Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-206/2024 21.02.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakim Əhmədov Pərviz Tərlan oğlunun sədrliyi ilə, hakimlər Kərimov Tale Suliddin oğlu və X4 ibarət məhkəmə tərkibində, X7 oğlunun katibliyi ilə, İddiaçı və nümayəndəsi Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Masallı Rayon Məhkəməsinin 06 iyun 2023-cü il tarixli 2(050)-1494/2023 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 10000 (on min) ABŞ dolları məbləğində pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, mərhum X1 ilə 2000-ci ildə faktiki nikah münasibətinə girməklə ailə qurmuş və nikahlarını xx.xx.2013-cü il tarixdə Rusiya Federasiyası Smolensk vilayətinin Roslavsk rayonu Vətəndaşlıq Aktları qeydiyyatı bölməsində rəsmiləşdirmişlər. Birgə yaşadıqları dövrdə xx.xx.2002-ci il təvəllüdlü Jalə adlı bir qız, xx.xx.2004-cü il təvəllüdlü Samir adlı bir oğlan övladları dünyaya gəlmişdir. Onlar ailə qurduqdan sonra yaşamaq uçün Rusiya Federasiyasına köçmüşlər. Mərhum əri orada ortaqları ilə birlikdə ət tədarükü və satışı ilə məşğul olmuşlar. Mərhum əri Havasət Mirzəyev xx.xx.2015-ci il tarixdə, iş yerində Rusiya Federasiyası Smolensk vilayətinin Roslavsk rayonunun Sloboda kəndində vəfat etmişdir. Əri vəfat etdikdən sonra yaxınlarının köməyi ilə ərinin cənazəsini Azərbaycan Respublikasına gətirərək xx.xx.2015ci il tarixdə Masallı rayonu Hüseynhacılı kənd qəbirstanlığında dəfn etmişlər. Mərhum sağlığında vəfatından 4-5 ay əvvəl özünə məxsus 2006-cı il istehsalı olan “Volkswaqen Touareg” markalı avtomaşını yeni avtomaşın almaq niyyəti ilə 800000 rus rubluna satmış və həmin pul onda olmuşdur. O, həmin puldan 3000 manat dəyərində rus rublunu yas məclisini keçirmək üçün böyük qaynı olan hazırkı iş üzrə Cavabdeh vermişdir. Cənazə dəfn edildikdən sonra cavabdeh kənddə yaşayışın çətin olduğunu əsas götürərək onu övladları ilə birlikdə Masallı şəhərində yerləşən ailəsinin yaşadığı iki mərtəbəli yaşayış evinə aparmışdır. Sonra isə yas məclisi ilə əlaqədar kəndə gedib gəlirmişlər. Mərhumun yeddi məclisindən sonra cavabdeh ona bildirmişdir ki, verdiyi pul məclisə çatmış, üstəlik də əlavə 5000 manat məbləğdə pul yığılmışdır. Həmin pulla mərhumun “cümə axşamları”, “40” mərasimlərinə, habelə baş daşının hazırlanmasına sərf ediləcəkdir. Daha sonra cavabdeh ona bildirmişdir ki, mərhumun avtomaşının satışından əldə etdiyi pulu da banka qoymaq üçün, həmçinin qızıllarını da saxlamaq üçün versin. O, da cavabdehin böyüklüyünü diqqətə alaraq və inanaraq qızıllarını və puldan qalan 670000 rus rublunu cavabdehə vermişdir. Həmin ilin avqust ayının ortalarında uşaqların məktəbə qeydiyyatı ilə əlaqədar Xırdalan şəhərinə getmiş, gedərkən cavabdehdən qızıllarını istəmişdir. Cavabdeh ona qızılların onda qalmasının daha münasib olacağını bildirsə də, o, təkid etdiyindən müəyyən söz-söhbətdən sonra cavabdeh qızıllarını ona qaytarmışdır. O, övladları ilə birlikdə qardaşı Aslanın Masallı şəhərində yerləşən evinə gedərək bir həftə qalmış və daha sonra qardaşının köməkliyi ilə Xıradalan şəhərinə gedərək kirayə ev tutmuşdur. Mərhum ərinin sağlığında Abşeron rayonu Viləşçay MTK 28-ci məhəlləsində yerləşən iki otaqlı mənzil almışdır. Lakin bina tam hazır olmamışdır. Onun da Xıradalan şəhərinə köçməkdə məqsədi həm uşaqların təhsili ilə, həm də aldıqları mənzilin təmiri ilə əlaqədar olmuşdur. O, uşaqları ilə birlikdə bir il müddətinə kirayədə qalmışdır. Həmin müddətdə o, mənzilin təmiri ilə də məşğul olmuşdur. Həyat yoldaşının vəfatından sonra Rusiya Federasiyasında olan ortaqları bir il altı ay ərzində har ay 1000 manat dəyərində rus rublu yardım etmişlər. Bununla yanaşı qardaşlarının imkanları daxilində, həmçinin mərhum ərinin dostları olmuş şəxslərin imkanları daxilində ona maddi köməklik etmişlər. O da ona çatdırılan pullarla həm yaşayışı təmin edir, həm də mənzilin təmiri ilə məşğul olmuşdur. 2016-cı ilin sonlarında mənzilin təmirini tam başa çatdırmasa da, kirayə haqqından qurtulmaq məqsədi ilə həmin mənzilə köçərək yaşamağa başlamışdır. Mənzilə köçdükdən sonra ailəsinə göstərilən yardımlar dayandırıldığı üçün Rusiya Federasiyası Smolensk vilayətinin Roslavsk rayonunda mərhum ərinin almış olduğu həyət evini ******* rus rubluna satmaq məcburiyyətində qalmış və həmin pulla yaşayışlarını təmin etməyə çalışmışdır. Bir neçə il keçdikdan sonra cavabdeh qaynına müraciət edərək həyat şəraitinin çətin olduğunu, qızının məktəb məsrəflərini təmin etmək üçün maddi köməyə ehtiyacının olduğunu diqqətinə çatdırmışdır. Ondan alınaraq banka qoyduğu puldan müəyyən məbləğ ona verməsini xahiş etmişdir. Lakin cavabdeh müəyyən bəhanələr gətirərək ona pul verməkdən yayınmışdır. O da məcbur olub 2020-ci ilin yanvar ayının 27də Masallı rayonuna gələrək cavabdehlə söhbət etmək istəmiş, lakin cavabdeh onunla söhbətdən yayınmışdır, məcbur olub Masallı rayon Polis şöbəsinə müraciət etmişdir. Ərizəsi ilə əlaqədar aparılan araşdırma zaman ona məlum olmuşdur ki, cavabdeh illər ərzində onu aldadaraq yalan danışmış, ondan aldığı pulu hər hansı banka qoymamış və öz məqsədləri üçün istifadə etmişdir. Ötən müddət ərzində cavabdeh pulu qaytarmamış, pulun mərhum qardaşına məxsus olduğunu bildirǝrǝk aldığı pulu geri qaytarmaqdan imtina etmişdir. Cavabdeh məhkəməyə 26 may 2023-cü il tarixdə ərizə göndərərək orada göstərmişdir ki, iddia tələbini qəbul etmir, iddiaçıdan borc almamışdır, iddiaçının tələb etdiyi pulları 2015-ci ildə iddiaçının əri onun mərhum qardaşının vəfatından sonra vermiş və həmin pulları qardaşının dəfn xərclərinə, yas mərasiminin keçirilməsinə və baş daşının qoyulmasına xərcləmişdir, iddiaçının pulu ona verdiyini qeyd etdiyi tarixdən 8 il keçmişdir, 8 il keçdikdən sonra iddiaçı ona qarşı iddia qaldırmışdır, iddia ərizəsində xx.xx.2020-ci ildə Masallı rayon Polis Şöbəsinə müraciət etdiyini qeyd edir, iddia müddəti ilə bağlı üç illik müddəti ötürmüşdür, İddiaçı ona qarşı pul tələbinə dair mülki iş üzrə iddia müddəti keçdiyindən, iddia müddətinin tətbiq edilməsi və iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktı: Masallı Rayon Məhkəməsinin 06 iyun 2023-cü il tarixli 2(050)-1494/2023 saylı qətnaməsi ilə (hakim Zeynal Zeynalov) iddia məhkəməyə sübut təqdim edilməməsi əsası ilə təmin edilməmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətində göstərmişdir ki, məhkəmə işin hallarını düzgün araşdırmamış, mübahisəyə borc kimi hüquqi qiymət vermişdir. Halbuki, o, qaynı Cavabdeh borc pul verməmişdir. Onların arasında olan münasibət əslində əsassız varlanmadır. Belə ki, o, cavabdehə borc pul verməmişdir, sadəcə pulu ona saxlamaq üçün vermiş, ona etibar etmişdir. Lakin cavabdeh əsassız olaraq onun hesabına varlanmışdır. Məhkəmə işə borc münüasibəti kimi hüquqi qiymət vermişdir, halbuki, nə o, borc mübahisəsi açmış, nə də cavabdeh ona borc verilməsini bildirmişdir, lakin məhkəmə işə qanunsuz olaraq borc kimi qiymət vermişdir. O, əmlakını cavabdehə etibar etmişdir ki, saxlasın, onunla hər hansı müqavilə bağlamamış və ya hər hansı borc məsələsi olmamış, iş üzrə mübahisələndirilən pul onun əmlakıdır, əmlak tələblərinə də iddia müddəti tətbiq olunmur, lakin məhkəmə qanunsuz olaraq iddia müddəti tətbiq etmişdir. O sadəcə cavabdehə ailənin böyüyü kimi etibar edərək saxlaması üçün 10000 ABŞ dolları vermişdir. Bundan sonra qaynına dəfələrlə müraciət etmişdir ki, uşaqlar məktəblidir, xərcləri çoxdur ona vermiş olduğu və banka qoyduğu pulu ona qaytarsın, lakin cavabdeh pulu qaytarmaqdan imtina etmişdir. Bundan sonra 2020-ci ilin yanvar ayının 27-də Masallıya gəlmiş, cavabdehlə söhbəti baş tutmamış, Masallı polis şöbəsinə müraciət etmiş və araşdırma zamanı məlum olmuşdur ki, cavabdeh pulu banka qoymamış, öz məsrəfləri üçün xərcləmişdir. Halbuki, o, pulu cavabdehə saxlamaq üçün vermişdir ki, gələcəkdə çətin günündə ondan alıb uşaqlarının saxlanması üçün xərcləsin. Cavabdeh ailənin böyüyü olduğu üçün ona etibar etmişdir, lakin o etibardan sui-istifadə edərək onu aldatmış və əsassız olaraq varlanmışdır. Məhkəmə qeyd olunan halları düzgün araşdırmamış, nəticədə yanlış qətnamə qəbul etmişdir. Məhkəmə iddia müddətini düzgün tətbiq etməmişdir, onunla cavabdeh arasında hər hansı borc münasibəti olmamışdır ki, 3 illik iddia müddəti tətbiq olunsun, iddia müddətinin ötməsinin hazırkı məsələyə aidiyyəti yoxdur, məhkəmə qanunsuz qətnamə qəbul etmişdir. Məhkəmə tərəfindən sübutlar tam araşdırılmamış, işin faktiki halları ilə sübutlar düzgün qiymət verilməmiş, sübutlar cavabdehin xeyrinə qiymət verilmişdir. Məhkəmə sübutları düzgün qiymətləndirməmişdir. Onun təqdim etmiş olduğu sübutlar araşdırılmamış, qətnamədə sübutlara qiymət verilməmiş, pulun kimə məxsus olması, kimə verilməsi, hansı məqsədlə verilməsi barədə sübutlar, ümumiyyətlə, araşdırılmamışdır. Məhkəmə sübutlara düzgün hüquqi qiymət verməmiş, düzgün maddi hüquq normasını tətbiq etməmiş, prosessual pozuntulara yol vermişdir. İşin hərtərəfli tədqiqi baxılan iş üzrə yaranan bütün məsələlər məcmusunu, onların daxili əlaqəsi nəzərə alınmaqla mübahisə edən tərəfləri hər birinin həm xeyrinə, həm də mənafeyinin ziddinə olan halların yoxlanılmasını əhatə etməlidir. İş üzrə halların aydınlaşdırılmasının tamlığı tələbi məhkəmənin təkcə tərəflərin göstərdiyi halları deyil, həm də iş üçün əhəmiyyət kəsb edən digər halların araşdırılmasında əhatə edir. Eyni zamanda hakim tərəflərin iş üçün əhəmiyyət kəsb edən hər hansı hal barəsində təqdim etdiyi məlumatları yoxlamaqdan və ya araşdırmaqdan imtina edə bilməz. Məhkəmə tərəfindən pulun cavabdehə hansı məqsədlə verilməsi, cavabdehin pulu alıb-almaması sübuta yetirilməmişdir. Birinci instansiya məhkəməsinə cavabdehin Masallı RPŞ-də vermiş olduğu izahatı tədqiq olunmamış, həmin izahat sonradan əlavə olunmuşdur. Göstərilənlərə əsasən Masallı Rayon Məhkəməsinin 06 iyun 2023-cü il tarixli 2(050)-1494/2023 saylı qətnaməsinin ləğv edilərək iddianın təmin edilməsini xahiş etmişdir. Prosessual məsələlər: Məhkəmə iclasında İddiaçı nümayəndəsi Vəkil məhkəmə iclasında izahat verərək bildirmişdir ki, cavabdeh iddiaçının qayınıdır. Hadisə 2015-ci ildə olmuşdur. İddiaçı Azərbaycan manatına məzənnə ilə 18000 manatı cavabdehə saxlamağa vermişdir. 2020ci ilin fevral ayında Masallı RPŞ-də cavabdeh həmin məbləğin 8000 manat hissəsini etiraf etmişdir. İddiaçı məhkəmə iclasında izahat verərək bildirmişdir ki, 2015-ci ilin mart ayında Azərbaycana gəlmişdir. Mərhum ərinin dəfn günü cavabdeh onları evinə aparmışdır. 90000 rus rublu (təxminən 3000 manat) həmin gün cavabdehə yas işlərini həyata keçirmək üçün vermişdir. Cavabdeh bir həftə sonra bildirmişdir ki, onda olan 27000 rus rublu (təxminən 16000 manat) və qızılları öz evində saxlaması üçün ona versin. O da pulu və qızılları ona saxlamaq üçün vermişdir. Qızılları daha sonra ala bilsə də, cavabdeh ona çatası olan pulu verməmişdir. Dəfələrlə ona pulunu qaytarması üçün müraciət etmişdir. Hətta imkanı olmasa belə, pulunu hissə-hissə verə biləcəyini qeyd etmiş, lakin heç bir nəticəsi olmamışdır. Masallı RPŞ-yə 2020-ci ildə müraciət etmişdir. Cavabdeh məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin (MPM) 376.2-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan iddiaçının nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: MPM-in 372.1-ci, 372.6-cı və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Belə ki, qətnamənin həmin mübahisələndirilməyən hissələrdə yoxlanılması və hüquqi qiymətləndirilməsi dispozitivlik prinsipinin pozulması ilə nəticələnər. Belə ki, dispozitivlik prinsipi onu nəzərdə tutur ki, müdafiə üçün məhkəməyə müraciət etmək və ya etməmək, iddia qaldırmaq və onu geri götürmək, yaxud da tələb olunan müdafiənin həcmini müəyyən etmək şəxsin özündən asılı olmalıdır. Bundan irəli gələrək, öz məqsədinə nail olmaq üçün prosessual vasitələri seçmək də onun sərbəst sərəncamında olmalıdır. Adıçəkilən qətnamədən iddiaçı apellyasiya şikayəti vermişdir. Odur ki, məhkəmə kollegiyası onun apellyasiya şikayətinin dəlilləri həddində Masallı Rayon Məhkəməsinin 06 iyun 2023-cü il tarixli 2(050)-1494/2023 saylı qətnaməsinin qanuniliyinin tam yoxlanılmasını məqsədəmüvafiq hesab edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 822. Saxlama müqaviləsinə görə bir şəxs (yük götürən, saxlayıcı) başqa şəxsin (yük verənin, tapşıranın) ona verdiyi daşınar əşyanı saxlamağı və müqavilənin qüvvəsi sona çatdıqda qaytarmağı öhdəsinə götürür. Maddə 824. Əgər saxlama əvəzsiz həyata keçirilirsə, saxlama dövründə saxlayıcı yalnız qəsd və/və ya kobud ehtiyatsızlığa görə məsuliyyət daşıyır. Əgər saxlama haqq müqabilində həyata keçirilirsə, saxlayıcı şərtləşdirilmiş vicdanlılığa riayət edilməsi üçün, qalan hallarda isə bu cür əşyaların saxlanması zamanı adi olan vicdanlılıq üçün məsuliyyət daşıyır; Saxlayıcının saxlamaya götürdüyü əşyadan tapşıranın qabaqcadan razılığı olmadan istifadə etmək hüququ yoxdur. Əks halda o, əşyanın təsadüfən itməsi üçün, əgər itmənin əşyadan istifadə edilmədən də mümkün olduğunu sübuta yetirməsə, tapşıran qarşısında məsuliyyət daşıyır; Tapşıranın xahişi ilə saxlayıcı əşyanı qaytarmalıdır. Saxlama üçün konkret müddətin təyin edildiyi halda da bu müddəa həmişə qüvvədədir. Əşya onun saxlandığı yerdə qaytarılmalıdır. Əşyanın saxlayıcısı onu tapşırana çatdırmağa borclu deyildir. Əşya tapşıranın hesabına və tapşıranın riski ilə qaytarılır. Maddə 826.1. Əgər saxlamaya pul qəbul edilirsə və bu zaman saxlayıcının eyni pulu deyil, eyni məbləği qaytarmalı olduğu birbaşa və ya dinməz razılıqla şərtləşdirilirsə, pula mülkiyyət hüququ, ondan istifadə hüququ və onun itməsi riski saxlayıcıya keçir. Bu mənada dinməz razılıq pul məbləğinin möhürlənməmiş və bağlanmamış şəkildə verildiyi halda ehtimal edilir. Əsaslandırma: Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsi yoxlanılarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması çox vacibdir. Habelə işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Buna görə də, birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyi həmin normaya uyğun yoxlanılmalıdır. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmamış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. Məhkəmə kollegiyası bildirir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Tələbin qanuni əsası dedikdə qanunun elə müddəası başa düşülür ki, o, bir tərəfə qarşı tərəfdən nəyisə etməyi və ya nəyisə etməməyi tələb etməyə imkan verir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. Məhkəmənin vəzifəsi ilk növbədə qanunun mətni ilə işdən, yəni ayrı-ayrı tələblərin qanuni əsaslarının tapılmasından, onların dispozisiya şərtlərinin müəyyənləşdirilməsindən və lazım olduğu halda onların hüquqi mənasını təfsirin köməkliyi ilə aydınlaşdırmaqdan ibarətdir. Sonrakı mərhələdə məhkəmə qanunda yetərincə mücərrəd və ümumi formulə edilmiş dispozisiya şərtlərini konkret hala tətbiq etməlidir. Kollegiya qeyd edir ki, hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas xüsusiyyətlərindən biri kimi çıxış edir. Hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Bunun təmin edilməsi üçün hüquq normaları birmənalı və aydın olmalıdır. Bu isə öz növbəsində hər kəsə onun hüquq və azadlıqlarını müdafiə edəcəyinə, hüquq tətbiq edənin hərəkətlərinin isə qabaqcadan bilməsinə imkan verməlidir. Bu prinsip azadlıq və toxunulmazlıq hüququnun məhdudlaşdırılması şərtlərinin milli qanunvericilikdə aydın və dəqiq təsbitini, hüquq tətbiq etmə praktikasının qanunun eyni cür və dürüst təfsirinə əsaslanmasını, müxtəlif məhkəmə qərarlarında hüququn tətbiqi məsələlərində ardıcıllığın gözlənilməsini, yəni qanunun tətbiqi təcrübəsinin şəxslər üçün gözlənilən olmasını nəzərdə tutur. Bu səbəbdən də, işə baxan məhkəmələr hüquqi müəyyənlik prinsipinin yüksək səviyyədə gözlənilməsi və məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi baxımından hüququn tətbiqində tərəflərin mövqeyindən və hüquqi əsaslandırmasından asılı deyildir. Kollegiya diqqətə çatdırır ki, “L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsinin 08 may 2008-ci il tarixli Plenum qərarında göstərilir ki, hər hansı bir mülki mübahisənin qanuni həlli baxımından iddia müddətlərinin axımının başlanğıcının müəyyənləşdirilməsi ilə yanaşı mübahisəyə aid bütün digər hallar da nəzərə alınmalıdır. İddia müddətinin tətbiqi qaydalarına riayət edilməsi üçün ilk növbədə nəzərə alınmalıdır ki, iddia etmək hüququ iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarından ibarətdir. Qeyd edilməlidir ki, iddia müddətinin keçməsinə görə iddianı rədd edərkən məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. İddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. Buna görə, məhkəmə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edibetməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı deyil. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassızdır, çünki iddia müddətinin keçməsinə görə məhkəmənin gəldiyi nəticə lazımi əsasa söykənmir. Bu baxımdan, nəzərə alınmalıdır ki, birinci instansiya məhkəməsi iddianı rədd edərkən hesab etmişdir ki, iddiaçı tərəfindən tələbin əsaslılığına dair hər hansı sübut təqdim edilməmişdir. Beləcə, məhkəmə həm iddianı əsaslı saymamış, həm də iddia müddətinin keçməsi əsası ilə iddianı rədd etmişdir. Kollegiya buna əsaslanaraq hesab edir ki, birinci instansiya məhkəməsinin qəbul etdiyi hazırkı qətnamə əsaslı deyildir. Qeyd edilməlidir ki, işdə olan iddiaçının Masallı rayon Polis şöbəsinə 27 yanvar 2020-ci il tarixli müraciəti əsasında 20 fevral 2020-ci ildə X5 izahat vermiş və orada göstərmişdir ki, qardaşının dəfn edildiyi gün – 18 yanvar 2015-ci il tarixdə iddiaçı ona həmin ilin məzənnəsinə uyğun olaraq 8000 manata yaxın pul vermişdir. Həmin pul vəsaitini müxtəlif məqsədlər üçün – qardaşının yas mərasiminə, bacısının kredit borcunun bağlanmasına və s. istifadə edib xərcləmiş və buna görə də, həmin pulu hal-hazırda iddiaçıya qaytara bilmir. Hazırkı işin mübahisəsiz hallarına əsasən iddiaçı cavabdehə verdiyi pulu məhz tələb edəndə qaytarılmaq şərti ilə saxlamaq üçün vermişdir. Nəzərə alınmalıdır ki, MM-in 6.1.2-ci maddəsinin tələbinə əsasən mülki hüquq subyektlərinin iradə sərbəstliyi mülki qanunvericiliyin prinsiplərindəndir. Həmin prinsip mülki hüquq subyektlərinin müqavilələrin forması ilə bağlı iradə azadlığını da ehtiva edir. Mülki hüquq subyektləri bir qayda olaraq müqavilələri arzu etdikləri istənilən formada (şifahi, fiziki hərəkətlərlə, sadə yazılı, notarial qaydada təsdiqlənməklə) bağlaya bilərlər. Müqavilənin forması ilə bağlı tərəflərin iradə azadlığı mülki dövriyyənin inkişafı, mülki münasibətlərin dinamikliyinin təmin olunması baxımından çox əhəmiyyətlidir. Qeyd edilən pulun məbləğinə gəldikdə isə cavabdeh bunun 8000 manata yaxın olduğunu etiraf etmiş, lakin tələbdəki məbləğin qalan hissəsinin də əsaslılığına dair isə iddiaçı tərəfindən heç bir sübut təqdim edilməmişdir. Nəzərə alınmalıdır ki, cavabdeh Masallı rayon Polis şöbəsində 20 fevral 2020-ci il tarixdə izahat verməsini və onun məzmununun həqiqiliyini ümumiyyətlə mübahisələndirməmişdir. Kollegiya bildirir ki, MPM-in 377.3-cü maddəsinə görə icra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır. Beləliklə, həmin pulun 18 yanvar 2015-ci il tarixdə cavabdehə verilməsinə rəğmən iddiaçı onu polisə müraciətdən də əvvəlki tarixlərdə dəfələrlə istədiyini, lakin ala bilmədiyini həm iddia ərizəsində, həm apellyasiya şikayətində, həm də işin digər materiallarında göstərmişdir. Ən son olaraq iddiaçı 27 yanvar 2020-ci il tarixdə polisə müraciət etmiş və 20 fevral 2020-ci ildə X2 izahatı alınmışdır. Kollegiya diqqətə çatdırır ki, “C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 28 noyabr 2018-ci il tarixli Konstitusiya Məhkəməsinin Plenum Qərarında göstərilir ki, “... Müddətin kəsilməsi tərəflərin iradəvi xarakterli hərəkəti ilə bağlı olur. Göründüyü kimi, mülki qanunvericilik iddia müddətinin axımının kəsilməsinin iki əsasını nəzərdə tutur: müəyyənləşdirilmiş qaydada iddia irəli sürülməsi və borclunun borcu etiraf etməsini göstərən hərəkətlər etməsi. MM-in 380-ci maddəsinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. Göründüyü kimi, 20 fevral 2020-ci ildə Masallı rayon Polis şöbəsində verdiyi izahatında X5 iddiaçıya 8000 manata yaxın pul qaytarmalı olduğunu etiraf etmiş, lakin iddiaçı həmin vaxtdan 3 il 1 ay 15 gün müddət ötdükdən sonra məhkəməyə iddia ərizəsi ilə müraciət etmişdir. MPM-in 372.1-ci maddəsinə əsasən başqa şəxslərdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. MPM-in 373.2-ci maddəsinə görə müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. MPM-in 375-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi məsələsi apellyasiya qaydasında yoxlanılarkən, iddia tələbinin həlli ilə bağlı məsələyə düzgün hüquqi qiymətin verilmədiyi, məhkəmə tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının düzgün tətbiq olunmaması və işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilməsi müəyyən edilmişdir. Kollegiya bütün iş materiallarını araşdıraraq və sübutlara hərtərəfli qiymət verərək hesab edir ki, iddia qismən əsaslı olmuş, lakin birinci instansiya məhkəməsi bunu müəyyən etmədən iddia müddətini tətbiq etmişdir. Belə ki, əslində tərəflər arasında saxlama müqaviləsinin dispozisiya şərtlərinə uyğun hüquq münasibətləri yaranmış və cavabdehin iddiaçıya 8000 manat məbləğində pulu geri qaytarmalı olması iş üzrə sübutlarla öz təsdiqini tapmışdır. Qeyd edilməsi zəruridir ki, işin müəyyən edilmiş mübahisəsiz faktiki hallarına əsasən saxlama əvəzsiz həyata keçirilmiş, saxlayıcı qismində əşyanı (hazırkı halda pulu) qaytarmaq vəzifəsi daşıyan cavabdeh bunu qəsdən qaytarmadığı üçün məsuliyyəti də istisna edilmir. Onun təqsiri Masallı rayon Polis şöbəsinə 27 yanvar 2020-ci il tarixdə verdiyi izahatında da təsdiqini tapır. Beləliklə, göründüyü kimi, iddiaçı tələbi qismən əsaslı olduğuna baxmayaraq məhkəməyə iddia müddətini ötürməklə müraciət etmişdir. “X.Mirzəliyevin şikayəti üzrə” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun 17 sentyabr 2021-ci il tarixli qərarında göstərilmişdir ki, vicdanlılıq institutu mülki hüququn təməl prinsiplərindən olmaqla dürüstlük kimi əxlaqi və mənəvi keyfiyyətləri özündə ehtiva edən mühüm tərkib elementinə malikdir. Mülki hüquqda şəxslərin vicdanlı olduğu, yəni mülki hüquq münasibətlərində hüquq və vəzifələrini həyata keçirərkən subyektlərin hər birinin vicdanlı olması ehtimal olunur. Vicdanlılığın qorunması mülki dövriyyəni təmin etmək məqsədi daşımaqla yanaşı, həm də subyektlərin mənafelərinin qorunmasına xidmət edir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən iddiaçının təqdim etdiyi sübutlara MPM-in 88-ci maddəsinin tələblərinə uyğun tam, hərtərəfli və obyektiv hüquqi qiymət verilmədiyi üçün qətnamə maddi hüquq normalarının tətbiqi hissəsində qanuni və əsaslı sayıla bilməz. MPM-in 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Məhkəmə kollegiyası mülki prosessual qanunvericiliyə müvafiq olaraq ədalət mühakiməsini tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, iş materiallarını araşdıraraq, toplanmış bütün sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Masallı Rayon Məhkəməsinin 06 iyun 2023-cü il tarixli 2(050)-1494/2023 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia rədd edilməlidir. MPM-in 384.0.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir (MPM-in 107 və 119.1-ci maddələri). Kollegiya, həmçinin hesab edir ki, məhkəmə xərcləri iddiaçının özünə aid edilməlidir. MPM-in 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və MPM-in 382, 384.0.1, 385.2, 392, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qətetdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Masallı Rayon Məhkəməsinin 06 iyun 2023-cü il tarixli 2(050)-1494/2023 saylı qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh 10000 (on min) ABŞ dolları məbləğində pulun alınaraq ona verilməsi tələbinə dair iddia rədd edilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən həmin müddət ərzində şikayət verilməzsə, qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-206/2024
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-206/2024
21.02.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver