Məhkəmə qərarları › İş №2(106)-2028/2023

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-2028/2023

15.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-2028/2023 15.12.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən, məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Mayılov Samir İlham oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Biləsuvar Rayon Məhkəməsinin 03 avqust 2023-cü il tarixli, 2(022)-817/2023 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətini nəzərdən kecirərək, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Biləsuvar Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh aralarında bağlanmış kredit müqavilələrinin şərtlərinə əməl etməyərək 18 iyul 2019cu il tarixdə verdiyi 3000 (üç min) manat, 16 fevral 2020-ci il tarixdə verdiyi 2200 (iki min iki yüz) manat və 20 dekabr 2022-ci il tarixdə verdiyi 5.000 (beş min) manat- cəmi 10200 (on min iki yüz) manat məbləğində pulun, eləcə də ondan almış olduğu 10200 (on min iki yüz) manat borc pulu hazırki vaxta kimi qaytarmadığından həmin pula dair əldən çıxmış faydaya görə 5000 (beş min) manat pulun və dövlət rüsumu olaraq ödənilmiş 136 (yüz otuz altı) manat cəmi 15336 (on beş min üç yüz otuz altı) manat pulun alınaraq ona verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Biləsuvar Rayon Məhkəməsinin 03 avqust 2023-cü il tarixli, 2(022)-817/2023 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavbadeh Cavabdeh 7200 (yeddi min iki yüz) manat və ödənilmiş dövlət rüsumunun bir hissəsinin əvəzi qismində 80 (səksən) manat məbləğində pul vəsaitinin alınaraq İddiaçı verilməsi qət edilmişdir. İddia qalan hissədə rədd edilmişdir. İşdə olan xəbərnamədən görünür ki, Biləsuvar Rayon Məhkəməsinin 03 avqust 2023-cü il tarixli, 2(022)-817/2023 saylı qətnaməsini İddiaçı 24 avqust 2023-cü il tarixdə rəsmi olaraq almışdır İddiaçı tərəfindən Biləsuvar Rayon Məhkəməsinin 03 avqust 2023-cü il tarixli, 2(022)- 817/2023 saylı qətnaməsindən apelyasiya şikayəti vermiş, 06 sentyabr 2023-cü il tarixdə Biləsuvar Rayon Məhkəməsinə daxil olaraq qeydiyyata alınmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(106)- 1681/2023 saylı qərardadı ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə verilmədiyindən və elektron imza ilə imzalanmadığından qeyri-mümkün hesab edilərək apellyasiya şikayətinin mülki prosessual qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması üçün Biləsuvar Rayon Məhkəməsinə qaytarılmışdır. Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(022)-817/2023 saylı qərardadı ilə İddiaçı Biləsuvar Rayon Məhkəməsinin 03 avqust 2023-cü il tarixli, 2(022)-817/2023 saylı qətnaməsindən verilmiş apellyasiya şikayəti geri qaytarılmışdır. İddiaçı xx.xx.2023-cü il tarixdə Biləsuvar Rayon Məhkəməsinin 03 avqust 2023-cü il tarixli, 2(022)-817/2023 saylı qətnaməsindən elektron qaydada yenidən apellyasiya şikayəti vermişdir. Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(022)-817/2023 saylı qərardadı ilə apellyasiya şikayətinin baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (Bundan sonra MPM) 366.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Mülki iş materialları 11 dekabr 2023-cü il tarixdə Şirvan Apellyasiya Məhkəməsinə daxil olmuş, mülki işə 2(106)2028/2023 nömrə verilmiş və apellyasiya şikayətinin mümkünlüyünün yoxlanılması 15 dekabr 2023-cü il tarixə təyin edilmişdir. Məhkəmə kollegiyası Biləsuvar Rayon Məhkəməsinin 03 avqust 2023-cü il tarixli, 2(022)- 817/2023 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri hesab edir. MPM-nin 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər 361.1.4-cü maddəsinə əsasən apellyasiya şikayətində şikayəti verən şəxsin tələbi və işin materiallarına istinad etməklə ərizəçinin qətnaməni düzgün hesab etmədiyi əsaslar göstərilməlidir. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətini nəzərdən keçirərəkən birinci instansiya məhkəməsi tərəfindən apellyasiya şikayətinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 357-363-cü maddələrinin tələblərinə uyuğunluğunun düzgün yoxlanılmadığı müəyyən edilmişdir. Belə ki, MPM-nin 364.1-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Məhkəmə kollegiyası İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması üçün prosessual əsasların olmasını yoxlayaraq müəyyən etdi ki, iş üzrə Biləsuvar Rayon Məhkəməsi İddiaçı tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş apellyasiya şikayətinin Mülki Prosessual Məcəlləsinin 357-363-cü maddələrinin tələblərinə uyuğunluğunu yoxlayarkən prosessual qanunvericiliyin normalarını düzgün tətbiq etməmişdir. Belə ki, Biləsuvar Rayon Məhkəməsi xx.xx.2023-cü il tarixli, 2(022)-817/2023 saylı qərardadında İddiaçı Biləsuvar Rayon Məhkəməsinin 03 avqust 2023-cü il tarixli, 2(022)- 817/2023 saylı qətnaməsini 24 avqust 2023-cü il tarixdə rəsmi olaraq aldığını və həmin qətnamədən ilkin olaraq 06 sentyabr 2023-cü il tarixdə apellyasiya şikayəti verdiyini əsas gətirərək iddiaçının qanunla müəyyən edilmiş 1 aylıq prosessual müddəti ötürmədiyi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayəti vermək hüququ istər iddiaçıya istərsə də cavabdehə prosessual qanunvericiliklə tanınmış hüquqdur. Lakin hüququn realizəsi məhz subyektlərin qənaəti ilə deyil prosessual qanunvericiliyin tələblərinə uyğun həyata keçirilikdə mümkün olmalıdır. Belə ki, MPM-nin 361.1-ci maddəsində də “bu Məcəllə ilə müəyyən edilmiş formada verilən apellyasiya şikayəti” sözləri yazılmaqla məhz apellyasiya şikayətinin verilməsi qaydası və formasının MPM-nin tələblərinə uyğun olmasını şərtləndirir. MPM-in 10-1.3-cü maddəsinə əsasən, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Göründüyü kimi, qanunverici “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılmasının “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilməli olmasını imperativ qayda kimi müəyyən etmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, İddiaçı tərəfindən 06 sentyabr 2023-cü il tarixdə verilmiş apellyasiya şikayəti MPM-nin tələblərinə uyğun verilmədiyindən və həmin apellyasiya şikayəti qeyri-mümkün hesab edildiyindən apellyasiya şikayətinin verildiyi müddət 06 sentyabr 2023-cü il kimi deyil, elektron qaydada verilmiş apellyasiya şikayətinin tarixi yəni, xx.xx.2023-cü il kimi qəbul edilməlidir. Belə olan halda isə verilmiş apellyasiya şikayəti prosessual müddətin ötürülməsi ilə verilmiş hesab edilir. Bu halda şikayət qanunla nəzərdə tutulmuş prosessual müddətlər ötürülməklə verildikdə, prosessual müddətin bərpa olunması barədə ərizə verilməlidir. Həmin ərizəyə müddətin üzürlü səbəblərdən ötürülməsi ilə bağlı sübutlar əlavə edilməlidir. Müddətin bərpası haqqında ərizə prosessual qanunvericiliyin tələblərinə cavab verən apellyasiya şikayəti ilə birgə təqdim olunmalıdır. Mülki Prosessual Məcəllənin 130-cü maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Qeyd olunan prosessual müddətin əsassız bərpa edilməsi və ya bu cür şəraitin yaradılması iş üzrə qarşı tərəfin (burada iddiaçıya münasibətdə başa düşülməlidir.) hüquqlarının əhəmiyyətli dərəcədə pozulmasına səbəb ola bilər. Mülki Prosessual Məcəllənin 363.1.3-cü maddəsinə əsasən apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə geri qaytarılır. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 130.3-cü maddəsinə əsasən prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. MPM-nin 364.1-ci maddəsinə əssən birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Həmin maddənin tələbinə əsasən apellyasiya şikayətinin yoxlanılması birinci instansiya məhkəməsinin vəzifəsidir. Lakin, yuxarıda göstərilən hallar birinci instansiya məhkəməsi tərəfindən araşdırılmamış və prosessual hüquq normalarının tələbləri pozulmaqla, apellyasiya şikayətinin MPM-nin 357-363-cü maddələrinin tələblərinə uyğunluğu düzgün yoxlanılmadan iş materialı apellyasiya şikayəti ilə birlikdə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. MPM 366.2-ci maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qeyrimümkün hesab edilərək MPM-nin 357-363-cü maddələrinin tələblərinə uyğunluğunun yoxlanılaraq hüquqi qiymət verilməsi üçün mülki iş materialı ilə birlikdə Biləsuvar Rayon Məhkəməsinə qaytarılmalıdır. Apelyasiya şikayətinin yoxlanılması zamanı bu qərardadda qeyd olunan hallar nəzərə alınmalı, məhkəmə tərəfindən araşdırılaraq hüquqi qiymət verilmlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402.2-402.3-cü maddələrinə əasasən apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında; birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qərardadlarından kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 361-363, 366.2 və 400-402-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası,, QƏRARA ALDİ: Biləsuvar Rayon Məhkəməsinin 03 avqust 2023-cü il tarixli, 2(022)-817/2023 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin. Mülki iş materialı apellyasiya şikayətinin MPM-nin 357-363-cü maddələrinə uyğunluğunun yoxlanılaraq hüquqi qiymət verilməsi üçün Biləsuvar Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qərardaddan kassasiya şikayəti verilmədikdə, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qanuni qüvvəyə minir

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar