Məhkəmə qərarları › İş №2(106)-206/2025

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-206/2025

04.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-206/2025 04.12.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Ləğv prosessində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdeh X7 qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun ipoteka predmetinə yönəlməsi və ipoteka ilə yüklü edilmiş əmlakın açıq hərracda satılaraq əldə olunmuş vəsait hesabına borcun ödənilməsi” tələbinə dair mülki iş üzrə Q Ə T N A M Ə S İ Açar sözlər: kredit müqaviləsi üzrə borcun ödənilməsi, tutmanın ipoteka predmetinə yönəldilməsi. Şirvan şəhəri, 04 dekabr 2025-ci il Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri X11 (sədrlik edən, məruzəçi), X13 və Kərimov Tale Suliddin oğlundan ibarət tərkibdə, Əliyev Kamran Sabir oğlunun katibliyi ilə, (İddiaçının nümayəndələri Nəcəf-zadə Anar Ziya oğlu və X1 əvvəlki iclaslarında iştirak etmişlər). İddiaçı Ləğv prosessində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdeh X7 qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun ipoteka predmetinə yönəlməsi və ipoteka ilə yüklü edilmiş əmlakın açıq hərracda satılaraq əldə olunmuş vəsait hesabına borcun ödənilməsi” tələbinə dair mülki iş üzrə Salyan rayon Məhkəməsinin 01 avqust 2024-cü il tarixli, 2(057)-4/2024 saylı qətnaməsindən (hakim. Ə.Məmmədli) cavabdeh X9 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu (bundan sonra LPO İddiaçı ASC) Cavabdeh qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun ipoteka predmetinə yönəlməsi və ipoteka ilə yüklü edilmiş əmlakın açıq hərracda satılaraq əldə olunmuş vəsait hesabına borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh kredit öhdəliyi üzrə 18221 ABŞ dolları məbləğində icra edilməmiş əsas borc, müddət sonuna hesablanan 10819 ABŞ dolları faiz borcu, 3011 ABŞ dolları məbləğində cərimə və Konstitusiya Məhkəməsinin Plenumunun qərarına əsasən hesablanmış 2727 ABŞ dolları faiz borcunun və mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün tərəflərindən ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq LPO İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, LPO İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 492/15 saylı kredit müqaviləsinə əsasən cavabdehə 12 (on iki) ay müddətinə, illik faiz dərəcəsi 25 % (iyirmi beş) faiz ödənilmək şərtilə, 40.000 (qırx min ABŞ dolları) USD məbləğində kredit vəsaiti verilmişdir. Kredit müqaviləsinin 3.4.1-ci maddəsinə əsasən borcalan bankdan aldığı krediti və ona hesablanmış faiz borcunu bu müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə müvafiq olaraq ödəməyi öz üzərinə götürmüşdür. Müqavilənin 3.4.2-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi ilə əlaqədar borcun məcburi qaydada alınmasına yönəlmiş məhkəmə qətnaməsi tam icra olunub başa çatanadək hesablanmış faizləri banka ödəməlidir. Lakin buna baxmayaraq borclu Cavabdeh kredit müqaviləsinin şərtlərini pozmuş, dəfələrlə olunmuş şifahi və yazılı xəbərdarlıqlara baxmayaraq üzərinə düşən öhdəlikləri yerinə yetirməmiş, kredit və faizləri vaxtında ödəməmişdir. Hazırda borclunun banka ödənilməmiş 18.221 USD (on səkkiz min iki yüz iyirmi bir ABŞ dolları) icra edilməmiş əsas borc, müddət sonuna hesablanan 10.819 USD (on min səkkiz yüz on doqquz ABŞ dolları) faiz, 3.011 USD (üç min on bir ABŞ dolları) cərimə və Konstitusiya Məhkəməsinin Plenumunun qərarına əsasən hesablanan 2727 USD (iki min yeddi yüz iyirmi yeddi ABŞ dolları) borcu mövcuddur. Daha sonra LPO İddiaçı ASC-nin nümayəndəsi xx.xx.2019-cu il tarixdə məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Cavabdeh kredit öhdəliyi üzrə qalan 18.221 USD (on səkkiz min iki yüz iyirmi bir ABŞ dolları) icra edilməmiş əsas borc, müddət sonuna hesablanan 10.819 USD (on min səkkiz yüz on doqquz ABŞ dolları) faiz, 3.011 USD (üç min on bir ABŞ dolları) cərimə və Konstitusiya Məhkəməsinin Plenumunun qərarına əsasən hesablanan 2.727 USD (iki min yeddi yüz iyirmi yeddi ABŞ dolları) faiz borcunun və mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün 30 (otuz) manat dövlət rüsumunun tutularaq LPO İddiaçı ASC-nin xeyrinə ödənilməsi, ipotekaya qoyulmuş Cavabdeh məxsus Salyan şəhəri, T.Xəlilbəyli küçəsində yerləşən 0,02192 ha torpaq sahəsi olan 214 saylı fərdi yaşayış evə tutmanın yönəldilməsi, həmin evin açıq hərrac yolu ilə satılması və satışdan əldə olunan vəsaitin ödənişə yönəldilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh vəfat etdiyi üçün Salyan Rayon Məhkəməsinin 2(057)-13/2021 saylı, 23 aprel 2021-ci il tarixli qərardadı ilə iddiaçı LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borcun ipoteka predmetinə yönəlməsi və ipoteka ilə yüklü edilmiş əmlakın açıq hərracda satılaraq əldə olunmuş vəsait hesabına borcun ödənilməsi tələbinə dair mülki iş üzrə icraat Cavabdeh hüquqi varisi müəyyən edilənədək dayandırılmışdır. İddiaçı LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun hüquq departamentinin direktoru Azər Əmirov məhkəməyə ərizə göndərərək qeyd etmişdir ki, iş üzrə Cavabdeh vəfat etdiyi üçün, Salyan Rayon Məhkəməsinin 23 aprel 2021-ci il tarixli, 2(057)-13/2021 saylı qərardadı ilə mülki işin icraatı dayandırılmışdır. Tərəflərindən əldə olunmuş məlumata əsasən Cavabdeh məxsus ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evində həyat yoldaşı - X9 qeydiyyatda olaraq yaşayır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 58.2-ci maddəsinin tələblərinə əsasən Cavabdeh vəfat etdiyi səbəbindən X6 prosessual hüquqi varisliyi üzrə işə cəlb edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Salyan Rayon Məhkəməsinin 2(057)-6/2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli qərardadı ilə iddiaçı LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun ipoteka predmetinə yönəldilməsi və ipoteka ilə yüklü edilmiş əmlakın açıq hərracda satılaraq əldə olunmuş vəsait hesabına borcun ödənilməsi tələbinə dair mülki iş üzrə icraat təzələnərək, X2 Naib Sahib oğlunun hüquqi varisi kimi əvəz edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a)Birinci instansiya məhkəməsində icraat. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X12 iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Cavabdeh X9 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Ona görə də onun mövqeyini müəyyən etmək mümkün olmamışdır. Cavabdeh nümayəndəsi Vəkil elektron kabinet vasitəsi ilə məhkəməyə vəsatət ünvanlayaraq göstərmişdir ki, “Bildirmişdir ki, iş üzrə iddiaçı "xxxx" ASC (bundan sonra iddiaçı) ilə Cavabdeh (bundan sonra-cavabdeh) arasında xx.xx.2015-ci il tarixdə, 492/15 saylı kredit müqaviləsi bağlanmış, 12 ay müddətinə, 25% olmaqla, 40000 ABŞ dolları məbləğində kredit verilmişdir. Həmin kredit məbləğinin təminatı olaraq ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi ipoteka müqaviləsi olaraq yüklü edilmişdir. Göründüyü kimi iddiaçı cavabdehə qarşı kredit borcunun geri qaytarılması və sair tələbinə dair iddia ərizəsi ilə Salyan Rayon Məhkəməsinə müraciət etmiş, həmin iddia tələbi məhkəmədə 2(057)- 831/2019 saylı mülki iş kimi qeydiyyatdan keçmiş, iddiaçı tərəfindən məhkəməyə maliyyə arayışı təqdim edilmiş və həmin maliyyə arayışı əsasında xx.xx.2019-cu il tarixdə, 2(057)- 831/2019 saylı qərardadı ilə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmișdir. Həmin ekspert rəyinin nəticə hissəsindən görünür ki, müqavilə șərtləri nəzərə alınaraq cavabdehin müqavilə müddətinə, xx.xx.2016-cı il tarixə banka əsas borc üzrə 20185,15 ABŞ dollar ve faiz borcu üzrə 662,22 ABŞ dollar, cərimə borcu üzrə 84,48 ABŞ dolları müəyyən edilmişdir. (Bunu iş materiallarında olan 24563 nömrəli ekspert rəyindən açıqaşkar görmək olar). Qeyd etmişdir ki, tərəflər arasında xx.xx.2015-ci il tarixdə, 492/15 saylı kredit müqaviləsi bağlanarkən ipoteka predmeti olan fərdi yaşayış evinin ilkin satış qiyməti çox așağı qiymətlə müəyyən edilmişdir. Həmin dövrdən bu günə kimi bütün dünyada olduğu kimi, Azərbaycan Respublikasının İqtisadiyyatında olan artıq, ABŞ dollarının dəyərinin isə xeyli artması onu deməyə əsas verir ki, xx.xx.2015-ci il tarixdə, 492/15 saylı kredit müqaviləsinin təminatı olan ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə naturada baxış keçirilərək, ilkin satış qiyməti müəyyən edilməlidir. Buna görə də məhkəmədən ipoteka predmeti olan evin ilkin qiymətinin müəyyən edilməsi ilə bağlı əmtəəşünaslıq ekspertizasının ekeçirilməsini xahiş etmişdir. Salyan Rayon Məhkəməsinin 2(057)-6/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilərək, iş materialları rəy verilməsi üçün Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə göndərilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli məktubu ilə məhkəmə ekspertizasının aparılmasından imtina edilmişdir. Salyan rayon Məhkəməsinin 01 avqust 2024-ci il tarixli, 2(057)-4/2024 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdeh X4 22 may 2015-ci il tarixli, 492/15 nömrəli kredit müqaviləsinə əsasən xx.xx.2019-cu il tarixə kredit öhdəliyi üzrə qalan 18221 ABŞ dolları məbləğində əsas borc, 662.22 ABŞ dolları faiz borcu, 84.48 ABŞ dolları cərimə borcu, müddət bitəndən sonra Konstitusiya Məhkəməsinin Plenumunun qərarına əsasən hesablanan 2727 ABŞ dolları faiz borcu, cəmi 21694.7 ABŞ dolları (iyirmi bir min altı yüz doxsan dörd dollar yetmiş sent) ödəniş gününə qüvvədə olan məzənnədə Azərbaycan Respublikası manatı ilə, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutularaq iddiaçı ləğv prosesində olan LPO İddiaçı ASC-nin xeyrinə ödənilməsi, tələb ipoteka ilə yüklü edilmiş Salyan şəhəri, T.Xəlilbəyli küçəsi, 0.02192 ha torpaq sahəsində yerləşən 214 saylı fərdi yaşayış evinə yönəldilməsi və ilkin satış qiyməti 70000 (yetmiş min) manat olmaqla açıq hərracdan satılması, ipoteka predmetinin satışından əldə olunan vəsait hesabına cavabdehin iddiaçı LPO İddiaçı ASC-yə olan borcu ödənilməsi, Borc məbləği qaytarıldıqdan sonra qalıq məbləğ cavabdeh X7 qaytarılması, İddianın qalan hissədə təmin olunmaması, Ekspertiza tədqiqatının dəyəri - 120 manat X4 tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b)Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən cavabdeh X9 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iş üzrə əmtəəşünaslıq ekspertizasının təyin edilməsi üzrə araşdırma aparılaraq yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, hal-hazırda 2015-ci ildən 2024-cü ilə kimi 9 il müddətində bütün dünyada olduğu kimi Azərbaycan Respublikasında daşınmaz əmlakların qiymətlərinin artmasında əsaslı dəyişiklik olmuşdur. Məhz bu baxımdan Salyan Rayon Məhkəməsinə vəsatətlə müraciət etmiş, iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizasının təyin edilməsi, ekspertizanın aparılmasının Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin əmtəəşünaslıq ekspertizasının ekspertlərinə tapşırılmasını xahiş etmişdir. Lakin birinci instansiya məhkəməsi tərəfindən müvafiq rəy əldə edilərək işə əlavə edilməmişdir. Hal-hazırda ipoteka predmeti olan əmlakın bü günkü real qiyməti müəyyən edilməmişdir. c)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. ç)Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Lakin cavabdeh X9 məhkəməyə ərizə gönrərərək bidirmişdir ki, iş üzrə məhkəmə iclası xx.xx.2025-ci il tarixə, saat 10:40-a təyin edilmişdir. Hal-hazırda apellyasiya şikayətimi müdafiə etdiyini, təyin edilmiş məhkəmə iclasında üzürlü səbəbdən iştirak edə bilməyəcəyini qeyd etmişdir. Həmçinin qeyd etmişdir ki, apellyasiya şikayətinin dəlilləri kimi ipoteka predmeti olan əmlakı üzrə əmtəəşünaslıq ekspertizasının keçirilməsini xahiş etmiş, müvafiq ekspertizanın keçirilməsi barədə qərardada qəbul edilmiş və həmin qərardadın icrası təmin edilmişdir. İş üzrə iddiaçının ekspertin verdiyi rəyinə etdiyi etirazı qəbul etmir. Hal-hazırda müqavilənin bağlandığı vaxtdan bu günə kimi bütün dünyada olduğu kimi Azərbayca Respublikası ərazisində də daşınmaz əmlakın qiymətində kəskin artımlar olmuş və bundan başqa həmin əmlakdan istifadə edərək, yaxşılaşdırma işləri apardığını nəzərə alınsa hazırda həmin əmlakın bazar qiyməti 140.000 (bir yüz qırx min) manat, likvid dəyəri isə 120.000 (bir yüz iyirmi min) manatdır. Odur ki, apellyasiya şikayətimin təmin edilməsini və əmlakının 120.000 manat likvid dəyərində olmasını nəzərə alınmasını xahiş etmişdir. Kollegiyanın əvvəlki iclaslarında iştirak edən iddiaçının nümayəndələri Nəcəf-zadə Anar Ziya oğlu və X8 apellyasiya şikayətini əsassız hesab etmiş və onun təmin edilməməsini xahiş etmişlər. Lakin iddiaçı məhkəməyə ərizə ünvanlayaraq əldə edilmiş Rəy üzrə ipoteka predmeti olan evin dəyərindən daha çox olmasının müəyyən edilməsini qeyd etmiş, əldə edilən rəyi qeyri-obyektiv və natamam hesab etmiş və buna görə də iş üzrə yenidən qiymətləndirmə keçirilməsini xahiş etmişdir. Məhkəmə Kollegiyası, işə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinin tələbinə əsasən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Hazırkı iş üzrə cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etsə də, iş üzrə əmtəəşünaslıq ekspertizasının təyin edilməsini bildirməklə araşdırma aparılaraq yeni qətnamə qəbul edilməsini xahiş etməklə qətnaməni ipoteka predmetinin ilkin satış qiyməti hissəsində mübahisələndirmişdir. Qeyd edilənlərə əsasən apellyasiya şikayəti cavabdeh X7 münasibətdə qətnamənin əsaslılığını həmin hissədə qismən yoxlayır. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəllənin 739.2-ci maddəsinə görə, kredit müqaviləsi üzrə bank və ya başqa kredit təşkilatıəqdlə nəzərdə tutulmuş həcmdə vəşərtlərdə pulun (kredit) borcluya verilməsi öhdəliyini, borclu isə bu məbləğin qaytarılması və faizlərin ödənilməsi öhdəliyini öz üzərinə götürür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə müvafiq olaraq, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərini cra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin tələbinə görə də, məhkəmə işin hallarını, eləcə də kreditorun həm əmlak mənafelərini, həm də bütün əsaslı mənafeləri nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən, borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin Qanunun 34-cü maddəsində nəzərdə tutulmuşdur ki, əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi (34.1.1), ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi (34.1.3) ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallardır. “İpoteka haqqında” Qanunun 59.3-cü maddəsinə əsasən, ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: 59.3.1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya 59.3.2. ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. “İpoteka haqqında” Qanunun 59.4-cü maddəsinin 2018-ci il 28 dekabr tarixinədək mövcud olmuş redaksiyasında bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslərin evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılması nəzərdə tutulurdu. Mülki Məcəllənin 1133.1-ci maddəsinə əsasən, “ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir”. Mülki Məcəllənin 1133.2-ci maddəsinə əsasən, “qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Mülki Məcəllənin 1151.1-ci maddəsinə əsasən, “mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir”. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2023-cü il tarixli qərarında şərh olunan hüquqi mövqe belədir ki, “Lakin qeyd olunmalıdır ki, kredit müqavilələri vaxt aşırı icra edilməli olan öhdəlik münasibətlərini ifadə etdiyindən, kredit müqaviləsindən imtina olunması ilə onun ləğv edilməsi arasında hüquqi nəticə baxımından fərq mövcud deyildir. Odur ki, kredit müqaviləsi kimi icrası davamlı olan öhdəlik münasibətlərində müqavilədən imtina ləğvetmədə olduğu kimi, ancaq imtinadan sonrakı dövr üçün öhdəlikləri aradan qaldırır.” “İpoteka haqqında” Qanunun 34.1-ci maddəsində qeyd olunmuşdur ki, ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; 34.1.3. ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; 34.1.4. bu Qanunda nəzərdə tutulmuş digər hallarda. Həmin Qanunun 36.1-ci maddəsində qeyd olunmuşdur ki, ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayana, birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 təqvim günü keçdikdən sonra təqdim olunmuş sayılır. 36.2. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişdə aşağıdakı məlumatlar əks etdirilməlidir: 36.2.1. müvafiq reyestrdəki ipotekanın qeydiyyat anı və nömrəsinə istinad edərək tutma yönəldilən ipoteka predmeti; 36.2.2. icra olunmalı öhdəlik barədə məlumat; 36.2.3. ipoteka predmetinə notariusun icra qeydi əsasında tutmanın yönəldilməsi barədə xəbərdarlıq; 36.2.4. bildirişin tarixi, bildirişi verən şəxsin adı və imzası. 36.3. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında 1 iş günü müddətində qeydə alınmalıdır. Ərizədə bildirişin ipoteka qoyana göndərildiyi gün göstərilir və iki nüsxədə qeydiyyat orqanına verilir. Qeydiyyat orqanı ərizəni onun verildiyi gün qəbul edir və bir nüsxəsini qeydiyyat orqanının səlahiyyətli şəxsinin imzası və möhürü ilə təsdiqləməklə ərizəçiyə qaytarır. 36.3-1. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin ipotekanın dövlət qeydiyyatı orqanında qeydə alınması barədə ipoteka saxlayanın ərizəsi elektron imza ilə təsdiqlənmiş elektron sənəd formasında təqdim edildikdə, ipotekanın dövlət qeydiyyatı orqanının səlahiyyətli şəxsi ərizəni elektron imzası ilə təsdiqləməklə elektron formada ərizəçiyə qaytarır. 36.4. Tutmanın yönəldilməsi proseduru aşağıdakı hallarda davam edə bilməz: 36.4.1. tutmanın yönəldilməsi haqqında bildiriş bu Qanunun 36.1-ci maddəsinə uyğun olaraq təqdim edildikdən sonra 3 iş günü ərzində ərizə ipotekanın dövlət qeydiyyatı orqanına təqdim edilmədikdə; 36.4.2. tutmanın yönəldilməsi haqqında bildiriş bu Qanunla nəzərdə tutulmuş qaydada məhkəmə tərəfindən etibarsız sayıldıqda. 36.5. İpoteka saxlayan tutmanın yönəldilməsi haqqında bildirişi bu Qanunla nəzərdə tutulmuş qaydada qeydiyyat orqanına təqdim etmədikdə, o, ipoteka qoyan, hər hansı başqa ipoteka saxlayan və ipoteka predmeti üzərində hüquqları olan digər şəxs (şəxslər) qarşısında onlardan hər hansı birinə bununla əlaqədar vurulmuş zərərə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyır. 36.6. İpoteka saxlayan ipoteka predmetinin satışının başlanılmasınadək tutmanın yönəldilməsi haqqında bildirişin ləğv olunması barədə qeydiyyat orqanına müraciət edə bilər. Həmin Qanunun 39.3.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinin ilkin satış qiyməti. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-nin 58-ci maddəsinə əsasən, barəsində mübahisə edilən hüquq münasibətində və ya qətnamə ilə müəyyən edilən hüquq münasibətində tərəflərdən biri sıradan çıxdıqda (şəxs öldükdə, hüquqi şəxs yenidən təşkil edildikdə, ləb güzəşi edildikdə, borc köçürüldükdə və maddi hüquq münasibətlərində şəxslərin (dəyişməsinin digər hallarında) məhkəmə həmin tərəfi onun hüquq varisi ilə əvəz etməyə yol verir. Hüquq varisliyi prosesin hər hansı mərhələsində mümkündür. Hüquq varisi prosesə daxil olana qədər prosesdə edilmiş bütün hərəkətlər, onun əvəz etdiyi şəxs üçün məcburi olduğu kimi, hüquq varisi üçün də məcburidir. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinin tələblərinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır (217.1), qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (217.3), bu Məcəllənin 10-1.3cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (217.5). Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan 22 may 2015-ci il tarixli, 492/15 nömrəli kredit müqaviləsindən görünür ki, Cavabdeh 12 ay müddətinə, illik 25 % faiz dərəcəsi ilə 40000 ABŞ dolları kredit verilmişdir. İş materiallarında olan xx.xx.2015-ci il tarixli, 492/15/1 nömrəli İpoteka müqaviləsindən görünür ki, xx.xx.2015-ci il tarixli, 492/15 saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmini üsulu kimi ipoteka qoyan Cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Salyan Ərazi İdarəsi tərəfindən verilmiş (Reyestr nömrəsi **********61-10301, qeydiyyat nömrəsi 250700603, seriya MH 0001885) 21.062007-ci il tarixli çıxarışa əsasən xüsusi mülkiyyət hüququ ilə özünə məxsus olan ünvan 2 ünvanında yerləşən 83.5 kv.m yaşayış, 114.7 kv.m yaşayış sahədən ibarət 3 otaqlı 2 mərtəbəli fərdi yaşayış evi ipoteka saxlayanın xeyrinə ipoteka ilə yükləməyi və müvafiq Dövlət Orqanlarında yüklülük qeydiyyatının aparılmasını üzərinə götürür. Həmin ev tərəflərin razılığı ilə 70000 manat məbləğində qiymətləndirilmişdir. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş 04 fevral 2022-ci il tarixli, 0080/22/ZB nömrəli fərdi yaşayış evinin qiymətləndirilməsinə dair hesabatdan görünür ki, Salyan şəhəri, T.Xəlilbəyli küçəsində, Cavabdeh istifadəsində olan 0.02192 ha torpaq sahəsi üzərində yerləşən, Cavabdeh mülkiyyətində olan, 2 mərtəbəli, 3 otaqlı, 198.2 kvadratmetr ümumi, 83.5 kvadratmetr yaşayış, 114.7 kvadratmetr yardımçı sahədən ibarət 214 nömrəli fərdi yaşayış evinin hazırki ilkin satış qiyməti 50000 manat təşkil etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDKY Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Salyan şəhəri, T.Xəlilbəyli küçəsi istifadəsində olan 02192 ha torpaq sahəsində yerləşən 214 nömrəli fərdi yaşayış evi xx.xx.2015-ci il tarixdən 12 ay müddətinə İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan 24 may 2019-cu il tarixli maliyyə arayışından görünür ki, cavabdehin 22 may 2015-ci il tarixli, 130 SF saylı kredit müqaviləsi üzrə 03 may 2019-cu il tarixə 18221 ABŞ dolları əsas borc, faiz borcu üzrə 10819 ABŞ dolları, cərimə borcu 3011 ABŞ dolları, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün hesablanmış 2722 ABŞ dolları, cəmi 34773 ABŞ dolları borcu vardır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 13 dekabr 2019-cu il tarixli, 24563 nömrəli rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, hesabdan çıxarışlardan və İddiaçı ASC ilə Cavabdeh arasında 22 may 2015-ci il tarixli, 492/15 nömrəli kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla Cavabdeh müqavilə müddətinə, yəni xx.xx.2016-cı il tarixə banka əsas borc üzrə 20185,15 ABŞ dolları və faiz borcu üzrə 662.22 ABŞ dolları, cərimə borcu üzrə 84.48 ABŞ dolları müəyyən olunmuşdur. İş materiallarında olan bildirişin surətindən görünür ki, cavabdehə borcun ödənilməsi barədə xəbərdarlıq olunmuş, əks təqdirdə müvafiq tədbirlərin həyata keçirilməsinə başlanılacığı bildirilmişdir. İş materiallarında olan AZ-İİ 081340 nömrəli X5 surətindən görünür ki, Cavabdeh xx.xx.2020-ci ildə ölmüşdür. İş materiallarında 2(057)-13/2021 saylı, 23 aprel 2021-ci il tarixli qərardadından görünür ki, mülki iş üzrə icraat Cavabdeh hüquqi varisi müəyyən edilənə kimi dayandırılmışdır. İş materiallarında olan Salyan rayon İHB-nın Salyan şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi A.Məmmədov tərəfindən Əmanətlərin Sığortalanması Fondunun Hüquq departamentinin direktoru cənab Azər Əmirova ünvanlanmış 17 fevral 2023-cü il tarixli, 18 saylı məktubun surətindən görünür ki, ünvan 3 ünvanında yerləşən, mərhum Cavabdeh məxsus olmuş, fərdi yaşayış evinə vərəsəlik işi açılmamış və hal-hazırda həmin fərdi yaşayış evi mərhumun həyat yoldaşı 1960-cı il təvəllüdlü X6 istifadəsindədir. Göründüyü kimi məhkəmə iddianı qismən təmin etmiş, qətnamədən cavabdeh X9 narazı qalmış və apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin əsas dəlili ipoteka predmeti olan fərdi yaşayış evinin dəyərində kəskin artımın olmasından ibarətdir. Qeyd edilmişdir ki, ipoteka müqaviləsi bağlandığı 2015-ci ildən bu günə kimi olan müddətdə bütün dünyada olduğu kimi Azərbaycan Respublikasında daşınmaz əmlakların qiymətlərində dəyişiklik olmuşdur. Məhz bu baxımdan Salyan Rayon Məhkəməsinə vəsatətlə müraciət etmiş, iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizasının təyin edilməsi, ekspertizanın aparılmasının Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin əmtəəşünaslıq ekspertizasının ekspertlərinə tapşırılmasını xahiş etmişdir. Lakin birinci instansiya məhkəməsi tərəfindən ekspertiza təyin edilsə də müvafiq rəy əldə edilərək işə əlavə edilməmişdir. Müəyyən edilir ki, tərəflər arasında ipoteka predmeti olan fərdi yaşayış evi barəsində ipoteka müqaviləsi 2015-ci il tarixdə bağlanmış və tərəflər arasında olan razılaşmaya əsasən fərdi yaşayış evi 70 000 manat məbləğində qiymətləndirilmişdir. Birinci instansiya məhkəməsi zamanı ipoteka predmeti olan fərdi yaşayış evinin likvid qiymətinin müəyyən edilməsi ilə bağlı ekspertiza təyin edilsə də ekspertizanın keçirilməsindən imtina edilmişdir. Bu səbəbdən də məhkəmə qəbul etdiyi qətnamədə ipoteka predmeti olan fərdi yaşayış evinin ilkin satış qiymətini 2015-ci ildə müəyyən edilmiş qiymətə uyğun olaraq 70000 manat məbləğində müəyyən etmişdir. Lakin hamıya bəllidir ki, 2015-ci ilə münasibətdə qətnamənin çıxarıldığı 2024-cü illə müqayisədə ölkədə daşınmaz əmlakların qiymətində əsaslı artım müşahidə olunmuş və müşahidə olunmaqdadır. Buna görə də Apellyasiya baxışında cavabdehə məxsus olan ünvan 3 saylı ümumi sahəsi 198,2 kv.m sahədən ibarət olan fərdi yaşayış evinin bazar və likvid qiymətinin müəyyən edilməsi ilə bağlı qiymətləndirmə təyin edilmiş və iş müvafiq rəyin verilməsi məqsədilə "xxxx" MMC-yə göndərilmişdir. "xxxx" MMC-nin 04 noyabr 2025-ci il tarixli, 0214 saylı rəyi məhkəməyə daxil olmuşdur. Həmin rəyə əsasən: Toplanmış məlumatlar, aparılmış təhlil və hesablamalar nəticəsində, ünvan 3 saylı ümumi sahəsi 198,2 kv.m sahədən ibarət olan fərdi yaşayış evinin bazar və likvid qiyməti tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təxminən aşağıdakı kimi müəyyən olunmuşdur: - Bazar: 110000 (bir yüz on min) manat; - Likvid: 99000 (doxsan doqquz min) manat; Göründüyü kimi ünvan 3 saylı ümumi sahəsi 198,2 kv.m sahədən ibarət olan fərdi yaşayış likvid dəyəri 99 000 manat təşkil edir. Kollegiya qeyd edir ki, mübahisəli ipoteka predmeti olan fərdi yaşayış evinin tərəflər arasında 2015-ci ildə 70000 manat qiymətində razılaşdırılması nəzərə alınmaqla hazırda onun 99000 manat dəyərində müəyyən olunması ağlabatan hesab edilməlidir. Kollegiya iddiaçı tərəfindən əmlakın yenidən qiymətləndirilməsi ilə bağlı vəsatətinə münasibətdə qeyd edir ki, iddiaçı mübahisəli evin daha aşağı dəyərdə olmasına dair kollegiyaya hər hansı sübut təqdim etməmişdir. Kollegiya həmçinin "xxxx" MMC tərəfindən verilmiş 04 fevral 2022-ci il tarixli, qiymətləndirilməyə dair hesabatda fərdi yaşayış evinin ilkin satış qiymətinin 50000 manat təşkil etməsi ilə bağlı rəyinə münasibətdə də qeyd edir ki, həmin rəy əsaslı hesab edilə bilməz. Çünki, 2015-ci il tarixdə bağlanmış ipoteka müqaviləsində tərəflər öz aralarında mübahisəli fərdi yaşayış evini 70000 manat məbləğində qiymətləndirilmişdir. Belə olan halda 2015-ci ildən keçən 7 il müddətində, rəyin verildiyi 2022-ci il tarixinə həmin evin dəyərində azalmanın baş verməsi məntiqə sığmır və kollegiya bunu ağlabatan hesab etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.3-cü maddəsinə əsasən apelyasiya məhkəməsi qətnaməni dəyişdirə bilər. Şərh edilənlərə əsasən cavabdehin apellyasiya şikayəti təmin edilməli, Salyan rayon Məhkəməsinin 01 avqust 2024-ci il tarixli, 2(057)-4/2024 saylı qətnaməsi mübahisələndirilən hissədə yəni, - ipoteka ilə yüklü edilmiş Salyan şəhəri, T.Xəlilbəyli küçəsi, 0.02192 ha torpaq sahəsində yerləşən 214 saylı fərdi yaşayış evinin ilkin satış qiymətinin 70000 (yetmiş min) manat müəyyən edilməsi hissəsində dəyşidirilməli və mübahisələndirilən fərdi yaşayış evinin ilkin satış qiyməti 99 000 (doxsan doqquz min) manat müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya şikayəti verilməsi üçün cavabdeh X9 tərəfindən ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməlidir. Hazırda mübahisələndirilən qətnamədə mübahisələndirilən hissədə iddianın qiyməti 10000 manatdan çox olduğundan hazırkı qətnamədən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382-ci, 384.0.1-ci, 392-ci, 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdehin apellyasiya şikayəti təmin edilsin. Salyan rayon Məhkəməsinin 01 avqust 2024-ci il tarixli, 2(057)-4/2024 saylı qətnaməsi mübahisələndirilən hissədə yəni, - ipoteka ilə yüklü edilmiş Salyan şəhəri, T.Xəlilbəyli küçəsi, 0.02192 ha torpaq sahəsində yerləşən 214 saylı fərdi yaşayış evinin ilkin satış qiymətinin 70000 (yetmiş min) manat müəyyən edilməsi hissəsində dəyşidirilsin və fərdi yaşayış evinin ilkin satış qiyməti 99 000 (doxsan doqquz min) manat müəyyən edilsin. Apellyasiya şikayəti verilməsi üçün cavabdeh X9 tərəfindən ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet və Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Qanunla müəyyən edilmiş müddətdə kassasiya şikayəti verilmədiyi halda, qətnamə 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar