Məhkəmə qərarları › İş №2(106)-205/2024

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-205/2024

29.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-205/2024 29.02.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı pulun qaytarılması və pul tam şəkildə qaytarılana kimi evin onların istifadələrində qalması tələbinə dair mülki iş üzrə Açar sözlər: pul tələbi, əsassız varlanma X27 Fehruz oğlunun sədrliyi və məruzəsi ilə, Kərimov Tale Suliddin oğlu və X11 ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyev Həsən Əhliman oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pulun qaytarılması və pul tam şəkildə qaytarılana kimi evin onların istifadələrində qalması tələbinə dair mülki iş üzrə Beyləqan Rayon Məhkəməsinin 23 may 2023-cü il tarixli, 2(020)-807/2023 saylı qətnaməsindən (hakim Ramiz Nurullayev) İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə, apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh evin alqı-satqısı müqabilində aldığı 2 yanıbalalı inək və 3500 ABŞ dollarının hazırkı məzənnəyə uyğun əvəzi olaraq 8950 (səkkiz min doqquz yüz əlli) manat pulun qaytarılması, pul tam şəkildə qaytarılana kimi evin onların istifadələrində qalması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, ailəsi ilə birlikdə Beyləqan rayon Aşağı Çəmənli kəndində qaynatası Nağıyev Allahverdinin evini alıb orada yaşayır. Bunun üçün özünə məxsus pay torpaq sahəsini satmışdır. Həmin torpaq sahəsinə arvadı X4 ilə onun və cavabdehin Cavabdeh arasında qeyri notarial alqı-satqı aparılmışdır. Həmin vaxt, yəni 23 iyul 2007-ci ildə arvadı Həşimova Yaxşıxanım atası Allahverdi vəfat etdiyinə və buna görə ev qanunla analığı Cavabdeh mülkiyyətinə keçdiyinə görə alqı-satqını onunla aparmışdır. Bu barədə cavabdeh öz xətti ilə ərizə yazmış və ərizədə göstərmişdir ki, həqiqətən evi 3500 ABŞ dollarına onun həyat yoldaşı Yaxşıxanıma satmış, 3500 ABŞ dollarını və 2 yanı balalı inək almış və gələcəkdə heç bir iddiası olmayacaqdır. Alqı-satqı prossesində kənar şəxslər də iştirak etmişdir. Həmin vaxt sahə müvəkkilləri və cavabdehin oğlu X16 da bu hadisənin şahidi olmuşlar. Arvadı Yaxşıxanım 2014-cü ildə vəfat etmişdir. Onlar ailəlikcə 2007-ci ildən aldıqları evdə yaşamışlar. 2022-ci ilə kimi cavabdehlə aralarında heç bir problem olmamışdır. Lakin 2022-ci ildə cavabdeh evdən çıxmalarını tələb etmişdir. Lakin verdikləri pul və inəkləri qaytarmaq istəməmişdir. Aldıqları evi cavabdehin günahı ucbatından sənədləşdirə bilməmişlər. Belə ki, dəfələrlə notarial qaydada alqı-satqını sənədləşdirmək istəsələr də cavabdeh sonra edərik deyərək ləngitmişdir. Cavabdeh satdığı evi geri istəyirsə pulu da geri qaytarmalıdır. Yanı balalı inək hazırda ən azı 1500 manata alınıb satılır. İki yanı balalı inək 3000 manat edir. 3500 ABŞ dolları isə hazırkı məzənnə ilə 5950 manat edir. Ona görə cavabdeh X13 8950 manat pulun alınıb ona verilməsinə, pul tam şəkildə qaytarılana kimi evin onların istifadələrində qalması barədə qətnamə qəbul edilməsini xahiş edir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a)Birinci instansiya məhkəməsində icraat. Birinci instansiya məhkəməsində cavabdeh X21 iddanı qəbul etməmiş və məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, o, Allahverdi Nağıyevlə evləndikdən sonra Allahverdinin evində yaşamışdır. Əri Allahverdi öləndən sonra isə sözügedən evdə oğlu ilə birlikdə yaşamışdır. İddiaçı ona pul verməmiş, ailə üzvləri ilə birlikdə onun evində özbaşına yaşamışlar. Dəfələrlə tələb etsə də evdən çıxmamışlar. İddiaçının iddiası əsasızdır. Qeyd olunan ev onun mülkiyyətindədir. Həmin evlə bağlı iddiaçı ilə onun arasında heç bir müqavilə bağlanmamışdır. İddiaçının təqdim etdiyi sənəddəki imza və və əlyazma ona məxsus deyildir. İddiaçı ona pul vermiş olsaydı bu müddət ərzində ya evi sənədləşdirməyi ya da pulu qaytarmasını ondan tələb edərdi. Çünki iddiaçı 2009-cu ildə Beyləqan rayon polis şöbəsinə evlə bağlı ondan şikayət etmiş, onun şikayəti əsassız olduğu üçün rədd edilmiş, ona mülki qaydada iddia qaldırmalı olması izah edilmişdir. O vaxtdan bü günə kimi iddiaçı ona qarşı heç bir iddia qaldırmamışdır. İddia müddətini də buraxmışdır. Digər tərəfdən iddiaçı hardansa saxta sənəd əldə edərək güya pul aldığını göstərmişdir. Həmin sənəd saxta olmasaydı iddiaçı onun əslini təqdim edərdi. Lakin həmin sənədin əslini təqdim edə bilməmişdir. Ona görə də iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Beyləqan Rayon Məhkəməsinin 23 may 2023-cü il tarixli, 2(020)-807/2023 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh oğluna qarşı 8950 (səkkiz min doqquz yüz əlli) manat pul və pul tam şəkildə qaytarılana kimi evin onların istifadələrində qalması tələbinə dair iddiasının əsassız olduğundan və iddia müddəti keçdiyindən rədd edilməsi, iddiaçının dövlət rüsumu kimi ödədiyi 110 (yüz on) manat pulun özünə aid edilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b)Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinin tələbi də odur ki, digər şəxsə zərər vura biləcək ziddiyyətli davranışı qadağan edir və şəxsin üzərinə ardıcıl rəftar etmək öhdəliyi qoyur. Məhz bunun nəticəsidir ki, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-890/2023 saylı qətnaməsinə əsasən cavabdehərin üzərinə xx.xx.2006-cı il tarixli formaya uyğun olmayan alqı-satqıya əsasən o vaxtı verilmiş 12.500.000 köhnə pula görə indi hesablanmış 2500 manata görə 2500 X 319.4 = 10.485 manat məbləğində pulun ödənilməsi qət edilmişdir. İddiaçıda isə müxtəlif bəhanə ilə iddianın rədd olunması qənaətinə gəlinmişdir. Halbuki qanun qarşısında hamı bərabərdir. İşdə isə bu hüquq bərabərliyi görünmür. Beyləqan Rayon Məhkəməsinin 23 may 2023-cü il tarixli, iş N-2(020)-807/2023 saylı qətnaməsinin qəbul edildiyi vaxtı 23 iyul 2007-ci il tarixli akta əsasən Aşağı Çəmənli kənd sakini X1, Cavabdeh və iddiaçının- X14 iştirakları ilə Cavabdeh məxsus olan yaşayış evinin 3500 ABŞ dollarına Yaxşıxanım Həşimovaya satılması, gələcəkdə heç bir iddianın olmayacağının da bildirilməsi halına Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 aprel 2021-ci il tarixli Qərarının tələbi baxımından düzgün yanaşılmamışdır. Belə ki, Mülki Məcəllənin 337.2-ci maddəsinə görə əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Beləliklə də mübahisələndirmə dedikdə əqdin digər tərəfinə əqdin etibarsızlığı ilə bağlı iradə ifadəsinin bildirilməsi nəzərdə tutulur. Mülki Məcəllənin 354.2-ci maddəsinə əsasən isə bu Məcəllənin 347-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Göründüyü kimi, normada şəxsə qarşı tələb hüququnun deyil, əqdi mübahisələndirmək hüququnun realizəsi ilə bağlı müddət nəzərdə tutulmuşdur. Bu müddət kəsici müddət olmaqla əqdin mübahisələndirilməsi hüququna aiddir. İş materiallarından da göründüyü kimi iddiaçı və ailə üzvləri hələ ki həmin satın alınmış yaşayış evində yaşayırlar. İddiaçı və ailə üzvlərini satın aldığıqları yaşayış evindən çıxarmaq istədiklərini bildikdən dərhal sonra da məhkəməyə iddia ilə müraciət etmişdir. c)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. d)Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Apellyasiya baxışında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə etmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edərək iddiasının təmin edilməsini xahiş etmişdir. Göstərmişdir ki, uzun müddətdir ki, qaynatasına məxsus evdə yaşayırlar. Həmin ev Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli qərarı ilə Cavabdeh və digərlərinə verilmiş 50 sot torpaq sahəsində yerləşir. Hazırda Şərqiyyə həmin torpağın bir hissəsini satmış və digər hissəsinə isə onu buraxmır. Həmin torpağı yazılı qəbzlə vaxtilə Şərqiyyədən almışdır. Lakin həmin yazılı qəbzin əsli onda yoxdur. Harada olmasını da bilmir. Apellyasiya baxışında iştirak edən Cavabdeh apellyasiya şikayətinin dəlillərinə qarşı etirazlarını bildirərək, apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Əlavə olaraq göstərmişdir ki, əri Allahverdi vəfat edəndən sonra o yenidən ərə getmiş və bundan sonra iddiaçıgil gəlib ona məxsus evdə yaşamışlar. O evini heç bir halda iddiaçıya satmamışdır. Hal-hazırda qeyd edilən evin yerləşdiyi torpaq sahəsinin bir hissəsini başqa şəxsə satmışdır. Həmçinin Beyləqən Rayon Məhkəməsinin 06 iyul 2022-ci il tarixli, 2(020)- 801/2022 saylı qətnaməsi ilə Beyləqən rayon Aqrar İslahat kommissiyasının xx.xx.1997-ci il tarixli qərarına əsasən Cavabdeh, X8, X5 və X15 mülkiyyətinə verilmiş Kod 60700038 olan JN-182 A nömrəli 0.50 ha torpaq sahəsi üzərində onun və oğlu X8 hər birinin 0,1250 ha payı müəyyən edilmişdir. Həmin qətnamə hal-hazırda qüvvədədir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baхışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baхımından şərh edilməsinə dair” 20 may 2011-ci il tariхli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yохlamalıdır. Bununla əlaqədar оlaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tохunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir.” Hazırkı halda iddiaçı apellyasiya şikayətlərində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın rədd edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Buna əsasən də, Məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarındakı hüquqi mövqeyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin iddiaçıya münasibətdə, apellyasiya şikayətlərinin dəlilləri üzrə tam yoxlanılmasını düzgün hesab edir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Həmin Məcəllənin 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2021-ci il tarixli Qərarı. Azərbaycan Respublikası MM-in 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin MM-in 375.2-ci maddəsinə görə məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Azərbaycan Respublikası MM-in 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 27 dekabr 2001-ci il tarixli qərarında qeyd edilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsində göstərilən iddia müddətləri 2000-ci il sentyabrın 1-dən sonra yaranan hüquq münasibətlərindən irəli gələn tələblərə tətbiq edilir. Həmin iddia müddətləri Mülki Məcəllənin 7-ci maddəsinin müddəaları nəzərə alınmaqla bundan əvvəl əmələ gəlmiş hüquq münasibətlərindən irəli gələn tələblərə də tətbiq oluna bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası məruzəni dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmamış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etməmişdir. Tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, iddiaçı tərəfin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. İddiaçı tərəfindən təqdim edilmiş Cavabdeh tərəfindən yazıldığı iddia edilən xx.xx.2007-ci il tarixli aktın surətindən görünür ki, Beyləqan rayonunun Örənqala qayıdış şəhərciyində yaşayan Füzuli rayonu Horadiz kənd sakini Sərdara ərə getdiyi üçün ona məxsus evi və həyətyanı torpağı satdı. Satdığı adam Aşağı Çəmənli kəndində yaşayan qızlığı X3r. Evini və həyətyanı torpağını satarkən ondan 3500 ABŞ dolları almışdır. Heç kim onu məcbur etmədi özü-öz istəyi ilə satmışdır. Odur ki, gələcəkdə heç bir iddiası olmayacaq. İş materiallarına əlavə edilmiş Beyləqan rayon İHB-in Aşağı Şəmənli kənd İƏD üzrə nümayəndəsinin xx.xx.2022-ci il tarixli 108 saylı arayışından görünür ki, İddiaçı 28 iyun 2014-cü il tarixdə vəfat etmiş arvadı X4 vəfat etdiyi günədək Beyləqan rayonu Aşağı Çəmənli kəndində qeydiyyatda olmuş və analığı X18 məxsus evdə yaşamışdır. X2 ölümündən sonra onun ailə üzvləri olan əri İddiaçı və onun övladları, X25, X26, X20, X23 hal-hazıradək mərhumun analığı X19 məxsus evdə yaşayırlar. İddiaçı pul tələbinə dair iddia ilə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsi iddia müddətini tətbiq edərək, iddianı rədd etmişdir. İddiaçının apellyasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, başqa iş üzrə məhkəmə qərarı əsasında eyni tipli iddia təmin edilmişdir. Məhkəmə Kollegiyası apellyasiya şikayətinin dəlilinə münasibət bildirərək, qeyd edir ki, şikayətin dəlilləri əsassızdır. Azərbaycan Respublikasında mülki məhkəmə icraatında hər hansı iş üzrə çıxarılmış qərar preyudisial əhəmiyyətə malik deyil. Yəni bir iş üzrə iddianın təmin edilməsi, digər iş üzrə iddianın təmin edilməsinə əsas ola bilməz. Hər iş üzrə ayrı-ayrılıqda məhkəmə araşdırma aparır. Bundan başqa apellyasiya baxışında müəyyən edilmişdir ki, Beyləqən rayon Aqrar İslahat kommissiyasının xx.xx.1997-ci il tarixli 15 saylı qərarına əsasən Kod 60700038 olan JN-182 A nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən Cavabdeh, X12, X9 və X17 0.50 ha həyətyanı torpaq sahəsi verilmişdir. Həmçinin Beyləqən rayon məhkəməsinin 06 iyul 2022-ci il tarixli, 2(020)-801/2022 saylı qətnaməsi ilə Beyləqən rayon Aqrar İslahat kommissiyasının xx.xx.1997-ci il tarixli qərarına əsasən Cavabdeh, X8, X5 və X15 mülkiyyətinə verilmiş Kod 60700038 olan JN-182 A nömrəli 0.50 ha torpaq sahəsi üzərində Cavabdeh və oğlu X8 hər birinin 0,1250 ha payı müəyyən edilmişdir. Həmçinin iddiaçı apellysiya şikayətinin dəlili kimi Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-890/2023 saylı qətnaməsinin hazırkı iş üzrə preyudisial hal təşkil edə biləcəyini göstərmişdir. Lakin işə əlavə edilmiş Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-890/2023 saylı qətnaməsindən görünür ki, hazırkı işin qeyd edilən mülki işlə heç bir əlaqəsi yoxdur. Beləliklə, məhkəmə kollegiyası məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаra obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutları tətbiq edilməli hüquq normalarına müvafiq qiymətləndirərək hesab edir ki, birinci instansiya məhkəməsi gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmış, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün hüquqi nəticəyə gəlmiş, mаddi və prosessuаl hüquq normаlаrının tətbiqində səhvə yol verməmişdir, qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırkı tələb üzrə mübahisələndirilən hissədə iddianın qiyməti 5000 manatdan çoxdur. Buna görə də, hazırkı qətnamədən qanunvericiliyə uyğun olaraq kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Beyləqan Rayon Məhkəməsinin 23 may 2023-cü il tarixli, 2(020)-807/2023 saylı qətnaməsi İddiaçı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet və Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Qanunla müəyyən edilmiş müddətdə kassasiya şikayəti verilmədiyi halda, qətnamə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar