Məhkəmə qərarları › İş №2(106)-2036/2024

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-2036/2024

12.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-2036/2024 12.12.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinin Mülki kollegiyası, hakimlər Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Novruzova Aytən Nazim qızından ibarət tərkibdə, Saatlı Rayon Məhkəməsinin 25 noyabr 2024-cü il tarixli, 2(055)-883/2024 saylı qərardadından iddiaçı "xxxx" ASC tərəfindən verilmiş şikayətə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mərhum X1 vərəsəsi - Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə 15 oktyabr 2019-cu il tarixli, BPM**********87 №-li kredit müqaviləsi üzrə ödənilməmiş nəğd kredit üzrə 3882.87 manat əsas, 28.8 manat faiz olmaqla, cəmi 3911.67 (üç min doqquz yüz on bir manat 67 qəpik) manat məbləğində kredit borcunun, ödənilmiş 59.12 (əlli doqquz manat 12 qəpik) manat dövlət rüsumunun və 0,4 (qırx qəpik) manat xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Saatlı Rayon Məhkəmənin xx.xx.2024-cü il tarixli 2(055)-883/2024 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh 15 oktyabr 2019-cu il tarixli, BPM**********87 nömrəli kredit müqaviləsi üzrə 1537.94 (min beş yüz otuz yeddi manat doxsan dörd qəpik) manat pul, 35.37 manat məbləğində dövlət rüsumu, ümumilkdə 1573,31 (min beş yüz yetmiş üç manat otuz bir qəpik) manat alınaraq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan iddiaçı "xxxx" ASC xx.xx.2024-cü il tarixdə apellayasiya şikayəti vermişdir. Saatlı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadına əsasən iddiaçı "xxxx" ASC tərəfindən verilmiş apelyasiya şikayəti və ona əlavə olunmuş sənədlər geri qaytarılmışdır Saatlı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadından iddiaçı "xxxx" ASC tərəfindən verilmiş şikayət məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə təmin edilməmiş və işlə birlikdə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(106)-1750/2024 saylı qərardadı ilə Saatlı Rayon Məhkəməsinin 10 sentyabr 2024-cü il tarixli qərardadından iddiaçı "xxxx" ASC tərəfindən verilmiş şikayət təmin edilməmişdir. Hazırda iddiaçı "xxxx" ASC yenidən apellyasiya şikayəti vermiş, eyni zamanda ərizə ilə müraciət edərək xx.xx.2024-cü il tarixli qətnamədən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsini xahiş etmişdir. İddiaçı "xxxx" ASC apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa barədə ərizəsini onunla əsaslandırmışdır ki, məhkəmə qətnaməsinin elektron kabinetə yerləşdirilməsi həmin qətnamənin tərəfə rəsmi qaydada verilməsi kimi qiymətləndirilə bilməz. Belə ki, bu barədə məlumat tərəfə həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılmalıdır. İş materiallarına əlavə etdikləri “Elektron məhkəmə” informasiya sistemindən çıxarışdan da göründüyü kimi, Balakən Rayon Məhkəməsinin e- 2(019)-54/2024 nömrəli, Şəki Rayon Məhkəməsinin e2(075)-944/2024 nömrəli və Şəki Apellyasiya Məhkəməsinin 2-1(107)-208/2024 nömrəli iş üzrə qəbul etdiyi yekun məhkəmə aktları elektron kabinetə yerləşdirilməklə yanaşı, həmin sistem vasitəsi ilə bu barədə proses iştirakçısına məlumat verilmiş, məlumatın verildiyi tarix və saat sistemdə əks olunmuşdur. Eyni zamanda iş materiallarına əlavə olunmuş 04 avqust 2024-cü il tarixdən 06 avqust 2024-cü il tarixləri əks etdirən “Elektron məhkəmə” informasiya sistemindən çıxarışdan və e-2(055)- 883/2024 nömrəli mülki iş üzrə əks olunan sənədlər qrafasından göründüyü kimi, 05 avqust 2024-cü il tarixdə e-2(055)- 883/2024 nömrəli mülki iş üzrə cəmi 3 məlumat (qətnamənin çıxarılması, iş üzrə yekun məhkəmə aktının çıxarılması və qətnamənin elektron kabinetə yerləşdirilməsi) elektron kabinetdə öz əksini tapsa da, bu barədə məlumatın həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılması təmin edilməmişdir. Göründüyü kimi, Saatlı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(055)- 883/2024 nömrəli qətnaməsinin elektron kabinetə yerləşdirilməsi barədə məlumatın təqdim edilməməsi səbəbindən qətnamə qeydiyyata alındığı 15 avqust 2024-cü il tarix nəzərə alınmaqla qətnamədən apellyasiya şikayəti verilmişdir. Odur ki, hesab edir ki, buraxılmış prosessual müddət üzürlü sayılaraq bərpa edilməlidir. Saatlı Rayon Məhkəməsinin 25 noyabr 2024-cü il tarixli, 2(055)-883/2024 saylı qərardadına əsasən iddiaçı "xxxx" ASC-nin prosessual müddətin bərpası barədə ərizəsi təmin edilməmiş, Saatlı Rayon Məhkəməsinin 2(055)-883/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Həmin qərardaddan narazı qalan iddiaçı "xxxx" ASC şikayət verərək qərardadın ləğv olunmasını xahiş etmişdir. Saatlı Rayon Məhkəməsinin 02 dekabr 2024-cü il tarixli, 2(055)-883/2024 saylı qərardadı ilə, şikayətin təmin edilməməsi, şikayətin baxılması üçün işlə birlikdə Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Mülki iş Şirvan Apellyasiya Məhkəməsinə 06 dekabr 2024-cü il tarixdə daxil olmuş və iddiaçı tərəfindən verilmiş şikayət 12 dekabr 2024-cü il tarixə yazılı icraat qaydasında baxılması üzrə təyin edilmişdir. Birinci instansiya məhkəməsinin qərardadının tədqiqindən müəyyən edilir ki, məhkəmə ərizənin təmin edilməməsini iddiaçının qətnamədən apellyasiya şikayəti verilməsi üçün müəyyən edilmiş prosessual müddəti üzürlü səbəbdən ötürməməsi ilə əlaqələndirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 397.1-ci maddəsinə əsasən bu məcəllənin 269.3-cü maddəsində nəzərdə tutulmuş əsaslar olduqda məhkəmənin qərardadından verilən ilkin şikayət işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilir. Azərbaycan Respublikası MPM-nin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən aslı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Azərbaycan Respublikası MPM-nin 397.3-cü maddəsinə şikayət verən şəxs apellyasiya instansiyası məhkəməsində qərardad qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Şikayətdən imtina birinci instansiya məhkəməsinin qərardadının qüvvəyə minməsinə səbəb olur. “Miragall Eskolano və digərləri İspaniyaya qarşı” iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Məhkəmə kollegiyası şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayətin təmin edilməməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Məhkəmə kollegiyası gəlinəcək nəticənin aydın və anlaşılan olmasının təmin edilməsi üçün aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 135.5-ci maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilmiş sənədlər rəsmi qaydada verilmiş hesab edilir. İş materiallarında olan “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan görünür ki, Saatlı Rayon Məhkəmənin xx.xx.2024-cü il tarixli qətnaməsi iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin elektron kabinetinə 05 avqust 2024-cü il tarixdə yerləşdirilmişdir. Bundan başqa iddiaçı "xxxx" ASC özü də apellyasiya şikayətində qətnamənin alınma tarixini 05 avqust 2024-cü il qeyd etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin aktından apellyasiya instansiya məhkəməsinə şikayət etmək hüququ iddiaçının konstitusion hüququdur və o, bu hüququnu qanunvericilikdə nəzərdə tutulmuş müddətdə istifadə edə bilər. İddiaçı "xxxx" ASC tərəfindən ilk dəfə olaraq xx.xx.2024-cü il tarixdə müddət ötürülməklə apelyasiya şikayəti verilmiş, apelyasiya şikayəti məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadına əsasən geri qaytarılmış, bundan sonra iddiaçı tərəfindən həmin qərardaddan şikayət verilmiş və Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmişdir. Bundan sonra iddiaçı yenidən, yəni xx.xx.2024-cü il tarixdə apelyasiya şikayəti və müddətin bərpası barədə ərizə verilmişdir. Beləliklə göründüyü kimi, apellyasiya şikayəti ilk dəfə müddətin ötürülməsi əsası ilə geri qaytarıldığı halda iddiaçı bununla razılaşmamış, həmin qərardaddan şikayət verərək müddəti ötürmədiyini hesab etmişdir. X2 Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə şikayət əsassız hesab edilmişdir. Bundan sonra iddiaçı yenidən xx.xx.2024-cü il tarixdə yəni qətnamənin elektron kabinetə yerləşdirildiyi vaxtdan 3 ay sonra apelyasiya şikayəti və müddətin bərpası barədə ərizə vermişdir. İddiaçı müddətin ötürülməsi əsası kimi qətnamənin elektron kabinetə yerləşdirilməsi barədə onlara sms bildiriş və ya email vasitəsi ilə məlumat verilməməsini göstərmişdir. Kollegiya iddiaçının dəlilini formal dəlil kimi qəbul edərək qeyd edir ki, iş materiallarında olan EMİS-dən çıxarışdan da görünür ki, birinci instansiya məhkəməsi tərəfindən qətnamənin iddiaçıya məxsus elektron kabinetə 05 avqust 2024-cü il tarixdə yerləşdirilməsi təsdiq olunur. Ümumiyyətlə iddiaçı Elektron Məhkəmə İnformasiya Sisteminə vaxtı-vaxtında nəzarət etməli, ona ünvanlanmış məhkəmə sənədlərindən məlumatlı olmalıdır. Onun bu vəzifəsini yerinə yetirməməsi sonradan ona ünvanlanmış məhkəmə sənədlərindən məlumatlı olmaması kimi qəbul edilə bilməz. Ona görə də kollegiya müddətin bərpa edilməməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən apelyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Belə ki, Azərbaycan Respublikası MPM-nin 130.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 130.3-cü maddəsinə əsasən, prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Həmin Məcəllənin 133.1-ci maddəsinə əsasən, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Göründüyü kimi, qanunla müəyyən edilmiş prosessual müddət, işdə iştirak edən şəxsin ərizəsi əsasında hər bir halda deyil, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə bərpa edir. Sadalanan qanunvericilik aktı normalarına əsasən kollegiya hesab edir ki, qətnamədən apellyasiya şikayəti verilmə müddəti ötürüldüyündən və həm də üzrsüz səbəbdən ötürüldüyündən, cavabdehin qətnamədən apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpa edilməsinə dair ərizəsi rədd edilməsi barədə gəlinən nəticə əsaslıdır. Məhkəmə kollegiyası şikayətin dəlilləri üzrə yekun dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsinə dair ərizənin təmin edilməməsi qənaətinə gələrkən prosessual normaları düzgün tətbiq və təfsir etdiyindən, şikayət təmin edilməməli, gəlinən nəticə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402.2-402.3-cü maddələrinə əasasən apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında; birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qərardadlarından kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 128, 130, 263, 264, 360, 365, 397,398, 400 və 402.2-402.3-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALDİ: İddiaçı "xxxx" ASC tərəfindən verilmiş şikayət təmin edilməsin. Saatlı Rayon Məhkəməsinin 25 noyabr 2024-cü il tarixli, 2(055)-883/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar