Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-204/2024 18.01.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X5 Fehruz oğlunun sədrliyi və məruzəsi ilə, X3 və Kərimov Tale Suliddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyev Həsən Əhliman oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının Cavabdeh qarşı kredit borcunun tutulması tələbinə dair mülki iş üzrə Saatlı Rayon Məhkəməsinin 10 avqust 2023-cü il tarixli, 2(055)-729/2023 saylı qətnaməsindən (hakim Mirlətif Sadıqov) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə, apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 724.09 manat əsas borc və 434.29 manat faiz borcu, cəmi 1158.38 manat borcun və ödənilmiş 31.58 manat dövlət rüsumunun tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatına ödənilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının tələbi onunla əsaslandırılmışdır ki, "Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin Saatlı filialı ilə Cavabdeh arasında bağlanmış 27 noyabr 2013-cü il tarixli, 2 saylı kredit müqaviləsinə əsasən Cavabdeh 18 ay müddətinə illik 24%-lə 1620 manat məbləğində kredit verilmişdir. ""Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2015-ci il tarixli 570 nömrəli fərmanının icrası ilə əlaqədar "Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin problemli aktivləri (borcları) üzrə tələb hüququ müqavilə əsasında İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatına keçmişdir. Qeyd edilən fərmanın icrası ilə bağlı "Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı 1158.38 manat məbləğində borcu tələb etmək hüququ 27 sentyabr 2017-ci il tarixli S-FK- SAT-90 saylı təhvil-təslim aktı əsasında İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatına ötürülmüşdür. Cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi tam yerinə yetirməmiş və 724.09 manat əsas borc və 434.29 manat faiz borcu, cəmi 1158.38 manat borc ödənilməmiş qalmışdır. Cavabdehə borcun ödənilməsi barədə xəbərdarlıq edilməsinə baxmayaraq hazırkı vaxtadək iddiaçıya olan borc ödənilməmişdir. Ona görə də İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatı Cavabdeh 724.09 manat əsas borc və 434.29 manat faiz borcu, cəmi 1158.38 manat borcun və ödənilmiş 31.58 manat dövlət rüsumunun tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatına ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Birinci instansiya məhkəməsində Cavabdeh məhkəmə baxış iclasında iştirak etməsə də, məhkəməyə iddia müddətinin tətbiq edilməsi haqqında ərizə ünvanlayaraq iddia müddətinin tətbiq edilərək, iddianın rədd olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Saatlı Rayon Məhkəməsinin 10 avqust 2023-cü il tarixli, 2(055)-729/2023 saylı qətnaməsi ilə iddia müddəti tətbiq edilərək iddia rədd edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b)Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək ləğv edilməsi, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, cavabdehin məhkəməyə təqdim etdiyi ərizəyə istinad edib, iddia müddətini tətbiq edərək iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş iddianı əsassız olaraq rədd etmişdir. Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 28 fevral tarixli, 551 nömrəli Fərmanının icrası ilə əlaqədar fizki şəxslərlə güzəştli kredit müqavilələrinin bağlanması banklara tövsiyə olunmuş və həmin ilin sonuna kimi də banklara müqavilələrin bağlanması üçün möhlət verilmişdir. Güzəşt Azərbaycan Respublikası Maliyyə Bazarlarlarına Nəzarət Palatası tərəfindən təsdiq edilən siyahılar əsasında tətbiq edilirdi. Qeyd olunan siyahı İddiaçı QSC-yə 2019-cu ilin dekabr ayının sonunda daxil olduğu üçün İddiaçı QSC ilə borclular arasında güzəştli kredit müqavilələri 2020-ci ilin əvvəlindən başlayaraq davam etmişdir. 2020-ci ilin mart ayının əvvələrində Azərbaycan Respublikasında “Covid 19” koronavirus pandemiyası səbəbindən bu işlərin aparılmasında gecikmələr yaranmışdır. Cavabdeh da güzəştli kredit müqaviləsinin bağlanması dəfələrlə təklif edilmiş, o kredit borcunu ödəmək niyyətində olmadığından həmin müqavilənin də bağlanmasından imtina etmişdir. Birinci instansiya məhkəıməsi iddia müddətini tətbiq edərkən yuxarıda göstərilən halları nəzərə almamışdır. c)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Apellyasiya baxışında iştirak edən iddiaçının nümayəndəsi X2 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat vermiş, vermiş olduqları apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh apellyasiya baxışında iştirak etməmişdir. Məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə cavabdehə qanunla müəyyən edilmiş qaydada məlumat verilmiş, buna baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən mülki iş üzrə cavabdehin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apelyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Hazırkı halda birinci instansiya məhkəməsinin qətnaməsi iddiaçı tərəfindən tam olaraq apellyasiya qaydasında mübahisələndirildiyindən, qətnamənin əsaslılığı iddiaçıya münasibətdə tam yoxlanılmalıdır. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəlləsinin 372.2-ci maddəsinə görə hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 dekabr 2001ci il tarixli qərarında göstərilmişdir ki, iddia müddəti institutu hüquq münasibətləri iştirakçılarının intizamlandırmaq, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur etmək, müqavilə və ya maliyyə intizamının nizamlanmasına kömək etmək; mülki hüquq münasibətlərində qeyri müəyyənliyin, qeyri sabitliyin aradan qaldırılmasına xidmət göstərmək, tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaratmaq baxımından əhəmiyyətlidir. İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikincisi, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncüsü iddia müddətləri tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisəni obyektiv əsaslarla həll etmək imkanı yaradır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 iyun 2013-cü il tarixli qərarına əsasən iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. Şəxsin hüququ pozulduqda onun müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətlərini şamil edir. Maraqlı tərəfin tələbi üzrə məcburiyyət tədbirlərinin tətbiqi hər zaman deyil, yalnız iddia müddətləri həddində mümkündür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Həmin Məcəllənin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanılır. Həmin Məcəllənin 377.2-ci maddəsinə görə icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanılır. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti 3 il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin təmin olunması üçün əsaslar yoxdur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İşdə olan və məhkəmə iclasında elan edilmiş 27 noyabr 2013-cü il tarixli 2 saylı kredit müqaviləsindən və həmin müqaviləyə 1 saylı əlavədən görünür ki, bu müqavilə 18 ay müddətinə, illik 24% olmaqla 1620 manat məbləğində kreditin verilməsi ilə əlaqədar "Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmışdır. İşdə olan və məhkəmə iclasında elan edilmiş "Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyəti ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti arasında bağlanmış problemli aktivlər üzrə tələb hüququnun İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə güzəşt edilməsinə dair 21 aprel 2017-ci il tarixli müqaviləyə əlavə edilmiş Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 10 fevral 2017-ci il tarixli 101s saylı sərəncamının icrası ilə əlaqədar İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən "Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətindən problemli aktivlərin satın alınması ilə bağlı müvafiq sənədlərin təhviltəsliminə dair 27 sentyabr 2017-ci il tarixli S-FK-SAT-90 saylı aktdan görünür ki, Cavabdehnın "Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinə olan 1158.38 manat məbləğində borcunu tələb etmək hüququ İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə keçmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş 27 aprel 2022-ci il tarixli məlumatdan görünür ki, Cavabdehnın İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatına ödənilməmiş 724.09 manat əsas borc və 434.29 manat faiz borcu, cəmi 1158.38 manat borcu qalmışdır. İşdə olan və məhkəmə iclasında elan edimiş 11 may 2022-ci il tarixli xəbərdarlıqdan və həmin xəbərdarlığın cavabdeh tərəfindən qəbul edilməsi barədə xəbərnamələrdən görünür ki, iddiaçı Aqrarkredit» Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatı tərəfindən Cavabdeh 724.09 manat əsas borc və 434.29 manat faiz borcu, cəmi 1158.38 manat borcun ödənilməsi tələb edilmişdir. Kollegiya həmçinin qeyd edir ki, iddiaçının 27 noyabr 2013-cü il tarixli 2 saylı kredit müqaviləsi üzrə iddia müddətinin axımı 27 may 2015-ci ildən başlamış və iddiaçı müqavilə tələbləri üzrə 3 illik iddia müddətini keçirməklə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia müddətinin üzrlü səbəbdən ötürüldüyünü bildirsə də, bunun üzrlü hesab edilməsini təsdiq edəcək sübutlarını məhkəməyə təqdim etməmişdir. Avropa İnsan Hüquqları Məhkəməsi, Miragall Eskolano və digərləri İspaniyaya qarşı iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Kollegiya hesab edir ki, apellyasiya şikayətinin dəlilləri işin müəyyən olunan halları və sadalanan qanunvericilik aktı normaları baxımından əsassızdır, faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnamənin apellyasiya qaydasında ləğvinin əsasını təşkil edə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.1-ci maddəsinə əsasən pul vəsaiti alınması haqqındakı iddialarda iddianın qiyməti alınan məbləğlə müəyyən olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırkı tələb üzrə iddianın mübahisələndirilən hissədə qiyməti 1158.38 manat təşkil edir ki, prosessual qanunvericiliyə əsasən hazırkı qətnamədən kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.1, 385.2, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının apellyasiya şikayəti təmin edilməsin. Saatlı Rayon Məhkəməsinin 10 avqust 2023-cü il tarixli, 2(055)-729/2023 saylı qətnaməsi İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatı tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(106)-204/2024
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-204/2024
18.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver