını apellyasiya icraatı qaydasında, apellyasiya şikayətində irəli sürülmüş dəlillər çərçivəsində araşdırır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 14.2.1-ci maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. 385.1-ci maddəsinə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2.-ci maddəsinə əsasən Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88.-ci maddəsinə əsasən Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1.-ci maddəsinə əsasən Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3.-ci maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 106.3.-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir 372.1.-ci maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.7.-ci maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənini maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı Qərarının 1-ci bəndinə əsasən məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. 2.2-ci bəndinə əsasən məhkəmə qərarı maddi və prosessual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edilir. 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. 17-ci bəndinə əsasən kassasiya və apellyasiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası iş üzrə toplanmış sübutları, apellyasiya şikayətinin dəlillərini və birinci instansiya məhkəməsinin gəldiyi qənaəti məcmu şəkildə qiymətləndirərək belə hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(073)-765/2024 saylı qətnaməsi ləğv olunaraq iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi qismən təmin olunmalıdır. Məhkəmə kollegiyası ilkin olaraq, aşağıdakı halları qeyd etməyi zəruri hesab edir. MPM-in: 372.7.-ci maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənini maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 270-ci maddəsinə əsasən Məhkəmə iclasında, habelə məhkəmə iclasından kənar hər bir ayrıca prosessual hərəkət barədə protokol tərtib edilir. 271.1.-ci maddəsinə əsasən Protokol məhkəmə iclasının və ya ayrıca prosessual hərəkətin bütün mühüm anlarını əks etdirməlidir. 272.4-1.-ci maddəsinə əsasən Kommersiya mübahisələri üzrə, həmçinin “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz video-audio yazısı aparılır. Məhkəmə iclasında sədrlik edən tərəfləri və işdə iştirak edən digər şəxsləri bu barədə xəbərdar edir. Məhkəmə iclasının video-audio yazısına dair məlumat məhkəmə iclasının protokolunda göstərilir və həmin yazı maddi daşıyıcıda protokola əlavə olunur. İşdə iştirak edən şəxslər məhkəmə iclasının video-audio yazısı ilə tanış olmaq hüququna malikdirlər. 385.1.1.-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardan biridir. Kollegiya qeyd edir ki, mülki prosesin əsas təminatlarından biri məhkəmə iclaslarının və ayrıca prosessual hərəkətlərin gedişinin obyektiv və tam şəkildə rəsmiləşdirilməsidir. Protokol məhkəmə baxışının formal xronikası deyil, prosesin şəffaflığını, tərəflərin prosessual hüquqlarının qorunmasını və sonrakı instansiyalar üçün yoxlanıla bilən hüquqi əsasın mövcudluğunu təmin edən fundamental prosessual sənəddir. Bu baxımdan, protokol yalnız iclasın keçirildiyini deyil, onun bütün mühüm məqamlarını, tərəflərin mövqelərini, edilən vəsatətləri, verilən izahatları və məhkəmənin reaksiyasını əks etdirməlidir. Müasir mülki mühakimə sistemində bu məqsədə xidmət edən əsas mexanizmlərdən biri də məhkəmə iclaslarının fasiləsiz video-audio qeydə alınmasıdır. Xüsusilə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə video-audio yazı artıq alternativ vasitə deyil, məhkəmə iclasının obyektivliyini təmin edən əsas prosessual zəmanət kimi çıxış edir. Belə yazı yalnız texniki vasitə deyil, eyni zamanda protokolun doğruluğunu təsdiqləyən, onun subyektiv və ya natamam tərtib olunması riskini aradan qaldıran hüquqi təminatdır. Hazırkı iş üzrə müəyyən edilir ki, mülki iş birinci instansiyada “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmədə baxılmışdır və həmin məhkəmədə iclasların fasiləsiz videoaudio yazısının aparılması texniki olaraq mümkündür. Lakin elektron sistemdəki məlumatlardan açıq şəkildə görünür ki, nə hazırlıq iclasları, nə də baxış iclasları üzrə hər hansı video-audio qeydə alınma aparılmamışdır. Bu hal isə Kollegiya tərəfindən yalnız texniki nöqsan kimi deyil, eyni zamanda prosessual xarakterli pozuntu kimi qiymətləndirilir. Bununla yanaşı hazırlıq və baxış iclasları üzrə video-audio yazının olmaması, həmin iclaslar üzrə tərtib edilmiş protokolların obyektivliyi və etibarlılığı ilə bağlı əsaslı şübhələr yaradır. Çünki belə şəraitdə protokolun məzmununun real iclasın gedişini tam və düzgün əks etdirib-etdirmədiyini yoxlamaq faktiki olaraq mümkünsüz olur. Bu isə tərəflərin prosessual hüquqlarının pozulması riskini artırır, xüsusilə də iclasda baş vermiş mühüm prosessual məqamların sonradan təsdiqlənməsi və ya təkzib edilməsi imkanını aradan qaldırır. Kollegiya bu halları nəzərə alaraq belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsində mülki iş üzrə keçirilmiş hazırlıq və baxış iclaslarının fasiləsiz video-audio yazılarının aparılmaması prosessual qaydaların pozulması kimi qiymətləndirilməlidir. Bu pozuntu, öz növbəsində, tərtib edilmiş protokolların doğruluğunu və obyektivliyini ciddi şəkildə şübhə altına alır və məhkəmə aktının qanuniliyinə təsir göstərən mühüm amil kimi çıxış edir. Kollegiya apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar aşağıdakıları qeyd edir: Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnamədə iş materiallarında olan sənədlərə istinad edərək belə qənaətə gəlmişdir ki, Cavabdeh İddiaçı 7000 manat məbləğində borc almış, həmin borcun 700 manatını qaytarmış və nəticə etibarilə 6300 manat məbləğində borcu qalmışdır. Məhkəmə bu nəticəyə gələrkən, işdə olan Bakı şəhəri Nizami RPİ-nin 24-cü Polis Şöbəsi-nin 05 may 2018-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarında yer alan izahatları cavabdehin borcu tam həcmdə etiraf etməsi kimi qiymətləndirmişdir. Lakin qeyd edilən qərarın məzmunu ilə birinci instansiya məhkəməsinin gəldiyi nəticə arasında açıq və aradan qaldırılmayan ziddiyyət mövcuddur. Həmin qərarın mətnindən aydın şəkildə görünür ki, cavabdeh borcun 6300 manat həddində deyil, 1400 manat məbləğində mövcudluğunu qəbul etmişdir. Qərarda yer alan “Hazırda Yaqubun bildirdiyinə əsasən borcun ümumi məbləği 7000 manat təşkil edir” ifadəsi birbaşa cavabdehin mövqeyi kimi deyil, iddiaçının subyektiv iddiasının sitatı kimi təqdim olunmuşdur. Xüsusilə vurğulanmalıdır ki, cavabdeh öz izahatında “Yaqubun bildirdiyinə görə” ifadəsindən istifadə etməklə, borcun ümumi məbləği ilə bağlı iddiaçının mövqeyini öz mövqeyindən açıq şəkildə ayırmışdır. Bu cür ifadə forması hüquqi baxımdan etiraf sayıla bilməz. Etiraf yalnız tərəfin öz iradəsini və faktı açıq, dəqiq və şərtsiz şəkildə qəbul etməsi halında hüquqi nəticə doğura bilər. Başqa şəxsin iddiasının sadəcə qeyd olunması və ya təkrar edilməsi etiraf institutunun mahiyyətinə ziddir. Bununla yanaşı, cavabdeh izahatında Yaquba olan borcun mövcudluğunu ümumilikdə inkar etməmiş, lakin borcun məbləğini məhdud çərçivədə qəbul etmiş və maddi imkan yarandıqca borcun hissə-hissə ödəniləcəyini bildirmişdir. Eyni məzmunlu ifadələr cavabdehin apellyasiya şikayətinin dəlillərində də qeyd olunmuşdur və bu hal cavabdehin mövqeyinin ardıcıl və dəyişməz olduğunu bir daha təsdiq edir. Belə ki, birinci instansiya məhkəməsində verdiyi izahatlarda ifadə olunan eyni məzmunlu arqumentlər cavabdehin apellyasiya şikayətinin dəlillərində də açıq və konkret şəkildə təkrarlanmışdır. Cavabdeh apellyasiya instansiyasında da borcun mövcudluğunu ümumi şəkildə inkar etməmiş, lakin onun məbləği ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmadığını, etirafın yalnız 1400 manat həddində olduğunu vurğulamışdır. Bu isə onu göstərir ki, cavabdehin mövqeyi sonradan formalaşmış və ya müdafiə məqsədilə dəyişdirilmiş mövqe deyil, işin başlanğıcından etibarən sabit, ardıcıl və hüquqi baxımdan müəyyən edilmiş mövqedir. Belə ardıcıllıq isə etirafın həcminin düzgün müəyyən edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir və birinci instansiya məhkəməsinin cavabdehin iradəsini yanlış şərh etdiyini bir daha ortaya qoyur. Beləliklə, birinci instansiya məhkəməsi sübutları düzgün qiymətləndirməmiş, cavabdehin etirafının həcmini faktiki məzmuna zidd şəkildə genişləndirmiş və nəticədə iş üzrə sübut olunmamış məbləğdə borcun mövcudluğu qənaətinə gəlmişdir. Halbuki mövcud sübutlar cavabdehin yalnız 1400 manat məbləğində borcu qəbul etdiyini təsdiq edir və bu həddən artıq olan tələblər üzrə iddiaçı tərəfindən müstəqil sübutlar təqdim edilməmişdir. Odur ki, iddianın yalnız cavabdeh tərəfindən etiraf edilmiş 1400 manat məbləğində hissədə təmin olunması hüquqi baxımdan əsaslı və qanuni hesab edilməlidir. Qalan hissədə isə etirafın mövcud olmaması və borcun məbləğinin etibarlı sübutlarla təsdiq edilməməsi səbəbindən iddianın rədd edilməsi üçün əsas yaradır. Mülki prosesdə etiraf hüququ tərəflərin prosessual imkanları çərçivəsində tanınan mühüm institutlardan biridir və bu institut mülki prosessual qanunvericilikdə açıq şəkildə nəzərdə tutulur. Etiraf, bir tərəfin digər tərəfin tələb və ya etirazlarını əsaslandıran faktların mövcudluğunu qəbul etməsi kimi çıxış edir və sübutetmə yükünün bölüşdürülməsinə birbaşa təsir göstərir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi-nin 106-cı maddəsi etirafın sübut sistemindəki yerini və onun hüquqi nəticələrini müəyyən edir. Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum faktlar barədə verdikləri izahatlar məhkəmə tərəfindən avtomatik olaraq həqiqət kimi qəbul edilə bilməz. Həmin izahatlar iş üzrə toplanmış digər sübutlarla birlikdə yoxlanılmalı və yalnız onların məcmusu əsasında qiymətləndirilməlidir. Bu norma doktrinal baxımdan onu göstərir ki, etiraf mülki prosesdə mütləq sübut xarakteri daşımır və məhkəmənin sərbəst sübut qiymətləndirmə səlahiyyəti saxlanılır. Bununla yanaşı, mülki prosesdə tərəflərin iradə ifadələri məhkəmənin həqiqəti araşdırmaq funksiyasını tam şəkildə əvəz edə bilməz. Xüsusilə də etirafın təzyiq, səhv və ya prosessual vəziyyətdən düzgün başa düşülməməsi nəticəsində verilməsi ehtimalı nəzərə alınmalıdır. 106.3-cü maddə etirafın ən mühüm hüquqi nəticəsini müəyyən edir. Həmin maddəyə görə, tərəfin tələb və etirazlarını əsaslandıran faktların digər tərəf tərəfindən etiraf edilməsi, əks tərəfi həmin faktları gələcəkdə sübut etmə vəzifəsindən azad edir. Mülki prosessual hüquq elmində bu hal prosessual qənaət prinsipi ilə əsaslandırılır, yəni artıq mübahisəsiz hala gəlmiş faktların yenidən sübut edilməsinə ehtiyac qalmır. Lakin qeyd olunmalıdır ki, bu azadolma mütləq xarakter daşımır. Əgər məhkəmədə etirafın həqiqətə uyğunluğuna əsaslı şübhələr yaranarsa və ya etiraf digər sübutlarla açıq ziddiyyət təşkil edərsə, məhkəmə həmin faktı yenidən araşdıra bilər. Bu, məhkəmənin obyektiv həqiqəti müəyyən etmək funksiyasının saxlanıldığını göstərir. Beləliklə, mülki prosesdə etiraf institutu tərəflərin prosessual iradə azadlığının təzahürü olmaqla yanaşı, məhkəmənin sübutetmə fəaliyyətinə ciddi təsir göstərən hüquqi mexanizmdir. Etiraf nə tam sərbəst iradə aktı, nə də mütləq sübutdur, o, məhkəmənin sərbəst sübut qiymətləndirməsi çərçivəsində hüquqi əhəmiyyət kəsb edən kompleks prosessual institut kimi çıxış edir. Məhkəmə kollegiyası iş üzrə toplanmış sübutları, apellyasiya şikayətinin dəlillərini və birinci instansiya məhkəməsinin gəldiyi qənaəti məcmu şəkildə qiymətləndirərək belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilərək, Cəlilabad Rayon Məhkəməsinin 16 avqust 2024-cü il tarixli, 2(073)- 765/2024 saylı qətnaməsi ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul olunmalı, iddia qismən təmin edilməli, Cavabdeh 1400 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə rədd olunmalıdır. MPM-in 107-ci maddəsinə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Kollegiya müəyyən edir ki, iddiaçı tərəfindən 6300 manat məbləğində iddia tələbi üzrə 83 manat dövlət rüsumu ödənilmişdir. İddia tələbi Kollegiya tərəfindən qismən, yəni 1400 manat məbləğində təmin edildiyindən, dövlət rüsumu təmin edilmiş və təmin edilməmiş hissələr üzrə proporsional qaydada bölüşdürülməli, dövlət rüsumunun 18,44 manat hissəsi cavabdehdən tutulmalı, qalan 64,56 manat hissəsi isə iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.-ci maddəsinə əsasən Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi. MPM-in 384.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. MPM-in 402.1-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olduqda kassasiya şikayəti verilə bilməz. Hazırkı iş üzrə ilkin iddia məbləği 6300 manat olsa da, Kollegiya tərəfindən iddia tələbi qismən, yəni 1400 manat məbləğində təmin edilmişdir. Bu baxımdan, mübahisələndirilən hissənin məbləği 6300 manatdan 1400 manat çıxılmaqla 4900 manat təşkil edir ki, bu da MPM-in 402.1-ci maddəsində nəzərdə tutulmuş kassasiya həddindən azdır. Odur ki, hazırkı qətnamədən kassasiya şikayətinin verilməsi qanunla nəzərdə tutulmamışdır. Şərh olunanlara əsasən və MPM-in 382, 384.0.2, 385.1, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, q ə t e t d i: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(073)-765/2024 saylı qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul olunsun. İddia qismən təmin olunsun. Cavabdeh 1400 (min dörd yüz) manat məbləğində pul vəsaiti və 18.44 (on səkkiz manat qırx dörd qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Ödənilmiş dövlət rüsumunun qalan hissəsi İddiaçı özünə aid edilsin. İddia tələbi qalan hissədə rədd olunsun. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar