Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-203/2025 14.04.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinin Mülki kollegiyası, hakimlər Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Novruzova Aytən Nazim qızından ibarət tərkibdə, Əliyev Orxan İsmayıl oğlunun katibliyi, İddiaçı nümayəndəsi-vəkili Nümayəndə1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Cəlilabad Rayon Məhkəməsinin 2(073)-639/2024 saylı, 05 aprel 2024-cü il tarixli qətnaməsindən Cavabdeh nümayəndəsi-vəkili Nümayəndə2 tərəfindən verilmiş apellyasiya şikayətinə 14 aprel 2025-ci il tarixdə Şirvan apellyasiya məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi; İşin halları: İddiaçı Cavabdeh qarşı dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh yol-nəqliyyat hadisəsi nəticəsində ona (iddiaçıya) dəymiş 4900 (dörd min doqquz yüz) manat dəyərində zərərin və 69 (altmış doqquz) manat dövlət rüsumunun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi (vəkil) X2 iddianın müdafiə edərək, verdiyi izahatında göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə iddiaçı özünə məxsus olan **-GO-*** dövlət qeydiyyat nömrə nişanlı, “Opel Astra” markalı avtomobili ilə Cəlilabad rayonu Maşlıq kəndi ərazisində saat təxminən axşam 12 radələrində hərəkətdə olan zaman qarşısına bir rəst at çıxmış, iddiaçı hadisədən yayınmağa çalışsa da məsafə çox yaxın olduğundan hadisədən yayına bilməmiş və atı vurmuşdur. Hadisə nəticəsində iddiaçı heç bir xəsarət almasa da, avtomobilə ciddi ziyan dəymişdir. Hadisə yerinə polis əməkdaşları gəlmiş və araşdırma zamanı hadisənin cavabdehin təqsiri ucbatından törədilməsi müəyyən edilmiş, bu barədə protokol tərtib edilmiiş və cavbdehin barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Hadisə nəticəsində iddiaçıya 4900 (dörd min doqquz yüz) manat maddi zərər dəymişdir. İddiaçı dəymiş ziyanın ödənilməsini tələb etsə də, cavabdeh bundan yayınmışdır. Buna görə də iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Cəlilabad Rayon Məhkəməsinin 2(073)-639/2024 saylı, 05 aprel 2024-cü il tarixli qətnaməsi ilə (Hakim: Qalib Paşayev), iddianın təmin edilməsi, Cavabdeh dəymiş maddi zərərin əvəzi olaraq 4900 (dörd min doqquz yüz) manat pulun və 69 (altmış doqquz) manat dövlət rüsumunun alınıb İddiaçı verilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən Cavabdeh nümayəndəsi-vəkili Nümayəndə2 apellyasiya şikayəti verərək, şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün hallar araşdırılmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut olunmamışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan Cavabdeh nümayəndəsivəkili İbrahimov X4 Rayon Məhkəməsinin 2(073)-639/2024 saylı, 05 aprel 2024-cü il tarixli qətnaməsinin ləğv edilərək iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: İddiaçı tərəfindən cavabdehin apellyasiya şikayətinə etirazı daxil olmamışdır. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: İddiaçı nümayəndəsi-vəkili Nümayəndə1 apellyasiya icraatı zamanı apellyasiya şikayətinin dəlillərinə şifahi formada etiraz edərək, Cəlilabad Rayon Məhkəməsinin 2(073)- 639/2024 saylı, 05 aprel 2024-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Qanunvericiliklə nəzərdə tutulmuş qaydada cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Odur ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinin tələbinə görə apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında qeyd edilir ki, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Odur ki, məhkəmə kollegiyası Cavabdeh nümayəndəsi-vəkili Nümayəndə2 apellyasiya şikayətinin dəlilləri həddində, Cəlilabad Rayon Məhkəməsinin 2(073)-639/2024 saylı, 05 aprel 2024-cü il tarixli qətnaməsinin qanuniliyinin yoxlanılmasını zəruri hesab edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhkükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən,.....və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludur, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və s.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinin dəlilləri ilə əlaqədar birinci instansiya məhkəməsinin gəldiyi nəticə üzrə maddi və prosessual hüquq normalarına riayət edib-etməməsini yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi, işin faktiki hallarına münasibətdə- baş vermiş yol-nəqliyyat hadisəsinə görə İddiaçı maddi zərərin dəyməsinə münasibətdə düzgün nəticəyə gəlsə də, dəymiş maddi zərərin miqdarının müəyyən edilməsi və həmin hissədə iddianın təmin edilməsi ilə bağlı yanlış nəticəyə gəlmiş və qətnamənin apellyasiya qaydasında mübahisələndirilərək dəyişdirilməsi üçün əsaslar yaratmışdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar iş materiallarını araşdıraraq aşağıdakı sübutları müəyyən etmişdir. Belə ki, işdə olan xx.xx.2023-cü il tarixli etibarnamədən görünür ki, X3 mülkiyyətində olan «Opel Astra minik» markalı, ** GO *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini sürücülük hüququ olduqdan idarə etmək, ipoteka qoymaq, qeydiyyata salmaq, ərizə vermək, bağışlamaq, sərəncam vermək və digər hərəkətlər etmək, qeydiyyatdan çıxarmaq səlahiyyətləri verməklə xx.xx.2024-cü il tarixədək İddiaçı etibar etmişdir. İşdə olan Cəlilabad RPŞ-nin TB-nin xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, HK-1-798 saylı material üzrə cinayət işinin başlanması rədd edilmiş, Cavabdeh Əyyub oğlunun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 338.5.5-ci maddəsi ilə tədbir görülməsi üçün qəbul edilmiş qərarın surətinin Cəlilabad RPŞ-nin DYPB-yə göndərilməsi qərara alınmışdır. Həmin qərardan görünür ki, İddiaçı idarə etdiyi **-GO-*** dövlət qeydiyyat nömrə nişanlı, «Opel Astra» markalı avtomobili ilə Cəlilabad rayonu Maşlıq kəndi ərazisində təxminən saat 23 radələrində hərəkətdə olan zaman bir rəst at onun yoluna çıxmış və YNH baş vermişdir. Nəticədə at heyvanı hadisə yerində ölmüş, İddiaçı məxsus avtomobilə ziyan dəymişdir. İşdə olan xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 338.5.5-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməyə görə 40 (qırx) manat məbləğində cərimə edilmişdir. İşdə olan «AvtoServis» T.X.S tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 1720 saylı arayışdan görünür ki, **-GO-*** dövlət qeydiyyat nişanlı, «Opel Astra» markalı avtonəqliyyat vasitəsinə dəymiş ziyanın məbləği 4900 manat təşkil edir. İşdə olan qəbzdən görünür ki, iddiaçı tərəfindən hazırkı iddanın verilməsi ilə əlaqədar 69 (altmış doqquz) manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.6-cı maddəsinə əsasən başqa şəxsə zərər vurulması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Beləliklə, mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün üç şərt irəli sürülür. Yalnız aşağıdakı üç şərti məcmu halında özündə ehtiva edən, mülki qanunvericiliyin normalarını pozan əməl mülki hüquq məsuliyyətinin yaranmasına səbəb ola bilən mülki hüquq pozuntusu sayıla bilər: törədilmiş əməlin (hərəkət və ya hərəkətsizliyin) hüquqazidd olması; törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə ziyan və ya zərər vurulması; ziyan və ya zərər ilə hüquqazidd əməl arasında səbəbli əlaqənin mövcudluğu. Göründüyü kimi, digər məsuliyyət növlərində olduğu kimi, mülki məsuliyyətin yaranması üçün qanuna zidd hərəkətlə (hərəkətsizliklə) zərər arasında səbəbli əlaqə olmalıdır. Əgər şəxs öz davranışı ilə zərər vurmamışdırsa və ya vurulmuş zərər bu davranışın nəticəsi deyildirsə, şəxsin məsuliyyəti istisna edilir. Səbəbli əlaqə hadisələr arasında elə əlaqədir ki, konkret şəraitdə onlardan biri (səbəb) digərindən (nəticədən) əvvəl gəlir və onun yaranmasına səbəb olur. Səbəbli əlaqənin müəyyən edilməsi bəzən yanlış olaraq hüquq pozuntusu törədən şəxsin hərəkətində təqsirin olubolmamasından asılı edilir. Lakin səbəbli əlaqə hüquq pozuntusu iştirakçılarının şüurundan asılı olmayaraq obyektiv, təqsir isə konkret şəxsin öz davranışına və onun nəticələrinə münasibətində ifadə olunan subyektiv cəhətlərdir. Mülki Məcəllənin 1096.1 və 1097.1-ci maddələri zərərçəkənin üzərində zərərin vurulmasını, onun həcmini, həmçinin zərərin məhz cavabdeh tərəfindən vurulduğunu (onun hərəkətləri ilə vurulmuş zərər arasındakı səbəbli əlaqəni) sübut etmək öhdəliyinin olduğunu ehtiva edir. Bu zaman yuxarıda qeyd edilən maddələrdə nəzərdə tutulmuş məsuliyyət zərərin mövcudluğunu, zərərvuranın hərəkətlərinin hüquqazidd olmasını və onun təqsirini, vurulan zərərin həcminin təsdiqini, həmçinin hüquqazidd davranışla arzuolunmaz nəticə arasında səbəbli əlaqəni ehtiva edən şərtlərin məcmusu zamanı yaranır. Beləliklə, məhkəmələr mülki qanunvericiliyin normalarını pozan əməl (delikt) nəticəsində zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbi, yalnız işin hallarına uyğun olaraq müvafiq məhkəmə qiymətləndirilməsi nəticəsində bu şərtlərin mövcud olduğu qənaətinə gəldiyi təqdirdə təmin edə bilərlər. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən,.....və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludur, bu şərtlə ki, zərərin qarşısı alınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və s.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, xx.xx.2023-cü il tarixdə iddiaçı etibarnamə əsasında idarə etdiyi **-GO-*** dövlət qeydiyyat nişanlı, «Opel Astra» markalı avtomobili ilə Cəlilabad rayonu Maşlıq kəndi ərazisində hərəkətdə olan zaman qarşısına bir rəst at çıxmış, iddiaçı hadisədən yayınmağa çalışsa da hadisədən yayına bilməmiş və atı vurmuşdur. Hadisə nəticəsində iddiaçının istifadəsində olan nəqliyyat vasitəsinə ziyan dəymişdir. Baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar araşdırma aparılmış, Cəlilabad RPŞ-nin TB-nin xx.xx.2023-cü il tarixli qərarı ilə material üzrə cinayət işinin başlanması rədd edilmiş, atın sahibi Cavabdeh Əyyub oğlunun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 338.5.5-ci maddəsi ilə tədbir görülməsi üçün qəbul edilmiş qərarın surətinin Cəlilabad RPŞ-nin DYPB-ə göndərilməsi qərara alınmışdır. xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 338.5.5-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməyə görə 40 (qırx) manat məbləğində cərimə edilmişdir. İddiaçı hadisə nəticəsində istifadəsində olan nəqliyyat vasitəsinə 4900 (dörd min doqquz yüz) manat ziyan vurulduğunu bildirmişdir. Cavabdehin nümayəndəsi-vəkili Nümayəndə2 apellyasiya icraatı zamanı şifahi vəsatət verərək, iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin olunmasını xahiş etmiş, xahişini onunla əsaslandırmışdır ki, nəqliyyat vasitəsinə dəymiş zərərin miqdarı düzgün hesablanmamışdır. Həm avtomobilin real bazar dəyəri həm də hazırkı vəziyyətdə metollom dəyəri baha göstərilmişdir. Kollegiya vəsatəti müzakirə edərək belə qənaətə gəlmişdir ki, tərəflər arasında dəymiş ziyanın miqdarı ilə bağlı mübahisə olduğundan və bununla bağlı ekspertiza təyin edilmədiyindən mülki iş üzrə hərtərəfli, tam və obyektiv araşdırmanın təmin edilməsi üçün 1994-cü il buraxılışlı **-GO-*** dövlət qeydiyyat nömrə nişanlı, “Opel Astra” markalı avtomobilin real bazar dəyərinin, o cümlədən təmir-bərpasına çəkilən xərclərin və metollom kimi qiymətinin müəyyən edilməsi ilə əlaqədar mülki iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilməlidir. İş üzrə alınmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən daxil olmuş “məhkəmə-əmtəəşünaslıq ekspertizası”nın 9/10302 №-li, 25 fevral 2025-ci il tarixli ekspert rəyi ilə müəyyən edilmişdir ki, 1994-cü il buraxılışlı **-GO-*** dövlət qeydiyyat nömrə nişanlı, “Opel Astra” markalı avtomobilin zədələnməmişdən əvvəl təyinatı üzrə istifadəyə yararlı vəziyyətdə orta bazar qiyməti nəzəri qaydada təxminən 3200 manat (üç min iki yüz) müəyyən olunur. Avtomobilin qəzadan sonra salamat qalmış hissələri barədə məlumat olmadığından qalıq dəyərini müəyyən etmək mümkün olmadı. Kollegiya hesab edir ki, cavabdehin apelyasiya şikayətinin dəlilləri qismən əsaslıdır. Belə ki, iş materiallarından görünür ki, məhkəmə ekspertiza təyin etmədən Masallı Avtoservisdən alınmış 24 noyabr 2023-cü il tarixli qüsur aktını əsas götürməklə, avtomobilin real bazar dəyərini 5500 manat, metollom qiymətini 600 manat kimi qiymətləndirərək, real bazar dəyərindən metollom vəziyyətdə qiyməti çıxmış (5500-600=4900) və iddianı 4900 manat təmin etmişdir. Lakin iş materiallarından da görünür ki, “məhkəmə-əmtəəşünaslıq ekspertizası”nın 9/10302 №-li, 25 fevral 2025-ci il tarixli rəyi ilə 1994-cü il buraxılışlı **-GO-*** dövlət qeydiyyat nömrə nişanlı, “Opel Astra” markalı avtomobilin zədələnməmişdən əvvəl təyinatı üzrə istifadəyə yararlı vəziyyətdə orta bazar qiyməti nəzəri qaydada təxminən 3200 manat (üç min iki yüz) müəyyən olunmuşdur. Düzdür ekspert tərəfindən maşının metollom vəziyyətdə qiyməti müəyyən edilə bilməsə də, Masallı Avtoservisdən alınmış 24 noyabr 2023-cü il tarixli qüsur aktında müəyyən edilən 600 manat məbləğlə iddiaçı razılaşmış və apellyasiya qaydasında mübahisələndirməmişdir. Belə olan halda kollegiya hesab edir ki, cavabdehin apelyasiya şikayəti qismən əsaslı olduğundan təmin edilərək Cəlilabad Rayon Məhkəməsinin 2(073)- 639/2024 saylı, 05 aprel 2024-cü il tarixli qətnaməsi İddiaçı dəymiş maddi ziyanın məbləği hissəsində dəyişdirilərək 2600 manat (3200-600=2600) müəyyən edilməli və həmin məbləğ Cavabdeh tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Beləliklə, məhkəmə kollegiyası yekun olaraq hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Cəlilabad Rayon Məhkəməsinin 2(073)-639/2024 saylı, 05 aprel 2024-cü il tarixli qətnaməsi dəyişdirilərək, Cavabdeh 2600 manat məbləğində pul vəsaiti alınaraq İddiaçı ödənilməli, həmçinin Cavabdeh məhkəmə-əmtəəşünaslıq ekspertizasının keçirilməsi üçün aparılmış tədqiqatın dəyəri olan 100 (yüz) AZN məbləğində pul vəsaiti tutularaq Dövlət nəfinə ödənilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Azərbaycan Respublikası MPM-in 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Belə olan halda iddianın qiyməti beş min manatdan az təşkil etdiyindən qəbul olunmuş qətnamədən kassasiya şikayəti verilə bilməz. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir (Mülki Prosessual Məcəllənin 107 və 119.1-ci maddələri). Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.3, 385.2, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Cəlilabad Rayon Məhkəməsinin 2(073)-639/2024 saylı, 05 aprel 2024-cü il tarixli qətnaməsi dəyişdirilsin. Cavabdeh 2600 manat məbləğində pul vəsaiti alınaraq İddiaçı ödənilsin. Cavabdeh mülki iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizasının keçirilməsi üçün aparılmış tədqiqatın dəyəri olan 100 (yüz) AZN məbləğində pul vəsaiti tutularaq, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SFİFT BİK CTREAZ22 Məhkəmə Ekspertizası Mərkəzi VÖEN ********** HESAB AZ34CTRE******************** hesabına keçirilsin. Qətnamə elan edildiyi andan qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(106)-203/2025
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-203/2025
14.04.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver