Məhkəmə qərarları › İş №2(106)-205/2025

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-205/2025

15.01.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-205/2025 15.01.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimov Tale Suliddin oğlunun sədrliyi və məruzəsi ilə, X9 və Əliyev Qasım Vəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyev Kamran Sabir oğlunun katibliyi, Cavabdeh, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iş üzrə Ağcabədi Rayon Məhkəməsinin 27 avqust 2024-cü il tarixli e-2(017)-1154/2024 saylı qətnaməsindən (hakim E.Quliyev) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə, apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Ağcabədi Rayon Məhkəməsinə müraciət edərək, 11000 manat məbləğində borcun, hüquqi yardıma görə ödənilmiş 500 manat pulun və dövlət rüsumuna görə ödənilmiş 123 manat pulun cavabdehdən alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir Tələb onunla əsaslandırılmışdır ki, cavabdehin oğlu Allahverən ona məxsus inşaat materialları mağazasında uzun müddət satıcı işləmiş və etibarını qazanmışdır. 2024-cü ilin əvvəllərində ona məlum olmuşdur ki, mağazada mal-material əskikliyi var, Allahverən onun icazəsi olmadan mal-materialları özbaşına götürərək öz məqsədləri üçün istifadə etmişdir. Ona görə də, Ağcabədi rayon polis şöbəsinə şikayət etmiş və araşdırma aparılmışdır. Araşdırma müddətində Allahverənin atası Cavabdeh ona yalvararaq oğlunun tutulmamasını xahiş etmiş, vurulmuş ziyanı qısa müddətə ödəyəcəyinə söz vermişdir. Cavabdeh hissə-hissə olmaqla dəymiş ziyandan 10000 manat ödəmiş, yerdə qalan 11000 manat pulu isə 30 mart 2024-cü il tarixədək ödəyəcəyini bildirmişdir. Bu səbəbdən də cavabdeh ondan xahiş etmişdir ki, oğlu Allahverəndən şikayəti olmaması barədə ərizə yazsın. Əvəzində ona borcu olması barədə qəbz yazıb verəcəkdir. Razılaşmış, cavabdeh isə ona 11000 manat borcunun olması barədə qəbz yazıb vermişdir. Cavabdeh borcunu bu günə kimi qaytarmamışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Birinci instansiya məhkəməsində iddiaçının vəkili, eyni zamanda nümayəndəsi Nümayəndə iddianı müdafiə edib, iddia ərizəsinin yuxarıda şərh olunan məzmunu ilə oxşar məzmunda izahat verərək təmin olunmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində Cavabdeh iddianı qəbul etməyərək rədd olunmasını xahiş edib, izahatında göstərmişdir ki, iddiaçıya borcu yoxdur. Heç vaxt iddiaçıdan borca pul almamışdır. X10 bir müddət iddiaçıya məxsus tikinti materialları mağazasında işləyib. İddiaçı mağazada mal-material çatışmamazlığı barədə oğlundan Ağcabədi rayon polis şöbəsinə şikayət etmiş, həmin məsələnin yoluna düşməsi üçün iddiaçıya 11000 manat məbləğində borca dair qəbz yazıb vermiş, sonradan iddiaçıya oğlu ilə olan məsələyə görə 10000 manat pul ödəmiş, ondan alınmış borca dair qəbz iddiaçıda qalmışdır. Əslində isə onun iddiaçıya hər hansı bir borcu olmamışdır. Oğlundan olunmuş şikayətlə bağlı formal olaraq belə bir qəbz yazmışdır. Ağcabədi Rayon Məhkəməsinin 27 avqust 2024-cü il tarixli e-2(017)-1154/2024 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. Birinci instansiya məhkəməsi Mülki Prosessual Məcəllənin 14.2, 76.1, 77.1, 78.1, 88-ci, Mülki Məcəllənin 739, 740-cı maddələrinə istinadla gəldiyi hüquqi nəticəni belə əsaslandırmışdır ki, iddianın təmin olunmasına əsas verəcək lazımi sübutlarla təmin olunmamışdır. İddiaçının göstərdiyi hallar cavabdeh tərəfindən etiraf edilməmiş və digər mötəbər sübutlarla təsdiqini tapmamışdır. Tərəflərin məhkəmədə verdiyi izahatlardan və işdə olan sənədlərdən də görünür ki, tərəflər arasında borc münasibətləri yaranmamış, adı çəkilən qəbz isə formal xarakter daşımışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən iddiaçı apelyasiya şikayəti verərək ləğv olunması, iddiasının təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsalandırılmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarının tələblərinin pozulması ilə qəbul edilməklə, nəticə etibarı ilə ədalətsiz və qanunsuzdur. Belə ki, iş materiallarında olan, lakin məhkəmə tərəfindən iş materiallarında sadalanmayan və tərəfindən mübahisələndirilmiş cinayət işi başlanmasının rədd edilməsi haqqında 06 mart 2024-cü il tarixli qərardan görünür ki, cavabdehin X10 aşağıdakı məzmunda izahat vermişdir: “Ağcabədi şəhər sakini İddiaçı tanıyır, aralarında heç bir ədavət və ya düşmənçilik olmamışdır. Məhəmmədin rayon polis şöbəsinə yazıdığı şikayət ərizəsinin məzmunu ilə tanış oldu. Bununla bağlı bildirir ki, Məhəmmədin ünvan 1 ünvanda özünə məxsus «Sizin inşaat» adlanan mağazası var. Həmin mağazada müxtəlif tikinti materialarının satışı ilə məşğul olur. 2013-cü il tarixdən o həmin mağazada işləyir. 2017-ci ilin aprel ayında həqiqi hərbi xidmətə getmiş, 2018-ci ilin sentyabr ayında təxris olub gəlmişdir. Həmin vaxtdan Məhəmmədə məxsus mağazada satıcı işləməyə davam etmişdir. Mağazada iş prinsipi belə olmuşdur ki, Məhəmməd qaimə ilə malları ona gətirib verir, o hər günün sonunda satılan malların ümumi məbləğini sayıb Məhəmmədə təhvil verir. Belə ki, hər müştərinin aldığı malların adlarını deyil, yekun verdiyi pulu dəftərə qeyd edib, günün sonunda satışdan əldə olunan pulu Məhəmmədə vermişdir. Mallar hər dəfə qayimə ilə gəlməsinə baxmayaraq, hansından neçəsi satılıb, neçəsi qalmasının hesabını aparmamışlar. Hansı mal qutarırdısa onu yenidən sifariş vermişlər. 2021-ci ilin dəqiq xatırlamadığı ayında Məhəmməd mağazada ona demişdiki, mağazada olan mallar gözünə az dəyir. O, həqiqətəndə bilmiş ki, mallardan təxminən 15-16 min manat satıb götürmüşdür. Bu səbəbdən söhbət zamanı o, atasına etiraf etmiş ki, malların əskik gəlməsinə səbəb satıb pulunu götürüb öz ehtiyaclarına xərcləməsidir. Bundan sonra atası və Məhəmməd 15000 manata razılaşmış və atası həmin məbləği gətirib Məhəmmədə ödəmişdir. Həmin vaxt Məhəmməd yenə 150000 min manat demiş, sonda o dediyi rəqəmlə razılaşmışlar. Son iki ay ərzində o, 3 dəfə olmaqla hər dəfəsində təxminən 150- 200 manat dəyərində mağazadan müxtəlif tikinti materialları çıxartmışdır. Sonuncu dəfə xx.xx.2024-cü il tarixdə aparan zaman Məhəmməd özü görmüş və rayon polis şöbəsinə şikayət etmişdir. Bildirir ki, təxminən 2024-cü ilin yanvar ayının əvvəllərində ona pul ehtiyac olduğundan mağazadan təxminən 150-200 manat dəyərində xırdavat götürmüşdür. Belə ki, qonşulardan ona demişlər ki, məsələn krantımız xarab olub, mağazadan gələndə gətir pulunu verək. O, tez satılması üçün krant, qaz krantı, su qızdıranın ehtiyyat hissələrini və müxtəlif xırdavat götürüb mağazanın yanında zibilxanada gizlətmiş, qonşuları Vüsala demiş, Vüsal özünə məxsus avtomobillə gəlib götürüb daha sonra evə gedəndə ona vermişdir. O, Vüsala mağazadan xəbərsiz götürdüyünü deməmişdir.” Göründüyü kimi cavabdehin oğlu daha əvvəl də, oxşar cinayət əməlini törətmiş, lakin cavabdeh iddiaçı ilə razılaşdığı üçün oğlunun vurmuş olduğu ziyanı öz üzərinə götürərək ödəmişdir. Hazırki halda da, cavabdehin oğlu yenidən cinayət əməli törətmiş, iddiaçının polis şöbəsinə vermiş olduğu şikayətdən sonra həbs olunacağından qorxduğu üçün atası, yəni Cavabdeh oğlunun vurmuş olduğu ziyanın bir hissəsini ödəmiş, yerdə qalan hissəsini isə borclu qaldığı üçün iddaçıya qəbz yazaraq xx.xx.2024-cü il tarixədək ödəyəcəyinə dair söz vermişdir. Dolayısı ilə cavabdeh oğlunun (borclunun) öhdəliyini öz üzərinə götürmüşdür (Az.Res. Mülki Məcəlləsinin 431.1-ci maddəsi). Cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar 06 mart 2024-cü il tarixdə qəbul edilmiş, Cavabdeh tərəfindən yazılan qəbz isə xx.xx.2024-cü il tarixdə tərtib edilmişdir. Başqa sözlə desək cavabdeh dəymiş ziyanın bir hissəsini ödədikdən sonra, əvvəlcə iddiaçıya şifahi olaraq söz vermiş, cinayət işinin başlanmasının rədd olunması haqqında qərarı qəbul etdirdikdən 5 gün sonra isə borca dair yazılı qəbz tərtib edərək iddiaçıya vermişdir. Bu isə onu deməyə əsas verir ki, Cavabdeh məhkəmə iclası zamanı yalan ifadə vermiş və öhdəliyin icrasından yayınmağa çalışmışdır. Bundan əlavə olaraq məhkəməyə təqdim etdiyim cinayət işinin başlanmasının rədd olunması haqqında qərar məhkəmə tərəfindən araşdırılmamış, tədqiq edilməmiş və hər hansı hüquqi qiymət verilməmişdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Məhkəmədə Cavabdeh apellyasiya şikayətinin əsassız olduğunu bildirib təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İzahatında göstərdi ki, heç zaman iddiaçı ilə alış-verişi olmamış, iddiaçıdan borc almamışdır. İddiaçının evində usta kimi işləmiş və zəhmət haqqını almışdır. İddiaçı qarşısında hər hansı bir öhdəliyi yoxdur. Tərtib olunan qəbzə gəlincə iddiaçının şikayəti əsasında oğlunun tutulacağından qorxaraq iddiaçı ilə razılığa gəlmiş, qohum əqrəbadan borc alaraq, bankdan kredit götürərək təhqiqatçı vasitəsilə iddiaçıya 10000 manat pul ödəmişdir. İddiaçı da, təhqiqatçıya ərizə ilə müraciət edərək oğlundan hər hansı bir şikayət və tələbinin olmamasını bildirmişdir. Sonuncu ödənişi 4000 manat məbləğində etmiş, təhqiqatçı ona tapşırmışdır ki, iddiaçıya verdiyi qəbzi ondan alsın. Lakin iddiaçı qəbzi ona qaytarmaqdan imtina etmiş, məhkəmə vasitəsilə ondan pul alacağını bildirmişdir. Savadsız adamdır, oğlunun tutulacağını düşünərək borc-xərc edib iddiaçıya 10000 manat pul vermişdir, iddiaçıya heç-bir borcu yoxdur. Məhkəmədə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işdə iştirak etməyə cəlb edilmiş X3 apellyasiya şikayətinin əsassız olduğunu bildirib təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İzahatında göstərdi ki, iddiaçının mağazasında işlədiyi dövrdə əmək haqqı almadığından, iddiaçı satılan mallardan əldə edilən vəsaitdən gündəlik tələbatlarının təmin olunmasına icazə vermişdi. İddiaçı ərizə ilə təkrar olaraq məhkəməyə müraciət edib məhkəmə baxışının bir aydan tez olmayan müddətə təxirə salınmasını xahiş etmiş, ərizəsini onunla əsaslandırmışdır ki, Ağcabədi rayon polis şöbəsinin cinayət işinin başlanmasının rədd edilməsinə dair xx.xx.2024 tarixli qərarı onun şikayəti əsasında Ağcabədi rayon prokuroru tərəfindən ləğv edilmiş və iş yenidən araşdırılmasından ötrü Ağcabədi rayon polis şöbəsinə qaytarılmış, araşdırma yekunlaşmamışdır. Həmçinin nümayəndəsi səhhəti ilə bağlı məhkəmədə iştirak edə bilməyəcəkdir. Məhkəmə kollegiyası iddiaçının təkrarən məhkəmə baxışında üzürlü səbəblər olmadan iştirak etməməsini nəzərə alıb, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən mülki iş üzrə iddiaçının iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Belə ki, İddiaçı şikayəti əsasında Ağcabədi rayon polis şöbəsində toplanmış təhqiqat materialının surəti alınaraq öyrənilmiş və müəyyən edilmişdir ki, xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsinə dair qərar Ağcabədi rayon prokuroru tərəfindən ləğv ediləndən sonra, material üzrə əlavə araşdırmalar aparılmış və xx.xx.2024-cü il tarixdə yenidən cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Bundan başqa iddiaçının səhhətində probleminin olduğunu bildirdiyi şəxs onun vəkili olaraq birinci instansiya məhkəməsində hüquqlarını müdafiə etmişdir, apellyasiya instansiyasında iştirak üçün vəkil tərəfindən müvafiq order təqdim edilməmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baхışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baхımından şərh edilməsinə dair” 20 may 2011-ci il tariхli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yохlamalıdır. Bununla əlaqədar оlaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tохunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir.” Hazırki halda iddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvini xahiş etməklə, qətnaməni tam olaraq mübahisələndirir. Оna görə də məhkəmə kоllеgiyası Azərbaycan Rеspublikası Kоnstitusiya Məhkəməsi Plеnumunun yuхarıda qеyd оlunan qərarındakı hüquqi mövqеyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya şikayətinin dəlilləri üzrə tam yохlanılmasını düzgün hеsab еdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinin əsasını təşkil edə bilməz. Birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apelyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apelyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apelyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İddiaçı şikayəti əsasında Ağcabədi rayon polis şöbəsinin istintaq bölməsində toplanmış HK-1/668 nömrəli materialda olan sənədlərdən aşağıdakılar müəyyən olunur: 26 fevral 2024-cü il tarixdə ünvan 2 ünvanda yaşayan Piriyev X6 RPŞ-nə ərizə ilə müraciət edərək, Ağcabədi şəhəri, N.Nərimanov küçəsində yerləşən, ona məxsus tikinti materialları mağazasından, həmin mağazada satıcı kimi işləyən, Ağcabədi şəhər sakini Allahverən Əliyevin sonuncunun tanışı Vüsal adlı şəxslə əlbir olub 150000 manatlıq malın ondan xəbərsiz satdığını bildirmiş, həmin şəxslər barəsində qanunamüvafiq tədbir görülməsini, yetirilmiş ziyanın ödənilməsinə köməklik göstərilməsini xahiş etmişdir; Araşdırma zamanı izahatı alınmış İddiaçı izahatında göstərmişdir ki, o, ünvan 4 ünvanda yaşayır. Bildirmişdir ki, Ağcabədi şəhəri, N.Nərimanov küçəsində yerləşən “Sizin İnşaat" adlı dükanı var və həmin dükanın təxminən 10 ildir ki, sahibidir. Həmin dükanda təsərrüfat mallarının satışı ilə məşğul olur. Ağcabədi şəhər sakini X2 əvvəldən tanıyır və sonuncu ilə arasında heç bir düşmənçilik və ədavət olmamışdır. Bildirmişdir ki, Allahverən Əliyev 2018-ci ilin oktyabr ayında müddətli həqiqi xidmətdən geri qayıtmış və təxminən həmin vaxtdan da sonuncu onun yanında satıcı kimi rəsmi olaraq işləməyə başlamışdır. Təxminən 2022-ci ilin noyabr ayının axırlarında “Covid 19” xəstəliyinə yoluxmuş və bu səbəbdən 04 ay müddətinə yaşadığı evdən çölə çıxmayıb müalicə almışdır. Təxminən 2023-cü ilin mart ayının ortalarında xəstəlikdən tam sağalıb öz işinə geri qayıtmış və qayıdan zaman o, dükanın demək olar ki, boş vəziyyətdə görmüşdür. Daha sonra Allahverəni yanına çağırıb “bu nə məsələdir” deyə soruşduqda sonuncu əvvəlcə başını aşağı salıb heçnə deməmişdir. Daha sonra Allahverəndən baş vermiş vəziyyəti dərindən öyrənmək üçün sonuncunu kənara çəkib söhbət etdikdə Allahverən əvvəlcə 25 min manatdıq malı satıb xərcədiyini, daha sonra isə daha da üstünə gəldikdən sonra sonuncu 50 min manatlıq malı satıb xərclədiyini bildirmiş, amma Allahverən yenə də yalan danışmışdır. Çünki, dükanda elə mallar var idi ki, heç qalmamış, elələri də var idi ki, çoxu satılıb, azı qalmışdır. Bundan sonra o, Allahverənin atası Cavabdehlə görüşmüş və görüş zamanı sonuncuya baş verənləri danışmışdır. Ardınca Məhəmməd ona oğlunu polisə verməməyimi, Allahverəni bağışlamağını istəmişdir. Belə ki, Məhəməddgilin imkanının çox zəif olduğunu bilmiş, bu şəbədən Məhəmmədin Allahverənin etdiyi əməllərlə bağlı polisə şikayət etməmişdir. Təxminən 2024-cü ilin yanvar ayında dükana yeni mallar almaq üçün Ağcabədi rayonunda yerləşən “Xalq Bank”-dan 60 min manat məbləğində kredit götürmüş, bundan əlavə, özünə məxsus olan və Ağcabədi rayonunda yerləşən bağ sahəsini satmış, ardınca daha sonra pulları ümumiləşdirib işlətdiyi mağazaya yeni mallar almışdır. Təxminən 2024-cü ilin fevral ayının əvvəllərində yenidən mağazada olarkən 50 min manata yaxın malın olmadığını gördükdə yenə də bilmişdir ki, Allahverənin işidi. Lakin, Allahverənin özünə heç nə deməmişdir. 2024-cü ilin fevral ayının 26-da Allahverən dükanda olan malların bir hissəsini kisəyə yığmış və həmin kisəni dükanın yaxınlığında olan zibil qutusunun yanına qoymuş və ardınca tanışı olan Vüsal adlı şəxs idarə etdiyi avtomobillə oraya gələrək həmin kisəni idarə etdiyi avtomobilinin arxa yük hissəsinə qoyaraq satmaq üçün aparmış və o da bunları biləndən sonra Ağcabədi RPŞ-nə Allahverənin və Vüsalın etdiyi əməllərlə bağlı şikayət ərizəsi yazmışdır; Araşdırma zamanı izahatı alınmış X3 izahatında göstərmişdir ki, o, ünvan 6 ünvanda yaşayır. Hal-hazırda Ağcabədi rayonunda yerləşən pambıq zavodunda fəhlə işləyir. Ağcabədi şəhər sakini İddiaçı əvvəldən tanıyır və sonuncu ilə arasında heç bir düşmənçilik və ədavət olmamışdır. Çoxdandır ki, Məhəmmədin özünə məxsus Ağcabədi şəhəri N.Nərimanov küçəsi ərazisində yerləşən “Sizin inşaat” adlı mağazası var və o, 2013-cü ildən həmin mağazada fəhlə kimi fəaliyyət göstərmişdir. 2017-ci iln aprel ayında müddətli hərbi xidmətə yollanmış və 2018-ci ilin oktyabrında isə hərbi xidmətdən geri qayıtmış və daha sonra yenidən həmin mağazada işləməyə başlamışdır. Belə ki, onun həmin zaman orada işləmək fikri olmamış, lakin Məhəmməd onu orada işləməyə həvəsləndirmiş və o orada yenidən işləməyə başlamışdır. Belə ki, onun oradakı vəzifəsi ancaq malları bir yerdən digər yerə daşımaq, müştərilərin istədiyi malları gətirib müştərilərə vermək və s. kimi işlər olmuş və o, həmin işdən aylıq 500 manat məvacib almışdır. 2024-cü ilin yanvar fevral ayında ona şəxsi ehtiyacları üçün pul lazım olduğundan o, Məhəmməddən aylıq maaşını tez istəmiş və sonuncu da onda həmin maaşın hamısını yox, təxminən yarısını vermişdir. 2024-cü ilin fevral ayında dəqiq gününü xatırlamadığı bir vaxtda o, yenidən Məhəmməddən maaşını tez verməsini xahiş etdikdə sonuncu pulunun olmadığını, bütün pulunu mağaza üçün aldığı mallara verdiyini ona demiş, lakin ona da həmin zaman şəxsi ehtiyacları üçün təcili pul lazım olduğundan bir torbaya qonşularının istədikləri malları yığmış və həmin içərisində mallar olan torbanı mağazanın yanındakı zibil qutusunun yanma qoymuşdur. Bildirmişdir ki, həmin torbanın içərisindəki mallar təxminən 2500 manat məbləğində olmuşdur. Daha sonra həmin torbanı tanışı olan, həmçinin taksi fəaliyyəti ilə məşğul olan Vüsal adlı şəxsin idarə etdiyi avtomobilinə qoyub həmin malları istəyən qonşularına göndərmək istəmişdir. Bundan bir qədər keçmişdi ki, mağaza sahibi Məhəmməd mağazanın görüntü kameralarına baxan zaman onun hərəkətlərini görmüş və o da həmin zaman yaşadığı evdə olmuşdur. Daha sonra Məhəmməd tanışı vasitəsdə ona xəbər göndərib işə gəlməyini bildirdikdə paltarını geyinib işə getmiş və daha sonra Məhəmməd ona olanlar barəsində danışdıqda o da baş verənləri olduğu kimi sonuncuya demiş və ardınca Məhəmməd də onun üstünə böhtanlar ataraq Ağcabdi RPŞ-nə şikayət ərizəsi yazmışdır; Araşdırma zamanı izahatı alınmış X7 izahatında göstərmişdir ki, o, ünvan 8 ünvanda yaşayır. Allahverən Əliyevi əvvəldən tanıyır və sonuncu ilə arasında heç bir düşmənçilik və ədavət olmamışdır. Belə ki, o, 10 ildir ki, özünə məxsus VAZ 2106 markalı **-Bİ-*** dövlət qeydiyyat nişanlı avtomobillə Ağcabədi rayonu ərazisində taksi fəaliyyəti ilə məşğul olmuşdur. Bildirmişdir ki, Ağcabədi şəhəri ərazisində “Sizin inşaat” adlı dükanın sahibi olan Məhəmmədi təxminən 8 ildir ki, tanıyır və sonuncu ilə arasında heç bir düşmənçilik və ədavət olmamışdır. Belə ki, Məhəmməd tez-tez ona zəng edib ailəsini müəyyən yerlərə aparmasını xahiş etdikdə o da sonuncunun dediklərini edib öz haqqını almışdır. Bundan başqa, Məhəmməd və Allahverən tez-tez ona telefon vasitəsi ilə zənglər edib müəyyən malların Ağcabədi ərazisinə daşımağını istədikdə sonuncuların dediklərini edib öz yol haqqını almışdır. 2024-cü ilin fevral ayının 25-də saat axsam 19 radələrində Allahverən ona zəng edib satılası malların olduğunu, bu səbəbdən dükana gəlməyini istədikdə bir qədər sonra idarə etdiyi avtomobillə dükanın qabağına gəlmiş, ardınca Allahverən 1 ədəd ağ kisədə olan malları ona məxsus avtomobilin arxa yük yerinə qoydu. Ardınca mən Allahverənə həmin malları hara aparacağını soruşduqda sonuncu mənə telefon vasitəsi ilə zəng edəcəyini mənə dedi. Bundan sonra mən oradan çıxıb yaşadığım evə getdim. Çünki, Allahverən mənə demişdi ki, həmin malları çatdıracağım şəxsin nömrəsini mənə verəcəkdi. Lakin, hələ də verməmişdi. Bu səbəbdən mən də yaşadığım evə gedib yemək yedikdən sonra Məhəmmdə mənə zəng edib məni dükanın qarşısına çağırdı. Arınca mən də avtomovilimə əyləşib oraya getdim. Həmin zaman Məhəmmdə mənim idarə etdiyim avtomovilin arxa yük hissəsini açıb oradakı kisəni yerə tulladı. Ardınca mən Məhəmməddən nə baş verdiyini soruşduqda sonuncu həmin malların Allahverən tərəfindən oğurlandığını bildirdi. Daha sonra məni də Allahverənlə əlbir olmaq kimi böhtanlar atdı. Daha sonra nalayiq ifadələr işlətməyə başladı. Amma, mənim heçnədən xəbərim yox idi. Mən ancaq taksi kimi öz işimi görmüşdüm. Daha sonra Məhəmməd baş vermiş hadisə ilə bağlı Ağcabədi rayon polis şöbəsinə şikayət ərizəsi yazdı; Ağcabədi rayon polis şöbəsinin istintaq bölməsinin müstəntiqi, polis baş leytenantı Elməddin Əliyevin “cinayət işi başlanmasının rədd edilməsi və şəxsin cinayət məsuliyyətindən azad edilməsi” barədə xx.xx.2024 tarixli qərarına əsasən, X3 Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə törətmiş olduğu cinayət əməlinə görə cinayət məsuliyyətindən azad edilmiş və barəsində cinayət təqibinə xitam verilmişdir. İbtidai istintaq gəldiyi hüquqi nəticəni belə əsaslandırmışdır ki, araşdırma materiallarından göründüyü kimi, X3 yuxarıda göstərilən dələduzluq əməlini tək halda törətməsi və həmin cinayət əməlini törətməkdə ona X4 və qeydlərinin heç kimin heç bir formada köməklik etməməsi müəyyən olunduğundan, sonuncuların barəsində Cinayət Məcəlləsinin 178.2.1-ci maddəsi ilə cinayət işinin başlanması rədd olunmalıdır, belə ki, İddiaçı izahatında göstərdiyi xüsusatlar üzrə, yəni X1 ona 15000-200000 manat məbləğindəki dələduzluq fakltaları öz təsdiqini tapmamışdır; xx.xx.2024-ci il tarixdə İddiaçı ogiu Ağcabədi RPŞ-nə ərizə ilə müraciət edərək, ona dəymiş madddi ziyanın X3 tərəfindən qarşılandığını və sonuncuya qarşı heç bir şikayət tələbinin olmadığını bildirmişdir; Həmçinin, X3 rayon polis şöbəsinə ərizə yazaraq zərərçəkmiş şəxsə dəymiş maddi zivanı tam ödədəiyini, onunla barışdığını və bunları nəzərə alaraq bəraət verici əsaslar olmadan görə cinayət məsuliyyətindən azad edilməklə barəsində cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi ilə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan Hüquqlarının və X5 haqqında Avropa Konvensiyasının 6-cı maddəsinə görə, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin : 2.3-cü maddəsinə əsasən ailə, əmək münasibətləri, təbii ehtiyatlardan istifadə, ətraf mühitin mühafizəsi, müəlliflik hüququ və əlaqədar hüquqlar ilə bağlı münasibətlər, əgər ailə, əmək, torpaq, təbiəti mühafizə, müəlliflik və digər xüsusi qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, mülki qanunvericilik və başqa hüquqi aktlar ilə tənzimlənir; 14.1. və 14.2.1-ci maddələrinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlmə əsaslarından biri də zərər vurulmasıdır; 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin : 10-cu maddəsinin ç bəndinə əsasən, əmək müqaviləsi üzrə işçinin əsas vəzifələrindən biri də işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaqdır; 72-ci maddəsinin c bəndinə əsasən, təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir; 191-ci maddənin 1-ci bəndinə əsasən əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar; 194-cü maddənin 1-ci bəndinə əsasən ziyan vurmaqda təqsirli olan tərəf cinayət məsuliyyətinə, habelə inzibati və digər məsuliyyətə cəlb edilməsindən asılı olmayaraq müəyyən edilmiş qaydada maddi ziyanın məbləğini ödəməyə borcludur; 194-cü maddənin 2-ci bəndinə əsasən ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilməsi təqsirkar tərəfi maddi məsuliyyətdən azad etmir; 199-cu maddəsinə əsasən işçi qanunazidd hərəkətləri ilə saxlanmaq və başqa məqsədlər üçün ona verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə tam maddi məsuliyyət götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda, vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır; 202-ci maddəsinin 1-ci bəndinə əsasən işəgötürənə dəymiş ziyanın məbləği faktik itkilər üzrə müəyyən edilir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 aprel 2022-ci il tarixli qərarında formalaşan hüquqi mövqeyə görə, Mülki Məcəllənin 1099.2-ci maddəsinə müvafiq olaraq, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. İşin müəyyən olunan faktiki hallarına görə iddiaçı hazırki tələbi ilə işçisi olaraq mağazasında satıcı işləmiş üçüncü şəxs Allahverən Əliyevin işəgötürən kimi ona vurduğu maddi zərəri borc adı altında atası Cavabdeh tələb edir. Bununla belə şikayəti əsasında polisdə aparılan araşdırma zamanı rəsmi şəkildə ərizə verərək Allahverənə qarşı heç-bir şikayət və tələbinin olmadığını, ərizəsinin nəzərə alınmasını xahiş etmişdir. Üç ulduz statusuna malik Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2023 tarixli 2(102)-3351/2023 saylı qərarına əsasən cinayət prosesində zərərçəkən şəxsin təqsirləndirilən şəxslə barışması və ona qarşı hər hansı şikayət və tələbinin olmaması barədə məhkəməyə təqdim etdiyi və qanuni qüvvəyə minmiş hökmdə cəza təyin edilərkən nəzərə alınan ərizəsi, bu şəxslər arasında həmin vaxta qədər mövcud olmuş tələblərin qarşılıqlı güzəştlər əsasında həll olunması kimi qiymətləndirilməlidir. Bu halda zərərçəkmiş həmin vaxtdan sonra yaranmış zərərlə bağlı tələb irəli sürmək hüququna malikdir. Hazırki halda iddiaçının şikayəti əsasında polisdə aparılan araşdırma zamanı barəsində şikayət etdiyi şəxsə qarşı hər hansı bir şikayət və tələbinin olmamasını bildirməsi, şəxslər arasında həmin vaxta qədər mövcud olmuş tələblərin qarşılıqlı güzəştlər əsasında həllini tapması deməkdir. İşin müəyyən olunan digər faktiki halı isə ondan ibarətdir ki, hazırki tələb üzrə iddiaçı ilə cavabdeh arasında hər-hansı bir öhdəlik, xüsusən borc münasibətləri olmamış, yaranmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin : 4.1.-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir; 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Kollegiya bütün yuxarıda sadalananları nəzərə alaraq belə nəticəyə gəlir ki, iddianın sübuta yetməməsi əsası ilə rədd edən birinci instansiya məhkəməsi tam haqlı olmuş, maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayətində gətirdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, Qət etdi: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Ağcabədi Rayon Məhkəməsinin 27 avqust 2024-cü il tarixli e-2(017)-1154/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına “Elektron məhkəmə” informasiya sistemi üzərindən qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Tale Kərimov Hakimlər: Cahid İmanov Qasım Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar