Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-2045/2023 27.12.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Mayılov Samir İlham oğlu (sədrlik edən, məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, Cəlilabad Rayon Məhkəməsinin 26 sentyabr 2023-cü il tarixli, 2(073)-572/2023 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Cəlilabad Rayon Məhkəməsinin 08 iyun 2023-ci il tarixli, 2(073)-572/2023 saylı qətnaməsi ilə İddiaçı cavabdeh Cəlilabad rayon 1 saylı notariat ofisinə qarşı icra qeydinin ləğv edilməsi tələbinə dair iddiası təmin edilməmiş, iş üzrə ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilmişdir. Cəlilabad Rayon Məhkəməsinin 08 iyun 2023-ci il tarixli, 2(073)-572/2023 saylı qətnaməsinin surəti 09 iyun 2023-cü il tarixli göndəriş məktubu ilə tərəflərə göndərilmişdir. İş materiallarının 76-cı vərəqində olan poçt xəbərnaməsindən görünür ki, Cəlilabad Rayon Məhkəməsinin 08 iyun 2023-ci il tarixli, 2(073)-572/2023 saylı qətnaməsinin surəti 15 iyul 2023-cü il tarixində İddiaçı tərəfindən şəxsən imzalanaraq qəbul edilmişdir. Cəlilabad Rayon Məhkəməsinin 08 iyun 2023-ci il tarixli, 2(073)-572/2023 saylı qətnaməsindən narazı qalan İddiaçı 01 sentyabr 2023-cü il tarixində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə apellyasiya şikayəti vermiş, apellyasiya şikayətinə onun verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsinə dair ərizə əlavə etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, o, Cəlilabad Rayon Məhkəməsinin 08 iyun 2023-ci il tarixli, 2(073)-572/2023 saylı qətnaməsinin surəti 13 iyul 2023-cü il tarixində almışdır. Lakin o, iyul ayının 25-də ağır əməliyyat keçirmiş və səhhəti ilə əlaqədar vaxtında məhkəməyə müraciət edə bilməmişdir. Həmin qətnamənin qəbul olunmasından müəyyən vaxt keçsə də, apellyasiya şikayəti verərək hüquqlarının müdafiəsini həyata keçirmək istəyir. Göründüyü kimi, o, üzrlü səbəblə əlaqədar qətnamədən apellyasiya şikayəti vermə müddətini ötürmüşdür. İddia ərizəsində məhkəmə qətnaməsindən apellyasiya şikayəti vermə müddətinin buraxılmasının üzrlü səbəblə olmasının nəzərə alınaraq, buraxılmış müddətin bərpa edilməsini və işin baxılması üçün apellyasiya şikayəti ilə birlikdə Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Cəlilabad Rayon Məhkəməsinin 26 sentyabr 2023-cü il tarixli, 2(073)-572/2023 saylı qərardadı ilə (sədrlik edən hakim Qalib Paşayev) İddiaçı cavabdeh Cəlilabad rayon 1 saylı notariat ofisinə qarşı icra qeydinin ləğv edilməsi tələbinə dair mülki iş üzrə Cəlilabad Rayon Məhkəməsinin 08 iyun 2023-cü il tarixli, 2(073)-572/2023 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair İddiaçı tərəfindən verilmiş ərizə təmin edilməmişdir. Qərardaddan narazı qalan İddiaçı şikayət vermiş, şikayətində Cəlilabad Rayon Məhkəməsinin 26 sentyabr 2023-cü il tarixli, 2(073)-572/2023 saylı qərardadının ləğv edilməsini, əks təqdirdə şikayətin baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. İddiaçı şikayətini onunla əsaslandırmışdır ki, onun Cəlilabad rayon 1 saylı notariat ofisinə qarşı icra qeydinin ləğv edilməsi tələbinə dair iddia ərizəsi Cəlilabad Rayon Məhkəməsinin 08 iyun 2023-cü il 2(073)-572/2023 saylı qətnaməsi ilə təmin edilməmişdir. Qeyd edilən qətnamə tam qanunsuz və əsassız qəbul edilmiş məhkəmə aktıdır. Qətnamənin qəbul edilməsindən sonra bütün hərəkətlər qanunsuz və əsassız qəbul edilmiş qətnamənin qüvvədə saxlanılmasına yönəlmiş, ciddi, kobud prosessual pozuntularla əhatə olunmuş hərəkətlərdir. Qanunsuz və əsassız qətnamədən vəkili vasitəsi ilə apellyasiya şikayəti vermiş və eyni zamanda apellyasiya şikayəti vermə müddətini 12 gün buraxdığına görə müddətin üzrlü hesab edilərək bərpa edilməsinə dair məhkəməyə ərizə ilə müraciət etmişdir. Həmin ərizəsində də qeyd etmişdir ki, o, 2023-cü ilin iyul ayının 25-də ağır əməliyyat keçirmiş və səhhəti ilə əlaqədar vaxtında məhkəməyə müraciət edə bilməmişdir. Həmin qətnamənin qəbul olunmasından müəyyən vaxt keçsə də, apellyasiya şikayəti verərək hüquqlarının müdafiəsini həyata keçirmək istəyir. Göründüyü kimi, o, üzrlü səbəblə əlaqədar qətnamədən apellyasiya şikayəti vermə müddətini ötürmüşdür. Eyni zamanda xəstəliyinə dair sənədləri də ərizəyə əlavə etmişdir. Cəlilabad Rayon Məhkəməsinin 26 sentyabr 2023-cü il tarixli, 2(073)-572/2023 saylı qərardadı ilə onun apellyasiya şikayəti verilməsi üçün buraxlmış prosessual müddətin bərpası barədə ərizəsi əsassız olaraq təmin edilməmişdir. Qanunsuz və əsassız qətnamədən verdiyi apellyasiya şikayəti və buraxılmış prosessual müddətin bərpasına dair ərizə elektron məhkəmə vasitəsi ilə xx.xx.2023-cü il tarixdə göndərilmişdir. Bundan 26 gün sonra məhkəmə ərizəyə baxılması üçün şifahi məhkəmə iclasına təyin etmişdir. Həmin qərardadda isə iddiaçı xəstə olduğu halda prosessual müddəti 12 gün buraxmaqda təqsirli bilmişdir. Məhkəmə qəbul etdiyi qərardadı (xx.xx.2023-cü il tarixdə) iddiaçıya qəsdən təhvil verməmişdir. Yalnız Məhkəmə Hüquq Şurasına şikayət etdikdən bir həftə sonra xx.xx.2023-cü il tarixdə qərardadı “Elektron məhkəmə” informasiya sistemində olan şəxsi kabinetinə yükləmişdir. İşə baxan məhkəmə qərardadı 5 gün ərzində iddiaçıya göndərməli olduğu halda, 17 gün sonra elektron kabinetə əlavə etmişdir. Həmin qərardadda isə iddiaçını xəstə olduğu halda prosessual müddəti 12 gün buraxmaqda təqsirli bilmişdir. Məhkəmə prosessual müddətin bərpası haqqında ərizəni təmin etməmiş, lakin bugünədək apellyasiya şikayətini onu vermiş tərəfə geri qaytarmamışdır. Təbii ki, iddiaçının bu şikayətindən sonra məhkəmə şikayətin onu vermiş şəxsə geri qaytarılması barədə də tələsik qərardad qəbul edib elektron məhkəmə sisteminə yükləyəcək. Məhkəmə qərardadında iddiaçının qətnamənin surətini 15 iyul 2023-cü il tarixdə aldığını, 25 iyul 2023-cü il tarixdən 31 iyul 2023-cü il tarixə kimi müalicədə olduğunu apellyasiya şikayəti vermək üçün kifayət qədər vaxtının olmasını əsas götürərək ərizəni təmin etməmişdir. Cəlilabad Rayon Məhkəməsinin 27 oktyabr 2023-cü il tarixli, 2(073)-572/2023 saylı qərardadı ilə Cəlilabad Rayon Məhkəməsinin 26 sentyabr 2023-cü il tarixli, 2(073)- 572/2023 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməmiş, şikayətin işlə birlikdə 7 gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM-in) 397.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını yazılı icraat qaydasında araşdıraraq belə nəticəyə gəlir ki, şikayət təmin edilməli, Cəlilabad Rayon Məhkəməsinin 26 sentyabr 2023-cü il tarixli, 2(073)-572/2023 saylı qərardadı ləğv edilməli, İddiaçı apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair ərizəsi təmin edilməli, Cəlilabad Rayon Məhkəməsinin 08 iyun 2023-ci il tarixli, 2(073)-572/2023 saylı qətnaməsindən verilmiş apellyasiya şikayəti üzrə sonrakı prosessual hərəkətlər yerinə yetirilməlidir. İşdəki ambulator kitabçadan (xəstəlik tarixindən) çıxarışın surətindən görünür ki, İddiaçı 25 iyul 2023-cü ildən 31 iyul 2023-cü ilədək Cəlilabad rayon Mərkəzi xəstəxanasında qasıq-xayalıq yırtığı diaqnozu ilə ambulator müalicə olunmuşdur. İş materialları ilə müəyyən edilir ki, iddiaçı Cəlilabad Rayon Məhkəməsinin 08 iyun 2023-ci il tarixli, 2(073)-572/2023 saylı qətnaməsinin surətini 15 iyul 2023-cü il tarixində imzalayaraq qəbul etmiş, 01 sentyabr 2023-cü ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həmin qətnamədən apellyasiya şikayəti vermiş, apellyasiya şikayətinə onun verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsinə dair ərizə əlavə etmişdir. Cəlilabad Rayon Məhkəməsinin 26 sentyabr 2023-cü il tarixli, 2(073)-572/2023 saylı qərardadı ilə iddiaçının ərizəsi təmin edilməmiş, məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının qətnaməni aldığı 15 iyul 2023-cü il tarixindən xəstəxanaya daxil olduğu 25 iyul 2023-cü il tarixədək, həmçinin xəstəxanadan çıxdığı 31 iyul 2023-cü il tarixindən apellyasiya şikayəti vermək üçün kifayət qədər vaxtı olmuş, lakin o, həmin müddəti ötürmüşdür. Buna görə də apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş müddətin üzrlü səbəblərdən buraxılması müəyyən edilmir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq bildirir ki, iddiaçı qətnamənin surətini 15 iyul 2023-cü il tarixində almış olsa da, 25 iyul 2023-cü ildən 31 iyul 2023-cü ilədək xəstəxanada ambulator müalicə olunmuşdur. Bundan əlavə, məhkəmə kollegiyası onu da nəzərə almağı zəruri hesab edir ki, iddiaçının müalicə olunduğu qasıq-xayalıq yırtığı xəstəliyinin insanın fiziki hərəkət imkanlarını məhdudlaşdırması ehtimalı yüksək olmaqla, o, 31 iyul 2023-cü il tarixində xəstəxanadan evə buraxılmış olsa da, onun ev şəraitində tam bərpa olunması üçün də müəyyən müddət tələb olunmuşdur. Bununla yanaşı, iddiaçının 25 iyul 2023-cü il tarixində xəstəxanada müalicə almağa başlayana qədər də sağlamlığı ilə əlaqədar öz hüquqlarının müdafiəsi üçün zəruri olan hərəkətləri edə bilməməsi ağlabatandır. Belə olan halda isə iddiaçının apellyasiya şikayətinin verilməsi üçün nəzərdə tutulmuş prosessual müddəti cəmi 16 gün buraxmış olması üzrlü hesab edilməlidir. MPM-in 133.1-ci maddəsinə əsasən, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. MPM-in 360-cı maddəsinə əsasən, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Odur ki, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, İddiaçı apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsinə dair ərizəsi təmin edilməlidir. MPM-in 133.3-cü maddəsinə əsasən, müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və s.). İddiaçı tərəfindən müddətin bərpası haqqında ərizəyə Cəlilabad Rayon Məhkəməsinin 08 iyun 2023-ci il tarixli, 2(073)-572/2023 saylı qətnaməsindən verdiyi apellyasiya şikayəti də əlavə edilmişdir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iddiaçının apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsinə dair ərizəsini təmin etməməklə, prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Ona görə də şikayət təmin edilməli, Cəlilabad Rayon Məhkəməsinin 26 sentyabr 2023-cü il tarixli, 2(073)-572/2023 saylı qərardadı ləğv edilməli, İddiaçı apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair ərizəsi təmin edilməli, Cəlilabad Rayon Məhkəməsinin 08 iyun 2023-ci il tarixli, 2(073)-572/2023 saylı qətnaməsindən verilmiş apellyasiya şikayəti üzrə sonrakı prosessual hərəkətlər yerinə yetirilməlidir. MPM-in 398.0.3-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 263, 264, 361, 363, 385.1, 397, 398.0.3 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilsin. Cəlilabad Rayon Məhkəməsinin 26 sentyabr 2023-cü il tarixli, 2(073)-572/2023 saylı qərardadı ləğv edilsin. İddiaçı apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsinə dair ərizəsi təmin edilsin. Cəlilabad Rayon Məhkəməsinin 08 iyun 2023-ci il tarixli, 2(073)-572/2023 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə sonrakı prosessual hərəkətlər yerinə yetirilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(106)-2045/2023
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-2045/2023
27.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver